Номинативный анализ предложения на азербайджанском
и английском языках
РЕЗЮМЕ
Предложение есть минимальная информативная единица текста. Оно является в широком смысле сообщением его автора адресату о существовании какого-либо объекта действительности. Элементы или части предложения, образованные словами и другими лексическими единицами, представляют собой, опять же, в широком смысле отдельные аспекты этого сообщения.
Предложение в тексте выполняет две функции – номинативную (назывную) и предикативную (модальную). Эти функции обусловлены тем, что предложение выражает два взаимосвязанных значения, одноименных с соответствующими функциями – номинативное и предикативное. Номинативным значением всякого (простого) предложения в тексте или высказывания является выражение сложного понятия о каком-либо классе объектов действительности в виде некоторой абстрактной ситуации (события, факта, отношения и т.п.).
U.Aliyeva
The nominativ analyses of the sentences in Azerbaijan and English languages.
SUMMARY
There are two types of function of the sentences – nominative and predicative. These functions denotes that they have common relations with each others. According to the nominative meaning and structure the sentences are divided into two types: simple and compound. Simple sentence consists of only one information on the situation. But compound sentences consist of two or more simple sentences. Subject and predicate is the main position in the nominative structure of sentences.
Çapa tövsiyyə edən: Bakı Dövlət Universiteti, Ümumi
dilçilik kafedrası
Rəyçilər: Prof. M.Novruzov
Dos. M.T.Məmmədov
Günel Babanlı
Bakı Dövlət Universiteti.
gunkababanli@hotmail.com
KONVERSİYA TERMİNİNİN SEMANTİK
TƏHLİLİ
Açar sözlər: konversiya, substansiya, verbalizasiya.
Ключевые слова: kконверсия, субстантивация, вербализации.
Key words: conversion, substantivization, adjectivization, verbalization, adverbialization
“Konversiya” termini latın mənşəlidir. “dəyişmə” mənasındadır. Linqvistik terminlər lüğətində “ konversiya” termininin ingiliscə “conversion” sözündən əmələ gəldiyi və yeni söz yaradıcılığı üsulu, yolu olduğu, sözdəyişdirici paradiqmalar təşkil etdiyi qeyd olunmuşdur.
Konversiya yarananda söz yeni sintaktik mühitə düşür, yeni sintaktik funksiya ilə çıxış edir, yeni məna formalaşır, sözün morfoloji dəyişməsi nəticəsində digər paradiqmalar əmələ gəlir.
Konversiyanın müxtəlif növləri vardır: substantivləşmə, adyektivləşmə, pronominallaşma, verballaşma, adverbiallaşma, konyuksionallaşma və s. Bunlar dilimizə aid qrammatik terminlərlə adlandırıla bilər: isimləşmə, sifətləşmə, əvəzlikləşmə, felləşmə, zərfləşmə, bağlayıcılaşma və s.
Çağdaş dilçilikdə dilçilər arasında belə bir fakt şübhə yaratmır ki, dil sisteminə asimmetriklik xasdır. Bu da dilin bütün səviyyələrinə nüfuz edir və o cümlədən nitq hissələrinin özünəməxsus semantik, formal və funksional çarpazlaşmasında özünü büruzə verir. Dildə qrammatik səviyyədəki asimmetriklik daha mürəkkəb xarakterə malikdir. O həm sistemdə bütövlükdə, həm də qrammatik vahidlərin strukturunda və onların funksionallığında təzahür edir. Qrammatik asimmetrikliyin mövcudluq formalarından biri də bir nitq hissəsinə mənsub olan sözlərin digər nitq hissəsinə keçməsidir. Dilçilik ədəbiyyatında bu proses müxtəlif terminlərlə adlandırılır. Belə ki, bir nitq hissəsinə mənsub olan sözlərin digər nitq hissəsinə keçməsi prosesini transpozisiya, konversiya, derivasiya adlandırırlar.
“Konversiya” termini latın mənşəlidir, “dəyişmə” mənasındadır. (1,s.347) Linqvistik terminlər lüğətində “konversiya” termininin ingiliscə “conversion” sözündən əmələ gəldiyi və yeni söz yaradıcılığı
üsulu, yolu olduğu, sözdəyişdirici paradiqmalar təşkil etdiyi qeyd olunmuşdur.( 2, s. 202)
Konversiya-keçmə maraqlı linqvistik hadisələrdən olub, dilin ifadə və məzmun planlarının qarşılıqlı nisbətdə öyrənilməsi zəminində meydana çıxır. Konversiya yarananda söz yeni sintaktik mühitə düşür, yeni sintaktik funksiya ilə çıxış edir, yeni məna formalaşır, sözün morfoloji dəyişməsi nəticəsində digər paradiqmalar əmələ gəlir. (3,s.41)
Dildə keçid nəzəriyyəsi deyilən bir nəzəriyyə mövcuddur. Keçid prosesi ümumi aktual linqvistik problemdir. Bu nəzəriyyə keçidin vəziyyəti, inkişafı və tiplərini müəyyənləşdirir. Bu nəzəriyyə dildə keçidlə nitqdə keçidin dinamikasını öyrənir. Bu nəzəriyyə dinamik və statik keçidin qanunauyğunluqlarını tədqiq edir. Ümumən keçid nəzəriyyəsi dilçilikdə ilk növbədə dilin material formasının tarixi ilə bağlı meydana çıxır. Keçid anlayışı transpozisiya, transformasiya kimi dilin vəziyyəti, onun inkişaf anı bağlıdır. Q.H.Paulun fikrincə, “keçid hadisəsi bir nitq hissəsinin digərinə keçmə dərəcələrini öyrənir. Burada okkazional – fərdi məna kontaminasiyası üstündür” (4,s.34)
Bir nitq hissəsindən digər nitq hissəsinə keçid prosesini A.A.Şaxmatov xüsusi terminlərdən istifadə etməklə aydındınlaşdırmışdır. Bu terminlər aşağıdakılardır: Substantivləşmə (isimləşmə), adverbiallaşma (zərfləşmə), verballaşma (feilləşmə), pronominalizasiya (əvəzlikləşmə), konyuksionallaşma (bağlayıcılaşma). (5, s.427)
A.V.Şerba və Vinoqradov nitq hissələrini kateqorial vəziyyətə görə təhlil etmiş, tarixi keçid prosesini transformasiya, transpozisiya və müasir keçidi hibridləşmə adlandırmışlar. “Transformasiya” termini şəklini dəyişmə, başqa bir hala girmə deməkdir. “Transpozisiya” termini isə yerdəyişdirmə , köçürmə, köçürülmə mənasındadır. “Hibridləşmə” termini isə cütləşdirmə, qoşalaşdırma nəticəsində alınan dil vahidləri anlayışını ifadə edir.
Keçid vəziyyətinin dildə iki növü fərqləndirilir: aralıq keçid və sinkretizm keçidi. Bunlar müxtəlif növ və formalarda, həmçinin də dilin vahid və kateteqoriyalarının mahiyyəti, dilin material və ideal sahəsi ilə üzə çıxır.
Aralıq kateqoriya və vahidlər periferik və kontaminasiya əlamətlərinə malikdir. Aralıq vəziyyət fonetikada, morfologiyada, sintaksisdə, həmçinin də leksikada müşahidə olunur. Aralıq hadisəsi, eləcə də dilin semantik sahəsində - leksik və qrammatik mənalarda müşahidə olunur.
V.İ.Koduxov yazır ki, sinkretizm halın (imkanın, vəziyyətin) keçid növü kimi ondan ibarətdir ki, vahidlərin maddi və formal birliyi iki və daha çox qiymət və ya funksiyaya malikdir. Dil sistemində sinkretizmə ən parlaq misal – leksik və morfoloji omonimyadır (mənaca bir – birindən fərqlənən sözlərin deyilişcə bir – birinə oxşaması). Sinkretizm semantik növün qeyri müəyyənliyi kimi, mənaların eyni vahiddə yerləşməsində aşkar edilir. Nəhayət, sinkretizm tarixi törəmə və müasir (çağdaş) əsaslandırma ilə formal törəmə və semantik əsaslandırmanın ayrılması nəticəsində meydana gəlir. Vəziyyətin (halın, imkanın) keçidinin iki əsas növü olan və sinkretizm bir – birindən onunla fərqlənir ki, dil vahidini formal və semantik ifadə edilməzlik və qeyri – müəyyənliklə xarakterizə olunur ki, bu zaman sinkretizm dil vahidini, forma və mənanın və yaxud, ancaq forma və mənanın müxtəlif kateqoriyalarının uyğunlaşdırılması ilə xarekterizə olunur. (6, s.5-16) Sinkretizm – keçid prosesi inkişafının ilk mərhələsi üçün səciyyəvi olan ayrılmazlıq, qovuşuqluq deməkdir.
Bir nitq hissəsindən digərinə keçidin bir neçə tipi var. Bunlardan biri semantik keçiddir. Dildə bu keçidin 4 növü fərqləndirilir: 1) qarışıq, 2) sərhədi olan, 3) funksional, 4) genetik keçidlər. Qarışıq keçid sifət nitq hissəsini əhatə edir. Bu cür sözlər şəxsləri və heyvanları xarakterizə edir. Məs.: “vəhşi” sözündə olduğu kimi. Vəhşi gəldi. Vəhşi (adam, heyvan) gəldi. Sərhədi olan keçid semantikasında dil vahidləri məntiqi, psixoloji, idioetnik anları ifadə edir. Məsələn, “milyon” və “üçlük” sözlərini götürək: Milyon almaq. Milyon manat. Üçlük lampa. Üçlük danışıqlar apardı. Funksional keçid bədii mətnlərin (xüsusən də şeirlərdə) daxilində özünü göstərir. Genetik keçid mənşə məsələləri ilə bağlıdır. Bu, tarixizm və ekzotizm xarakterli sözlərin tarixən keçididir.
İngilis dilində konversiya hadisəsinin təfsilatlı tədqiqi görkəmli rus sovet dilçisi A.Smirnitskinin adı ilə bağlıdır. Tədqiqatlarında alim özünə qədər konversiyanı semantik və sintaktik hadisə hesab edən konsepsiyaları ardıcıl tənqid etmişdir. Konversiyaya semantik hadisə kimi yanaşanlar göstərirdilər ki, konversiya zamanı sözün mənası dəyişir, onu sintaktik hadisə sayanlar isə sözün sintaktik funksiyasının dəyişməsini əsas götürürdülər. Konversiya nəticəsində adətən yeni sözün meydana çıxması faktını önə gətirən A.Smirnitski birmənalı olaraq konversiyanı sözyaratma üsulu olaraq müəyyənləşdirdi. Konversiya zamanı ilkin sözlə yeni yaranan söz arasındakı münasibətləri tədqiq edərək göstərirdiki, yeni yaranan söz özündə daxili, semantik törəmə xüsusiyyətinə malikdir. Konversiya hadisəsinin mahiyyətinin anlaşılmasında mühüm uğurlardan biri kimi onu göstərmək olar ki, A.Smirnitski sözün morfoloji tərtibatının, yəni paradiqmanın konversiya hadisəsində fəal və böyük rolu olduğunu qeyd etmişdir. O, konversiya zamanı paradiqmanı yeganə sözyaratma vasitəsi hesab etmişdir: “Konversiya elə sözyaratma (sözəmələgətirmə) növüdür ki, bu zaman sözdüzəldici vasitə kimi yalnız söz paradiqmasının özü çıxış edir” (7,14-19).
