Telman Orucov Qədim Roma: qüdrətin qabarması və çəkilməsi



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə8/22
tarix09.02.2017
ölçüsü2,67 Mb.
#7870
1   ...   4   5   6   7   8   9   10   11   ...   22

SULLA DİKTATURASI 
 
Romanın İtaliya ilə əlaqədar sarsıntıları başa çatdıqdan sonra indiyədək Roma 
tarixində  görünməmiş  ciddi  və  məhvedici  hadisə  baş  verdi,  ilk  dəfə  olaraq 
romalıların  özü  arasında,  Mari  tərəfdarları  ilə  Sulla  tərəfdarları  arasında  vətəndaş 
müharibəsi getdi və vətəndaş müharibəsinin qanunauyğun nəticəsi kimi Lutsi Korneli 
Sulla diktaturası meydana gəldi. 80-ci illərdə baş verən amansız vətəndaş müharibəsi 
Mari və Tsinnanın başçılıq etdiyi populyarlar qrupu ilə, Sullanın başçılıq etdiyi senat 
oliqarxiyasının tərəfdarları olan optimatlar arasında baş verdi. Müharibə nəticəsində 
Lutsi Korneli Sullanın müddətsiz diktaturası quruldu.  
Lutsi  Korneli  Sulla  patritsi  nəslindən  idi.  O,  Numidiya    ilə  müharibədən, 
xüsusən  Yuqurtanı  əsir  götürdükdən,  həmçinin  Müttəfiqlər  müharibəsindən  sonra 
çox məşhurlaşmışdı.  
Sullanın hakimiyyətə gəlməsi məsələsi isə, onun Mari ilə rəqabətindən yaranan 
hadisələrlə  əlaqədardır.  89-cu  ilin  konsul  seçkilərində  Sulla  konsul  seçilmişdi.  Bu 
vaxt hələ müttəfiqlərlə müharibə başa çatmamışdı. Xaricdən isə Roma üçün ən ciddi 
təhlükə Pont çarı Mitridat idi. VI Mitridat Yevpator heç bir təhsil görməsə də, 22 dil 
bilirdi,  təbiət  tarixinə  dair  əsərlər  yazmışdı,  böyük  fitri  əqli  istedada  malik  idi. 
Müttəfiqlər  müharibəsindən  istifadə  edərək  o,  Vifiniyaya,  sonra  isə  Kiçik  Asiyanın 
digər  ərazilərinə  hücum  edirdi.  O,  Vifiniyanı  məğlub  etdi  və  burada  onu  xilaskar 
kimi qarşıladılar. Ələ keçən Roma konsulyarını Kiçik Asiyanın bütün şəhərlərindən 
və kəndlərindən piyada keçirib, ona əzab verirdilər, hər yerdə camaat onu ələ salırdı. 
Nəhayət  onu  Perqamda  edam  etdilər,  boğazına  əridilmiş  qızıl  tökdülər  ki,  qoy 
romalıların acgözlüyü bəlkə bununla qurtarsın. Efesdə isə Mitridat Kiçik Asiyadakı 
bütün romalıların müəyyən bir gündə qırılmasına göstəriş verdi. Romalılara qeyri-adi 
nifrət edildiyindən, bu göstəriş böyük sevinclə həyata keçirildi və həmin gün 150 min 
romalı öz həyatını qurban verdi.  
Mitridat  Asiyadakı  uğurlarından  cuşə  gəlib  Balkan  yarımadasına  keçdi  və 
Yunanıstanı  zəbt  etməyə  başladı.  Beləliklə  romalıların  Ellin  Şərqindən  bütünlüklə 
çıxarılması təhlükəsi yarandı. Bu Romanın hakim kəsildiyi Aralıq dənizi sahilinin bir 
hissəsinin itirilməsi, ciddi iqtisadi zərbə demək idi. Ona görə də Mitridatla müharibə 
ön plana keçdi və bu müharibənin kimin aparması üstündə mübarizə başlandı.  
Bu  Mari  və  Sulla  arasındakı  keçmiş  rəqabəti,  Numidiya  müharibəsinin 
sonundan  başlanan  rəqabəti  qızışdırdı.  Sullaya  üstünlük  verildi.  Onların  şəxsi 
rəqabəti  isə  hər  ikisinin  tərəfdarlarının  qızğın  mübarizəsinə,  nəticədə  isə  qanlı 
vətəndaş müharibəsinə gətirib çıxardı.  
Bir qanun layihəsi ilə Qay Mariyə prokonsul hakimiyyəti verildi və o, Sullanın 
yerinə Mitridatla qarşıdakı müharibəyə komandan təyin edildi. Sulla isə səsverməyə 
qədər  Romanı  tərk  edib  Nola  şəhərində  özünə  ordu  yığmağa  başladı.  Lakin  hərbi 
tribunlar qoşunları qəbul etmək və Mariyə təhvil vermək üçün buraya gəldilər. Sulla 
yenə  onları  qabaqladı.  Döyüşçülər  komandanın  dəyişilməsini  istəmirdilər  və 
Sulladan  tələb  etdilər  ki,  onları  Romaya  aparsın.  Bir  qədər  tərəddüddən  sonra  Sulla 
qoşunları Romaya, qardaş qırğını müharibəsinə apardı. Sulla yol boyu elan edirdi ki, 
o, tiranlara qarşı çıxış edir.  

 
90 
Xalq  tribunu  Sulpitsi  Ruf  və  Qay  Mari  şəhərin  müdafiəsini  təşkil  etmək 
istədilər, lakin heç nə əldə edə bilmədilər. Sulla şəhəri tutdu və demək olar ki, yeddi 
yüz  ilə  yaxın  tarixi  ərzində  ilk  dəfə  olaraq  Romanı  öz  qoşunları  tutdu.  Sonralar 
Sullanın  bu  hərəkəti  eybəcər  ənənə  şəklini  alacaqdır.  Şəhərdə  qəddar  repressiya 
başlandı.  O  senatda    xalq  tribunu  Rufu  və  Marini  ölüm  cəzasına  məhkum  etdi. 
Marinin başı üçün böyük pul mükafatı təyin edildi, lakin o, aradan çıxa bildi.  
Sulla  öz  mənafeyinə  uyğun  dövlət  quruluşundakı  islahatları  apardıqdan  sonra 
hərbi  yürüşə  tələsdi.  Çünki  Romanı  o,  əsgərlərin  köməyi  ilə  tutmuşdu  və  onların 
ümidlərini doğrultmalı idi. Konsul seçkisi onun üçün elə də uğurlu olmadı, yalnız bir 
adamını keçirə bildi. Digər konsul isə ona müxalif olan Lutsi Korneli Tsinna oldu və 
az keçməmiş o, Sulla əleyhinə gizli ittiham və məhkəmə prosesi hazırlamağa başladı. 
Lakin Sulla əsas vəzifənin arxasınca - Mitridatla müharibəyə yollandı. Bu, 87-85-ci 
illərdə  baş  verdi.  O,  Romanı  tərk  edən  kimi  Tsinna  Sulla  tərəfindən  xalq  düşməni 
adlandırılan  və  şəhərdən  sürgün  olunan  adamları  Romaya  qaytarmağa  cəhd  etdi, 
lakin  ikinci  konsul  Qney  Oktavi  və  senat  buna  müqavimət  göstərdi.  Forumda 
qarşıdurma onların qələbəsi ilə başa çatdı. Tsinnanı bütün cəhdləri baş tutmadı və o, 
şəhərdən  qaçdı.  Senat  onu  konsulluq  səlahiyyətindən  və  vətəndaş  hüquqlarından 
məhrum etdi. 
Bundan  sonra  Tsinna  İtaliya  şəhərlərindən  qoşun  yığmağa  başladı  və 
Afrikadan  qayıdan  Mari  də  Etruriyada  iri  dəstə  yığdı,  onların  birləşmiş  qüvvələri 
Romaya  tərəf  irəlilədi.  Şəhərdə  isə  aclıq  başlamışdı.  Qullar  da  Tsinna  və  Marinin 
yanına  qaçırdı.  Onlarla  aparılan  danışıqlar  bir  nəticə  vermədi.  Tsinna  yanına  gələn 
elçilərdən soruşdu ki, onlar onun yanına konsul kimi, yoxsa özəl şəxsin yanına gələn 
kimi gəlmişlər? Bir qədər sonra gələn yeni elçilər ona konsul kimi müraciət etdilər və 
bircə şeyi xahiş etdilər ki, şəhərdə qırğın keçirməyəcəyinə and içsin.  
Senat  Tsinna  və  Marinin  bütün  şərtlərini  qəbul  etdi  və  onlar  şəhərə  girdilər. 
Marinin sürgün edilməsi qərarı da ləğv edildi.  
Tsinna  və  Mari  şəhərə  girən  kimi  burada  dəhşətli  qırğın  başlandı.  Sulla 
tərəfdarlarının  əmlakı  qarət  edilirdi.  Marinin  əsgərləri  hamını  -  əli  ilə  o,  kimi 
göstərirdisə,  onları  öldürürdü.  Konsul  Qney  Oktavi  öldürüldü  və  onun  başı  Roma 
tarixində  ilk  dəfə  olaraq  Forumda  nitq  tribunasının  qarşısında  qoyuldu.  Tsinna 
həmçinin  onun  yanına  qaçmış  qulları,  gecə  onlar  yatan  vaxt  qırdırdı.  Bütünlükdə 
qırğın bir həftə davam etdi. Konsul seçkisində, gələn 86-cı ilə Mari və Tsinna konsul 
seçildilər,  lakin  seçiləndən  bir  neçə  gün  sonra  yaşlı  Mari  öldü.  Sullanın  bütün 
qanunları  ləğv  edildi  və  Mitridatla  müharibəyə  komandanlıqdan  məhrum  edilmiş 
Sullanın  əvəzinə  cəbhəyə  konsul  seçilmiş  Lutsi  Valeri  Flakk  göndərildi.  Bu  vaxt 
Sulla öz qoşunları ilə Yunanıstana keçirdi.  
Mitridat  isə  bu  vaxt  xeyli  güclənmişdi.  Vifiniya  və  Kappadokiyanı  tutmuş, 
romalılardan  Asiya  əyalətini  tutub  almışdı.  Onun  bir  oğlu  Pontu  və  Bosporu  idarə 
edirdi, digəri isə Frakiya və Makedoniyanı zəbt etmişdi. Afinanı isə çarın təyin etdiyi 
tiran Ariston idarə edirdi.  
Sulla 87-ci ildə Yunanıstana çıxıb, Afinanı mühasirə etdi. Onun yanına gələn 
elçilər şəhərin qədim tarixindən söhbət açdıqda, o, istehza ilə dedi: "Burdan gedin və 
söhbətlərinizi  özünüzlə  aparın;  romalılar  məni  Afinaya  oxumağa  yox,  xainləri  ram 

