İslam inqilabının qurmağa can atdığı İran
İnqilabın məqsədi aşağıdakı xüsusiyyətlərə malik olan bir İran qurmaqdan ibarət idi: müstəqil, azad, sərvətli, təhlükəsiz, dindar, mənəviyyatlı, əxlaqlı, elmdə və digər sahələrdə beynəlxalq yarışmada öncül - əzəldən insanlar arasında bəşəri nailiyyətlərdə, elmdə və digər istək və nailiyyətlərdə yarışma olub – və bütün mənalarda azad. Azadlıq yalnız ictimai azadlıqdan ibarət deyil; baxmayaraq ki, ictimai azadlıq onun mühüm şaxələrindən biridir. Həm ictimai azadlıq nəzərdə tutulur, həm sərbəst və asudə olmaq, ölkənin əcnəbilərin əluzunluğundan və onların istilasından azad olması. Bəzən ölkə zahirən müstəqil, lakin əslində təsir altında olur. Burada həm də mənəvi azadlıq nəzərdə tutulur; yəni insanın qurtuluşu, əxlaqi və mənəvi yüksəlişi. Daha üstün məqsəd budur. Bütün işlər insanın təkamülü və insani yüksəlişi üçün hazırlıqdır. Bu, İslam cəmiyyətində özünü göstərməlidir.
İnqilabın idealı bu xüsusiyyətlərə malik olan İran idi. Siz soruşun ki, bu xüsusiyyətlər inqilabın hansı cəhətindən başa düşülür, harada yazılmışdır? Mən deyirəm ki, "İslam" sözündən başa düşülür. İslam ümumiyyətlə bunlardır. İslam haqda bundan qeyrisini düşünən şəxs İslamı tanımamışdır. İslamın yalnız mənəvi cəhətlərlə, özü də mənəvi cəhətlərin xüsusi izah və təsəvvürü ilə - ibadət, oruc, zahidlik, zikr və bu kimi işlərlə məşğul olduğunu təsəvvür edən, xalqın dünyasına, ləzzətlərinə, bəşəri istəklərinə diqqət yetirmədiyini düşünən şəxs İslamı düzgün tanımamışdır. İslam belə deyil. Dediyimiz bütün bu məsələlər - həm cəmiyyətin dünyəvi məsələlərinə aid olanlar, məsələn ədalət, təhlükəsizlik, rifah, sərvət, azadlıq və istiqaliyyət, həm də axirət məsələlərinə aid olanlar, məsələn qurtuluş, təqva, iman, əxlaqi inkişaf, insanın mənəvi təkamülü İslam sözündə mövcuddur.
Şiraz universitetlərinin müəllim və tələbələri ilə görüşdəki çıxışdan: 2008.
İlahi bərəkətlərin iman və təqvanın mükafatı olması
Quran ayəsi bizə buyurur: “Əgər bu yerlərin əhalisi iman gətirib təqvalı olsaydılar (pis əməllərdən çəkinsəydilər), sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq”. İman və təqva olsa, səmanın və yerin bərəkətləri axacaq. Səmanın bərəkətləri mənəvi faydalardır, ilahi rəhmətdir, Allaha yaxınlaşmaqdır, səma mələklərinin və ərşin daşıyıcılarının yer üzündəki Allah bəndələri üçün bağışlanmaq istəyidir. Yerin bərəkətləri insanın yer həyatı ilə əlaqədar olanlardır; yəni azadlıq, rifah, müstəqillik, təhlükəsizlik, ruzi bolluğu, fiziki sağlamlıq və bu qəbildən olan məsələlər. Əgər iman və təqva olsa, insan üçün həm o bərəkətlər olacaq, həm bu bərəkətlər. Bu, İslamdır. Deməli, İslam inqilabı dedikdə mənası bunlardır.
Biz bu xüsusiyyətlərə malik olan bir İran qurmaq istəyirik. Bu mətləbin bir əlavəsi var. O da budur ki, məsələ yalnız İran deyildi. İran birinci növbədə İslam cəmiyyətləri və sonra bütün bəşəriyyət üçün bir örnək olaraq nəzərdə tutulmuşdu. Biz - yəni İran xalqı, İran inqilabı, İranın inqilabçıları istəyirdik ki, bu xüsusiyyətlərə malik olan bu cəmiyyəti quraq, onu insanlara və İslam ümmətinə göstərək. Onlar bunun həm İslamın istədiyi, həm də bu dövrün xalqı üçün mümkün olduğunu görsünlər; düşünməsinlər ki, bəli, bu yaxşıdır, amma mümkün deyil. İslam hərəkatının mübarizə çağında bunu deyirdilər. Bəzi xoşməramlı insanlar deyirdilər ki, nə üçün əbəs yerə zəhmət çəkirsiniz, faydası yoxdur; bəli, sizin sözləriniz düzdür, lakin olası deyil. İnqilab İslam dünyasının hər bir nöqtəsində olan bütün insanlara göstərmək istəyirdi ki, bu örnək həyata keçəsi və olasıdır; bu da nümunəsi. İnqilabın məqsədi bu idi. Bu məqsəd əvvəldən vardı. Sizə deyim ki, bu gün də həmin məqsəd var, gələcəkdə də olacaq. Bu, dəyişməz məqsəddir.
Şiraz universitetlərinin müəllim və tələbələri ilə görüşdəki çıxışdan: 2008.
Günah və fəsadın keçmiş rejimlərin məmurları üçün adiləşməsi
Başıqapazlılıq, zorakılıq eşitmək, cəmiyyətin ədalət, insaf və paklıq gözlədiyi şəxslərdə azğınlıq görmək adət olmuşdu. Yəni inqilabdan öncə xalqa desəydilər ki, ölkənin filan yüksək rütbəli məmuru, şahın özü, yaxud nazirlər və ya məmurlar filan əyyaşlığı etdilər, filan azğınlığı etdilər, filan çirkin və pis əməli gördülər, xalq təəccüblənməzdi; deyirdilər bəli, bu təbiidir. Təmiz və iffətli olmalı məmurları hamı natəmiz və çirkab içində görməyə adət etmişdilər. Biz təəccüb edirdik ki, necə olur İslamın erkən çağında bir sərxoş xəlifə gedib sübh namazına imamlıq etdi. Bunu həm xəlifə haqqında demişlər, həm də xəlifə tərəfindən təyin olunmuş əmirlərdən biri haqqında. Bu, İslam tarixində var, məşhur və qətidir. Sübh namazı iki rəkətdir, amma o kefli olduğuna görə altı rəkət qıldı. Dedilər ki, ağa, sübh namazını çox qıldın. Dedi ki, bəli, halım yaxşıdır, istəsən, daha çox qılaram. Bu, tarixdə olmuşdur. O zaman xalq görürdü ki, xəlifə belə bir günah edir, amma dözürdülər və laqeydliklə məsələnin yanından keçirdilər. Bizim dövrümüzdə - tağut dövründə də belə idi. Xalq İslam ölkəsinin padşahının fasiqlik və günah etməsinə, şərab içməsinə, mənasız işlər görməsinə təəccüb etmirdi. Bəlkə də öncə demişəm ki, atamın müəllimi olan və mənim də gördüyüm böyük Təbriz alimlərindən biri çox elmli, lakin çox sadə bir qoca idi. Mən bir dəfə Təbrizə getmişdim. Şagirdləri və onu sevən dostları danışırdılar ki, Məhəmmədrza gənc olarkən bir dəfə Təbrizə gəlib bu ağanın yanına getmiş, ona hörmət bildirmiş və dərs dediyi mədrəsəyə baş çəkmişdi. Məhəmmədrza gedəndən sonra elmli, təqvalı, lakin sadəlövh olan bu alimdə şaha rəğbət yaranmışdı və onu tərifləyirdi. Dostlar demişdilər ki, ağa, siz bu adamı tərifləyirsiniz, amma bu kişi filan pis işləri görür; o alimə çox böyük görünməli olan işlərdən biri bu idi ki, misal üçün, şərab içir. Demişdi ki, bəli, şahdır da, deyirsən şərab içməsin?! Demişdilər ki, məsələn qumar oynayır. Demişdi şahdır da, bəs nə oynasın?! Adət belə idi ki, şah olduğuna, nazir olduğuna görə fasiqlik, günah və natəmizlik etməlidir. Bu, bizim cəmiyyətimizdə mövcud adətlərdən idi. Bunlar sözügedən daxili maneələrdir. Bunlar uca məqsədə çatmaq qarşısında maneçilik törədən amillərdir.
Şiraz universitetlərinin müəllim və tələbələri ilə görüşdəki çıxışdan: 2008.
Bəzilərinin inqilaba qarşı çıxmasının səbəbi: dini təlimləri yanlış anlamaq
Cilovsuz və tərbiyə olunmamış qəzəb və ehtiraslar, keçmişdən miras qalmış xurafatçı etiqad və adətlər və dinin sözünü pis anlamaq daxili zəifliklərdəndir. Bəzi adamlar çox şeyləri anlamırlar. Mübarizə zamanı bəziləri həzrət Mehdinin (ə) bayrağından öncə ucalan hər bir bayrağın odda olmasına dair hədislərə istinad edərək mübarizəyə qarşı çıxırdılar. Deyirdilər ki, siz həzrət Sahibəzzamandan (ə) öncə mübarizəyə başlamaq istəyirsiniz? Ucaltdığınız bu mübarizə bayrağı oddadır. Hədisin mənasını anlamırdılar. Erkən İslam çağında və imamların dövründə bir dəstə Mehdinin (ə) zühur edib dünyanı ədalətlə dolduracağını eşitmişdi; buna görə mehdilik iddiası edirdilər. Bəziləri özləri də çaş-baş qalırdılar. Bilməniz pis deyil ki, həm Bəni-Üməyyədə mehdilik iddiası vardı, həm Bəni-Abbasda, həm də sonrakılarda. Bəli, kim mehdilik bayrağı ucaltsa, oddadır. Bunun mənası o deyil ki, xalq zülmlə mübarizə aparmasın, ilahi və İslam cəmiyyəti, Əli cəmiyyəti qurmaq üçün mübarizə aparmasın və qiyam etməsin. Bu, dini pis anlamaqdır. Görürsünüz ki, bunların hamısı daxili maneələrdir. İnqilab qələbə çalandan sonra biz İran xalqı belə bir vəziyyətdə ölkəni o məqsədlərə sarı aparmaq istəyirdik. Bunların hər biri bir maneə idi. Sözsüz ki, bunları aradan qaldırmaq mümkün idi, qeyri-mümkün deyildi, çoxu da açıqlamaqla aradan qalxdı. Odur ki, İslam mübarizələrində açıqlamanın böyük rolu var. Mən bunu məsuliyyət hissi keçirən siz əziz gənclərə mötərizə arasında deyirəm ki, açıqlamaq çox önəmlidir. İslam mübarizələrində istənilən halda açıqlamağın - həqiqəti söyləməyin, çatdırmağın və təbliğ etməyin böyük əhəmiyyəti var və bunu əldən vermək olmaz. O zaman geniş yayılan marksist təfəkkür isə buna inanmırdı. Onlar deyirdilər ki, mübarizə bir ənənədir, həyata keçəcək; istər istəyəsiniz, istər istəməyəsiniz; istər deyəsiniz, istər deməyəsiniz. Yəni onların izah etdiyi dialektikanın nəticəsi olaraq, mübarizənin açıqlamağa ehtiyacı yox idi. 1970-ci ildə Məşhəddə bizimlə tanış olan, o zaman yenicə baş qaldırmış qruplaşmalardan birinə bağlı olan kommunist bir gənc bir dəfə mənimlə görüşdü. Dedi ki, filan işləri görmək istəyirik. Mən dedim ki, belə ictimai şəraitdə olmaz; bir qədər xalqla söhbət edin, məsələni açıqlayın, danışın, xalqa nə iş görmək istədiyinizi başa salın. Çox etinasızlıqla dedi ki, bu, İslamın üsuludur. Bəli, İslamın üsulu budur. İslam açıqlamağın tərəfdarıdır. Həmin açıqlamalar İslam inqilabının bu tarixi şəraitin və səhv tərbiyələrin bir çoxuna qalib gəlməsinə bais oldu.
Şiraz universitetlərinin müəllim və tələbələri ilə görüşdəki çıxışdan: 2008.
İmamın hələ də dünya müsəlmanları tərəfindən sevilməsi
İran xalqı on doqquz ildir bu münasibətlə Böyük İmama dərin sevgisini bildirir. Bizim xalqımızın əksəri Böyük İmamın səmərəli həyatını görməyən, ya o həzrətin vəfatından sonra dünyaya gələn, ya da Böyük İmamın mübarək həyatının onillik dövründə azyaşlı oğlan və qızlar olan gənclərdən ibarətdir. Ölkənin hər bir yerində bu mömin və nurlu gənclər imama elə eşq bəsləyir, onun adını və xatirəsini elə uca tuturlar ki, sanki onunla oturub-durmuşlar. Səmat duasında belə deyilir: “Onu görmədiyimiz halda sədaqətlə ona iman gətirdik”. Həm də bu yalnız bizim xalqımıza məxsus deyil. Dünyanın bir çox bölgələrində və müsəlman ölkələrində bizim böyük imamımıza qarşı bu hiss var. Bu, iki böyük amildən irəli gəlir: Biri imamın əzəməti, onun şəxsiyyətinin müxtəlif cəhətlərinin böyüklüyüdür. O, müasir və hətta bizə yaxın dövrlərdə müstəsna bir şəxsiyyət olmuşdur. Başqa bir amil isə bu inqilabın əzəməti, Böyük İmamın öz imanı, ağlı və güclü iradəsi ilə bu dövrdə gördüyü böyük işdir: İslam inqilabı etmək və İslam quruluşu yaratmaq. Bu inqilabın əzəməti də bizim böyük imamımızın əzəmətindən xəbər verir. Bu inqilab Allahın bir möcüzəsi idi.
