SEZARIN HAKİMİYYƏTİ QƏSB ETMƏSİ
Pompeyin təkbaşına konsulluğu dövründə bir sıra qanunlar, xüsusən adamların
pulla ələ alınmasına görə cəzanın güclənməsi barədə qanun qəbul edildi. Lakin belə
bir səlahiyyətə malik olduğu dövrdə belə, onun senatla və optimatlarla münasibəti o
qədər də yaxşılaşmadı. Yüksək vəzifələrə seçkinin və əyalətlərin bölünməsinin yeni
qaydaları isə Sezarın əleyhinə istifadə oluna bilərdi. Bu qanuna görə, konsulluqdan
beş il keçənə qədər əyaləti idarə etmək hüququ qala bilməzdi. Ona görə də əyalətlər
daha köhnə olan konsullar arasında bölünməyə başlandı və gözlənilmədən Tsitseron
da belə əyalət aldı. Senatın qərarı ilə 51-ci ilin əvvəlində Tsitseron prokonsul kimi
Kilikiya əyalətinə göndərildi. O, buraya gəlib çıxdıqdan sonra, Roma üçün
darıxmağa başladı. Lakin gözlənilmədiyi halda onun prokonsul vəzifəsi siyasi
bioqrafiyasına xeyli şərəf gətirən səhifələr yazdı. Burada onun işgüzarlığı, ədaləti və
güzəştə getmək bacarığı daha bariz şəkildə özünü göstərdi. Əyalətin şəhərlərində
artıq xərcləri ləğv etdi, vergini xeyli azaltdı. Özünün təmmənasızlığı ilə o, Kilikiyada
xüsusi hörmət qazanmışdı. O, özünü çox sadə aparırdı, əyləncələrə vaxt ayırmırdı,
istirahəti isə yalnız təbii ehtiyacdan irəli gəldikdə edirdi. O, heç kəsi çubuqla
cəzalandırmırdı, heç kəsi söymürdü, ümumiyyətlə, biabırçı və ləyaqəti alçaldan
cəzalara əl atmırdı.
Əyalətdə yaşayanlar isə bir qayda olaraq Roma canişinlərinin qəddarlığına,
tamahkarlığına və eyş-işrət aludəçiliyinə öyrənmişdilər. Ona bu dövrdə bir sərkərdə
kimi də məşhurlaşmaq qismət oldu. Tsitseron Amanın dağlı tayfalarına qarşı
mübarizə aparmalı oldu və Makedoniyalı Aleksandrın 333-cü ildə Persiya çarı III
Dara üzərində çaldığı parlaq qələbədən sonra məşhurlaşmış İss yaxınlığında o,
dağlıları məğlubiyyətə uğratdı. Bu vuruşdan sonra döyüşçüləri onu imperator
adlandırdılar və bu hərbi titul ona zəfəri qeyd etməyə icazə verirdi. Bundan sonra o,
iri bir qalanı da tutdu. Lakin bütün bunlar Romanın coşqun siyasi mühitinə öyrənmiş
Tsitseronun qəlbini o qədər də cuşə gətirmirdi və ona görə də müddəti qurtaran kimi,
heç 16 ay keçməmiş vətənə qayıtdı.
O, vətəndaş müharibəsinin yaxınlaşmasını könlünün bütün qəsəmələri ilə hiss
edirdi. İtaliyanın cənubunda o, iki dəfə Pompeylə görüşüb, onu Sezarla barışığa,
kompromissə dəvət etsə də, heç nəyə nail olmamışdı. Ona görə də o, formal
qaydalardan istifadə edərək senata da getmirdi ki, 49-cu ilin qasırğa iyi verən bir
atosferində senatın iclaslarında iştirak etməsin və burada ya Sezarın, ya da Pompeyin
tərəfini saxlamalı olmasın.