 
91 
etməyə göndərmişdir". O, şəhəri tutdu və qarət etməyə başladı. Çox qan axıtdıqdan 
sonra bildirdi ki, "ölülər hesabına diriləri bağışlamaqla, azları çoxlara" bəxş edir.  
86-cı  ildə  Xeroniyada  Mitridatla  həlledici  döyüşə  girdi  və  romalılar  qalib 
gəldi.  Digər  döyüşdə  qazanılan  qələbə  Yunanıstanı  Mitridat  qoşunlarından 
təmizləməyə  imkan  verdi.  Bu vaxt  Flakk  da  öz  ordusu  ilə  Yunanıstana  gəldi,  lakin 
onun  döyüşçüləri  Sullanın  yanına  qaçmağa  başladı  və  Flakk  öldürüldü.  Mitridat 
Sulladan sülh xahiş etməyə məcbur oldu və iki sərkərdə görüşdükdə, romalı nisbətən 
mülayim şərtlərlə sülh bağladı. Mitridat bütün tutulmuş əraziləri azad etdi.  
Sulla  85-ci  ilin  sonunu  və  84-cü  ilin  əvvəlini  Asiyada  keçirdi.  O,  vaxtilə 
Mitridatın göstərişi ilə romalıların qırğınını təşkil edənləri qəddarcasına cəzalandırdı. 
Yunanıstandan  o,  senata  məktub  göndərib  öz  qələbələrini  və  vətən  qarşısındakı 
xidmətlərini qeyd etdi. Buna mükafat olaraq o, yazırdı ki, onu vətənin düşməni elan 
etmişlər,  evini  dağıtmışlar,  arvadı  və  uşaqları  isə  qaçıb  güclə  xilas  olmuşdur.  İndi 
Mitridatla müharibəni zəfərlə başa çatdırıb, o, Romaya köməyə gələcəkdir ki, ədaləti 
bərpa etsin və düşmənlərdən qisas alsın.  
Mari  tərəfdarları  da  Sulla  ilə  müharibəyə  hazırlaşırdı.  Lakin  bu  o  qədər  də 
müvəffəqiyyətlə  getmirdi  və  Sulla  ilə  müharibə  etmək  istəməyən  əsgərlər  bir  dəfə 
hiddətlənib, Tsinnanı öldürdülər. 83-cü ildə Sulla  İtaliyanın cənubunda sahilə çıxdı. 
Prokonsul  Piy  və  gənc  legion  komandanı,  gələcək  məşhur  sərkərdə  və  birinci 
triumviratın üzvü Qney Pompey də ona qoşuldu.  
İtaliya ərazisində gedən vətəndaş müharibəsi il yarım davam etdi və qəddarlığı 
ilə  fərqləndi.  Bir  neçə  qanlı  döyüşdən  sonra  82-ci  ilin  noyabrında  o,  şimaldan, 
şəhərin  vaxtilə  Hannibalın  dayandığı  Kollin  qapılarına  yaxınlaşdı.  Mari  tərəfdarları 
darmadağın  edildi  və  ikinci  dəfə  Sulla  Roma  qoşunları  ilə  Romanı  tutdu.  İndi  isə 
Romanı görünməmiş terror gözləyirdi. İndiyə qədər şəhər hər cür haqsızlıq görsə də, 
belə  qan  axıdılmasının  şahidi  olmamışdı.  Şəhəri  tutduğu  birinci  gün  Sulla  Bellona 
sarayında  Senatın  iclasını  çağırdı.  Bu  vaxt  qonşuluqdakı  sirkdə  döyüş  vaxtı  əsir 
götürülmüş  altı  min  nəfər  adam  saxlanırdı.  Sulla  senatorlara  müraciət  edəndə, 
əsgərlər  bu  adamları  vəhşicəsinə  döyürdü.  Bu  adamlar  haray  çəkib  qışqırırdı.  Sulla 
isə  buna  əhəmiyyət  verməyib,  çıxışını  davam  etdirirdi.  O,  qətllərlə,  qanlı  işlərlə 
məşğul  olmağa  başladı,  qanları  axıdılanların  çoxunun  Sulla  ilə  heç  bir  işi  yox  idi, 
onlar  şəxsi  düşmənləri  tərəfindən  öldürülürdü,  diktator  isə  buna  şərait  yaradırdı. 
Gənc  Qay  Metell  senatda  soruşanda  ki,  bu  bədbəxtliklər  nə  ilə  qurtaracaqdır,  nə 
qədər davam edəcəkdir ki, bu biabırçılıqların qurtarmasını gözləmək mümkün olsun. 
"Biz  səndən  sənin  məhv  etmək  istədiyin  adamların  cəzadan  qurtarmasını  xahiş 
etmirik, lakin kimləri ki, diri saxlamağı qərara almısan, onları qeyri-müəyyənlikdən 
qurtarmağını xahiş edirik".  
Sonra  Sulla  özünün  cəzalandırmaq  istədiyi  adamların  siyahısını  tutdu  və  bu 
siyahıya  səksən  ad  daxil  edildi.  Ümumi  narazılığa  baxmayaraq  sabahısı  gün  o,  bu 
siyahıya  daha  iki  yüz  iyirmi  adam  daxil  etdi,  üçüncü  gün  isə  adamların  adı  bir  o 
qədər  də artdı. Bu məsələ ilə  əlaqədar olaraq o, çıxış edərək bildirdi ki, kimləri  ki, 
əvvəlcə  yadından  çıxarmışdı,  o,  sonradan  onları  siyahıya  əlavə  etmişdir,  yadına 
düşənləri  sonradan  yenidən  əlavə  edəcəkdir.  O,  mühakimə  olunanları  evində  qəbul 
edən və onları xilas edənləri də, müasir dildə desək, humanistlik göstərən adamları da 
ölümlə  cəzalandırırdı.  Bu  vaxt  nə  qardaşa,  nə  oğula,  nə  də  ataya  fərq  qoyulmurdu. 

 
92 
Qəddarlıq üçün bütün qapılar açılırdı, məhrum olmuş adamları öldürənlərə mükafat 
təyin  edilirdi.  Ən  böyük  haqsızlıq  isə  ondan  ibarət  idi  ki,  məhkum  olunanların 
oğlanları  və  nəvələri  vətəndaşlıq  hüququndan  məhrum  edilir,  onların  əmlakı  isə 
müsadirə  olunurdu.  Belə  proskriptsiyalar  -  qanundan  kənar  edilənlərin  siyahıları 
təkcə  Romada  deyil,  İtaliyanın  digər  şəhərlərində  də  tərtib  edilirdi.  Kişilərin 
arvadlarının,  uşaqlarının  gözü  qarşısında,  uşaqların  analarının  gözü  qarşısında  başı 
kəsilirdi. Çoxları pulunun, sərvətinin qurbanı olurdu. Ona görə də kimin böyük evi, 
digərinin bağı vardısa, məhz bu əmlaka görə onlar terrorun qurbanı ola bilərdi. Ona 
görə  də  sərvətinə  görə  qətlə  yetirilənlər,  düşmənçiliyin  qurbanlarından  qat-qat  çox 
idi. 
Sullanın düşmənlərinin çoxu özünü öldürməklə həyatı tərk edirdilər. Marinin 
oğlu özünü intihar etdi. Prinesta şəhəri yaxınlığındakı döyüşdə Sulla cəmi 23 adam 
itirmiş,  20  min  düşmənini  məhv  etmişdi.  Sonra  Sulla  Prinestaya  gəlib,  burada 
yaşayan  12  min  nəfəri  bir  yerə  yığıb  qırmağı  əmr  etdi.  Bununla  bəlkə  də  yalnız 
Oliver  Kromvelin  1649-cu  ildə  İrlandiya  şəhəri  Drohedada  həyata  keçirdiyi  kütləvi 
qırğın müqayisə oluna bilər. O, yalnız şəhərdə qonaq qaldığı ev sahibini əfv etmişdi. 
Lakin  həmin  adam  öz  şəhərinin  cəlladından  belə  hədiyyəni  qəbul  etmədi  və  digər 
adamlara  qarışaraq  həlak  oldu.  Belə  şayiə  də  gəzirdi  ki,  gələcəkdə  Romanı  ciddi 
böhrana salan Lutsi Katilina qardaşını öldürdükdən sonra xahiş etmişdi ki, Sulla diri 
adam  kimi  onu  da  proskriptsiyaya  daxil  etsin  və  buna  minnətdarlıq  əlaməti  kimi, 
günahsız bir adamı qətlə yetirmişdi.  
Sulla təkcə bu qanları tökməklə kifayətlənmədi, özünü müddətsiz diktator elan 
etdi. Bundan yalnız yüz iyirmi il əvvəl belə bir əhvalat olmuşdu. Sulla belə bir qərar 
verdi  ki,  baş  verən  hadisələr  üçün  o,  heç  bir  məsuliyyət  daşımır,  gələcək  üçün  isə 
ölümlə  cəzalandırmaq,  əmlakdan  məhrum  etmək,  şəhərlər  salmaq  və  şəhərləri 
dağıtmaq, çarlıqları əldən almaq və onları kimə istəsə vermək üçün tam hakimiyyətə 
sahib olur.  
Sulla təkcə əmlakın müsadirəsi ilə işini bitmiş hesab etməyərək, bu əmlakların 
satılmasını təşkil edirdi, gözəl qadınlara, müğənnilərə, mimik aktyorlara, əvvəlcə qul 
olan,  azad  olunmuş  əclaflara  bütöv  xalqların  torpaqlarını  və  bütöv  şəhərlərin 
gəlirlərini bağışlayırdı. Hətta öz yaxın adamlarına bəzi adamların arvadlarını, onların 
istəyindən asılı olmayaraq bəxş edirdi. O, qohum olmaq üçün Pompey Maqnı məcbur 
etmişdi  ki,  öz  arvadını  boşasın  və  Skavrın  Sullanın  indiki  arvadından  olan  qızını, 
hamilə ola-ola başqasından boşatdırıb, ona ərə vermişdi.  
Sulla özünü çox xoşbəxt hesab edirdi, ona görə də Feliks - "Xoşbəxt" ləqəbini 
qəbul  etmişdi.  O,  özünə  yaxın  adamları  məhv  etməklə,  hamını  ondan qorxmağa  və 
titrəməyə  məcbur  edirdi.  O,  öz  həmvətənlərindən  mülayimlik  tələb  edirdi,  özü  isə 
qəddarlığını  bir  an  da  azaltmırdı.  Appian  məlumat  verir  ki,  Sulla  40  senatoru  və 
1600-ə  qədər  atlını  ölüm  cəzasına  məhkum  etmişdi.  Roma  tarixində  ilk  dəfə  olaraq 
onun  iradəsilə,  heç  bir  məhkəmənin  hökmü  olmadan  öldürüləcək  adamların 
əvvəlcədən siyahısı - proskriptsiya təsis edilmişdi. Ondan qorxu o qədər böyük idi ki, 
bu dəhşətlər qarşısında heç kəs cınqırını da çıxarmırdı. Adamları ittiham etmək üçün 
qonaqpərvərlik, dostluq, borc pul vermək və ya almaq da səbəb ola bilərdi. Təqibə 
isə  ən  çox  varlılar  məruz  qalırdı.  Tək-tək  adamlara  ittihamlar  başa  çatdıqda,  bütöv 
şəhərlərin  növbəsi  başlandı.  Şəhərlərin  əksəriyyətinə  öz  əsgərlərini  kolonist  kimi 

 
93 
göndərdi  və  bunun  hesabına  onların  böyük  rəğbətini  qazandı.  Bu  iyrənc  əməllərinə 
görə digər çarlar və tiranlar onunla müqayisədə olduqca solğun görünürdü. Axı çarlar 
Romada  müəyyən  qaydalarla  seçilirdi,  çar  öldükdən  sonra  müvəqqəti  olaraq 
senatorlar beş gün çarlıq edirdi. Bu dövr çarlıqlar arası dövr adlanırdı. Sonra isə yeni 
çar  seçilirdi.  Çarlıqlar  arası  dövrdə  senatorlar  beş  günlük  çar  olurdu.  Konsullar  isə 
yeni konsulların seçkisini təyin edirdi və şəraitə görə konsul olmadıqda, yeni konsul 
seçilənə qədər yenə də çarlıqarası təyin edilirdi.  
Sulla  da  öz  niyyətlərini  həyata  keçirmək  üçün  bu  qaydadan  yapışdı.  Bu  vaxt 
konsullardan heç kəs yox idi, biri ölmüşdü, digəri isə başqa şəhərdə idi. Çarlıqarası 
seçilən  Flakkı  Sulla  məcbur  etdi  ki,  o,  xalq  yığıncağında,  bu  dövrdə  diktatura 
idarəçiliyinin vacib olduğu məsələsini qoysun. Ancaq bu qayda 400 il bundan əvvəl 
həyata  keçirilmişdi.  Sulla  özü  də  gizlətmirdi  ki,  belə  qarışıq  vaxtda  ölkəyə  məhz  o 
lazımdır. Ona görə də onun istədiyi müddətə romalılar Sullanı səlahiyyətli hökmran-
tiran seçdilər. Lakin dövlət quruluşunun zahiri görkəmini saxlamaq üçün o, konsullar 
təyin edilməsi ilə də razılaşdı. Özü istədiyi qanunları ləğv edirdi və onların əvəzinə 
yenilərini  dərc  edirdi.  Xalq  tribunları  vəzifəsini  o,  demək  olar  ki,  ləğv  etdi  və 
sonralar  onların  seçilməsi  xalq  yığıncağından  senata  keçirildi.  Xalq  yığıncağının 
tərkibinə  isə  əvvəllər  öldürülmüş  romalılara  məxsus  olan  10  min  nəfər  cavan  qula 
azadlıq  verərək,  onları  daxil  etmişdi.  Onlar  Sullanın  hər  bir  göstərişini  yerinə 
yetirməyə hazır idilər.  
O,  yaxın  adamlarından  birini  öldürdükdə,  xalqa  belə  ibrətamiz  hekayə 
söyləmişdi  ki,  "əkinçi  şum  edən  vaxt  birələr  onun  bədənini  dişləyirdi.  İki  dəfə  o, 
kotanını  saxladı,  alt  paltarını  çıxarıb  onu  təmizlədi.  Birələr  onu  bir  də  dişləməyə 
başlayanda,  bir  də  işini  yarımçıq  kəsməmək  üçün  o,  paltarını  yandırdı.  Mən  də  o 
adamlara məsləhət görürəm ki, kimi iki dəfə məğlub etmişəmsə, üçüncü dəfə məndən 
od istəməsin".  
Onun  apardığı  müharibələrdə  100  min  nəfərdən  artıq  ölkənin  ümid  verən 
vətəndaşı  həlak  olmuşdu.  Bir  tarixçinin  məlumatına  görə,  90  senator,  15  konsul, 
2600 atlı qətlə yetirilmiş və ya sürgün edilmişdi. Digər məlumatlara görə 40 senator 
və 1600 atlı proskripsiya siyahısına salınmışdı və axırda minlərlə adam həlak oldu.  
Sulla daxili xəstəliklərdən əziyyət çəkirdi. Onun daxili orqanları çürüyürdü. O, 
tez-tez  ölümünü  gözləyirdi.  O,  vəzifəsindən  də  heç  kəsin  gözləmədiyi  halda  79-cu 
ildə  birdən-birə  imtina  etdi  və  çoxlu  düşmənləri  olduğu  halda  öz  malikanəsində 
yaşamağa  yollandı.  Onun  istirahətə  yollanması  ilə  Roma  rahatlıq  tapdı,  qətllərə  və 
özbaşınalıqlara son qoyuldu. 78-ci ildə isə o, vəfat etdi. Plutarxın yazdığına görə o, 
öz  ölümündən  bir  gün  əvvəl  də,  onun  ölümünü  gözləyərək,  xəzinəyə  pulunu 
qaytarmayan bir adamı öz yataq otağında boğub öldürtmüşdü. Bu hadisə onu göstərir 
ki, özü son ölüm sınağı qarşısında dayanan bu adam axıtdığı qanlardan doymayaraq, 
son  nəfəsinə  qədər  öz  vampir  təbiətini  büruzə  vermiş,  qatil  missiyasını  həyata 
keçirmişdir.  Buna  baxmayaraq  onun  qəbrüstü  abidəsində  onun  özü  tərəfindən 
yazılmış  sözlər  həkk  edilmişdi  ki,  heç  kəs  Sulla  qədər  dostlarına  xeyirxahlıq, 
düşmənlərinə bəla gətirməmişdir.  
Sullanın  bu  dəhşətli  və  bəd  əməllər  dənizinə  bərabər  fəaliyyətində  kiçik  bir 
möcüzəli  damla,  zorakılıqlardan  ayrılaraq,  bəşəriyyətə  xidmət  edən  bir  amilə 
çevrilmişdir. Bu da dünyanın ən böyük filosoflarından birinin əsərlərinin sahibinə - 

 
94 
gələcək  nəsillərə  çatdırılması  üçün  onun  gördüyü  işdir.  Sullanın  Şərq 
müharibələrindəki  mədəniyyət  nöqteyi-nəzərindən  ən  böyük  qələbələrindən  biri, 
Aristotelin  böyük  əsərlərinin  başlıca  hissəsini,  m.ə.  84-cü  ildə  Şərq  kampaniyası 
vaxtı ələ keçirib Romaya gətirməsi və olduğu kimi onların Romada nəşr edilməsidir. 
Aristotelin əsərləri, onun 322-ci ildəki Xalkisdəki ölümündən sonra, tələbəsi Feofrast 
tərəfindən  götürülmüşdü  və  iki  əsrdən  artıq  bir  müddətdə  Kiçik  Asiyada  bir 
zirzəmidə  demək  olar  ki,  atılmış  şəkildə  qalmışdı.  Sullanın  bu  incilərə  göstərdiyi 
diqqət, Orta əsrlərdə Avropada "yeganə" filosof adlanan bir mütəfəkkirin əsərlərinin 
yenidən  işıq  üzü  görməsinə  və  dünya  mədəniyyəti  xəzinəsinə  daxil  olmasına  səbəb 
oldu.  
Hakimiyyəti  zorla,  silah  gücünə  ələ  keçirən  Sulla  həm  də  Müttəfiqlər 
müharibəsi  nəticəsində  ciddi  surətdə  pozulmuş  iqtisadiyyat  problemləri  ilə  üzləşdi, 
bundan əlavə kəskinləşmiş aqrar məsələləri həll etmək lazım idi. Sulla diktaturasının 
bütün  eybəcərlikləri  ilə  yanaşı  Sulla  aqrar  məsələni  öz  veteranlarına  torpaq  sahələri 
verməklə müəyyən qədər həll etdi. Bundan başqa o, apardığı terrorun tərkibində öz 
əleyhdarlarının  torpaqlarını  müsadirə  etdi.  Sulla  senatın  hakimiyyətini 
möhkəmləndirdi,  onun  üzvlərinin  sayını  600-ə  çatdırdı,  xalq  yığıncaqlarının 
səlahiyyətini  məhdudlaşdırdı.  Məhkəmə  hakimiyyətinin  islahatını  keçirdi,  atlıların 
məhkəmə  komissiyalarının  özbaşınalığına  son  qoydu.  Lakin  bütün  bunlar  Sullanın 
adı ilə bağlı olan qaranlıq illərin rəngini dəyişdirə bilməz.  
Sulla  ilk  dəfə  olaraq  Roma  tarixində  dövlət  terrorundan  istifadə  etməyə 
başladı. Onun diktaturası dövründə axıdılan qanlar çayı ilə  müqayisədə çar Məğrur 
Tarkvini  dövründəki  haqsızlıqlar  və  onların  qurbanları  sısqa  bulağı  andırır.  Sulla 
respublika  quruluşuna  elə  bir  zərbə  vurdu  ki,  bu  artıq  kökündən  laxlayan  ağacı 
sonralar  çıxarıb  atmaq  o  qədər  də  çətin  olmayacaqdı.  Tarixçilər  Plutarx  və  Appian 
Roma tarixinin bu qanlı fəsili barədə geniş məlumat verirlər.  
Sulla  Roma  tarixində  ən  eybəcər  despotiya  nümayiş  etdirdi,  hətta  Roma 
çarlıqları dövründə də belə azğınlıq və qəddarlıq baş verməmişdi. Bir çox tarixçilər 
isə  Sullanı  ilk  Roma  imperatoru  hesab  etməklə,  əslində  səhv  etmirlər.  Tiberi, 
Kaliqula,  Neron,  Domitsian  qəddarlığına  və  qaniçiciliyinə,  Məğrur  Tarkvini 
cığırından sonra iri və geniş yolu məhz Sulla açmışdı. Sulla lənətinə gəlmiş Roma bu 
ağır xəstəlikdən sonralar bir neçə dəfə əziyyət çəkməli oldu.  

 
95 
QULLAR PROBLEMİ VƏ QUL ÜSYANLARI 
 
Romada  vətəndaş  müharibəsində  qullar  da  iştirak  edirdilər,  onlar  əvvəlcə 
Tsinnanın  yanına  qaçmışdılar  və  mükafat  kimi  onun  tərəfindən  qətlə  yetirildilər. 
Sonra isə Sulla ağaları öldürülmüş qulları azad edib, onları Roma komitsiasına daxil 
etdi və bunların sayı on min nəfərə bərabər idi. Bu ərəfədə Romada baş verən siyasi 
və  sosial  sarsıntıların  heç  biri  qulların  iştirakı  olmadan  keçmirdi  və  bu  hadisələr 
qulları  siyasi  və  ictimai  həyatda  müstəqil  olmasa  da,  nəzərə  alınmalı  olan  qüvvəyə 
çevirirdi.  
Romada  da,  qədim  yunan  polislərində  olduğu  kimi,  qullar  əvvəlcə  yerli 
əhalidən də olurdusa, getdikcə belə bir əqidə yaranmağa başladı ki, yerli əhali qul ola 
bilməz.  Qullar  yalnız  yadellilərdən,  mübaribədə  götürülmüş  əsirlərdən  olurdu. 
Romada  da  Yunanıstanda  olduğu  kimi  kasıb  adamlar  əvvəllər  icarə  haqqını  ödəyə 
bilmədikdə,  vaxtında  aldığı  borcu  qaytara  bilmədikdə,  borca  görə  qul  vəziyyətinə 
düşürdü.  Aristotelə  görə  quldarlıq  həyatın  və  insanın  tələbatından  irəli  gəlirdi. 
Filosofun nəzəriyyəsinə görə azad adamların fiziki bədən quruluşu da, qulların fiziki 
qüvvələrindən  fərqlənirdi.  Qulların  bədəni  güclü  olub,  ağır  fiziki  işi  görməyə  qadir 
idi. Buradan belə bir nəticə çıxırdı ki, insanların bir hissəsi öz təbiətinə görə azaddır, 
digər  hissəsi  isə  quldur  və  axırıncılara  qul  olmaq,  onlar  üçün  həm  faydalı,  həm  də 
ədalətlidir. Qul quldarın tam hakimiyyətində olub, onun mülkiyyəti idi, quldara onun 
iş vaxtı, onun bütün həyatı məxsus idi. Akvililər qanununa görə qullar mal-qara kimi 
dördayaqlılara bərabər tutulurdu.  
Öz  hakimiyyətlərində  heç  bir  nəzarət  hiss  etmədiyindən,  qul  sahibi  qulu 
acından öldürə bilərdi, öldürməyə qədər ona hər bir cəzanı verə bilərdi. Lakin qulun 
alınmasına  pul  sərf  edildiyindən,  onu  öldürmək  və  ac  qoymaq  ağılsız  iş  olub,  öz 
əmlakını  məhv  etmək  demək  idi.  Qulun  yaxşı  işləməsi  üçün  onu  yaxşı  yedirtmək, 
geyindirmək  və  yaşadığı  yerdə  soyuqdan  qorumaq  lazım  idi.  Sonradan  Afinada 
olduğu kimi, Romada səbəbsiz olaraq qulun öldürülməsi qadağan edildi. Qul sahibi 
öz işçi və məhsuldar mal-qarasına baxdığı kimi, qullara da belə qayğı göstərirdi. Ona 
görə  də  onun  vəziyyəti  yarım  adam  kimi  hesab  oluna  bilərdi.  İş  alətlərini  təsnifata 
böldükdə,  çox  vaxt  qul  danışan  əmək  aləti  adlanırdı.  Belə  vəziyyət  quldarla  qul 
arasında antoqonizm yaratmaya bilməzdi və belə bir əhval-ruhiyyə hakim kəsilmişdi 
ki,  qul  öz  ağasının  potensial  düşmənidir.  Qulun  birinci  istehsalçısı  müharibələr  idi, 
əsirlərin hamısı ya qul edilir, ya da qul kimi satılırdı. Bundan başqa dəniz quldurları 
bazara çoxlu qul çıxarırdı. Qulların özünün təbii artımı da qulların sayının artmasında 
az  rol  oynamırdı.  Romada  kənd  təsərrüfatında,  malikanələrdə  əsas  işçi  qüvvəsi 
qullardan ibarət idi.  
Artıq m.ə. IV əsrdə yerli əhalidən qul götürülməsi imkanı xeyli məhdudlaşdı. 
326-cı  ildə  qəbul  edilən  Peteli  qanunu  ilə  borcdan  ötəri  adamların  qul  olmağa 
satılması qadağan edildi. Buna qədər isə borc qanunu borc verənlərin - kreditorların 
mənafeyini  müdafiə  edir,  onları  himayə  edirdi  və  adamlar  arasında  dəhşətli  qanun 
kimi tanınırdı. Adamların azadlığı, hətta həyatı kreditorlardan asılı idi. Valideynlərin 
bədbəxtliyinə  görə  uşaqlar  çox  hallarda  qul  olurdu.  Borclu  həbs  edilirdi,  kreditora 
işləyirdi. Sonralar vəziyyət dəyişdi. Aralıq dənizi sahillərində apardığı demək olar ki, 
fasiləsiz  müharibələr  Romaya  o  qədər  qul  verirdi  ki,  öz  vətəndaşlarını  qul  etməyə 

 
96 
ehtiyac  da  qalmırdı.  Döyüşlər  bir  qayda  olaraq  sayı  on  minlərlə,  hətta  yüz  minlərlə 
ölçülən qul verirdi. Üçüncü Puniya müharibəsindən sonra iri şəhər olan Karfagenin 
bütün  sağ qalan  əhalisi  qul  kimi  satılmışdı.  Bundan  başqa  qul  ticarəti  bazarı  da  heç 
vaxt boş qalmırdı. Bura qul gətirənlər əsasən dəniz quldurları idi və burada qulların 
qiyməti  tez-tez  dəyişirdi.  Xüsusən  iri  işğallar  vaxtı  qulların  qiyməti  xeyli  aşağı 
düşürdü.  
Qullara  eyni  sosial  vəziyyətdə  olan  kütlə  kimi  baxmaq  da  düzgün  deyildir. 
Romada qul əməyindən istifadə çox müxtəlif olduğundan, onların sosial vəziyyəti də 
bir-birindən kəskin surətdə fərqlənirdi. Burada dövlət qulları var idi, onlar bir qayda 
olaraq  magistratlarda,  kahinlərin  yanında  xidmət  edirdilər.  Bundan  başqa  azad 
adamlara  və  vətəndaşlıq  üçün  layiq  görülməyən  işləri  icra  edirdilər  -  dustaqxana 
nəzarətçiləri və cəlladlar qullardan olurdu. Lakin dövlət qullarının sayı xeyli az idi, 
qullar əsasən özəl mülkiyyətdə saxlanırdı. Lakin bu qulların da hamısı təsəvvürlərdə 
yaranmış klassik obraza uyğun gəlmirdi. Kənd ailələri və şəhər ailələri arasında ciddi 
fərqlər var idi. Kənd ailələrinə kənd təsərrüfatı istehsalında işləyən qullar daxil idi və 
onlar amansız surətdə istismar edilirdi. Şəhər ailəsində olan qullar isə əsasən savadlı, 
ixtisaslı adamlar və ya ev qulluqçuları olduğundan, başqa qullara nisbətən müqayisə 
edildikdə xeyli yüngül şəraitdə yaşayıb, işləyirdilər. Romada mənşəcə Yunanıstandan 
olan qul ziyalı silki mövcud idi, onlar ellinist mədəniyyətinin və savadın daşıyıcıları 
idi.  Onlar  əsasən  mədəniyyət  sahəsində  fəaliyyət  göstərir,  elmi  və  pedaqoji 
fəaliyyətlə  məşğul  olurdular.  Onlar  əsasən  aktyorlar,  pedaqoqlar,  ritorlar, 
qrammatiklər,  ədiblər  idi.  Azad  romalı  aktyor  işləməyi  özünə  təhqir  hesab  edir, 
sıxışdırılırdı.  Bu  peşə  sahibləri  qullar,  yuxarıda  deyildiyi  kimi  əsasən  yunanlar  idi. 
Romada həkimlər də əsasən əcnəbilər idi və Böyük Katon həkimliyi iyrəndirici sənət 
hesab edirdi. I əsrdə artıq savadlı qullar hər bir məşhur Roma ailəsində mövcud idi. 
Bundan  başqa  qullar  məktub  yazanlar,  qiraət  edənlər,  kitabxanaçılar,  stenoqrafçılar 
və  natiqlər  idi.  Hətta,  Plutarxın  yazdığına  görə  bir  varlı  romalı  qonaqlarını  qəbul 
edəndə,  öz  savadlı  qulunu  gizlədir  və  bu  qul  ağasına  söhbəti  savadlı  aparmaqda, 
sonrakı  teatr  suflyorları  kimi  kömək  edirmiş.  Roma  mədəniyyətinin  təşəkkül 
tapmasında onlar çox samballı töhfə vermişlər.  
Ziyalılar Romada xüsusi təbəqə təşkil edirdi, buraya qul olmaqdan azad olmuş 
adamlar -  libertinlər də daxil idi. I  əsrin görkəmli təmsilçi şairi Fedr (m.ə. 15  - b.e. 
50-ci  illəri)  mənşə  etibarilə  Makedoniyalı  olan  qul  olmaqla,  imperator  Avqustun 
dövründə  azadlığa  buraxılmışdı.  Respublikanın  son  onilliklərində  qul  ziyalılar 
xüsusən çoxluq təşkil edirdi.  
Şəhər qullarının kənd qullarından ciddi və üstün bir fərqi ondan ibarət idi ki, 
onlar  əmlak  barədə  də  müəyyən  asılılıqda  olsalar  da,  imtiyazlara  malik  idilər.  Bu 
imtiyazlardan biri onlara pekuli verilməsi idi. Pekuli əmlakın elə bir növü idi ki, qula 
sərbəst  təsərrüfatını  aparmaq  üçün  ayrılırdı.  Düzdür,  bu  hüquqi  cəhətdən  qul 
sahibinin mülkiyyəti hesab olunurdu. Lakin qulun təsərrüfat fəaliyyəti üçün müəyyən 
imkanlar  açırdı.  Əlbəttə  bu  qədim  İudeyadakı  "İkinci  qanunda"  nəzərdə  tutulan 
şərtlərlə  müqayisədə  nə  qədər  az  görünsə  də,  qul  üçün  böyük  bir  şey  idi.  Qədim 
yəhudilərin qaydalarına görə, nökər altı il işlədikdən sonra hökmən azad edilməli idi 
və  onun  ağası  azad  olunduqda  ona  öz  mal-qarasından,  öz  taxılından  və  şərabından 
verməli  idi  ki,  o,  özünə  ailə  qura  bilsin,  təsərrüfat  yarada  bilsin.  Qul  özü  getmək 

 
97 
istəmədikdə  o,  ömürlük  nökər  olurdu.  Yəhudilər  bunu  ona  görə  edirdilər  ki,  özləri 
Misirdə  qul  olmuşdular  və  Allah  onları  qul  olmaqdan  azad  etmiş,  onları  öz 
vətənlərinə getmələri üçün Moiseyi onlara rəhbər təyin etmiş və hər cür sınaqlara və 
əzablara baxmayaraq Xanaana çatdırmışdır. 40 illik yol keçən yəhudilər əbədi olaraq 
qul olmaqdan azad edilmişdilər.  
Roma qulu pekuli şəklində ağasından emalatxana, dükan, torpaq sahəsi, əmək 
alətləri, hətta vikari-qul ala bilərdi. Bu yolla qullardan iş adamları, tacirlər yaranırdı 
və  varlandıqdan  sonra  onlar  müəyyən  məbləğ  hesabına  azadlığa  çıxırdılar.  Qul 
ziyalıları da və xüsusi peşə sahibi olan qullar - məsələn, mahir aşbazlar, zərgərlər öz 
imtiyazları ilə pekuli alanlar dəstəsinə daxil olurdu. Əlbəttə, onlar sosial təbəqə kimi 
qul  olaraq  qalırdılar,  lakin  mahiyyətcə  digər  qullardan  kəskin  surətdə  fərqlənirdilər. 
İstehsal  artdıqca  bu  qulların  özü  istismarçılara  çevrilirdi.  Digər  tərəfdən  azadlığa 
buraxılmış  qulların  da  bəziləri  yalnız  öz  zümrələrini  dəyişirdilər,  əslində  sinfi 
mənsubiyyətlərini dəyişmirdilər.  
Quldarlıq öz qəddar təbiətini də saxlamaqda çətinlik çəkirdi. Getdikcə qullara 
əmək aləti və ya iş heyvanı kimi baxmaq qul sahiblərinə nifrəti artırdığından, onlar 
özləri  də  nisbətən  yumşaq  münasibət  formalarına  keçməyə  məcbur  olurdular.  Əgər 
əvvəllər torpaq sahibləri böyük qul dəstəsi satın alıb, bəzilərini qandala salırdılarsa, 
digərlərini  ağır  zəhmətlə  cana  doydurur  və  hamısına  damğa  vururdularsa,  sonralar 
qula  yalnız  xətalarına  görə  damğa  vurulub,  onlar  qandala  salına  bilərdi.  Səbəb 
olmadan qullara damğa vurulması ağa tərəfindən qəddarlıq hesab olunurdu.  
Bunlar  bütünlükdə  iri  qul  kütləsinin  olduqca  ağır  həyatını  yaxşılaşdırmaq, 
onların  istismarını  azaltmaq  iqtidarında  deyildi.  M.ə.  II  əsrdə  romalıların  zəfərli 
müharibələri  ona  çox  böyük  miqdarda  qul  qazandırmışdı,  bu  qulların  insafsız 
istismarı isə qulların hiddətinə səbəb olmaya bilməzdi. Ona görə də Roma dövlətinin 
ayrı-ayrı  yerlərində  qulların  narazılığı  üsyan  səviyyəsinə  gəlib  çatırdı.  Ayrı-ayrı 
tarixçilər  bu  barədə  məlumat  verirlər.  Tit  Livinin  yazdığına  görə,  198-ci  ildə 
Latsiumda  qulların  qəsdi  xəyanət  nəticəsində  açıldıqda,  500  nəfərə  qədər  qul  edam 
edildi.  185-ci  ildə  Apulidə  çoban  qulların  üsyanı  yatırıldıqda,  7  min  adam  ölüm 
cəzasına məhkum edildi. Lakin bu çıxışlar epizodik xarakter daşıyır, onların qarşısı 
vaxtında və qəddarlıqla alınırdı.  
Qədim  tarixçilərin  özünün  adlandırdığı  kimi,  ilk  böyük  qul  müharibəsi 
İtaliyanın taxıl anbarı hesab edilən Siciliyada baş verdi. Bu adanın digər bir mühüm 
fərqi  də  ondan  ibarət  idi  ki,  Siciliya  klassik  quldarlıq  dövləti  idi.  Burada  qulların 
sayı-hesabı yox idi. Siciliyadakı üsyan 138-ci ildə başlayıb 132-ci ildə başa çatdı. İlk 
partlayış  bir  iri  qul  sahibinin  malikanəsində  baş  verdi.  Bu  qul  sahibi  öz  qulları  ilə 
olduqca  qəddarcasına  davranırdı.  Üsyan  edənlərə  qonşu  təsərrüfatların  qulları  da 
qoşuldu. Sonra 400 nəfərdən ibarət dəstə Enna şəhərinə hücum etdi və şəhəri tutdu. 
Bundan  sonra  qulların  hərəkatı  kütləvi  xarakter  aldı.  Bu  hərəkatın  başında  yaxşı 
təşkilatçılıq qabiliyyətinə malik olan suriyalı qul Yevn dururdu. O, özünü Antiox adı 
altında  çar  elan  etdi.  Hərəkatda  suriyalıların  daha  çox  sayda  iştirak  etdiyini  nəzərə 
alaraq, çarlıq Yeni Suriya çarlığı adlandırıldı.  
Tezliklə  Siciliyanın  cənubi-qərbində  üsyanın  yeni  ocağı  yarandı.  Burada  isə 
rəhbər-keçmiş Kilikiya çobanı və dəniz qulduru Kleon oldu və o, Yevnin rəhbərliyini 
öz  təşəbbüsülə  qəbul  etdi.  Yevn  isə  Enna  şəhərində  xalq  yığıncağı  çağırdı  və  əsir 

 
98 
götürülmüş  şəhərliləri,  silah  ustaları  istisna  olmaqla,  edam  etdirdi.  Silah  ustaları 
qandalda saxlanılaraq, silah istehsalı ilə məşğul olurdu. Öz keçmiş sahiblərini isə o, 
öz əli ilə öldürdü. Suriyalı məşuqəsini isə çariça elan etdi. Qısa müddət ərzində onlar 
6 minə qədər qulu silahlandıra bildilər. Bundan başqa Yevn şura təşkil etdi və buraya 
ən  ağıllı  adamları  cəlb  etdi.  Qiyam  bir  ay  idi  ki,  davam  edirdi.  Artıq  qiyamçıların 
sayı 30 min nəfərə çatmışdı və onlar romalıların 8 min nəfərlik qoşununu darmadağın 
etdilər.  Tarixçi  Diodorun  yazdığına  görə,  tezliklə  qiyamçıların  sayı  200  min  nəfərə 
çatdı  və  onlar  romalılar  üzərindəki  qələbələrinin  sayını  artırdılar.  Onlar  şəhərləri 
əhalisi  ilə  birlikdə  tuturdular.  Roma  konsulu  Rupili  bir  şəhəri  tutduqdan  sonra 
Ennaya  doğru  hərəkət  etdi.  Qulların  komandanı  Kleon  şəhərdən  çıxıb,  ona  hücum 
etmək istədikdə, həlak oldu. Romalılar öz yerinə görə qalanı andıran şəhəri tuta bildi. 
Yevn  öz  mühafizəçiləri  ilə  gizlənməyə  məcbur  oldu.  Sonra  onu  bir  mağarada 
tutdular.  
Əlbəttə,  qul  üsyanı  Siciliya  üçün  böyük  bədbəxtliyə  səbəb  oldu.  Qullar  öz 
ağalarını  məhv  etməklə  məşğul  olmağa  başladılar.  Əvvəlcə  qullar  adamları  açıq 
yerdə  qətlə  yetirirdilər,  əmlakını  isə  müsadirə  edirdilər.  Bütün  ada  zorakılıqla, 
soyğunçuluq və qətllərlə dolmuşdu.  
104-cü ildə kimvrlərlə müharibə gedəndə, Siciliyadakı yeni qul üsyanı barədə 
Romaya xəbər gəldi. İtaliyadakı başqa bir üsyana isə Roma atlısının oğlu Tit Munitsi 
başçılıq edirdi. O, gözəl qul qıza evlənmiş, lakin onun sahibinə verilməli haqqı ödəyə 
bilməmişdi.  O  da  özünü  çar  elan  etdi.  Məşuqəsinin  keçmiş  sahibinin  boynunu 
vurdurdu.  Romalılarla  ilk  toqquşmada  qullar  qalib  gəldi.  Bundan  sonra  sərkərdə 
Lukull qulları xəyanətə sövq etdi və qiyam yatırıldı.  
Siciliya üsyanı isə kimvrlərə Mari müharibə apardıqda, burada senatın qərarına 
əsasən  çoxlu  qulların,  azad  edilməsi  gözlənilən  vaxt,  adanın  əyanlarının  təkidi  ilə 
bunu  etməli  olan  pretorun  öz  qərarını  ləğv  etməsi  və  yenidən  qulların  öz  ağalarının 
yanına göndərilməsi ilə başlandı.  
Qullar bu vaxt qiyam qaldırmağı qərara aldılar. Onların başında Vari dururdu. 
Gecə  onlar  öz  ağalarını  öldürüb,  digər  malikanələrə  keçdilər.  Qısa  müddət  ərzində 
qiyamda iştirak edənlərin sayı 6 min nəfərə çatdı. Salvi adlı qul Trifon adı altında çar 
elan  edildi.  Roma  pretoru  onların  düşərgəsinə  hücum  etdi  və  çoxlu  adam  öldürdü. 
Salvi  başqa  şəhərlərə  yürüşlər  edirdi.  Roma  senatı  ona  qarşı  Lukullun  başçılığı 
altında böyük ordu göndərdi. Romalılar qullara qalib gəldilər. Ruhdan düşən qullar 
öz  ağalarının  yanına  qayıtmaq  istədi,  lakin  yenə  müqavimət  göstərməyi  qərara 
aldılar. Trifon öldükdən sonra onun yerini tutan Afinion şəhərləri mühasirəyə alırdı, 
adanı viranə qoymağa başladı, çoxlu şəhərlər tutdu. Lukull və onun vəzifəsini qəbul 
edən  Qay  Servili  qullara  qarşı  heç  nə  edə  bilmirdilər.  Sonrakı  il  Mari  ilə  birlikdə 
konsul  olan  Qay  Atsili  qiyamçılar  üzərində  qələbə  çaldı  və  çar  Afinionun  özünü 
öldürdü.  Axırda  ona  könüllü  təslim  olan  dəstəni  isə  o,  cəzalandırmadı,  Romaya 
aparıb, onları qladiator etdi.  
Qulların  azadlıq  hərəkatında  74-71-ci  illərdə  davam  edən  Spartak  üsyanı 
xüsusi  yer  tutur.  Spartak  və  onun  köməkçiləri  yaxşı  təşkil  edilmiş  ordu  yaratdı,  bu 
ordunun tərkibi 70 min nəfər, başqa mənbələrə görə 120 min nəfər quldan ibarət idi.  
Qul ordusu bütünlüklə Roma ordusu nümunəsi əsasında yaradılmışdı, ordunun 
silahla  təchizatı  təşkil  edilmiş  və  yaxşı  süvari  dəstəsi  yaradılmışdı.  Ona  görə  də 

 
99 
Spartak ordusu Roma legionlarına asanlıqla qalib gəlirdi. Roma tarixçiləri bir qayda 
olaraq  Spartak  haqqında  ehtiramla  yazır,  onun  yüksək  insani  və  sərkərdə 
keyfiyyətlərini  qeyd  edirdilər.  Romanın  nəcib  imperatorlarından  biri  olan  Mark 
Avrelinin  tərbiyəçisi  və  imperator  sarayına  yaxşı  bələd  olan  Mark  Korneli  Frontin 
özünün "Tarixin əsasları" kitabında yazırdı ki, müharibə işlərində Spartak da, Viriat 
da  böyük  fərasət  göstərmişdilər,  dinc  quruculuqda  isə  heç  kəs,  həm  də  xalq 
məhəbbətinə nail olmaqda nəcib imperator Trayanla müqayisə oluna bilməz.  
Spartak  üsyanı  yatırılsa  da  Roma  tarixində  dərin  iz  qoydu  və  respublika 
quruluşunun  süqutunda  və  Roma  imperiyasının  yaradılmasında  mühüm  rol  oynadı. 
Ona  görə  də  bu  üsyanın  müasirlərinin  onu  "qul  müharibəsi"  adlandırması  təsadüfi 
deyildi.  
Kapuya  şəhərində,  bu  şəhər  bizə  Hannibalın  İtaliyada  apardığı  müharibə 
dövründən tanışdır, Lentul Batiata məxsus olan qladiator məktəbində qladiator qullar 
qəsd hazırlamışdılar və bu qəsddə 200 nəfər iştirak edirdi. Qəsdin üstü açıldıqda 78 
nəfərə qaçmaq müəyəssər oldu. Onlar Vezuvi dağında özlərinə dayaq yeri düzəltdilər 
və üç rəhbər seçdilər, bunlar Spartak, Kriks və Enomay idi. Spartak Frakiyadan olub, 
əvvəllər  Roma  ordusunda  xidmət  etmiş,  qaçdıqdan  sonra  tutularaq  qladiator 
olmuşdu.  İgidliyinə  görə  azadlıq  alıb,  Batiatın  qladiator  məktəbində  qılınc  döyüşü 
müəllimi  işləyirdi.  O,  çox  istedadlı  və  fərasətli  adam  idi,  daha  çox  savadlı  ellinə 
bənzəyirdi.  
Əvvəlcə Romada qulların qəsdinə və qaçmasına elə bir əhəmiyyət vermədilər. 
Bu vaxt Romanın başı Mitridatla yeni, üçüncü müharibəyə qatışmışdı. Sulladan sonra 
indi  orduya  Lukull  başçılıq  edirdi.  Spartakın  isə  qüvvələri  sürətlə  artırdı,  indi  ona 
digər  qladiatorlar,  qullar,  müflisləşmiş  kəndlilər  qoşulurdu.  Bir  qədər  sonra  onun 
artıq qoşunu var idi. Bu vaxt üsyançıların üzərinə Varini Qlabr göndərildi. Spartakın 
dəstəsi  Vezuvinin  üstündə  olanda  romalılar  dağdan  enmə  yolunu  tutmuşdular. 
Burada  Spartakın  hərbi  dühası  sınaqdan  çıxdı.  Onun  göstərişi  ilə  əsgərlər  söyüd 
çubuqlarından asma nərdivan hörüb, onun köməyi ilə gecə düşmənin arxasına düşə 
bildilər.  Roma  ordusu  məhv  edildi,  bir  az  sonra  o,  digər  pretor  Varininin  ordusunu 
məğlub edib, onun özünü isə əsir götürdü.  
Artıq  Spartakın  yanına  Roma  ordusundan  qaçan  əsgərlər  də  gəlirdi.  Az  müddətdə 
Cənubi İtaliyanı bütünlüklə üsyan bürüdü. İtaliya ilə hərəkət edən üsyançı qullar hər 
yeri  viranə  qoyurdu.  Spartak  bunun  təhlükəsini  başa  düşürdü,  lakin  bir  şey  edə 
bilmirdi. Lentull böyük qoşun hissəsi ilə Spartakı mühasirəyə aldıqda, Spartak onun 
leqatlarını  da  darmadağın  etdi.  Bundan  sonra  o,  Kassini  Şimali  İtaliyada  Mutina 
şəhəri  yanında  məğlubiyyətə  uğratdı.  Lakin  bu  döyüşdən  bir  qədər  əvvəl  Spartakın 
hərəkatında fikir ayrılığı yaranmışdı. Bunu yaradan mümkün səbəblərdən biri, onun 
ordusunun  müxtəlif  tayfalardan  -  frakiyalılardan,  qallardan,  yunanlardan, 
germanlardan  ibarət  olması  idi.  Bu  fikir  ayrılığı  ordunun  parçalanmasına  səbəb 
olmuşdu.  Üsyan  edənlərin  bir  hissəsi  Spartakın  başçılığı  altında  İtaliyanın  şimalına 
doğru  hərəkət  etdi  ki,  Alp  dağlarını  keçib,  öz  vətənləri  Qalliya  və  Frakiyaya 
yollansınlar. Onlar çoxluq təşkil edirdilər.  
Kriksin  və  Enomayın  nisbətən  kiçik  dəstəsi  onlardan  ayrılıb,  varlı  İtaliyada 
qalmağı qərara aldı. Onların fikrindən hətta Romaya yürüş etmək də keçirdi. Bir az 
sonra  döyüşdə  Kriks  həlak  oldu.  Spartak  isə  şimali  İtaliyaya  doğru  irəliləməsini 

 
100 
davam  etdirirdi  və  romalılar  üzərində  bir  neçə  parlaq  qələbə  qazandı.  Yəqin  ki,  bu 
qələbələr  onun  başını  gicəlləndirdi  və  nəticədə  Spartak  öz  əvvəlki  planından  - 
İtaliyanı tərk etmək niyyətindən əl çəkdi. Mutinadakı qələbədən sonra onun bu planı 
baş tuta bilərdi və Alpı keçmək üçün təbii maneələrdən başqa heç bir çətinlik yox idi. 
Lakin gözlənilmədən o, ordusunu geri, İtaliyaya qaytardı.  
Onun  ordusunun  tərkibi  artıq  120  min  nəfərə  çatmışdı.  Orduda  ciddi  qayda 
yaradılmışdı, hərbi qənimət əsgərlər arasında bərabər qaydada bölünürdü. Spartak öz 
düşərgəsində  kiminsə  qızıl  və  gümüşə  malik  olmasını  qadağan  etmişdi.  Spartak 
Mərkəzi  İtaliyada  bir  qələbə  qazandıqdan  sonra  Romada  həqiqi  panika  başlandı. 
Bunu  Hannibalın  Romaya  yaxınlaşması  və  ya  Sullanın  şəhərə  daxil  olması 
vaxtındakı  vəziyyətlə  müqayisə  etmək  olardı.  Qorxuya  düşən  senat  ən  fövqəladə 
səlahiyyətlərlə Mark Litsini Krassı altı legionla birlikdə onun üzərinə göndərdi.  
Krass  təkcə  tanınmış  sərkərdə  deyil,  həm  də  Romanın  ən  varlı  adamlarından 
biri  hesab  olunurdu.  Romada  yanğınlar  baş  verəndə,  bu  fəlakətdən  ziyan  dəymiş 
evləri çox ucuz qiymətə alır, sonra isə onları bir qədər təmir edib, çox baha qiymətə 
satmaqla, böyük sərvət əldə etmişdi.  
Krassın  əməliyyata  göndərdiyi  dəstələr  qul  ordusu  tərəfindən  darmadağın 
edilmişdi.  Ona  görə  də  Krassa  fövqəladə  tədbirlər  həyata  keçirmək  lazım  gəldi.  O, 
qədim  və  qəddar  cəza  tədbiri  olan  detsimatsiyalardan  istifadə  etməyə  başladı.  Bu 
vəhşi  qaydaya  görə,  günahından  asılı  olmayaraq  əsgərlər  sıraya  düzülür  və  hər 
onuncu adam edam edilirdi. Krass da, sırada bədbəxtlikdən onuncu yeri tutanları öz 
yoldaşlarının gözü qarşısında vəhşicəsinə cəzalandırırdı. Lakin cəzalandırma siyasəti 
də  Krassa  elə  bir  uğur  gətirmədi  və  vəziyyətin  ağırlığını  görən  komandan,  məşhur 
sərkərdələr olan Lukull və Pompeyin ona köməyə göndərilməsini xahiş etdi.  
Bu vaxt Spartakda yenə  əvvəlki fikir yaranmışdı - necə olursa-olsun İtaliyanı 
tərk  etmək.  Lakin  əvvəlcə  bu  məqsədi  həyata  keçirmək  üçün  o,  şimal  yolunu 
seçmişdisə və bu  məqsədə çatmağa tam yaxınlaşmışdısa,  çünki Alp dağları deyilən 
qapını açıb İtaliyanı o vaxt tərk etmək olardı, bu dəfə isə İtaliyanın cənubuna çatıb, 
oradan gəmilərlə Siciliyaya, oradan da başqa istiqamətlərə getmək istədi.  
Siciliyada o, əlavə kömək də ala bilərdi, axı bu ada qul üsyanları ölkəsi hesab 
olunurdu.  Lakin  Siciliyaya  üzmək  baş  tutmadı.  Kilikiya  dəniz  quldurları  qızılla 
böyük haqq ödəmək əvəzində ona yüzlərlə gəmi verməyi və Brundiziya limanından 
ordunu  Siciliyaya  daşımağı  vəd  etmişdilər.  Ancaq  onlar  həmin  vədi  yerinə  yetirə 
bilmədilər, əslində, heç Spartak da Brundiziyaya gəlib çıxa bilmədi. Onun vəziyyəti 
olduqca  ağırlaşmışdı,  ona  böyük  ordu  ilə  yaxınlaşan  Krass  yarımadanın  cənub 
çıxıntısında  onun  çıxış  yollarını  bağlamaq  istəyirdi.  Bu  məqsədlə  Krass  yəqin  ki, 
Makedoniyalı  Aleksandrın  təcrübəsindən  istifadə  edərək,  ağlasığmaz  bir  tədbir 
həyata  keçirdi  -  dənizdən  dənizə  qədər  uzanan  bütün  keçid  boyu  dərin  xəndək 
qazdırdı.  
Spartak  ordusu  əslində  xırda  bir  ərazidə  qalmaqla,  onların  İtaliyanın  digər 
əraziləri ilə əlaqəsi nəinki kəsildi, hətta hər cür çıxış yolundan məhrum oldu. Burada 
yenə Spartakın hərbi istedadı və zəkası köməyə gəldi. Bir qaranlıq və qasırğalı gecə 
xəndəyin  bir  hissəsini  at  cəsədləri  və  həlak  olmuş  romalıların  meyidləri  ilə 
dolduraraq,  o,  Brundiziyaya  tərəf  yollandı  ki,  oradan  bu  dəfə  Balkan  yarımadasına 
keçmək  asan  olsun.  Bu  limanı  Balkandan  -  Adriatik  dənizi  ayırırdı.  Belə  bir 

 
101 
məsuliyyətli və taleyüklü anda üsyançılar arasında yenə fikir ayrılığı meydana gəldi. 
Ordudan  iri  bir  dəstə  ayrıldı.  Ancaq  bu  ayrılan  dəstəyə  də  Kriks  və  Enomayın 
dəstəsinin taleyi qismət oldu və romalılar tərəfindən tezliklə darmadağın edildi.  
Belə  bir  vaxtda  Spartak  həlledici  döyüşü  gözləyirdi.  Krassa  köməyə  Roma 
senatı Lukullu və Pompeyi göndərdi. Belə köməyin yaxınlaşmasını hiss edən Krass 
qələbənin başqasının əlinə keçməsinə yol verməmək üçün vuruşa hazırlaşdı və bunu 
sürətləndirməyi  qərara  aldı.  Spartakın  ordusunun  parçalanmasından  sonra,  Krass 
hətta  senatdan  kömək  istəməyinə  də  peşiman  olmuşdu.  Lakin  döyüşün  tez 
başlanmasında,  qəribə  görünsə  də,  Spartak  da  maraqlı  idi,  çünki  romalıların  əlavə 
qüvvələri  gəlib  çatsa,  o,  bütünlüklə  qısqac  arasında  qalacaqdı.  Bu  halda  ona  heç 
allahların  da  dəstəyi  bir  kömək  edə  bilməzdi  və  o,  labüd  olaraq  qaçılmaz 
məğlubiyyətlə  üzləşməli  idi.  Əslində,  təklikdə  də  onun  şansları  elə  ümidverici 
deyildi. Orduların say tərkibi arasında böyük fərq var idi. Digər tərəfdən əvvəlcədən 
aydın  məqsədin  və  vahid  planın  olmaması  üç  ilə  qədər  uzanan  müharibəni,  bütün 
qələbələrə  baxmayaraq,  məqsəd  nöqteyi-nəzərindən  bəhrəsiz  etmişdi.  Şimaldan 
ölkəni  tərk  etməklə  qurtulmaq  imkanı  yarananda,  bu  niyyət  alt-üst  olmuş,  indi  isə 
Spartak  ordusu  özünün  iradəsindən  və  istəyindən  asılı  olmayaraq,  qurulmuş  tələyə 
salınmışdı.  Qədimdən  hindlilər  benqal  pələngini  ovlamaq  üçün  nisbətən  asan,  ən 
başlıcası isə təhlükəsiz vasitə icad etmişdilər. Onlar pələngin yolunun üstündə iri çala 
qazır,  onun  üstünü  yaşıl  yarpaqla,  budaqlarla  örtürdülər  və  heç  nə  hiss  etməyən 
pələng  su  içməyə  yollanarkən,  bu  çalaya  düşür  və  öz  fiziki  üstünlüklərinin  heç 
birindən  istifadə  edə  bilmədiyinə  görə,  özünün  son  məskənini  ovçuların  torunda 
tapırdı.  İndi  Spartak  da  güclü  pələng  kimi  belə  çalaya  düşdüyündən  öz  əvvəlki 
üstünlüyünün xeyli hissəsini itirmişdi.  
Son  iri  döyüş  71-ci  ildə  Apuliyada  baş  verdi.  Döyüşdən  əvvəl  Spartaka  at 
gətirdilər,  o,  qılıncını  çıxarıb  atı  öldürdü  və  dedi  ki,  qalib  gəlsək,  bundan  da  yaxşı 
çox atlarımız olacaqdır. Əgər məğlub olsaq, bizə heç bir at lazım olmayacaqdır. Çox 
qızğın  döyüşdə  Spartak  ordusu  məğlub  oldu,  qul  sərkədənin  özü  isə  döyüşdə  həlak 
oldu.  Ordunun  bir  dəstəsinə  düşmən  əhatəsindən  şimala  tərəf  çıxmaq  müəyəssər 
oldu,  lakin  burada  özünü  yetirən  Pompey  onları  tar-mar  etdi.  Bu  Pompeyə  bəhanə 
verdi desin ki, "qul müharibəsini" məhz o, kökündən çıxardı.  
Qul  üsyanı  m.ə.  71-ci  ildə  belə  acı  finalla  başa  çatdı.  Əsir  götürülən  altı  min 
qul  Kapuyadan  Romaya  gedən  qədim  Appi  yolu  boyu  (bu  yol  m.ə.  312-ci  ildə 
çəkilmişdi)  çarmıxa  çəkildi.  Roma  ən  qatı  düşmənləri  üçün  də  indiyədək  belə  cəza 
üsulu  nümayiş  etdirməmişdi.  Bu  yol  da  ona  görə  seçilmişdi  ki,  üsyanın  ilk  mərkəzi 
məhz Kapuya olmuşdu.  
Dünyanın ən böyük qul üsyanı qan tökməklə məşhurlaşdığı kimi, qan içində də 
boğuldu. Aradan çıxmağa nail olmuş xırda dəstələr isə hələ bir neçə il kabuslar kimi 
İtaliyanı dolanırdı.  
Spartak özünü nə qədər nəcib general kimi aparsa da, qul ordusu yeri düşdükcə 
öz  təbiətini  də  büruzə  verirdi.  Bu  hərəkat,  insan  doğulandan  ölümə  məhkum  olan 
kimi, məğlub olmağa məhkum idi. Çünki, onun aydın strateji məqsədi yox idi və həm 
də bu məqsədi əldə etməyə yaxınlaşmağın metod və üsullarına malik deyildi. Onlar 
məhv olsalar da, nəticə etibarilə məğlub olsalar da, bəşər tarixində ilk dəfə olaraq iri 
miqyasda  qulların öz  əlləri,  ən başlıcası  öz iradələri ilə azad  olmasını  təmin etdilər. 

 
102 
Əgər  yəhudiləri  Misir  faraonu  əsirliyindən  və  köləlikdən  allahın  qüdrəti  və  iradəsi 
azad etdisə, Spartak hərəkatı özü öz azadlığını əldə etmişdi və buna qullar öz qanını 
tökməklə,  öz  həyatını  qurban  verməklə  nail  olmuşdular.  İlk  dəfə  olaraq  qullar 
bəşəriyyət üçün ən böyük mənəvi dəyər olan azadlığı əldə edə bilmişdilər. Bu azadlıq 
uzun  sürmədi,  bu  azadlığı  əldə  edənlər  açıq  səmanın  altında  yaşamağa  məcbur 
oldular,  daim  əldə  silah,  döyüşmək  haqqında  düşündülər,  İtaliyanın  və  müharibənin 
yollarında onlar az əziyyət çəkmədilər, lakin azadlıq adlanan bir məşəli yandırıb onu 
o vaxtkı dünyaya, başlıcası isə tarixə göstərə bildilər. Onlar özləri torpağa gömülsələr 
də, qəddarcasına çarmıxa çəkilsələr də, yandırdıqları şam bir daha sönmədi və tarix 
boyu bəşəriyyətin, bütün insanların şüurlarına və könüllərinə işıq saldı, nəcib azadlıq 
eşqinin  cazibə  qüvvəcini  xeyli  artırdı.  Qul  üsyanı,  Spartak  hərəkatı  göstərdi  ki,  ən 
iyrənc köləlik olan könüllü köləlik istisna olmaqla, digər qul formaları əbədi deyil, 
keçici,  ötəri,  şərtidir.  Bu  üsyan  onu  göstərdi  ki,  qulun  azadlığı  təkcə  qul  sahibinin 
mərhəmətindən  asılı  olmayıb,  onun  özü  tərəfindən  də  əldə  edilə  bilər.  Qul  üsyanı 
tarix boyu insanların can atdığı bir şeyin, azadlıq idealının günəş kimi bütün azadlıq 
sevən  könüllüləri  daim  isitdiyini  bir  daha  nümayiş  etdirdi.  Spartak  tarixə  görkəmli 
qul  sərkərdəsi  kimi  daxil  oldusa,  ancaq  bəşəriyyət  üçün  parlaq  azadlıq  rəmzinə 
çevrildi və onun ilhamverici təsiri min illər keçsə də azalmadı, əksinə daha da artdı.  
 

 
103 
Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin