Tərbiyə prosesinin mahiyyəti və məqsədi



Yüklə 268,27 Kb.
səhifə74/122
tarix02.01.2022
ölçüsü268,27 Kb.
#35378
1   ...   70   71   72   73   74   75   76   77   ...   122
PEDAQOGİKA 2 hissə

Hüquq tərbiyəsi

Hüquq tərbiyəsi tərbiyənin tərkib hissələrindən biridir. Hüquq tərbiyəsi vasitəsilə insanlar hüquqi biliklərə yiyələnir cəmiyyətdə mövcud olan hüquq normaları, onların mahiyyəti, hüquqi pozun- tularının konkret nəticəsini öyrənirlər. İnsanlar cəmiyyətdə vətənda- şın hüquqları haqqında zəruri biliklərə yiyələnirlər. Hüquq tərbiyəsi vasitəsilə tərbiyə olunanlarda cəmiyyətdə mövcud hüquq normala- rına münasibət formalaşdırılır.

Hüquq tərbiyəsi şəxsiyyətin ahəngdar inkişafına yönələn ide- ya-tərbiyə işləri kompleksinin mühüm bir istiqamətini təşkil edir. Hazırda, hüquqi dövlət quruculuğunun həyata keçirildiyi bir dövrdə gənc nəslin hüquq tərbiyəsi böyük əhəmiyyət kəsb edir

"Hüquq" ərəbcə "haqq söz" deməkdir. Hüquq ictimai şüurun bir forması olub, dövlət tərəfindən müəyyən edilən və mühafizə olu- nan, ictimai münasibətləri tənzimləyən məcburi davranış qaydaları sistemidir. Hüquq əxlaqla sıx bağlıdır. Hüquq normaları əxlaq normalarından müəyyən cəhətdən fərqlənir: hüquq normaları hamı üçün məcburidir və rəsmi dövlət aktlarında əks olunur. Hər cür fəa- liyyətdə olduğu kimi, hüquqi fəaliyyət də insanın hüquqi düşüncəsi, inamı və hüquqi davranışının vəhdəti kimi özünü göstərir.

İnsanın hüquqa dair təsəvvürləri, ideya və görüşləri, hissləri, onun hüquq düşüncəsində ifadə olunur. Hüquq düşüncəsi nə qədər yüksək olarsa, insan hüquq normalarını bir o qədər şüurlu yerinə yetirər, onların pozulmasına yol verməz.

İnsanın şüur və davranışı vəhdətdə olub, bir-birini şərtləndirir. Onun hüquqi davranışı da hüquqi şüur səviyyəsindən, intellektual və emosional inkişafdan çox asılıdır. Qanunazidd hərəkətlər, bir qayda olaraq, insanın təhrif olunmuş bilikləri, tələbat və maraqları ilə bağlıdır. Məsələn, pozulmuş, təhrif edilmiş maddi tələbatlar ac- gözlük, tamahkarlıq, pul və mal-dövlət hərisliyi yaradır. Yaxud, təh- rif olunmuş ünsiyyət tələbatı şöhrətpərəstlik, eqoizm, zorakılıq ya- radır. Bu mənfi sərvət meyllərinin təsiri altında hüquqazidd hərəkət- lər (oğurluq, rüşvətxorluq, xuliqanlıq və s.) baş verir.

Cəmiyyətə zidd hərəkətlərin səbəbləri, ilk növbədə, insanın hüquqi şüurunun aşağı səviyyədə olması ilə, cəmiyyət və hüquq haqqında yanlış təsəvvürləri ilə, şəxsiyyətlə cəmiyyət arasında, onların tələbləri arasında pozulmuş münasibətlərlə şərtlənir. Bu hal hüquqi şüurun, bütövlükdə hüquq tərbiyəsinin vacibliyini göstərir.

Hüquq tərbiyəsi gənc nəslin hüquqi şüur və davranışını, ha- belə hüquq normalarına münasibətini formalaşdırmaq məqsədi gü- dən planlı və mütəşəkkil fəaliyyət prosesidir. Hüquq tərbiyəsi qarşı- sında aşağıdakı vəzifələr durur:



  1. gənc nəsildə hüquqi şüur, hüquqa və qanunçuluğa dair baxış və təsəvvürlər aşılamaq;

  2. uşaq, yeniyetmə və gənclərdə hüquq psixologiyası forma- laşdırmaq:

  3. böyüyən nəsildə hüquqi davranış təcrübəsi, birgəyaşayış qaydalarına uyğun düzgün davranış bacarıqları formalaşdırmaq, yeniyetmələr arasında qanunpozma hallarının qarşısını almaq, bu məqsədlə profilaktik tədbirlər həyata keçirmək.

Hüquq tərbiyəsi insanın hüquqi şüurunun bütün komponentlə- rinə təsir göstərir: hüquqa dair biliklər (idrak komponenti), hüquqa münasibət (qiymətləndirmə komponenti), insanın davranış mövqeyi (iradi komponent). Hüquqi şüurun hər üç komponenti vəhdət halın- da çıxış edir. Hüquq normalarına dair biliklər və onlara müsbət mü- nasibət əsasında hüquqi əqidə və davranış mövqeyi, yəni hüquqa- uyğun davranışa hazırlıq və səy formalaşır.

Hüquqi şüurun formalaşması və inkişafı uzun sürən, mürək- kəb və ziddiyyətli prosesdir; o, bütün ömür boyu davam edir. İlk hüquqi təsəvvürlər ailədə valideynlərin təsiri ilə formalaşır. Burada uşaq nəyin yaxşı və nəytin pis olduğunu öyrənir, ilk qadağanlarla, öz əməllərinə verilən qiymətlə ("olmaz", "ayıbdır" və s.) qarşılaşır. İlk əxlaqi təsəvvür və qiymətlər əsasında onda bəsit hüquqi təsəv- vürlər, hisslər və münasibət formalaşır.

Hüquq tərbiyəsi məktəbdə planlı və sistemli xarakter kəsb edir, müxtəlif forma və metodlarla həyata keçirilir. Bu formalar içə- risində dərs əsas yer tutur. Ayrı-ayrı fənlərin tədrisi prosesində şagirdlərin hüquqi şüurunun formalaşması üçün mövcud imkanlar- dan istifadə edilir. İbtidai siniflərin ana dili, təbiətşünaslıq fənlərin- də hüquqa dair elementar məlumatlar verilir.

Hüquq tərbiyəsi baxımından "İnsan və cəmiyyət" fənni daha böyük imkanlara malikdir. Bu fənnin köməyi ilə şagirdlər dövlət quruluşu, hüquq sistemi, Konstitusiya hüququ, qanunverici və icra orqanları və hüquqi məsələlər barədə biliklərə, siyasi-hüquqi baxış və təsəvvürlərə yiyələnirlər.

Hüquq tərbiyəsi üzrə təlim prosesində aparılan işlərlə yanaşı, sinifdənxaric və məktəbdənkənar işlər də böyük əhəmiyyət kəsb edir. Hüquq tərbiyəsi ilə bağlı sinifdənxaric işlər müxtəlif formalar- da təşkil edilir. Məqsəd və məzmununa görə onları iki qrupa böl- mək olar: a) hüquq təbliğatı və hüquqi şüurun formalaşmasına xid- mət edən formalar; b) hüquq-mühafizə fəaliyyətinin təşkili for- maları.

Birinci qrup formalara hüquqi mövzularda söhbət və müha- zirələr, tematik axşamlar, viktorinalar, disputlar, əxlaqi-hüquqi mə- sələlərə dair bədii əsərlərin və filmlərin müzakirəsi, hüquq lektori- yaları, gənc hüquqşünas dərnəkləri, hüquq mövzularında konfr-ans- lar, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə görüşlər, hüquq bilikləri klubu, gənclərin diskussiya klubu və b. daxildir. Bu forma- lar yeniyetmə və gənclərin hüquqi biliklərini artırmağa, hüquqi məsələlərə inam yaratmağa kömək göstərir.

İkinci qrup formalara məktəblilərin marağa görə könüllü dəs- tələri polisin gənc dostları, yaşıllıq dostları, sərhədçilərin gənc dost- ları, gənc yanğınsöndürənlər, gənc yol nəqliyyatı müfəttişləri, icti- mai asayişi mühafizə dəstələri və b. daxildir. Bu formalar şagirdlə- rin hüquq-mühafizə fəaliyyətinin təşkilinə, onlarda hüquqi baxışla- rın və əqidənin yaranmasına, müsbət adətlərin və fəal həyat mövqe- yinin, habelə əxlaqi-hüquqi təcrübənin formalaşmasına xidmət edir.

Məktəbdənkənar müəssisələr də hüquq tərbiyəsi sahəsində müəyyən rol oynayır. Uşaq-gənclər evi və sarayları, mədəniyyət saraylarında fəaliyyət göstərən dərnək və bölmələr, gənc təbiətçilər stansiyaları, uşaq kitabxanaları yuxarıda göstərilən bir çox iş formalarından istifadə edir (hüquq universitet və lektoriyaları, gənc hüquqşünas dərnək və klubları və s.).

Sinifdənxaric və məktəbdənkənar işlər uşaq və yeniyetmələrin asudə vaxtının səmərəli təşkilində böyük əhəmiyyət kəsb edir. Təc- rübə göstərir ki, məktəblilərin, xüsusən yeniyetmələrin asudə vaxtı düzgün təşkil edilmədikdə onların bir qismi günlərini boş-boşuna

keçirir, nəzarətsiz qalır, bəzən mənfi təsir altına düşür, hətta hüquqazidd hərəkətlərə (xuliqanlıq, sərxoşluq, narkomaniya və s.) yol verirlər. Yeniyetmə cinayətkarlığının təhlili göstərir ki, onların böyük qismi (60-70%-i), bir qayda olaraq, idman, mütaliə, bədii özfəaliyyət və digər ictimai-mədəni fəaliyyətlə məşğul olmamışlar. Bunu nəzərə alıb, şagirdlərin dərsdənkənar fəaliyyətini mənalı təşkil etmək, onları müxtəlif fəaliyyət növlərinə - idmana, ictimai-faydalı əməyə, elmi-texniki və bədii yaradıcılıq işlərinə, mütaliəyə geniş cəlb etmək lazımdır.

Hüquq tərbiyəsinin müvəffəqiyyəti onun planlı, məqsədyönlü və mütəşəkkil təşkilindən, bu sahədə məktəb, ailə və ictimaiyyətin sıx əməkdaşlığını təmin etməkdən asılıdır.


    1. Yüklə 268,27 Kb.

      Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin