Tərtib edən: Əlirza Muxtarpur Tərcümə edən: Əlirza Sərablı


Əsl İslamın xüsusiyyətləri



Yüklə 0,68 Mb.
səhifə11/38
tarix31.12.2016
ölçüsü0,68 Mb.
#3888
1   ...   7   8   9   10   11   12   13   14   ...   38

Əsl İslamın xüsusiyyətləri


Əsl İslam gözəl xüsusiyyətləri ilə qərəzliliyə və kin-küdurətə bulaşmayan qəlbləri özünə cəlb edir. Bizim inqilabımız və imamımız bunu dünyada yenidən gündəmə gətirdi, ehtiyaclı və araşdırıcı insanlara təqdim etdi. Əsasını bizim imamızın qoyduğu inqilab məktəbində Əbu Süfyan və Mərvan İslamına, məzmunsuz mərasimlər İslamına, qızıl və gücün xidmətində duran İslama, xülasə, böyük güclərin əlində alət və xalqların canına bəla olan İslama son qoyuldu, Quran və Məhəmməd (s) İslamı, əqidə və cihad İslamı, zalıma düşmən və məzluma yardımçı olan İslam, firon və qarunlarla vuruşan İslam, xülasə, zalımları məhv edib məzlumların hakimiyyətini bərpa edən İslam meydana çıxdı.

İslam inqilabında kitab və sünnə İslamı xurafat və bidət İslamını əvəz etdi; cihad və şəhadət İslamı sükut, əsarət və zillət İslamını əvəz etdi; bəndəlik və məntiq İslamı eklektik və cəhalət İslamını əvəz etdi; dünya və axirət İslamı dünyagirlik, yaxud tərki-dünyalıq İslamını əvəz etdi; elm və bilgi İslamı qapalılıq və qəflət İslamını əvəz etdi; dindarlıq və siyasət İslamı laqeydlik və biganəlik İslamını əvəz etdi; qiyam və əməl İslamı halsızlıq və passivlik İslamını əvəz etdi; fərd və cəmiyyət İslamı formal və təsirsiz İslamı əvəz etdi; məhrumların xilaskarı olan İslam supergüclərin əlinin oyuncağı olan İslamı əvəz etdi və xülasə, əsl Məhəmməd (s) İslamı Amerika İslamını əvəz etdi. İslamın bu formada, bu reallıq və ciddiliklə ortaya qoyulması İranda və bütün müsəlman ölkələrində İslamın məhvinə çalışan, yaxud ondan təkcə məzmunsuz adın qalmasını, insanları axmaq və qafil saxlamaq üçün bir vasitə olmasını istəyən şəxslərin iztirab dolu dəlisov qəzəbinə səbəb olmuşdur. Buna görə inqilabın qələbəsindən bu günədək İslam Respublikasına və qlobal İslam hərəkatının mərkəzinə - yəni İrana qarşı hücum etmək, zərbə vurmaq, təxribat aparmaq və bədxahlq etmək üçün heç bir fürsəti əldən verməyiblər.

İran xalqı yaxşı anlamışdır ki, onun müsbət cəhəti düşmənin var gücü ilə qaşrı çıxdığı cəhətdir - yəni Allaha təvəkkül etmək, inqilabın hamısı İslamın əsaslarından götürülən və inqilabın Böyük Rəhbərinin sözlərində təkid olunan əsas prinsiplərinə sarılmaq. Düşmən mediasının inqilabın əvvəlindən bu günə qədər "fundamentalizm" sözünü ədavətlə işlətməsində hiss olunan qəzəb onların bizim rəhbərimizin, xalqımızın və quruluşumuzun inqilabın əsas prinsiplərinə sadiqliyi qarşısında acizliyindən və narahatlığından irəli gəlir.

Həzrət İmam Xomeyninin vəfatının birinci ildönümü münasibəti ilə müraciətdən: 1990.



İran İslam İnqilabının təlimləri

İran xalqı bilməlidir ki, inqilabı qorumaq, izzət və şərəf bayrağını yüksəkdə saxlamaq və bu şərəfli xalqın fəxr dolu mübarizə yolunu davam etdirmək üçün inqilabın dəyərlərini və təməl prinsiplərini qorumaq lazımdır. Quldurların zülm və təzyiqinə üstün gəlməyin, düşmənlərin inqilab və İslam Respublikası əleyhinə təxribatlarını zərərsizləşdirməyin yeganə amili olan bu yolu dünya xalqlarına, xüsusən də müsəlmanlara İran xalqı göstərdi. Bu mübarizə yolu hegemonluğun beynəlxalq istismarına qarşı şüarı bütün aləmə yayan, qlobal istismarçı sistemin sütunlarını titrədən və İran xalqını bundan sonra da düşmənlərin bütün təxribatlarına qalib edəcək uğurlu amildir. Və bu, böyük və mərhum imamın bəyanatlarında və vəsiyyətnaməsində bizim hamımıza ünvanladığı həmişəyaşar tövsiyədir.

O qayğıkeş və mürşid atanın, ayıq və müdrik müəllimin vəfatından bir il ötür. Mən bu gün inqilabın İslam prinsip və hökmlərindən irəli gələn, inqilab məktəbinin aydın məsələlərindən sayılan ən əsas təlimlərini bir daha öz qardaş və bacılarıma xatırlatmağı, inqilabçı və qorxmaz xalqımızı bu məsələlərə daha çox diqqət yetirməyə və əhəmiyyətli yanaşmağa çağırmağı lazım bilirəm:
1. İmamın xatirəsini və yolunu davam etdirmək

Hər şeydən öncə İmam Xomeyninin xatirəsini, yolunu və ölməz dərsini yaşatmaq, bu mübarək yolun və onun parlaq sonucunun əsas və həyati səciyyələrini təyin və hərəkətin əsas xəttini təsvir edən çıraqdır. Böyük Xomeyninin həyatı və şəxsiyyəti əsl Məhəmməd (s) İslamının təcəssümü və İslam inqilabının məşəli olmuş, onun özü, sözü və işarəsi bu ilahi hərəkət yolunun bələdçisi, qaranlıq nöqtələri aydınlaşdıran və bütün şübhələri aradan qaldıran amil olmuşdur və olacaqdır. İran xalqı və birinci növbədə ölkə məmurları bu böyük dərsi heç zaman yaddan çıxarmamalıdırlar.


2. Nümunəvi İslam cəmiyyəti qurmağa çalışmaq

Bu xalq hərəkatı, onbeşillik mübarizələrin sonunda yaranan bu bənzərsiz inqilab və bu quruluşun onbirillik ömründə aşkarlanan əzəmətli qəhrəmanlıq, pak canların şəhidliyi, bizim mömin və mübariz xalqımız tərəfindən bütün bu çətinliklərin, işgəncə və müsibətlərin çəkilməsi - bunların hamısı İslama görə idi. Bu böyük xalq və onun Böyük İmamı səadəti İslama həqiqi tabelikdə gördü, İslam hakimiyyətini şeytan, tağut və zülmkarların istismarından qurtuluş vasitəsi bildi və Allahın razılığını İslam hakimiyyətini izləməkdə axtardı. Müsəlman xalqlar, bütün İslam dünyasında olan qayğıkeş və ixlaslı insanlar da İslama görə bu inqilabı və bu quruluşu özlərinə məxsus bilib onu himayə və müdafiə etdilər və edirlər. Bu səbəbdən İslam Respublikasının ən böyük vəzifəsi İslamı xalqın həyatına daxil etmək və cəmiyyəti nümunəvi bir İslam cəmiyyəti formasına salmaqdan ibarətdir.

Bu məqsədin əsas və böyük addımları qələbənin əvvəlindən imamın nəzarəti, diqqəti və bütün məsul şəxslərin vasitəsi ilə atılmışdır. Onu həyata keçirmək üçün ölkənin üç hakimiyyət orqanı əlaqəli və müntəzəm şəkildə işləməli, elm hövzələri, din, mədəniyyət və tədqiqat mərkəzləri geniş fəaliyyət göstərməli, ayıq və agah ictihadın və fiqhin tükənməz mənbəyini İslam təlimlərinin dərinləşdirilməsinin və genişləndirilməsinin xidmətində işlətməli və İslam Respublikası quruluşunun düşüncə və əməl mərkəzləri birlikdə, bir-birinin kənarında cəmiyyəti İslam məqsədlərinə daha da yaxınlaşdırmalıdırlar.

Bütün müsəlmanlar İslamın nurlu hökmlərini qorumaq, onların cəmiyyətdə genişlənməsi və güclənməsi üçün böyük məsuliyyət daşıyırlar. İslamın əsas sütunlarından biri və bütün İslam vaciblərinin bərpa olunmasının zamini olan "yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmək" qaydası bizim cəmiyyətimizdə dirçəldilməlidir. Xalqın hər bir fərdi yaxşılığın çoxaldılmasına, pisliyin, sapqınlığın və fəsadın məhv edilməsinə qarşı özünü borclu hiss etməlidir.

Biz hələ xalqın dünya və axirət xoşbəxtliyini tam şəkildə təmin edən, fəsadın, azğınlığın, zülmün və tənəzzülün kökünü qazan kamil bir İslam cəmiyyətindən çox uzağıq. Bu məsafə xalqın iradəsi və məmurların fəaliyyəti ilə qət olunmalıdır. Onun qət edilməsi yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmənin ümumiləşməsi ilə asanlaşacaq. Məscidlər mənəviyyat, paklıq və hidayət yerləri olaraq günbəgün daha canlı və daha rövnəqli olmalı, imanın, əməlin və İslam əxlaqının cəmiyyətin hər tərəfində, o cümlədən dövlət mərkəzlərində, idarələrdə və universitetlərdə olan əlaməti hamını Quranın nurlu təlimlərinin ardınca getməyə həvəsləndirməlidir. Allahın kitabı xalq arasında həqiqi rol oynamalı, onu öyrənmək, onun üzərində dərindən düşünmək hamı üçün, xüsusən də gənc və yeniyetmələr üçün adi bir iş olmalıdır. Bu sahədə alimlər, məlumatlı insanlar, yazıçılar, natiqlər və informasiya vasitələri çox mühüm və böyük məsuliyyət daşıyırlar.
3. Ədaləti bərqərar etməyə çalışmaq

İslam quruluşu yaratmağın ən təcili məqsədi ictimai ədalətin və İslam ədalətinin bərqərar edilməsidir. Allah peyğəmbərlərinin qiyamı, kitabın və ilahi qanunun nazil olması bundan ötrü idi ki, xalq zülm, ayrıseçkilik və məcburiyyət təzyiqindən xilas olub ədalət sayəsində yaşasın və o ədalətli quruluşun işığında insani təkamülə nail olsun. İctimai ədalətə güclü inam və müntəzəm fəaliyyət olmadan İslam quruluşuna dəvət etmək yarımçıq və hətta yanlış və yalan dəvətdir. Proqramlarının başında ədalətin təmini, zəif və məhrum insanların xilası durmayan hər hansı bir quruluş, İslam görkəmində olsa belə, qeyri-islami və münafiq quruluşudur. Məhz buna görə, müsəlmanlıq iddiasında olan və Quranın davamçısı olduğunu elan edən, lakin digər zalımların yolu ilə gedən, yoxsul və varlı arasında məsafəni artıran və özləri sərvətlilər sırasında dayanıb yoxsulların və ayaqyalınların dərdindən xəbərsiz olan şah və hakimlərin iddiası istər tarixdə, istər hazırkı zamanda Quran və İslam təlimləri ilə tanış olan ağıllı insanlar tərəfindən həmişə rədd edilmişdir.

İslam quruluşunda bütün fərdlər qanun qarşısında, Allahın verdiyi imkan və nemətlərindən istifadədə eyni və bərabər olmalıdırlar; yəni heç bir güc sahibi hegemonluğa qadir olmasın, heç kəs qanunun ziddinə olaraq, digərlərini öz istək və iradəsinə məcbur etdirə bilməsin, cəmiyyətin məhrum və yoxsul təbəqələri hökumətin xüsusi diqqət mərkəzində olsun, yoxsulluğu aradan qaldırmaq və onları imkanlılar qarşısında müdafiə etmək hökumətin və məhkəmə orqanlarının böyük vəzifəsi sayılsın, heç kəs maddi imkanlarına görə ölkənin siyasi işlərinə və cəmiyyətin idarəsinə müdaxilə etmək imkanı əldə etməsin, cəmiyyətdə heç bir siyasət və hərəkət yoxsul və varlılar arasında fərqin artması ilə nəticələnməsin, yoxsullar İslam hökumətini öz dayaqları və himayədarları bilsinlər, onun proqramlarının yoxsulluğun aradan qaldırılması və öz rifahları istiqamətində olduğunu görsünlər.

Bizim böyük imamımız bunu İslam Respublikasının ən əsas məsələlərindən biri bilmiş, bu barədə ən güclü bəyanatlarını vermişdir. Bu, İslam Respublikasının ayrılmaz xüsusiyyətidir. Heç bir maneə quruluşun məmurlarını və müxtəlif sahələrin başçılarını bu əsas məqsəddən yayındırmamalıdır. Yoxsulların, şah rejiminin xəyanətkar və bərbad siyasətləri səbəbindən xalqımızın yoxsulluq içərisində yaşayan, bu inqilabın və bu quruluşun həmişə ən sədaqətli və ən ixlaslı köməkçilərindən olmuş və olan əksəriyyətinin yoxsulluğunun aradan qaldırılması İslam quruluşunun quruculuq proqramlarının başında durmalıdır.


4. Söz birliyi - qələbənin sirri

Söz birliyi amili müxtəlif mərhələlərdə İran xalqının qələbə sirri olmuşdur. Bu gün də bu amil təhrik və təxribatlara qarşı mübarizədə xalqımızın ən mühüm vasitəsidir. Ötən onillikdə baş verən və İslam Respublikasının daxili və xarici düşmənlərin müxtəlif təxribatları qarşısında toxunulmazlığından xəbər verən hadisələr barədə düşündükdə xalqın və məmurların birliyinin əhəmiyyəti daha aydın görünür.

İran xalqı və ölkənin məmurları İslam Respublikası quruluşunun əsas prinsipləri ətrafına toplaşıb onları həyata keçirmək və qorumaq üçün özlərinin bütün güc və qüvvələrini səfərbər etməlidirlər. Heç bir fərdi, qrup, irq və firqə istəyi, şüarı və marağı fərdi və ya toplumu sözügedən prinsiplər üçün çalışmaqdan və İslam Respublikası quruluşunun məqsədlərinə doğru hərəkətdən saxlamamalıdır.