Həzrət İmam Xomeyninin vəfatının on doqquzuncu ildönümü tədbirində çıxışdan: 2008.
İslam inqilabının kompleks cəhətlərə sahib olması
İslamın və İslam ümmətinin düşmənləri İslam və ruhanilik əleyhinə təxminən yüz il təbliğat aparmış və işlər görmüş, asılı rejim bu ölkədə əlli il İran xalqının maraqlarını düşmənlərə və əcnəbilərə qurban və ölkəni bütövlüklə əcnəbilərdən asılı etmişdi. Böyük İmam İslam naminə və istismarçılıqla mübarizə məqsədilə qiyam etdi və qələbə çaldı. İslam inqilabı bütün inqilablardan fərqlidir; nə sırf mənəvi və mədəni inqilabdır, nə sırf iqtisadi inqilab, nə də sırf siyasi inqilab. Bu inqilab kompleks cəhətlərə sahib olan bir inqilabdır, İslamın özü kimidir. İslamın mənəvi, əxlaqi və ilahi cəhətləri olduğu kimi, bu din həm də xalqın həyatına önəm verdiyindən və İslamda iqtisadi, siyasi və ictimai cəhətlərin də mövcud olduğundan İslam inqilabı da bu müxtəlif cəhətlərə malik idi. İslam inqilabının yaşamasının, region və dünya səviyyəsində günbəgün güclənməsinin səbəbi onun bəşəri ehtiyaclara uyğun müxtəlif cəhətlərinin olmasıdır.
Həzrət İmam Xomeyninin vəfatının on doqquzuncu ildönümü tədbirində çıxışdan: 2008.
İmamın vəsiyyətnaməsinin mənəvi irs olması
İmam sözü və rəftarı ilə öz ümmətinə - biz xalqa davamlı bir hidayət əlaməti qoyub getdi. İmamın sözləri həyatın bütün döngələrində bizi yönəldir. İmamın ən güclü və ən yaxşı mənəvi irslərindən biri onun vəsiyyətnaməsidir. Yaxşı olar ki, xalq, müxtəlif məmurlar və gənclər zaman-zaman bu vəsiyyətnaməni yenidən öyrənib araşdırsınlar. Mən bu gün bu möhtəşəm toplantı münasibəti ilə və sizin qəlblərinizin ayıq olduğuna görə imamın dərin məzmunlu vəsiyyətnaməsinin bir neçə məqamına toxunacağam.
İmam öz vəsiyyətnaməsində deyir ki, bu inqilab ilahi inqilabdır və onun əsas dayağı xalqdır. Yəni bu inqilab xalqa məxsusdur. Bu sözün mənası odur ki, heç kim, heç bir təbəqə, heç bir fərd və heç bir qrup bu inqilabın sahibi olduğunu deyə, özünü ona sahib, digərlərini isə borclu saya bilməz və bilməməlidir. Əgər kimsə özünü bu inqilabın sahibi bilməli olsaydı, hamıdan münasib və layiqli olan imamın özü idi. İnqilab onun iradəsi və şəxsiyyəti hesabına baş verdi, amma o özünü heçkim və Allahı yeganə səbəbkar bilirdi. Bu, imamın sözlərində çox görünür və vəsiyyətnamədə də təkidlə deyilmişdir. Deməli, bu inqilabın sahibi xalqdır. Hamının çiyni üzərində ağır bir vəzifə var və bu, Allahın böyük əmanətini qorumaqdan ibarətdir. Xalq özünü bu inqilabın keçikçisi bilməlidir. İnqilab öz şüarlari, istiqaməti, dəyərləri və əsasları ilə yaşayır. Dünyanın dəyişdiyini bəhanə gətirib inqilabın şüarlarını dəyişdirməyə, yaxud dini şüarları ondan ayırmağa, yaxud ictimai ədalət cəhətini, yaxud istismarçılığa və əcnəbipərəstliyə qarşı mübarizəni, yaxud antiavtoritorizm cəhətini məhv etməyə çalışan şəxslər həmişə olmuşlar, bu gün də vardırlar, gələcəkdə də olacaqlar. Müxtəlif amillərin müxtəlif bəhanələrlə inqilabın şüar və məqsədlərini dəyişdirməyə çalışması həmişə mümkündür. Xalq sayıq olmalı və bilməlidir ki, bu inqilab öz şüarları ilə yaşayır. Bu inqilabın bayrağı üzərinə yazılmış ən əsas şüar onun İslam inqilabı olması, din əsaslarına və dini prinsiplərə sadiq qalması, istismarçılıqla, hegemonluqla mübarizəsi, dünya məzlumlarını müdafiə etməsidir; özü də bütün məzlumları açıq və səmimi şəkildə müdafiə etməsi.
Həzrət İmam Xomeyninin vəfatının on doqquzuncu ildönümü tədbirində çıxışdan: 2008.
Xalqın inqilabın əsl sahibi olması
Bu inqilabın ən üstün şüarlarından biri də onun bütün xalqa məxsus olmasıdır. İnqilab məsələsində heç bir təbəqənin digərinə üstünlüyü yoxdur. Bugünkü gənclər də müqəddəs müdafiə dövrünün gəncləri kimi inqilabın sahibidirlər. Demək olmaz ki, inqilabı edənlərin, onun qələbəsində rol oynayanların inqilaba daha çox aidiyyəti var. Xeyr! İnqilabın qələbəsində iştirak etməyən, amma müqəddəs müdafiədə öz canı ilə səhnəyə çıxan şəxslər də inqilaba eyni həddə aiddirlər. Müqəddəs müdafiədən sonrakı bu iyirmi ildə öz şüuru, qeyri-adi həvəsi, marağı, ilahi hissləri, elmi, ictimai və siyasi fəaliyyəti ilə onun yaşamasını və yeniliyini təmin edən gənclər səhnədə olmuşlar. Onlar da inqilabın övladlarıdır; onlar da inqilabın sahibləridir. İnqilab ozamankı insanlar qədər bunlara da aiddir. Gələcəkdə də belə olacaq. Bu inqilab gənc təbəqəyə və gələcək nəsillərə də eyni həddə məxsusdur. Hamı inqilabda və bu əmanəti qorumaq vəzifəsində ortaqdır.
Bizim bugünkü gənclərimiz, müasir nəslin gəncləri və gələcəkdə meydana çıxacaq gənclər bilsinlər ki, inqilab yolunun iradəyə, imana və möhkəmliyə ehtiyacı var. Bəziləri möhkəm və davamlıdırlar, bəziləri isə yarıyoldan qayıdırlar. Təbii ki, bu öz zərərləri ilə nəticələnir: “Kim (beyəti) pozsa, ancaq öz əleyhinə pozmuş olar”1. İnqilabdan dönənlər yayda oruc tutan, günün sonlarında iftara bir-iki saat qalmış taqəti tükənən və orucunu açan adam kimidirlər. Belə bir şəxs sanki əvvəldən oruc tutmamışdır. Gündüzün hər hansı bir saatında orucu batil etməyin fərqi yoxdur. İnqilab yolunda davamlılıq olmasa, hərəkət davam etməsə, insanın onunla rabitəsi qırılar. Bu, inqilaba qarşı vəfasızlıqdır. İnqilaba vəfasızlıq edən, ona sevgisini azaldan və arxa çevirənlər həmişə olmuşdur. İmamın vəsiyyəti budur ki, bizim gəncimiz, xalqımız və müxtəlif nəsillərimiz realist gözlə baxsınlar. Əsas məsələ inqilabdır. İnsanlar əsas deyillər. İnqilabçılıq özünün inqilabla rabitəsini, əməlini və sadiqliyini qorumaqla mümkündür. Bu birinci məsələdir.
Həzrət İmam Xomeyninin vəfatının on doqquzuncu ildönümü mərasimində çıxışdan: 2008.
İmamın proqnozu: inqilabın dünyaya yayılması
İmam vəsiyyətnaməsində elan edir ki, bu inqilab yayılıb İslam dünyasında müstəmləkəçilərin istismarına son qoyacaq. Bu, Böyük İmamın proqnozudur. Bu gün baxdıqda bunun baş verdiyini görürük. İmama görə, bəzi inqilabların əksinə olaraq, İslam inqilabı digər ölkələrə iğtişaş törətməklə, ordu yeritməklə və terrorçuluqla yayılmayacaq. Xalqlar arasında inqilabı yaymaq İslam Respublikası quruluşunu örnək göstərmək yolu ilə həyata keçir. Yəni İran xalqı İslam Respublikası quruluşunu elə bir səviyyəyə və dərəcəyə çatdırsın ki, digər xalqlar ona baxıb həvəslənsinlər və onu istəsinlər. Bu, İslam təlimlərini təbliğ etmək, İslam dünyasının məzlum təbəqələrini və hegemonluğun zülmü altında tapdanan məzlum müsəlman xalqları müdafiə etməkdə açıq mövqe yolu ilə həyata keçir. İslam quruluşunun yayılması budur və bu baş vermişdir.
Bu gün dünya xalqları İran xalqına baxıb ondan güc və enerji alır, həvəslənirlər. Bu gün İran xalqının antihegemon şüarları bütün İslam dünyasına yayılmışdır. Siz bu gün müsəlman ölkələrinin hansına getsəniz, hansı rejim və hansı quruluş hakim olsa da, xalqların sizin şüarlarınıza, təsvir etdiyiniz məqsəd və amallara hörmətlə baxdığını görərsiniz. Zülmə, istismara qarşı mübarizə aparmaq, məzlumları, Fələstin xalqını müdafiə etmək və sionizmin xərçəng şəbəkəsi ilə düşmən olmaq belə məsələlərdəndir. Müsəlman xalqlar bunu istəyirlər. İslam inqilabının yayılması budur. İran xalqının düşmənlərin təzyiqi qarşısında möhkəm dayanması, öz haqqını tələb etməsi, hətta nüvə enerjisi məsələsi bu gün İslam dünyası tərəfindən dəstəklənir. Müsəlman və ərəb ölkələrinin sözçüləri nüvə enerjisi məsələsinin ərəb xalqlarının ümumi istəyinə çevrildiyini bildirirlər.
İran xalqının dost və düşmənləri etiraf edirlər ki, imamın inqilaba dair proqnozu bu gün həyata keçmişdir. Onlardan biri Fələstin amalıdır. Xalqlar İran xalqı kimi İsrail rejimini regionda qondarma və zorla yaradılmış bir rejim bilirlər. Düzdür, hökumətlər xalqların yanında deyillər və təssüf ki, İsraili gücləndirən də budur. Sionizm rejiminin özünün gücü, öz ayağı üstə dayanmaq bacarığı yoxdur. Bu gün iki amil sionizm rejimini ayaqda saxlamışdır: biri Amerikanın bu mənfur rejimi qeyd-şərtsiz və həyasızcasına dəstəkləməsi, digəri isə ərəb və müsəlman hökumətlərinin Fələstin xalqını müdafiə etməməsi. Təəssüf ki, müsəlman hökumətlərin və dövlətlərin bir çoxu bu gün Fələstinə dair vəzifələrini layiqincə yerinə yetirmir və xalqlarının səsinə səs vermirlər. Onlar öz xalqları ilə həmfikir olub məzlum Fələstin xalqını müdafiə etsələr, regionda vəziyyət tamamilə dəyişər. Bu, xalqların ümumi istəyi və bizim böyük imamımızın xəbər verdiyi inqilab yayılmasıdır.
Həzrət İmam Xomeyninin vəfatının on doqquzuncu ildönümü mərasimində çıxışdan: 2008.
İslam inqilabı nəticəsində İranın inkişaf etməsi
İmamın vəsiyyətnaməsində mövcud olan, onun səmərəli ömrünün on ili ərzində çıxışlarında toxunduğu və bizim xalqımız və gənclərimiz üçün mühüm olan üçüncü məsələ budur ki, İslam inqilabı xalqın inkişafına və yaradıcılığına kömək edir. İslam düşmənləri uzun illər bunun əksini təbliğ edirdilər. İslam düşmənləri belə gösətərməyə çalışırdılar ki, dindarlıq inkişafla ziddiyyət təşkil edir və uyğun gəlmir. Bir xalq inkişaf etmək istəyirsə, dindən əl çəkməli, Qərbin yanında durub özünü başdan-ayağa onların rənginə salmalı və inkişaf etməlidir. Uzun illər bunu İran xalqına bir inam kimi aşılamışdılar. Bizim böyük imamımız inqilabın əvvəlindən son günə qədər və həmçinin öz vəsiyyətnaməsində təkid edir ki, inqilabi ruh irəliyə doğru hərəkət, inkişaf və yaradıcılıq amilidir. Bu amil İran xalqında yarandı.
Bu gün İran xalqı özünə inanır, elmi işlərə, siyasi işlərə qoşulur. İran xalqı ciddi şəkildə hansı sahəyə girişirsə, xalqların ön sırasında durur. Elmi yeniliklərdə, siyasi iqtidarda və beynəlxalq imicdə xalqımızın bugünkü vəziyyəti inqilabdan öncəki dövrlə müqayisəolunası deyil. Bu xalq oyanmışdır, dirilmişdir və bu, inqilabın nəticəsidir. Bu inqilabi ruh xalqda nə qədər dirçəlsə və fəal olsa, yenilik və yaradıcılıq daha da canlanar. Elə inqilabın özü də böyük bir yenilik idi. İmam İslam inqilabı və İslam Respublikası ilə gerilik və qərbpərəstlik arasında orta yol cızdı. Xalqlar elə bilirdilər ki, ya geridə qalmalı, ya da qərbpərəst olmalıdırlar. İmam göstərdi ki, xeyr, insanın Qərbə əsir və qərbpərəst olmaması, amma eyni zamanda inkişaf etməsi üçün düzgün bir yol vardır. İran xalqı bu yolu keçmişdir. Əziz gənclər! Ölkənizin inkişafı və tərəqqisi naminə bacardığınız qədər bu düzgün yolla gedin. Siz Allah-Taalaya və öz daxili gücünüzə inamla qarşınızdan bütün maneələri götürə bilərsiniz.
Hegemonluğun və beynəlxalq təxribatçıların nüvə enerjisi və digər oxşar məsələlərdə İran xalqına düşmənliyinin səbəblərindən biri budur. Siz görürsünüz ki, amerikalılar və onların bəzi avropalı ardıcılları İran xalqının nüvə enerjisi əldə etməsinə qarşı çıxır, bunun əleyhinə çalışır, təhdid edir, kobud sözlər deyirlər, lakin elm və sənaye baxımından qat-qat geridə və İran xalqından zəif olan digər ölkələrə gedib nüvə enerjisinə dair müqavilə bağlayırlar. Bu sözün mənası nədir? Mənası budur ki, nüvə enerjisi bir xalqın özünə daha çox güvənməsinə səbəb olsa, ona icazə vermirlər. Onlar bir xalqın onlara ehtiyacı olmadan, öz yaradıcılığı ilə tam müstəqil şəkildə əldə etdiyi nüvə enerjisinə müxalifdirlər. Bizim əziz gənclərimiz və böyük xalqımız öz qüvvəsinə arxalanıb bu mütərəqqi elm və sənayeyə nail olmuşlar, asılılıq yaratmamışlar, hətta asılılıqdan qurtarmışlar. Hegemon dövlətlərin digər xalqlara verdiyi nüvə yanacağı asılılıq amilidir. Özü əldə edən, yaradan, yaradıcılıq göstərib istehsal edən İran xalqı üçün isə asılılığın kəsilməsinə səbəb olur. Beynəlxalq hegemonluq və İran xalqının düşmənləri bununla düşməndirlər.
Həzrət İmam Xomeyninin vəfatının on doqquzuncu ildönümü mərasimində çıxışdan: 2008.
Düşmənin psixoloji müharibə törətməyə çalışması
İmamın vəsiyyətnaməsində mövcud olan başqa çox mühüm məsələ düşmənin soyuq müharibəsinə və psixoloji əməliyyatına diqqətdir. Düşmən aciz qalanda psixoloji müharibəyə əl atır, xalqları məyus etməyə və həvəsdən salmağa çalışır. Onlar psixoloji müharibə ilə və təhdidlə qarşılarındakı xalqları meydandan çıxarmağa çalışırlar. Bu o deməkdir ki, bu xalqın qarşısında əməli müqavimət gücləri yoxdur. Bu psoxoloji müharibə inqilabın ilk günlərindən otuz il ötən bu günə qədər davam edir. Bəzən deyirdilər ki, bu inqilab iki aydan artıq yaşamayacaq, bəzən deyirdilər ki, iki ildən artıq qalmayacaq. İndi otuz ildir bu inqilab çox qüdrətlə irəliləmiş, İran xalqını günbəgün daha yekdil, daha ümidli və enerjili etmişdir.
Həzrət İmam Xomeyninin vəfatının on doqquzuncu ildönümü mərasimində çıxışdan: 2008.
Gənc nəsli yayındırmaq üçün düşmənin təxribatı
Böyük İmamın vəsiyyətnaməsində olan başqa bir məsələ gənclərə onların hədəf seçildiyi təxribatlar qarşısında xəbərdarlıqdır. Bir ölkənin gəncliyi bir mühərrik kimi öz xalqını irəliyə aparmaqdan ötrü fəal, həvəsli, sağlam, güclü, işə və inkişafa maraqlı olmalıdır. Düşmən iranlı gəncdə bu ruhiyyəni məhv etmək üçün müxtəlif təxribatlara əl atır, idarə etdiyi qruplar vasitəsilə fəsadı, pozğunluğu və narkotik maddələri yayıb iranlı gənci yolundan daşındırmağa çalışır. İran gənci sayıq olmalıdır. Bu gün İslam Respublikası quruluşunun məmurları narkotik maddələrlə sərt mübarizə aparırlarsa, bu, böyük bir cihad və İran xalqının inkişafı üçün çox önəmli fəaliyyətdir. Bunlar iranlı gəncin sexdə, laboratoriyada, universitetdə, elm mərkəzində, iş yerində, sənaye fəaliyyətində və əkinçilikdə aktiv olmasını istəmirlər. Cinsi ehtirasa qərq, yaxud narkotik maddələrə əsir olan gəncin nə işləməyə taqəti var, nə düşünməyə hövsələsi, nə çalışmağa qüvvəsi, nə yaradıcılığı, nə gücü, nə lazımi iradəsi, nə də əzmkarlığı. Bu gün iranlı gənci ehtiraslara, narkotik maddələrə, müxtəlif cinsi əyləncələrə çəkmək üçün aparılan mütəşəkkil təxribatlar çox təhlükəlidir. Onlarla mübarizə birinci növbədə xalqın, xüsusən də gənclərin özlərinin üzərinə düşür. Gənclər sayıq olsunlar. Düşmən iranlı gəncin təqvasının və dindarlığının müxtəlif sahələrdə onun inkişafına yardım etdiyini bilir və onu zəiflətmək istəyir. İmam xəbərdarlıq edir; həm universitetlərə, həm elm hövzələrinə, həm də ölkə gənclərinə tapşırır ki, ayıq-sayıq olsunlar. Gənci qafil və həvəssiz etmək xalqı geridə saxlamaq deməkdir. Bütün xalq məsuliyyət hiss etməli və məmurlar da böyük cihad olan bu yolda ciddi çalışmalıdırlar.
Həzrət İmam Xomeyninin vəfatının on doqquzuncu ildönümü mərasimində çıxışdan: 2008.
Beynəlxalq istismarçılara qarşı güclü mübarizənin zəruriliyi
İmamın vəsiyyətnaməsində və sözlərində olan başqa bir mühüm məsələ dünya istismarçılarına qarşı mübarizə məsələsidir. Beynəlxalq istismarçılar və hegemon qüvvələr tarix boyu həmişə olmuşlar, lakin elm və sənayenin inkişafı və modern rabitə imkanları səbəbindən bu gün bu istismar asanlaşmışdır. Buna görə amerikalıların bütün dünyaya tamah saldığını görürsünüz. Maraqlarının təhlükəyə düşməsi bəhanəsi ilə müxtəlif yerlərə soxulurlar. Sanki onların maraqları bütün dünyanın, bütün xalqların maraqlarından üstündür. Bu hegemonluğun, quldurluğun, qanmazlığın və haqsızlığın qarşısında necə hərəkət etmək lazımdır? İki yol var: biri təslim olmaq, biri isə müqavimət göstərmək. Dünya hegemonlarına təslim olmaq onları hegemonluğa həvəsləndirir. Xalqların, dünya siyasətçilərinin, müxtəlif cəmiyyətlərin ziyalılarının beynəlxalq hegemonluğa təslim olması onları inkişafa və daha artıq hegemonluğa həvəsləndirir. Xalqlar üçün birdən artıq doğru yol qalmır və o da müqavimətdir. Əgər bir xalq hegemonların və bu gün özəlliklə Amerikanın hegemonluğunu dəf etmək istəyirsə, qarşısında çox qüdrətlə və möhkəm dayanmalıdır.
Həzrət İmam Xomeyninin vəfatının on doqquzuncu ildönümü mərasimində çıxışdan: 2008.
İnqilabın güclü materializm dalğasına qarşı yeni layihəsi
Mənim əzizlərim! İnqilab yalnız İran tarixində deyil, bütün dünya və bəşəriyyət tarixində mühüm bir hadisə idi. Mən bu məqam üzərində dayanmaq istəyirəm. Bu, şüar deyil, dəqiq məsələdir. Bu, bəşəriyyət tarixinin bir hadisəsidir. Zaman ötdükcə bu həqiqət daha çox aydınlaşacaq. Məsələ bundan ibarət deyil ki, bir ölkədə azğın tağut rejimi hakim idi və sonra bir İslam quruluşu yarandı. Düzdür, belədir, amma yalnız bu deyil. Əsrlərdir dünyanı bilərəkdən maddi baxışlara, həyatın və dünyanın materialist dərkinə sarı aparırdılar; indi də aparmaqdadırlar. Bu inqilab bütün maddi imkanları ilə daim gücləndirdikləri bu böyük dalğanın qarşısında dayanıb ona zərbə endirdi. İmam mənəviyyat bayrağını ucaltması ilə böyük sürətlə aparılan bu hərəkətə zərbə endirib onu zəiflətdi. Bu gün materializmin beşiyi olan ölkələrdə müxtəlif formalarda mənəvi təmayüllərin baş qaldırdığını görürsünüz. Orada gənclər arasında mənəviyyat istəyi, mənvəiyyata eşq və rəğbət yaranmışdır. Sözsüz ki, bu mənəviyyatı düzgün idarə edə bilməyəndə sapqın təmayüllər, yalançı irfanlar və sair məsələlər ortaya çıxır. Bunda fırıldaqçıların da böyük rolu var. İslam və Əhli-beyt (ə) məktəbinin Qərbin materialist imperiyasının qəlbində də istəyəni, dinləyicisi və sevəni var. Bu gün dünyada bu tendensiya hiss olunur və danılmazdır. İslamın əleyhinə və əzəmətli Peyğəmbərin (s) mübarək adına qarşı bütün bu hücumlar dünyada bu adın nüfuzunun artdığına, təsirinin çoxaldığına və gəncləri daha çox cəlb etdiyinə görədir. Bu, hegemon mərkəzləri təşvişə salmış, muzdurlarını hər gün bir formada reaksiyaya vadar etmişdir. Bu onların məğlubiyyətini göstərir.
Əhli-beyt (ə) məddahları ilə görüşdəki çıxışdan: 2008.
İslam inqilabı və dünyanın vəziyyətinin dəyişməsi
Təxminən iki yüz il öncədən müstəmləkə məsələsi, yəni güclü dövlətlərin tədricən zəif ölkələrə əl uzatması başlandı. Həmin zamandan, yəni on doqquzuncu əsrdən istismarçı sistem formalaşdı, dünya iki hissəyə bölündü: hegemon və istismarçı hissə, zəif, başıqapazlı və istismar olunan hissə. Sizin İslam inqilabınız siyasət dünyasında təbii qarşılanan bu amil qarşısında dayandı. Bu gün çoxlu ölkələrdə “Amerikaya ölüm” sədasının ucalması yeni bir şeydir. Bu, İran xalqının hərəkətindən törəmişdir, əvvəllər belə bir şey yox idi. Siz görürsünüz ki, bu gün bütün dünyada – istər müsəlman ölkələrində, istər hətta Avropa ölkələrində Amerika siyasəti ən mənfur siyasət və Amerika başçıları dünyanın ən mənfur siyasətçiləri sayılırlar. Bu, İran xalqının möhtəşəm hərəkətindən irəli gəlir. Böyük güclərin buynuzu ilk dəfə burada sındırıldı və istismarçı sistem çətin duruma düşdü. Nə üçün? Nə üçün ABŞ kimi böyük güclər həmişə istismar olunan ölkələrlə hakim mövqedən danışmalıdırlar? Bizim öz İranımızda tağut rejiminin rəzil və bədbəxt başçıları mühüm qərarlar verə bilmirdilər. Əvvəlcə Amerikanın və İngiltərənin İrandakı səfirləri ilə məsləhətləşməli idilər. Nə üçün? Nə üçün böyük potensiala, güclü maddi, mənəvi və mədəni resurslara malik olan bir xalq əcnəbi dövlətə tabe və təslim olmalıdır? Nə üçün? Bu sualı birinci dəfə İslam inqilabı ortaya qoydu.
Bu siz İran xalqının inqilabının mənəvi və siyasi cəhətlərdən dünyanın ümumi vəziyyətinə göstərdiyi təsirdir. Bu iki nümunədən başqa nümunələr də var, amma indi bu haqda danışmağa vaxt yoxdur.
Əhli-beyt (ə) məddahları ilə görüşdəki çıxışdan: 2008.
İran xalqının müqavimət qəhrəmanı olması
Bu böyük iş görüldü - düşmənliklər də başlandı, qarşılığında müqavimət də. Böyük İmamın möhtəşəm rəhbərliyi ən çətin zamanlarda bu müqaviməti çox qüdrətlə qoruyub davam etdirə bildi. İran xalqı və ölkə gəncləri həqiqətən rəhbərlərinin sözünü dinlədilər, ürəkdən qəbul etdilər, anladılar və əməl etdilər. Xalqı yayındırmağa, daşındırmağa, yollarını dəyişdirməyə, inamlarını almağa çox çalışdılar, amma bacarmadılar. İndiyədək mümkün olmayıb, bundan sonra da inşallah mümkün olmayacaq. Bu hərəkət davam etmiş, bu düşmənliklər də günbəgün müxtəlif formalara düşmüşdür. Biz bir yerə sarı qaçan bir qaçışçıya bənzəyirik. Bəzi qüvvələr onun çatmasını istəmir və daim yolunda maneələr yaradırlar. O həmin maneələrin üzərindən hoppanır, ona daş atırlar, qınayırlar, ətrafdan qışqırırlar ki, getmə, çatmayacaqsan, faydası yoxdur. O isə onlara qulaq asmır, yaralanır, ağrılara dözür, amma yolunu davam etdirir və istədiyi yerə çatır. İran xalqı bu günə qədər belə bir qəhrəman qaçışçı kimi hərəkət etmiş və irəliləmişdir.
Əhli-beyt (ə) məddahları ilə görüşdəki çıxışdan: 2008.
