Tərtib edən: Əlirza Muxtarpur Tərcümə edən: Əlirza Sərablı


Tələbə hərəkatı iddiasının səmimilik meyarı



Yüklə 0,68 Mb.
səhifə32/38
tarix31.12.2016
ölçüsü0,68 Mb.
#3888
1   ...   28   29   30   31   32   33   34   35   ...   38

Tələbə hərəkatı iddiasının səmimilik meyarı


Bizim ölkəmizin tələbə hərəkatı qeyd olunmuş və tanınmış tarixində həmişə antihegemon, antiistismar, antiistibdad, antidiktatura və güclü şəkildə ədalətsevər olmuşdur. Bizim tələbə hərəkatımızda əvvəldən bu günə qədər bu xüsusiyyətlər olmuşdur. Əgər kimsə tələbə hərəkatı iddiasında olsa, lakin bu xüsusiyyətlərə malik olmasa, doğru demir. Tələbə hərəkatı Fələstində qətliam, İraqda cinayət törədənlərlə, Əfqanıstanda xalqı qılıncdan keçirənlərlə əlbir ola bilməz. Bu, tələbə hərəkatı deyil. Ən azı bizim ölkəmizdə və bəlkə də çoxlu ölkələrdə tələbə hərəkatı hegemonluğun, istismarçılığın, diktaturanın əleyhdarı və ədalətin tərəfdarıdır. Bu hərəkətin başlanğıcı, yaxud tanındığı zaman 16 azər (7 dekabr) günüdür.

Elm və Sənaye Universtetində müəllim və tələbələrlə görüşdəki çıxışdan: 2008.

16 Azər - tələbələrin Amerika istismarına qarşı etiraz günü

Maraqlıdır ki, üç tələbənin qana boyandığı 1953-cü ilin 16 azəri (7 dekabrı) 28 mordaddan (19 avqustdan) təxminən dörd ay sonra baş verdi. Yəni 28 mordad çevrilişindən, o müdhiş repressiyadan, bütün qüvvələrə qarşı şiddətdən və hamının sükutundan sonra qəflətən Tehran universitetində tələbələrin vasitəsi ilə bir partlayış baş verir. Nə üçün? Çünki o zaman Amerikanın vitse-prezidenti olan Nikson İrana gəlmişdi. Bu tələbələr Amerikaya və 28 mordad çevrilişinin icraçısı olan Niksona etiraz əlaməti olaraq universitetdə aksiya keçirdilər. Bu əlbəttə, təzyiqlə üzləşdi və üç nəfər öldürüldü. 16 Azər (7 dekabr) hər il bu xüsusiyyətlə tanınmalıdır. 16 Azər Niksona etiraz edən, Amerika və istismar əleyhdarı olan tələbənin günüdür.

Həmin ildən ruhani, din və İslam hərəkatının başlandığı 63-cü ilə qədər tələbə hərəkatının az-çox fəaliyyəti olmuşdur. Mənim yadımdadır, 59-cu, 60-cı, 61-ci və digər illərdə tələbələr fəaliyyət göstərir, lakin ciddi təpkiyə məruz qalırdılar və genişlənməsinə imkan verilmirdi. Nəhayət 1962-ci və tam şəkildə 63-cü ildən ruhani hərəkatı başlandı. Siz burada da tələbə hərəkatının əlamətini müşahidə edirsiniz. Yəni ruhani hərəkatının başlandığı 1963-cü ildən inqilabın qələbə çaldığı 1979-cu ilə qədər siz hər yerdə ruhanilərlə çiyin-çiyinə və onların kənarında tələbə hərəkatını müşahidə edirsiniz. Ölkə universitetləri və elm ocaqları fəaliyyətin mərkəzidir və bütün bu müddətdə hərəkatın əsas qollarından biri tələbələrdir. Bunu həm özümüz yaxından müşahidə etdik, həm hərəkat və mübarizə işində olan digər dostlar, həm də digərləri təcrübə edib sınamışlar. Buna əsasən, universitetlər ruhani hərəkatının ayrılmaz hissəsi oldular. Düzdür, universitetlərdə ateist, marksist, antidin və digər cərəyanlar da vardı, lakin əsas cinah müsəlman tələbələrə məxsus idi. Odur ki, təşkil olunan mübariz qruplarda və görülən işlərdə, məsələn həbsxanalarda - bizim özümüz müxtəlif illərdə müxtəlif həbsxanalara düşdük - və digər yerlərdə tələbələr vardı; yəni ruhani və tələbələr əsas məhbusları təşkil edirdilər. Məhz buna görə biz Məşhəd ruhaniləri, din alimləri və Məşhəd xalqının böyük bir hissəsi inqilabdan öncə - 78-ci ildə İmam Rza (ə) adına Tibb universitetində piket keçirdik; yəni universitet mərkəz oldu. Tehranda da imamın gəlişinin gecikdirilməsinə etiraz edən din alimlərinin, ruhanilərin, inqilabçıların və mübarizlərin piketi Tehran universitetində baş tutdu. Bunlar universitetin və tələbənin rolunu göstərir. Və nəhayət inqilab qələbə çaldı.

Elm və Sənaye Universtetində müəllim və tələbələrlə görüşdəki çıxışdan: 2008.




Məşrutə hərəkatının əcnəbilər tərəfindən müsadirəsi


Bizim inqilabımızın bu macəra dolu tarixini öyrənməkdə bir məsələ var. Biz bilməliyik ki, ölkəmiz Məşrutə dövrünə qədər uzun illər şah istibdadına düçar olmuşdu. Məşrutə nəfəs çəkmək üçün bir fürsət idi. Yəni Məşrutə hərəkatının xalqa tənəffüs imkanı yaratması və azadlıq verməsi gözlənilirdi, lakin belə olmadı. Məşrutə əvvəldən əcnəbilər, dünyanın ozamankı istismarçı gücü, yaxud güclərindən biri olan İngiltərə dövləti tərəfindən müsadirə olundu.

Məşrutənin əvvəllərində yaranan hərc-mərclikdən bir neçə il sonra həmin istismarçı dövlət - yəni İngiltərə Məşrutədən öncəki şahlardan - Müzəffərəddin şah və Nasirəddin şah kimilərdən çox təhlükəli olan qəddar və rəhmsiz bir diktatoru hakimiyyətə gətirdi. O, Rza xan idi. Rza xanın diktatorluğu bizim ölkəmiz və xalqımız üçün Nasirəddin və Müzəffərəddin şahların diktatorluğundan dəfələrlə sərt və ağır idi. Onu ingilislər hakimiyyətə gətirdilər. Biz əslində avtoritorizmdən azadlığa çıxmadıq, asılılıqla yanaşı olan digər bir avtoritorizm dövrünə daxil olduq və xalq azadlığı dadmadı. Odur ki, İranda İslam hərəkatı başlayanda və imam bu hərəkatın məqsədinin avtoritar və istismarçı rejimin kökünün kəsilməsindən və əcnəbilərin nüfuzuna son qoyulmasından ibarət olduğunu elan edəndə qədim mübarizlərin, mübarizədə iştirak edənlərin çoxu inanmırdı. Onlar bunun mümkünlüyünü təsəvvür edə bilmirdilər: yəni bu ölkədə şahlığı devirmək olarmı? Mənim yadımdadır, mübarizənin son illərində - o zaman imam hökumətə dair əsaslı məsələləri bəyan etmiş və bu məsələlər xalqın arasında yayılmışdı; o demişdi ki, şah xaindir və getməlidir - sonralar inqilabda böyük fəaliyyətlər göstərən bəzi fəal və mübariz qüvvələr də deyirdilər ki, məgər belə bir şey mümkündür?! Məgər şah üsul-idarəsini devirmək olar?! İnanmırdılar. Səbəb bu idi ki, bu ölkədə uzun repressiya və istibdad dövründə ölkəni istismar edən əcnəbilər daim şah rejimini himayə etmişlər.

Elm və Sənaye Universtetində müəllim və tələbələrlə görüşdəki çıxışdan: 2008.

