Telman Orucov Qədim Roma: qüdrətin qabarması və çəkilməsi


RESPUBLİKA HAKİMİYYƏTİ VƏ ROMA QANUNVERİCİLİYİ



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə3/22
tarix09.02.2017
ölçüsü2,67 Mb.
#7870
1   2   3   4   5   6   7   8   9   ...   22

RESPUBLİKA HAKİMİYYƏTİ VƏ ROMA QANUNVERİCİLİYİ 
 
Monarxiyanın  sonu  ilə  respublika  quruluşu  tədricən  öz  formasını  almağa 
başladı. Romalıların praqmatizmi onlara hakimiyyətlərin bütöv seriyasını yaratmağa 
imkan  verdi.  Bu  yolla  onlar  bir  hakimiyyətin  digəri  ilə  tarazlığını  yaradırdılar  ki, 
dövlət  öz  fəaliyyətində  maksimum  səmərə  əldə  etsin.  Hakimiyyət  senat,  xalq 
yığıncağı  və  müxtəlif  dərəcəli  əhəmiyyətə  malik  olan  magistratlar  arasında 
bölünürdü. Mahiyyətcə oliqarxik respublika quruluşu öz formasını aldı, burada idarə 
edən sinif olan nobilitet ardıcıl olaraq özünün üstün mövqelərini saxlayırdı.  
Çarlıq  devrildikdən  sonra  ilk  dəfə  ali  hakimiyyətin  qolu  kimi  Böyük  Pretor 
Mark Horatsi bu vəzifəni 509-cu ildə Kapitoli məbədində qəbul etdi. Tezliklə Böyük 
Pretor yolu kollegial sistemə güzəştə getdi. Bu sistemdə seçilən iki konsul bir illiyyə 
imperiuma  şərik  oldu.  Kollegiallıq  və  xidmət  müddətinin  məhdudlaşdırılması 
respublika    quruluşu  üçün  xarakterik  idi  və  tiraniya,  ya  mütləqiyyətin  yenidən 
meydana çıxmasının qarşısını səmərəli qaydada alırdı.  
Göründüyü  kimi plebeylər əvvəldən konsulluqdan kənar edilməmişdilər, lakin 
patritsilər tezliklə rütbələri tutdular və yüksək magistrata kiminsə çıxmasını müstəsna 
dərəcədə çətinləşdirdilər.  
V    əsrin  ortalarında  plebeylərin  təzyiqi  nəticəsində  patritsilər  magistrat 
hakimiyyəti  olan  hərbi  tribunatı  yaratmağa  məcbur  oldular.  Bu  vəzifə  plebeylərə 
magistrat  yönlü  hakimiyyət  yolunu  açırdı.  IV  əsrin  ortalarına  qədər  konsulat  isə 
yalnız  patritsilər  üçün  açıq  qaldı.  Bu  vaxt  qanun  qəbul  edildi,  bu  qanuna  görə  iki 
konsuldan  biri  plebey  olmalı  idi.  Lakin  həmin  vaxtlar  patritsilər  və  plebeylər 
arasındakı  qədim  fərq  aydın  nəzərə  çarpmırdı,  bir  qədər  malalanmışdı  və  yeni 
nobilitet siyasi səhnənin qabaq hissəsini tutub, öz inhisarına aldı.  
Milli  fövqəladə  hadisə  vaxtı  ikili  konsulluqdan  əl  çəkilirdi  və  onun  yerini 
diktator tuturdu. Faktiki olaraq Senatın təşəbbüsü ilə iki konsuldan biri diktator təyin 
olunurdu  və  o,  digər  magistratlara    qoyulan  məhdudiyyətlərdən  azad  idi.  Diktator 
imperiumu  qeyri-məhdud  idi,  yalnız  altı  aylığa  ona  etibar  edilirdi.  Bundan  sonra  o, 
öz  hakimiyyətini  təhvil  verirdi.  Tsinsinnat  barədəki  əhvalatda  olduğu  kimi,  ekvlərə 
qarşı müharibə vaxtı o, diktator təyin edilmişdi, müharibə başa çatdıqdan sonra isə öz 
fermasına  qayıtmışdı.  Diktator  öz  seçimi  ilə  təyin  edilən  süvari  komandanına 
arxalanırdı.  O  da  diktatorla  eyni  vaxtda  vəzifəsindən  istefa  verirdi.  Bu  xüsusi 
magistrat formasından nadir hallarda istifadə olunurdu.  
Pretor  şəhərdə  ədliyyə  inzibatçılığı  üçün  cavabdeh  idi.  III  əsrin  ikinci 
yarısından  Romanın  böyüməsi  və  işğallar  digər  pretorları  da  əmələ  gətirdi.  Onlar 
əyalətlərdə hüquq məsələləri  üzrə inzibatçılıq edirdilər.  
Çar  Servi  Tullinin  vaxtında  ilk  dəfə  olaraq  vətəndaşların  və  onların 
mülkiyyətinin siyahıya alınması keçirildi. 433-cu ildən başlayaraq bu məqsədlə hər 5 
ildə  iki  senzor  seçilirdi.  Onlar  həm  də  əxlaq  məsələləri  ilə  məşğul  olurdular.  Bu 
onları, hörmət edilən və mühüm şəxsiyyətlərə çevirirdi. 
Dörd edil kolleqası şəhərdə ictimai qaydanı bərpa edirdi, həm də abidələrlə və 
oyunların təşkili ilə məşğul olurdu.  
Respublika  Romasının  siyasi  həyatında  Senat  xalq  yığıncağından  və 
magistratlardan  əlavə  üçüncü  elementi  təmsil  edirdi.  Onun  nüfuzu  çox  yüksək 

