İnqilabın təsirlərindən biri: hemonluğun təhqiri
Bu xalq dünyaya şücaət verdi. Bu xalqın rəftarı ruhani imamın və misilsiz rəhbərin güclü hidayəti və qətiyyəti ilə yolu açdı, xalqları cəsarətləndirdi, hegemonluğu kiçiltdi, ona həqarət hissi verdi, insanların və xalqların qüdrətli oldunu aşkara çıxardı. Xalqların gücünü inkar edib, onları qlobal güclərin əlində kukla olan zəif hakimlərə tapşırmışdılar. Bu gün isə xalqlar öz güclərini anlayırlar. Bu gün xalqlar oyanmışlar. Əlbəttə, zahiri güc baxımından bu gün hegemonluq siyasət və iqtisadiyyat sahəsində çox güclü və böyükdür. Amma həmin qədər də zəif və acizdir və xalqların gücündən həqiqətən qorxur.
Mübarək ramazan ayı ərəfəsində və (hicri-şəmsi təqvimi ilə) yeni ilin birinci günündə (21 martda) hökumət və ordu nümayəndələri ilə görüşdəki çıxışdan: 1990.
İslam inqilabı - haqqı axtaranlara qəti əlamət
Allah-Taala siz İran xalqının İslam inqilabı barədə bütün dünya xalqına və həqiqəti axtaranlara qəti əlamətlər göstərmişdir. Bəlkə də dünyanın bir çox pak və ixlaslı insanları bir hadisə qarşısında şübhəyə düşür, o hadisəni təhlil edə və barəsində mühakimə yürüdə bilmirlər. Bizim özümüz də bəzən dünyada baş verən bir hadisə haqda qəti fikir yürüdə bilmirik. Misal üçün, bir ölkədə bir hökumət iş başına gəlir, yaxud dünyanın bir yerində iki cinah arasında qarşıdurma yaranır və əldə yetərli dəlil və faktlar olmadığına görə o barədə mühakimə yürütmək olmur.
Lakin mən deyirəm ki, dünyada İran xalqının İslam inqilabı barədə düzgün mühakimə yürüdə bilməyən və şübhədə qalan heç bir kəs yoxdur. Allah bu inqilab barədə heç bir şübhə saxlamamışdır. Bu inqilabı tanımaq üçün o qədər aydın dəlillər var ki, dünyada kimsə həqiqətən haqqı tapmaq istəsə, əsla şübhəyə düşməz. Qərəzlə danışanlarla işimiz yoxdur; bu inqilaba görə maraqları təhdid olunanlarla, yaxud tapdananlarla işimiz yoxdur; öz xalqlarının oyanışından qorxan və bu səbəbdən inqilabla düşmən olan, barəsində pis mühakimə yürüdən avtoritar və zalım hakimlərlə işimiz yoxdur. Söhbət qərəzsiz, haqqı axtaran və həqiqəti öyrənmək istəyən şəxslərdən gedir. Belə adamlar dünyanın harasında olsalar, əgər bu inqilabın adını, yaxud onun haqqında bir xəbər eşitmişlərsə, şübhəyə düşmürlər və ona dair aydın bilgiyə sahibdirlər.
Həzrət İmam Rzanın (ə) ziyarətçilərinin və Məşhəd əhalisinin böyük toplantısında çıxışdan: 1990.
İran İslam Respublikasının digər İslam respublikaları ilə fərqi
İslam Respublikası hərfi məna baxımından iki şərtə əsaslanır: biri xalqdır, yəni ölkənin əhalisi. Ölkənin idarəsini və dövlət qurumlarını təyin edən xalqdır. Biri də İslam şərtidir - yəni xalqın bu hərəkəti İslam təfəkkürü və şəriətinə əsaslanır.
Bu təbii haldır. Böyük əksəriyyəti müsəlman, özü də zaman boyu özünün İslama güclü inancını sübuta yetirmiş imanlı, etiqadlı və saleh əməlli müsəlman olan belə bir ölkədə hakimiyyət xalq hakimiyyətidirsə, deməli, həm də İslam hakimiyyətidir.
Xalq islamı istəyir. Bu ilk gündən deyildi və uzun illər də təcrübə olundu. Bu gün bizim quruluşumuzda ən aydın həqiqət budur ki, xalq ölkəyə hakim quruluşda müsəlman olmasını, müsəlman kimi əməl etməsini və cəmiyyətdə İslamı reallaşdırmasını istəyir.
Bu hökumət və bu quruluş dünyada bu adla elan olundu, quruldu, xalq da buna səs verdi. Qeyd etdiyim kimi, xalq əslində İslama səs verdi, İslam Respublikası adının İslamdan xəbər verdiyini bildiyi üçün bu respublikaya səs verdi.
Dünya belə bir quruluş tanımırdı və o zamana qədər görməmişdi. Düzdür, bizdən öncə dünyada İslam respublikası adlanan ölkələr vardı; həm Asiyada, həm də Afrikada rəsmi adı İslam Respublikası olan ölkələr var. Bəlkə də dünyada və hətta ölkə daxilində bu İslam Respublikasının da qabaqca qurulmuş, adda İslam, əməldə isə qeyri-müsəlman ölkələrlə heç bir fərqi olmayan həmin iki İslam respublikası kimi olacağını düşünürdülər. Həmin ölkələrdə parlament və qanunverici orqan qanunları İslam şəriətinə əsaslandırmağa vəzifəli deyil. Onların hökumət başçıları İslamı təbliğ etməyə börclu deyillər və xalqları da bu hökumətlərdən İslam hökmlərinin icrasını gözləmirlər.
Tehranın cümə namazı xütbələrindən: 1990.
İslam Repsublikasının ikiqütblü dünyaya son qoyması
İslam Respublikası quruluşundan öncə dünya uzun illər iki hakimiyyət növünü təcrübə və qəbul etmişdi: Qərb demokratiyasını və kommunist hökumətlərini. Qədim dövrdə avtoritar şahlar vardı. Onlarda qanun yox idi, qanunu özləri qəbul edirdilər. Onların iradəsi xalqa mütləq hakim idi. Bu, hakimiyyətdə mürtəce və qədim bir üsuldur. Bu gün də bəzi ölkələr həmin üsulla, lakin müxtəlif ad və formalarla idarə olunurlar. İnqilabdan öncə bizim ölkəmiz də həmin üsulla idarə olunurdu. Dünyanın inkişaf etmiş ölkələri özlərini belə despotizmdən xilas etdikdən sonra iki növ hökuməti təcrübə etmiş və tanıyırdılar: biri Qərb ölkələrində və onlara bağlı ölkələrdə hakim olan Qərb demokratiyası, biri də kommunist hökumətləri. Kommunist hökumətləri adlarını fəhlə hakimiyyəti qoymuşdular, lakin bu hökumətlərin başında duranlar zadəganlar idilər, fəhlələr yox. Həmin ölkələrdə hakimiyyət piramidasının zirvəsində durub hökmranlıq edənlər şah və sultanlarla fərqlənmirdilər.
Bu iki Qərb və Şərq düşərgəsi bir-biri ilə qızğın mübarizə aparır, bir-birini inkar edirdilər. Lakin İslam Respublikası - bu yeni hökumət üsulu yarandıqda hər iki düşərgə əvvəlcə təəccüblə, sonra isə qorxu ilə ona qarşı mübarizəyə başladılar.
Tehranın cümə namazı xütbələrindən: 1990.
İslam Respublikasının xüsusiyyətləri
Səbəb nə idi? Səbəb bu idi ki, İslam Respublikası həmin iki düşərgədə geniş yayılmış hər iki hakimiyyət üsulunu rədd edən, onları insan həyatı üçün səhv və zərərli saydığını elan edən xüsusiyyətlərə malik idi. Başqa sözlə desək, Şərqdə və Qərbdə geniş yayılmış bu iki hakimiyyət üsulunun müştərək cəhətləri vardı və bu ölkələrdə ümumi mədəniyyət bir idi. O mədəniyyət xalqı qəflət içində saxlamaqdan, ehtirasları və nəfsi özbaşına, tam sərbəst buraxmaqdan ibarət idi. Bu, hər iki hakimiyyət üsulunda mövcud idi və indi də var. Bu, Şərq və Qərbin müştərək mədəniyyətidir.
İslam bu müştərək xüsusiyyətlərlə müxalif idi və öz müxalifətini elan edib dedi ki, İslam Respublikası hökuməti öz tabeliyi altında olan xalqın tam müstəqilliyini təmin edir. Bu, tam müstəqillik, siyasi, iqtisadi və hamısından üstünü, mədəni müstəqillikdir. Yəni İslam Respublikası siyasi baxımdan böyük güclərdən müstəqil olan bir hökumət yaratmaqla kifayətlənmədi. Bu birinci addımdır.
1. Siyasi müstəqillik
Müstəqilliyə qovuşmuş ölkələrin birinci işi öz siyasi quruluşlarını müstəqil etmələri, yəni əcnəbi güclərin təsirindən azad bir hökumət qurmalarıdır.
2. İqtisadi müstəqllik
İqtisadi müstəqillik siyasi müstəqillikdən çətin və gec əldə olunur. Görürsünüz ki, əcnəbi güc və dövlətlərin iqtisadi təsirini və istismarını asanlıqla sıradan çıxarmaq olmur. Bir ölkənin iqtisadi müstəqillikdən ötrü bacarıqlı insani resursa, gəlirli mənbələrə, çoxlu imkanlara, elmə, ixtisasa, beynəlxalq elmi və texnoloji əməkdaşlıqlara və başqa çoxlu amillərə ehtiyacı var. İnqilabçı və yeni müstəqlliyə qovuşmuş ölkələr iqtisadi müstəqlliyin bütün bu amillərini əldə etmək üçün böyük zəhmətlərə qatlanırlar.
Bizim ölkəmiz birinci saatdan iqtisadi müstəqillik istiqamətində işlərə başladı. İnqilabdan öncə asılı hökumətlər bu ölkədə Qərbdən, xüsusən də Amerikadan tam asılı olan bir iqtisadiyyat qurmuşdular. Bu asılılığa son qoymaq çox çətin iş idi, lakin biz buna nail olduq və iqtisadi müstəqillik istiqamətində hərəkətə başladıq.
Əlbəttə, tam iqtisadi müstəqilliyə çatmağımıza hələ çox var. Xalq işləməli, gənclər dərs oxumalı, mütəxəssislər çalışmalı və bu mühüm milli məqsədə hər hansı yardımı toxuna bilən şəxslər əllərindən gələni etməlidirlər.
Bir ölkə üçün iqtisadi müstəqillik həyati məsələdir. Bir ölkədə iqtisadi sahə əcnəbilərə tapşırıldıqda mənası budur ki, bu bədənin həyat və qida damarı başqa bir yerə birləşmişdir, ixtiyarı başqasının əlindədir.
Müasir dövrdə inqilabçı ölkələrin əksəri Şərqə meylli idi, Şərq dövlətlərindən yardım alırdılar. Misal üçün, Çin inqilab edəndə on il və hətta daha artıq müddətə qədər böyük qardaşı sayılan və sosialist inqilablarının öncülü olan SSRİ ona iqtisadi və texnoloji köməklər edirdi, oraya mütəxəssis və ekspertlər göndərirdi. Digər kommunist ölkələri də belə idi. Lakin İslam Respublikası özünün iqtisadi asılılığına son qoymaq üçün yalnız öz xalqının güclü iradəsinə, iranlıların parlaq istedadına arxalandı və indi də arxalanır. Deməli, bizim xalqımız iqtisadi müstəqillik yolunda irəlilədi və irəliləyir. Allaha şükür olsun ki, proqramlar həmin istiqamətdə tənzim olunmuşdur və olunmalıdır.
3. Mədəni müstəqillik
Mədəni müstəqillik bunların hamısından əhəmiyyətlidir. İslam Respublikası əvvəldən göstərdi ki, Qərbin pozğun və fəsad dolu mədəniyyətinin boyunduruğu altına girməyəcək. Mən qətiyyətlə deyirəm ki, böyük güclərin əsl istismarı mədəni istismardır. Yəni bir xalq öz mədəniyyətini, inamlarını, etiqadlarını, adət-ənənələrini və daha üstün mərhələdə öz əlifbasını və dilini başqa bir xalqa sırıya bilsə, deməli, o xalqa həqiqətən hakim olmuşdur. Son iki yüz ilin bir dönəmində fransızlar digər ölkələrdə bunu etdilər, bir dönəmində ingilislər, son dövrlərdə isə amerikalılar. Onlar öz dillərini, əlifbalarını, mədəniyyətlərini və adət-ənənələrini bacardıqları hər bir ölkəyə ixrac etdilər. Bir ölkə iqtisadi baxımdan müstəqil olsa və əcnəbi güclərdən asılı olmasa da, əcnəbi güclər öz mədəniyyətlərini bu ölkəyə hakim edə bilsələr, ona hakim olmuş sayılırlar.
Mədəniyyət hava və su kimidir. Mədəniyyət mənim və sizin həyatımıza hakim olan adət-ənənələrdir. Mədəniyyət bizim inamlarımız, etiqadlarımız, şəxsi və ictimai həyatın, bir cəmiyyətin üzləşdiyi məsələlərdir. İslam Respublikası Qərb mədəniyyətini rədd edib dedi ki, bizim müstəqil İslam mədəniyyətimiz var.
İslam davranışda, fərdi həyat tərzində, yemək-içməkdə, geyinməkdə, dərs oxumaqda, hökumətlə münasibətlərdə, bir-biri ilə münasibətdə və alış-verişdə müsəlmanların vəzifəsini müəyyən etmişdir. Biz bunları qərblilərdən öyənmək və onları yamsılamaq istəmirik. İslam Respublikası bunu əvvəldən elan etdi.
Qərbdə qadın və kişinin məhdudiyyətsiz əlaqəsi adi hal, qadın və kişi münasibətlərində hicabın, vasitənin və fasilənin olmaması normal bir işdir. Demirik ki, Qərb ölkələrində bütün kişilər, yaxud qadınlar pozğundurlar. Yox, belə bir iddia etmir, belə böhtan yaxmırıq. Bu, həqiqətə uyğun da deyil. Heç şübhəsiz, onların arasında yaxşı və nəcabətli kişi və qadınlar da var, lakin ümumilikdə Qərb cəmiyyətlərinə cinsi azadlıq hakimdir. Bu, orada bir mədəniyyətdir. Qərb mədəniyyətində cinsi ehtirasların azadlığı icazəli və qeyd-şərtsiz bir məsələdir.
Bəzi Qərb ölkələri bu məsələdə çox inkişaf etmiş, öz həyatlarını xəcalətli formalara salmışlar. Onlar buna peşman olmuşlar. Bu, Qərb ölkələrinin mütəfəkkirlərinin, siyasətçilərinin, texnoloq və idarəçilərinin çarəsiz qaldığı və onlar üçün doğrudan da problem yaratdığı məsələdir.
Qərb bu mədəniyyəti, bu xarakteri və adəti bütün ölkələrə ixrac etdi. Başqa ölkələrdə belə fəsad yox idi, İslam ölkələrində və hətta Şərqin qeyri-müsəlman ölkələrində də belə bir şey mövcud deyildi. Bunu qərblilər idxal etdilər.
İslam Respublikası Qərbin bu fəsadlarına qarşı mübarizə apardı və əvvəldən elan etdi ki, qadın və kişinin qeyd-şərtsiz münasibətlərini düzgün saymır, hicabı, qadın və kişi arasında münasibətlərin İslam çərçivəsində olmasını məqbul sayır və onun üzərində dayanır. Bəzilərinə görə bu ikinci dərəcəli və xırda bir məsələdir. Halbuki səhv edirlər, bu çox əhəmiyyətli məsələdir.
Tehranın cümə namazı xütbəsindən: 31 mart 1990.
İslam Respublikasının Qərb mədəniyyəti qarşısında müqavimət göstərməsi
Burada deyim ki, Qərb dövlətlərinin İslam Respublikasına qarşı güclü müxalifətinin və ədavətinin ən mühüm səbəblərindən biri bu məsələdir. Onlar buna qarşı çox həssasdırlar. Əgər İslam Respublikası bu bir məsələdə güzəştə gedib qadın və kişinin qeyri-sağlam münasibətlərinə dair özbaşına Qərb mədəniyyətinin cəmiyyətdə həyata keçməsinə icazə versəydi, Qərbin siyasi və qeyri-siyasi təşkilatlarının İslam Respublikasına qarşı bir çox fəaliyyətləri ya azalardı, ya da bitərdi.
Siz bilirsiniz ki, bir vaxt bizim ölkəmizdə hicab qadağan edildi, amma dünyada heç kim buna etiraz etmədi. Bizim qonşu ölkəmiz olan Türkiyədə hicabı qadağan etdilər və son zamanlara qədər bu ölkənin bəzi iqtidarları eyni ənənəni davam etdirdilər. Bunun nümunələri son illərdə də göründü, amma dünyada heç kim buna qarşı etirazını bildirmədi və bildirmir.
Özünü inkişaf etmiş bilən, insan haqları məsələsinin onlar üçün böyük əhəmiyyət kəsb etdiyini iddia və reklam edən Avropa ölkələrində - yəni Fransa və İngiltərədə bir neçə müsəlman qadının İslam hicabı ilə get-gəl etmələrinə və məktəblərə girmələrinə icazə vermədilər. Belə yerdə qadağa qoymağı və maneə yaratmağı düzgün bilir, bunda bir eyib görmürlər. Lakin cəmiyyətdə hicabı vacib bildiyi üçün hər yerdə İslam Respublikasına qarşı etiraz sərgiləyirlər. Əgər qadınların hər hansı bir geyim formasına müdaxilə etmək düzgün deyilsə, onların müdaxiləsi hicabı vacib etməkdən daha böyükdür. Çünki bu, təhlükəsizliyə daha yaxındır. Ən azı budur ki, bunlara eyni formada yanaşmaq lazımdır. Lakin Qərb belə etmir.
Qadınların geyim formasında qadağalar olduğu üçün Qərb İslam Respublikasını qınayır, kişi və qadının çılpaqlığının və hicabsızlığının vacib edildiyi ölkələri isə tənqid etmir. Bu nə üçündür? Ona görə ki, bu, Qərbin qəbul etdiyi mədəniyyətin ziddinədir. Onlar bu məsələ üzərində çox həssasdırlar.
Qərb spirtli içkilərin yayılmasına həssaslıq göstərir, onu xalqlarda və onların adət-ənənələrində müsbət bir səciyyə kimi dəyərləndirir. Əgər bir ölkədə spirtli içkilər qadağan olunsa və onun istifadəsinə icazə verilməsə, həssaslıq göstərir və bunu mürtəcelik hesab edirlər. Əgər bir ölkədə spirtli içkilər azad, icazəli olsa və geniş yayılsa, hökumət ona qarşı çıxmasa, hətta onu təbliğ etsə, bunu alqışlayırlar.
Qərblilərə görə, Qərb mədəniyyətinə zidd olmadığı təqdirdə xalqı müxtəlif işlərə məcbur etmək mümkündür və bunun heç bir eybi yoxdur. Dəfələrlə demişik ki, Qərb ən ibtidai demokratiyadan da məhrum olan hökumət və ölkələrlə yaxşı münasibətdədir. Siz indi bu Fars körfəzi regionuna baxsanız, elə ölkələr görərsiniz ki, orada nə seçkilər keçirilir, nə qanunverici orqan var, nə ölkənin başçısını xalq seçir. Həmin ölkələrdə Daqyanus dövrünün üsulları kimi ölkə başçılığı irsən keçir. Ölkənin qanunlarını parlament və millət vəkilləri qəbul etmirlər, şah və kral qəbul edir. Amma eyni zamanda nə Qərb dövlətləri, nə də insanların hüquq və azadlıqlarını müdafiə etmək üçün yaradılmış dırnaqarası hüquq təşkilatları bunlara qarşı həssaslıq göstərirlər.
Halbuki İran İslam Respublikasında ən müstəqil və ən güclü parlament və Şura məclisi var. Az ölkədə, bəlkə də deyə bilərəm ki, dünyanın heç bir ölkəsində bizdəki İslam Şurası Məclisi kimi güclü və müstəqil bir parlament tapa bilməzsiniz. Partiyalar tərəfindən təşkil olunan parlamentlərdə deputat və millət vəkili partiyanın fikrinə tabedir. Burada isə partiya da yoxdur; siyasi cinahlar var, amma heç bir cinah parlament deputatının fikrinə hakim deyil, onun özü azad və müstəqil şəkildə seçim edir. Dünyanın harasında belə bir parlament var?!
Ölkədə prezidenti təyin etmək üçün keçirilən azad seçkilərin dünyada bənzəri azdır. Xalq seçki məntəqələrinə gedir və partiya təbliğatının təsirindən uzaq şəkildə tanıdıqları, sınaqdan keçirdikləri bir nəfəri müəyyən bir müddətə qədər prezident seçirlər. Dünyanın harasında belə bir şey var?!
Prezident seçkilərinin partiyalar vasitəsi ilə keçirildiyi bəzi ölkələrdə xalq hətta namizədləri tanımır. Partiya bir namizəd irəli sürür, xalq da həmin partiyaya inandığına, yaxud həmin partiyanı sevib qəbul etdiyinə və yaxud başqa bir maraqlara görə onun namizədinə səs verir. Burada isə elə deyil. Deməli, ən azad seçkilər, ən müstəqil parlament və ən demokratik hökumət İslam Respublikasındadır.
Burada ölkənin məmurları xalqla isti və səmimi münasibətdədirlər, özlərini xalqa xidmətçi bilirlər, xalq da onları sevir. Ölkə məmurlarının məişət vəziyyəti xalq kimi və orta həddədir, zadəganlar kimi və dünyanın digər ölkələrinin məmurları kimi deyil.
Belə bir demokratik ölkə, belə bir xalq hakimiyyəti, belə azad seçkilər keçirən bir ölkə mədəni baxımdan Qərblə müxalif olduğuna görə hətta demokratiyanı sevən Qərb də bu "mənfi" cəhətləri İslam Respublikasında görməyə hazır deyil. Bunlar ona görədir ki, İslam Respublikası əvvəldən əcnəbi Qərb mədəniyyətini qəbul etməyəcəyini elan etmişdir.
Bu xüsusiyyətlərə malik olan İslam Respublikası 1979-cu ilin 1 aprelində özünü elan etdi. Bu gün 11 ildir yaşayır, inkişaf edir və kamilləşir. Bütün antiislam qüvvələr İslam Respublikasına qarşı çıxmışlar. Biz bu bir neçə ildə həmişə demişik ki, məcburi müharibədə Qərbin və Şərqin İraq rejiminə və ordusuna yardımları İslamdan qorxduqlarına və İslamla düşmən olduqlarına görə idi. Biz bu sözü illlərlə bu cümə namazı kürsüsündən və digər yerlərdən təkrarlamışıq. Bu sözü qəbul etmək bəlkə də bəzilərinə çətin gəlirdi, amma bu gün bunu açıq şəkildə söyləyirlər. Bu gün qəzetlər, mətbuat və xəbər agentlikləri bu məsələni açıq şəkildə yazırlar. Son bir-iki həftənin xəbərlərində jurnalistlər və mətbuat nümayəndələri dedilər ki, Qərb İslamla düşmən olduğuna və mübariz İslamdan qorxduğuna görə İraqa kömək etdi və İslam Respublikasının müharibədə qəti hərbi qələbəyə nail olub İraqı səhnədən çıxarmamasına çalışdı. Onlar bunu etiraf edirlər.
İslam Respublikası bütün bu düşmənliyin qarşısında qüdrətlə dayandı, zəiflik göstərmədi, hətta daha da gücləndi, xaricdəki müsəlmanları da oyatdı və biz bu gün müsəlmanların oyanışının şahidi oluruq. Həmişə demişik, yenə də təkrar edirik ki, bu dövr İslamın və müsəlmanların inkişafı, oyanışı, qələbəsi dövrüdür və bu, İslam Respublikasının sayəsində baş vermişdir.
Tehranın cümə namazı xütbələrindən: 1990.
İslam Respublikasının dörd uğur amili
Bu on bir ildə İran xalqına və İslam Respublikasına bir neçə amil uğur gətirmişdir. İslama sadiqlik, böyük və mərhum imamımızın misilsiz rəhbərliyi, xalqın mübarizəsi və fədakarlığı, düşmənin İslam inanclarının sirləri ilə tanış olmaması bu amillərdəndir. Düşmən bu sirlərlə hələ də tanış deyil. Allaha şükür olsun ki, bu iman indi də var, bu fədakarlıqlar hələ də müşahidə olunur. Söz birliyi ilə bu yolu davam etdirin. Dünya sizi gözləyir.
Tehranın cümə namazı xütbələrindən: 1990.
İslam inqilabının mənşəyi
Bütün maddi proqnozlar bəşəriyyətin materializmə doğru getdiyini göstərərkən qəfildən bir hadisə baş verdi. Bu hadisə əvvəldə dünyanın diqqətini çox da cəlb etmədi, lakin analitik və müşahidəçilərin gözlədiyinin əksinə olaraq, onun həcmi, məzmunu və əhatə dairəsi günbəgün genişləndi və gözlənilmədən dünyanın bir nöqtəsində partlayışla nəticələndi. O zaman qlobal güclər indiyədək bu fenomeni yanlış dəyərləndirdiklərini anladılar. Buna çarə tapmağa çalışdılar, amma bacarmadılar. O hadisə nə idi? 1967-ci ildə İranda başlayan din və ruhani hərəkatı.
Bu hadisə baş verəndə dünyada heç kim onun əhəmiyyətini dərk etmədi. Hətta 15 xordad hadisəsi baş verəndə və məlum qırğınlar törədiləndə də dünyada rezonans doğurmadı; nə kimisə çox ümidləndirdi, nə də kimisə qorxutdu. Bir qığılcım kimi sonra söndüyünü düşündülər. Sanki bir talaşa, saman, çubuq və ya karton tez alışır, bir neçə andan sonra da sönür. Hamı onun bitdiyini düşünür, lakin bu şölənin altında çox qalın və quru odunların olduğunu bilmir. Onlar heç kim bilmədən alışır, hər an qalıcı və uzunmüddətli alov istehsal edir. Bu alovlar yarandı və 11 fevralda İslam Respublikasının yaranması ilə nəticələndi. Gözlənilmədən din və mənəviyyat əsasında analoqu olmayan bir quruluş meydana çıxdı. Yəni bu quruluş yarananda din və mənəviyyat düşmənləri üçün artıq gec idi. Onlar nə qədər zərbə vurdularsa və zülm etdilərsə, dünyada onun mənəvi nüfuzu və müsəlmanların ona diqqəti daha da artdı, müxtəlif yerlərdə alovlar yanmağa başladı. Onların bəzilərinin bəlkə heç özləri də haradan qaynaqlandığını bilmirlər.
Mazandaran vilayətinin ruhaniləri, cümə imamları və əhalisinin nümayəndələri ilə görüşdəki çıxışdan: 1990.
İmamın meydana çıxmasının ilahi yardım olması
İmam həqiqətən möhtəşəm insan idi. Ümumiyyətlə belə bir insanın meydana çıxması və varlığı təhlil olunası deyil. Bunu yalnız ilahi lütf adlandırmaq olar. Allah-Taala tarixdə və böyük bəşər karvanının hərəkətində dönüş yaratmaq üçün lazım olan bir qeyb əlini aşkara çıxardı. Əgər insan imamın şəxsiyyəti və vücudunun müxtəlif cəhətləri barədə düzgün fikirləşsə, həqiqətən bundan başqa cür izah edə bilməz.
İldönüm tədbiri mümkün cəhətlərdən imamın şəxsiyyətini və əzəmətini göstərməlidir və güman ki, belə də olacaq. Siz öz borcunuzu yerinə yetirirsiniz və bunu etməlisiniz. Nə qədər etsəniz də, həqiqətən azdır. Mən düşünürəm ki, Allah-Taalanın özü ildönüm mərasimlərini idarə edir və edəcək. İmama aid olan bu işlərdə Allah-Taalanın Özünün əli var. Bunları ümumiyyətlə insan zehni ilə hesablamaq olmaz. Mən onun həyatının bütün dövründən və vəfatından sonrakı bu hadisələrdən belə anladım.
İmam Xomeyninin vəfatının birinci ildönümü tədbirlərinin təşkilat komitəsinin üzvləri ilə görüşdəki çıxışdan: 1990.
Dostları ilə paylaş: |