Konversiya hadisəsinə tamamilə başqa prizmadan yanaşan tədqiqat işləri də nəzəri cəlb edir. Göstərilən tədqiqatlarda konversiya sözlərin müxtəlif nitq hissələri arasında keçid prosesinin ümumi adı kimi yanaşıldığı nəzərə çarpır. Yəni konversiya substantivləşmə, adyektivləşmə, pronominallaşma, verballaşma, adverbaillaşma, konyunksionallaşma və s. proseslərin ümumi adı olaraq qəbul olunsa da, dilçilik ədəbiyyatında ona daha dar mənada yanaşma da mövcuddur. Belə ki, ingilis dilində isimlərdən feillərin yaranması məsələsinə həsr etdiyi namizədlik dissertasiyasında S.Kostenko konversiya hadisəsinə tamamilə fərqli yanaşır. Tədqiqatçının gəldiyi nəticə bundan ibarətdir ki, konversiya hadisəsi söz yaradıcılığı üsulu kimi yalnız verballaşma ilə və ya daha da dəqiqləşdirsək, yalnız isimlərdən feil yaradılması ilə məhdudlaşır. Əlbəttə, tədqiqatçının gəldiyi bu nəticə ilə razılaşmaq mümkün deyildir. Ümumiyyətlə, söz yaradıcılığı üsulu kimi konversiyanın təkcə verballaşma ilə məhdudlaşdırılması, onun tərkibindən substantivləşmə və başqa sözyaratma növlərinin çıxarılması heç bir məntiqə uyğun deyil. Bəllidir ki, konversiyaya aid edilən bütün şəkilçisiz sözyaratma növləri, o cümlədən də substantivləşmə mahiyyətcə və sözdüzəldici vasitələrinə görə heç bir prinsipial fərqlərə malik deyildir.
Dünya dilləri üzrə aparılan tədqiqatlar göstərir ki, konversiya hadisəsi təkcə analitik dillərdə deyil, sintetik quruluşlu dillərdə də yayılmışdır.
Türk dillərinə aid qrammatika kitablarında konversiya hadisəsinin şərhinə ara sıra müraciət edilmişdir. Konversiya barəsində türkoloqlar arasında müxtəlif fikirlər mövcuddur. Bir qrup türkoloqlar konversiyanı qrammatik formalı funksional hadisə, digərləri isə türk dillərindəki kök morfemlərin keçmiş sinkretizminin rudiment qalığı hesab edirlər. Bu iki qrup türkoloqların fikirlərindəki uyuşmazlığı və müasir türk dillərində müşahidə olunan konversiya hadisəsinin xarakterində və təzahür formalarındakı fərqləri görən N.Dmitriyev konversiyanı bir nitq hissəsindən digərinə elə requlyar keçid hadisəsi hesab edir ki, bu zaman sifət-isim, isim-sifət, feil-isim, isim-feil və s. tipli ikifunksiyalı söz meydana çıxır. Lakin qeyd etmək lazımdır ki, birinci qrup türkoloqlar kimi, N.Dmitriyev də həmin hadisə zamanı meydana çıxan ikifunksiyalı sözü onun etimologiyasından çıxış edərək iki nitq hissəsindən birinə aid edir, amma bu zaman formal olaraq həm də onun mənasına və funksiyasına əsaslanır. (8, s.32-35)
Konversiyanı – keçid prosesini – yeni söz yaradıcılığı üsulu da sayırlar. Sözün qabığında və cildində heç bir dəyişiklik edilmədən bir nitq hissəsi digəri ilə əvəzlənir, başlanğıc söz – forma ilə sonrakı söz – forma üst – üstə düşür. İngilis dilində bu hadisəni araşdıran A.İ.Smirniski iki oxşar sözü (ha`mmer və hamme`r) qarşılaşdırılır. Bu oxşar formalar nəinki öz sintaktik funksiyasına görə, həmçinin paradiqmalarına görə fərqlənir. Belə ki, hammer sözünün feil kimi hammer, hammerd (çəkicləmək), isim kimi isə (many) hammers (çəkiclər) paradiqmaları mövcuddur.
A.Smirinskinin fikrincə, “Qədim ingilis dilində yeni söz yaratma yolları ən çox konversiya – derivasiya yolu ilə mümkün olmuşdur, belə sözlər həmin dilin lüğət fondunda xüsusilə seçilmişdir. Beləliklə, bu dildə çox sözlər sadə kökdən ibarət olmuş, amma müxtəlif nitq hissələrinə mənsubluğuna görə fərqlənmişlər. Orta ingilis dili deyilən dövrdə bir sıra şəkilçilər öz məhsuldarlığını itirmiş və bunun nəticəsi olaraq eyniköklü sözlər çoxalmış və bu omonimliyə gətirib çıxarmışdır. Bu zaman eyni qrammatik formalar omonimlik yaratmışdır. Aşağıdakı sözlər qədim və orta əsrlər ingilis dilində həm feil, həm də isim kimi işlənməyə meyl göstərmişlər. Bu hal müasir ingilis dilində də geniş vüsət almaqdadır: comfort (təskinlik, təskinlik vermək), cover (qapaq, örtmək), escape (qaçış, qaçmaq), cry (qışqırıq, qışqırmaq), dance (rəqs, rəqs etmək), rest (istirahət, istirahət etmək), answer (cavab, cavab vermək), name (ad, adlandırmaq), blossom (çiçək, çiçək açmaq), care (qayğı, qayğısına qalmaq), ship (gəmi, gəmi ilə göndərmək), drink (içki, içki içmək), smoke (tüstü, siqaret çəkmək), end (son, sonlandırmaq), fight (mübarizə, mübarizə aparmaq), fear (qorxu, qorxmaq), fish (balıq, balıq tutmaq) və s. (9)
Analoji cütlüklər sifət və feil keçidində də çox müşahidə olunur.
Qeyd edək ki, belə konversiya hadisəsi flektiv dillərə məxsusdur. Amma bu hadisə Azərbaycan dilində də bir sıra sözlərdə özünü göstərir. A.Axundov bu barədə yazır: “İltisaqi dillərdən biri kimi Azərbaycan dilində, flektiv dillərdə olan fonematik əvəzlənmə yoxdur. Ümumiyyətlə, qrammatik və leksik mənaların ifadə olunmasında başqa türk dillərində olduğu kimi bizim dilimizdə də monosemantik affikslər, həm sözdəyişdirici, həm də sözdüzəldici əsas rol oynayır. Fonetik asılılığa məruz qalmayan söz kökləri isə müxtəlif qrammatik vəziyyətlərdə sabit və dəyişməz qalır. Bir sözlə, Azərbaycan dilində fonematik əvəzlənmə axtarmaq nəzəri cəhətdən doğru deyil.
Lakin bir çox amillər bizim dilimizdə fonematik əvəzlənmələrin tədricən özünü göstərməsi üçün müəyyən əlverişli şərait yaratmaqdadır”. (10, s.88) Ə.Dəmirçizadə yazır: “Azərbaycan dilində səsdüşümü, səsartımı olduğu kimi, səslərin dəyişilməsi və əvəz olunması hadisələri də vardır. Unutmamalı ki, bu hadisələr yalnız sözlərə şəkilçi artırıldığı zaman deyil, bir sözdən yeni mənalı başqa bir söz düzəltmə zamanı da özünü göstərir. Məs.: uzun – uzanmaq, gödək – gödəlmək, alçaq – alçalmaq, sarı – saralmaq” .(11, s.123)
Azərbaycan dilinin müasir vəziyyəti baxımdan fonematik əvəzlənmə hesab edilən bu faktlar həqiqi fonematik əvəzlənmə sayıla bilməz. Bu faktlar yuxarıda ingilis dilindən verdiyimiz konversiya nümunələrinə oxşayır.
Konversiyanın tipləri müxtəlif və rəngarəngdir. Sözün biri nitq hissəsindən digərinə keçidinin 3 tipi vardır: 1) leksik – semantik; 2) morfoloji – semantik; 3) morfolji – sintaktik.
Leksik – semantik konversiyada eyni sözlər yalnız köklərdən ibarət olur. Məsələn, “yaxşı” sözünü götürək. Bu leksik vahid yalnız kökdən ibarət sifətdir. Leksik – semantik konversiya statusu qazanmaq üçün bu sifət zərfə keçməlidir və onun sintaktik funksiyasını qazanmalıdır. Müqayisə et: yaxşı adam – yaxşı oxuyur. Göründüyü kimi, “yaxşı” sözü sintaktik variasiyaya məruz qalmışdır. Biz bu hadisəyə sintaktik hadisə kimi deyil, leksik – semantik hadisə kimi baxmalıyıq. “İkincidərəcəli sintaktik funksiyalarda bu nitq hissələrində sözlərin istifadə edilməsi, digər nitq hissələrində əsas sintaktik funksiylardısa, sözün sözün sintaktik dəyişməsi adlana bilər. Digər nit hissəsinə aid olan və sintaktik dəyişmənin təzahürünü söz yaratmağa aid etməyə əsas yoxdur. Sintaktik dəyişmənin hədləri substantiv, adyektiv verbial və bu kimi xüsusiyyətlərdə aşkara çıxır. Düzdür, bir nitq hissəsindən başqa nitq hissəsinə keçid, şübhəsiz, sözün sintaktik dəyişmələr imkanı ilə əlaqədardır. Sonuncu başlanğıc nöqtə rolunu oynayır və birincinin əsasıdır. Bununla bərabər prinsip etibarilə bunlar ayrı-ayrı təzahürlərdir və onları məhdudlaşdırmaq lazımdır: birinci halda, həqiqətən yeni lüğət vahidi yaranır, ikinci halda isə bu baş vermir.”( 12)
Beləliklə, konversiyalaşmış söz öz əvvəlki formasını saxlayır. Fərqli qrammatik kateqoriyaların əlamətini qazanır, kontekstdə əlaməti (əşyavilik, maddilik, əlamətlilik) müəyyənləşir.
Keçid prosesi dilin daxili inkişaf qanunauyğunluqlarından biri kimi tarixi kateqoriyadır və onun məzmununun müəyyənləşdirilməsi həmin prosesin semantik çalarlarının açılmasından xeyli asılıdır. Keçid prosesi dilin uzun sürən semantik inkişafının nəticəsi kimi meydana çıxır.
ƏDƏBİYYAT
1. Словарь иностранных слов. М., 1954
2. Ахманова О.С. Словарь лингвистических терминов. М., 1966
3. (Арбекова Т.И. Лексикологогия английского языка (Практичкский курс). М.: Высшая школа, 1977.