 
32 
olmaqla,  onun  təsiri  davam  edən  əhəmiyyətə  malik  idi.  Respublika  senatı  çar 
dövrünün senatının varisi idi. Çar epoxasının senatı Romulun qoyduğu ənənəyə görə 
ən nüfüzlu ailə atalarını bir yerə yığmışdı. Çar dövrünün senatı çarın namizədliyini 
irəli sürmək məsuliyyətini daşıyırdı və heç şübhəsiz onun daimi məsləhətçisi olurdu. 
Senatın  üzvü  artıq  aristokrat  olmaqla,  səmərəli  mənəvi  gucə  malik  olurdu  və  bu 
onların hərəkətinə vəzn verməklə yanaşı, onların şəxsiyyətini vətəndaşların gözündə 
qeyri-adi dərəcədə qaldırırdı.  
Senat  əvvəlcə  patritsi  tayfalarının  başçılarından  təşkil  edilirdi.  Lakin  tezliklə 
öz tərkibinə şəhərin bütün keçmiş magistratlarını daxil etdi, onların adı siyahıya daxil 
edilirdi  və  beləliklə  onlar  conscripti-yə  çevrilirdilər.  Əvvəlcə  senatorlar  konsullar 
tərəfindən,  sonralar  isə  senzorlar  tərəfindən  təyin  edilirdi.  Beləliklə,  senatın 
tərkibinin dəyişdirilməsi yalnız hər beş ildən bir baş verirdi. Bu vaxt yeni senzorlar 
seçilirdi. Senatorlar ömürlük bu vəzifəni tuturdu. 
Senatın  aristokratları  özlərini  bütün  sahələrdə  nümayiş  etdirirdilər. 
Respublikanın ilk illərində xalq yığıncaqlarında qanunlar səsə qoyulduqdan və qəbul 
edildikdən sonra, senat tərəfindən bəyənilirdi. Lakin m.ə. IV əsrin ikinci yarısından 
senat  xalq  yığıncağından  sonra  hərəkət  etmək  əvəzinə,  xalqın  səsveməsini 
qabaqlayırdı.  Qanunları  təklif  etmək  təşəbbüsü  hüququ  ilə  senat  sanksiyası  öz 
məqsədinə çatırdı. Senatın rəyləri vaxtında qanun qüvvəsini alırdı. 
Senat  həmçinin  xarici  işlərdə  böyük  hakimiyyətə  malik  idi.  Əcnəbi 
hakimiyyətlərin  səfirləri  özlərini  onun  qarşısında  təqdim  edirdilər  və  senat  xarici 
ölkələrə  göndərilmək  üçün  elçiləri  seçirdi.  Hər  şeydən  əlavə,  ictimai  maliyyə 
vəsaitləri  dövlət  xəzinəsinə  daxil  olan  vaxtdan  ona  ali  nəzarəti  həyata  keçirirdi  və 
məsrəflər və vergilər barədə son qərarı verirdi.  
Senatorlar  böyük  malikanə  mülkiyyətçiləri  idi,  həm  də  fərasətli,  səriştəli 
inzibatçılar  idi.  İşğallar  vaxtı  onlar  üçün  həqiqi  çətinliklər  qalxdı,  çünki  işğallar 
onlara  idarə  etmək  üçün  təkcə  şəhər  və  ölkələr  vermirdi,  həm  də  əsl  imperiyanın 
inzibatçılığını həyata keçirmək lazım gəlirdi.  
Respublikanın  ilk  iki  əsrində  plebeylər  ardı  kəsilməyən  cəhdlər  edirdilər  ki, 
iddia  etdikləri  siyasi  mövqeləri  ələ  alsınlar  və  patritsilərin  möhkəm  yapışdıqları 
imtiyazları  mütərəqqi  qaydada  parçalayıb,  onların  bir  hissəsinə  sahib  olsunlar. 
Mübarizə  həm  iqtisadi,  həm  də  mülki  səviyyələrdə  gedirdi.  Plebeylər  ictimai 
torpaqların  genişləndirilməsini  istəyirdilər.  Bu,  böyük  mülkiyyətçilərin  nüfuzu 
altında olan torpaqların onların istifadəsinə verilməsinə yol açırdı. İctimai torpaqlar 
Roma ordularının tədrici işğallarının nəticəsi kimi ardıcıl olaraq genişlənirdi.  
Patritsilər  və  plebeylər  arasındakı  uzun  münaqişə  çoxlu  dəyişikliklərdən 
keçirdi.  Respublikanın  ilk  onilliklərində  plebeylər  dövlətin  içərisindəki  dövlət 
formasında  özlərini  təşkil  etməyə  qadir  idilər.  Respublikanın  birliyi  bütünlüklə 
dəstəklənirdi,  lakin  bu  onun  mövcudluğunun  bünövrəsinə  qorxu  yaradan  ciddi 
böhran baş verənə qədər davam etmədi.  
Plebeylərin    təşkilatlanması  və  müdafiə  olunması  prosesi  açıq  şəkildə  baş 
verirdi.  Respublikanın  başlanğıcı  dövründə,  493-492-ci  illərdə  ənənəyə  müvafiq 
olaraq, plebeylər hərbi kampaniyadan silahla qayıdaraq Müqəddəs Təpəni tutdular və 
Senatı  məcbur  etdilər  ki,  bütün  şəraitlərdə  plebsi  müdafiə  etməyə  qadir  olan 
magistrat  vəzifələrini  onlara  versin.  Plebsin  tribunları  toxunulmaz  və  müqəddəs  idi 

 
33 
və icra hakimiyyətinin mümkün fəaliyyətindən plebeylərə təhlükə yaransaydı, onlara 
kömək edə bilərdi. Onlar həmçinin veto hüququna malik idilər, bu səlahiyyətlə onlar 
konsulların,  senatın,  xalq  yığıncağının  qəbul  etdiyi  qərarın,  əgər  plebs  üçün  haqlı 
olmayaraq  zərərli  olması  müəyyən  edilsəydi,  onun  həyata  keçirilməsinin  qarşısının 
alınmasını xahiş edə bilərdi.  
Edillər  isə  məbədləri  himayə  etmək,  arxivləri  qorumaq  və  bazalarda  qayda 
yaratmaq üçün yaradılmışdı.  
Adi  qaydada  olan  magistratlardan  (bir  illiyə  seçilən  və  yalnız  onlara  məxsus 
olan vəzifə borclarını yerinə yetirənlər) ən aşağı həlqə kvestorlar idi. Əvvəlcə 4, m.ə. 
II  əsrdə  8,  b.e.  I  əsrində  isə  20  kvestor  seçilirdi.  Kvestorlar  xəzinəyə  müdirlik  edir, 
mədaxil  və  məxaric  üzrə  maliyyə  kitablarını  aparır,  hərbi  yürüşlərdə  konsulları 
müşayiət edir, əsirlərin  satışı və hərbi qənimətin uçotu ilə məşğul olurdular. 
Roma  respublika  quruluşu  təşəkkül  tapdıqca  dövlətin  idarə  edilməsinə  imkan 
verən  əsas  amillər  də  formalaşmağa  başladı.  Aristokratiya  çarlıqdan  ciddi  surətdə 
fərqləndiyinə görə, bu quruluşu möhkəmləndirmək və qorumaq üçün qanunlar lazım 
idi.  Romalılar  artıq  Afina  arxontu  Solonun  hələ  m.ə.  VI  əsrin  əvvəlində  qanun 
yaratdığından,  islahatlar  keçirərək  tayfa  quruluşu  qalıqlarını  məhv  etdiyindən 
xəbərdar  idilər.  Solon  qanunlarını  öyrənmək  üçün  onlar  V  əsrdə  Afinaya  öz 
nümaynədələrini  də  göndərmişdilər.  Yeni  yaranan  quruluşunun  zəruri  ehtiyacları, 
yunanların  qanun  yaradıcılığının  müsbət  təsiri  romalıları  qanun  toplusu  yaratmağa 
sövq etdi. Respublika quruluşunun faktiki olaraq patritsilər yaratmışdılar və onlar öz 
hakimiyyətini  möhkəmləndirmək,  çarlığın  bərpa  olunmasının  qarşısını  almaq    və 
buna  imkan  yaradan  tayfa  quruluşunun  bəzi  elementlərini  saxlamaqla  yanaşı,  onun 
aparıcı  təsirini  məhv  etmək  üçün  XII  cədvəl  qanunları  adlanan  qanunlar  kodeksini 
meydana gətirdilər. Belə güman edilir ki, XII cədvəl qanunvericiliyi m.ə. 451-450-ci 
illərdə yaranmışdır. Onu bu məqsəd üçün seçilmiş, Appi Klavdinin başçılıq etdiyi on 
qulluqçu  tərtib  etmişdi.  Bu  qanunlar  arxaik  dövrün  elementləri  ilə,  yeni  dövrün 
tələblərindən irəli gələn hüquqi normaların sintezi idi. Bu qanunlarda ibtidai dövrün 
qalıqları da, çar qanunlarının tələbləri də öz əksini tapırdı. Ona görə də bu qanunlarda 
qəddarlıq  heç  də  az  yer  tutmurdu  və  bəzi  məsələlərdə  hətta  yunanların  Drakon 
qanunlarından da sərt xarakter daşıyırdı. Belə ki, Drakont hər cür əmlak oğurluğuna 
görə,  istər  bu  qiymətli  bir  şey,  yaxud  bostandan  məhsul  oğurlamaq  olsun,  ölüm 
hökmü  nəzərdə  tuturdusa,  XII  cədvəl  qanunlarında  klient  münasibətlərində  sədaqəti 
pozmağa görə ölüm cəzası nəzərdə tutulurdu. Romalıların qanunu eybəcər uşaqların 
öldürülməsinə  icazə  verirdi.  Qanunlarda  o  dövrki  Roma  cəmiyyətinin  sosial  şəraiti 
də,  müxtəlif  mülkiyyət  formaları  da  öz  əksini  tapır.  Qanunları  daha  yaxşı 
öyrənməkdə  roma  hüquqçularının  nəzəri  əsərləri  olan  Diqestlər  böyük  əhəmiyyətə 
malikdir,  onlar  təkcə  Roma  hüququnu  izah  etməklə  kifayətlənmir,  onun  yaranma 
tarixini də geniş təsvir edirlər. Ona görə də Diqestlərin müəllifləri, həmçinin bir çox 
Roma  mütəfəkkirləri  On  iki  cədvəl  qanunları  barədə  geniş  məlumat  verirlər. 
Məsələn.  Tsitseron  "Qanunlar  haqqıda"  kitabında  göstərir  ki,  kimsə  "həyatdan  elə 
asanlıqla  məhrum  edildi  ki,  necə  ki,  XII  cədvəl  qanununa  görə  çox  eybəcər  körpə 
məhv edilirdi". Yaxud böyük hüquqçu Qay yazır ki, əcdadlarımız deyirdilər ki, hətta 
həddi-buluğa  çatmış  qadınlar  da  onlarda  olan  yelbeyinliyə  görə  himayə  altında 
olmalıdır, XII cədvəl qanunu da belə qərara gəlmişdi. Tsitseronun qeyd etdiyi maddə 

 
34 
VI  cədvələ, Qayın nəql etdiyi isə V cədvələ aid idi. Görkəmli hüquqçu  Ulpian yazır 
ki,  XII  cədvəl  qanununa  görə  bədxərcə,  israfçıya  ona  məxsus  olan  əmlakı  idarə 
etmək qadağan olunurdu. Yaxud Tsitseron yazır ki, sahiblik müddəti torpaq sahəsinə 
görə  iki  il,  bütün  başqa  əşyalara  görə  bir  il  müəyyən  edilirdi.  Ulpian  yazır  ki.  XII  
cədvəl  qanunu  göstəriş  verirdi  ki,  15  fut  hündürlüyündə  olan  ağacların  yuxarısı 
kəsilsin ki, qonşu sahəyə ziyan vurmasın. Tsitseron "Dövlət haqqında" əsərində qeyd 
edir ki, XII cədvəl qanunu az sayda cinayət əməlinə görə ölüm hökmü qoymuşdu və 
o  cümlədən  kimsə  başqasına  böhtan  xarakterli  və  ya  onu  biabır  edən  mahnılar 
qoşduqda  və  oxuduqda  bu  cəzanı  tətbiq  etməyi  zəruri  sayırdı.  Və  yaxud,  kim 
başqasına  xətər  yetirsə  və  zərər  çəkənlə  barışmamışdırsa,  ona  da  eyni  xətər 
yetiriləcəkdir.  Sonuncu  qanun  maddəsində  biz  tayfa  cəmiyyətindən  qalmış  Talion 
qanununun  bir  başa  XII    cədvəl  qanunlarına  daxil  edildiyinin  şahidi  oluruq.  Ulpian 
qeyd  edir  ki,  kim  ev  heyvanının  ona  ziyan  vurmasından  şikayət  edirsə,  XII    cədvəl 
qanunu  müəyyən  edirdi  ki,  ya  zərərçəkənə  həmin  mal-qara  verilməlidir,  yaxud  da 
onun sahibi dəyən zərərin əvəzini ödəməlidir.  
Böyük  Plini  özünün  "Təbiət  tarixi"  əsərində  yazır  ki,  XII  cədvəl  qanunlarına 
görə  yaşlı  adam  üçün  kotanla  işlənmiş  tarlada  məhsulu  gecə  vaxtı  otartmaq  və  ya 
biçmək ölümcül günah hesab olunurdu. Qay xəbər verir ki, XII cədvəl qanunu belə 
qayda  qoyurdu  ki,  kim  tikilini  və  ya  evin  yanında  yığılmış  taxıl  tayasını  qəsdən 
yandırırdısa,  onu  qandala  salıb  döymək  və  sonra  öldürmək  lazımdır.  Yanğın 
ehtiyatsızlıqdan baş verdikdə isə təqsirkar dəyən ziyanı ödəməli, buna maddi imkanı 
olmadıqda,  daha  yüngül  cəza  tətbiq  edilməlidir.  Böyük  Plini  məlumat  verir  ki,  XII 
cədvəl  qanununa  görə  gecə  vaxtı  oğurluq  edən  yerindəcə  öldürülmüşdürsə,  onun 
ölümü  qanunauyğun  sayılacaqdır.  Qay  bildirir  ki,  XII  cədvəl  qanununa  görə 
müddətindən asılı olmayaraq, oğurlanmış şeyi əldə etmək qadağandır. Böyük Katon 
isə  yazır  ki,  bizim  əcdadlarımız  belə  bir  qayda  qoymuşdular  və  bu  qanunda  təsbit 
olundu  ki,  oğrudan  oğurladığı  əşyanın  dəyərinin  iki  misli  məbləğini  ödətdirmək, 
sələmçidən isə alınan faizlərin dörd misli həcmində pul almaq lazımdır.  
Pavel xəbər verir ki, XII cədvəl qanununa görə saxlanmağa qoyulmuş əşyaya 
görə  onun  dəyərinin  ikiqatı  həcmində  iddia  edilməlidir.  Böyük  Plini  yazır  ki,  XII 
cədvəl  qanununa  görə  məhsulun  gizli  məhv  edilməsindən  ötəri,  insan  qətlinə  görə 
olduğundan daha ağır ölüm cəzası tətbiq edilirdi. Qay maraqlı bir məlumat verir ki, 
əgər kimsə zəhərdən danışırsa, onun səhhət üçün zərərli və ya faydalı olduğunu əlavə 
etməlidir, çünki dərman özü də zəhərdir.  
Martsian  yazır  ki,  XII  cədvəl  qanununa  görə  kim  roma  xalqının  düşmənini 
Roma  dövləti  üzərinə  hücuma  təhrik  edirsə  və  ya  o  adam  ki  roma  vətəndaşını 
düşmənə  verir,  o,  ölüm  cəzasına  məhkum  olunmalıdır.  Silvian  isə  müasir  insan 
hüquqlarının  bünövrəsindən  nişan  verən  bir  hüquqi  norma  haqqında  xəbər  verir  və 
göstərir  ki,  XII  cədvəlin  tələbinə  görə  hər  hansı  bir  adamı  məhkəməsiz  həyatdan 
məhrum etmək qadağandır.  
XII cədvəl qanununlarında mülki məsələlərə, mülkiyyət münasibətlərinə, ailə, 
nikah,  qula  münasibət  məsələlərinə  geniş  yer  verilir  və  cəmiyyətin  əsas  sinifləri  və 
qrupları arasındakı münasibətlər nizamlanır. Bu qanunda xalqın əsas hüquq subyekti 
olduğu  bir  daha  qeyd  edilir  və  göstərilir  ki,  xalq  yığıncağının  qəbul  etdiyi  hər  bir 
qərar qanun gücünə malikdir.  

 
35 
Diqestlər On iki cədvəl qanunlarının yaranması haqqında da maraqlı məlumat 
verir.  Çar  qovulduqdan  sonra  tribunların  təklifi  ilə  əvvəlki  çar  qanunları  öz 
əhəmiyyətini  itirdi  və  artıq  qanun  gücünə  malik  olmadığı  üçün  roma  xalqı  yenidən 
qoyulmamış qaydalardan və adətlərdən istifadə etməyə başladı və bu iyirmi il davam 
etdi. Bunun sonralar da davam etməməsi üçün roma xalqının qərarı ilə on adam təyin 
edilməsi  qərara  alındı  ki,  onlar  yunan  polislərinin  qanunlarından  iqtibas  etsinlər, 
onlardan  lazım  olanları  götürsünlər  ki,  Roma  polisi  də  möhkəmlənsin.  Bu  qanunlar 
mis  lövhələrə  yazılıb  Forumda  natiq  tribunasının  qarşısında  qoyuldu  ki,  adamlar 
bunları  yaxşı  görsünlər.  Həmin  on  adama,  detsemvirlərə  icazə  verildi  ki,  lazım 
gəldikdə  onları  təshih  və  izah  etsinlər.  Bu  vaxt  onlar  gördülər  ki,  ilkin  qanunlarda 
nəsə  çatmır,  ona  görə  də  sonrakı  il,  əvvəlkilərə  iki  əlavə  cədvəli  də  əlavə  etdilər. 
Buna  görə  də  bu  qanunlar  On  iki  cədvəl  qanunu  adını  aldı.  Qanunlar  Roma 
dövlətinin möhkəmlənməsinə  xidmət etməyə başladı.  
Bu  dövrdə  baş  verən  digər  hadisələrə  gəldikdə,  Romanın  görkəmli 
şəxsiyyətlərindən  biri,  şəhəri  qalların  istilasından  xilas  edən  Mark  Furi  Kamillin 
əməllərini ayrıca qeyd etmək lazımdır. Əlbəttə, ondan bir qədər əvvəl Roma tarixində 
təvazökarlıq və sadəlik rəmzi kimi tanınan Kvinkti Tsintsinnat (460-cı ildə o, konsul, 
450-ci və 439-cu illərdə diktator olmuşdu) igidliyinə, vətəndaşlıq borcuna sədaqətinə 
görə  ən  məşhur  şəxsiyyətlər  arasında  özünə  yer  tapmışdır.  O,  Vatikanda  olan  dörd 
yugerlik (1 ha) sahəsini kotanla becərməklə məşğul olanda, müharibə başlanan kimi 
romalılar onu diktator seçirdi, müharibəni zəfərlə başa vurduqdan sonra Tsintsinnat 
könüllü  olaraq  diktatorluqdan  imtina  edib,  yenidən  atasından  qalan  həmin  torpaq 
sahəsində öz kotanı ilə işləməyə qayıdırdı. Furi Kamill isə vətənə dönməz sədaqəti, 
yüksək  sərkərdəlik  qabiliyyəti  və  ədaləti  ilə  seçilir.  O,  təkcə  Romanı  yadelli 
işğalçılardan  azad  etməmişdir.  Həm  də  bu  şəhərdə  qaraguruhun  diktaturasının 
yaranmasının qarşısını cəsarətlə almışdır.  
Furi Kamill bir sərkərdə kimi çoxlu məşhur qələbələr çalmış, beş dəfə diktator 
seçilmiş, dörd dəfə triumf qeyd etmişdir. Vətən qarşısında əvəzolunmaz xidmətlərinə 
görə o, "Romanın ikinci əsasını qoyan" ləqəbini almışdı.  
M.ə.  IV  əsrin  əvvəllərində  senatla  mübahisə  edən  xalq  konsulları  seçmədi  və 
dövlətdə  ali  hakimiyyəti  öz  seçdikləri  hərbi  tribunlara  verdi.  Bütünlükdə  onların 
səlahiyyətləri konsulların hüquq və vəzifələrinə bərabər idi. Bu dövrdə hərbi tribun 
Kamill  böyük  şöhrət  qazanmışdı.  Zəkasına  görə  o,  başqalarından  yüksəkdə 
durduğundan,  qələbənin  şöhrəti  daim  ona  qismət  olurdu.  O,  senzor  olan  vaxt 
(senzorların  əsas  vəzifəsi  əhalinin  siyahıya  alınmasını  keçirmək,  senat  üzvlərinin 
siyahısını  nəzərdən  keçirmək,  verginin  daxil  olmasına  nəzarət  etmək,  dövlət 
gəlirlərini  kiminsə  ixtiyarına  tapşırmaq  və  vətəndaşların  davranışına  və 
xasiyyətlərinə,  adətlərinə  nəzarət  etmək  idi)  cərimə  qorxusu  ilə  cavanları  məcbur 
edirdi  ki,  müharibələr  nəticəsində  sayı  çoxalmış  dul  qadınlara  evlənsinlər.  Sonra  o, 
əvvəllər vergi verməyən yetimlərin üzərinə vergi qoydu.  
Onun  igidliyindən  daha  çox,  ədalətli  və  bu  ədalətinin  vasitəsilə  ən  güclü 
düşmənə qan axıtmadan qalib gəlməsi, Falisk şəhəri Faleriyanın alınmasında özünü 
göstərdi.  Daha  böyük  olan  Veyi  isə  o  vaxtlar  Etruriyanın  ən  gözəl  şəhəri  hesab 
olunurdu. Ordusunun say tərkibinə gəldikdə Veyi heç də Romadan geri qalmırdı. İki 
şəhər  bir-biri  ilə  şöhrət  və  hakimiyyət  uğrunda  mübarizə  aparırdı.  Bu  şəhərin  uca 

 
36 
divarları  var  idi  və  onun  müdafiəsinə  bu  divarlar  çox  kömək  edirdi.  Roma  ilə 
müharibə  yeddi  il  idi  ki,  davam  edirdi.  Romalılar  Veyini  mühasirədə  saxlayırdılar. 
Lakin  heç  bir  nəticə  əldə  olunmurdu.  Veyinin  mühasirəsi  405-ci  ildə    başlayıb, 
Troyanın  mühasirəsi  kimi    on  il  davam  etdi.  Müharibənin  onuncu  ili  senat  bütün 
magistratları ləğv edib, bu dövrdə başqa etrusk şəhərləri ilə vuruşan Kamilli diktator 
seçdi.  Kamill  başa  düşdü  ki,  şəhəri  hücumla  almaq  mümkün  olmayacaqdır, 
mühasirəni davam  etdirməklə  yanaşı,  şəhərin divar dibindən lağım açmağa başladı. 
Ətraf relyef bu işi gözə çarpmadan aparmağa imkan verirdi. Yeraltı yolla  romalılar 
şəhərə daxil olub, onu qarət etməyə başladılar. Bu səhnə Kamilli çox mütəəssir etdi 
və  o,  ciddi  narazılığını  bildirdi.  Sərkərdə  bildirdi  ki,  bu  təntənənin  bədbəxtliyini 
romalılar  çəkəcəkdir.  Bu  qələbəyə  görə  Kamill  triumf  qeyd  etdi  və  dörd  ağ  at 
qoşulmuş  arabada  Romaya  gəldi.  Lakin  həmvətənlərinə  Kamillin  davranışı  heç  də 
xoş gəlmirdi. Vətəndaşları iki yerə bölmək barədəki qanuna münasibətinə görə ona 
qarşı  xalqda  nifrət  oyandı.  Xalq  tribunları  təklif  etmişdilər  ki,  xalq  və  senat  iki 
bərabər  hissəyə  bölünsün,  biri  köhnə  yerində  qalsın,  digəri  isə  zəbt  edilmş  Veyiyə 
köçürülsün. Romalılar iki şəhərə malik olmaqla daha yaxşı müdafiə oluna bilərdilər. 
Xalq bu təklifi böyük sevinclə qarşıladı, lakin senat və vətəndaşların ən yaxşı hissəsi 
bu  tədbirə  bölünmə  yox,  Roma  qüdrətinin  məhv  olması  kimi  baxırdılar.  Qarşılıqlı 
düşmənçiliyin  yaranmasından  ehtiyat  edən  Kamill  qanunun təsdiq  edilməsini  təxirə 
saldı və bu hərəkətinə görə xalq ona nifrət bəsləməyə başladı.  
Bundan  başqa  o,  geriyə  yürüş  etməmişdən  əvvəl  vəd  etmişdi  ki,  qənimətin 
onda  bir  hissəsini  allahlara  həsr  edəcəkdir,  lakin  o,  bütün  qəniməti  əsgərlərə 
verdiyindən,  bunu  da  etməmişdi.  Belə  vəziyyətdə  o,  diktator  səlahiyyətlərindən  əl 
çəkdi. Əsgərlər də artıq hər şeyi xərcləyib qurtardıqlarından, heç nə yığa bilmədilər, 
buna görə ona qarşı hiddətləndilər.  
Romalılar indi falisklərlə müharibə aparmalı oldular. Altı hərbi tribundan biri 
seçilən  Kamill  Faleriya  şəhərini  mühasirəyə  aldı.  Şəhərlilər  öz  istehkamlarına 
arxayın  olub,  mühasirəyə  elə  də  fikir  vermirdilər.  Şəhərdəki  məktəbin  müəllimi 
uşaqları  şəhər  divarlarından  kənara  çıxarıb,  gimnastika  məşğələsi  keçirdi.  Bu 
müəllim öz şəhərinə xəyanət etməyi fikirləşmişdi və bundan ötrü uşaqlardan istifadə 
etməyi qərara aldı. Bir dəfə gəzinti vaxtı o, uşaqlarla Roma hərbi postuna yaxınlaşdı 
və onu Kamillin yanına aparmağı xahiş etdi. O, Kamillə dedi ki, şəhəri ona vermək 
üçün  gəlmişdir.  Kamill  onun  hərəkətindən  hiddətləndi  və  ətrafındakılara  dedi  ki, 
müharibə  şərdir,  müharibəni  ədalətsizlik  və  zorakılığın  köməyi  ilə  aparırlar,  lakin 
namuslu  adamlar  üçün  müharibədə  də  bəzi  qanunlar  mövcuddur.  Əgər  qələbənin 
faydası  alçaqlıq  və  cinayət  yolu  ilə  əldə  edilirsə,  ona  can  atmaq  olmaz.  Böyük 
sərkərdə  öz  igidliyinə  arxalanaraq  müharibəni  aparmalıdır,  başqalarının  öz  borcuna 
xəyanətinə  bel  bağlamamalıdır.  O,  liktorlarına  əmr  etdi  ki,  satqını  soyundurub 
qollarını  bağlasınlar,  uşaqlara  isə  çubuq  versinlər  ki,  onu  döyə-döyə  şəhərə 
aparsınlar. Şəhər sakinləri bunu eşitdikdə vahiməyə gəldilər. Lakin onlar uşaqlarını 
gördükdə,  Kamilli  özlərinin  xilaskarı,  atası  və  Allahı  adlandırdılar.  Bu  ədalətli 
hərəkətindən sonra şəhər vətəndaşlarında Kamillə hörmət və məhəbbət hissi yarandı 
və  onlar  elçi  göndərərək  bildirdilər  ki,  təslim  olurlar.  Kamill  bu  elçiləri  Romaya 
göndərdi  və  senatda  onlar  dedilər  ki,  romalılar  ədaləti  qələbədən  yüksək  tutmaqla, 
onları  romalılara  tabe  olmağı  azadlıqdan  üstün  tutmağa  məcbur  etdilər.  Kamillin 

 
37 
alicənablığı beləcə qan axıtmadan onları məğlub etdi və romalılar faleriyalılarla sülh 
bağladılar.  Lakin  bu  heç  də  əsgərlərin  xoşuna  gəlmədi,  çünki  onlar  şəhəri  qarət 
etməyə, çoxlu qənimət götürməyə ümid edirdilər.  
Tribunlar yenə vətəndaşları yarı bölmək barədə qanunu təklif etdikdə, Kamill 
xalqın, əslində isə qaraguruhun rəyinin əleyhinə çıxdı. Qanun təsdiq edilmədiyindən, 
xalq  Kamillə  daha  çox  nifrət  bəsləməyə  başladı.  Onu  məhkəmədə  etrusklardan 
götürdüyü qəniməti gizlətməkdə günahlandırdılar. Buna görə də o, sürgünə yollandı. 
Lakin  bilməzdi  ki,  romalılar  tezliklə  peşiman  olacaqlar,  onların  Kamillə  ehtiyacı 
olacaq və onun geri qayıtmasını arzu edəcəklər.  
Tarix  böyük  şəxsiyyətlər  haqqında  yol  verilən  haqsızlığı  sonralar  düzəltməyə 
məcbur  olmuşdur.  XX  əsrin  ən  böyük  şəxsiyyətlərindən  biri  olan  Uinston  Çörçill 
bəzi səbəblərə görə liderlikdən uzaqlaşmalı olub, lakin ehtiyac duyulan kimi o, yenə 
ön  cərgədə  dayanmağa  çağırılıb.  30-cu  illərin  sonunda  Bernard  Şou  və  ledi  Astor 
Moskvaya  gələndə  Stalin  onları  qəbul  edir  və  ondan  heç  xoşu  gəlmədiyindən,  ledi 
Astor Çörçillin artıq sıradan çıxdığını söhbət əsnasında bildirdikdə, Stalin ona etiraz 
edərək qeyd etmişdi ki, ingilis xalqı çətin, böhranlı anda köhnə döyüş atı kimi yenə 
Çörçillə müraciət edəcəkdir. Doğrudan da, bu belə oldu. İngiltərə Faşist Almaniyası 
ilə  ölüm-dirim  müharibəsi  aparanda  İcmalar  Palatası  1940-ci  ilin  mayında  Çörçilli 
baş nazir təyin etdi və Faşist Almaniyası üzərində qələbədə  onun böyük xidmətləri 
oldu.  Böyük  Britaniya  və  onun  müttəfiqləri  İkinci  Dünya  müharibəsini  zəfərlə  başa 
vurdular.  
Roma tarixinə gəldikdə, bir qədər sonra, m.ə. 390-cı ildə (bəzi tarixçilərə görə 
387-ci  ildə)  qallar  Romaya  hücum  etdilər.  Onlardan  16  əsr  sonra  gələn  tatar-
monqollar kimi qalların sayı çox artdığından və öz ölkələri onları qida ilə təmin edə, 
yedizdirə  bilmədiyindən  onlar  başqa  torpaqlar  axtarırdılar.  Onlar  da  gələcək  tatar-
monqollar kimi orda halında, arvadları və uşaqları ilə bir yerdə hərbi yürüş edirdilər. 
Bəzən  belə  də  deyirlər  ki,  onlar  şərabı  daddıqdan  sonra,  onun  ləzzətini  görmüş  və 
üzüm  yetişdirən  İtaliya  torpaqlarına  girməyə  can  atmışdılar.  Onlardan  min  illərdən 
sonra  gələn  və  ərazi  varisləri  olan  fransızların  dünyaya  şərab  istehsalı  dərsi 
verməsində, bəlkə həmin qalların da xidməti vardır.  
Apennin  yarımadasına  girdikdən  sonra  onlar,  etrusklar  yaşayan  bütün  ərazini 
tutmuşdular.  Qallar  etruskları  qovur,  bu  torpaqlara  sahib  olurdular.  Qalların  başçısı 
Brenn  Kluziyaya  hücum  etdikdə,  romalıların  kluziyalılara  kömək  etdiyini  görüb, 
qoşunlarını Romaya tərəf apardı. Onsuz da Brenn romalılarla müharibə etmək üçün 
bəhanə axtarırdı. Romalılar qalları qarşılamaq üçün şəhərdən kənara ordu çıxardılar, 
lakin  çox  pis  vuruşduqlarından,  qallar  tərəfindən  məğlubiyyətə  uğradıldılar.  Əgər 
qallar  qaçan  romalıları  təqib  etsəydilər,  asanlıqla  Romanı  bütünlüklə  yerlə  yeksan 
edərdilər.  Romalılar  şəhəri  təmizlədilər,  Kapitolini  möhkəmləndirdilər  və  özlərinə 
silah  tədarük  etdilər.  Döyüşdən  üç  gün  sonra  şəhər  ətrafında  Brennin  əsgərləri 
göründü  və  onlar  şəhər  darvazalarını  açıq  görüb  Romaya  girdilər.  Yunanıstanda  isə 
bu vaxt belə bir şaiyə yayıldı ki, Romanı uzaq şimal tayfaları olan hiperboreylər işğal 
etmişlər.  Romanı  tutduqdan  sonra  Brenn  Kapitolini  müşahidə  etmək  üçün  xüsusi 
dəstə qoydu, özü isə Foruma yollandı. Onu şəhərlilərin bayramsayağı geyinməsi və 
gəzməsi heyrətə gətirdi. Qallar əllərinə düşən heç kəsə aman vermədilər, evləri qarət 
etməyə  başladılar.  Sonra  düşmən  şəhəri  yandırdı  və  onu  bütünlüklə  dağıtdı.  Təkcə 

 
38 
Kapitoli  təpəsində  olanlar  təslim  olmaq  barədəki  təklifi  rədd  etdilər.  Mühasirə 
uzandıqca  qalların  çörək  ehtiyatı  azalmağa  başladı.  Düşmən  qoşununun  bir  hissəsi 
şəhərdə qalıb, Kapitolini mühasirə etdi, digər hissəsi isə ətrafa dağılıb kəndləri viran 
qoyurdu. 
Onlar  Ardey  şəhərinə  də  hücum  etdilər,  bu  şəhərdə  sürgündə  olan  Kamill 
yaşayırdı.  O,  şəhərlilərə,  xüsusən  gənclərə  müraciət  edərək  dedi  ki,  romalıların 
məğlubiyyətini  qalların  igidliyi  hesabına  yazmaq  düzgün  deyildir,  bu  bədbəxtlik 
taleyin  işidir.  Müharibə  də  yanğın  kimi,  məğlub  olanların  qaliblər  tərəfindən  məhv 
edilməsi  ilə  başa  çatacaqdır.  Gənclər  onun  çağırışını  sevinclə  qarşıladılar  və 
silahlandırıldılar. Sonra ardeylilər gecə qalların düşərgəsinə hücum etdilər. Bu vaxt 
qallar  sərxoş  idi.  Kamillin  əsgərləri  onların  çoxunu  qırdı.  Bu  xəbər  ətraf  şəhərlərə 
yayıldı. Kamillə hər tərəfdən, həmçinin qaçqın romalılardan kömək gəldi. Bu silahlı 
qüvvələr Kamilldən xahiş etdilər ki, onlara komandanlığı öz üzərinə götürsün. Lakin 
o,  bunu  yalnız  Kapitolidəki  vətəndaşlar  onu  bu  vəzifəyə  qanuni  qaydada  təsdiq 
etdikdən  sonra  qəbul  edəcəyini  bildirdi.  Bir  elçi  çayı  üzüb  keçərək  şəhərə  girdi  və 
onu  Roma  qarnizonu  rəisinin  yanına  gətirdilər.  Senat  müzakirədən  sonra  Kamilli 
diktator təyin etdi. Elçi qayıdıb bunu Kamillə bildirdikdə, onun artıq 20 min nəfərlik 
silahlı dəstəsi var idi.  
Bu vaxt qallar Kapitoli təpəsinə qalxan izi görüb gecə yarısı oraya dırmaşmağa 
başladılar.  Onlardan  bir  neçəsi  zirvəyə  çatdıqda  nə  adamlar,  nə  də  itlər  onların 
yaxınlaşdığını hiss etmədi. Təpədəki Yunona məbədində ilahəyə həsr edilmiş qazlar 
saxlanırdı.  Onlar  ac  olduqlarından  yatmamışdı.  Qazlar  yaxınlaşanları  hiss  edib, 
qışqıra-qışqıra  qaçdılar  və  hamını  oyatdılar.  Romalılar  düşmənin  qabağına  atıldılar. 
Keçmiş  konsul  Manli  iki  düşmənlə  qarşılaşdı  və  onların  hər  ikisini  qayadan  atdı. 
Qalanlarını  geri  çəkilməyə  məcbur  etdilər.  Sübh  tezdən  romalılar  cinayətkar 
səhlənkarlıq etdiyinə görə qarovul rəisini qayadan atdılar. Bu igidliyinə görə əsgərlər 
Manliyə  fəxri  mükafat  kimi  öz  ərzaq  paylarını  verdilər,  bu  yarım  funt  çörəkdən  və 
1/4    yunan  katilası  həcmində  şərabdan  ibarət  idi.  Bu  hadisədən  sonra  qallar  ruhdan 
düşdülər. Ərzaq ehtiyatı da sürətlə azalırdı. Kamillin qorxusundan isə şəhərin ətrafına 
ərzaq  yığmağa  gedə  bilmirdilər.  Onlar  artıq  yeddi  ay  idi  ki,  şəhəri  əllərində 
saxlayırdılar.  Döyüşçülər  arasında  ölüm  halları  xeyli  çoxalmışdı.  Kapitolidə 
mühasirə olunanların da vəziyyəti yaxşı deyildi. Onların da aclığı artırdı, Kamilldən 
isə  bir  xəbər  yox  idi.  Buna  görə  də  hər  iki  tərəf  danışıqlara  başlamağı  qərara  aldı. 
Roma hərbi tribunu qalların başçısı Brennlə görüşdü. Sülh şərtlərinə görə, qallar min 
funt  qızıl  alıb  şəhəri  və  şəhərə  məxsus  olan  torpaqları  təmizləməli  idi.  Qızıl 
gətirildikdə,  qallar  romalıları  aldatmağa,  hətta  tərəzinin  gözünü  əyməyə  başladılar. 
Romalılar  təhqir  olunduqda,  Brenn  istehza  əlaməti  kimi  qılıncını  çıxarıb  tərəzinin 
üstünə  qoydu.  Hərbi  tribun:  bu  nədir?-deyə  soruşduqda  qall  bu  "vae  victis"-  "dərd 
olsun məğlub olana" deməkdir - cavabını verdi. Bu sözlər çox keçməmiş zərb-məsələ 
çevrildi.  
Qallar  və    romalılar  mübahisə  edən  vaxt  Kamillin  qoşunları  şəhərin 
darvazalarında  göründü.  Nə  hadisə  baş  verdiyini  bilən  kimi  o,  romalıların  yanına 
yollandı. Hamı onu diktator kimi hörmətlə qəbul etdi. O, qızılı tərəzidən götürməyi 
və  liktorlarına  verməyi  əmr  etdi,  qallara  isə  çıxıb  getməyi  təklif  etdi.  O,  dedi  ki, 
romalılar  vətəni  qızılla  yox,  dəmirlə  xilas  etməyə  adət  etmişlər.  İndi  Brenn  təhqir 

 
39 
olunmuşdu  və  dedi  ki,  romalılar  müqaviləni  pozdular.  Kamill  ona  cavab  verdi  ki, 
müqavilə  qanunsuzdur,  ona  görə  də  həqiqi  sayıla  bilməz,  çünki  o,  diktator 
seçildiyindən  ondan  başlqa  heç  kəs  belə  müqavilə  bağlaya  bilməz.  Onun  sözləri 
Brenni daha da hiddətləndirdi. Hər iki tərəf qılınca əl atdı. Brenn tezliklə onlar üçün 
olan  əlverişsiz  şəraiti  başa  düşdü  və  qallar  şəhərdən  xeyli  kənardakı  düşərgələrinə 
geri  çəkildilər.  Sübh  çağı  Kamill  onlara  hücum  etdi.  Döyüş  olduqca  qızğın  gedirdi. 
Düşmən məğlub edildi və böyük itki verdi. Düşərgə romalıların əlinə keçdi. Beləliklə 
Roma ağlasığmaz şəraitdə zəbt edildiyi kimi, daha ağlasığmaz qaydada xilas edildi. 
Şəhər vətəndaşları Romaya qayıtdılar.  
Bundan sonra Kamill latinlilərlə və etrusklarla bir neçə müharibə aparıb, onları 
da qələbə ilə başa çatdırdı. Lakin onun paxılları və düşmənləri içərisində Mark Manli 
seçilirdi.  Bu  həmin  adam  idi  ki,  qalları  qayadan  ataraq  Kapitolinin  ələ  keçməsinə 
imkan  verməmişdi.  O  xalqı  müxtəlif  vasitələrlə  öz  tərəfinə  çəkirdi,  xüsusən  borc 
üstündə  mühakimə  olunanları  məhkəmədə  müdafiə  edir,  digərlərini  zor  tətbiq 
etməklə azad edir, qanunun belə adamlar üzərində icra olunmasına imkan vermirdi. 
Onun  ətrafında,  tərəfdarları  olan  kasıblardan  ibarət  bütün  kütlə  toplaşmışdı,  Onlar 
hamıda  vahimə  yaradır,  Forumda  iğtişaş  törədirdilər.  Buna  görə  diktator  seçilən 
Kvint Manlini dustaqxanaya saldırdı. Bu vaxt xalq yalnız böyük bədbəxtliklər vaxtı 
tətbiq  edilən  matəm  paltarı  geyindi.  Senat  üsyandan  qorxub,  Manlini  azad  etmək 
göstərişini verdi. Azad olunandan sonra o, özünü daha həyasız aparmağa başladı. O, 
çox  sayda  adamların  qılığına  girir,  vətəndaşların  bir  hissəsini  digərinə  qarşı 
silahlandırırdı.  Bu  vaxt  Kamill  yenidən  hərbi  tribun  seçildi.  Manli  isə  məhkəməyə 
verildi.  Məhkəmə  iclası  vaxtı  müttəhim  tez-tez  əlini  Kapitoliyə  tərəf  uzadaraq,  öz 
igidliyini  yada  salırdı.  Hakimlər  çaş-baş  qalmışdılar,  nə  günahların  çoxluğuna  görə 
ona  bəraət  vermək,  nə  də  keçmiş  igidliyinə  görə  ona  qarşı  qanunu  tətbiq  etmək 
istəmirdilər.  Kamill  bunu  hiss  edib,  məhkəmə  iclasını  şəhərdən  kənara  çıxardı. 
Burada  hakimlər  ədalətli  hökm  verməyi  qərara  aldılar.  O,  təqsirkar  elan  edildi  və 
Kapitoliyə  aparılaraq  orada  qayadan  atıldı.  Eyni  yer  onun  böyük  xoşbəxtliyinin  və 
dəhşətli bədbəxtliyinin şahidi oldu. İgidliyinə görə verilmiş "Kapitolili" ləqəbi onun 
faciəsinə son nöqtə qoyan yer kimi də yadda qaldı. 
Kamill  qoca  vaxtı  diktator  seçildikdə  yenə  qallarla  vuruşmalı  oldu.  Qallar 
döyüşdə böyük itki verib qaçmağa üz tutdular. Bu Romanın alınmasından 23 il sonra 
baş  vermişdi.  Bu,  onun  son  qələbəsi  idi.  80  yaşlı  Kamill  şəhərdə  yayılan  taun 
xəstəliyindən m.ə. 364-cü ildə öldü. Romalılar ona böyük matəm saxladılar. Kamillin 
dövründə, 367-ci ildən etibarən konsullardan biri hökmən plebeylərdən seçilirdi.  
Roma  respublikası  qarşısında  xüsusi  xidmətləri  olan  Mark    Furi  Kamill  həm 
xarici  düşmənlərə,  həm  də  daxildən  dövlətə  qarşı  olan  qüvvələrə  qarşı  mübarizə 
aparmalı olmuş, Roma dövlətini böyük təhlükələrdən, alçaldılma və həqarətdən xilas 
etmişdir.  Kamill  7  ay  qalların  əsarətində  qalan  Romanı  bu  biabırçı  işğaldan  azad 
etmiş,  əbədi  şəhərin  möhtəşəm  tarixinə  parlaq  səhifə  yazmışdır.  Lakin  Kamillin 
qaraguruh  üstündə  qələbəsi  əhəmiyyəti  etibarilə  heç  də  xarici  düşmən  üzərində 
çaldığı qələbədən geri qalmır. Manli və onun başçılıq etdiyi qaragüruh hakimiyyəti 
ələ  keçirsəydi  və  ya  onun  qarşısı  vaxtında  alınmasaydı,  şəhər  iğtişaşlar,  cinayətlər, 
başıpozuqluq  və  anarxiya  məskəninə  çevriləcəkdi.  Kamillin  qətiyyəti  olmasaydı, 
qaragüruh  Roma  respublika  quruluşunu  məhv  edəcək,  buna  nail  olmasa  da,  ona  elə 

 
40 
ağır zərbə vuracaqdı ki, uzun illər dövlət bu yaranı sağalda bilməyəcəkdi. Kamillin 
iradəsi  ilə  bir  adam  layiq  olduğu  cəzasını  almaqla,  Roma  sosial  sarsıntılar  kimi 
dəhşətli xəstəlikdən azad oldu, dövlət quruluşu qorunub saxlandı və gənc respublika 
inkişaf, çiçəklənmə yoluna düşdü.  
Romanın qısa müddətə də olsa qallar tərəfindən işğal edilməsi şəhər sakinləri 
üçün  necə  ağır  olsa  da,  onlar  tezliklə  şəhəri  bərpa  edə  bildilər,  öz  iqtisadi  və  hərbi 
qüdrətlərini artırmağa nail oldular. M.ə. IV əsrin ikinci yarısında onlar orta İtaliyanı 
tutmaq uğrunda gərgin mübarizə aparır, hər şeydən əvvəl öz keçmiş müttəfiqləri ilə 
vuruşur,  dağılmış  Latin  federasiyasının  şəhərləri  ilə  müharibə  aparırlar.  Bu 
müharibələr üç Samnit müharibəsi adı altında məşhurdur. Birinci Samnit müharibəsi 
m.ə. 343-341-ci illərdə, ikinci - 327-304-cü illərdə, üçüncü müharibə isə 298-290-cı 
illərdə  baş  vermişdir.  İtalik  tayfalarına  samnitlər  başçılıq  edir  və  onların  ittifaqı 
üçüncü  müharibə  vaxtı  xüsusi  ilə  güclənir,  lakin  son  nəticədə  romalılar  qələbə 
çalmağa  müvəffəq  olurlar.  Beləliklə  tayfalar  ittifaqı  buraxılır  və  həmin  tayfalar 
romalıların  tabeliyinə  keçir.  Romalılar  Pad  (Po)  çayından  Lukaniyanın  şimal 
sərhədlərinədək  bütün  orta  İtaliya  ərazisinə  sahib  olurlar.  M.ə.  III  əsrin  başlanğıcı 
Romanı daha da möhkəmləndirir, onun iqtisadi potensialını gücləndirir. Buna görə də 
bütünlükdə İtaliyaya sahib olmaq uğrunda mübarizənin sonuncu mərhələsi başlanır.  
Növbədə cənubi İtaliya şəhərlərinin işğal edilməsi durur. Bu şəhərlər "Böyük 
Yunanıstana"  daxil  idi  və  onların  çoxunu,  məsələn  Neapolu  yunanlar  özləri 
salmışdılar.  Bu  şəhərləri  tutmaq  elə  də  böyük  çətinliklər  hesabına  başa  gəlmədi, 
çünki  bu  şəhərlər  bir-birləri  ilə  də  rəqabət  aparır,  bəzən  hətta  düşmənçilik  edirdilər. 
Təkcə iri cənub şəhəri olan Tarent təcavüzə qarşı ciddi müqavimət göstərməyə cəhd 
edir,  lakin  öz  güclərinə  bütünlüklə  bel  bağlamadıqlarından  tarentlilər  kömək  üçün 
Yunanıstandakı Epir çarı Pirrə müraciət edirlər ki, o, həyasız romalılara ağıl qoysun. 
Pirr  böyük  ordu  ilə  dənizdən  keçərək  İtaliyaya  gəlir  və  yarımadanın  cənubunda 
əvvəlcə uğurlu döyüşlər aparır. O, romalılar üzərində iki mühüm qələbə qazanır: m.ə. 
280-ci ildə Herakleya yaxınlığında, ikincisini isə 279-cu ildə Auskulum yaxınlığında. 
Lakin son qələbə ona çox baha başa gəlir. Pirr böyük itki verir. O, özü etiraf edir ki, 
bir  də  belə  qələbə  çalsa,  tək  özü  qalacaqdır.  Buradan  da  istehza  mənasında  işlənən 
"Pirr  qələbəsi"  sözləri  qalmışdır.  Bundan  sonra  Pirr  qalan  qoşunlarını  da  götürüb 
Siciliyaya  gedir  və  burada  karfagenlilərlə  vuruşur,  lakin  heç  nə  əldə  edə 
bilmədiyindən, yenidən İtaliyaya qayıdır. 275-ci ildə o, Benevent şəhəri yaxınlığında 
romalılarla  son  döyüşə  girir  və  darmadağın  edildikdən  sonra  İtaliyadan  qaçmağa 
məcbur  olur.  Pirri  məğlub  edən  Mani  Kuri  Dentat  da  Tsintsinnat  kimi  kənddən 
çıxmışdı,  kasıb  idi,  bütün  İtaliyanı  Romaya  verdikdən  sonra  yenə  öz  kiçik  sahəsini 
xışla becərməyə qayıtdı.  
Bundan bir qədər sonra romalılar Tarenti və digər şəhərləri tutmağa müvəffəq 
olurlar.  Bütün  bu  müharibələr  nəticəsində  Roma  Messina  boğazından  (Apennin 
yarımadası  ilə  Siciliya  adası  arasındakı  boğaz)  Rubikon  çayına  qədər,  başqa  sözlə 
Tsizalpiya  Qalliyasına  qədər  bütün  İtaliyanı  əlinə  keçirir.  Roma  Aralıq  dənizi 
sahilindəki ən qüdrətli dövlətlərdən birinə çevrilir. Roma təcavüzü artıq yarımadanın 
sərhədlərindən kənara çıxmağa can atır. Lakin bu təcavüz daha güclü hərbi potensial 
tələb edir. İtaliya ərazisinin əyalətə çevrilməsi öz legionlarına əlavə olaraq köməkçi 
ordulardan  və  kohortalardan  (müttəfiq  şəhərlərin  orduları  romalılarla  birlikdə 

 
41 
vuruşduqda belə adlanırdı) ibarət canlı qüvvə əldə etməyə, həm də bu böyük ordunu 
saxlamaq üçün lazım olan xərcləri çəkməyə imkan verdi.  
Uzun  müharibələr  aparan  Roma  əsaslı  surətdə  özünün  hərbi  təşkilatını 
yaratmışdı.  Müasir  dillə  desək,  Roma  hərbi  doktrinası  hücum  xarakteri  daşıyırdı, 
əlavə  torpaqlar  tutmaq  üçün  işğal  müharibələri  aparmağı,  sonralar  isə  o  vaxtkı 
dünyaya hakim olmağı nəzərdə tuturdu. Roma ordusu xalq könüllülərindən ibarət idi, 
roma  vətəndaşı  üçün  orduda  xidmət  nəinki  borc,  həm  də  şərəf  işi  idi.  Yuxarıda 
göstərdiyimiz  kimi,  hərbi  xidmət  stajı  olmayan  adam  dövlət  vəzifəsi  tuta  bilməzdi. 
Respublikanın  erkən  dövrlərində  orduda  xidmətə  görə  haqq  verilmirdi,  döyüşçü  öz 
silahı və yeməyi məsələsini də həll etməli idi, təkcə süvarilər dövlətdən at və ya onun 
alınması  üçün  müəyyən  məbləğdə  pul  alırdı.  Sonrakı  dövrlərdə,  xüsusən 
yarımadadan  kənara  yürüşlər  başlayanda,  döyüşçülər  maaş  alırdı.  Roma  ordusu  hər 
biri 6 min döyüşçüdən ibarət olan legionlardan ibarət idi. Hər legionda 30 manipul, 
hər manipulda isə iki senturiya, hər legionda həmçinin 300 süvari və ya 10 turma var 
idi. Roma ordusuna bir qayda olaraq konsullar başçılıq edirdi. Ən təhlükəli dövrlərdə 
isə  yarım  il  müddətinə  diktator  təyin  edilirdi.  Köməkçi  qoşunlar  isə  legionlardan 
fərqli  olaraq  Roma  vətəndaşlarından  deyil,  zəbt  edilmiş  İtaliya  torpaqlarından  olan 
adamlardan  -  müttəfiqlərin  əhalisindən  təşkil  edilirdi.  Maaş  verilməsi  qaydası 
başlanmaqla könüllü ordu nizami orduya çevrildi. Döyüşçü hərbi xidmətə girərkən o, 
rəislərin  göstərişlərinə  tabe  olmağa  və  öz  qüvvəsi  daxilində  onları  icra  etməyə  and 
içirdi. Şəhərlər yeni əsgərləri yığır, onlara and içdirirdilər.  

 
42 
Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin