İ z z ə t p a ş a. Məncə, çəkilib əsgərləri diri saxlamaq şərtilə mütarikə etməliyik.
Ə n v ə r. Məncə öylə deyil. Dayanıb hamımız ölmək şərtilə Benqazini müdafiə etməliyik. Yolunuz varsa, siz çəkilə bilərsiniz. (Gedirlər.)
X a l i d. Hücum var! Düşmənlər soldan altıncı təpəyə hücum edirlər. (Gedir.)
B i r n ə f ə r z a b i t. Paşam, hücum var! Düşmən mərkəzdən hərəkət edir!
İ z z ə t p a ş a. Artıq ricət nizamsız qaçqına çevrilə bilər. Hücum vaxtından əvvəl oldu. İstər-istəməz müdafiə etməliyik. Qərargahdayam. (Gedir.)
Ə n v ə r. Paşam, indi gedə bilərsiniz! Biz isə, ya İtaliya əsgərləri qadın çəkmələrini ürəyimizə basıb - yaşasın İtaliya və ya türk əsgərləri sərt ayaqlarını yerə çırpıb, əsgi səslərilə bağıracaqlar- "Yaşasın hilal!”. (Dağ üzərinə atılır.) Haydı qardaşlar, qorxmayın! (Toplar şaqqıldayır.)
X a l i d. Bəyim, sol cinah davam edə bilməyir.
Ə n v ə r. Bir nəfər insan diri ikən yerindən tərpənməməlidir! Haydı! (Xalid gedir.) Qorxmayın, qardaşlarım! (Toplar atılır.) Ox, sol cinahdan hücum çox müdhişdir. Söyləyin, İzzət paşa əsgərləri sag cinahdan hücum etməlidirlər. (Komandalar, toplar, matralyozlar.) Ox, sol cinah dayanmayır! (Ramiz girir.) Bir adam geri atilarsa, bütün xətti-hərb pozulacaq. Ramiz, hərb ölümü bacaranlardan qorxar! Adamlarını al, sol cinah üzərinə müdafiə üçün deyil, əks hücumlar ilə, ildırım kimi düşmən xəttini yarıb, arxaya keçməlisən! Hərb taleyinin gözü, ancaq bu nöqtədə və səndədir.
R a m i z. Əmin olunuz, bəyim! Ölümə qarşı əsgər kimi, düşmənə doğru əzrail kimi gedirəm! Ölməzsəm, yalnız hərb xəttini deyil, düşmənin bağrını yarıb irəli yürüyəcəyəm!
Ə n v ə r. Haydı, qardaşım! Sol cinah davam etməyir. (Gedir toplar atılır.) Qorxmayın, qardaşlarım! (Komandalar, toplar.) Atın, atın! Ey mədəniyyət adi altında bütün dünyanı qara qüvvələrə tabe etmək istəyən əjdahalar, atın! O qara zəncirlərin altında ağ çöhrəli qara vicdanlı Qərb dayanmışsa, sənin də ardında zəngin çöhrəli, parlaq ürəkli gələcək, Şərq dayanmışdır! Haydı, atın! Sizdən zülm, bizdən mükafat! Ox, mərkəzdən birinci istehkamlar parçalandı. Əsgər davam edə bilməyir. Qorxmayın, qardaşlarım. Bir qədər də davam etsəniz, Ramiz soldan hücum xəttini yaracaq. Qorxmayın, qardaşlarım! Mərkəz üzüldü! Ox, toplar düzgün nişan almış, əsgər dönür. Partlayış! O qaranlıq dumanlar hilalın sərt işıqlarını pərdələyə bilməzlər! Aman Allah, əsgər pozuldu. (Qılıncı çəkib yüyürür.) Qorxmayın, qardaşlar! İrəliyə! (Toplar, səs-küy, çığırış-bağırış. Haris və ərəb daxıl olurlar.)
H a r i s. Sən harada idin?
Ə r ə b. Məni üzdülər, yıxıldım. Ölmüş bilib getdilər. Səni götürəndə mən gördüm. Qorxudan tərpənməyirdim. Sonra o hərbin gurultusundan qızıb səni bağladı, tüfəngi alıb irəliyə yüyürdü. Mən də kimsə olmadığını görüb gəldim səni açdım.
H a r i s. Kimsə yoxdur. Gəl, durma, yoxsa yenidən... (Gedirlər. Ənvər yaralı, Şəmsə və Xalid gəlirlər.)
Ə n v ə r. Yaradan qorxum yox. Düşmən qaçdı, mənə o bəsdir! Çıxarın məni oraya, hərbi seyr etmək istəyirəm.
X a l i d. Bəyim, əsgər üz çevirmişdir. Sizi görüb ürəkləndilər! Bir də Ramiz düşmənin arxasına keçib, topları susdurdu.
Ə n v ə r. Ramiz süngüsünü düşmənin ciyərgahına deyil, hərb allahını gözünə sapladı! Çıxarın məni oraya. (Çıxarırlar.)
R a m i z (girir). Bəy əfəndim, düşmən toplarını, silahlarını qoyub qaçdı! Ox, bəyim yaralandınızmı?
Ə n v ə r. Ramiz, sənin igidliyin mənə yaramı unutdurdu. Gəl, qardaş, üzündən öpüm! Düşmən göz açmağa fürsət tapmamalıdı. Düşməni təqib ilə Dərnəyə doğru yürüş ediləcək!
Ş ə m s ə. Əbdürrəhman sizlə gəlmədimi?
R a m i z. Qanlı qiyamətlər içində çarpışan gördüm. Ox, bəyim, dəmir vücudunuzu elə görməkdənsə, daha doğrusu, Türkiyə bağrında xəncərlər görməkdənsə, göz bəbəklərimdə şrapnellər partlayaydı!
Ə n v ə r. Ramiz! (Göyü göstərir.) Bax, görürsənmi? Bu hilal həmin düşmən toplarının dumanları altından tutqun, məhzun bir halda mənə baxıb, sanki ağlayırdı. İndi isə aydınlaşmış, şəfəqlərinin yüngül nəfəsilə, sanki yaralarını öpüb gülümsəyir. Dəmin çox alçaqda ağlayırdi, indi isə yüksəklərə qalxıb gülümsəyir! Ramiz, dünya üzərində bir nəfər belə türk qalırsa, onu dəminki hala düşməyə buraxmayıb, süngüsü əlində, bombalar, şrapnellər, qiyamətlər arasından qışqırmalıdır: Yüksəl, hılalım, yüksəl!
Pərdə düşür
DÖRDÜNCÜ PƏRDƏ
Trablis altında bitərəf bir xətt. Şəmsə və Əbdürrəhman.
Ə b d ü r r ə h m a n. Benqazi altında Ənvərə sui-qəsd edərkən, biz onu tutduq. Fürsət tapıb qaçdı. Oradan Dərnəyə hücum etdik, aldıq, sonra Trablisə yürüş edərkən, Ramiz həmin Şeyx Salehə hərəkət planı yetirmək, həm də Ulduzdan bir xəbər bilmək üçün, Trablisə göndərildi. Daha doğrusu, özü getdi. Çünki bizə bir xəbər gəlmişdir ki, yazıq Ulduzu öldürüblər. İndi neçə vaxtdır ki, nə Ulduzdan bir xəbər var, nə Ramizdən, nə də o yırtıcıdan. Nə öldü xəbərləri var, nə qaldi.
Ş ə m s ə. Mən Ulduzun ölüm xəbərini yenə Haris məlunun bir hiyləsi zənn edirəm. Amma, ola bilər. Ondan hər şey gözləmək mümkündür! İndi mən gedirəm. Şeyx Salehi görüb vəzifəmi qurtarandan sonra onları axtaracağam.
Ə b d ü r r ə h m a n. Şəmsə, ərəb qadınlarından düzəltdiyiniz könüllü dəstəsi ta Benqazi müharibəsindən bu günə kimi böyük igidliklər göstərmişdir. Xüsusən, siz özünüz neçə aydır ki, müharibə edirsiniz. Adi bir əsgərdən İzzət paşaya kimi əvvəlcə Ənvər, sonra Ramiz, ondan sonra sizi tərif edirlər. Bu igidliyiniz üçün hər kəs sizi sevir! Bu vəzifə isə hər şeydən ağırdır. Mənə tapşırmışlar ki, mümkün olursa, mən də sizinlə gedim.
Ş ə m s ə. Mənə kimsə “Gəl, Trablisə get" demədi. Mən özüm yalvarıb bu vəzifəni istədim. Bu yolun qorxulu olduğunu bilirəm. Xüsusən, Haris hələ Benqazidən əlimdən acıqlıdır. Orada atamın tərəfdarlarının qorxusundan mənə əl vura bilməzdi. İndi məni görsə, yəqin bir şey eylər. Ancaq bu saat da öləcəyimi bilsəm, yenə gedərəm! Çünki söz bir, Allah bir! Əgər o məni öldürə bilməsə, mən qardaşımın, Ramizin, Ulduzun intiqamını ondan alacağam. Gedirəm! Ya ona vərən Allah, ya mənə.
Ə b d ü r r ə h m a n. Şəmsə! Bu mənhus divarlar altında iki dəfə hücumumuz qırıldı. Nə isə bu divarlar arasına düşmən içinə sizi tək buraxmağa qorxuram. Qoyun mən də gedim.
Ş ə m s ə. Əbdürrəhman, Allah alnımıza nə yazıbsa, o da olacaq. Tutulsam, Haris üçün düşmən imzasıyla gəlmiş kağız məndədir. Harisin bacısıyam - deyib, onu versəm məni buraxarlar. Ancaq səni görsələr, şübhələnərlər. Fəqət təklikdə nə olacaqsa, olsun, qorxmuram. İslam yolunda kafirlərlə də çarpışmaqdan qorxuramsa, nəyə gərək olacağam!
Ə b d ü r r ə h m a n. Ox, Şəmsə! Kimin tək getməsinə razı oluramsa, sizin tək getmənizə razı ola bilmərəm.
Ş ə m s ə. Niyə?
Ə b d ü r r ə h m a n. Ox, niyə? Deyə bilmərəm, dilim söz tutmur. Allah, nə qədər çətin imiş bir ürəyin hissini olduğu kimi o birinə bildirmək... heç...
Ş ə m s ə. Artıq gedirəm.
Ə b d ü r r ə h m a n. Gediniz, ancaq ürəyimdə bir çox şeylər vardı, sizə demək istəyirdim. Ox, cəsarət etmərəm. Gediniz, fəqət yalnız olmayıb məhzun bir ürəyin də sizinlə olduğunu unutmayın!
Ş ə m s ə. Əbdürrəhman, gedirəm. Ancaq Allaha yalvarıram ki, bir də məni sizinlə görüşdürsün. Həm də qalib və müzəffər olaraq. Bir də sizi görmək istərdim!
Ə b d ü r r ə h m a n. Aman Allah, o da məni sevirmi?
Ş ə m s ə. Əbdürrəhman, sonra...
Ə b d ü r r ə h m a n. Ox, Şəmsə, get! Ancaq ürəyim. Ancaq ürəyimi yenə sizə deyə bilmirəm.
Ş ə m s ə. Əbdürrəhman, məni bəyəndiyinizimi söyləmək istəyirsiniz, deyilmi?
Ə b d ü r r ə h m a n. Ox, Şəmsə, bəyəndiyimi deyil, səni bütün varlığımla sevdiyimi...
Ş ə m s ə. Mən bunu Trablisdən görürdüm, bilirəm! Artıq, Allah amanında! (Gedir.)
Ə b d ü r r ə h m a n. Ox, aslan kimi igid, pələng kimi sərt, ərlər qədər mətin, fəqət yenə dilbər, yenə sevimli! (Gedir. Qarşı tərəfdə Haris.)
C i n n e r. Haris, necə bilirsiniz, şəhərə daxıl ola bilərlərmi?
H a r i s. Sormağa ehtiyacmı var? Qiyaməti Allahdan qabaq türklər paylasalar belə, yenə qırılacaqlar.
C i n n e r. Siz hələ gözləyin. İki dəfə məğlub olmuşlar, bu dəfə də olacaqlar. Amma bu dəfə taqətdən düşüb, silahlarını yerə tökəcəklər. O zaman aldıqları yerləri birər-birər yenidən təslim edəcəklər. Biz hər bir cəhətdən hazırıq. Əsgər lüzumdan çox qazmalarda, gəmilər yerində, birinci komandada türklərin üzərinə qurşun güllə deyil, cəhənnəm odu yağacaqdır. Hələ gözləyən iki yüz minə qədər əsgərdir.
H a r i s. Türklərdən mən heç qorxmayıram. Cəmi iyirmi min əsgərləri vardır. Onun da çoxu yollarda, müharibələrdə qırılıbdır. Sonradan onlara qoşulan bəzi ərəb əmirlərinin qüvvəsi ilə yenə iyirmi min ancaq ola bilərlər.
C i n n e r. Hər halda, qüvvələrini ehtimal ki, o tutulmuş əsir bilər.
H a r i s. Fəqət onu mənə təslim edəcəksiniz, deyilmi?
C i n n e r. Siz göstərdiniz, tutduq. Cəzasını sizə həvalə olunmasını istəyirsiniz, niyə vərməyək? Demişəm gətirsinlər. Burada dindirəcəyəm. Bəlkə şəhərdən hücum edilənə qədər, burada qaldım. Hər halda, sonra sizə təslim edərəm. Nə edəcəksiniz, özünüz bilərsiniz.
H a r i s. O, olduqca məlun bir adamdır. O, olmasaydı Benqazidə Ənvər öldürülmüşdü, bu qədər müharibə və məğlubiyyətlərimiz olmazdı. İzzət nə edəcəydi? Hərbi aparan Ənvərdir. Orada cəbhə xəttini yarıb arxamıza keçən və toplarımızı susduran da odur. Mən onun sevgilisini qaçırmışam. O mənim qanıma susayır. Bəlkə də buraya ardımca gəlmişdir. Fəqət mən ondan qabaq, onu öz sevgilisinin qabağında öldürmək istəyirəm.
C i n n e r. Bumudur, dediniz? O quldur dedikləri bumudur?
H a r i s. Budur! Nə qədər xəbisdir! Siz onu tanısaydınız!
C i n n e r. Buraya da topxana susdurmağa gəlibdir? Siz ki, onu cəzasız buraxmazsınız.
H a r i s. Bir dəqiqə də olsa aman vermərəm. Onun şərindən xilas olmaq üçün mən hər şeyə hazıram. (Kənara.) Öz dililə Ulduzu təhqir etdirəcəyəm. Ulduz əvvəl də ondan şübhəliydi. Sonra onun ölümünü görüb, istər-istəməz məni tutacaq. (Bərkdən.) Narahat olmayın, mən onunla elə cəlladanə rəftar edim ki, mən ona öylə əzablar törədim ki, nə yəhudilər İsaya, nə Firon Musaya, nə də Şəddad ibn Hərqə təbəələrinə eyləmiş olsunlar! Siz əmin olun!
C i n n e r. Odur, gətirirlər. Amma hərif nə qədər məğrurdur! Lakin azacıq təpinərsənsə, ayaqlarına yıxılacaq.
H a r i s. Gəlirmi? Aha, mən bir qədər gizlənim. Siz onu dindirəcəksiniz, deyilmi?
C i n n e r. Dindirib sözünü alandan sonra, təslim edərəm.
H a r i s. Çox gözəl! Mən gizlənim. (Gizlənir. Ramizi qolubağlı gətirilər.)
C i n n e r. Nə qədər də sərt, nə qədər də qəhrəmanlara yaraşar siması var! (Ramiz gəlir.) Sən türkmüsən?
R a m i z. Əvət!
C i n n e r. Suallarıma düz-doğru cavab verərsən? Doğru söylərsənsə, azad edərəm.
R a m i z. Mən bir əsgərəm.
C i n n e r. Nə demək istəyirsən?
R a m i z. Demək istəyirəm ki, mən bir türk əsgəriyəm. Turk əsgəri ölər, yalan danışmaz!
C i n n e r. Ha, ha! Türk hırzıslarına bu qədər nəzakət isnadından vicdanınız sıxılmayırmı?
R a m i z. Oh, canavar! Millətimin şərəfinə, gözlərimin bəbəklərinə təhqir çırpırlar da, cavaba müqəddir deyiləm. Mən rica edirəm, mənə sən deyil, siz kəlməsi ilə müraciət edəsiniz!
C i n n e r. Niyə? Sən kəlməsini özünə təhqirmi zənn edirsən?
R a m i z. İnsan görməyənlərə, insanla nə cür rəftar olmasını öyrətməyi özümə vəzifə bilirəm!
C i n n e r. Mənəmmi ədəbsiz!
R a m i z. Xeyir, sənin mühitin!
C i n n e r. Sus! Sən necə tərbiyəli olduğunu, içəri girib salam vermədiyindən və rütbədə səndən böyük bir adamı "siz" işlətməyə məcbur və təhqir etməyə çalışmağından gördüm!
R a m i z. Qolum açıq olsaydı, salam verərdim. Təhqir etməsəydin, təhqir olunmaz idin!
C i n n e r. Qolun açıq idi, əsgəri yumruqla vurub qaçmaq istəmişdin. Hər halda, bunları sonra danışarıq. Hələlik söylə, türk ordusu neçə mindir? Onlara deməmisənsə, bir türk əsgəri kimi mənə söylə?
R a m i z. Bilmirəm.
C i n n e r. Niyə?
R a m i z. Çünki mən onlardan çoxdan ayrılmışam.
C i n n e r. Türklər Dərnəni alanda orada idinmi?
R a m i z. Orada idim! O vaxt da ayrıldım.
C i n n e r. Nərəyə getdin?
R a m i z. Trablisə gəldim.
C i n n e r. Niyə gəldin?
R a m i z. Millətimin, vətənimin xeyrinə, düşmənlərə qarşı çalışmağa!
C i n n e r. Nə yollarla çalışırdın və çalışacaqdın?
R a m i z. Orası hərbi əsrar olduğu üçün, söyləmərəm.
C i n n e r. Eşitdim sən buraya öz sevgilinin ardınca gəlmisən.
R a m i z. O mənim xüsusi işimdir! Fəqət hərb işləri ümumən millətimə aid olduğu üçün, birinci planda qoymuşam.
C i n n e r. Dəmindən böylə insan kimi danışsaydın, ədəbsiz hərif! Yaxşı, sən türklərin şəhərə girəcəklərinə əminmisən?
R a m i z. Bütün inamımla!
C i n n e r. Nədən bilirsən?
R a m i z. Benqazi altında silahlarınızı buraxıb, dovşan kimi çöllərə dağılmağınızdan! İndi də bu qədər qüvvə ilə qorxaq tülkülər kimi yuvaya təpinmənizdən!
C i n n e r. Öylə isə, niyə türklər əvvəlcə Trablisdən qaçdılar?
R a m i z. Türklərin qüvvəsi az idi, daha doğrusu, aralarında sizi tanıyan yox idi.
C i n n e r. Sonradan qüvvə gəldimi?
R a m i z. Gəlməsə də, eybi yox idi.
C i n n e r. Niyə həmin qüvvə ilə müqabilə etdiniz?
R a m i z. Biz əvvəl qarşımızda başlı-ayaqlı bir düşmən olduğunu zənn edib, çəkildik, sonradan yatmışkən öldürtmək istədiyiniz Ənvər gəlib, qarşımızdakı bir düşmən deyil, ancaq və ancaq qadınlara səcdə edən və kamança çalmağı bacaran romalılar olduğunu anlatdı. Biz də müqabiləyə başladıq.
C i n n e r. Ona görə də düz köksündən həmən kamançılar tərəfindən bir yara aldı.
R a m i z. Xayır, Ənvər yaralanmadı! Ənvər igidliyinə qarşı hərb allahından mükafat olaraq bir medaliya aldı.
C i n n e r. Yetər artıq! Sənə dil uzunluğu göstərərəm!
R a m i z. O yersiz, onsuz da sizi tanıdıq!
C i n n er. Mədəniyyətdən uzaq sərsəri bir millətə o da azdır!
R a m i z. Mədəni bir millət düşməninə, tutduğu əsirə zəncir vurmaz.
C i n n e r. Yoxsa türkləri mədəniyyətdə də bizdən yuxarı bilirsən?
R a m i z. Türklər mədəni deyildilər, insandılar!
C i n n e r. Bəs biz?
R a m i z. Mütəməddin vəhşilər! Mütəməddin insan isə yer üzündə yoxdur.
C i n n e r. Ha, ha, ha! Dil pəhləvanları! Onlar bəs nə cürdürlər və nə cür olmalıdırlar?
R a m i z. Onlarda mübariz mübarizin İzzəti-nəfsini çamurlarda tapdamaz! Mübariz-mübarizi qolubağlı qarşısında saxlamaz! Mübariz mübarizinə qadın kimi gülməz. Fəqət siz dəmindən bəri qolubağlı bir adama tərbiyəsiz qadınlar kimi gülürsünüz. Kimsiniz siz? Mütəməddin vəhşilər! Əvət, tam mənasilə mütəməddin vəhşilər!
C i n n e r. Sus, alçaq! Sənin ancaq dilin uzundur. Ölümdən başqa heç bir şeyə layiq deyilsən. Al mükafatını!
R a m i z. Sənin kimi canavarların üzünü görməkdənsə, min dəfə ölümü görmək gözəldir!
C i n n e r. Al, iştə ölüm!
H a r i s (atılır). Dayanınız! Bəs mən? Mənə verdiyiniz söz?
C i n n e r. Mən də sizi çağırmağı işarə etdim. (Ramiz ürkür.) Aparın, bu məlunu cəzasına yetirin!
R a m i z. Siz kim olursanız özünüzə bir əsgər deyirsiniz. Azacıq o şərəfdən sizdə varsa, öldürün məni, bu iblisin əlinə verməyin!
C i n n e r. Son sözlərində ifrata varmasaydın əvvəlki cəsarətin üçün, namusum haqqı, səni diri saxlatdıracaq və sonra buraxdıracaqdım. İndi isə haydı! (Harisə.) Rədd et, onu mənim gözümdən!
H a r i s (Ramizə). Ya əmir, qorxmaym! Mən sizi öldürmərəm. Nə bilirsiniz ki, sizi azad etmək istəmirəm? Gedək.
R a m i z. Ox, iblis, çəkil! Xəbis heybətinlə mənə yavuqlaşma!
C i n n e r (əsgərlərə). Aparın onu!
R a m i z. İştə bu sizdəki əsgərlik, bu sizdəki təməddün, bu sizdəki insanlıq! Min dəfə göstərdiyinizi yenə təkrar etdiniz. Bir daha göstərdiniz ki, sizin mədəniyyətiniz təhqir, zəncir və yenə zəncirdən ibarətdir! (Gedir.)
C i n n e r. Ha, ha! Qəribə, türklər məğrurdurlar. Nə qədər də əsəbi! Nazik bir söz xəncərdən daha bedtər ona əsər edər. Mən onu sözlə öldürdüm. Onun da cavabları kəskin idisə, soyuqqanlığından daha yaman kəsirdi. Çox cəsarət almışlar. Hələ durun hücum etsinlər! Etməsələr də, biz hücum edəcəyik!
B i r n ə f ə r. Aşağı dərədə böyük bir dəstə silahlı ərəb görsənmiş!
C i n n e r. Hanki tərəfdə? (Gedirlər.)
Ş ə m s ə (çıxır). Ox, nə gözəl təsadüf! Onu da gördüm, dedim. Ramizi də təqib etməliyəm! (Gedir. Əbdürrəhman çıxır.)
Ə b d ü r r ə h m a n. Yenə bir xəbər çıxmadı. Əcəba, Şəmsə Şeyx Salehi tapmadımı? Yoxsa yolda tutdular! Odur işarət! Sarı fişəng. Allah, tutulmamış, sözünü demiş! (Geri qaçır, Ənvərin arxadan səsi gəlir.)
Ə n v ə r. İstiqamət, qarşıdakı qazmalar! Əsgər, hücum! Allah! (Əsgər səhnədən keçir, özü də əlində qılınc.) Haydı, qardaşlar, irəliyə! Allah! (Müxtəlif komandalar, toplar, tüfənglər...)
Pərdə düşür
BEŞİNCİ PƏRDƏ
Trablis. Şəhər meydançalarından biri. Səhnənin yarısı. Harisin odası.
H a r i s. Türklər şəhəri aldilar. O qədər xəbərsiz ki, çıxmağa da hazırlanmadıq. İtalyanlar da hərbi gəmilərə pənah aparıb, bütün Trablisi tərk etdilər. Gərək hələlik uzaq kəndlərdən birinə çəkilim. Hərçənd buranı cin, şəyatin də tapa bilməzsə, yenə ehtiyat lazım. Birdən tapdılar?! Ulduz birinci təhqirdən sonra Ramizi görməmiş. Onun peşman olduğunu güman edti. Bu dəfə də ondan təhqir eşidərsə, tamamilə çiyrinər, sonra məndən başqa kimə gedəcək? Atasının qorxusundan tək hara gedəcəkdir? Ramizdən qurtarmaq asandır. Hər halda Ramizi götürtdürüm... (Gedir. Küçədə Əbdürrəhman. Xalid.)
Ə b d ü r r ə h m a n. Ox, artıq yoruldum, əldən düşdüm. Kim bilir bu böyük şəhərdə hanki zirzəmidə gizlətmişlər. Bəlkə, doğrudan da, yazıqları öldürmüşlər?
X a l i d. Əvvəl özü çöllərə salır, sonra da tapılmaları üçün mükafat vəd edir. Əgər mənim də atam böylə olacaqdısa, yaxşı olub ki, uşaqlıqda itmişəm. Ailə yenə yadıma düşdü. Kim bilir, bəlkə indi mənim də anam, bacım sağdırlar, məni axtanrlar?
Ə b d ü r r ə h m a n. Onu da Ənvər məcbur etdi. Bilirmisən Ənvər Ramizi nə qədər sevir?! Nə qədər onu tapdırmağa çalışır. O gün İzzət paşa söz verdi ki, tapılsalar bağişlaram. İndi də hamıdan çox onların tapılmasına o çalışır.
X a l i d. İşsiz olanda gah öylə düşünür, gah o qədər də həlim olur. İndi sən gəl onu müharibə vaxti gör. Elə bil acıqlı aslandır. Gözlərinə baxanda adamın ürəyi əsir.
Ə b d ü r r ə h m a n. Onlar hər kəsə məlumdur. Ancaq Ramiz də bu müharibələrdə böyük ad, şöhrət qazandı. Doğrudan da, ona layiqdir!
X a l i d. O, bu dəfə ölümü qət etmişdir. İnsan da ölümü ki istədi, hər yerdə gözə çarpmaya bilməz! Atır özünü odun-alovun içinə, sonra kim deyə bilər ki, igid deyil?
Ə b d ü r r ə h m a n. Onsuz da çox igid və olduqca itidir! Çoxu da onun üçün İzzət paşa onları bağışladı. Ox, biz onları tapıb bağışlandıqlarını paşa burada ikən deyə bilsəydik, nə qədər hamimiz sevinərdik!
X a l i d. Ulduzu Ramizlə atasının yanında görsəydim, Allah, nə olardı?!
Ə b d ü r r ə h m a n. Hə, paşa gedəcək İstanbula. Çağrılıb, yeni teleqram gəlmiş, eşitdinmi? İstanbulda inqilab olmuş. İttihadi Tərəqqi komitəsi iş başından düşürülmüş, yerinə Kamal paşa sədr-əzəm olaraq Etila komitəsi keçmişdir.
X a l i d. Allah, indi biz bunları haradan tapaq? "Geri gedib tapmadıq" deməyə də utanacağıq. Çünki məğruranə, necə olsa onlardan bir xəbər gətirəcəyik, dedik. Vallah, mənə belə gəlir ki, Ramizsiz dünya heç nə!
Ə b d ü r r ə h m a n. Şəhər ərəblərindən bəzisi deyir ki, Haris bu tərəflərə gəlirdi. Ancaq harada, hanki yerdə olur, heç kəs müəyyən bil mir. Ancaq bu aralarda olur - deyirlər.
X a l i d. O, o qədər xəbisdir ki, yerini bir adama göstərərmi? Gedək, axtaraq.
Ə b d ü r r ə h m a n. Gedək! (Gedirlər. Haris girir. Ardinca ərəblər Ramizi qolubağlı gətirirlər.)
H a r i s. Ya əmir! Benqazidə məni öldürmədiniz. Onun üçün çox razıyam. Baxınız, indi sizin diriliyiniz mənim əlimdədir. Şəhər kimdə olsa təfavütü yoxdur. Bu yeri heç kəs tapa bilməz. Siz mənim əlimdəsiniz. İstəsəm bu dəqiqə sizi məhv edərəm. Ancaq qorxmayın, sizin yaxşılığınıza görə dəyməyəcəyəm. Ancaq bütün sözlərimə əməl etməlisiniz! O, mənim hərəmimdir. Tək sizdən qorxur. Bir də siz onu təhqir edib itələsəniz, həm özünüzü ölümdən, həm də onu əzabdan qurtararsınız. Ya əmir, eşidirmisiniz, dediyim kimi: - Sən xainsən, Harisi sevdin, qaçdın. Get, səni görmək istəmirəm! Böylə! İndicə mən Ulduzu buraya gətirəcəyəm. Eşidirmisiniz, olduqca ağır sözlərlə. Ya əmir, edəcəksiniz! (Sükutdan sonra) Ya əmir, yoxsa öldürüləcəksiniz! Eşidirmisiniz?
R a m i z. Ox şeytanlar müəllimi, ifritlər babası! Öldür məni! Niyə mənə əzab verirsən, öldür!
H a r i s. Ya əmir, sizi öldürmərəm. Siz Ulduzu sevirsiniz. Onun xoşbəxtliyi üçün əzabınıza razı olmazmısınız? Ya əmir, and olsun Allaha, dediklərimə bir-bir əməl etməsəniz, gözünüzün qabağında öldürərəm. İndi özünüz biliniz.
R a m i z. Sənin kimi bir xəbisin, alçaq canavarın əlində qalmaqdansa, bu dəqiqə ölməsi yaxşıdır. Artıq cana doydum, onu da öldür.
H ar i s. Ya əmir, artıq deyimli bir şey yoxdur, gedirəm! Ulduzu gətirəcəyəm. Onu da biliniz ki, onun hər bir hərəkəti sizin qorxunuzdan olacaq... Gələcək qorxunuzdan, yapma! İndi o mənim hərəmimdir. Əgər onu öldürsəm, onda günah yoxdur, sizin tərsliyinizdən və acığınızdan olacaqdır! Anladımzmı? İndi özünüz bilərsiniz. (Gedir.)
R a m i z. Allah, yaranmışlara böyük minnətlərlə verdiyin dirilik bundanmı ibarətdir? Bundan da bədtər halın yoxmu idi ki, məni salasan? Bundan da xəbis, bundan da rəzil bir məxluqatın yoxmu idi ki, məni düçar edəydin? Bundan da ağır, bundan da qara, bundan da paslı bir zəncirin yoxmu idi ki, qollarıma vuraydın? Ey insanları şəfqətli ana kimi qoynunda bəsləyib qızdıran günəş! Ey ildırımlar - bütün dünyanın yandırıcı qüvvəsi. Çevirin bütün şölənizi bədbəxt Ramizin başına tökün! Gücsüz bədəni qara küllərə çevrilincəyə, tökülüncəyə qədər yandırın! Ey cənubun qorxunc səmumları, bədbəxt Ramizin qara küllərini birər-birər ayrılıncaya qədər sovurun! Ey ruzigarın dəhşətli tufanları, yağışları, yağın! Bədbəxt Ramizin küllərini Atlas dənizinin dərin, qaranlıq diblərinə sürüyün ki, o qara küllər də bu rəzaləti görməsinlər! (Haris girir, ardinca Ulduz.)
U l d u z. Ax, Ramiz! (Ramizə tərəfə yüyürür.)
R a m i z. Ox, yazıq Ulduzum, bağışla məni...
Ulduz. Ah, Ramiz, Ramiz! Zəncir?! (Ağlayır, çarpayı üzərinə düşür.)
R a m i z. Yazıq Ulduzum! Ox, mən bədbəxt sənə nələr etmədim! (Bir dəqiqə sükut.)
Əbdürrəhman, Xalid çıxırlar küçeye.
Ə b d ü r r ə h m a n. Allah, yoxdurlar. Ancaq deyirlər ki, bu aralarda olmalıdırlar.
X a l i d. Dur-dur! O, Şəmsə deyilmi? İki nəfərlə keçdi.
Ə b d ü r r ə h m a n. Odur, odur, gəl! Allah, odur, gəl. (Gedirlər.)
H a r i s. Ya əmir! Allahın qüdrətinə, atamın sümüklərinə and olsun ki, burada dediklərimi eləməsəniz onu öldürəcəyəm! Mən Cinner kimi təhqir qəbul edən deyiləm!
R a m i z. Ox, yırtıcı, yetməzmi? Niyə durmusan? Ox, Ulduzum, mənəm bunlara müqəssir!
H a r i s. Daha bəsdir! Əl çəkdim... Mənə deyilsə, heç kəsə! Al bu sənin Ulduzun! (Boğazından tutur, boğarkən...)
U l d u z. Ramiz, bağışla məni!
R a m i z. Ox, ey qara zəncirlər! Vücudum didilincəyə qədər sizi dartacağam! Qırılmazsınız varlığımı parçalayın! (Zənciri qırır, Şəmsə daxıl olur.)
Ş ə m s ə. Ox, xəbis, al! (Tez bıçağı belindən sancır. Haris yıxılır. Əbdürrəhman, Xalid girirlər. Ulduz boğulur.)
H a r i s. Ax, öldüm!
Ş ə m s ə. Öl, hamının intiqamı...
R a m i z. Ox, Ulduzum, Ulduzum! (Üzərinə atılır.)
Ə b d ü r r ə h m a n. Ah, hamısı burada. Ox, Ulduz!
Ş ə m s ə. Diridir, su!
X a l i d. Ox, məlun! (Gedir su gətirməyə. Ulduz su içəndən sonra ayılır.)
U l d u z. Ah, Ramiz buradasan?
R a m i z. Qorxma, Ulduzum! Sən sevdiyinin qolları arasındasan. Sənə bu qədər əzab vərən o məlun rəzil itlər kimi cəzasına çatdi!
U l d u z. İlahi, şükür sənə! Şükür sənə, ey böyük Allah! (Ağlayır.)
Ə b d ü r r ə h m a n. Durun, sizi daha sevindirmək istəyirəm. İtalyanlar büsbütün Trablisi buraxıb qaçdılar. İzzət paşa Ənvərin vasitəçiliyi və Ramizin igidliyi üçün sizi bağışlamış! İkinizin də alnından öpmək üçün yanına çağırır.
U l d u z. Ah, Allah, nə qədər səadət! Şükür sənə, ya rəbbi! Gedək, Şəmsə, sən də bizimlə gedək!
Ş ə m s ə. Mən demişdim: zəfər islamın olarsa, Şəmsə də Əbdürrəhmanın olacaq! Budur zəfər islamda, Şəmsə isə Əbdürrəhmanla məhəbbət qoynunda! (Yaxınlaşır.)
R a m i z. Gedək! Fəqət səadət nə olduğunu indi bildim. Onu nə zəngin saraylarda, nə parlaq medallarda tapmaq mümkün deyildir. Səadət iki çırpınan ürəyin bir-birinə dartınarkən, bir məqsəd ardınca qoşurkən çəkilən əzablardır ki, nəticəsi şirin və əziz olacaqdır! Haydı, gedək! Sən də qal, iblis! Fəqət anla ki, hiyləyə qarşı haqq - mübariz olan kimi, zülmə qarşı da bir şey var ki, o da iştə - cəza! Gedək!
Pərdə düşür
Dostları ilə paylaş: |