Lakin tarixi təcrübə göstərir ki, siyasi sarsıntıların yaxınlaşdığı və ya cərəyan
etdiyi bir dövrdə neytral mövqe seçmək ən ağılsız addımdır, çünki bu mövqe
mübarizə aparan hər iki tərəfi narazı saldığından, bu tərəflər hər kəsdən öz
mövqelərinə kömək, başqasına qarşı müqavimət gözlədiyindən, həmin adamdan həm
qalib və həm də məğlub olan tərəf qisas almağa cəhd edir və belələri hətta
düşməndən də daha tez, bir başa hücum və ya fitnəkarlığın qurbanı olur. Çünki
neytrallığa üstünlük verənlərin bu siyasi qalxanı əncir yarpağından düzəldilmiş
kimidir, adi bir zərbə onun altında gizlənəni ya öldürür, ya da ağır yaralayır. Ona
görə də, siyasi mübarizənin qızışdığı və kulminasiya nöqtəsinə çatdığı bir vaxtda, hər
iki tərəfdən uzaqlaşmağa çalışan adam buna nail olduqda, hamıdan daha tez və
134
sürətlə özünün məhvinə, ölümünə yaxınlaşır. Onun qurban getməsinə heç bir tərəf
nəinki təəssüflənmir, əksinə hər iki tərəf guya ümumi düşmənin aradan
götürülməsinə görə sevinir. Ona görə də mübarizə neytrallıq sığınacağını bir andaca
məhv edir və köməksiz qalmış adam barədə onun layiq olmadığı ən qəddar hökmü
verir. Çox hallarda isə hadisələrin gedişi adamın öz iradəsindən və istəyindən asılı
olmayaraq, onu barrikadanın bu və ya digər tərəfinə sürükləyir və bir qayda olaraq
qələbə çələngindən ona heç nə düşməsə də, məğlubiyyətin ən ağır cəzası olan
biabırçılıq və həyatı itirmək birincilər sırasında ona qismət olur. Əlbəttə, burada
söhbət güclü, mətin, möhkəm iradəyə və iti ağıla malik olanların neytral mövqe
tutmasından gedir. Siyasi mübarizə üçün heç bir dəyəri olmayan, fağır həyat tərzi ilə,
mövcudluğu ilə yoxluğu arasında heç bir fərq hiss etdirməyən adamlar isə bu qılaf
altında ömrünün sonunadək qala bilirlər, çünki hətta ilbizdən fərqli olaraq, onlar bir
dəfə də olsun bu sığınacağı tərk etmirlər, sürüdəki arıq quzuya qarşı heç vaxt onu
kəsib yemək arzusu yaranmadığı kimi, onların da kabus mövcudluğu hifz edilir.
Müasir alimlər Darvinin təkamül nəzəriyyəsinə çox dəyərli və bu
nəzəriyyədəki təbii seçki mexanizminə ciddi düzəliş verən bir əlavə etmişlər. Əlbəttə,
sosial biologiyadan faşizm geniş istifadə etdiyinə görə, bu misalı atəşə tutanlar da
tapıla bilər. Lakin bunu da yaddan çıxarmaq olmaz ki, insan özü təbiətin bir hissəsi
olduğundan, təbiətin qanunları, xüsusən digər canlıların yaşayış tərzinə aid olan
məsələləri biz həm də insanların həyatında və cəmiyyətlərin öz varlığını tənzim
etməsində tapırıq. Darvinə görə, təbii seçmədə bir qayda olaraq mühit və şərait
dəyişdikdə zəiflər məğlub olur, güclülər bu dəyişikliklərə, yeni mühitə və şəraitə
davam gətirdiyindən yaşamağa davam edirlər. Beləliklə, evolyusiya, təkamül
zəiflərin məhv olması, güclülərin isə möhkəmlənməsi ilə müşayiət olunur. Darvinə
görə, təkamül üç amilin qarşılıqlı fəaliyyəti nəticəsində həyata keçirdi. Bu amillər
dəyişkənlik, irsiyyət və təbii seçmə idi. Təbii seçmə isə güclünün dominantlığını
təsdiq edirdi, yaşayış mühitinə uyğunlaşmayan zəiflər isə sıradan çıxır, məhv olurdu.
Müasir alimlərin Darvin nəzəriyyəsinə əlavəsi bundan ibarətdir ki, şərait və mühit
dəyişdikdə zəiflərlə yanaşı həm də bu mühitə uyğunlaşa bilməyən güclü canlılar da
məhv olurlar, yaşamaqda isə zəiflərdən və güclülərdən fərqli olaraq yalnız orta yeri
tutanlar qalır, onlar istənilən dəyişikliklərə məruz qaldıqda ona asanlıqla uyğunlaşır,
xilas olur və beləliklə yaşamaqda davam edirlər. Axı dinozavrlar, mamontlar məhv
olmuşlar, taxtabitilər, tarakanlar milyon illərdən keçərək sağ qalmışlar. İnsanlar da
belədir, siyasi və sosial kataklizmlərdə bir qayda olaraq zəiflər və güclülər məhv
olurlar, cəmiyyətdə taxtabiti və tarakan rolunu oynayanlar isə ən çətin anda belə
özlərinə sosial yarıq, bioloji oyuq, taxça tapıb gizlənə bilir, qasırğa sakitləşdikdə
yenə üzə çıxaraq həyatlarını davam etdirirlər.
Ona görə də güclü, istedadlı Tsitseron isə uzun müddət neytrallıq nöqtəsində,
izolyasiya oyuğunda qala bilməzdi. Ona görə də sonrakı hadisələr onu daha fəal
mövqe tutmağa məcbur etdi. Axı insanlar hər şeydən çox şəraitin qulu olduğundan,
hadisələr, dəyişən mühit belə seçkini qaçılmaz və qarşısıalınmaz edir.
Sezar Qalliyada müharibəni başa çatdırdıqdan sonra bir legion ordu ilə
İtaliyanın şimal sərhəddində dayanmışdı. 50-ci ilin sonunda onun gələcək üçün
perspektivi qeyri-müəyyən idi. Qalliyadakı qələbələr ona böyük şöhrət və nüfuz
qazandırmışdı, lakin onların bəhrələrindən Pompey kimi istifadə etməməklə, onun
135
əlindən hər şey çıxa bilərdi. Axı yetişmiş meyvə dərilmədikdə ya quşların yemi olur,
yaxud da yerə düşüb çürüyür. Sezarın qarşısında Tantal əzabı çəkən Pompeyin hələ
tam başa çatmamış acı təcrübəsi var idi.
Pompey ona çar tacı təklif ediləndə belə özünü qanuna hörmət edən bir patritsi
kimi göstərməklə, getdikcə hər şeyi itirirdi, hətta onun hərbi şöhrətləri də yaddan
çıxmağa başlayırdı. Sonralar lazımi qətiyyət göstərməyən Pompey heç də əvvəllər
belə olmamışdı, gəncliyində o, hətta qəddarlıqdan da çəkinməmişdi ki, qarşısındakı
məqsədə yaxınlaşsın. Sulla Şərqə yollandıqdan sonra Romaya qayıdan Tsinanın
mühafizəçiləri gənc Pompeyin evinə girib, onu soymuşdular, həm də Tsinna onun
özünü öldürməyə göstəriş vermişdi. Bundan sonra Pompey heç bir səlahiyyəti
olmadan özünə qoşun toplamış, öz təşəbbüsü ilə sərkərdə olmuş və üç legionla öz
əleyhdarları ilə döyüşdə qalib gəldikdən sonra Sullanın çox xoşuna gəlmiş, ondan
böyük ehtiram görmüş və gələcək diktator onu çox fəxri hərbi titulla
mükafatlandırmış, imperator adlandırmışdı. Bundan artıq otuz il keçmişdi. Bu dövrdə
onun parlaq qələbələri də olmuşdu, onlardan istənilən qədər fayda götürə bilməməsi
də. Onun düşmənləri hətta onun sərkərdəlik istedadını da şübhə altına almağa
çalışırdılar. Lukull Mitridatla vuruşlarda nəticədə elə bir uğura malik olmadığına
görə, onu əvəz edən Pompeyin Mitridatın üzərindəki parlaq qələbəsini də inkar
etmək istəyirdi. O, hələ əvvəlcə demişdi ki, Pompey bura (Asiyaya) müharibənin
kölgəsi ilə vuruşmağa gəlmişdir, o, quzğun kimi adət etmişdir ki, başqasının əli ilə
öldürülmüş cəsədin üzərinə atılsın və müharibənin törətdiyi leşi parça-parça etsin.
Lukull Pompeyin onun yerinə baş komandan təyin edilməsi və onun qoşunlarının
əlindən alınmasına dözməyib, belə acı və həm də həqiqətdən uzaq olan sözləri
söyləmişdi. Ancaq onu da demək lazımdır ki, Krassın Spartak üzərindəki qələbəsinə
Pompey həqiqətən də yiyələnmək istəmişdi.
İndi isə vaxt dəyişmişdi, Pompeyin də köməkliyi hesabına dövlət vəzifələrində
yüksələn və başqalarına üstün gələn Sezar indi onu məhv etməyə hazırlaşırdı. Sezar
çoxdan Pompeyi devirməyi qərara almışdı, birinci olmaq üçün o, bu yeri tutan
istənilən adamı məhv etməli idi. Pompey isə bunun qarşısını almaq üçün qorxduğu
bu təhlükəni aradan götürməli idi. Pompey əvvəllər Sezara qətiyyən məhəl
qoymurdu, son vaxtlarda isə ondan qorxmağa başlamışdı. Dövlət də bu vaxt anarxiya
girdabına düşmüşdü, kapitanı olmayan gəmiyə bənzəyirdi. Belə bədbəxtliklər nəticə
etibarilə təkhakimiyyətliliyə, diktaturaya gətirib çıxarır. Pompeyin özünü tək konsul
seçməklə, Roma qanunlarının və əcdadların qoyduğu qaydaların əksinə, ona
təkhakimiyyətlilik verməklə həmin qüvvələr həm də Katonu və digər respublika
tərəfdarlarını bu quruluşu diktaturadan xilas etmək uğrundakı qızğın mübarizəyə
qaldırmışdılar. Lakin Sezar artıq belə vəziyyətlə razılaşmırdı və Romaya vasitəçilər
göndərirdi ki, ona konsulluq verilsin və onun əyalət üzrə olan səlahiyyətləri
uzadılsın. Pompey isə hələlik susmağa üstünlük verirdi. Konsul Martsell hətta
Sezarın bir adamını çubuqla döydürmüşdü. Bundan qəzəblənən Sezar Romada
yüksək vəzifə tutanlara, onları ələ almaq üçün pul hədiyyəsi göndərdi.
Pompey onun bu tələblərindən qorxaraq, istəyirdi ki, əyalətdə Sezarın yerinə
başqa adam təyin edilsin. Bundan başqa Qalliyada müharibə aparmaq üçün verdiyi
legionları o, Sezardan geri qaytarmağı tələb edirdi. Sezar döyüşçülərə çoxlu pul
verib, qoşunları Romaya göndərdi. Bu legionları Pompeyin yanına gətirənlər Sezar
136
haqqında pis şayiələr yayır, Pompeyi boş danışıqlarla arxayın salırdılar. Bunlardan
sayıqlığını itirən və başı gicəllənən Pompey sadəlövhlüklə çıxışların və qanun
layihələrinin köməyi ilə Sezara qalib gəlmək istədi. Sezar kimi güclü pələngin
qarşısına, səslərdən və yazıdan düzəldilən silahla çıxmaq ağılsızlıq idi. Ona görə də
Sezar bu qərarlara heç bir əhəmiyyət vermir, «kağız pələnglərə» məhəl qoymurdu.
Sezarın hərbi rəislərindən biri öz sərkərdəsinə komandanlıq müddətini
uzatmaqdan imtina edən Senatın qarşısında əlini qılıncının dəstəyinə qoyaraq
demişdi ki, "nə olar, onda bu onun müddətini uzadacaqdır". Digər tərəfdən Sezarın
tələbi də ədalətli idi. O, təklif edirdi ki, özü də qoşunlarını buraxsın, ancaq qoy
Pompey də bunu etsin. Çoxları bu təklifi razılıqla qarşıladı. Lakin Senatda Pompeyin
qayınatası Stsipion təklif etdi ki, Sezar müəyyən müddət ərzində silahı yerə qoymasa,
vətən düşməni elan edilsin. Onlardan hər ikisinin ordunu buraxması təklifi səsə
qoyulduqda, Senatda çox az adam Pompeyin qoşunu buraxmasının lehinə səs verdi,
Sezarın qoşunu buraxmasına isə demək olar ki, hamı razılığını bildirdi. Lakin
Antoninin, hər ikisinin öz səlahiyyətlərindən imtina etməsi barədəki təklifinə bütün
Senat səs verdi. Konsul Lentul isə Sezarı nəzərdə tutaraq qışqırırdı ki, quldura qarşı
silahla hərəkət etmək lazımdır. Bundan sonra Sezar güzəştə getdi və təklif etdi ki,
Ön Alp Qalliyası və İlliriya iki legionla ona verilsə, bütün tələblərini geri götürür.
Sonra o, ikinci dəfə konsul seçkilərində özünü namizəd göstərə bilərdi.
Kilikiyadan yeni qayıdan Tsitseron düşmənləri barışdırmağa cəhd etdi.
Pompey hər şeylə razılaşsa da, Sezarda qoşunun qalmasına etiraz edirdi. Sonra
Tsitseron Sezarı yola gətirdi ki, həmin əyalətlərlə birlikdə ona bir legion qoşun
verilsin və bununla da düşmənçiliyə son qoyulsun. Bununla Pompey də razılaşmalı
oldu. Lakin konsul Lentul və onun tərəfdarları buna müqavimət göstərdilər və
Sezarın tərəfdarları olan Antoni və Kurionu senatdan qovdular. Beləliklə, bu ağılsız
hərəkətləri ilə onlar Sezara, bütün razılaşmaları kənara atıb, öz bildiyi kimi hərəkət
etmək üçün əsaslı bəhanə verdilər. Sezar isə bu fürsəti əldən buraxmadı və
döyüşçülərini qızışdırmağa başladı.
Sezarın cəhdləri artıq Romada bir çox manevrlərin və kontrmanevrlərin
obyektinə çevrilmişdi. On tribunun hamısının himayəsi nəticəsində üç il əvvəl Sezara
in absentia - özü olmadan konsulluğa namizədliyini irəli sürmək icazəsi verilmişdi.
Əgər o, 49-cu ildə 48-ci ilin konsulluğu üçün öz namizədliyini irəli sürsəydi, tutduğu
vəzifələrdən kənarlaşmalı idi. Bu isə 49-cu ilin on ayı ərzində onun ciddi təhlükə ilə
üzləşməsinə şərait yaradardı. Bundan qaçmaq üçün o, 50-ci ilin 1 martına qədər öz
komandanlıq vəzifəsinə varis məsələsini qaldırmamalı idi. Bununla o, öz
komandanlığını 49-cu ilin sonuna qədər saxlayacaqdı. Lakin bu məsələ hələ əvvəlki
illərdə bir neçə dəfə qaldırılmışdı. Son nəticədə Sezarla Pompeyin eyni vaxtda öz
komandanlıq vəzifələrini tərk etməsi prinsip etibarilə qərara alındıqda, sabahısı gün
konsul Martsell senatdan heç bir səlahiyyət almadan, İtaliyadakı bütün qoşunların
komandanlığını Pompeyə təklif etdi, bu onun qüvvəsini daha da artırırdı. Pompey də
bu təklifi qəbul etdi. 1 yanvar 49-cu ildə isə senat Sezardan yeni təklif aldı ki,
Pompeylə birlikdə hər ikisi öz komandanlıqlarından eyni vaxtda imtina etsin. Sezarın
məktubu hökm etmək xarakterikdə idi və senat qərara aldı ki, əgər müəyyən edilmiş
vaxtda Sezar öz komandanlıq vəzifəsini tərk etməsə, onunla ictimai düşmən kimi
davranılacaqdır. Elə bil ki, əleyhdarlarının hamısı Sezarın planının həyata keçməsi
137
üçün canfəşanlıq göstərirdi. Güzəştlərdən imtina və öz iradəsini başqalarına təlqin
etmək əslində ölkəni vətəndaş müharibəsinə sürükləyirdi.
Böyük hərbi yürüşlər təcrübəsi və parlaq sərkərdə istedadı olan Sezar başa
düşürdü ki, təşəbbüsü ələ keçirmək üçün indi böyük ordudan daha çox, igidlik
möcüzəsi və yüksək sürətli zərbə vacibdir. Axşam o, şam edərkən qonaqlardan üzr
istəyib otaqdan çıxır və arabada kiçik Rubikon çayının - bu çay Ön Alp Qalliyasını
İtaliyadan ayırırdı,- yanına gəlir. Burada o, fikrə daldı, etmək istədiyi hərəkətin
nələrə səbəb olacağını yaxşı dərk edirdi. Başa düşürdü ki, bu çayı keçmək hansı
bədbəxtliklərə gətirib çıxaracaqdır və bu addımı gələcək nəsillər necə
qiymətləndirəcəkdir. Nəhayət o, bu fikirlərdən ayrılıb bu sözləri dedi: "alea jacta est"
- "püşk atılmışdır". Keçidə tərəf irəlilədi və 12 yanvar 49-cu ildə sərhəddi keçdi.
Nəhayət səhərə yaxın Roma sərkərdəsi buna icazəsi olmadığı halda, İtaliya ərazisinə
qoşunla soxulmuş və İtaliya əyalətinin şəhərini öz ordusu ilə zəbt etmişdi. Bu həm də
müharibəyə aparan yolun başlanğıcı, qılıncların toqquşduğu teatrın qapısının
açılması idi. Rubikon çayını keçməklə Sezar bütün Roma qanunlarını nəinki
tapdaladı, hətta süpürüb atdı.
Məsələnin mahiyyəti heç də sərhədi keçib İtaliya əraziləri ilə irəliləmək
deyildi. İşin əsl mənası bundan ibarət idi ki, Roma kübarlığı tərəfindən Yunan-Roma
dünyasının düzgün idarə olunmasının davam etdirilməsinə icazə veriləcəkdimi,
yoxsa bu avtokratik rejimlə əvəz olunacaqdır. Bu alternativlərdən hər biri dağıdıcı
vətəndaş müharibəsinə səbəb olacaqdı. Vətəndaş müharibəsi faciə idi və əslində nə
Sezar, nə də Pompey onu istəmirdi. Çoxları sülhün qorunub saxlanmasına ümid
edirdi. Lakin bu vaxt siyasət haqq-hesabını aparan hər üç partiya bütünlüklə tələyə
düşdü. Yeni siyasi hakimiyyət qurmaqda Sezarın uğuru, köhnə rejimin tərəfdarlarını
ona düşmən olan mövqeyə keçirirdi. Sezar isə bu vaxt ya düşmənlərinin
mərhəmətinə özünü təslim etməli, ya da hakimiyyəti tam inhisarına aldıqda,
məqsədlərinə görə ittiham olunmağı seçməliydi. O, öz tələblərini məhdudlaşdırmaqla
bu dilemmadan azad oluna bilməzdi.
Vətəndaş müharibəsinin başlanğıcı iti sürət götürmüşdü. İndi təkcə Romanı
deyil, bütün İtaliyanı həyəcan bürümüşdü, elə bil ki, bütöv şəhərlər qaçmağa üz
qoymuşdu. Romanı qaçqınlar kütləsi doldurmuşdu, bu bir qədər də davam etsə,
şəhərin məhvinə gətirib çıxarardı. Axı bəzən qaçqınlar özünü çəyirtkə dəstəsi kimi
aparır, öz didərginlik qəzəbini qarşıya çıxan hər şeyə aşılamağa can atır.
Belə vəziyyətdə hər tərəfdən sıxışdırılan Pompey çaş-baş qalmışdı. İndi hər
şeydə onu ittiham edirdilər. Onun hətta ağıllı addımları da indi ona qarşı hücum üçün
istifadə olunurdu. Doğrudan da, böhran baş verdikdə hamı öz zərbəsini bir nöqtədə
cəmləşdirmək, bir günahkarı tapmaq və dalbadal ona ağır zərbələr endirməklə elə bil
ki, öz vəziyyətlərini yüngülləşdirməyə, cansıxıcı reallıqdan uyuşdurucu illuziyanın
köməyi ilə xilas olmağa can atır. Pompeyin sərəncamında olan qoşunlar sayca
Sezarınkından çox idi. Lovğalanaraq bir dəfə dediyi sözdən ona qarşı istehza ilə
istifadə edib, deyirdilər ki, əgər Sezar gəlsə, Pompey ayağını yerə vuran kimi bütün
İtaliya qoşunlarla dolacaqdır. Özünü itirən Pompey şaiyələrə inanıb, elə güman edirdi
ki, müharibə artıq qapıya çatmışdır, bütün ölkəni ağzına almışdır və ümumi əhval-
ruhiyyəyə tabe olaraq, heç şübhəsiz, ağciyərlilik edərək, açıqca bildirdi ki, şəhərdə
üsyan və hakimiyyətsizlikdir. Bu bəyanatından sonra o, şəhəri tərk etdi və
138
senatorlara, vətəni və azadlığı tiraniyadan üstün tutanların hamısına tapşırdı ki, onun
arxasınca gəlsinlər.
Konsullar və senatorların da çoxu Pompey kimi Romadan qaçdılar, hətta
ümumi axına qoşulub Sezar tərəfdarlarından da bəziləri qaçdı. Şəhər ürəkağrıdan
vəziyyətdə idi, elə bil ki, onu taleyin ümidinə atıb getmişdilər. Hamı Pompeyə
yaxınlığı əsas götürərək, öz doğma şəhərinə artıq Sezarın hərbi düşərgəsi kimi
baxırdı. Sezar isə əvvəlcə, bizə Müttəfiqlər müharibəsindən tanış olan və İttifaq
dövlətinin paytaxtı elan edilən Korfini şəhərini tutdu. Burada o, qoşunlarına əlavə
qüvvələr cəlb etdi və Pompeyin üstünə hərəkət etməyə başladı. Pompey isə bu vaxt
Brundiziyadan Yunanıstandakı Dirraxiya şəhərinə yollandı. Bunu eşidən Sezar
Romaya qayıtdı və sərhəddən keçdiyi vaxtdan keçən altmış gündən sonra, heç bir
qan axıtmadan Romanın və bütün İtaliyanın ağasına çevrildi.
Sonra o, şəhərdə qalan senatorlara müraciət etdi ki, Pompeyin yanına
nümayəndə heyəti göndərilsin ki, uyğun gələn şərtlərlə onunla razılığa nail olunsun.
Lakin onun sözünə inanılmadığından, heç kəs bu səlahiyyəti öz üzərinə götürmədi.
Xalq tribunu Metell ona dövlət xəzinəsindən pul götürməyə mane olduqda və bu vaxt
qanuna istinad edəndə, Sezar ona belə kəskin cavab verdi: "Silah və qanunlar bir
yerdə yola getmirlər... Axı sən və burada tutduğum bütün əleyhdarlarım bütünlüklə
mənim hakimiyyətimdədir". Sonra isə xəzinənin qapısını sındırıb müharibə üçün
lazım olan vəsaiti götürdü, Metellə isə dedi ki, əgər acığını tutdursa, onu öldürəcək
və bu hədəsinin əbəs olmadığını hiss etdirmək üçün əlavə etdi ki, "Cavan oğlan bil
ki, bunu mənim üçün demək, etməkdən daha çətindir".
Sonra Sezar Pompey tərəfdarlarını İspaniyadan qovmaq üçün oraya yollandı.
O, bundan sonra Pompeyin özü ilə haqq-hesabı çürütmək istəyirdi. Lakin İspaniyada
o, tutmaq istədiyi legionları ələ keçirə bilmədi. Romaya döndükdən sonra o, 49-cu
ildə senat tərəfindən diktator elan edildi. On bir gün o, bu vəzifəni tutduqdan sonra
bu səlahiyyətləri öz üzərindən götürdü, çünki o, gələn ilə konsul seçilirdi. 48-ci ilin
yanvarında isə o, qoşunlarla Balkan yarımadasına çıxdı. Lakin onun burada qoşunu
olmadığından, yenidən İtaliyaya, Brundiziyaya qayıtdı. O, gəmidə qul paltarında
oturmuşdu. Burulğana düşən gəminin sükançısı onu geri qaytarmaq istədikdə, Sezar
qabağa yeriyib, sükançının əlindən yapışıb dedi: "İrəli, iltifatlı adam, cəsarətli ol, heç
nədən qorxma. Sən gəmidə Sezarı və onun bəxtini aparırsan". Lakin vəziyyətin
çıxılmaz olduğunu görüb geri dönməyə razılıq verdi.
Sonra Antoninin başçılığı altında qoşun gəldi. O, Pompeyi döyüşə dəvət
edirdi, lakin ərzaq barədə çətinliklə üzləşirdi. Pompeylə Sezarın qoşunları arasında
xırda toqquşmalar baş verirdi və belə toqquşmaların birində az qala Sezar özü
öldürülmüşdü. Lakin Pompey bu əlverişli imkanlardan istifadə edə bilmirdi. Artıq
bütün ümidlərini itirməkdə olan Sezar bununla əlaqədar demişdi ki, "Onlarda bir
qalib gəlməyi bacaran olsaydı, bu gün qələbə düşmənin olmalı idi".
Bundan sonra o, Makedoniyaya tərəf irəlilədi, Pompey qoşunları isə güman
etdilər ki, o, məğlub olduğundan qaçır. Sezar qoşunlarının vəziyyəti ağır olaraq
qalırdı, olduqca pis qidalanma döyüşçülərin fiziki və mənəvi qüvvəsinə böyük zərbə
vururdu. Onların ərzağı yox idi və uzun müddətə belə vəziyyətə dözmək mümkün
deyildi. Çoxları Pompeyin döyüşə girməməsini qorxaqlıqda günahlandırsa da, təkcə
Katon öz həmvətənlərinin qanını axıtmadığına görə onu tərifləyirdi.
139
Lakin Pompey onu tənqid edənlərin təsiri altında öz iradəsinin əksinə olaraq,
Sezarı təqib etməyə başladı. Sezar Fessaliyanın bir şəhərini tutduqdan sonra
ordusunu yaxşı yedizdirə bildi. Hər iki ordu 48-ci ildə Farsal düzənliyində özlərinə
düşərgə qurdular. Pompeyi əhatə edən hərbçilər qələbəyə əmin olmaqla, onu
vuruşmağa sövq edirdilər. Sezarın bir min süvarisinə qarşı, Pompeyin yeddi minlik
süvarisi var idi və axırıncılar öz döyüş qabiliyyətləri ilə çox öyünürdülər. Piyadalara
gəldikdə, onların da sayı bərabər deyildi, Sezarın vur-tut iyirmi iki min əsgəri var idi,
bu da düşməninkindən iki dəfə az idi. Sezarın qoşunlarına özündən başqa Domitsi
Kalvin və Mark Antoni komandanlıq edirdi. Pompeyin komandanları isə Domitsi və
öz qayınatası Stsipion idi.
Sezarın döyüşçülərindən biri ona dedi ki, "Sezar, biz parlaq qələbə
qazanacağıq. Bu gün sən məni diri, yaxud da ölü kimi tərifləyəcəksən". Sezarın iti
sürətlə hücuma keçməsi ona böyük üstünlük verirdi. Pompey ordusu geri çəkilməyə
başladı. Bir azdan onlar qaçmağa üz tutdular. Bunu görən Pompey tam özünü itirdi,
əvvəlki Pompey Maqndan əsər-əlamət qalmamışdı. O, öz çadırına çəkildi. Düşmən
düşərgəyə girdikdə o, bu sözləri demişdi: "Məgər onlar düşərgəyə də gəlib
çatmışlar?" Sonra o, gözə çarpmadan Farsaldan uzaqlaşdı və gəmiyə oturub Misirə
yollandı və Misir çarı XIII Ptolomey Filopatorun göstərişi ilə sahilə çıxan kimi
Pompeyi öldürdülər. Bu 48-ci ildə baş verdi.
Sezar isə Pompeyin düşərgəsinə gəlib gileylənməyə başladı ki, gör onlar nəyi
istəyirdilər və məni hansı əmələ sövq etdilər. Onu da qeyd etdi ki, əgər o,
komandanlıqdan imtina etsəydi, ona ölüm hökmü kəsərdilər. Sonra o, əsir götürdüyü
döyüşçülərin çoxunu öz legionlarının tərkibinə daxil etdi. Əsil-nəcabətli romalıların
isə çoxunu əfv etdi və gələcəkdə onun qatili olacaq Brut da bu əfv olunanların
arasında idi. Sezar onun sağ qalmasına çox sevinmişdi. Sonra o, qaçan Pompeyi təqib
etməyə başladı və Aleksandriyaya gəldi. Ona Pompeyin başından başqa, kəsilmiş
əlini və möhürünü göstərdikdə, Sezar ağladı. Misir çarı tərəfindən tutulan Pompey
tərəfdarlarını azad edib, özünə yaxınlaşdırdı.
Sezar burada da müharibə aparmalı oldu. Bu müharibəni bəzən onun
Kleopatraya olan ehtirası ilə əlaqələndirirlər. Lakin çar sarayında da Sezara yaxşı
münasibət yox idi. Çar gənc XIII Ptolomeyin üzərində xüsusi nüfuzu olan xədim
Potin əvvəlcə Pompeyi öldürtmüşdü, müştərək çarlıq etməli olan və həddi-buluğa
çatmamış Ptolomeyin böyük bacısı və arvadı Kleopatranı sürgünə göndərmişdi. O,
Sezar əleyhinə də müəyyən planlar hazırlamışdı. Romanın Misir çarlığı barədə
müəyyən öhdəlikləri var idi. Lakin gənc Ptolomey Filopator bunlara o qədər də
əhəmiyyət vermirdi. Romalılara pis münasibət hər şeydə özünü büruzə verirdi.
Sezarın əsgərlərinə köhnə çörək yedizdirirdilər ki, onsuz da özgə çörəyini yeyirlər.
Potin əslində çarın atası XII Ptolomey Avletdən qalma böyük borcu da Sezara
verməkdən imtina edirdi. Belə vəziyyətdə Sezar VII Kleopatranı sürgündən gətirdib,
taxtdan uzaqlaşdırdığı qardaşı və əri Ptolomeyin əvəzinə, onu çariça elan etdi.
Hərbi rəis Axilla və xədim Potin tərəfindən ona sui-qəsd hazırladığını Sezara
xəbər verdilər. Buna görə Potin öldürüldü, Axillaya isə qaçmaq müyəssər oldu və o,
Sezara qarşı müharibə başladı. Misirlilər şəhərdə olan Sezarın qoşunlarının, onun
gəmiləri ilə əlaqəsini kəsməyə çalışdılar. Bu təhlükəni ləğv etmək, öz donanmasının
düşmən əlinə keçməsinə imkan verməmək üçün o, yanğın təşkil etdi. Bu yanğından
140
liman da ziyan çəkdi və qədim dünyanın ən zəngin kitabxanalarından biri olan
Aleksandriya kitabxanası da yandı. Bundan 688 il sonra ərəb xəlifəsi Ömər Sezarın
bu biabırçı hərəkətini təkrar edərək ikinci dəfə Aleksandriya kitabxanasını
yandırtmışdı. Bunu xəlifəyə xəbər verdikdə o, bu dəhşətli hadisəyə belə reaksiya
vermişdi ki, əgər o kitablarda olanlar Quranda yoxdursa, onu yandırmaq lazım idi və
əgər o kitablarda Quranda olmayan şeylər vardırsa da, yenə onu yandırmaq lazım idi.
Xəlifənin sözlərinə görə Quran artıq bu kitabxananın yandırılmasına çoxdan öz
hökmünü vermişdi.
Nəhayət, Sezar onun düşmənləri tərəfinə keçən çara hücum edib, döyüşdə
qalib gəldi. Düşmən böyük itki verdi, çar isə itkin düşdü. Çariça Kleopatra isə təkcə
taxtda deyil, Sezarın ağuşunda da özünə yuva tapdı və ondan Sezarion adlandırdıqları
oğul doğdu. Buradan Sezar Suriyaya, daha sonra Ponta yollandı və Mitridatın oğlu
Farnak ilə döyüşə girib onu məğlub etdi, özünü isə Pontdan qovdu. Pontdan Romaya
özünün ildırım sürətli yürüşü haqqında üç sözdən: "veni, vidi, vici" - "gəldim,
gördüm, qalib gəldim" sözlərindən ibarət, müasir dildə desək, raport göndərdi.
Nəhayət, Sezar Romaya qayıtdı və yenidən diktator seçildi, sonrakı il üçün isə
o, konsul seçildi. Lakin Sezarın dostları özlərini olduqca lovğa aparır, tamahkarlıq
göstərir, eyş-işrətlə məşğul olurdular. Eyş-işrətdə Antoni xüsusilə fərqlənirdi və onun
bu qüsuru gələcəkdə onun məğlubiyyətlərinə və məhvinə gətirib çıxaracaqdı. Onun
sonralar Kleopatra ilə keçirdiyi kef məclisləri dəbdəbəsinə görə heç nə ilə müqayisə
oluna bilməzdi. İndi isə o, özünə zəngin yaşayış şəraiti düzəltmək qayğısına
qalmışdı. Fırıldaq yolu ilə Pompeyin evini əlinə keçirmiş və onu xeyli
genişləndirmişdi.
|