Telman Orucov Qədim Roma: qüdrətin qabarması və çəkilməsi



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə6/22
tarix09.02.2017
ölçüsü2,67 Mb.
#7870
1   2   3   4   5   6   7   8   9   ...   22

ROMADA AQRAR SİYASƏT 
 
Roma  dünya  dövlətinə  çevrildiyi  bir  dövrdə  bütünlükdə  İtaliya  aqrar  ölkəsi 
olaraq  qalırdı.  Kənd  təsərrüfatı  təcrübəsi  çox  güman  ki,  Avropaya  Yaxın  Şərqdən 
gəlmişdi.  Çünki  bünövrədən  bir  sıra  bitkilərin  mədəniləşməsi  və  heyvanların 
əhilləşdirilməsi Mesopatomiyadakı münbit Aypara adlanan ərazidəki ilkin fermerlər 
tərəfindən  həyata  keçirilmişdi.  Avropanın  cənub  sahillərinə  finikiyalılardan  başqa 
gəlib çıxan ilk kolonistlər, öz vətənlərindəki vəziyyətlə qənaətlənməyən yunan kənd 
sakinləri idi. Şərqdən gələn üçüncü xalq isə etrusklar idi. Elmi cəhətdən aparılan və 
Ellinist  modelə  əsaslanan  kənd  təsərrüfatı  İtaliyada  ikinci  Puniya  müharibəsindən 
əvvəl meydana gəlməyə başladı və ikinci əsrdə nəzərə çarpacaq dərəcədə genişləndi.  
Böyüyən  şəhər  mərkəzlərinin  ərzaqa  böyük  ehtiyacı  var  idi.  Burada  m.ə.  II 
əsrə  qədər  natural  xarakter  daşıyan  kiçik  və  orta  kəndli  təsərrüfatları  çoxluq  təşkil 
edirdi.  Bu  təsərrüfatlarda  torpaq  sahibinin  özünün  əməyindən  istifadə  olunurdu, 
başqa sözlə, əsasən ailənin başçısı ilə yanaşı digər üzvləri işləyirdilər. Yalnız məhsul 
toplanması  vaxtı  kənardan  muzdlu  işçilər  cəlb  edilirdi.  İstehsal  edilən  məhsulun 
hamısı və ya əksəriyyəti ailənin öz istehlakına sərf edilirdi. İstehsal inkişaf etdikcə və 
qul  sahibkarlığı  böyüdükcə  belə  təsərrüfatlar  sıradan  çıxırdı  və  yeni  istehsal 
formaları,  natural  təsərrüfatdan  tam  fərqli  olan  və  bazar  üçün  işləyən  təsərrüfatlar 
meydana  gəlirdi.  Bu  təsərrüfat  növünün  digər  mühüm  fərqi  də  ondan  ibarət  idi  ki, 
burada geniş şəkildə qul əməyindən istifadə olunmağa başlandı. Ona görə də Böyük 
Katon  təsərrüfatın  rentabelliyinin  ən  başlıca  amillərindən  birini  bazara  yaxınlıqda 
görürdü və qul əməyindən daha səmərəli istifadə etmək yollarını göstərirdi.  
Kəndli  təsərrüfatları  İtaliya  ərazisində  aparılan  müharibələrdən  çox  əziyyət 
çəkirdi.  Təkcə  Hannibalın  yürüşü  vaxtı  orta  və  cənubu  İtaliyadakı  kəndli 
təsərrüfatlarının  yarısı  məhv  olmuşdu.  Bundan  başqa  romalıların  başqa  ərazilərdə 
apardıqları  müharibələr  kəndlini  əsgərə  çevirdiyinə  görə,  torpaqları  boş  qoyurdu. 
Böyük  Katona  görə,  vətənin  ən  sədaqətli  döyüşçüsü  məhz  əkinçidən  çıxırdı.  Uzun 
illəri  müharibə  yollarında  keçirən  kəndli  öz  məşğuliyyətindən  aralanırdı  və  onların 
əksəriyyəti müharibə qurtardıqdan sonra, Tsintsinnatın nümunəsinə sadiq qalmayıb, 
yenidən kəndli əməyinə qayıda bilmirdi. Bundan başqa onların bir çoxu həlak olur, 
digər  hissəsi  isə  yaralı  və  artıq  qocalmış  şəkildə  qayıtdığından  təsərrüfatı  əvvəlki 
kimi  apara  bilmirdi.  Becərilməyən  torpaqları  yenidən  əkin  dövriyyəsinə  cəlb  etmək 
də əlavə zəhmət və xərc tələb edirdi. Kənd təsərrüfatı istehsalının yeni formaları - iri 
latifundiyalar geniş torpaq sahələrinə malik olub İtaliyanın cənubunda, Siciliyada və 
hətta Afrikada meydana gəlmişdi. İtaliyanın digər ərazilərində isə təsərrüfatlar kiçik 
torpaq  sahələrini  becərirdi.  Kiçik  Plini  yazırdı:  "Hələ  Varron  elan  etmişdi  ki,  kənd 
təsərrüfatının  məqsədi  təkcə  utilas  (fayda)  deyil,  həm  də  voluptas-dır  (həzz 
almaqdır).  
Romada  m.ə.  II  əsrdə  kənd  təsərrüfatı  istehsalının  təşkili  məsələlərinin 
təsvirini  biz  Böyük  Mark  Portsi  Katonun  "Əkinçilik  haqqında"  əsərində  tapırıq. 
Katon  əkinçi  əməyinə  yüksək  qiymət  verərək  yazır  ki,  yaxşı  adamı  tərifləyəndə, 
həmişə onun haqqında deyirlər ki, o, "yaxşı əkinçi və yaxşı sahibdir". Tacir möhkəm 
və  varlanmağa  həvəsi  olan  adam  olsa  da,  onun  həyatı  təhlükəli  və  dərdlidir. 
Əkinçidən isə ən sədaqətli adamlar, ən mətin əsgərlər çıxır. Katon ən yaxşı malikanə 

 
70 
barədə  suala  cavab  verərək  deyir  ki,  ona  görə,  bu  malikanənin  yüz  yuger  (25  ha) 
müxtəlif  münbitlikdə  torpağı  olmalıdır,  ən  yaxşı  yerdə  üzümlük  durur  ki,  yaxşı  və 
çoxlu  şərab  istehsal  edilsin,  ikinci  yerdə  suvarılan  bostan,  üçüncü  yerdə  isə  söyüd 
bağı, dördüncü- zeytun bağı, beşinci - otlaqlar, altıncı - taxıl zəmisi, yeddinci -meşə, 
buradan  mal-qara  yemi  üçün  yarpaq  yığmaq  olar,  səkkizinci  -  ağaca  sarmaşan 
üzümlük, doqquzuncu qoza verən ağacları olan meşə durur.  
Qul əməyindən istifadə məsələsinə gəldikdə Katon məsləhət görür ki, viliklər 
(sahib  olmayanda,  təsərrüfata  başçılıq  edən  etibar  edilmiş  qul  və  ya  azad  olunmuş 
qul)  qulların  işinə  ciddi  nəzarət  etməlidir  və  təsərrüfatda  qulllar  pis  şəraitdə 
saxlanılmamalıdır, onlar soyuqdan donmamalı və ac qalmamalıdır. Katon xəbərdarlıq 
edir  ki,  kənd  təsərrüfatı  elə  bir  işdir  ki,  burada  bir  şeydə  geciksən,  hər  şeydə 
gecikəcəksən.  Sahəyə  qulluq  məsələsinə  gələndə  o,  yaxşı  şum  edilməsini  ön  plana 
çəkir.  Bundan  sonra  torpağa  peyin  verilməsini  vacib  hesab  edir.  Qul  əməyindən 
səmərəli  istifadə  metodu  kimi  o,  məsləhət  görür  ki,  yağışlı  havada  onları  bekar 
qoymamaq  üçün  talvar  altında  görülməli  işə  cəlb  etmək  lazımdır.  Qulu  işləmək 
qabiliyyətinə  görə  saxlamaq,  qocaldıqda  və  ya  xəstələndikdə  ondan  lazım  olmayan 
əşya  kimi  yaxa  qurtarmaq  məsləhətdir.  Onu  istehsalın  səmərəliliyi  xüsusilə 
maraqlandırır və bu suallara o, çox müdrik cavablar və məsləhətlər verir. "Sahib ona 
çalışmalıdır ki, daha az şey satın alsın, daha çox şey satsın".  
Lakin  kənd  təsərrüfatının  istehsalın  necə  aparılmasından,  istehsala  çəkilən 
xərclərdən və bazardakı konyunkturadan asılı olaraq, rentabelliyi tez-tez dəyişdiyinə 
və bu istehsala təbiət, xəstəliklər və ziyanvericilər də öz mənfi təsirini göstərdiyinə 
görə,  daim  yüksək  mənfəət  gətirmədiyindən,  təsərrüfatların,  xüsusən  xırda 
təsərrüfatların  yoxsullaşması  prosesi  gedir  və  kəndlilər  torpaqdan  məhrum  olmağa 
başlayırlar.  Torpaqsız,  yoxsulaşmış  kəndlilər  bir  qayda  olaraq  icaraçilərə,  gündəlik 
muzdlu işçilərə və muzdlulara çevrilirlər. Onlara isə tələbat o qədər də yüksək olmur, 
ona görə də bu böyük kütlə şəhərlərə üz tutmalı olur. Şəhərdə də iş tapa bilməyənlər 
ən  iyrənc  işlərlə  məşğul  olmaqla  belə  öz  həyatlarını  təmin  etməkdən  çəkinmirlər. 
Bunlar antik dövrün ən aşağı zümrəsini - iğtişaşlar yanacağı olan qaraguruhu əmələ 
gətirirlər. Lakin kəndlilərin kütləvi surətdə yoxsullaşması həm də şəhərlərin sayının 
artmasına səbəb olur, ona görə də m.ə. II əsrdə İtaliyada geniş qaydada urbanizasiya 
prosesi gedir. Bir çox kəndlər də şəhər statusu qazanır, köhnə şəhərlər isə böyüməyə 
başlayırlar.  Əslində  dünyanın  digər  hissələrində,  məsələn  Kiçik  Asiyada  və  ya 
Babilistanda  olduğu  kimi  ilk  şəhərlərin  əhalisi  əsasən  kənd  təsərrüfatı  ilə  məşğul 
olur, belə şəhərlərdə sənətkarlar və tacirlər isə kiçik təbəqəni təşkil edirlər.  
Roma xaricdə öz rəqibi Karfageni məhv etdikdən sonra daxildə böhranlı kütlə 
həddinə  çatmış  ziddiyyətlərlə  üzləşməli  oldu.  Onların  içərisində  isə  aqrar 
münasibətlər  o  qədər  də  kiçik  əhəmiyyətə  malik  olmadığından,  məhz  onların 
ətrafında  aparılan  mübahisələr,  münaqişələr  Romanı  yeni  təlatümlərlə,  sarsıntılarla 
üz-üzə  qoydu.  Məhz  aqrar  məsələlər  ətrafındakı  mübarizə  Qrakxlar  hərəkatını 
yaratdı. Böyük qardaş Tiberi Semproni Qrakx 133-cü ildə xalq tribunu seçilən kimi, 
aqrar  islahatlar  proqramı  ilə  çıxış  etdi.  Plebeylərin  mənafeinin  müdafiəçiləri  olan 
tribunlar  əvvəllər  yalnız  plebeylərdən  seçilirdi.  Onun  qanun  layihəsi  əslində  yeni 
məsələ deyildi, Litsini və Seksti hələ  377-367-ci illərdə təklif etmişdilər ki, ictimai 
torpaqlardan  -  ager  publicus-dan  yalnız  500  yugerə  (125  ha)  qədər  götürmək  olar. 

 
71 
Məhz  bu  qanunvericilik  təşəbbüsü  ilə  çıxış  edən  həmin  tribunlar,  həm  də 
konsullardan  birinin  hökmən  plebeylərdən  seçilməsi  barədə  qanun  layihəsini  təklif 
etmiş və nəhayət - 367-ci ildə buna nail olmuşdular.  
İndi Tiberi torpaq sahibliyi haqqında yaddan çıxmış bu qanunu təkrar etməklə 
yanaşı, bəzi əlavələr də irəli sürdü. İki iri oğlu olan ailələr ictimai torpaqlara sahib 
olduqda,  bu  norma  ikiqat  artırılırdı.  Digər  məsələ  isə  islahat  nəticəsində  yaranan 
torpaq  artıqlarının  müsadirə  edilib,  torpaqsız  vətəndaşlara  verilməsi  idi.  Bu  sahələr 
sonralar  onların  əlindən  alına  bilməzdi.  Bu  məsələləri  həll  etmək  üçün  komissiya 
yaradıldı  və  ona  torpaq  artıqlarını  müsadirə  etmək,  onları  sahələrə  bölmək  və 
torpaqsızlara  paylamaq  üçün  qeyri-məhdud  hüquqlar  verildi.  Bu  komissiyaya 
sonralar  Tiberi  Qrakx  özü,  onun  qardaşı  Qay  və  qayınatası  Appi  Klavdi  də  daxil 
oldu.  Bundan  başqa  Tiberi  Qrakx  bütün  İtaliya  əhalisinə  vətəndaşlıq  hüquqları  vəd 
etdi.  Qrakx  qardaşlarının  anası  Korneliya  Hannibalın  qalibi  Publi  Stsipionun  qızı, 
Stsipion  Emilianın  isə  qayınanası  idi.  O,  oğlanlarını  məzəmmət  edirdi  ki,  romalılar 
indiyədək onu Qrakxların anası kimi deyil, Stsipionun qayınanası adlandırırlar. Digər 
bir  məsələni  də  onun  hərəkətləri  üçün  əsas  götürürlər  ki,  Tiberi  Numantiyaya 
gedəndə Etruriyadan keçmiş və burada viranə qalmış diyarı, əkinlərdə və otlaqlarda 
isə əkinçilər və çobanlar əvəzinə, yalnız yadelliləri və barbarları görmüşdü. Məhz bu 
vaxt onun ağlında, həyata keçirilməsi bu qardaşlara bədbəxtlik gətirən həmin planlar 
meydana gəlmişdir. Lakin bu islahatların aparılması asan məsələ deyildi və iri torpaq 
sahiblərinin qızğın müqaviməti ilə qarşılaşdı.  
Tiberi  bu  qanun  layihəsini  heç  də  təkcə  hazırlamamışdı,  o,  həmin  dövrdə 
Romada məşhur olan adamlarla - ali kahin olan Krassla, hüquqşünas, həm də konsul 
olan Mutsi Stsevola ilə, öz qayınatası Appi Klavdi ilə məsləhətləşmişdi. Qanun özü 
də,  mövcud  olan  ədalətsizliklər  və  tamahkarlıqlarla  müqayisədə  xeyli  yumşaq 
görünürdü.  Bu  qanunda  ehtiyacı  olan  adamlara  torpaq  ayrılması  nəzərdə  tutulurdu. 
Bu  isə  varlıların  və  iri  mülkiyyət  sahiblərinin  müdafiəsinə  uyğun  gəlmədiyindən, 
onları ciddi surətdə hiddətləndirdi. Onlar qanun layihəsini gözdən salmaq üçün bütün 
vasitələrə  əl  atdılar  və  belə  şayiə  yaydılar  ki,  Tiberi  torpaqları  yenidən  bölüb 
paylamaqla  ölkəni  qarışdırmaq,  dövlətin  işlərini  pozmaq  məqsədini  güdür.  Tiberi 
böyük  natiqlik  qabiliyyəti  ilə  onlara  cavab  verirdi  ki,  İtaliyada  vəhşi  heyvanlar  da 
gizlənmək üçün öz yuvalarına malikdir, İtaliya uğrunda vuruşan və ölən adamlar isə 
hava  və  işıqdan  başqa  heç  nəyə  malik  deyildir,  damları  olmadığından  arvadları  və 
uşaqları ilə hər yerdə köçərilər kimi dolanırlar. Sərkərdələr döyüş çöllərində əsgərləri 
sərdabələri  və  məbədləri  düşməndən  müdafiə  etməyə  çağıranda,  onları  aldadırlar. 
Axı romalıların çoxunun nə ata mehrabı, nə də əcdadlarının sərdabəsi yoxdur, onlar 
özgələrin  zinəti,  özgələrin  sərvəti  üçün  vuruşur  və  ölürlər.  Onları  dünyanın  sahibi 
adlandırırlar, onların isə bir parça torpağı da yoxdur.  
Bu sözlərə heç kəs,  hətta onun  əleyhdarları da etiraz  edə bilmirdilər.  Bu vaxt 
onlar yeganə vasitə kimi, Tiberinin dostu olan digər tribun Mark Oktaviyə müraciət 
etdilər  və  çox  təkidli  xahişlərdən  sonra  onu  Tiberiyə  qarşı  çıxış  etməyə  və  qanunu 
rədd etməyə sövq etdilər. Bundan hiddətlənən Tiberi daha sərt qanun layihəsi təklif 
etdi.  Bu  sənəd  iri  torpaq  sahiblərindən,  köhnə  qanunların  əksinə,  sahib  olduqları 
torpaqları təxirə salmadan azad etməyi tələb edirdi. Bu layihə iri torpaq sahibi kimi 
tribun  Oktavinin  də  mənafeyinə  toxunurdu.  Oktavi  həm  də  Tiberinin  müraciətlərini 

 
72 
cavabsız  qoyurdu.  Bu  vaxt  Tiberi  dekret  verdi  və  bu  dekretə  görə  vəzifəli  şəxslər 
məsuliyyət  qorxusundan  öz  vəzifələrini  icra  etməkdən  imtina  etdilər.  Elə  bu  vaxt 
əleyhdarlarında onu öldürmək fikri yarandı.  
Xalq yığıncağında səsvermə başlandığı vaxt qutuların oğurlandığı məlum oldu, 
onları  varlılar  oğurlamışdılar.  Keçmiş  konsullar  diz  üstə  çökərək  ondan  səsverməni 
təxirə salmağı xahiş etdilər və Tiberini senata müraciət etməyə inandırdılar. Senat da 
heç  nə  etməyən  də,  Tiberi  qanunsuz  bir  hərəkətə  əl  atdı  -  Oktavini  hakimiyyətdən 
uzaqlaşdırmağa cəhd etdi. Əvvəlcə o, Oktavidən xahiş etdi ki, xalqın ədalətli tələbinə 
əməl etsin, lakin Oktavi rədd cavabı verdi. Bu vaxt o, yeganə çıxış yolunu, onlardan 
birinin hakimiyyətdən məhrum olunmasında gördü və istədi ki, əvvəlcə Oktavi onun 
vəzifədən uzaqlaşdırılması barədə xalq yığıncağında məsələ qaldırsın. Belə olduqda 
Tiberi söz verdi ki, xalqın arzusuna uyğun olaraq o, özəl həyata qayıdacaqdır. Oktavi 
bu  təklifdən  də  imtina  etdi  və  belə  olan  halda,  Tiberi  onun  vəzifədən 
kənarlaşdırılması  məsələsini  səsverməyə  qoyacağını  bildirdi.  Sonrası  günü  xalq 
yığıncağı  toplaşanda  Tiberi  yenə  Oktavini  inandırmağa  çalışdı,  lakin  heç  nəyə  nail 
olmadı. Bundan sonra o, Oktavinin tribunluqdan azad edilməsini səsverməyə qoydu.  
Romadakı 35 tribadan 17-si Oktavinin əleyhinə səs verdi, bircə triba da onlara 
qoşulsaydı, məsələ həll olunardı. Bu vaxt Tiberi səsverməni dayandırdı və Oktaviyə 
müraciət etdi, əvvəlcə onu öpdü, özünü uzun müddət şərəfsizliyə məhkum etməməyi 
xahiş  etdi,  lakin  Oktavi  gözləri  yaşla  dolu,  dinməz  dayanmışdı.  Onun  nəzərləri 
varlılara  və  sahibkarlara  sataşdıqda  bildirdi  ki,  Tiberi  necə  bilirsə,  elə  də  onunla 
davransın.  Beləliklə  qanun  qəbul  edildi  və  Oktavini  liktor  güclə  tribunadan  aşağı 
saldı. Bundan sonra isə aqrar qanunu qəbul olundu. Yuxarıda qeyd olunan komissiya 
yaradıldı.  
Yığıncağı  buraxmamışdan  əvvəl  Tiberi  xalqa  müraciət  etdi  və  dedi:  "Xalq 
tribunu müqəddəs və toxunulmaz şəxsdir, çünki onun fəaliyyəti xalqa həsr olunur və 
onlar  xalqın  mənafeyini  qorumalıdır.  Lakin,  əgər  tribun  xalqdan  üz  döndərirsə,  ona 
ziyan  vurursa,  onun  hakimiyyətini  kiçildirsə,  onun  səsverməsinə  mane  olursa, 
bununla o, öz-özünü hakimiyyətdən məhrum edir, çünki öz borcunu yerinə yetirmir. 
Qoy  o  Kapitolini  dağıtsın,  cəbbəxananı  yandırsın,  ehtiyac  altında  buna  da  dözmək 
olar.  Belə  hərəkət  etsə,  o,  pis  tribun  olduğunu  göstərəckdir;  lakin  kimsə 
demokratiyanı devirirsə, o, artıq tribun deyildir. Buna dözmək olarmı ki, tribun hətta 
konsulu  həbsxanaya  apara  bilir,  xalq  isə  tribunu,  bu  hakimiyyəti  ona  verənlərin 
ziyanına  sui-istifadə  edəni,  həmin  hakimiyyətdən  məhrum  edə  bilmir.  Axı  konsulu 
da,  tribunu  da  eyni  qaydada  xalq  seçir.  Çar  hakimiyyəti  özündə  bütün  dövlət 
vəzifələrini daşıyır, bundan əlavə müqəddəslik və təntənəli qaydalarla ilahi qüvvəyə 
qaldırılır.  Ancaq  Roma  dövlətə  ziyan  gətirən  Tarkvinini  də  qovdu  və  bu  Romanı 
yaradan  qədim  hakimiyyət  bir  adamın  günahı  üzündən  ləğv  edildi...  Beləliklə, 
xalqına qarşı günah işlədən tribun toxunulmazlığını saxlayırsa, özü də bunu ona xalq 
vermişdir,  bu  yolverilməzdir,  çünki  o,  öz  hakimiyyətinin  mənbəyi  olan  qüvvəni 
sarsıdır.  Əgər  tribuna  tribaların  çoxu  səs  vermişsə,  bu  onun  tribunatı  ədalətlə  əldə 
etdiyini  göstərir;  məgər  daha  ədalətli  bu  olmayacaqdırmı  ki,  əgər  onun  əleyhinə 
bütün  tribalar  səs  vermişsə,  ondan  tribunat  geri  alınsın...  Tribun  hakimiyyətini  də 
xalq bir adamdan başqasına keçirə bilər. Bu hakimiyyət toxunulmaz və dəyişilməyən 
hesab  edilə  bilməz;  Axı  bu  hakimiyyətə  yiyələnmiş  adamlar,  bəzən  özləri  ondan 

 
73 
imtina edirlər". Tiberi öz hərəkətini müdafiə etmək üçün bu dəlilləri gətirdi. Bir daha 
qeyd etmək lazım gəlir ki, plebeylərin mənafelərini müdafiə etmək üçün hələ 494-cü 
ildə xalq tribunu vəzifəsi təsis edilmişdi.  
Tiberi  bundan  sonra  yeni  qanun  layihələri  təklif  etdi,  onun  məqsədi  senatın 
hakimiyyətini  zəiflətmək  idi.  Bu  qanunlara  görə,  hərbi  xidmət  müddəti  qısaldıldı, 
məhkəmə qərarlarından xalqa apellyasiya vermək hüququ qoyuldu, hakim vəzifəsini 
aparan senatorların sayı qədər, atlı zümrəsindən olanlara da hakim yeri verildi.  
Səsvermə vaxtı əks tərəf üstün gələndə, yığıncaq səhərisi günə təxirə salındı. 
Tiberi  tribunadan  düşəndə  göz  yaşı  içərisində  xalqa  yalvarırdı  ki,  qorxur  ki,  gecə 
düşmənləri onun evinə hücum edib, onu qətlə yetirsinlər. Ona görə də xalqdan olan 
adamlar gecə onun evinin yanında, onu mühafizə etdilər.  
Səhərisi senator Fulvi Flakk Tiberiyə məlumat verdi ki, varlılar öz aralarında 
onu  öldürməyi  qərara  almışlar.  Bundan  sonra  liktorlar  camaatı  sıxışdırmağa 
başladılar  və  şüvülləri  qoparıb,  hücum  vaxtı  müdafiə  olunmaq  üçün  onunla 
silahlanmağa  başladılar.  Tiberi  ona  təhlükə  yarandığını  adamlara  göstərmək  üçün 
əlini  başına  toxundurdu.  Düşmənləri  isə  senata  qaçıb  xəbər  verdilər  ki,  Tiberi  tac 
tələb edir. Qarışıqlıq başlandı və Nazika konsuldan tələb etdi ki, Romanı xilas etsin 
və  tiranı  edam  etsin.  Konsul  bu  təkliflə  razılaşmadıqda,  Nazika  dedi:  "Əgər 
hakimiyyətin  ali  nümayəndəsi  respublikaya  xəyanət  edirsə,  onda  hamıya,  kim 
qanunçuluğu  hifz  etməyə  kömək  etmək  istəyirsə,  mənim  arxamca  gəlməyi  təklif 
edirəm". Bu sözlərlə də o, toqasını başına çəkib Kapitoliyə cumdu. Onun arxasınca 
çoxları  gedirdi.  Adamlar  da  senatorlara  qoşuldular  və  əllərində  oturacaq  qırıqları, 
bıçaq Tiberinin üstünə hücum çəkdilər. Tribunu müdafiə edənlərin bəziləri döyüldü, 
bəziləri  öldürüldü,  qalanlar  isə  qaçmağa  başladılar.  Tiberi  qaçanda,  kimsə  onun 
paltarından  yapışdı,  bu  vaxt  o  toqasını  açdı  və  qaçanda  büdrəyib  yıxıldı,  qalxanda 
tribunlardan biri - Publi Saturey onun başına zərbə endirdi. İlk zərbə oturacağın ayağı 
ilə  vurulmuşdu.  Beləliklə  Tiberi  öldürüldü  və  bu  iğtişaşda  üç  yüzdən  artıq  adam 
öldürüldü. Tiberi Qrakxın bəlkə də ona böyük şöhrət gətirə biləcək ömrü belə vaxtsız 
başa çatdı. Bu hadisə 133-cü ildə baş verdi. Bu vaxt onun 29 yaşı var idi.  
Publi  Stsipion  Emilian  öz  qaynı  Tiberinin  öldürüldüyünü  eşitdikdə  və  ondan 
bu  qətlə  münasibəti  soruşulduqda  demişdi  ki,  əgər  onun  dövləti  ələ  keçirmək 
məqsədi  var  imişsə,  düzgün  olaraq  öldürülmüşdür.  Bu  yığıncağın  hiddətinə  səbəb 
olduqda, Karfageni və Numantsiyanı dağıtması ilə şöhrət qazanmış Stsipion uca səslə 
bildirdi ki, o, silahlı düşmənlərinin harayından heç vaxt qorxmadığı halda, İtaliyanın 
onlara ögey ana olduğu adamlar onu qorxuda bilərmi?  
Elə bu dövrdə Perqam çarı Attal vəfat etdi və ölkəsini Roma xalqına vəsiyyət 
etdi,  bundan  60  il  sonra  Vifiniya  çarı  IV  Nikomed  də  belə  bir  hərəkət  etdi. 
Yunanıstan  və  Makedoniya  zəbt  edildikdən,  Selevkidlər  dövləti  məğlub  olduqdan 
sonra Kiçik Asiya əraziləri tədricən Roma ağalığına keçirdi.  
Bu hadisələrdən on il sonra Tiberinin kiçik qardaşı Qay Qrakx  məhz belə bir 
mübarizəyə  qoşuldu.  Qay  igidlikdə  qardaşına  çox  oxşasa  da,  istedadda  və  natiqlik 
qabiliyyətində  ondan  üstün  idi.  Öz  qabiliyyətinə  görə,  o,  dövləti  idarə  edə  bilərdi, 
lakin  qisasçılıq  hissindən,  yaxud  da  çar  hakimiyyətinə  yiyələnmək  məqsədilə  o, 
qardaşı kimi xalq tribunu oldu. O, qardaşı Tiberidən doqquz yaş kiçik idi. Plutarxın 
yazdığına  görə  o,  siyasi  fəaliyyətə  öz  seçiminə  görə  deyil,  zərurət  üzündən 

 
74 
başlamışdı.  Tsitseron  belə  danışırmış  ki,  ictimai  həyatdan  kənarda  qalan  Qay
 
yuxuda  qardaşını  görür  və  Tiberi  ona  deyir:  "Niyə  ləngiyirsən,  Qay?  Geri 
çəkilməyə yer yoxdur, hər ikimizə xalqın rifahı naminə mübarizədə eyni həyat, eyni 
ölüm qismətdir".  
Qay Qranxın təklif etdiyi qanunlarda Tiberi qanunlarında olduğu kimi ən kasıb 
vətəndaşlara torpaq verilməsi, əsgərlərə dövlət hesabına paltar verilməsi, 17 yaşından 
aşağı olan gənclərin orduda xidmətə çağırılmaması, italiklərə Roma vətəndaşları kimi 
səsvermə  hüququ  verilməsi  nəzərdə  tutulurdu.  Qanuna  görə  kasıb  vətəndaşlar  üçün 
çörəyin qiyməti aşağı salınırdı, məhkəmə haqqındakı qanuna görə senatorlar nüfuzun 
xeyli  hissəsindən  məhrum  olurdu.  Senator  hakimlərin  sayı  qədər  (onlar  300  idi), 
atlılardan  da  hakim  seçildi  və  600  nəfərdən  ibarət  qarışıq  məhkəmə  təsis  edildi. 
Atlılar  zümrəsi  senatorlardan  sonra  gəlirdi  və  bu  zümrəyə  ticarət-maliyyə  əyanları 
daxil idi.  
Qay  əvvəlki  qaydanın  əksinə  olaraq  ilk  dəfə  arxasını  senata,  üzünü  meydana 
tutub çıxış etməyə başladı, bununla o, aristokratik quruluşa demokratik çalar vermək 
istəyirdi. Məhkəmələr  senatorlardan  atlıların  əlinə  keçəndə,  Qay  belə  demişdi:  "Bir 
zərbə ilə senatı məhv etdim".  
Qay  yunanlardan  fərqli  olaraq,  perslər  kimi  ox  tək  düz  yollar  tikdirməyə 
başladı.  Qədim  yunanlar  yolu  təbiətin  bir  hissəsi  hesab  edib,  onu  dərələrdən, 
təpələrdən  keçməklə  əyri,  burulmuş  qaydada  çəkirdilər,  perslər  isə  orduya  təminatı 
sürətlə  çatdırmaq  üçün  düz  yollar  tikmək  qaydasını  qoymuşdular.  Qayın  tikdirdiyi 
yollarda viaduklardan istifadə edildiyindən, yollar həmişə bir səviyyədə alınırdı.  
Oktavi  öz  planlarını  həyata  keçirməkdə  Tiberiyə  mane  olduğu  kimi,  varlılar 
Qayın  əleyhinə  onun  tribun  yoldaşı  Livi  Druzdan  istifadə  etməyə  başladılar.  Druz 
onların  tələblərinə  boyun  əyərək  tribun  hakimiyyətini  senatın  sərəncamına  verdi. 
Druz  öz  qanun  layihələri  ilə  xalqın  hörmətini  qazanmağa  çalışırdı  və  heç  bir  şəxsi 
təmənna  irəli  sürmürdü.  O,  Qayın  dostu,  triumvirlərdən  biri  olan  Fulvini  camaatın 
gözündən  salırdı  ki,  guya  müttəfiqləri  Roma  əleyhinə  qaldırır  və  italikləri  qiyama 
sövq edir. Fulvi özü də hərəkətləri ilə belə danışıqlara bəhanə verirdi. Bundan başqa 
konsul seçilməyə can atan Opimi Qayı devirməyi qarşısına məqsəd qoymuşdu. Qay 
əhalini qanunları müzakirə etmək üçün xalq yığıncağına dəvət etdikdə, Senat konsulu 
dilə tutur ki, romalı olmayanları şəhərdən çıxarsın. Qay konsulun bu hərəkətinə etiraz 
etdi  və  söz  verdi  ki,  müttəfiqlər  qalsa,  onlara  kömək  edəcəkdir.  Lakin  o,  bu  sözünə 
əməl etmədi. Tanışlarından birini liktorlar tutduqda isə o, bu işə qarışmadı. Bundan 
başqa  qladiator  döyüşü  üçün  meydanın  kənarında  pullu  taxta  oturacaqlar 
hazırlananda, Qay bunları gecə ikən götürtdürdü ki, kasıblar döyüşə pulsuz baxsınlar. 
Bu hərəkətinə görə o, üçüncü dəfə tribun seçilmədi. Səslərin çoxunu qazandığı halda, 
tribunlar  yalana  əl  atdılar  və  səslərin  sayılmasının  nəticəsini  saxta  elan  etdilər.  Qay 
bu haqsızlıqlara dözə bilmirdi.  