Ayıqlıq və dözüm - iki uğur amili
Mən bir dəfə bəzi dostlara dedim ki, Peyğəmbərin (s) həyatını millimetrlərlə mütaliə etmək lazımdır. Bu həyatın hər bir anı bir hadisədir, bir dərsdir. Bu iyirmi üç ilin hamısı belədir. Bizim gənclərimiz Peyğəmbərin (s) tarixini güclü və əsaslı mənbələrdən oxuyub nə baş verdiyini öyrənsinlər. Bu gün bəşəriyyət üçün ən yaxşı sözlər, ən yaxşı yollar, ən böyük dərslər, ən güclü dərmanlar İslam ümməti daxilində mövcuddur. Əgər siz bu qədər əzəmətli bir ümmətin yarandığını görürsünüzsə, bilin ki, belə yaranmış, inkişaf etmiş və kök atmışdır. Yalnız haqq olduğumuza görə inkişaf edə bilmərik. Haqlılıq müqavimətlə yanaşı olmalıdır. Mən dəfələrlə Əmirəlmöminindən (ə) bu cümləni söyləmişəm. O, Siffeyn döyüşündə buyurdu: “Bu bayrağı yalnız ayıq və dözümlü olanlar götürə bilərlər”. Yəni bu bayrağı götürənlər əvvəla ayıq olmalı, məqsədin nədən ibarət olduğunu anlamalı, ikincisi isə dözümlü olmalı, müqavimət göstərməlidirlər. Biz bunu Peyğəmbərdən (s) dərs almalıyıq.
Bizim əziz imamımız o çağlar bulağı dünyada belə əzəmətlə cari etdi. İmamın da qəlbi öz yoluna imanla dolu idi; Peyğəmbərin (s) özünün birinci mömin olduğu kimi: “Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə inanmış və möminlər də iman gətirmişlər. (Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına və peyğəmbərlərinə iman gətirmişlər”1.
Bizim inqilabımızda da Böyük İmamın özü bu yola inanan birinci şəxs idi. Onun qəlbi bu yola və bu məqsədə imanla dolu idi, nə iş gördüyünü bilir, işin əzəmətini dərk edir, şərtlərini də anlayırdı. Bu işin birinci şərti Allaha təvəkkül edib bu yolda möhkəm dayanmaq idi və o da möhkəm dayandı. Bu xalqın gəncləri də ondan ilham alıb möhkəm dayandılar. Bu dözüm və təmkin bulağı aşıb-daşanda bütün xalqı əhatə etdi: “Möminlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə arxayınlıq (təmkin və mənəvi möhkəmlik) göndərən Odur!”2 Bu arxayınlıq insanların qəlbinə nazil olanda iman çoxalır. Sonra buyurur: “Göylərdəki və yerdəki ordular Allahın ixtiyarındadır”. Nədən qorxursunuz?! Yerin və göyün qoşunları Allaha məxsusdur. Allahla olun. Yerin və göyün bu qoşunları sizə məxsusdur, sizin ixtiyarınızdadır. Bu, ilahi qanundur.
Həzrət Peyğəmbərin (s) Məbəs bayramı münasibəti ilə quruluşun məsul işçiləri ilə görüşdəki çıxışdan: 2008.
Dinin təbiət qanunları ilə uyğunluğu
Baxın, Allah-Taala eyni zamanda iki şey yaratmışdır: biri bütün qanunları və ənənələri ilə birgə bu təbiət aləmini, biri isə şəriət qanunlarını, xalqın dinini və həyat qaydalarını. Bunların ikisini bir yerdə yaratmışdır və bunlar bir-birinə uyğundur. Əgər siz ilahi qanunlara əməl etsəniz, həyatınız, rəftarınız təbiət qanunları ilə uyğun olar. Sanki bir gəmi küləyin istiqamətində hərəkət edir, külək ona kömək edir; yaxud suyun axdığı səmtə hərəkət edir və suyun axarı onu sürətlə aparır.
Təbiət qanunları bu yolla hərəkət edən insana yardım edir, lakin şərti budur ki, siz hərəkət edəsiniz. İran xalqı hərəkət etdi, təbiət qanunları da ona köməkçi oldu, Allahın təbii qanunları ona yardım etdi. Yoxsa kim düşünərdi ki, dünyanın ən həssas bölgəsi olan Orta Şərqin qəlbində, beynəlxalq hegemonluğa ən çox bağlı olan ölkələrdən birində birdən-birə İslam bayrağı ucalsın və bu cəmiyyət İslam ümmətini İslama çağırsın. Üstəlik on illər idi Pəhləvi rejiminin çoxlu ziyalılarının və aparıcı adamlarının beyni Qərb təlimləri, Qərbin vəsvəsələri və nəfs istəkləri ilə çirklənmişdi. Kim belə bir işin baş tutacağını düşünərdi?! Amma baş tutdu.
Bunun mənası odur ki, bir camaat, bir xalq bu yolla hərəkət edəndə Allahın təbii qanunları onlara kömək edər.
Söhbət yalnız İrandan getmir. Bu gün İslam dünyası oyanmışdır. Bir vaxt belə güman olunurdu ki, böyük güclər və quldurlar – ABŞ, yaxud keçmiş Sovet ittifaqı nə istəsə, o da olacaq və dövlət rəsmilərinin onların istəyi ilə razılaşmaqdan başqa yolları yoxdur. Bu gün xalqlarda bu inam əsla yoxdur; dövlət rəsmiləri və siyasi elita arasında da olduqca zəifləmişdir. Möhkəm dayanmaq və müqavimət göstərmək lazımdır.
Həzrət Peyğəmbərin (s) Məbəs bayramı münasibəti ilə quruluşun məsul işçiləri ilə görüşdəki çıxışdan: 2008.
İnqilab iksiri
Bir dostumuz dedi ki, yeni nəsil baş qaldırmaqdadır. Bu tamamilə doğrudur. Əlbəttə, bu, inqilabda meydana çıxan birinci nəsil deyil. Sizdən öncə bir nəsil də inqilabda meydana çıxdı, əslində doğuldu, özünün qüdrətli əlini işlətdi. O da inqilab nəsli idi, başqa bir yerdə və ayrı bir mühitdə yetişməmişdi. Çünki inqilab əşyaları formaya salan isti bir soba kimidir. Qədimdəkilər də deyirdilər ki, iksir misi qızıla çevirir. Təbii ki, bu indi bəzilərinə əfsanə kimi görünə bilər, ancaq əfsanə deyil, reallığı olub və var. İnqilab belə bir şeydir; dəyişdirir, formaya salır. Bu dəyişdirmə yalnız ictimai münasibətlər səviyyəsində deyil, ilk növbədə insanların daxilində və zehniyyətlərdədir. İlk dəyişiklik burada baş verir – qəlblərdə. Buna əsasən, inqilab vaxtı 15, 16, 18 yaşı olan, inqilabda öz imtahanını verən, sonra da müqəddəs müdafiə dövründə möhtəşəm ab-havanı yaradan gənc nəsil də inqilabda doğulmuşdur, sizin baş qaldırdığını dediyiniz bu nəsil də həmçinin. Mən bunu tamamilə qəbul, təsdiq və hiss edirəm.
Tələbələrin inqilab rəhbəri ilə görüşündəki söhbətlərdən: 2008.
150 il Qərbə təqlidçilik və tərəqqi şüarı
Son 100-150 ildə ölkəmizdə islahat, inkişaf və tərəqqi iddiası edib bizi doğrudan da yanlış yola çəkənlər bu böyük günahı etdilər: biz bu 150 ildə həm məqsədə çatmadıq və geridə qaldıq, həm də vaxtımız tələf oldu. Ardıcıl bir neçə nəsil gəlib tələf oldu, bu biyabanda sərgərdan qaldı və məqsədə çatmadı. Nəhayət bir nəsil səhv etdiklərini gördü və qayıdıb yenidən hərəkət etməyə başladı. Cəmiyyətləri səhv yola çəkənlərin günahı budur ki, onların vaxtlarını, ömürlərini və fürsətlərini tələf edirlər.
Bir zaman bizim cəmiyyətimizə inkişaf yolunun qərbliləri yamsılamaqda olduğunu başa salmışdılar; özü də elm öyrənməkdə yox, zahiri işlərdə yamsılamaqda; yəni qadınlarımız hicabsız olsunlar, kişilərimiz filan cür papaq qoysunlar, filan cür paltar geyinsinlər. Bilirsiniz ki, bir zaman bizim ölkəmizdə Pəhləvi papağı adlı xüsusi bir papağı qoymaq məcburi edildi. Kimsə bu papağı qoymasaydı, cihayətkar sayılırdı. Sonra bir addım da irəliyə gedib dedilər ki, ya Pəhləvi papağı, ya şlyapa. Çünki qərblilər - avropalılar bu papağı qoyurdular. Ölkə daxilində geyilən müxtəlif geyim növlərinin və yerli paltarların hamısı sıradan çıxdı, qadağan olundu və hamı Qərbdən gəlmiş vahid geyim formasına keçməli idi. Nə üçün? İnkişaf üçün. Ölkənin inkişafını bunda gördülər ki, bizim insanlarımız kostyum geyinsinlər, qalstuk bağlasınlar, qadınlarımız hicabsız gəzsinlər, qərblilərin adət-ənələrini öyrənsinlər. Görün bunlar bir ölkə üçün nə qədər ziyanverici, nə qədər utancvericidir. O zaman isə nəinki xəcalət çəkmir, fəxr də edirdilər, bunu uca səslə deyirdilər də. Bu, səhv yol və yanlış inkişaf proqramıdır. Dəyər və prinsiplər bu səhvlərin qarşıya çıxmaması üçündür.
Tələbələrin inqilab rəhbəri ilə görüşündəki söhbətlərdən: 2008.
Hegemonluğun inqilabla düşmənliyinin əsas səbəbi
İslam Respublikası ilə hegemon Amerika hökumətinin problemi bu qəbildən deyil, daha köklüdür. Məsələ burasındadır ki, Amerika Birləşmiş Ştatları rejimi İkinci dünya müharibəsindən sonra dünyanın mütləq supergücü iddiası edirdi. Düzdür, o zaman onun qarşısında SSRİ var idi, lakin Amerika və ozamankı SSRİ arasındakı rəqabət sırf iki supergüc rəqabəti deyildi. Amerika dünyanın bütün həyati mənbələri üzərinə əl qoymaq istəyirdi. Orta Şərq adlanan əzəmətli və həssas region, neft zonası olan Şimali Afrika və Fars körfəzi də əməldə Amerikanın ixtiyarında idi. Neft bugünkü dünyanın həyatverici qanıdır. Sabah nə olacağını bilmirik, amma bu gün və bu dünyada neft çoxlu ölkələr üçün istehsal, istilik, işıq və əslində həyat amilidir. Neft olmasa, zavodlar işləməz, istehsal başa gəlməz, ticarət olmaz. Neft qandır, həyatdır. Bu neftin əzəmətli hissəsi adı Orta Şərq olan bu regiondadır. Buraya hakim olmaq mühümdür və Amerika hakim olmuşdur.
Orta Şərqin ortasında hegemonluğun əsas bazası olan İran yerləşirdi. İranın ətrafında hər biri bir şəkildə Amerikanın əlində olan müxtəlif ölkələr vardı. Bu arada sovetlər də bəzi əluzunluqlar etmişdi, amma amerikalılar qələbə çalmışdılar və bu proses davam etməli idi. Əlbəttə, tamahkarlıq yalnız bu regiona və neftə məxsus deyildi. Amerikalılar Latın Amerikasında, Afrikada, Şərqi Asiyada və müxtəlif yerlərdə öz nüfuzlarını möhkəmlətməklə məşğul idilər; günbəgün hökmranlıqlarını gücləndirir və rəqiblərini geri oturdurdular.
Hegemonluğun qüdrətinin hər an çoxaldığı bu qızğın çağda ən həssas nöqtədə - İranda İslam inqilabı baş verdi. Bu inqilabın ən mühüm şüarı zülm və hegemonluqla mübarizə və xalqların hüququnu müdafiə idi. İslam inqilabı bu əsas nöqtəni - yəni İranı Amerika istismarından xilas etdi. Bir zaman amerikalıların sizin bu ölkənizdə, Tehranınızda, ölkənin müxtəlif bölgələrində, bütün həssas nöqtələrdə adamları vardı; silahlı qüvvələrdə, maliyyə orqanlarında, həssas siyasi qurumlarda, təhlükəsizlik sahələrində onların adamları tam səlahiyyət sahibi idilər. Ölkənin bütün qurumlarının rəisi olan və bütün işlərə müdaxilə edən şahın özünün də qulağı Amerika və İngiltərə səfirlərinin ağzında idi. Onlar bir şey istəsə və israr etsəydilər, çarəsiz qalıb istər-istəməz itaət göstərirdi. Bəzən istəmirdi də, amma itaət etməyə məcbur olurdu və edirdi. Amerikalılar belə bir yerdən qovuldular. Bu çox mühüm hadisə idi, kiçik yara deyildi...
İslam Respublikası quruluşu və İran xalqı tərəfindən də məsələ bu qədər dərindir. İran xalqının Amerika ilə problemi bugünkü əməllərin problemi deyil, 1953-ci ildən bu günə qədər onun tərəfindən İran xalqına qarşı törədilən 50 ildən artıq bir müddətlik əziyyət və xəbislik problemidir. İnqilabdan illər öncə, xüsusən də imamın ruhani hərəkatı başlayandan inqilabın qələbəsinə qədər İran xalqına qarşı istədikləri qədər təxribat apardılar, zərbə vurdular, xəyanət etdilər, təzyiq göstərdilər, hegemoncasına bu xalqa qarşı müxtəlif pislikləri etdilər.
13 Aban hadisəsinin ildönümü ərəfəsində şagird və tələbələrlə görüşdəki çıxışdan: 2008.
Dostları ilə paylaş: |