4. Ekspertiza müəssisəsinə təqdim edilən sənədlərin tərkibi və tikinti layihələrinin ekspertizadan keçirilməsi qaydası 4.1. Sifarişçinin tikintiyə icazə icraatı çərçivəsində təqdim etdiyi sənədlərin tamlığı Məcəllənin 75.2-ci maddəsinə uyğun olaraq təmin olunduqdan sonra yerli icra hakimiyyəti orqanı tikinti layihələrini ekspertizadan keçirilməsi üçün ekspertiza müəssisəsinə göndərir.
4.2. Ekspertizadan keçirilməsi üçün təqdim olunan tikinti layihəsinə aşağıdakı sənədlər əlavə edilməlidir:
4.2.1. layihəçinin lisenziyasının surəti;
4.2.2. izahat yazısı (obyekt haqqında müfəssəl məlumat);
4.2.3. tikinti layihəsinin hazırlanması zamanı istifadə olunmuş şəhərsalma və tikintiyə dair normativ sənədlərin layihəçi tərəfindən təsdiq edilmiş siyahısı;
4.2.4. təchizat müəssisələri tərəfindən verilmiş texniki şərtlər;
4.2.5. aşağıdakı bölmələrdən ibarət olan tikinti layihəsi:
4.2.5.1. mühəndis-axtarış işləri;
4.2.5.2. tikinti ərazisinin baş planı, memarlıq-planlaşdırma bölməsi;
4.2.5.3. konstruksiya bölməsi;
4.2.5.4. mühəndis-kommunikasiya təminatı bölməsi;
4.2.5.5. texnologiya bölməsi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda);
4.2.5.6. ekologiya bölməsi;
4.2.5.7. tikinti (söküntü) işlərinin təşkili bölməsi;
4.2.5.8. smeta bölməsi (tikintisi dövlət vəsaiti hesabına maliyyələşdirilən obyektlər üçün).
4.3. Tikinti obyektinin sökülməsi ilə bağlı ekspertizadan keçirilməsi üçün təqdim olunan tikinti layihəsinə bu Qaydaların 4.2.4-cü, 4.2.5.1-ci, 4.2.5.5-ci yarımbəndlərində göstərilən sənədlərin əlavə olunması tələb edilmir.
4.4. Ekspertiza müəssisəsi bu Qaydaların 4.2-ci və 4.3-cü bəndlərinə uyğun olaraq təqdim olunmuş sənədlərin tamlığını 5 gün müddətində yoxlayır.
4.5. Təqdim edilmiş sənədlər natamam olduqda, ekspertiza müəssisəsi sifarişçiyə və müvafiq yerli icra hakimiyyəti orqanına bu barədə məlumat verir və sənədlərin tamlığının təmin olunması üçün 5 gün müddət təyin edir. Göstərilən müddət ərzində sənədlərin tamlığı təmin edilmədiyi və həmin sənədlər olmadan rəy verilməsi mümkün olmadığı təqdirdə, tikinti layihəsi müvafiq yerli icra hakimiyyəti orqanına, tikinti layihəsi bu Qaydaların 2.4-cü bəndinə uyğun olaraq təqdim edildiyi hallarda isə sifarişçiyə qaytarılır.
4.6. Tikinti layihələri ekspertiza müəssisəsi ilə sifarişçi arasında bağlanmış müqavilə əsasında ekspertizadan keçirilir.
4.7. Ekspertiza zamanı tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olmadığı aşkar edildiyi halda, həmin sənədə istinad edilməklə, mövcud çatışmazlıqların aradan qaldırılması üçün ekspertiza müəssisəsi birbaşa sifarişçiyə müraciət edir və bu məqsədlə ona 10 gün müddət təyin edir.
4.8. Birbaşa müraciətdə göstərilən çatışmazlıqlar həmin müddət ərzində aradan qaldırılmadıqda ekspertiza müəssisəsi əsaslandırılmış rəy verir və həmin rəy rəsmi qaydada tikintiyə icazə verən müvafiq yerli icra hakimiyyəti orqanına, tikinti layihəsi bu Qaydaların 2.4-cü bəndinə uyğun olaraq təqdim edildiyi hallarda isə sifarişçiyə göndərilir.
4.9. Mərhələli layihələndirmə yolu ilə inşa edilən obyektlərin tikinti layihələrinin müvafiq olaraq mərhələlər üzrə ekspertizadan keçirilməsinə icazə verilir.
4.10. Tikintisi dövlət vəsaiti hesabına maliyyələşdirilməyən obyektin tikinti layihəsinin smeta bölməsi də sifarişçinin arzusu ilə ekspertizadan keçirilir.
4.11. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda xarici dövlətlərin və ya beynəlxalq təşkilatların şəhərsalma və tikinti ilə bağlı normativləri və standartları tətbiq olunmaqla hazırlanmış tikinti layihələrinin ekspertizadan keçirilməsi zamanı ekspertiza müəssisəsi bu sahədə təcrübəsi olan xarici mütəxəssislər cəlb edə bilər və (və ya) həmin layihələr üzrə hesablamaların aparılması üçün müvafiq xarici və ya beynəlxalq proqram təminatlarından istifadə edə bilər.