XV-XVI ə.ə. Təbriz miniatür məktəbi
XV əsrdə Təbriz miniatür məktəbi öz sonrakı inkişafını davam etdirir. Yazılı mənbələrdən məlum olur ki, artıq əsrin əvvəllərində bir sıra Təbriz rəssamı Teymurun oğlu Şahrur və onun vəziri Baysunkar tərəfindən Heratda, saray daxilində təşkil edilmiş emalatxanaya – kitabxanaya dəvət almış, pir Seyid Əhməd Təbrizi isə məşhur Herat boyakarı Kamal ad-Din Behzada bir müddət müəllimlik etmişdir.
XV əsrin ortalarında miniatürda “türkmən üslubu” formalaşır. Bu üslub Türk dövlətləri Qara Qoyunlu, daha sonra isə Ağ Qoyunlu dövlətləri arasında yayılmışdır. Bu üslubun bir çox miniatürləri məhz Təbrizdə və Şirvanşahlar dövlətinin paytaxtı olmuş Şamaxıda yerinə yetirilmişdir.
XV və XVI ə.ə. hüdudlarında Təbriz boyakarlığının sonrakı inkişafının əsasına çevrilmiş bədii xüsusiyyətlər formalaşır. Bu dövrdə yaradılmış miniatürlərdə müxtəlif kənd mənzərələri əks olunmuşdur. Bu miniatürlərdə biz çobanların, odun daşıyan insanların, uşaqlı qadınların, qocaların, o cümlədən ev heyvanlarının – atların, zebuların, uzun buynuzlu keçilərin təsvirlərini görə bilərik. Rəsmlərin işlənilməsində tünd qəhvəyi-qara və göy-mavi boya vasitəsi ilə yerinə yetirilmiş yüngül xətlər nəzərə çarpır.
Bu dövrdə yaradılmış ən mühüm əlyazmalardan biri 1410-15-ci illərin “Cami ət-təvarix” (əlyazmasıdır) manuskriptidir. Hazırda Paris Milli kitabxanasında saxlanılan bu əlyazma və onun miniatürləri hesab olunur ki məhz Təbrizdə yerinə yetirilmişdir. Bretanitskinin və Veyrmanın verdiyi məlumata əsasən bu əlyazmanın miniatürlərinin üslubu primitivdir. Çox mürəkkəb olmayan simmetrik kompazisiyalar kobud yerinə yetirilmiş insan fiqurları ilə çanlandırılıb. Heyvanların təsvirində daha çox dinamika nəzərə çarpır. Mənzərə (çöllər, qayalar və s.) şərti, hamar əks edilib.
Vaşinqtondakı Frir qalereyasında saxlanılan Nizamin “Xosrov və Şirin” əlyazmasının 1405-10-cu illər nüsxəsi həmçinin Təbrizdə yaradılmışdır. Bretanitskiy və Veyrman vurğulayaırar ki, bu əlyazmanın 5 miniatürü erkən Teymurilər dövrünə xas olan üslubda yerinə yetirilib. Şirinin yanına gətizdirilmiş Fərhadı əks etdirən səhnədə yüksək zalın məkanı əks edilib: insanların fiqurları qrup şəklində müxtəlif planlarda verilib; çox pilləri kompozisiya şərait və memarlıq detalları ilə zənginləşdirilib. Miniatüranın obraz həlli xətt və rəng çalarların dekorativ ritmlərinin təkrarlanması əsasında qurulub.
Böyük marağı həmçinin Fərhadı Bisütun dağında səfər etmiş Şirini, Xosrovun Şirinin qəsrinə gəlməsi, o cümlədən ənənəvi süjeti – çimən Şirini görərkən heyrətlənən Xosrovu əks etdirən miniatürlər də doğurur. Bütün təsvir edilmiş səhnələrin çanlılığına baxmayaraq, onların həllində hələm xeyli primitivlik görmək olar: insanların hərəkətləri bir qədər şərti və kobuddur, mənzərənin (çöllərin, ağacların, qaya və dağ çıxıntılarının) əks olunmasında hamar şərti tərtibat, memarlıq abidələrinin verilməsində isə - divarların naxışlı üzlənməsi üstünlük təşkil edir. Bütün bunlar yeni bədii üslubun yarandığına işarədir.
XV əsrin sonunda da Təbriz miniatür məktəbi öz inkişafını davam etdirir. Bu dövrdə yaradılmış ən mühüm əlyazma, hazırda İstambulda Topqapı saray muzeyində saxlanılan Nizami Gəncəvinin “Xəmsə” əlyazmasının 1481-ci ildə yaradılmış nüsxəsidir. Bu əlyazmanı bir neçə rəssamın miniatürləri bəzəyir. Bu rəssamlardan biri təsvir etdiyi insanları realistik ifadə cizgiləri ilə təchiz etmişdir. Miniatürlərdən birində İskəndərin çoban ilə ünsiyyəti çox canlı verilib. İncə, bir qədər uzadılmış qadın fiqurları da böyük maraq doğurur. Bu baxımdan İskəndəri Nüşabənin yanında əks etdirən miniatürü xüsusən vurğulamaq lazımdır.
XVI əsrin əvvəlləri Azərbaycan xalqının iqtisadi-siyasi və mədəni həyatında yeni yüksəliş dövrü olmuşdur. XVI əsrin əvvəllərində Səfəvilər dövlətinin təşəkkülü ilə əlaqədar olaraq, Azərbaycan şəhərlərində, xüsusən ölkənin siyasi və mədəni mərkəzi olan Təbrizdə ədəbiyyat və incəsənətin bütün növ və formaları inkişaf edir. Təbriz yenidən Yaxın və Orta Şərq ölkələrində estetik fikrin, bədii zövqün, sənət qayda-qanunlarının başlıca mərkəzinə çevrilir.
Şerə, sənətə yüksək qiymət verən, himayəçilik göstərən, özləri də şair, rəssam və xəttat olan İsmayıl və oğlu Təhmasibin dövründə Təbriz saray kitabxanası bədii yaradıcılığın müxtəlif sahələrində çalışan sənətkarları öz ətrafında toplayan qüdrətli sənət mərkəzinə çevrilir. Müxtəlif səbəblər üzündən başqa ölkələrə səpələnmiş azərbaycanlı sənətkarlar yenidən vətənə qayıdır və xalqın çoxəsrlik zəngin bədii ənənələrinə əsaslanaraq yeni nailiyyətlər əldə edirlər. Kitabxananın nəzdindəki bədii emalatxanada dövrün ən görkəmli xəttat və rəssamları – Soltan Məhəmməd, onun oğulları Mirzə Əli və Məhəmmədi, Mir Müsəvvir və oğlu Mir Seyid Əli, Müzəffər Əli, Sadiq bəy Əfşar, Şah Mahmud Nişapuri, Düst Məhəmməd və bir çox başqa sənətkarlar qızğın fəaliyyət göstərirdilər. Bundan əlavə, emalatxanada Herat, İsfahan, Şiraz və s. şəhərlərdən gəlmiş Şərqin məşhur sənətkarları Behzad, Ağamirək, Qasıməli və b. çalışırdı.
Təbriz miniatür məktəbinin üslub xüsusiyyətlərinin formalaşmasında, bu məktəbin yüksək inkişafında və onun təsir dairəsinin genişlənməsində mühüm rol oynayan bu rəssamlar hərtərəfli inkişaf etmiş görkəmli sənətkarlar idi. Onların çoxu şair – rəssam, rəssam – xəttat, xəttat – memar-rəssam olub, bədii yaradıcılığın müxtəlif sahələrində görkəmli nailiyyətlər əldə etmişlər. Bu baxımdan rəssam – xəttat və sənət tarixçisi Dust Məhəmmədin, rəssam və dekorativ sənətlər ustası Soltan Məhəmmədin fəaliyyəti xüsusilə maraqlıdır.
Bu dövrdə ədəbi irsə, klassik ədəbiyyata maraq daha da artdığından, görkəmli şairlərin əsərlərinin əlyazma kitabları şəklində tərtibinə xüsusi fikir verilirdi. Bu isə Azərbaycanda kitab sənətinin – xəttatlıq, miniatür sənəti və bədii tərtibatçılığın daha geniş yayılmasına, yüksək inkişaf zirvəsinə çatmasına səbəb olur.
Saray emalatxanasında toplanan rəssam və xəttatlar Firdovsinin və Nizaminin, Sədinin və Hafizin, Caminin və Nəvainin, Dəhləvinin və b. klasik şairlərin divanlarını gözəl xətlərlə yazıb zəngin ornament kompozisiyaları və əlvan miniatürlərlə bəzəyirdilər. Bundan əlavə onlar məscid və saray binalarını bəzəyən monumental kitabələr üzərində işləyir, süjetli və ornamental xalçaların, bədii parçaların çeşnilərini verir, binaların daxilini bəzəyən monumental divar təsvirləri yaradır, sonralar xüsusi albomlarda portret və süjetli kompozisiyalardan ibarət müstəqil miniatürlər çəkirdilər.
XVI əsr Təbriz məktəbinin inkişafında Herat məktəbi ənənələrinin və Behzad yaradıcılığının müəyyən rolu olduğunu inkar etmək olmaz. Lakin bu bir həqiqətdir ki, onların bu rolu heç də həlledici olmamışdır. Təbriz məktəbinin inkişafını Herat məktəbinin təsiri ilə əlaqələndirərkən, Behzad başda olmaqla Herat rəssamlarının Şah İsmayılın saray kitabxanasında işləmələrinə əsaslanırlar. Belə ki, 1507-ci ildə Şeybani xan, sonra isə Şah İsmayıl Heratı aldıqdan sonra (1510) müxtəlif ölkələrə dağılan Herat rəssamalarından bir neçəsi Təbrizə gələrək saray emalatxanasında işləmişlər. Lakin bu həqiqəti qeyd etmək lazımdır ki, əgər Buxara və b. şəhərlərdə çalışan Herat rəssamalrı öz üslublarını olduğu kimi saxlayıb, Orta Asiyada Behzadın ənənələrini davam etdirirdilərsə, Təbrizə gələnlər isə çox tezliklə yerli ənənələrin təsiri altına düşərək öz ilk əsərlərini Təbriz məktəbi üslubunda yaratmışlar.
Bəzi mənbələrdə Behzadın Təbrizə hələm 1507-1510-cu illərdə gəlməsi və hətta Soltan Məhəmmədin müəllimi olması qeyd olunur. Lakin bu məlumatlat həqiqətə uyğun deyil. Yazılı mənbələrə istinad edərək məlum olur ki, yalnız 1522-ci ildə Behzad Şah İsmayılın xüsusi fərmanına görə onun saray kitabxanası və rəssamlıq işlərinin rəisi təyin edilir. Qazı Əhmədin yazdığından aydın olur ki, Soltan Məhəmməd Behzad Təbrizə gəlməmişdən əvvəl aparıcı sənətkar kimi Şah İsmayılın kitabxanasında işləmiş və kiçik Təhmasibə rəssamlıq təlimi vermişdi.
Təbriz məktəbinin inkişafını, bu dövrdə yaranmış yeni üslubun formalaşmasını heç şübhəsiz ki, Behzadın deyil, bilavasitə Soltan Məhəmmədin və onun rəhbərliyi altında işləyən Mirzə Əli, Müzəffər Əli, Mir Seyid Əli və b. Azərbaycan rəssamlarının yaradıcılığı ilə əlaqələndirmək lazımdır. Təsadüfi deyil ki, XVI əsrdə Təbrizdə yaradılmış, lakin müəllifləri bəlli olmayan miniatürlər bədii üslub xüsusiyyətlərinə görə adətən “Soltan Məhəmməd”, “Təbriz”, yaxud da “Səfəvi” məktəbinə aid edilirdi.
XVI əsrin I-ci rübündə yaradılmış mühüm əlyazmalar içərisində 1524-25-ci illərdə tamamlanmış “Şahnamə”sini (Sankt-Peterburq Şərqşünaslıq İnstitutu), 1524-cü il “Xəmsə”sini (Nyu-York, Metropoliten muzeyi), 1524-25-ci il “Guy və çovqan” (Sankt-Peterburq, DKK) və b. əsərləri göstərmək olar. Bu əlyazmalar xəttatlıq sənətinin çətinliyini, əlyazma kitablarının uzun illər davam edən əzablı zəhmətin nəticəsində başa gəldiyini sübut edir. Göstərilən əlyzmalara çəkilmiş miniatürlərin müqayisəli təhlili onların bədii üslub xüsusiyyətlərinə görə çox yaxın olduqlarını, yəni təxminən bir vaxtda, bir emalatxanada yaradıldıqlarını sübut edir. Lakin onların ifaçılıq tərzində, fərdi sənətkarlıq üsulunda nəzərə çarpan fərqli cəhətlər isə bu miniatürlərin bir deyil, eyni səpgidə işləyən bir neçə rəssam tərəfindən çəkildiyini göstərir.
Dostları ilə paylaş: |