Ona  düşmən  olan  tərəf  Opimini  konsul  keçirməyə  nail  olduqda,  Qayın  qəbul 
etdirdiyi  qanunların  çoxunu  ləğv  etdilər,  onun  Karfagendə  apardığı  işləri  də  təftiş 
etməyə başladılar. Bununla onu hirsləndirmək istəyir və onu elə xətalar etməyə vadar 
edirdilər ki, bundan onu öldürmək üçün bəhanə kimi istifadə etsinlər. O, əvvəlcə bu 
fitnəkarlıqlara  uymurdu,  lakin  dostlarının,  xüsusilə  Fulvinin  təhriki  ilə  özünə 

 
75 
tərəfdarlar  toplamağa  başladı.  Onun  anasının  da  bu  təhriklərdə  iştirak  etdiyi 
göstərilir, başqaları isə Korneliyanın buna narazı olduğunu söyləyir.  
Opimi Qayın qoşunlarını ləğv etmək istədiyi gün, hər iki partiya səhər tezdən 
Kapitoliyə  toplaşdı.  Opimi  həm  Qayı,  həm  də  onun  dostu  Fulvi  Flakkı  öldürmək 
istəyirdi.  Flakk  öz  böyük  oğlu  ilə  birlikdə  Aventin  təpəsində  silahlı  tərəfdarlarını 
yığanda  öldürüldü.  Qay  Qranx  isə  qaçan  vaxt  Opiminin  göndərdiyi  adamlar 
tərəfindən  təqib  edildiyini  gördükdə,  öz  qulu  Evpora  əmr  etdi  və  öz  boynunu 
vurdurdu. Qay belə  özünə sui-qəsdlə həyatdan getdi ki, düşmən əlinə  keçməsin.  Bu 
hadisə  121-ci  ildə  oldu.  Qay  32  yaşında  həyatdan  getdi.  Romalı  atlı  Pomponi  də 
həmin gün bir mərdlik və dosta sədaqət nümunəsi göstərdi. O, Qayı təqib edənlərin 
körpüdə qabağını kəsib, sonra isə qılıncla özünü öldürdü,  
Qaliblər,  əslində  isə  qatillər  Tiberi  kimi,  Qayın  da  cəsədini  dəfn  edilməyə 
qoymayıb,  qəddarlıqla  Tibr  çayına  atdılar.  Xalq  Qayla  Flakkın  evini  qarət  etməyə 
başladı.  Opiminin  ürəyi  bununla  da  soyumadı.  O,  Fulvi  Flakkın  gənc,  18  yaşına 
çatmamış  oğlunu  öldürtdü.  Sonra  Qayın  dostlarının  və  klientlərinin  təqib  olunması 
başlandı. İlk dəfə diktator səlahiyyəti əldə etmiş Roma konsulu Opimi məhkəməsiz 
üç min vətəndaş öldürtdü. Lakin sonralar o, özü də etdiyi haqsızlıqların altını çəkməli 
oldu.  O,  pula  olan  tamah  qarşısında  öz  zəifliyini  göstərdi  və  buna  görə  də  özünü 
biabır  etdi.  O,  Numidiya  çarı  Yuqurtanın  yanına  elçi  kimi  göndərilərkən,  çar 
tərəfindən  pulla  ələ  alındı  və  böyük  biabırçılıqla  rüşvətxorluğa  görə  mühakimə 
olundu.  Şərəfini  itirmiş  bu  adam  xalqın  nifrət  etdiyi  bir  şəraitdə  qocaldı  və  qoca 
vaxtında  Qrakx  qardaşlarının  ölümünə  peşiman  oldu.  Opimidən  heç  bir  xatirə 
qalmadı,  romalılar  isə  Qrakx  qardaşlarına  şəhərin  ən  yaxşı  hissələrindən  birində 
heykəl qoydu.  
Lakin  Qrakx  qardaşlarının  hərəkatı  aqrar  sahədə  islahatlar  aparılmasına  nail 
ola  bilmədi  və  bu  islahatlar  cəhdi  uğursuzluqla,  ölkədə  siyasi  böhran  yaranması  ilə 
nəticələndi. Onlar irəli baxmaq əvəzinə geriyə baxırdılar və yunan nümunəsi əsasında 
demokratik  idarəetmə  quruluşu  yaratmaq,  hər  yoxsula  torpaq  payı  bəxş  etməklə 
keçmiş  dövrlərin  "Kəndli  dövlətini"  bərpa  etmək  istəyirdilər.  Sonrakı  bütün  tarix 
boyu  digər  torpaq  islahatları  da  Romada  asanlıqla  gedə  bilmədi,  çünki  bu  islahatlar 
cəmiyyətin bütün siniflərinin və təbəqələrinin mənafeyinə toxunurdu. Digər tərəfdən 
qardaşlar  özləri  şər  kimi  hesab  etmədikləri  zorakılığın  qurbanı  oldular.  Qay  Qrakx 
özü demişdi ki, "xəncərlərin köməyi ilə nəciblər bir-birini didəcəklər".  

 
76 
Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin