Bəsic - inqilabın güvəni
Bizim böyük məqsədləri olan inqilabımız Bəsic qüvvələrinə arxalanır. Əgər biz Bəsic və xalq qüvvələrini o iki qüvvədən ayırsaq, ordu və korpus inqilabı qlobal cəhətlərində himayə edə bilməzlər. İnqilabı müdafiənin əsas mehvəri Bəsicin çoxmilyonlu əzəmətli qüvvəsidir. Bəsic adi həyatda çoxmilyonlu xalq kütlələrinin bir hissəsidir, lakin koordinasiya olunmalı və daim təlimatlandırılmalıdır. Bir neçə aylıq təlimlə kifayətlənmək olmaz, onu təkrarlamaq lazımdır.
Məktəbdə, universitetdə, elmi hövzədə, zavodda, tarlada və idarədə öz işi ilə məşğul olan Bəsic üzvü bilməli və fəxr etməlidir ki, əzəmətli xalq ordusunun - inqilabçı ordunun üzvüdür. Bəsic üzvü olan hər bir qrup inqilaba xidmət baxımından digərlərindən üstün və öndədir. Çünki nə zaman quruluşu bir təhlükə təhdid etsə, Bəsic üzvünün sinəsi inqilaba sipər olacaq. Odur ki, bu işə qoşulan hər bir kəs cəmiyyətin ən dəyərli üzvlərindəndir və bu səadətlə fəxr etməlidir. Mən də Bəsic üzvü olduğuma görə fəxr edirəm. Bir Bəsic üzvü kimi inqilabın harada mənə ehtiyacı olsa, xidmət göstərməyə hazıram. Hamımız bununla fəxr etməliyik. Çünki inqilabın ən önəmli işini Bəsic görür.
Nümunəvi Bəsic üzvlərinin beyət mərasimində çıxışdan: 1989.
İnqilabı müdafiə - İslamı və Quranı müdafiə
İnqilabı qorumaq İslam Respublikası quruluşunun yaşaması üçün bizim birinci işimizdir. Buna görə imam dəfələrlə buyururdu: "İslam quruluşunu qorumaq ən vacib əməldir". İnqilab İslam Respublikası quruluşundan ayrı deyil. Kimsə bunların bir-birindən ayrı olduğunu güman etməsin. İnqilabın təcəssümü bütün dünya quldurlarının əl-ələ verib məhv etməyə çalışdığı İslam Respublikası quruluşudur.
Bu gün də Amerika hegemonluğunun, böyük beynəlxalq oliqarxların, Qüdsü işğal etmiş rejimin və mürtəce dövlətlərin ədavəti və düşmənliyi davam edir, ona qarşı çıxırlar. Bizim inqilabımız qələbə çalanda İslam Respublikası quruluşu doğuldu. Deməli, bu quruluşu müdafiə etmək İran xalqının birinci, ən müqəddəs və ən vacib işidir. Bəsic üzvü sinəsini sipər edib əlində olan hər bir vasitə ilə inqilabı müdafiə işini öhdəsinə götürən şəxsdir. Çünki o əslində İslamı və Quranı müdafiə edir.
Nümunəvi Bəsic üzvlərinin beyət mərasimində çıxışdan: 1989.
İnqilabın daxili və qlobal nailiyyətləri
Bizim inqilabımızda daxili və xarici cəhətlər vardı. Daxili cəhətdə fədakar İran xalqı Qərbin və hegemon güclərin fəsada bulaşmış mədəniyyətinin yaratdığı həyatı özünün arzuladığı İslam həyatı ilə əvəzlədi. Bu cəhətdən çox gözəçarpan inkişaflar əldə edilmişdir. Bu gün İran xalqının ruhiyyəsi və həyat reallıqları inqilabın qələbəsindən öncə mövcud olan və müstəmləkə əllərinin işlədiyi zamanla müqayisədə olduqca böyük fərqlərə malikdir. Əlbəttə, demək istəmirik ki, bu gün bizim həyatımız tamamilə İslam həyatıdır, lakin düşünürük ki, keçmişlə müqayisədə İslam həyatına dəfələrlə yaxınlaşmışıq və yenə də yaxınlaşmağa çalışmalıyıq.
Gözəl İslam həyatı dünya və axirət səadətindən, maddi rifahdan və mənəvi inkişafdan ibarətdir. Bizim inqilabımız ölkədə bu hərəkəti yaratdı, böyük rəhbərimizin qüdrətli və ilahi əli onu inkişaf etdirdi. Allaha şükür olsun ki, biz bu gün bu cəhətdən dünyada nümunə xalqıq.
İnqilabın xarici cəhətinin əhəmiyyəti daxili cəhətdən az deyil. Xarici cəhətdə bizim inqilabımız müsəlman xalqları bir-biri ilə tanış, bir-birinə qayğıkeş edə və sevdirə bildi. Müstəmləkə müsəlman ölkələri bir-birindən ayırmaq, bir-birinə qarşı çevirmək, farsı ərəbin, hər ikisini türkün, hər üçünü pakistanlının və hamısını digər müsəlman xalqların qarşısında qoymaq üçün uzun illər işlədi. Müstəmləkə bu işlə ölkə və xalqlar arasında coğrafi, irqi və milli sərhədlər yaratmaq məqsədi güdürdü. Bu gün dünyada millətçilik və irqçilik bayrağı ucaldan və müstəmləkəçilərin aləti olan bəzi şah və prezidentlər əslində həmin müstəmləkə xəttini və üsulunu davam etdirirlər.
Bizim inqlabımız xalqları bir-biri ilə tanış etdi, bir-birinə yaxınlaşdırdı. Bu gün müsəlman ölkələr və xalqlar İran inqilabının sayəsində özlərində müsəlmanlıq hissinin baş qaldırdığını duyurlar. Ərəb xalqların etiqad və vicdan azadlıqları təmin edilsə, özlərinin ərəb olmalarından öncə müsəlman olmaları ilə fəxr edərlər. Hindistan yarımadasının, Afrikanın və Asiyanın müsəlman xalqları da müsəlman olduqlarına görə fəxr edirlər.
İslam dini inqilabın sayəsində bir dəyər formasına düşdü və müsəlmanlar İslam hissi ilə bir-birinə yaxınlaşdılar. Digər tərəfdən, İslam dünyasının düşmənləri - yəni beynəlxalq hegemonluq, təcavüzkar Şərq və Qərb, bütün vücudu ilə İslamla müxalif olan işğalçı və soyğunçu Amerika İslam birliyindən və müsəlman xalqların bir-birinə yaxınlaşmasından qorxuya düşmüşlər.
Bu gün imama matəm saxlayan bizlər bu iki cəhəti çox ciddi şəkildə diqqətdə saxlamalıyıq. Əgər Allah eləməmiş, imamın yolu və vəsiyyəti unudulsa, - inşallah bu heç zaman unudulmayacaq – onun böyük zəhmətlərinin nəticələri məhv olacaq.
Bu gün inqilabın hər iki cəhəti bizim üçün önəmlidir. Daxili cəhətdə xalqın bütün təbəqələri, məmurlar, böyük alimlər, müəllimlər, natiqlər, yazıçılar, qurucular, proqram hazırlayanlar və strateqlər çalışıb cəmiyyəti İslam həyatına doğru aparmalı və amallara daha da yaxınlaşdırmalıdırlar. İnqilabın xarici cəhətində də bütün müsəlman xalqlar, xüsusən din alimləri, ziyalılar və nüfuzlu şəxslər çalışıb yaranmış birliyi, yaxınlığı və tanışlığı qoruyub gücləndirsinlər.
İlam və Fars vilayətlərinin müxtəlif təbəqələrinin və hövzənin bir qrup pakistanlı tələbəsinin beyət mərasimində çıxışdan: 1989.
İnqilabın qələbəsinin sirri: İslama qayıdış
Dünyada baş vermiş möhtəşəm yenilikdə İslama imanın rolu birinci dərəcəlidir. Biz İslam üçün çalışdığımıza görə Allah-Taala da bizə yardım edir. İran xalqı Allaha, İslama və Qurana iman bəslədiyindən dünyanın digər xalqları da ona hörmət bəsləyir. O əziz rəhbərin qəlbi doğruçu, ixlaslı və aydın iman nuru ilə işıqlandığından insanların qəlbində özünə belə yer açdı, onların beynində və ruhunda dərin iz buraxdı, Allah bu dövrün ən böyük işlərini görə bilmək üçün ona güc və qüvvə bəxş etdi.
Bizim kəşf etdiyimiz və inqilabın qələbəsində əsas amil bildiyimiz sirri bizim düşmənlərimiz - yəni hegemonluq, dünya quldurları, güc və pul sahibləri, asılı və muzdur mürtəcelər də kəşf etmişlər. Onlar İran xalqının əzəmət və qələbəsinin əsas səbəbini anlamış, eynilə erkən İslam çağında və əziz Peyğəmbərin (s) dövründə olduğu kimi, bütün qüvvələrini xalqın imanını vurmağa səfərbər etmişlər. Buna əsasən, düşmənliyin əsas səbəbi imandır. Hegemonluq anlamışdır ki, bu xalq iman sayəsində birləşdi, öz rəhbərini seçdi və dünyanın ən böyük güclərindən qorxmadı. Onlar anlamışlar ki, bizim bütün uğur və inkişaflarımız imanın sayəsində əldə olunmuşdur. Odur ki, bizim imanımıza və İslamımıza düşmən oldular, özlərinin informasiya və siyasət üsulları ilə İslamın və inqilabın həqiqi simasını gözdən salmağa çalışdılar. Onlar bizi fundamentalist adlandırmaqla bizə söyüş verdiklərini düşünürlər, halbuki bu bizi tərifləməkdir.
Biz İslamın təməllərinə qayıtdığımıza görə fəxr edirik. Bizim gücümüzün sirri budur. Bu bir neçə ildə beynəlxalq hegemonluğun bütün təbliğatı bizim xalqımızın İslam inancını aşağılamaq üzərində mərkəzləşmişdir. Bizim xalqımız hər hansı bir şəkildə İslamı və İslam inancını təhqir edən şəxslərin günahından keçməyəcək. İslam və İslam inancı bizim şərəf və qələbə amilimizdir. O bizim dünya və axirətimizi islah edəcək.
Doğruçu və düzgün İslam inancı ilə hərəkət edən bir xalq iqtidara, asayişə və maddi rifaha qovuşacaq və heç kəs onu bir şeyə məcbur edə bilməyəcək. Biz Allahın lütfü ilə və xalqımızın güclü imanı sayəsində dünyanın bu bir parçasında elə gözəl, azad, rahat və imkanlı bir cəmiyyət quracağıq ki, bütün xalqlara dərs olsun və inqilab düşüncəsinin ixracı ilə nəticələnsin. İndiyə qədər Allahın mərhəməti bizim xalqımıza şamil olmuşdur və bundan sonra da olacaqdır.
İslama iman və Allaha etiqad sayəsində xalqın müxtəlif təbəqələrində yaranmış söz birliyini ilahi nemət saymalı, onun qədrini bilməli və onu qorumalıyıq. Bu gün İran xalqının əzəməti həmin imana görədir. Hətta bu xalqın düşmənləri də qəbul və etiraf edirlər ki, İran xalqı şücaətli, azadlıqsevər, güclü və məcburedilməz xalqdır. Qəlblərimizdə bu imanı günbəgün gücləndirməyə çalışaq. Xalqa ilahi müjdələr verən və xalqın müəllimləri olan möhtərəm din alimləri, ruhanilər, natiqlər, vaizlər və dini yazarlar xalqın imanını gücləndirməyə çalışmalıdırlar.
Allah-Taalanın Quranda vəd etdiyi kimi, güclü İslam inancı olduğu təqdirdə bu xalqı və inqilabı heç bir təhlükə təhdid etməyəcək və heç bir güc İslam Respublikasına və İranın möhtəşəm inqilabına ən kiçik zərər belə yetirə bilməyəcək.
Kermanşah vilayətinin, eləcə də Rəşt, Ərak, Sərbənd, Firdovs, Təbəs, Xansar, Bidoxt, Günabad və Cuybar şəhərlərinin müxtəlif təbəqələrinin beyət mərasimində çıxışdan: 1989.
Dostları ilə paylaş: |