3. Ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələri 3.1. Aşağıdakı tikinti layihələrinin ekspertizadan keçirilməsi tələb olunmur:
3.1.1. insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan birmərtəbəli, aşırımının uzunluğu ən çoxu 6 metr olan tikinti obyektlərinin layihələri;
3.1.2. sanitar-mühafizə zonalarının ayrılmasını tələb etməyən və ya mövcud sanitar-mühafizə zonalarından istifadə olunması şərtilə tikilməsi nəzərdə tutulan istehsalat təyinatlı, sahəsi ən çoxu 1000 m2, hündürlüyü və aşırımının uzunluğu ən çoxu 6 metr olan birmərtəbəli tikinti obyektlərinin layihələri;
3.1.3. mövcud tikinti obyektlərinə və (və ya) onların hissələrinə həmin obyektlərin konstruktiv və digər təhlükəsizlik göstəricilərinə təsir etməyən və icazə verilmiş tikintinin parametrlərini keçməyən dəyişikliklərin edilməsi barədə tikinti layihələri;
3.1.4. ekspertizadan keçirilmiş, təkrar istifadə olunan və ya birtipli layihələr əsasında həmin layihələrdə nəzərdə tutulmuş şəraitə (qrunt, iqlim şəraiti, seysmik rayonlaşdırma və digər) uyğun zonalarda inşa ediləcək tikinti obyektlərinin layihələrinin 0 (sıfır) səviyyəsindən yuxarı hissəsi, habelə tikinti obyektlərinə onların konstruktiv və digər təhlükəsizlik göstəricilərinə təsir göstərməyən dəyişikliklərin edilməsi barədə layihələr;
3.1.5. Məcəllənin 79-80-ci maddələrinə uyğun olaraq tikintisinə icazə tələb olunmayan və barəsində məlumatlandırma icraatının tətbiq olunduğu obyektlərin tikinti layihələri.
3.2. Bu Qaydaların 3.1.3-cü və 3.1.4-cü bəndlərində nəzərdə tutulmuş layihələrlə bağlı hər hansı şübhələr olduqda, yerli icra hakimiyyəti orqanı şübhə doğuran halların aydınlaşdırılması barədə ekspertiza müəssisəsinə sorğu ilə müraciət edir. Sorğuya obyektin tikinti layihəsi əlavə olunmalıdır.
3.3. Bu Qaydaların 3.2-ci bəndində göstərilən sorğunun daxil olduğu tarixdən 10 gün müddətində ekspertiza müəssisəsi tərəfindən sorğuda aydınlaşdırılması tələb olunan halların şəhərsalma və tikinti qanunvericiliyinə uyğunluğu və təqdim edilmiş layihənin ekspertizadan keçirilməsinin zəruriliyi və ya belə zərurətin olmadığı barədə yerli icra hakimiyyəti orqanına əsaslandırılmış cavab verməlidir.