4. Пальчов О.А.Понятие сочитаености и валентности на семантическом уровне.// Вопросы романогерманской филологыи. т. 139. Воропеж, 1972
5. Щахматов А.А.Синтаксис русского языка. Л., 1941
6. Кодухов В.И. Семантическая переходность как лингвистическое понятие // Семантика переходности. Сбоник научных трудов. Л., 1977
7. Смирнитский А.И. Так называемая конверсия и чередование звуков в английском языке // Иностранный язык в школе, 1953
8. Дмитриев Н.К. Наречия места в турецком языке // Памяти ак. Льва Владимовича Щербы. Л.,1951
9. Смирницкий А.И. Лексикология английского языка. М., 1956
10. Axundov A. Azərbaycan dilinin fonetikası. Bakı, Maarif, 1984
11. Dəmirçizadə Ə. Müasir Azərbaycan dili. 1-ci hissə, Bakı, 1972
12. Современный русский язык. Морфология. Изд-во Московского университета, 1952.
Г. Бабанлы
Семантический анализ термин конверсия
РЕЗЮМЕ
"Конверсия" означает "изменение" в Латинской происхождения. Глоссарий лингвистических терминов в «конверсии » означает новый метод создания слово, изменение парадигмы на английском языке. Конверсия является лингвистическое событие, создается на основе содержания и языка. Конверсия создается, когда слово образовано новое синтаксический среды, и образуется в результате морфологических изменений.
Существуют различные типы Конверсия: субстантивация, вербализации. Конверсия изучается как лексической - грамматической элемент.
G. Babanli
The semantic analysis of conversion term
SUMMARY
"Conversion" means "change" in the Latin origin. In the glossary of linguistic terms "conversion" means new word creation method, that was noted by the word-changing paradigms in English.
Conversion is a linguistic event, and is created on the basis content language. When conversion is created a word is formed in the new syntactic environment, and formed as a result of the morphological changes.
There are different types of conversion: substantivization, adjectivization, pronominalization, verbalization, adverbialization, conjunctionation.
Çapa tövsiyyə edən: Bakı Dövlət Universiteti, Ümumi dilçilik
kafedrası
Rəyçilər: AMEA-nin müxbir üzvü, prof. N.Q.Cəfərov
Dosent M.T.Məmmədov
Aytən Hüseynova
AMEA Nəsimi adına Dilçilik İnstitutu
aytenhuseynova88@gmail.com
DİLLƏRİN QARŞILIQLI ƏLAQƏ PROSESİNDƏ BEYNƏLMİLƏL TERMİNLƏR
Açar sözlər: dillərarası əlaqə, alınma söz, termin, beynəlmiləl terminlər.
Ключевые слова: взаимосвязи языков, заимствонные слова, термин, интернациональные термины.
Key words: linguistics contact, loan word, term, international terms.
Dil xalqa, kollektivə məxsus olub, ictimai hadisədir. Xalqın həyatında dil ünsiyyət vasitəsi olaraq mühüm rola malikdir. Belə ki, dövlətlər, xaqlar arasındakı əlaqələr məhz dilin vasitəsilə yaranır, inkişaf edir. Tarixən dillər arasında qarşılıqlı əlaqələr mövcud olmuşdur. İstər ticarət, istər mədəni, istərsə də iqtisadi əlaqələrin mövcud olması dilə təsirsiz ötüşməyib. Dilin inkişafında, zənginləşməsində dillərarası əlaqələr böyük rol oynayır. Dillərin qarşılıqlı əlaqəsi dedikdə bir dilin təsirilə digər dildə baş verən dəyişiklər nəzərdə tutulur. Dillərin qarşılıqlı təsirinin nəticəsi həmin dillərin bir-birindən müxtəlif linqvistik vahidləri, elementləri mübadilə etməsidir. Bu proses digər dilin lüğət tərkibinin zənginləşməsinə gətirib çıxarır. Zənginləşmə leksik vahidlərin sayca çoxalması ilə əsaslandırılır. Elə bir dil yoxdur ki, orada yad ünsürlərə, alınma sözlərə rast gəlinməsin. Dillərin qarşılıqlı əlaqəsi varsa, demək dildə mütləq alınma sözlər, beynəlmiləl terminlər olacaq. Bu cür proses ekstralinqvistik amillərin nəticəsidir. “Dilin inkişafında xüsusi rol oynayan xarici faktorlardan biri dillərin əlaqəsi, kontaktıdır. Bu faktor xalqlar arasında iqtisadi, siyasi, mədəni və digər əlaqələr əsasında meydana çıxır. Dünyada elə bir dilə rast gəlmək olmaz ki, o ancaq öz daxili vasitələrindən ibarət olsun. Bu faktorun əsasında dünya dillərində dil əlaqəsi ənənəsi yaranmışdır. Bu ənənə bütün dünya dillərində mövcuddur” (2,449).
İnteqrasiya prosesi, ərazi birliyi, coğrafi mövqe, qonşuluq münasibətləri də dillərin qarşılıqlı əlaqəsində müxtəlif dillərin bir-birindən söz almasına təsir edir.
Mədəniyyətin, incəsənətin, elmin, texnikanın inkişafı, ölkənin siyasi, iqtisadi həyatının yüksəlməsi onun təsiretmə gücünü artırır. Bu inkişaf onu dünya arenasına çıxarır və insan fəaliyyətinin bütün sahələrinə təsir edir. Beləliklə, dildə ümumi anlayışı, hadisəni, məfhumu bildirən beynəlmiləl söz-terminlərin yaranmasını surətləndirir. Ölkənin təhsil, mədəniyyət sahəsində uğurları, həmçinin bazar iqtisadiyyatının, istehsal əlaqələrinin genişlənməsi onun xalqların dilinə təsirini gücləndirir və dili leksik cəhətdən təmin edir. Təbii ki, yeni anlayış, termin, sözlərin çoxu əsasən inkişaf etmiş, hegemon dövlətlərin dilindən keçir. Amerika, İngiltərə, Yaponiya və s. kimi ölkələrdə kapitalizm, iqtisadiyyat, texnika o qədər surətli inkişaf etmişdir ki, digər xalqlar daha çox bu ölkələrin dillərindən bəhrələnir.
Ölkənin ictimai, iqtisadi, siyasi, mədəni, elmi-texniki və s. inkişaf səviyyəsi daha yüksəkdirsə və o aparıcı mövqeyə malikdirsə, deməli, o zəif inkişaf etmiş xalqların dilinə güclü təsir edə bilər. “Həyatın axıntısı getdikcə internasionallığa çəkir. Bir millət arasındakı hər yeni tapntı, yaranış az zaman içərisində əvvəlcə mədəni millətlər, sonra da yavaş-yavaş avam (mədəni inkişaf cəhətdən geridə qalmış) millətlər arasında yayılır” (7,3). Bu müstəvidə bir dil digərinə nisbətən üstün-dominant mövqedə durur. Dil daşıyıcılarının üstün dilə marağının olmasının səbəbi bu dilin istifadə dairəsinin geniş olmasıdır.
.....Beynəlmiləl termin deyərkən beynəlxalq anlayışı bildirən, səslənməsi yaxın olan, mənaca oxşar olan, ən azı üç müxtəlifsistemli dillərdə işlənən alınma terminlər nəzərdə tutulur. Məsələn:
computer – ingilis, computador – ispan, computer- italyan, kompüter – Azərbaycan; ideology-ingilis, idéologie- fransız, идеология- rus, ideología- ispan, ideologiya- Azərbaycan;
atom- ingilis, átomo- ispan, atome- fransız, atomo- italyan, atom- Azərbaycan və s.
sözləri beynəlmiləl terminlərə misal çəkmək olar.
Dilə daxil olan terminlər aid olduğu dilin xüsusiyyətlərini tam özündə saxlaya bilmir və daxil olduğu dilin fonetik, qrammatik qanunlarına uyğunlaşaraq dəyişikliyə uğrayır.
Terminlərin beynəlmiləl olmasının əsas kriteriyası nədir? Qeyd etmək lazımdır ki, beynəlmiləl terminlər əsasən alınmadır. Lakin hər alınma söz beynəlmiləl sayılmır. Dilçilikdə beynəlmiləl sözlərə yanaşmalar da müxtəlifdir. L.A.Bulaxovski beynəlmiləl sözlər haqqında yazır ki onlar “ fonetik tərkibcə uyğun olan, bir sıra dillərdə yayılmış mədəni məfhumları ifadə edən sözlərdir”. ( 9 , 108)
O.B.Şaxray da eyni cür fikirləşərək qeyd edir ki, “bu və ya digər söz bir sıra dillərdə işlənirsə, onu internasionalizmlər sırasına daxil etmək olar”. (12,)
Bəzi müəlliflər isə bu sözlərə nümunələri Avropa dillərindən kənara çıxmayaraq, əsasən, ingilis, fransız, alman və.s dillərindən verir, bəziləri isə eynisistemli dillərdə işlənməsini beynəlmiləl sayır. Bu müəlliflərin bu cür yanaşmaları sözsüz ki, yanlışdır.
Beynəlmiləl terminlər həm qohum olan, həm də qohum olmayan dillərdə işlənməlidir. Lakin sözün tək qohum dillərdə işlənməsi beynəlmiləl hesab olunmur. Bunun üçün o mütləq həm də qohum olmayan dillərdə işlənməlidir. Əgər söz yalnız eyni dil qrupunda, Məsələn:
Roman dillərində: fransız- société, ispan- sociedad, italyan- società, yaxud
Slavyan dillərində: rusca-вода, belarus- вaда, slovak- voda və s. işlənirsə və bu sırf qohum dillər üçün ortaq leksik fond təşkil edirsə, bu sözlər beynəlmiləl sayıla bilməz. İnternet sözü ingilis mənşəlidir. German dillərində işlənən bu söz həm roman, həm slavyan, həm türk dilləri, həm də baltik dillərində yayılmışdır. “Aydındır ki, beynəlmiləl terminlərin yayılma sahəsi genişdir. Beynəlmiləl terminlər qohum dillərdə işlənə bilər, lakin bununla yanaşı o mütləq həm də qohum olmayan dillərdə istifadə olunmalıdır”. (10 ,7)
A.A.Beletski, V.V.Akulenko, A.Belçikov qeyd etmişlər ki, beynəlmiləl sözlər ən azı üç qohum olmayan dildə işlənməlidir.
Terminlər dilə həm ədəbi dil, həm də danışıq dili yolu ilə keçə bilir. Beynəlmiləl terminlər ədəbi dilin şifahi, eyni zamanda yazılı qolu ilə alınır. Ədəbi dil vasitəsilə elm-texniki, fəlsəfi, siyasi və s. anlayışlar, terminlər keçir. Məsələn: determinizm, ideologiya, personalizm, rasional və s.
Danışıq dili ilə daxil olan terminlər əsasən məişətə aid olan və ümumişlək səciyyə daşıyan sözlərdir. Məsələn: lift, selfi, kokteyl və s.
Dil ilə cəmiyyət arasında qarşılıqlı asılılıq mövcuddur və birinin inkişafı digərinin inkişafı deməkdir. Cəmiyyətdə baş verən hər bir yenilik ilk növbədə dilin lüğət tərkibinə öz təsirini göstərir. Məsələn, Wİ-Fİ texnologiyasının yaranması.Wİ-Fİ- kompüterlərin şəbəkəyə birləşdirilməsi və yaxud İnternetə qoşulması üçün müasir simsiz texnologiyadır. Bu texnologiya vasitəsilə onlarla istifadəçi eyni zamanda internetdən sərbəst şəkildə yararlana bilər. Bu texnologiyanın beynəlxalq səviyyədə işlənməsi nəticəsində bu termin əksər dillərin terminoloji sisteminə daxil oldu.
Son ilin ən təhlükəli xəstəliyi sayılan Ebola virusu da beynəlxalq səviyyədə surətli yayılmağa başladı. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bəşər tarixində ən qəddar virus sayılan Ebola virusu termini ümumbəşəri xarakter daşıdı və beynəlmiləl termin kimi dildə işlənilməyə başladı.
Beynəlmiləl terminlər müxtəlif səbəblərdən mövcud ola bilər.
-
Yeni cihazın, texnikanın yaranması və digər dillərdə bu haqda anlayışın olmaması hazır şəkildə texnika ilə yanaşı sözü, termini mənimsəmə. Məsələn, İphone, 3G texnologiyaları, İpad və s.
-
Dünyada baş verən qlobal, siyasi hadisələr, proseslər, xəstəliklərin ümumbəşəri xarakter daşıması. Məsələn, liberal sivilizasiya, qloballaşma, modernləşmə, Ebola virusu və s.
-
Beynəlmiləl terminlərin ən əsas hissəsini elm, elmin müxtəlif sahələri təşkil edir. Buna səbəb dillərin qarşılıqlı əlaqəsi nəticəsində lüğət tərkibi kasad olan dillərin elmi tərəqqisi olan xalqların elmi terminologiyasına müraciət etməsidir. Məsələn, sosiologiya, psixologiya, informatika, statistika və s.
“Dillərin qarşılıqlı şəkildə bir-birinə təsiri və daha güclü elmi-texniki nailiyyətlər əldə edən, elmi kəşfləri ilə seçilən xalqların dillərinin təsiri ilə başqa dillərdə yeni yaranan zəif anlayışı ifadə edən terminin alınması dillərdə ortaq leksik vahidlərin formalaşmasına səbəb olur” (5, 243).
Məsələn, ərəb dilindən alqoritm, tarif, sıfır, admiral və s. sözlər beynəlmiləl termin kimi dünya dillərində işlənir. Beynəlmiləlizmləri V.V.Akulenko 5 əsas areala bölür:
1) Avropa-Amerika arealı;
2) SSRİ xalqlarının dilləri arealı;
3) Yaxın və Orta Şərq xalqları dilləri arealı;
4) Hindistan və Hind okeanı rayonu dillərinin arealı;
5) Uzaq Şərq arealı.
S.Xəlilova Akulenkonun areal təsnifatını daha əhatəli bölgü saysa da, onun nöqsandan xali olmadığını da qeyd edir. O, bu bölgüyə daha bir region və qitə dillərini daxil edir. Buraya Afrika dilləri arealı və nəhayət, Avstraliya arealını aid edir.
V.A.İsenqaliyeva isə beynəlmiləlizm anlayışını daha geniş mənada işlətməyi məqsədəuyğun görür. Və beynəlmiləlizm- avropaizmlər (bura latın, yunan, köhnə slavyan sözlərini daxil edir), beynəlmiləlizm- ərəb, beynəlmiləlizm-fars, beynəlmiləlizm-çin sözləri və s. qruplara ayırır.
Beynəlmiləlizmlər əsasən latın-yunan mənşəli sözlərdir. Latın dili Qədim Romada elm və kilsənin dili sayılırdı. Orta əsrlərdə artıq latın sözləri geniş şəkildə Qərbi Avropa dillərinə daxil olmağa başladı. Bu dillərin lüğət tərkibində latın və yunan mənşəli sözlər, elementlər üstünlük təşkil edir. Ona görədir ki, elmi terminologiyanın yaranmasının əsas mənbəyini bu dillər təşkil edir. Məsələn, appelyasiya- latın, qravitasiya- latın, deduksiya- latın, disput-latın, fizika- yunan, psixologiya –yunan və s.
Dünyanın əksər dillərində beynəlmiləl- türkizmlərə də rast gəlmək olar. Məsələn, türk dilində yogurt, rus dilində йогурт, ingilis dilində yoghurt, fransız dilində yaourt, fin dilində jogurtti; türk dilində dolaman, rusca dolaman, ingiliscə dolman, fransız dilində dolman və s.
Bir çox dillərin, o cümlədən, Azərbaycan dili terminologiyasının əsas tərkib hissəsini beynəlmiləl terminlər təşkil edir. Elmin müxtəlif sahələrində bu terminlərə rast gəlmək olar. Məsələn, dilçilik – morfem, paradiqma, leksikologiya, riyaziyyat – teorem, kosinus, loqarifm, vektor, informatika – bayt, brauzer, domen; iqtisadiyyat – aksiz, lizinq, verifikasiya terminlər, psixologiya – instinkt, motiv, affekt və s. Qeyd edək ki, beynəmiləl terminlər daha çox dəqiq elmləri təşkil edir.
Beynəlmiləlizmlər dilə iki cür daxil daxil olur:
-
Bilvasitə daxil olan beynəlmiləlizmlər.
-
Bilavasitə daxil olan beynəlmiləlizmlər.
Bilvasitə daxil olan terminlər hər hansı dillərin vasitəsilə digər dillərə keçmə yolu ilə baş verir. Azərbaycan dilində işlənən beynəlmiləl terminlərin əksəriyyəti dilimizə rus dili vasitəsilə keçmişdir. XIX əsrin birinci yarısından rus dili vasitəsilə Qərbi Avropa sözləri Azərbaycan dilinə keçməyə başladı. Buna səbəb kimi Azərbaycanın Rusiya ilə daha yaxın əlaqələrinin olması, beynəlxalq arenaya çıxışının nisbətən zəif olmasını göstərmək olar. Rus dili vasitəsilə dilimizə keçən beynəlmiləl terminlərə bunları misal göstərək: adaptasiya, neqativ, analiz, inteqrasiya, formula, vokal, temp və s.
S. Sadıqova qeyd edir ki, “Termin beynəlmiləl səviyyəyə çatması üçün ən azı üç mərhələ yolu keçir. Həmin üç mərhələ belədir: mənbə dil aralıq dil reseptor dil. Aralıq dil özü mənbə dilin vahidlərini mənimsəyir ki, bu zaman reseptor dil rolunu yerinə yetirir, həmin termini üçüncü bir dilə ötürəndən sonra aralıq dil hesab olunur və üçüncü dil reseptor dil sayılır” ( 5,257). Azərbaycan dilinə terminlərin keçməsində aralıq dili əsasən rus dili vasitəsilə olur.
Bilavasitə daxil olan terminlər dilə heç bir dilin vasitəsi olmadan birbaşa keçir. Müasir ədəbi dilimizə birbaşa keçən beynəlmiləl terminlər olsa da, amma onların sayı azdır.
Son illər ölkəmizin Avropaya inteqrasiyası, eyni zamanda ölkələrlə mədəni, elmi, iqtisadi və s. əlaqələrinin genişlənməsinin nəticəsidir ki, beynəlmiləl terminlər dilimizə birbaşa daxil olmuşdur. Məsələn, mobil, android, tab və s.
Nəzərə alsaq ki, ingilis dili beynəlxalq dildir və son zamanlar əsasən texnikanın dili olması, informasiyanın alınması ən çox bu dil vasitəsilə əldə olunur, bu səbəbdən də beynəlmiləl sözlərin digər dillərə keçməsində üstünlüyə malikdir. İnformatika-texnologiyanın inkişafı ilə bağlı dilimizə çoxlu sayda beynəlmiləl terminlər daxil olmuşdur. Xüsusən sosial şəbəkələrə marağın, tələbatın artması, ünsiyyətin, əlaqənin daha asan baş tutması bu sözlərin dilə keçməsini surətləndirdi. Məsələn, twitter, facebook, instagram, yahoo və s. Bu sözlər getdikcə dildə ümumişlək sözlərə çevrilir.
M.Qasımov beynəlmiləl terminləri tarixi mənbələrinə görə aşağıdakı qruplara ayırır:
a) ayrı-ayrı dillərin öz törəmələri;
b) başqa dillər vasitəsilə alınan terminlər;
c) başqa dillərdən alınan terminlər;
ç) müəyyən bir dilin daxilində müxtəlif internasional söz elementləri əsasında yaranmış terminlər; ( 1, 149)
Lakin ayrı-ayrı dillərin öz törəmələrinə çox az dildə rast gəlmək olar. Müasir Azərbaycan dilində olan beynəlmiləl sözləri bu cür qruplaşdırmaq olar:
-
Latın və yunan mənşəli terminlər: abstrakt (lat. abstractus), veto (lat. veto), mif (yun. μυθολογία), ironiya (yun. εἰρωνεία).
-
Digər dillərdən alınan beynəlmiləl terminlər: karyera (italyan), estrada (fransız), caz (ingilis), embarqo (ispan), azimut (ərəb), matros (holland), anşlaq (alman), köşk (fars), kurort (alman) və s.
-
Beynəlmiləl termin elementlər əsasında düzələn sözlər: geosiyasi, biomüxtəliflik, teleölçmə, radiodalğa, fotopillə və s.
Bəzən alınma sözlər dildə müsbət nəticə vermir. Lüzumsuz alınmalar dili ağırlaşdırır, ünsiyyəti çətinləşdirir. Süni yaradılmış söz zaman keçdikcə dil daşıyıcıları tərəfindən işlədilmir və yarandığı kimi tez də aradan çıxır. Bəzən isə alınmalar milli sözü üstələyib, onu istifadədən çıxarır. Və bunun üçün də dildə qarşılığı olan milli sözlərə üstünlük vermək yaxşı olardı. Düzdür, əgər onu əvəz edəcək söz yoxdursa və bu təbii ehtiyacdan irəli gəlirsə, alınmalara müraciət etmək vacibdir. Bu zaman dilin lüğət tərkibindəki sözlərin kəmiyyətcə artması ilə nəticələnəcək.
Beynəlmiləl terminlər dilin lüğət tərkibini linqvistik vahidlərlə, elementlərlə zənginləşdirir və dildə özünəməxsusluğu ilə seçilir. Beləliklə, beynəlxalq leksik fondun yaranması dünya xalqlarının bir-birinə yaxınlaşmasına, asan başa düşməsinə yardımçı olur.
Dostları ilə paylaş: |