Bütün rəşadətli İran xalqı, xüsusən də söz və əməlləri digərlərinin mühakimə və diqqəti mərkəzində olan şəxslər öz sıralarını bərkitməli, vəhdət, əməkdaşlıq və uca addımlarla ali İslam məqsədlərinə sarı qüdrətlə hərəkət etməli və pusqu qurub fürsət gözləyən düşmənləri məyus etməlidirlər.

Dünyanın siyasi rəhbərlərinin istəklərini, siyasətlərini, ədavətli və qərəzli niyyətlərini əks etdirən xarici media ixtilaf və təfriqə duyulan, yaxud uyğun məqsədlə istifadə edilməsi mümkün olan hər bir söz və işarə üzərində dayanır. Onlar xırda məsələləri böyütməklə, ölkədə deyilən sözlərdən yalan nəticələr çıxarmaqla daim İran və dünya xalqını daxili çəkişmə və ixtilaflarla dolu gərgin bir vəziyyətin olduğuna inandırmaq, bu təhriklərlə ikitirəlik və təfriqəyə zəmin yaratmaq istəyirlər. Halbuki Allahın lütfü ilə İranda misilsiz bir birlik vardır. Bütün bunlar göstərir ki, bu gün düşmən İslam Respublikasını zəiflətməkdən ötrü hər bir işə aciz qalmış, bədxahlıqla daxili ixtilafların yaranmasını və ümumi birliyin pozulmasını gözləyir.

Rəşadətli İran xalqı, ölkənin məmurları, möhtərəm parlament deputatları, natiq və yazıçılar düşmənin bu xam xəyalına həmişəki kimi lazımi cavabı verməli, Allahın İran xalqına böyük lütfü və neməti olan birliyi bütün varlıqları ilə qorumalıdırlar.


5. Xarici siyasət qaydaları: başucalığı və hörmət

Beynəlxalq münasibətlərdə İslam Respublikasının və İran xalqının başucalığını və inqilabçı etibarını qorumaq əsas məsələlərdən başqa birisidir. İranda İslam inqilabının qələbəsi beynəlxalq münasibətlərdə iki cəhətdən dərin dəyişiklik yaratdı:

Birincisi budur ki, dünyanın ozamankı iki böyük gücünün dünyanın zəif dövlətləri ilə münasibətlərindəki bütünü bərk sındırdı, xalqların və hökumətlərin gözündə tədricən əldə etdikləri əzəməti çox zəiflətdi.

İkincisi budur ki, xalqlara ümid və şücaət bağışladı, muzdur hökumətlərlə mübarizədə onlara cürət və cəsarət bəxş etdi. Bu dərin təsirlər dünyada tədricən görünsə də və bu gün on bir il ötəndən sonra dünyanın siyasi simasını dəyişsə də, bütün uzaqgörən insanlar bu möhtəşəm inqilabın qələbəsi ilə dünya münasibətlərində yeni dövrün başlandığını əvvəldən bilirdilər. Bu əsri İmam Xomeyni əsri adlandırmaq lazımdır. Onun özəlliyi böyük güclərin hegemonluğu qarşısında xalqların oyanışından, cəsarətindən və özünəinamından, zalım bütlərin sınmasından, insanların həqiqi gücünün çiçəklənməsindən, mənəvi və ilahi dəyərlərin baş qaldırmasından ibarətdir.

Bu gün marksizmin dəfn olunması, Şərq blokunun dağılması və avtoritar kommunist hökumətləri əleyhinə xalq qiyamlarının başlanması ilə Böyük İmamın proqnozları həyata keçdi və iki böyük gücdən biri dünyanın siyasət səhnəsindən silinib ikinci dərəcəli gücə çevrildi. Digər böyük güc də Cənubi və Şimali Afrikadan, işğal olunmuş Fələstindən tutmuş Şərqi Asiyanın ucqar bölgələrinə qədər bir çox yerlərdə xalq müqavimətlərinin artması, fəsadın, imansızlığın və pozğunluğun günbəgün çoxalması ilə Amerika daxilində mənəviyyat və ideoloji düşüncə boşluğunun yaranması, Amerika dövlət başçılarının həmişə öz xalqları arasında birləşdirici bir düşüncə boşluğunu doldurmaq istədikləri "Kommunizmlə mübarizə" məsələsinin gündəmdən çıxması və başqa bir tərəfdən Amerika dövlətinin hətta Avropa ölkələrinə də təsir etməsinə səbəb olan Avropa-Amerika əlaqələrinə hakim qaydaların pozulması nəticəsində güclü təhlükə duyur və dünyada mövqeyinin zəiflədiyini görür.

Alovlanmaqda olan bu prosesi qorumaq, eləcə də köklü və məzlum xalqların ruhiyyəsini gücləndirmək üçün İslam Respublikası beynəlxalq münasibətlərdə özünün qüdrətli mövqeyində ən az dəyişiklik belə etməməlidir. O, quldurlarla qüdrət, zəif dövlətlərlə himayə, ayağa qalxmış xalqlarla hidayət mövqeyindən çıxış və əməl etməlidir. İslam Respublikası fitnə və hegemonluğun başı, qəddarlıq və şeytanlığın rəmzi olan Amerika dövlətini zəif ölkələrə zülm, işğalçı sionizmi müdafiə etməsinə, xalqların azadlıq oyanışına düşmən olmasına və İran xalqına güclü və cinayətkar ədavətinə görə məhkum etməli, mənfur bilməli, azadlıq iddiaçılarının hiyləgər simasını ifşa, onları rüsvay etmək və bu həqiqətləri söyləmək üçün heç bir fürsəti əldən verməməlidir.

Fələstin problemi İslamın birinci qlobal problemidir. Bu gün Fələstin xalqının İslam bayrağı altındakı mübarizəsi işğalçı sionizm dövlətinin və himayədarlarının yuxusunu qaçırdığından, bu mübarizəni dəstəkləmək bizim xalqımızın və hökumətimizin, həmçinin bütün müsəlman xalqların və hökumətlərin ən böyük vəzifəsidir. İsrailin xərçəng vəzisinin kökünü yalnız bu mübarizələrlə kəsmək və İslam dünyasını onun məhvedici təhlükələrindən xilas etmək olar. Çoxlu ərəb ölkələrinin xəyanətkar sükutu və sazişi, hətta onların bəzisinin Fələstinin taleyinə qarşı laqeyd yanaşması və həssaslıq göstərməməsi vəziyyəti elə həddə çatdırıb ki, işğalçı sionizm dövləti uzun illər gizlətdikdən və hətta inkar etdikdən sonra indi yenidən Böyük İsrail iddiasını açıq şəkildə söyləyir, utanmadan və həyasızcasına İslam vətəninin yeni torpaqlarına qarşı mənfur işğal niyyətini təkrarlayır.

Bəzi ərəb şahları və başçıları tanrıları olan Amerikanın diqqətini cəlb etməkdən ötrü hətta daim dəm vurduqları ərəb və millətçi maraqlarını da İsrailə qurban verir və onun yerinə Amerikadan yardım almaqda İsraillə yarış meydanını daha da qızışdırırlar. Bu rüsvayçı damğanı ərəb xalqının alnından kim siləcək? Ərəb ölkələrində ayıq müsəlman gənclər satqınların bu xəyanətini bağışlayacaqlarmı?

Bu xəyanətkar rəhbərlərə görə, ərəb milliyyəti və birliyi yalnız Amerikanın müsəlman İran və əsl Məhəmməd (s) İslamı qarşısında təxribatı üçün lazımdır. Hər şeyi əldən vermək hesabına - həm Allahın verdiyi təbii sərvlətləri, həm insan şərəfini, həm İslam inancını, həm öz millətinin hörmətini, dəyərini və şəxsiyyətini əldən vermək hesabına Amerikanın lütf və mərhəmətini istəyən yatmış vicdan və murdar qəlb sahiblərinə ar olsun! Onlar Allahın nemətlərinə küfr etməklə, özlərini və xalqlarını süqut enişinə və ilahi əzaba düçar etmişlər: “(Ey Rəsulum!) Məgər Allahın nemətini küfrə dəyişənləri və ümmətini ölüm yurduna sövq edənləri görmürsənmi? Onlar cəhənnəmə daxil olacaqlar. Ora necə də pis sığınacaqdır!“1

İşğalçı İsrail qarşısında göstərilən şücaət və həyəcan hara getdi? Ərəb hökumət başçılarının öz xalqları ilə İsraillə mübarizəyə dair bağladıqları öhdəlik necə oldu? İsraillə ilk barışıq müqaviləsini imzalayan, özünün qara dünya həyatını və axirət taleyini fironla yanaşı edənə2 Allahın və saleh bəndələrin lənəti olsun! Və həmin yolu davam etdirənlərə və etdirməkdə olanlara, xüsusən də məzlum Fələstin xalqına yalançı ümid verib onların bədbəxtliyi hesabına özləri üçün davamsız eyş-işrət quranlara saleh bəndələrin, mələklərin, peyğəmbərlərin və övliyaların nifrini olsun!

Fələstin xalqı öz azadlığını və hüquqlarını ərəb başçılarının konfranslarında və toplantılarında axtarmamalıdır və axtara bilməz. Bu toplantılar məzlum fələstinlilər üçün uğursuz və pis sonuclu olmasa da, ən azı faydasız və təsirsizdir. Bu günlərdə Fələstin tərəfindən toplaşan başçılar Fələstinin xilası məsələsində səmimi olsaydılar, Amerika prezidentinin hiyləgər təklifi qarşısında güclü və qətiyyətli mövqe nümayiş etdirib işğal olunmuş Fələstin daxilindəki mübarizlərə maliyyə, silah və siyasi yardım üçün təcili və həqiqi qərarlar verərdilər, puç şüarlarla kifayətlənməzdilər. Əgər belə olmamışsa, ərəb dünyasının və onun hakimlərinin indiki vəziyyətinə görə olmayacaqsa da, daxildəki mübarizlər Allaha, xalqın və İslamın qüvvəsinə arxalanmalı və bilməlidirlər ki: "Nə qədər olub ki, az bir dəstə Allahın izni ilə çox bir dəstəyə qalib gəlib! Allah dözümlü olanlarladır!"3
6. Azadlığın və xalqın iradəsinin həyata keçməsi

Xalqa güvənmək, xalqın iradəsinin, istəyinin və seçiminin hakimiyyətini günbəgün gücləndirmək lazımdır. Bu da başqa bir mühüm əsasdır. Bizim azadlıqsevər xalqımız özünün İslama güclü imanından irəli gələn qəti iradəsi ilə mübarizəni qələbəyə qədər davam etdirib İslam Respublikasını qurdu, misilsiz fədakarlıqla onu qorudu. İslam quruluşu bundan sonra da hər bir halda xalqa arxalanacaq, xalqa məxsus və xalqın ixtiyarında olacaq. Dünyada azadlıq və müstəqillik baxımından analoqu olmayan İslam Şurası Məclisi xalqın iradəsinin tərənnümü, xalqın seçdiyi vəkil olan prezident və ölkənin digər məmurları xalqdandırlar. Xalq bütün siyasi, iqtisadi və ictimai işlərdə fikir, söz və qərar sahibidir. Bu, İslamın böyük faydalarından biri, Şərq və Qərb quruluşlarının bacarmadığı və dünyanın hakimiyyət sistemlərinin heç birində bənzəri olmayan spesifik bir üsuldur.

İflasa uğramış və dağılmış kommunizm quruluşlarında yeganə kommunist partiyası xalqın yerinə qərar qəbul edirdi. Avtoritar və mürtəce quruluşlarda sülalə hakimiyyətləri və hərbi çevrilişlərdən yaranan, qarunlar kimi yaşayan və fironlar kimi diktatorluq edənlər xalqın canının bəlası sayılırlar. Lakin bunlardan əlavə, adı demokratik quruluş olan, zahirdə xalqın səsi ilə iş başına gələn ölkələrdə də əsl həqiqət başqa bir şeydir və ölkənin idarəsi istismarçı kompaniyaların və biznesmenlərin əlindədir; pul və kapital media və informasiya vasitələrini ələ keçirib xalqı istədiyi səmtə yönəldir.

Dünyanın hər bir yerində ölkə başçıları ilə adi camaatın yaşayış fərqi şah və dilənçi fərqi kimidir. Hətta demokratiya iddiasında olan hökumətlər də israflı şah həyatından imtina edə bilmədilər. İslam quruluşu isə fəxr edir ki, onun Böyük İmamı ömrünün sonuna qədər bir tələbə kimi, ölkənin məmurları da istisnasız olaraq digər ölkələrin məmurlarının həyat tərzindən uzaq durub öz xalqlarının orta təbəqələri kimi yaşadılar. Xalq özü ilə məmurlar arasında dünyanın hər bir yerində mövcud olan dərin fərqi müşahidə etmədi, sözünü çəkinmədən dedi, tənqidi oldusa, açıqca söylədi. Mətbuat və hətta radio-televiziya ölkə məsələləri haqda həmişə müxtəlif görüşləri əks etdirib və xalqı müxtəlif fikir və üsullarla tanış edib. Bu, aydın məsələdir. Hətta inqilabın əvvəlindən müxtəlif imtahanlardan keçə bilməyən, xalqın yanında rüsvay və onun tərəfindən təcrid edilən qruplar və siyasi müflislər də əcnəbilərin təhrikilə İslam quruluşu və ölkə rəsmiləri əleyhinə zəhərli və düşmən mövqeli məqalələr yazanda, onlara növbənöv ittihamlar yağdıranda, bu yazıları heç bir maneəsiz çap etdirir, oxucu tapdıqları yerdə nəşr edir və praktiki olaraq azadlığın mövcudluğunu isbatlayırlar.

Öz faydasız ömürlərini əxlaqi və siyasi fəsadlarla və müxtəlif çirkin əməllərlə keçirən bəzi yazıçı və natiqlər bu fəsadların yolunu bağladığına və onların xarici ərbablarını qovduğuna görə İslam hökumətinə müxalifdirlər. Onlar İslama, milli müstəqilliyə, azadlığa və əxlaqi paklığa qarşı bu müxalifət və ədavəti siyasi və iqtisadi vəziyyəti tənqid kimi qələmə verir, istədiklərini dedikləri halda həyasızlıqla azadlıq tələb edirlər. Onların əsl istəyi Amerikanı buraya qaytarmaq, ölkəni düşmənlərə satmaqdır. Onların düşmənləri rəşadətli və ayıq xalqdır. Bizim xalqımız Amerikaya köləlik dövrünə qayıdış həsrətini onların ürəyində qoyacaq və özünün böyük nailiyyətlərini - yəni İslam quruluşunu, insanların iradə və imanının hakimiyyətini var gücü ilə qoruyacaq.

İslam quruluşu İslamın və Quranın bayraqdarı olduğu azadlığı heç zaman Qərb quruluşlarındakı yalançı azadlıq iddiaçılarından öyrənmək istəməyib. Biz fəsad və pozğunçuluq azadlığını, yalan və kələk azadlığını, Qərbin bayraqdarı və əsiri olduğu zülm, istismar və xalqlara təcavüz azadlığını açıq şəkildə və qətiyyətlə rədd edirik. Biz əxlaqsız mürtəd Salman Rüşdiyə bir milyard insanın müqəddəslərini təhqir etmək icazəsi verən, amma İngiltərə müsəlmanlarına ondan şikayət etmək haqqı tanımayan azadlığı, Amerika dövlətinə bir xalq hakimiyyətinə qarşı çıxan quldurları qızışdırmaq, onlara rəhbərlik etmək haqqı verən, lakin həmin xalq hakimiyyətinə bu quldurların qarşısını almaq haqqı verməyən azadlığı, soyğunçu oliqarxlara zəif ölkələrə qanunsuz daxil olmağa və xalqların var-yoxunu talamağa icazə verən, amma o xalqların bunlarla mübarizə hüququnu qəbul etməyən azadlığı rədd edir, nifrətlə qarşılayır və bəşəriyyətə ar hesab edirik!

Bizim məntiqimizdə azadlıq, İslamın xalqlara verdiyi, onları zalım və təcavüzkar istismarçılar qarşısında yenilməz dağa çevirən azadlıqdır; necə ki, İran xalqı üçün belə oldu və bu möcüzə baş verdi. Bu azadlıq bizim ölkəmizdə həmişə olub, olacaq və insanlarımızın hər biri onu qorumalıdır. Ölkə məmurları həmişəki kimi xalqın fəallığını və ölkənin müstəqilliyindəki təyinedici təsirini uca tutsunlar, xalqı günbəgün siyasi, iqtisadi, mədəni, müdafiə və təhlükəsizlik sahələrində daha fəal iştiraka həvəsləndirsinlər.
7. Bütün hakimiyyət orqanlarının xalqa xidmət göstərməsi və xalqın əməkdaşlığı

Hökumətin və xalqın əməkdaşlığı, xalqın ölkə məmurları ilə emosional və etiqadi əlaqəsi xalq hakimiyyətinin əsas əlamətlərindən biridir və indəyədək çoxlu mühüm məsələlərdə həlledici olmuşdur. Bu, həmişə belə möhkəm qalmalıdır. Bizim böyük imamımız müxtəlif dövrlərdə və ötən onilliyin hökumətlərinə tövsiyələrində həmişə xalqla əməkdaşlığı və xalqa kömək etməyi tapşırırdı. Bu gün inqilabın dəyərli şəxsiyyətlərindən, ümmət imamının şagirdlərindən və qədim dostlarından birinin idarəçiliyi altında olan İslam Respublikası hökumətinin qarşısında ölkənin inkişafı, milli tərəqqi və inqilabın dəyərlərini dünya miqyasında müdafiə etmək kimi böyük işlər durduğuna görə bu rabitə və səmimilik həmişəkindən də güclü olmalıdır və Allahın lütfü ilə belədir.

Ölkənin əsas məmurları xalqın etimad göstərdiyi şəxslər olduqda və xalq onların fəaliyyətində ləyaqət və sədaqət əlamətlərini gördükdə bütün işlər daha asan görülür, xarici müdaxilələr əngəl törədib əməkdaşlığa mane ola bilmir. Bədxahların inkişafın qarşısını almaq üçün şayiə yaymaları, hökuməti, yaxud məhkəmə hakimiyyətini sual altına salmaları mümkündür. Əziz xalq bilməlidir ki, bu işlər xeyirxahlıq üzündən deyil. Zəhmətkeş və ixlaslı məmurları yersiz tənqid atəşinə tutmaq və onların böyük səyləri qarşısında qədirbilməzlik etmək ölkənin inkişafına heç zaman kömək etməyib və etməyəcək.

İcraçı və məhkəmə orqanları da özlərini tam mənada xalqa xidmətçi bilməli, xalqa xidmət göstərərkən Allahın razılığını qazanmaqdan başqa bir məqsəd güdməməlidirlər; xüsusən də məhrum və zəhmətkeş təbəqələrin hüquqlarının bərpası, onlara edilən zülmlərin aradan qaldırılması, ümumi hüquqlara doğru uzanan təcavüzkar əllərin, eləcə də sui-istifadə edənlərin və Allahdan xəbərsiz sərvətlilərin təcavüzkar əllərinin kəsilməsi istiqamətində. Bizim vəfalı xalqımız İslam və inqilab yolunda heç bir fədakarlığı əsirgəməmişdir. Buna görə hər hansı bir vəzifədə çalışan hər bir kəs özünün bütün səyini ölkənin düşmənləri tərəfindən yaradılan problemlərin aradan qaldırılmasına yönəltməlidir.


8. Ölkəni abadlaşdırmağa çalışmaq

Ölkənin quruculuğu, bu bərəkətli və istedadlı torpağı abadlaşdırmaq və tağutların hakimiyyəti dövründə bu istedadlı xalq üçün zorla yaradılan təəssüflü gerilikləri düzəltmək İslam Respublikasının əsas məqsədlərindən biridir. Bizim xalqımız tarixin ən yaxşı dönəmlərində, yəni dünyanın elm və sənaye yoluna yenicə qədəm qoyduğu və İranın da münasib oyanış və hərəkətlə bəşəriyyətin elm və sənaye inkişafında rol oynaya və onun nəticələrindən bəhrələnə bildiyi dövrdə zalım, avtoritar, bixəbər və asılı hakimlərin əsarəti altında karvandan geri qaldı. Pəhləvi və Qacar şahları ölkəni abadlaşdırmaq, Allahın bəxş etdiyi bəşəri və təbii istedadları çiçəkləndirmək əvəzinə İranı alverçi və soyğunçu xaricilərə satdılar, sərvət mənbələrini əcnəbilərə verdilər və ya fəaliyyətini dayandırdılar, insani istedadları hədər verdilər, xalqın mənafeyinin yerinə xarici dövlət və şirkətlərin mənafeyini məqsəd seçdilər, yüz ildən sonra ölkəmizdə salınan dəmir yolu xəttinin yerini təyin edərkən xalqın maraqları və ticari ehtiyaclar əvəzinə düşmənlərin hərbi maraqlarını nəzərə aldılar.

Pəhləvi və Qacar rejimlərində asılı siyasət, bacarıqsızlıq, zəiflik və istibdad bir zaman İslamın sayəsində dünya elminin bayraqdarı olan İranı iki yüz il ərzində əcnəbilərə möhtac və onların istismarı altında olan bir xarabalığa çevirdi; kəndlər boşaldı, şəhərlər istehlakçı oldu, tarlalar məhsulsuz, sənaye montaj, beyinlər tətil oldu.

İslamın qələbəsindən və İslam Respublikasından ibarət olan xalq və inqilab quruluşunun təşkil edilməsindən sonra xarici düşmənlər bu inqilabçı quruluşun öz güclü xalqına arxalanmaqla, milli və xalq qüvvəsinə güclü inamla ölkəni maddi inkişaf və tərəqqi yoluna çıxarıb münasib proqramlarla gerilikləri düzəldə biləcəyini, öz mənafeyini güdüb pis niyyətli əcnəbilərin əlini həmişəlik kəsəcəyini yaxşı dərk etdi. Buna görə hər bir vasitə ilə ölkə quruculuğunun qarşısını almağa çalışdılar. Onlardan biri xalqımızın başına gətirilən, xalqın və məmurların səyinin quruculuq, elmi və əməli inkişaf əvəzinə ölkənin ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəsinə sərf etməsinə bais olan dağıdıcı müharibə idi.

Bu gün müharibə bitmiş, hökumət və parlament tərəfindən quruculuq proqramları hazırlanmış, ixlaslı qüvvələr işə girişmişdir. İndi ölkənin quruculuğunu çox ciddi sayıb maneələri ortadan götürmək hamıya vacibdir. Bu gün İslamın imici müsəlman İranın gözəl bir ölkəyə çevrilməsini, onda iş və yaradıcılığın genişlənməsini, xalqın məişət səviyyəsinin yaxşılaşmasını, yoxsulluğun və məhrumluğun kökünün kəsilməsini, daxili istehsalın xalqın ehtiyaclarına cavab verməsini, ölkənin sənaye və əkinçilik sahəsində özünü təmin etməsini, düşmənin xalqın məişət ehtiyacları vasitəsi ilə təzyiq göstərə bilməməsini və xülasə, dinin, mənəviyyatın kənarında xalqın maddi həyatını da yaxşılaşdırmasını tələb edir.

Bəzi xarici media orqanları israrla inandırmağa çalışırlar ki, inqilabın prinsiplərinə sadiqlik - ümumi rifahdan uzaqlaşmaq, zəif və yoxsul təbəqələrin problemlərini həll etməmək deməkdir. Bu sözü elə adamlar danışırlar ki, öz cəmiyyətlərini on illərlə kommunizm təfəkkürü altında bədbəxtlik yoluna sövq etmişlər. Halbuki həmin ölkələrin başçıları da kapitalist ölkələrdə olduğu kimi zadəgan həyatı yaşayır, cəmiyyətin aşağı təbəqələri isə müxtəlif maddi və mənəvi problemlər içində ömür sürürdülər. İslam quruluşunda yoxsulluğun aradan qaldırılması birinci dərəcəli məqsədlərdən, yoxsul və məhrum insanların xilasına çalışmadan inqilabın prinsiplərinə sadiq qalmaq isə mənasız söz və puç iddiadır.

Hökumət və xalq ölkə quruculuğunu inqilabi vəzifə bilməli, qarşılıqlı əməkdaşlıqla, bütün qüvvələri, istedadları, beyinləri və qolları səfərbər etməklə İranı elə abadlaşdırmalı və inkişaf etdirməlidirlər ki, məzlum xalqların qəlbində ümid yaransın, onlar maddi rifah və mənəvi ucalıq yolunu görsünlər.
9. Ölkənin elmi inkişafına çalışmaq

Elm və tədqiqatın gücləndirilməsi, elmi inkişaf, insani istedadların çiçəkləndirilməsi və ümumi məlumatın artırılması inqilabın əsas cəhətlərindən başqa birisidir. İdeal İslam cəmiyyəti elə cəmiyyətdir ki, onda hər bir cəmiyyətin ən qiymətli milli sərvəti olan bəşəri düşüncə və zehin xəzinələri çıxarılıb işlədilsin, savadsızlığın kökü kəsilsin, məktəblər bütün uşaqları qoynuna alsın, universitetlər və elmi hözvələr rövnəqlənsin, tədqiqat mərkəzləri fəal və qabaqcıl olsun, kitab hər yerə yayılsın, mətbuat məzmunlu olsun və məlumat bəxş etsin, alim və müəllimlər həvəskar və maraqlı, yaradıcı, yenilikçi, yazıçı və sənətkarlar ümidli və faydalı olsunlar.

Bizim İslamın istədiyi və qəbul etdiyi vəziyyətə qədər yolumuz çox, lakin qət ediləsidir. Müsəlman İran bu gün də özünəməxsus elmi istedadlar və dahilər yetişdirən mərkəz olduğunu sübut etməlidir. Diktatura və müstəmləkənin ikiəsrlik istismarı bu xalqın mahiyyətini dəyişdirə bilməmişdir. Əgər ötən iki əsrdə müstəmləkə və despotizm istedadların çiçəklənməsinə mane olmuşsa, bu gün xalqın azadlığı, oyanışı dövründə və İslam inqilabının sayəsində gerilik düzəldilməlidir.

Universitetlər öz elm və tədqiqat işlərini inqilabçı ruhiyyə ilə və İslam həvəskarlığı ilə görsünlər. Əks təqdirdə, onların taleyi tağut dövrünün universitetlərindən yaxşı olmayacaq. Onda əcnəbilər qarşısında elmi cəhətdən özünə inamsızlıq və öz dəyərlərinin təhqiri istedadların çiçəklənməsinin qarşısını alırdı, istedadlı beyinləri öz ölkələrindən qaçmağa həvəsləndirirdi. Dəyərli və qayğıkeş müəllimlər istedadlı qüvvələrin tərbiyəsi üçün inqilabi şəraiti fürsət bilməli və tələbələr müəllimlərə hörmətlə yanaşı - bu, İslam baxımından vacib əməldir –kiminsə bədxahlıqla elm və ixtisası müstəmləkə mədəniyyətinin universitetlərə yolunu açmağa vasitə etməsinə, əcnəbilərin istismarı dövründəki kimi universiteti özünə yad olan əcnəbipərəst beyinlərin tərbiyə mərkəzinə çevirməsinə icazə verməməlidirlər. Qayğıkeş və sədaqətli ziyalılar bilsinlər ki, bu gün böyük sınaq günüdür; tarix onların bugünkü rəftarları barədə dəqiq və ifşaçı mühakimə yürüdəcək.

Ölkənin ziyalı təbəqəsinə bağlı olanlardan kimlərsə əcnəbilərin istismarı və satqınların hökuməti dövründə ziyalılığın tələblərinə uyğun olaraq xalqın sırasında yer tutmayıb Amerika və onun muzduru olan rejimlə mübarizə cəbhəsinə qoşulmayıbsa, xalq hakimiyyəti, islami və insani dəyərlərin hakimiyyəti, kinli və hiyləgər əcnəbilərlə mübarizə günü olan bugünkü gündə keçmiş səhvləri düzəltməli, İran xalqının Amerika, beynəlxalq hegemonluq, pul və gücün mənfur imperatorluğu ilə mübarizə sıralarına öz mövqeləri və gücləri qədərincə kömək etməli, dillərini, qələmlərini və sənətlərini bu xalqın möhtəşəm İslam cihadının xidmətində işlətməlidirlər.

Elm, mədəniyyət və ilahi dəyərlər əsasında qurulmuş bir quruluşda yaşamaq hamıya fəxrdir. Bu quruluşun başında İmam Xomeyni kimi əzəmətli bir şəxs durur. Hətta düşmənləri də onu böyük və möhtəşəm sayır, əzəmətinə kin bəsləyirlər. Onun mənəvi ucalığını, zahidliyini, elmini, əqidəsini və böyük ruhunun paklığını heç kim inkar etmir, heç kəs onda xalqın düşmənləri qarşısında zəiflik və təslimçilikdən ən az əlamət belə tanımır və ruhi böyüklükdə ondan üstün bir zirvənin olduğunu güman etmir.

Başında son yüz ilin şahları kimi azğın, günahkar və xəyanətkar insanların durduğu, Rza xan, Məhəmmədrza, Ələm, İqbal, Hüveyda, Zahidi, Mənsur və onların bədnam və cinayətkar ətrafları tərəfindən idarə olunan, Amerikanı və İngiltərəni özünə ağa, məmləkətə və xalqa ixtiyar sahibi hesab edən bir quruluşu sevən şəxslər nə qədər kiçik, zəbun və dəyərsizdirlər.

İslam azadlığı sayəsində imkan tapıb aydınlıq iddiası altında qovulmuş əcnəbilərin xoşuna gələn sözlərlə səhifələr dolduran və nəşr edən ziyalınümalarda qəm-qüssələrinin elm, yaxud azadlıq üçün yox, əslində günah və fəsadın rüsvayçı süfrəsinin və pozğun Qərb mədəniyyətinin təbliğatçılarının əlinin kəsilməsindən ötrü olduğunu açıq şəkildə etiraf etmək və quruluşa düşmən olmalarının onda olan eyib və nöqsana görə yox, əslində əcnəbilərin öz köməkləri ilə onlar üçün yaratdığı rüsvayçı dünyaya qayıtmaq məqsədi ilə olduğunu demək cəsarəti varmı?! Qərbin müstəmləkəçi mədəniyyəti tərəfindən manqurta çevrilənlərdən heç bir gözlənti yoxdur. Ümid və gözlənti öz xalqlarının və ölkələrinin yüksəlişini, başucalığını, mənəvi və maddi inkişafını istəyən və əcnəbi istismarının bütün formalarını rədd edən sədaqətli və qayğıkeş ziyalılardandır. Yaxşı olar ki, bunlar İranın başucalığına və xalqın yenidən dirçəlişinə bais olan İslam quruluşunun qədrini bilib özlərinin uyğun məsuliyyətlərini dərk etsinlər.


10. Məsuliyyətli və inqilabçı ruhanilərin rolu

Ruhanilik inqilabın qələbəsi ilə nəticələnən onbeşillik mübarizələrdə, sonra müqəddəs İslam quruluşunun yaradılmasında, dünyada İslam bayrağının ucaldılmasında, İran xalqının düşmənlərin müxtəlif hücumları qarşısında fəal müqavimətində, bunlardan öncə uzun əsrlər boyu İslam təlimlərini, İran xalqının İslamın həyatverici məktəbinə güclü və həqiqi imanını qorumağın və dini təfəkkürlərin hər yerdə inkişafının əsas amili olmuşdur. Amerikanın əlaltısı olan rejimlə mübarizənin mərkəzində məsuliyyətli və mübariz ruhanilərin durması xalqın müxtəlif təbəqələrini mübarizəyə qoşub onu ümumiləşdirdi. İran xalqının bütöv halda iştirak etdiyi bütün hadisələrdə, o cümlədən Məşrutə hərəkatında və tənbəki qiyamında din alimlərinin ön sıralarda durması bu ümumi fəallığın yeganə səbəbkarı olmuşdur. İngiltərə müstəmləkəçiləri bu məsələni dərk edib özlərinin İrandakı müstəmləkəçilik planlarının davam etməsinə zəruri müqəddimə kimi ruhani toplumunu məhv etməyi düşündülər və öz alətləri olan Rza xanın vasitəsi ilə 1934-cü ildən sonra ruhaniləri məhv etmək planını başlatdılar, həmin illərdə böyük din alimlərinə və elm hövzələrinə qarşı İran tarixində heç zaman görünməmiş faciələr törətdilər. Təəssüf ki, bu faciələrin və quldur Rza xanın hakimiyyətinin son illərində din alimlərinin və tələbələrinin məzlum müqaviməti geniş şəkildə yazılıb xalqın ixtiyarına buraxılmamışdır. Allaha şükür ki, sayları hələ az olmayan canlı şahidlərin məlumatları aidiyyətli şəxs və müəssisələr tərəfindən toplanmalıdır.

Din alimlərinin və ruhanilərin azadlıqsevərliyi, həmçinin yerli və qlobal güclərdən təsirlənməməsi zalım hakimlərin və quldurların heç zaman bu ilahi toplumu öz fəsad və xəyanətləri yolundan götürə bilməməsinə bais olmuşdur. Əgər bəzi satqın ruhanilər və saray mollaları müvəqqəti dünya malının tamahı ilə zalımların süfrəsində oturub söz və əməlləri ilə onları təsdiqləmişlərsə, din alimlərinin, ruhanilərin və gənc hövzə tələbələrinin əksəriyyəti gözütox, təqvalı və iffətli qalmış, sədaqətli və qüdrətli mübarizə iradəsini və gücünü qorumuş, xalqda şiə ruhanilərinə böyük etimadı sarsılmaz etmişlər.

Ruhani toplumu bu səbəbdən həmişə müxtəlif düşmənlərin, müstəmləkəçilərin, əcnəbi və əcnəbipərəstlərin zəhərli hücumunun hədəfinə çevrilmiş və onların birinci dərəcəli düşməni sayılmışdır. Pəhləvi hökumətinin və güclü xarici dövlətlərin ruhani təbəqəsi əleyhinə tamamilə müstəmləkə mahiyyətli əlli ol boyu apardıqları qərəzli və düşünülmüş təbliğat kampaniyası Rza xanın şahlığı dövründə və Məhəmmədrzanın şahlığının birinci yarısında din alimləri üçün çətin sınaq oldu. Lakin Allaha şükür olsun ki, ruhani toplumu bu sınaqdan başıuca çıxdı.

Onbeşillik mübarizələr dövründə də Qum Elm Hövzəsi, digər elm hövzələri və ruhaniliyin tanınmış simaları mübarizənin əsas mərkəzlərinə və bunun ardınca düşmənin vəhşicəsinə hücumlarının əsas hədəfinə çevrildilər, lakin həddi-hüdudu olmayan bu zorakılıqlar Allahın iradəsi ilə ruhaniliyin qəti dini vəzifəsi olan bu fəxrli yolundan bir addım belə geri çəkilməsinə bais olmadı. Hətta bu dövrdə İslam düşüncəsi çiçəkləndi, parladı, Quran fiqhi daha səmərəli, mübariz ruhanilər daha təcrübəli və İslam hökumətinin yaranmasına şərait daha əlverişli oldu.

İnqilabdan sonra indiyədək ruhanilik, xüsusən də birbaşa İslam Respublikası quruluşunun xidmətində duran dəyərli kadrlar daim düşmənin zəhərli hücumlarına hədəf olmuşlar; istər təbliğat sahəsində, istərsə də düşmənin xain terrorçuluq əməllərində. Ruhani toplum həm məcburi müharibə cəhbəsində, həm də özünün cihad fəaliyyətləri zamanı dəyərli şəhidlər vermiş, cümə namazı mehrabını, elm, siyasət və din təbliğatı mərkəzlərini öz pak qanlarına boyamışlar.

Bizim əziz xalqımız bilir ki, din alimlərinə qarşı bu irimiqyaslı hücumlarda düşmənin məqsədi yalnız ruhaniliyin təyinedici və əvəzsiz rolunun olmasıdır və onlar inqilabı zəiflədib məhv etmək məqsədi ilə ruhaniləri hədəf seçirlər.

Bu gün muzdur qələm sahibləri və düşmənə satılmışlar inqilabın bu mənəvi dayağını xalqın gözündən salmağa çalışırlar. İnqilabın düşməni ruhani topluma o zaman dözər ki, onlar siyasi işlərə müdaxilə etməyib inqilab işlərindən kənara çəkilsinlər, keçmişdəki və indiki bəzi xəbərsiz və qapalı ruhanilər kimi mədrəsə və məscidlərin bir küncündə otursunlar, ölkəni və xalqı onlara tapşırsınlar. Diqqətəlayiq məsələlərdən biri budur ki, mübarizə dövründə və qələbədən sonrakı illərdə ölkə hadisələrindən xəbərsiz və siyasi məsələlərdən uzaq olan qapalı din alimlər heç zaman düşmənlərin hücumuna məruz qalmadılar, hətta bəzən tərif də olundular. Fiziki və media hücumları, hətta əcnəbilərə qulluq edən ziyalınümalar tərəfindən ortaya atılan mürtəcelik və qapalılıq ittihamı yalnız siyasi düşüncə, elm və əməl sahəsində yeniliklər baxımından parlayan, öncül, mütərəqqi və məlumatlı bir təbəqə kimi tanınan din alimlərinə və ruhanilərə yönəldi.

Düşmənin mövqeyi ayıq xalq, məsuliyyətli və inqilabçı ruhani toplum üçün eynilə müdrik və aydın baxışlı imamımızın dəfələrlə bəyan etdiyi həqiqəti aşkara çıxarır. Yəni birincisi, böyük ruhanilərin qədrini bilmək və onlara tabe olmaq hər bir diqqətsizliyin yolverilməz olduğu dini, milli və inqilabi bir vəzifədir. İkincisi, qapalılığın və geriliyin, yaxud Allah eləməmiş, şəxsi maraqlara diqqətin, dünyagirliyin, maddi bərbəzəklərə yönəlmənin və ictimai imkanlardan sui-istifadənin ruhanilər üçün təhlükəsi düşmənin hücumlarından az deyil, hətta dəfələrlə çoxdur. Üçüncüsü, inqilab dövrünün vəziyyəti və İslam ölkəsinin sərhədləri xaricində İslama günbəgün artan diqqət səbəbindən din alimləri din bilgilərinin tükənməz ehtiyatından istifadə edərək tamamilə yeni baxışla, canlı və dinamik ictihadla və klassik fiqh metodikası ilə İslam cəmiyyətinin yolunu açmalıdırlar. Elm hövzələri əsaslı dəyişikliklə özlərini dünyanın bugünkü ehtiyacına uyğunlaşdırmalı, yeniliyi öz proqramlarına istiqamət seçməli, lazımi vaxt qoymaqla, fəqihliyin prinsip və əsaslarını qabartmaqla yanlış və eklektik fikirlərin yolunu bağlamalıdırlar. Dördüncüsü, kənara çəkilib siyasi fəaliyyətdən uzaqlaşmaq fikrini - bu, düşmənlərin istəyi və İslam vəzifəsinin ziddinədir – özlərinə və elm hövzələrinə əsla yaxın buraxmasınlar. Həmişə, xüsusən də təhlükəli zamanlarda xalqın önündə ixlasla və yorulmadan çalışsınlar. Elmi əməllə, fiqhi cihadla, etiqadı söz və əməl təbliği ilə yanaşı edib hər üç səngəri - məktəbi, məscidi və cəbhəni doldursunlar.

11. Vəfadar və fədakar insanları uca tutmaq

Bu yerdə vəfadar və fədakar insanları uca tutmağı da inqilab təlimlərinin əsas məsələlərindən biri kimi qeyd etmək lazımdır. İnqilaba vəfalı olanlar dedikdə məqsəd özlərinin, yaxud əzizlərinin canını fəda edərək, öz sağlamlıqlarını qurban verərək inqilabın təməllərini möhkəmlədən, düşmənləri İslam ölkəsindən və quruluşundan çıxaran şəxslərdir: hörmətli şəhid ailələri, qəhrəman müharibə əlilləri, əsirlər, itkin düşənlər, onların möhtərəm ailələri, silahlı qüvvələrin döyüşçüləri, öz ömürlərini cəbhələrdə keçirmiş Bəsic üzvləri, Cihad təşkilatının müharibə və quruculuq cəbhələrində çalışan üzvləri və bu ilahi imtahanda böyük çətinliklərlə üzləşmiş bütün şəxslər uca tutulmalı, xalq həmişə onların qədrini bilməlidir.


12. İmamın yolunu və məqsədini davam etdirmək

Son söz budur ki, İmam Xomeyninin səmərəli həyatının onillik dövrü bizim inqilabçı cəmiyyətimizə örnəkdir. İnqilabın əsas xətləri imamın təsvir etdiyi xətlərdir. Xam xəyalla yaşayan bədxah düşmənlər elə bilirlər ki, İmam Xomeyni vəfat edəndən sonra fərqli xüsusiyyətlərə malik olan yeni dövr başlamışdır. Onlar böyük səhvdədirlər. İmam Xomeyni həmişəyaşar bir varlıqdır. Onun adı bu inqilabın bayrağı, yolu bu inqilabın yolu, məqsədləri bu inqilabın məqsədləridir. İmamın ümməti və o ruhani insanın çağlar bulağından bəhrələnib özlərinin dini və insani şərəf və etibarlarını onda axtaran şagirdləri indi digər xalqların, hətta qeyri-müsəlmanların da o əzəmətli rəhbərin inqilabi təlimlərini öz qurtuluşları bildiyini, azadlıq və şərəflərini onda tapdıqlarını müşahidə edir. Bu gün o müstəsna şəxsiyyətin sayəsində hər yerdə müsəlmanlar oyanmışlar, zalım istismarçı imperatorluqların sarayları dağılmaq üzrədir. Xalqlar milli qiyamın dəyərini dərk edərək qanın xəncər üzərində qələbəsini təcrübə edirlər və hamı hər yerdə gözünü müqavimətli və yorulmaz İran xalqına dikmişdir.

Bəllidir ki, Amerika və hegemonluğun digər başçıları üçün İran xalqının öz onillik yolundan qayıtmasından, yaxud onda şübhəyə düşməsindən mühüm bir şey yoxdur. Çünki bu zaman xalqların parlaq ümid nöqtəsi sönəcək və qanın xəncərə qələbəsinə şübhə ilə yanaşılacaq. Biz açıq şəkildə dünyanın bütün xalqlarına elan edirik ki, düşmənin yüz formada təlqin etməyə çalışdığı “İmam Xomeyni dövrünün bitməsi” təfəkkürü hegemonluğun hiyləsindən başqa bir şey deyil. Amerikanın və müttəfiqlərinin istəyinə baxmayaraq, İmam Xomeyni öz xalqı və cəmiyyəti arasındadır. İmam Xomeyni dövrü davam edir və davam edəcək. Onun yolu yolumuz, məqsədi məqsədimiz, tövsiyələri işıqlı çırağımızdır.

Bütün xalq, xüsusən də əziz gənclər və yeniyetmələr özlərini sevimli imamlarının əsgəri bilsinlər. Allaha arxalanmaqla və Allahın böyük imamı olan həzrət Mehdidən (ə) yardım istəməklə, qüvvə və qüdrətlə imamlarının uca məqsədlərinə sarı hərəkət etsinlər və bilsinlər ki, son qələbə bizimdir.

Həzrət İmam Xomeyninin vəfatının birinci ildönümü münasibəti ilə müraciətdən: 1990.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin