İmam - inqilabın gözəl ağacının1 kökü
Həzrət imamın şəxsiyyəti haqda həqiqətən danışmaq olmur. Dövrün bu əziz insanının və peyğəmbərlər yadigarının şəxsiyyətinin müxtəlif cəhətləri haqda söhbətin natamam qalacağının bilirik. Güclü natiqlərin bu şəxsiyyətin əzəmətini layiqincə bəyan etməsi üçün çox zaman lazımdır. Buna görə mən bu haqda həqiqətən danışmaq istəmirəm. Çünki biz o həzrətin şəxsiyyətinin müxtəlif cəhətlərini araşdırmağı bacarmarıq.
Lakin bunu demək istəyirəm ki, əgər İslam Respublikası quruluşunu, bu böyük və qlobal inqilabı, dünyada yaranmış böyük, insanların daxilində yaranmış daha böyük oyanışı və misi qızıl edən bu dəyişikliyi gözəl söz və gözəl ağac saysaq, onun kökü bu əzəmətli şəxsiyyətdir. Bu mübarək ağacı bitirən o idi. O, hər şey idi; əgər olmasaydı, bizim heç bir şeyimiz olmazdı.
Keçmişdə həmin İran, xalq, coğrafi mövqe, həmin fiqh, Quran və Nəhcül-bəlağə vardı, amma nəyimizsə çatmırdı və biz günbəgün geriyə gedirdik; başımız daha çox daşa dəyir, şəxsiyyətimiz sınırdı. O, meydana çıxanda isə mahiyyətlərə vücud bəxş edən bir varlıq kimi, əşyaları göstərən bir günəş kimi, bir bədənə üfürülüb onu dirildən ruh kimi bizi diriltdi, aşkara çıxardı və hərəkətə gətirdi. Bundan sonra coğrafi və tarixi dəyər, qədim mədəniyyət, Quran, Nəhcül-bəlağə və bizim xalqımız dirçəldi və bizə kömək etdi.
O, açar və bu ağacın kökü sayılırdı. Bu kök qorunmalıdır. Əgər bu quruluş öz kökündən - yəni əziz imamdan ayrılsa, "yerdən qopardılmış"2 ağac olacaq; yəni mişarla kəsilmiş, gövdəsi ilə kökü bir-birindən ayrılmış ağac kimi. Onun bir neçə gün böyük görünməsi mümkündür, lakin taleyi bəllidir. Daha bunların arasında həyat və qida əlaqəsi yoxdur.
Biz İslam quruluşunu öz kökündən, yəni imamdan ayrılmasına qoymamalıyıq. Deyə bilərsiniz ki, imam bizdən ayrıldı, ruhani aləmdə yaşayır və bizimlə rabitəsi yoxdur. Deməliyəm ki, peyğəmbərlər kimi imamın şəxsiyyəti də yalnız onun zahiri vücudundan ibarət deyil. Həzrət Musa (ə) öz xalqından alındıqda Bəni-İsrail və Musanın (ə) ümməti öz mənbəyindən bütünlüklə ayrıldımı? Xeyr! Mənəvi şəxsiyyətlərlə rabitə onların xarici vücudlarından asılı deyil. İslam peyğəmbəri olan həzrət Məhəmməd ibn Abdullah (s) vəfat edəndə İslam ümməti peyğəmbərsizmi qaldı? Əsrlər və nəsillər sonra gələn bizlərin daha peyğəmbəri olmadımı? Bizim də peyğəmbərimiz vardı, lakin onun cismi bizim yanımızda deyildi, daha üstün olan ruhani aləmdə yaşayırdı.
Mənəvi şəxsiyyətlərin kimliyi onların dünyəvi cisimləri ilə məhdud olmur, həmişə yaşayan düşüncələrinə, yollarına, tövsiyələrinə və işarələrinə bağlıdır. Peyğəmbər, övliyalar və bizim bu böyük imamımız barmaqları ilə bir tərəfə işarə edib yolu göstərirdilər. Təbii ki, özləri hamıdan qabaq hərəkət edirdilər, dayanıb demirdilər ki, siz gedin. Bu işarə hazırda mövcuddur. Bunlar imamın kimliyini, bir cəmiyyətin mənbəyini və həyati kökünü təyin edən elementlərdir. Daim ondan qidalanmaq olar, çünki daha cismindən asılı deyil.
İslam İnqilabının Böyük Rəhbərinin pak məqbərəsinin tikintisi ilə məşğul olan Cihad təşkilatının üzvlərinin, müharibə əlillərinin, Nəqliyyat nazirinin, İslam İnqilabının Məhrumlar və Müharibə Əlilləri Fondunun məsul işçilərinin və həzrət İmam Xomeyninin müqəddəs məqbərəsinin direktorunun beyət mərasimində çıxışdan: 1989.
Aşura hərəkatı və inqilab ruhu
Məhərrəm və Aşura barədə deməliyəm ki, bizim hərəkatımızın ruhu, ümumi istiqaməti və qələbə dayağı həzrət Əbu Abdullaha (ə) və Aşuraya dair məsələlər idi. Bu bəlkə də bəziləri üçün bir qədər ağır görünə bilər, lakin həqiqət belədir. Heç bir fikir, hətta dərin inanca malik olduqda belə, xalqın milyonluq izdihamını o formada tərpədib, hiss etdiyi vəzifəni yerinə yetirməkdə və müxtəlif fədakarlıqlarda azca da tərəddüdə düşməyəcək şəkildə idarə edə bilməzdi.
İman məhəbbətlə, dərin eşqlə və emosional bağlılıqla yanaşı olmasa, lazımi təsir bağışlamaz. İmana əməl və fəaliyyət məqamında, özü də yüksək həddə təsirlilik bəxş edən amil məhəbbətdir. Məhəbbət olmadan biz hərəkatı inkişaf etdirə bilmərik. Məhəbbətin ən üstün növü – yəni Əhli-beytə (ə) məhəbbət İslam təfəkküründə, bizim ixtiyarımızdadır. Bu məhəbbətin zirvəsi Kərbəla və Aşura məsələsində və Allah adamlarının ozamankı fədakarlığının dəyərli yadigarlarını qorumaqdadır. Bu, Şiəlik tarixi və mədəniyyəti üçün yadigar qalmışdır.
İslam məsələlərinin yeni baxışlarla ortaya qoyulduğu və yaxşı qarşılandığı günlərdə, din və İslamla çox da əlaqəsi olmayan şəxslər tərəfindən də səmərəli sayılanda, İslam təfəkküründə yeni təmayüllərin sevildiyi, İslam dünyası və xüsusən gənclər üçün güclü resurs sayıldığı zaman ziyalınüma bir fikir yaranmışdı ki, biz İslamın iman və etiqad məsələlərini emosional məsələlərindən, o cümlədən Aşuraya, rövzəxanlığa və ağlamağa aid məsələlərindən ayırmalıyıq.
Bəlkə çoxları xatırlayır, Aşuraya və İmam Hüseynin (ə) fədakarlığına dair elə sözlər deyilir və bəzən elə təhrifli fikirlər bəyan olunurdu ki, həmin adamların xoşuna gəlirdi və bu fikir inkişaf edirdi. Lakin əməldə biz açıq şəkildə gördük ki, bu məsələ böyük imamımız tərəfindən rəsmi şəkildə və Aşura hadisələri çərçivəsində bəyan olunmayınca heç bir ciddi və həqiqi iş görülmədi.
İmam hərəkatı iki dəfə Aşura məsələsinə caladı: biri hərəkatın ilk dövründə, yəni 1963-cü ilin məhərrəm günlərində baş verdi. O zaman hərəkatın tribunası hüseyniyyələr, rövzə məclisləri, mərsiyə heyətləri və dindar rövzəxanların rövzəsi oldu. Digəri hərəkatın son dövrü - yəni 1978-ci ilin məhərrəm ayında baş verdi. İmam o zaman elan etdi ki, məhərrəm ayı uca tutulsun və xalq məclislər keçirsin. O bu ayı "qanın xəncərə qalib gəldiyi ay" adlandırdı və yenidən həmin əzəmətli, ümumi və xalq tufanı vücuda gəldi. Yəni Hüseyn (ə) ruhuna və Hüseyn (ə) istiqamətinə malik olan hərəkat İmam Hüseyn (ə) məclislərinə calandı.
Məhərrəm ayı ərəfəsində Tehranın Mübariz Ruhanilik Cəmiyyətinin və Mübariz Ruhanilər Forumunun üzvləri, Tehranın din alimləri, məscid imamları, vaizləri və İslam Təbliğatı Komitəsinin Əlaqələndirmə şurasının üzvləri ilə görüşdəki çıxışdan: 1989.
İran İslam İnqilabının və İmam Hüseyn (ə) hərəkatının istiqamət eyniliyi
Bizim hərəkatımızı istiqamətləndirən və bu gün də istiqamətləndirməli olan amil məhz Hüseyn ibn Əlinin (ə) qiyam etdiyi yoldur. Biz bu gün bu quruluşun və onun müdafiəsi yolunda müxtəlif cəbhələrdə şəhidliyə qovuşan şəhidlərimizə ayıq şəkildə əza saxlayırıq. Bizim xalqımızın heç bir şübhəsi yoxdur ki, məcburi müharibədə, yaxud düşmənlərlə, münafiqlərlə və kafirlərlə hər hansı bir qarşıdurmada şəhidliyə qovuşan şəhid və gənc həmin quruluşun yolunun şəhididir, həmin quruluşun və inqilabın müdafiəsi və sütunlarının möhkəmləndirilməsi uğrunda şəhidliyə qovuşmuşdur. Bizim bugünkü şəhidlərimiz çox qərib və tənha qiyam edən, heç kəsin həvəsləndirmədiyi və əksinə, hamının və İslamın görkəmli şəxslərinin çəkindirdiyi Kərbəla şəhidləri ilə fərqlənir. Amma eyni zamanda iman və eşqləri o qədər çox idi ki, gedib qəribcəsinə, məzlumcasına və yalqız şəkildə şəhidliyə qovuşdular. Kərbəla şəhidləri bütün təbliğat vasitələrinin alqışladığı və cəmiyyətin həvəsləndirdiyi şəhidlərlə fərqlənir. Sözsüz ki, bu şəhid də uca məqamlı şəhiddir, amma o tam başqadır.
Biz bu gün bu İslam quruluşunu gördüyümüzdən, onun faydalarını yaxından dərk etdiyimizdən Hüseyn (ə) hərəkatının qədrini və mənasını öz sələflərimizdən daha artıq anlayırıq və anlamalıyıq. O həzrət belə bir iş üçün hərəkət etdi. O həzrət qiyam etdi ki, cəmiyyətdə fəsad törədən, insanı və dini məhv edən və düzgünlüyü sıradan çıxaran rejimlər olmasın, cəmiyyətdə düzgünlüyə əsaslanan dini, ilahi və insani quruluş bərqərar olsun. Düzdür, əgər o quruluş o həzrətin dövründə, yaxud məsum olan və vəhy qaynağına birləşmiş sonrakı imamların dövründə həyata keçsəydi və onlar həmin quruluşun başında dursaydılar, təbii ki, vəziyyət bizdəkindən fərqli olardı. Lakin eyni zamanda məsələnin mahiyyəti və məğzi birdir, onlar da belə bir quruluş üçün hərəkət edirdilər. Burada geniş bir mövzu var və mən o haqda danışmaq istəmirəm. O da budur ki, imamlar İslam quruluşu yaratmaq üçün ciddi surətdə çalışıblarmı, yoxsa onların işi yanlız nümunə xarakteri daşıyıb.
Məhərrəm ayı ərəfəsində Tehranın Mübariz Ruhanilik Cəmiyyətinin və Mübariz Ruhanilər Forumunun üzvləri, Tehranın din alimləri, məscid imamları, vaizləri və İslam Təbliğatı Komitəsinin Əlaqələndirmə şurasının üzvləri ilə görüşdəki çıxışdan: 1989.
Dostları ilə paylaş: |