İslam inqilabının qələbə amili: imamın dözümlülüyü və ayıqlığı

Möhtəşəm İslam hərəkatı, xalqın səyi və imam kimi misilsiz bir şəxsiyyətin rəhbərliyi öz bəhrəsini verdi. Mən dəfələrlə Əmirəlmömininin (ə) bu kəlamını söyləmişəm: “Bu bayrağı yalnız ayıq və dözümlü insanlar ucaldar”. Hədisdə işlənmiş "bəsirət" sözü ayıqlıq, "səbr" isə dözüm, israr və yorulmazlıqdır. İran xalqında bu iki xüsusiyyət yarandı, öz bəhrəsini verdi və inqilab qələbə çaldı. İslam Respublikası quruluşunun yaranması əslində İran xalqının uzunmüddətli tarixi ehtiyacının aradan qalxması idi. İran xalqı özünün tarixi arzuları arasından İslam Respublikası bayrağını ucaltdı. Bəllidir ki, xalqın qədim arzularında dərin köklərə malik olan bir quruluş qalasıdır, yaşamağa və inkişafa qabiliyyətlidir, kök salacaq və onunla düşmənlik asan olmayacaq. Və belə də oldu.

Şübhəsiz, bizim ölkəmizdə şah üsul-idarəsini başqa heç bir mübariz hərəkat məhv edə bilməzdi. Əziz gənclər! Bunu bilin və əmin olun ki, İslam hərəkatından və dini hərəkatdan başqa heç bir hərəkat, heç bir partiya, heç bir mübariz qrup bu ölkədə Amerika dövlətinə bağlı olan despotizmi devirə bilməzdi. O zaman qədim mübariz hərəkatların hamısı işdən düşmüşdü; istər solçu hərəkatlar, istər sağçı hərəkatlar, istər silahlı qruplar. 75-76-cı illərdə bu qrupların hamısı rejim tərəfindən məhv edilmişdi. Bu batil rejimi sıradan çıxara bilən yeganə qüvvə əzəmətli milli dalğa və xalqın birliyi idi. Bu da din amalı, böyük imam kimi bir təqlid müctəhidinin və mübariz ruhanilərin rəhbərliyi olmadan imkansız idi. Həmin fəsad dolu rejim devriləndən sonra da hakimiyyətə İslam Respublikası quruluşundan başqa hər hansı bir quruluş - istər solçu, istər sağçı quruluş gəlsəydi, düşmənin nüfuzu və müxtəlif müdaxilələri qarşısında tab gətirə bilməzdi.

Elm və Sənaye Universtetində müəllim və tələbələrlə görüşdəki çıxışdan: 2008.



Müqavimət baxımından İslam inqilabının digər inqilablarla fərqi

Biz gördük ki, solçu və digər inqilablar qələbə çaldı, bir neçə il hakimiyyətdə qaldılar da, lakin Amerikanın nüfuzu, siyasi və hərbi müdaxiləsi və iqtisadi blokadası onları məhv etdi. Siz bu gün Şərqi Avropaya baxın. Bura sosialist və solçu hökumətlərin əsas mərkəzi idi. Baxın, vəziyyət elə bir həddə çatıb ki, indi orada Amerikanın hərbi və raket bazaları yaradılır, amerikalılar geniş fəaliyyət göstərirlər. Buna əsasən, İslam Respublikasından başqa heç bir quruluş Amerikanın təsiri və təzyiqi qarşısında müqavimət göstərə bilməzdi.

Bir məsələni də deyim: Hegemonluğun və ilk növbədə Amerikanın və ümumdünya sionizm şəbəkəsinin İslam Respublikasına qarşı güclü və barışmaz düşmənliyinin səbəbi bəzən müxtəlif yerlərdə deyilən bu sözlər - istər onların şüar verdikləri, istər bəzilərinin daxildə təsəvvür etdikləri deyil. Səbəb İslam Respublikasının bir inkarı və bir təsdiqidir.

İslam Respublikası istismarı, müstəmləkəni, dünyanın siyasi gücləri vasitəsi ilə xalqın təhqirini, siyasi asılılığı, dünyanın hakim güclərinin ölkəyə müdaxiləsini, əxlaqi sekulyarizmi və mütləq halalçılığı qətiyyətlə inkar edir.

Bu quruluş bəzi məsələləri də təsdiq edir: milli kimliyi, iranlı kimliyini, İslam dəyərlərini, dünya məzlumlarını müdafiəni, elm zirvələrinə nail olmaq üçün çalışmağı, elmdə yalnız digərlərinin ardınca getməyi yox, zirvələri fəth etməyi. Bunlar İslam Respublikasının təkid etdiyi məsələlərdir.

Elm və Sənaye Universtetində müəllim və tələbələrlə görüşdəki çıxışdan: 2008.

19 Bəhməndə Hərbi Hava Qüvvələrinin möhtəşəm hərəkəti

Bizim hamımız dilləri və müqavilələri ilə yox, öz əməlləri, hərəkətləri və iradələri ilə 19 bəhmən gününü yaşadan və unudulmaz edən şəxslərə mütləq minnətdar olmalıyıq. Bir iş səmimi, düzgün şəkildə, düzgün düşüncəyə söykənərək və ixlasla görüləndə həmişəyaşar olur. Biz çoxlu nümayişkaranə işlər görə, bəzi sifarişli işləri yerinə yetirə bilərik, amma onlarda yetərincə ixlas olmaz. Zaman belə işləri məhv edir. Lakin 19 Bəhmən hadisəsi belə deyil, imandan, ixlasdan və güclü iradədən doğan hadisələrdəndir. İnqilabın qəti qələbəsinə bir neçə gündən artıq vaxt qalmasa da, həmin şəraitdə heç kim proqnoz verə bilməzdi ki, 19 bəhmənin ardınca 22 bəhmən də gələcək. Qəti proqnoz vermək mümkün deyildi, şərait təhlükəli idi. Sizə bənzəyən o gənclərin güclü iradəsi onların öz imanlarını, iradələrini, xalqla birliklərini və baş verməkdə olan hadisəyə dair düzgün və dərin dərklərini öz əməlləri ilə göstərmələrinə səbəb oldu. Təbii ki, bu həm də təhlükəli idi, amma bunu etdilər və 19 bəhmən tarixdə qaldı.

Bu hadisə birdəfəlik bir hadisə deyildi. Hərbi Hava Qüvvələri bu işlə öz möhtəşəmliyini göstərdi. Bu möhtəşəmlik müharibədə həm hücum, həm də müdafiə sahəsində özünü göstərdi. Səkkizillik müdafiədə İran xalqı öz ətrafında mühafizə qalalarının olmadığını, düşmənlərin əsla çəkinib qorxmadan bombaladığını, hücum etdiyini duyanda Hərbi Hava Qüvvələri uyğun möhtəşəmliyi göstərdi. Məcburi müharibə başlayarkən İslam Respublikası ordusunun ən yaxşı, ən birinci, ən parlaq və ən şərəfli işləri Hərbi Hava Qüvvələrinin işləri idi. Bu həmin möhtəşəmliyin davamı idi. İndi də belədir.

Önəməli olan budur ki, bir insan, bir toplum öz ətrafında baş verən hadisələri düzgün dərk edib qiymətləndirməyi bacarsın. Çoxlarının gözünə görünməyən bir hərəkəti ayıq insanlar anlayırlar. Bu çox mühüm məsələdir. İslam inqilabında baş verən dəyişiklik də belə idi. Bəziləri onu anlamadılar, təyin etmədilər, bəziləri onu dünyanın çoxlu yerlərində baş verən kor bir hərəkətlə səhv saldılar və ona həmin gözlə baxdılar. Bəziləri öz tamah kasalarını çıxardılar ki, bu hadisədən şəxsi maraqları üçün istifadə etsinlər. Bunların hamısı yaxıngörənlikdən irəli gəlir. İnqilab birinci növbədə İran cəmiyyətində bir dəyişiklik idi, ikinci növbədə bütün İslam ümmətində və sonra ümumi siyasət dünyasında. İnqilab dünyada, xüsusən də bəzi bölgələrdə hakimiyyət coğrafiyasını tamamilə dəyişdirdi. İnqilab belə bir möhtəşəm hadisə idi. Bu gün bu əzəmət öz əlamətlərini göstərməkdədir. İranda baş verən dəyişiklik qapalı, avtoritar, zalım və hegemon bir rejimi, eləcə də onun dünyapərəst, şəhvətpərəst, yalnız özünü düşünüb insaniyyəti və insanları unudan, digər tərəfdən asılı, digərlərinin siyasətinin əsiri və istismarçı güclərin itaətkarı olan başçılarını bu vəziyyətdən çıxarmaq idi. Əsas dəyişiklik bu idi. Həmçinin məqsəd cəmiyyəti rəşadətli, ayıq, güclü, iradəli bir cəmiyyətə, xalqı seçim qüvvəsi, seçim haqqı və digər cəmiyyətlərə təsir qabiliyyəti olan başıuca bir xalqa çevirmək idi. Əsas dəyişiklik bu idi və bu baş verdi.

Ordunun Hərbi Hava Qüvvələrinin komandirləri və əməkdaşları ilə görüşdəki çıxışdan: 2009.

Avtoritar hökumətlərdə xalqın təsirsiz olması

Mənim əzizlərim! Bizim xalqımız bir neçə əsr boyu ölkənin idarəsində təsirsiz bir qüvvə idi. Nə üçün? Çünki avtoritorizmin və şah üsul-idarəsinin xüsusiyyəti belədir; onda xalqın heç bir rolu olmur. Bu zaman xalqın vəziyyəti necə olur? Bu, yuxarıda əyləşən şəxsin insafından asılıdır. Əgər xalqın bəxti gətirsə və qəlbində bir qədər rəhmi olan bir diktator iş başında olsa, - bizim tariximizdə buna misal üçün Kərim xan Zəndin adını çəkirlər - xalqın vəziyyəti bir qədər yaxşı olacaq. Amma əgər quldur Rza xan, Nasirəddin şah və digər diktatorlar hakimiyyətdə olsalar, ölkəni öz mülkləri, heç bir rolu olmayan xalqı da rəiyyətləri biləcəklər. Tarixə baxın. Əsrlər öncəni demirəm, Məşrutədən sonrakı tarixə baxın. Məşrutə adı ölkədə tanındı, amma milli hərəkatın qısa dövrünü çıxmaq şərtilə Pəhləvi rejimi hakimiyyətə gələndən seçkilər tam simvolik bir hərəkətə çevrildi. İkiillik dövrdə vəziyyət bir qədər yaxşı idi, amma onun da çoxlu problemləri vardı; parlamenti buraxdılar, onun səlahiyyətlərini hökumətə verdilər və sair. Bunlar Müsəddiqin dövründə baş verdi. Digər dövrlərdə isə seçkilər əməlli-başlı teatr səhnəsi idi. Mən və mənim yaşımda olanlar xatırlayır ki, o zaman seçkilərin xalqın seçimi olmadığını hamı bilirdi. Hakim aparat – ozamankı saray bəzi şəxsləri seçirdi və onların arasında rəqabət aparılırdı; bir-biri ilə vuruşurdular da, amma onlar istədiklərini - müti, başıaşağı olan, onların maraqlarını təmin edən, onların qanunsuz maliyyə haqqını verən adamı gətirib parlamentdə oturdurdular. Səs verənlər də özləri üçün səs verirdilər. Bütün bu dövrün çox qısa bir dönəmində xalq səsvermədə iştirak etməli və ölkənin idarəsinə təsir göstərməli olduğunu hiss etdi. Əsla belə bir şey yox idi. Biz seçkilərin adını qəzetlərdən oxuyurduq; yazırdılar ki, indi seçkilərdir, xalq onun nə zaman keçiriləcəyini bilmirdi. Seçki zamanı bir yerdə bir neçə qutu qoyurdular. Öz adamları bir qədər danışır, hay-küy salır, istədikləri işi görürdülər və məsələ bitirdi. Xalqın rolu yox idi.

İslam inqilabı vəziyyəti tamamilə dəyişdi, xalqın roluna önəm verdi; yalnız parlament seçkilərində yox, prezident seçkilərində, rəhbəri seçməli olan Dini Ekspertlər Məclisinin seçkilərində, bələdiyyə seçkilərində də. Bütün bu həssas mərhələlərdə xalqın iradəsi təyinedici oldu, konstitusiya bu əsasla yazıldı və bu gün inqilabdan otuz il ötəndən sonra mən sizə deyirəm ki, bu iş bu günə qədər çox qüdrətlə davam etmişdir.

İnqilabdan öncə İran əcnəbilər üçün bir otlağa çevrilmişdi. İstismarçı və hakimlər - bir gün İngiltərə, bir gün Amerika və sionistlər buranın neftindən, bazarından, məhsullarından, canlı qüvvəsindən - nə vardısa, hər şeydən istifadə edirdilər. İnqilab qələbə çalanda isə xalq hakimiyyətə gəldi, onların maraqlarına son qoyuldu. Odur ki, bu quruluşla düşmənlik etmələri təbiidir və otuz ildir düşmənlik edirlər.

Müəllim, feldşer və fəhlələrlə görüşdəki çıxışdan: 2009.

Tağutun İran milliyyətlərinə şeytan baxışı

Tağut dövründən ölkəyə çirkin bir siyasət hakim idi və o, müxtəlif milliyyətləri özgə bilməkdən ibarət idi; kürd özgə sayılırdı, bəluc özgə sayılırdı, türk özgə sayılırdı, ərəb və türkmən özgə sayılırdılar. Bunları özgə hesab edirdilər. Bu onların əməllərində də görünürdü. Tağut dövründə bu vilayətdə nə düzgün abadlıq işləri aparılmışdır, nə düzgün mədəni iş görülmüşdür; heç bir qayğı göstərmirdilər. Bu vilayətdə tağut dövründə abadlıq işləri sıfır həddində idi. Mədəni işlər də həmçinin. Siz bu gün Kürdüstan vilayətində iyirmidən artıq ali təhsil müəssisəsində əlli minə yaxın tələbənin oxuduğunu görürsünüz, amma tağut dövründə bu rəqəm yalnız 360 idi. Tağut dövründə bu vilayətdə savadsızlığın nisbəti də dəhşətli idi: vilayət əhalisinin yalnız 29 faizi savadlı idi. Tağut rejimi kürd xalqının - bu istedadlı və zəkalı insanların savadlanmasını istəmirdi. Bu xüsusiyyət və keyfiyyətlərə malik olan vilayət əhalisinin yalnız 29 faizi savada malik idi. O abadlıq işləri, bu da elmi-mədəni işləri. Onların bu vilayətə baxışı şeytan baxışı idi. İslam quruluşu bu baxışı düzəltdi; həm də yalnız məmurlar səviyyəsində yox, bütün xalq səviyyəsində.

Sənəndəc şəhərinin Azadlıq meydanında Kürdüstan vilayətinin əhalisi ilə görüşdəki çıxışdan: 2009.

Şərq xalqlarını boyunduruq altına salmaq üçün müstəmləkənin planı

Müstəmləkəçilər 16-17-ci əsrlərdən, Şərq, o cümlədən müsəlman torpaqlarına daxil olduqları zamandan bu xalqların əl-ayaqlarını əsarət kəməndi ilə möhkəm bağlayıb özlərinə əsir etmək üçün onları öz keçmişlərinə, sərvətlərinə, dinlərinə, adət-ənənələrinə və geyimlərinə bədbin etməyə başladılar. Bunlar ibarətamiz məsələlərdir. İş elə bir yerə çatdı ki, Məşrutə dövrünün əvvəllərində bu ölkədə bir ziyalı dedi ki, iranlı başdan-ayağa avropalaşmalıdır; yəni dinini, əxlaqını, geyimini, əlifbasını, keçmişini və fəxrlərini kənara qoyub unutmalı, Qərb mədəniyyətini, Qərbin adət-ənənələrini, təfəkkürünü və davranış tərzini qəbul etməlidir. Bizim ölkəmizdə dinə arxa çevirənlər bu rüsvayçı sözü dedilər. Bəllidir ki, bir ölkə hər şeyini əldən verib daxilən boşaldıqda İngiltərə müstəmləkəsi onun hər bir şeyinə - neftinə, ordusuna, sərvətinə və siyasi sisteminə asanlıqla hakim ola bilər. Pəhləvi dövründə vəziyyət elə bir həddə çatmışdı ki, xain şah kimisə Baş nazir təyin etmək istəyəndə İngiltərənin və sonralar Amerikanın səfiri ilə söhbət etməyə və əslində onlardan icazə almağa məcbur idi. Bu bizim dərdli keçmişimizdir. Bu, milli başucalığının əks tərəfidir. Asılı və azğın diktatorların hakimiyyəti İran xalqını izzət kürsüsündən endirdi; nə onun elmini inkişaf etdirdilər, nə dünyasını abadlaşdırdılar, hətta axirətini də alıb əyninə əsarət donu geyindirdilər. İslam inqilabı belə bir vəziyyətə qarşı qiyam etdi. İslam inqilabı və Böyük İmam belə böyük bir bəlanın qarşısında dayandı və İran xalqı bu yolda canını fəda edib qələbə çaldı.

Bir xalqa belə bir ruhiyyə hakim olanda o ölkənin hakimiyyəti və həmin xalq təbii şəkildə kölə kimi olur; öz xalqı qarşısında yırtıcı it və qaniçən canavar kimi, düşmənlər qarşısında isə sakit bir quzu kimi. Rza xan xüsusən şahlığının ikinci yarısında öz xalqına qarşı çox kobud rəftar edirdi, xalqın nəfəs almaq cürəti yox idi, öz evləri daxilində ata övlada və övlad ataya inanmırdı, amma ingilislərin "taxtdan en" mesajı ilə ölü bir siçan kimi hakimiyyəti buraxıb ölkədən getdi; Məhəmmədrza Pəhləvi də həmçinin. Məhəmmədrza Pəhləvi altmış və yetmişinci illərdə bu xalqa, mübarizlərə və azadlıqsevərlərə qarşı heç bir şeyi nəzərə almadan ən sərt təpkilər göstərdi, amma həmin adam Amerika və İngiltərənin səfirləri önündə hörmətlə dayanır, sözlərini dinləyirdi; bundan xoşlanmırdı, amma məcbur idi. Milli başucalığından məhrum olan bir xalqın hökuməti belə olur.

İslam inqilabının İran xalqına bəxş etdiyi ən mühüm məsələlərdən biri başucalığı hissi idi. Bizim böyük imamımız başucalığının tərənnümü idi. İmam aşkar şəkildə "Amerika heç bir qələt eləyə bilməz" deyəndə dünyada Amerikanın siyasi və hərbi iqtidarının zirvə çağı idi. İmam bu xalqa başucalığı hissini qaytardı; inqilab İran xalqına başucalığı hissini qaytardı. Bu gün iranlı özünün iranlı və müsəlman olması ilə fəxr edir. Bu gün dünya gücləri də etiraf edirlər ki, onların İran xalqına qarşı təhdidinin, hərbi və siyasi təbliğat kampaniyasının heç bir təsiri yoxdur. İran xalqı seçdiyi yolu qüdrətlə gedəcək və məqsədinə çatacaq.

Mühüm olan bu milli başucalığını qorumaqdır.

Sənəndəc şəhərinin Azadlıq meydanında Kürdüstan vilayəti əhalisi ilə görüşdəki çıxışdan: 2009.



İmam tərəfindən ucaldılan iki bayraq: İslamın dirçəlişi və İranın başucalığı

İmamın tövsiyələrinə, şüarlarına, xalqdan, məmurlardan və bütün dünya müsəlmanlarından etdiyi tələblərə kompleks nəzər saldıqda onun əlində iki uca bayraq görürük. Bizim böyük imamımız ölkəmizdə və İslam dünyasında yaratdığı bu əzəmətli hərəkatda həqiqətən iki bayrağı ucaltdı və yüksəkdə saxladı: bir bayraq İslamın dirçəlişi, bu əzəmətli və tükənməz gücü fəallaşdırmaq bayrağı, ikinci bayraq isə İranın və iranlının izzət və şərəf bayrağıdır. Bizim böyük imamımız qüdrətli əlləri ilə bu iki bayrağı ucaltdı. İmamın dəvətinin və hərəkatının bir cəhətini təşkil edən birinci bayraq böyük İslam ümmətinə aiddir. İkinci bayraq da İran xalqına, İrana və iranlıya aid olsa da, İslamın həyatverici rolunun əməli təcrübəsi kimi İslam ümməti üçün ümidverici və hərəkət oyadandır. Çünki bu böyük hərəkat İranda İslam oyanışının və İslamın həyata keçməsinin əməli təcrübəsi idi. Buna əsasən, birbaş İrana və iranlıya aid olsa da, onun nəticəsi yenə də İslam ümməti üçün dəyərli və əhəmiyyətlidir.

İslam bayrağının ucalması müsəlmanların dünyanın hər bir yerində kimlik və şəxsiyyət hiss etmələrinə səbəb oldu. Uzun illər İslam kimliyinin tapdanmasına çalışmışdılar. Bu inqilab baş verəndə, bizim böyük imamımızın uca qaməti dünya müsəlmanlarının qarşısında görünəndə isə hamı bir kimlik, şəxsiyyət və qürur duydu. Bu, İslam dünyasının şərqində və qərbində müsəlmanların oyanış əlamətlərinin görünməsinə səbəb oldu; on illərlə uğursuzluqdan sonra Fələstin xalqı canlandı, hökumətlərinin sionizm rejimi ilə üç müharibədə məğlubiyyətə uğramasından sonra məyus olan ərəb gənclər yenidən ruhlandılar. Bunlar yalnız bizim ölkəmizə aid məsələlər deyil, bütün İslam dünyasına aiddir. Müsəlman ölkələrin qəlbində xərçəng vəzisi olan sionizm rejimi inqilaba qədər məğlubedilməz bir qüvvə sayılırdı. İslam dünyasında çoxları onun məğlubedilməz olduğuna inanmışdılar. Amma bu rejim müsəlman gənclər tərəfindən güclü zərbəyə məruz qaldı, Fələstin intifazəsi başlandı və işğalçı rejimə zərbələr endirildi; həm birinci intifazədə, həm Əqsa intifazəsində, həm doqquz il öncə Livandan məğlub olub geri çəkildiklərində, həm 33 günlük müharibədə, həm də ötən il məzlum Qəzzə əhalisi ilə 22 günlük müharibədə. Bunların hamısı sionizm rejiminə vurulan zərbələr idi. Halbuki İslam inqilabı baş verəndə sionizm rejimi müsəlman hökumətlərin və xalqların, xüsusən də ərəb xalqların nəzərində məğlubedilməz bir rejim hesab olunurdu. Bu, sionizm rejiminin hələlik “Nildən Fərata qədər” şüarını kənara qoyub unutmasına səbəb oldu. (İslam inqilabının nəticəsində) Afrikadan Şərqi Asiyaya qədər bütün müsəlmanlar müxtəlif formalarda İslam quruluşu və İslam hökuməti yaratmaq fikrinə düşdülər. Yəni mütləq bizim İslam Respublikası quruluşumuz kimi olmasa da, ölkələrində İslamın hakimiyyəti haqda düşündülər. Bəzi ölkələr buna nail oldular, bəzilərini də müjdəli gələcək gözləyir.

İslam dünyasında ziyalılar yeni ümidlə səhnəyə çıxdılar. Məyus danışan və məğlubiyyət hiss edən şairlər, yazıçılar və incəsənət xadimləri İslam inqilabının qələbəsindən, Böyük İmamın möhtəşəm hərəkətindən və bu xalqın müqavimətindən sonra yeni əhval-ruhiyyə əldə etdilər, söz, şeir və qələmlərinin tonu dəyişdi, ümid rənginə boyandı. Bu nümunələr haqda çox danışmaq olar.

İkinci cəhət İranın və iranlının başucalığına aiddir. Burada bizim böyük imamımızın gördüyü ilk və ən mühüm iş İran xalqındakı həqarət hissini yox etmək, bunu onların ruhundan silmək idi. Bu çox mühüm məsələdir. Bizim xalqımız 100-150 il öncədən müxtəlif amillər səbəbindən həqarət hissi keçirirdi, özünü kiçik sayırdı; Qacarlar dövründəki müharibələrdən, ağır məğlubiyyətlərdən və həmin dövrdə müxtəlif şəhərlərin itirilməsindən tutmuş Pəhləvi dövrünə, Rza xanın zamanına, heç kimə nəfəs almaq imkanı verməyən diktaturaya və xalqa qarşı zor tətbiqinə qədər, birinci Pəhləvi dövründən sonra Məhəmmədrza xanın dövrünə, amerikalıların müdaxiləsinə, SAVAK və Təhlükəsizlik komitəsinin yaradılmasına, xalqa qarşı kobud rəftara və xalqın daha heç bir gücünün qalmadığını hiss etməsinə qədər. İran xalqı bir neçə mühüm məsələdə məğlubiyyət hissi keçirdi; Məşrutə məsələsində qələbə çaldıqdan sonra məğlubiyyətə uğradı. Milli hərəkat məsələsində yenidən möhtəşəm bir hərəkət etdi, lakin başçı və rəhbərlər onu qoruya bilmədilər və İran xalqı məğlub oldu. Sonra 1954-cü ildən 1978-ci ilə qədər sürən 24 il ərzində xalqa ağır bir diktatura rejimi hakim oldu. Xalqda daha heç bir işə həvəs qalmamışdı.

İmam Xomeyninin vəfatının iyirminci ildönümü mərasimində çıxışdan: 2009.



Xalqa həqarət ruhunun aşılanmasında qərbpərəst ziyalıların rolu

Digər tərəfdən, əksəri zalım hökumətin işçiləri olan qərbpərəst ziyalılar öz sözləri və əməlləri ilə xalqı başa salmışdılar ki, sizin bacarığınız yoxdur, heç bir iş bacarmırsınız, gərək digərlərini yamsılayasınız; elmdə yamsılayasınız, sənayedə yamsılayasınız, mədəniyyətdə yamsılayasınız, geyimdə yamsılayasınız, yeməkdə yamsılayasınız, danışmaqda yamsılayasınız. Hətta iş elə bir həddə çatdı ki, bir dəfə "biz əlifbamızı dəyişdirməliyik" dedilər. Görün bir xalq müstəqillikdən və başucalığından nə qədər uzaq olmalıdır ki, kimlərsə ona "əlifbanı dəyişdirməlisən" - deməyə cürət etsin. Yəni min il elmi irsimizin yazıldığı fars əlifbasını dəyişdirib avropalıların əlifbasını götürək və onları yamsılayaq; vəziyyət bu həddə çatmışdı. İmam gəlib bu həqarət hissini məhv etdi. İmam inqilabın qələbəsindən on beş il öncədən on il sonraya qədər müxtəlif formalarda bu xalqa daim özünəinam ruhu aşıladı: siz bacarırsınız, biz bacarırıq, siz qadirsiniz, siz böyüksünüz, siz güclüsünüz.

Bu milli özünəinam hər bir ölkənin inkişafının əsas iki şərtindən biridir. Bir şərt maddi imkanlardır, amma onlar təklikdə kifayət etmir. Bir xalqın böyük maddi imkanları ola, amma inkişaf və tərəqqidən uzaq qala bilər, başıuca və qüdrətli olmaya bilər. İnqilabdan öncə bizim neftimiz vardı, qazımız vardı, möhtəşəm və qiymətli metal mədənlərimiz vardı, parlaq istedadlarımız və güclü insan kapitalımız vardı, amma eyni zamanda dünyada üçüncü dərəcəli, ad-sansız, böyük güclərin qapazı altında, azğın, muzdur və düşmənlərdən asılı bir hökumətin boyunduruğu altında yaşayan xalq idik. Deməli, maddi imkanlar kifayət etmir, mənəvi şərtlər də lazımdır. Bu mənəvi şərtlərin ən önəmlilərindən biri özünəinam, bir xalqın öz bacarığına inanmasıdır. İmam bizim xalqımızda bu inamı yaratdı ki, duruş gətirə, müqavimət göstərə, ölkəsini azad edə, özünün yaratdığı quruluşu çox qüdrətlə qoruya, dünyaya və beynəlxalq siyasətə təsir göstərə bilər. Və elə də oldu.

İmam Xomeyninin vəfatının iyirminci ildönümü mərasimində çıxışdan: 2009.



Milli başucalığının müxtəlif cəhətləri

Bu, sözügedən milli başucalığıdır. Mən iyirmi gün öncə Sənəndəcdə kürd qardaşlarımıza da bu haqda danışdım. Bir ölkə üçün milli başucalığı çox mühüm məsələdir. Bu milli başucalığı yalnız sözdə deyil, həyatımızın bütün sahələrində onun əməli yeri var.

Ölkə idarəçiliyində milli başucalığı budur ki, bir hökumət, bir quruluş öz xalqına arxalansın, xalqa güvənsin.

İqtisadi məsələlərdə milli başucalığı budur ki, ölkə özünü təmin etməyə qadir olsun, dünyada ehtiyacı olanı ala bilsin. Həmçinin dünyanın da ona ehtiyacı olsun və qarşılığında ondan alsın.

Elmdə milli başucalığı budur ki, xalqın tələbə gənci, tədqiqatçısı, araşdırıcı alimi çalışıb elmin sərhədlərini keçsin və elmi istehsal etsin. Biz bunu Proqramlaşdırma və elm istehsalı hərəkatı adlandırmışıq. Elmi bu həddə çatdıranlar orta istedad baxımından bizdən geridə olmasalar da, öndə olmamışlar. Tarixdə bizim əsrlərlə parlaq elmi keçmişimiz olub, bu gün də elmi istehsal etməli, yaratmalı, kəşf etməliyik və dünya elminə mühüm töhfələrimiz olmalıdır. Bu olur başucalığı.

Müxtəlif siyasətlərdə, digər ölkə, hökumət və böyük güclərlə münasibətdə bir xalqın başucalığı budur ki, onun fikir müstəqilliyi olsun, böyük güclər heç bir məsələdə onu öz iradələrinə məcbur edə bilməsinlər.

Mədəniyyət sahəsində milli başucalığı budur ki, bir xalq öz ənənələrinə sadiq olsun, dəyər göstərsin, əcnəbi və düşmən mədəniyyətlərə təqlidçi olmasın. Təəssüf ki, bizim ölkəmiz inqilabdan qabaqkı yüz ildə, yaxud daha artıq müddətdə Qərb mədəniyyətinin dağıdıcı fırtınasına məruz qaldı. Biz hələ də onun təsirlərini görür, əziyyətlərini çəkirik. Milli başucalığı budur ki, bir xalq öz adət-ənənələrinə əhəmiyyətli yanaşsın, hörmət etsin, onlarla fəxr etsin, digərlərinin "siz mürtəcesiniz" deməsinə etina etməsin. Bu gün bəzi Avropa ölkələri elə işlər görürlər ki, onları ağıllı və normal bir insana göstərsəniz, yalnız istehzalı təbəssüm edə bilər. Biz deyirik ki, nə üçün belə edirsiniz? Deyirlər ki, bu bizim ənənəmizdir. Onlar özlərinin köhnə və çürük ənənələrinə sadiq qalırlar, digər xalqlar öz ənənələrinə hörmət edəndə isə onları ələ salırlar. Xeyr! Bu, özünə inamsızlıq və milli başucalığının ziddidir. Milli başucalığı odur ki, bir xalq digərlərinin mədəniyyəti qarşısında özünü itirməsin. Milli başucalığı budur. Milli başucalığı həyatın bütün sahələrində əks olunur, nümunələri görünür.

Ölkə idarəçiliyində və insanlarla münasibətdə milli başucalığı budur ki, bir cəmiyyətdə hər bir insana hörmət olunsun: "Ya sənin din qardaşındır, ya da yaranışda oxşarın (sənin kimi insan)".1 Sizinlə eyni dində olsa da, hörmət etməlisən, eyni dində olmasa da. Cəmiyyətdə kim insandırsa, ona hörmət olunmalıdır. Bu, milli başucalığı yaradır. İmam milli başucalığının bu müxtəlif cəhətlərini tövsiyə edirdi.

İmamın söz və tövsiyələrinin yetirməsi olan bu böyük xalqımızın inkişaf və tərəqqinin zirvəsinə doğru gedən yolu bütün sahələrdə bu milli başucalığını qorumaqdan ibarətdir. Bu xalq tərəqqi zirvəsinə ucala bilər. Bir xalq güclənəndə, maddi və mənəvi cəhətdən yüksələndə onun təhlükəsizliyi də tam təmin olunur; yəni təhlükələr aradan qalxır və düşmənlər ona tamah salmırlar. Əgər bizim xalqımız tam təhlükəsiz olmaq, düşmənlərin daha onu təhdid etməyə cürət göstərməməsini istəyirsə, həmin yolla getməlidir; əgər inkişaf və ədalət istəyirsə, həmin yolla getməlidir. Bizim ölkəmiz üçün böyük təhlükə xalqdan, İslam dəyərlərindən və imamın mübarək xəttindən ayrılmaqdır. Bunlar bizim ölkəmiz üçün təhlükəlidir. Əgər inqilabın yaratdığı bu güclü skelet qorunsa, zaman ötdükcə müxtəlif problemlərin çoxunu həll etmək olar. Bu güclü skeletin dağılmasına qoymayın. Əgər dağılsa, daha heç bir yara sağalmayacaq, işdən düşən heç bir hissə düzəlməyəcək. İslam quruluşunun imamın bizə öyrətdiyi güclü skeletinin qorumalıyıq.

İmam Xomeyninin vəfatının iyirminci ildönümü mərasimində çıxışdan: 2009.



Tağut dövründə xalqın və mənəvi dəyərlərin kənarda qalması

İnqilabdan öncə bizim öz ölkəmizdə xalqın heç bir siyasi iştirakı yox idi. Hökmdarlar silah gücünə xalqa hakim olmuşdular, zor və şiddətlə hökmranlıq edirdilər. Gedəndə də bu böyük ilahi əmanəti, yəni hakimiyyəti şəxsi bir mülk kimi övladlarına ötürürdülər. Xalqın heç bir rolu yox idi. Bu gün dünyada demokratiyadan, insan haqlarından və bu kimi məsələlərdən dəm vuranlar həmin yanlış və qeyri-insani üsullarla hakimiyyətdə qalan zalım rejimlə əməkdaşlıq edir, onu dəstəkləyirdilər. Hakimiyyətdə xalqın rolunun ən azı iddia olunduğu ölkələrdə də mənəvi dəyərlər kənarda qalırdı.

İslam Respublikasını bədii bir fenomen kimi səciyyələndirən amil budur: xalqın iştirakı və mənəviyyat, ilahi hökm və Allah qarşısında təzim. Bu iki amil vahid bir həqiqəti təşkil edir. İslam quruluşunda cümhuriyyətin, yoxsa İslamın birinciliyi mövzusu mənasız və çaşdırıcı bir mövzudur. İslamiyyət və cümhuriyyət iki ayrı element deyil ki, birləşərək bir həqiqəti yaratmış olsunlar. İslamiyyətin qəlbində cümhüriyyət də var; ilahi hökmə əsaslanmaqda xalqa güvənmək, xalqın istəyinə və səsinə hörmət də var. İslam Respublikası İslam inqilabının İran xalqına hədiyyəsi olan vahid bir həqiqətdir. Bu respublika bu otuz ildə öz bacarığını ən gözəl şəkildə göstərmişdir.

Onuncu prezidentin Tənfiz (prezidentliyi təsdiqetmə) mərasimində çıxışdan: 2009.



İslam inqilabının şüarlarının köhnəlməməsi

Həqiqi İslam Respublikası - yəni imam tərəfindən əsası qoyulan və ölkəmizə hədiyyə olunan İslam Respublikası bu xüsusiyyətləri təmin edə bilər: beynəlxalq iqtidarı, siyasi qüdrəti, başucalığını, dünya rifahını və axirətin mənəvi gözəlliyini. Amma ehtiyatlı olun ki, bizim üçün saxta İslam Respublikası quruluşu düzəltməsinlər. Ötən on ildə bəzən buna doğru addımlar atmışlar, amma Allah-Taala saxlamışdır; xalq ayıq olmuş, sayıqlıq göstərmiş və icazə verməmişdir. Bəzi işlər görüb imamın şüarlarını muzeyə ötürmək istəyirdilər. Açıq deyirdilər ki, bunlar köhnəlmişdir. Xeyr! İnqilab şüarları köhnələn deyil, həmişə yeni və cəlbedicidir. Məzlumların və milli başucalığının xeyrinə olan, müqavimət və dirənişin olduğu şüarlar heç zaman və heç bir xalq üçün köhnəlmir. Bizim quruluşumuz üçün də köhnəlməyəcək.

Tehranın cümə namazı xütbələrindən: 2009.

Quruluşun İslamiyyət və cümhuriyyət cəhətlərinin eyniliyi

İslam inqilabından doğan İslam Respublikası iki cəhətə malik olan vahid bir sistemdir: İslam cəhəti və xalq cəhəti. Bu quruluş həm İslam quruluşudur, həm xalq quruluşu. Ona görə xalq quruluşudur ki, İslam quruluşudur və İslam cəmiyyətin dinidir, ümumi məsuliyyət dinidir. İslam ayrı-ayrı fərdlərin dini deyil. O da var, lakin fərdlər cəmiyyət olaraq da İslamın müraciət tərəfidirlər. İslam xalq dinidir, ümumi məsuliyyət dinidir. Buna əsasən, xalq quruluşu olması onun İslam quruluşu olmasından irəli gəlir. Və ona görə İslam quruluşudur ki, Allah-Taala belə minnət qoymuşdur: "Sizi imana müvəffəq etməklə, əslində Allah sizin boynunuza minnət qoymuşdur".1 Bizə minnət qoymuş, bizi bu imana hidayət etmişdir. Allah bizim xalqımıza, bizim özümüzə minnət qoyub bizi bu dinə yönəltmişdir. Bizim toplumumuz İslamı istəyir. Bu ilahi dini bizə verdiyinə görə Allaha şükür olsun! Deməli, İslam Respublikasıdır, bir sistemdir, bir topludur, yaxud bir-biri ilə mülahizə olunmalı, bir olmalı və bu birliyin qorunmalı olduğu vahid sistemdir. Bu cəhətlərin hansı zəifləsə, bütün toplu və sistem zəifləyəcək.

Dini Ekspertlər Məclisinin üzvləri ilə görüşdəki çıxışdan: 2009.

Hegemonluğa qarşı ayıqlığın zəruriliyi

Ayıqlığın birinci şərti budur ki, mübarizə aparmağın lazım olduğu bu hegemonluğun nə olduğunu bilək. Hegemonluq odur ki, dünyada güc, yaxud güclər özlərinə baxıb pul, silah və təbliğat imkanlarına malik olduqlarını görür və bu səbəbdən özlərini digər ölkə və xalqların işlərinə amiranə müdaxiləyə haqlı bilirlər. Hegemonluğun mənası budur. İstismarçılıq ruhu inqilabdan öncə bizim ölkəmizdə aydın görünürdü. Amerika bu böyük ölkəyə, zəngin tarixə malik olan bu böyük xalqa hegemoncasına pəncə atmışdı, ölkəmizin mühüm və əsaslı işlərini ələ keçirmişdi. Səbəb bu idi ki, ölkənin başçıları fəsada uğramışdılar, xalq arasında yerləri yox idi, dayaq axtarır və Amerikaya söykənirdilər. Amerika da heç kəsə qarşılıqsız bir şey vermir; onları himayə etməyi ölkələrinin işlərinə tam müdaxiləyə qarşılıq etmişdi. Sizin üçün bəlkə də təəccüblü olar, amma bilin ki, Məhəmmədrza şah bir Baş naziri işdən çıxarıb başqasını təyin etmək üçün Amerikaya gedib iki-üç həftə orada qalmağa və onların razılığını almağa məcbur olurdu. Bizim ölkəmizin vəziyyəti bu həddə çatmışdı. Pəhləvi rejiminin son illərində vəziyyət bundan da pis olmuşdu; daha Amerikaya getmək söhbəti yox idi. Amerika və İngiltərənin səfirləri burada şahın sarayına gedir və ona deyirdilər ki, neft məsələsində belə edin, beynəlxalq münasibətlərdə belə edin, xalqla belə rəftar edin, mübarizlərlə belə davranın; əmr edirdilər, şah da qəbul edirdi. Bir məmləkətin başçısı bu qədər zəif, zəbun və əcnəbilər qarşısında bu qədər təslimçi olduqda digərlərinin vəziyyəti bəllidir. Bizim ölkəmizdə vəziyyət belə idi. Hegemonluğun mənası budur.

Amerika tam bir hegemondur; həm də yalnız bizə qarşı yox, bütün dünyaya və İslam dünyasına qarşı. Amerikalılar bütün dünyaya qarşı hegemon hissə sahibdirlər.

13 Aban (4 noyabr) ərəfəsində şagirdlərlə görüşdəki çıxışdan: 2009.



Hegemonluğun xalqın ixlasını və mübarizliyini dərk etməkdə acizliyi

Bu inqilab Allah üçün baş verən bir inqilab idi. Bu inqilab və bu hərəkat yarananda partiya hərəkatları kimi yaranmadı, hakimiyyətə gəlmək məqsədi daşıyan partiyaların siyasi hərəkəti kimi deyildi. Məzlum vəziyyətdə ilahi hökmləri icra etmək, İslam cəmiyyəti qurmaq və cəmiyyətdə ədalət bərqərar etmək üçün yarandı. İnqilabın qələbəsinə qədər mübarizə aparan, inqilabın arxasında dayanıb çalışan, onun möhkəmliyini və yaşamasını təmin edənlərin niyyəti saf idi. Sizin şəhidləriniz, Hərbi Hava Qüvvələrinin şəhidləri də belə idilər. Silahlı qüvvələrin şəhidlərinin hamısı belədirlər. Allah onun üçün işləyən və çalışan şəxslərin işlərinə bərəkət verdi. İnqilab düşməninin dərk edə bilmədiyi də budur. Hegemon və sionizm düşərgəsinin anlaya bilmədiyi məsələ budur. Onlar dərk edə bilmirlər ki, bu quruluşun möhkəmliyi onun Allah üçün olduğuna, ixlasla yaradıldığına və mübarizə ilə inkişaf etdiyinə görədir. İslam inqilabı və quruluşu buna görə qəlbləri fəth edir.

Siz görün bu gün neçə min müxtəlif media qurumu ən modern üsullarla bu quruluşun əleyhinə işləyir. Fikir otaqlarında yüzlərlə beyin oturub bu inqilabın əleyhinə hər gün bir söz, bir şüar, bir düşüncə və bir hiylə irəli sürür, amma ona zərər yetirə və İslam quruluşuna zərbə vura bilmirlər. Bu nədən irəli gəlir? Onun möhkəmliyi Allaha iman prinsipi üzərində qurulduğuna görədir. Bu yolla hərəkət edənlər ilahi iş gördülər.

Bu quruluş digər quruluşlara bənzəmir. Bu gün dünyada elə bir quruluş yoxdur ki, onun əleyhinə bu qədər təbliğat aparsınlar, siyasi işlər görsünlər, iqtisadi təzyiqlər göstərsinlər, embarqo tətbiq etsinlər və o belə möhkəm dayana bilsin. Dünyada belə bir şey yoxdur. Bu quruluş isə duruş gətirmişdir və bundan sonra da gətirəcək. Bunu hamı bilsin. Nə Amerika, nə sionizm, nə hegemon qüvvələr nə siyasi vasitələrlə, nə iqtisadi vasitələrlə, nə embarqo ilə, nə ittihamla, nə də daxildəki muzdurlarını təhrik etməklə bu inqilabı azca olsa belə laxlada biləcəklər.

Bu inqilabın həmişəyaşarlığının sirri imanlara söykənməsi və Allaha güvənməsidir.

Ordunun Hərbi Hava Qüvvələrinin komandanı və şəxsi heyəti ilə görüşdəki çıxışdan: 2010.



İslam inqilabının daim inkişaf və tərəqqi halında olması

Bu gün inqilabın hərəkət və məqsədləri bizim böyük və hikmətli imamızın ilk gündə təsvir etdikləridir. Bu məqsədlər xalqın fitrətinə uyğun olduğuna görə xalq onu götürdü. Əks təqdirdə, milyonlarla insanın qəlbini bir işə yönəltmək asan iş deyil. Bir şəxs fitrətlə danışdıqda, Allahdan danışdıqda, fitrətlər ona sarı yönəlir: "Əgər sən yer üzündə nə varsa, hamısını xərcləsəydin belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi".1 Qəlbləri yönəldən Allahın qüdrətidir. 22 Bəhməndə İslam inqilabının otuz birinci ildönümü münasibəti ilə küçələrə çıxan izdiham qabaqkı illərdən çox oldu; nəinki azalmamış, zəifləməmiş, hətta çoxalmış və güclənmişdir də. Bu, təbiət qaydalarının əksinədir. Siz suya bir daş atırsınız, orada bir dalğa yaranır. Bu dalğa get-gedə zəifləyir və tamamilə itir. Zaman ötdükcə ictimai dalğalar sönür. Bu necə hadisədir ki, zaman onu söndürmür və hətta günbəgün daha da qabardır - Kərbəla hadisəsi kimi! O zaman dostların olmadığı və düşmənlə dolu olan quru səhrada Hüseyn ibn Əli (ə) və yoldaşları şəhid olurlar, ailəsi əsir edilir, onları aparırlar və iş bitir. On-on beş gün ərzində bütün əlamətləri itməli olan həmin hadisə görün əsrlər ötdükdən sonra bu gün nə qədər parlayır. Yalnız müxtəlif ölkələrdə yaşayan milyonlarla şiə arasında yox, yalnız müsəlmanların arasında yox, hətta qeyri-müsəlmanların arasında da Hüseyn ibn Əlinin (ə) adı günəş kimi parlayır, qəlblərə işıq saçır və yol göstərir. İnqilab da belədir. Bu inqilab zaman ötdükcə daha çox işıq saçmışdır.

Azərbaycan əhalisi ilə görüşdəki çıxışdan: 2010.

Yayınmanın qarşısını almaq üçün meyarlara diqqətin zəruriliyi

İnqilabın mahiyyətini dəyişdirmək istəyənlər adətən rəsmi bayraqla və plakatla işləmir və inqilaba qarşı çıxdıqlarını bəlli etmirlər. Hətta bəzən inqilabı müdafiə adı altında bir addım atır, fikir bildirir, iş görür, bununla azacıq yayınma yaradırlar və inqilab get-gedə öz istiqamətindən tamamilə uzaqlaşır.

Bu yanlış istiqamətlənmənin və yayınmanın baş verməməsi üçün müəyyən meyarlara ehtiyac var, yolda bəzi işarələr olmalıdır. Əgər bu işarələr aydın, açıq və xalqın gözü önündə olsa, yayınma baş verməz. Kimsə buna çalışsa da, xalq tərəfindən tanınar. Amma əgər işarə olmasa, o zaman təhlükə ciddi olar.

Bəs bizim inqilabımızda işarə və meyar nədir? Bu çox mühüm məsələdir. Otuz ildir biz bu inqilab istiqamətində hərəkət edirik. Bizim xalqımız ayıq olmuş, qorxmamış və həqiqətən öz ləyaqətini sübut etmişdir. Otuz ildir bu inqilabı siz yaşadırsınız. Amma təhlükə var. İnqilabın və imamın düşməni bekar oturmur, bu inqilabı yıxmağa çalışır. Necə? İnqilabın yolunu yayındırmaqla. Buna görə bizim işarə və meyara malik olmamız lazımdır.

İmam Xomeyninin məqbərəsində Tehranın cümə namazı xütbələrindən: 2010.

İmamın xəttinin iniqlab üçün ən yaxşı meyar olması

Mən deyirəm ki, ən yaxşı meyar imamın özü və xəttidir. İmam bizim üçün ən yaxşı meyardır. Biz bütün fərqlərinə rəğmən, onu müqəddəs Peyğəmbərə (s) bənzədə bilərik. Quran buyurur: “Həqiqətən Allahın Rəsulu sizin üçün, Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!”1. Peyğəmbərin (s) özü, onun rəftarı, əməli və əxlaqı nümunədir. Yaxud başqa bir şərafətli ayədə buyurur: “İbrahim və onunla birlikdə olanlar (möminlər) sizin üçün gözəl örnəkdir”2. İbrahim (ə) və onun dostları örnəkdirlər. Burada İbrahim peyğəmbərin (ə) dostları da qeyd olunub. Kimsə deyə bilməz ki, Peyğəmbər (s), yaxud İbrahim (ə) məsum idi və biz onlar kimi ola bilmərik. Xeyr! “İbrahim və onunla birlikdə olanlar (möminlər) sizin üçün gözəl örnəkdir. O zaman onlar öz qövmlərinə belə demişdilər: “Şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə (bütlərlə) heç bir əlaqəmiz yoxdur. Biz sizi (dininizi) inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və nifrət olacaqdır!”

Bu məktəbin şagirdi və böyük peyğəmbərlərin davamçısı olan Böyük İmam üçün də bu sözü söyləmək olar. İmamın özü, rəftarı və sözləri ən dəyərli meyardır. Xoşbəxtlikdən imamın sözləri mövcuddur, yazılmışdır. İmamın vəsiyyətnaməsi inqilabın gələcəyi üçün onun bütün düşüncələrini açıq şəkildə ortaya qoyur. Bu meyarların səhv izah olunmasına, yaxud gizlədilməsinə və ya unudulmasına imkan vermək olmaz. Əgər biz bu meyarları pis izah etsək, səhv göstərsək, sanki bir yolda kompası itirmişik, yaxud kompas xarab olub. Fərz edin bir dənizdə, yaxud səhrada insanın kompası sınır və xarab olur. Bu zaman yolu təyin etmək olmaz. Əgər imamın fikirləri pis bəyan olunsa, pis izah olunsa, sanki kompas xarab olur və yol itir; hər kəs öz fikri və istəyi ilə bir söz danışır. Bu arada bədxahlar da fürsətdən istifadə edir və xalqı çaşdırmaq üçün yolu yanlış izah edirlər.

İmamın fikirləri açıq-aydın, özünün dediyi və yazdığı şəkildə izah olunmalıdır. Bu, imamın yolunun, xəttinin və inqilabın düzgün istiqamətinin meyarıdır. Bir nəfər açıqca deyir ki, mən imamı qəbul etmirəm. Bu başqa bir mövzudur. İmamın ardıcıllarının və tərəfdarlarının imamı qəbul etmədiyini və yolunu səhv saydığını açıq söyləyən şəxsə münasibəti bəllidir. Amma bu inqilab imamın xətti və yolu ilə getməlidirsə, onun yolu aydın olmalı və fikirləri düzgün izah edilməlidir.

Onun-bunun xoşuna gəlməkdən ötrü imamın bəzi həqiqi mövqelərini inkar etmək, yaxud gizlətmək olmaz. Bəzi adamlar yanlış olaraq belə düşünürlər ki, imamın tərəfdarlarının çoxalmasından və müxaliflərinin də onu sevməsindən ötrü biz onun bəzi açıq mövqelərini ya deməməli, yaxud az deməliyik. Xeyr! İmamın kimliyi və şəxsiyyəti özünün açıq şəkildə və aydın sözlərlə bəyan etdiyi fikirləri ilə tanınır. Dünyanı silkələdən bunlardır; böyük kütlələri İran xalqına müştaq və çoxlarını davamçı edən bu açıq mövqelərdir. Bu gün sizin İslam dünyasının müxtəlif yerlərində əlamətlərini gördüyünüz bu möhtəşəm qlobal hərəkat bu fikirlərlə başlandı.

İmamı aydın şəkildə tanıtdırmaq, onun hegemonluq, mürtəcelik, Qərbin liberal-demokratiyası, münafiq və ikiüzlülər əleyhinə fikirlərini açıq şəkildə ortaya qoymaq lazımdır. O böyük şəxsiyyətin təsiri altına düşənlər bu mövqeləri görüb təsirlənmişlər. Biz kimlərinsə imamdan xoşu gəlsin deyə onun mövqelərini gizlədə, yaxud fikrimizcə sərt olanları yumşalda bilmərik. Bizim gənclik dövrümüzdə bəzi adamlar İslamın tərəfdarlarını artırmaq üçün onun bəzi hökmlərini gizlədir və görməzliyə vururdular; qisas hökmünü, cihad hökmünü, hicab hökmünü inkar edir və gizlədirdilər; deyirdilər ki, bunlar İslamdan deyil; qisas İslamdan deyil, cihad İslamdan deyil. Məqsəd filan şərqşünasın, yaxud İslamın əsasları ilə düşmən olan bir adamın İslamdan xoşu gəlməsi idi. Bu səhvdir. İslamı olduğu kimi bəyan etmək lazımdır.

Bəlli xətti olmayan imam nəfəsi və hidayəti ilə İran xalqının özünü və övladlarını ölümə yollayan, candan, maldan keçməyə və müasir dövrün ən böyük hərəkətinə hazırlayan imam deyil. Bəlli xətti olmayan imam kimliksiz imamdır. İmamdan kimliyini almaq ona xidmət deyil. İmamın əsasları aydın əsaslardır. Bu əsaslar imamın sözlərində, çıxışlarında, məktublarında, xüsusən də sözügedən mövqelərin xülasəsi olan vəsiyyətnaməsində əks olunmuşdur. Bu düşüncə əsasları dünyada Qərb soyğunçuları və Amerika quldurları əleyhinə əzəmətli və güclü etiraz dalğası yaradan amildir. Amerikanın müxtəlif prezidentləri Asiyanın, Orta Şərqin və hətta bəzi Avropa ölkələrinin hansına səfər edirsə, insanlar toplaşıb onların əleyhinə şüar verirlər. Siz elə bilirsiniz həmişə belə olmuşdur? Xeyr! Hegemonluğu və sionizmi rüsvay edən, xalqlarda, xüsusən də müsəlman cəmiyyətlərində müqavimət ruhu oyadan amil imamın hərəkəti, ifşası və mövqeyi idi.

İmamın fikirlərini inkar etmək yanlış işdir. Təəssüf ki, bu fikrə bəzən özləri imamın düşüncələrini yayanlardan, yaxud onun ardıcıllarından olanlar rəvac verirlər. İndi hər hansı səbəbdən yollar ayrılır, məqsədlər itir, bəziləri dönürlər. Bəzi adamlar uzun illər imam və bu məqsədlər uğrunda danışdıqdan və hərəkət etdikdən sonra bu məqsəd və əsaslara qarşı çıxır, əleyhinə danışırlar.

İmam Xomeyninin məqbərəsində Tehranın cümə namazı xütbələrindən: 2010.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin