TURIZMIN QLOBAL ETIK KODEKSI
Rus dilindən tərcümə Əli Cabbarov
Ümumdünya Turizm Təşkilatının (ÜTT) Baş Assambleyasının 1999-cu il oktyabrın 1-də Santyaqoda (Çili) keçirilmiş XXIII sessiyasında qəbul edilmişdir
MADDƏ 1.
TURİZMİN CƏMİYYƏT ÜZVLƏRİ ARASINDA QARŞILIQLI ANLAŞMA VƏ HÖRMƏTİN YARANMASINDA ROLU
1) Bəşəriyyətin ümumi fəlsəfi və əxlaqi dəyərləri ilə dini-mədəni dəyərlərinin müxtəlifliyini qəbul edib bunları hörmətlə qarşılamaq məsuliyyətli turizmin əsası və eyni zamanda məqsədidir. Turizmin inkişafında təsir gücünə malik olar tərəflər, yerli xalqın, milli azlıqların da daxil olduğu bütün insanların mədəni və sosial dəyərlərinə hörmətlə yanaşmalıdırlar.
2) Turizm fəaliyyəti gəlmə turizmi təşkil edən ölkənin xüsusiyyətləri və ənənələrinə, yerli adətlərə və qanunlara ahəngdar olaraq inkişaf etdirilməlidir.
3) Turist qəbul edən ölkənin insanları, peşəkar turizm işçiləri ölkəyə səyahət edən turistlərin həyat tərzlərinə, zövqlərinə, arzu və istəklərinə hörmət etməlidirlər. Turizm biznesində qonaqpərvərliyin praktiki və nəzəri cəhətdən tətbiqi nailiyyətləri öz qiymətini almalıdır.
4) Turist qəbul edən ölkənəin hakimiyyət orqanları turistlərin şəxsi və əmlak təhlükəsizliyini təmin etməlidir. Xarici turistlərin təhlükəsizliyinə xüsusi diqqət yetirilməlidir. Onlar öz tələbatlarının reallaşdırması üçün lazımi informasiya, xəbərdarlıqlarla, sığorta və yardımlarla təmin olunmalıdır. Turistlərə və turizm sənayesi işçilərinə qarşı yönəldilmiş hər cür hücum, təhlükə və hədələr, habelə, turizm avadanlıqlarının zor gücü ilə dağıdılması, mədəni və təbii irsin məhv olunması hərəkətləri milli qanunvericiliyə əsaslanarq cəzalandırılmalıdır.
5) Turistlər və qonaqlar yerli qanunvericiliyə zidd olan və yerli əhalidə təhqiramiz qəbul edilə biləcək hərəkətlərdən qaçınmalıdırlar.
6) Turistlər və qonaqlar gəldikləri ölkənin xüsusiyyətləri ilə vaxtında tanış olmalıdırlar. Turistlər özlərinə yad olan ölkədə onları gözləyən riskləri minimuma endirmək üçün lazımi nəticələr çıxarıb, müvafiq davranış nümayiş etdirməlidirlər.
MADDƏ 2.
TURİZM FƏRDİ VƏ KOLLEKTİV ÖZÜNÜİFADƏNİN
HƏRƏKƏTVERİCİSİ KİMİ
1) İstirahət, idman, təbii, mədəni zənginliklərlə tanışlıq xarakteri daşıyan turizm səyahətləri fərdi və kollektiv özünüifadənin mühüm vasitəsi kimi planlaşdırılıb, həyata keçirilməlidir. Turizm özünüinkişafın, təhsil və tərbiyənin, həmçinin insanlar və mədəniyyətlərarası dözümlülüyün əvəzolunmaz amilinə çevrilməlidir.
2) Turizm fəallığı qadın və kişi bərabərliyi, insan hüquqlarıına hörmətin, uşaqların, yaşlıların, fiziki cəhətdən qüsurlu, etnik azlıqların və yerli icmanın hüquq bərabərliyi əsasında təşkil olunmalıdır.
3) İnsanların, xüsusən uşaqların istənilən formada, ələxüsus cinsi yolla istismar olunması turizmin fundamental əsaslarına zidd olub, bilavasitə turizmin inkarı kimi qiymətləndirilib, beynəlxalq hüquqa müvafiq olaraq bütün ölkələrin qanunvericiliyinə zidd qəbul olunmalı, qanunu pozanın haradan gəlməsindən asılı olmayaraq, qanunu pozduğu ölkənin qanunvericiliyinə uyğun olaraq qeydsiz-şərtsiz cəzalandırılmalıdır.
4) Dini, sağlamlıq, tədris, mədəni, dil öyrənmə məqsədli səyahətlər turizmin faydalı növləri hesab olunmalı və təşviq olunmalıdırlar.
5) Turizm mübadiləsi, onun iqtisadi, sosial, mədəni faydalarını və gətirdiyi risklərin xüsusi tədris proqramlarına daxil olunması dəstəklənməlidir.
MADDƏ 3
TURİZM SABİT İNKİŞAF AMİLİ KİMİ
1) Turizmin inkişafına vəsait yatıran hər bir kəs nəzərəçarpan, fasiləsiz və stabil iqtisadi artıma nail olmaq, indiki və gələcək nəsillərin rifahı naminə ətraf mühitin qorunmasına çalışmalıdır.
2) Su və enerji mənbələri kimi nadir və xüsusi qiymətli ehtiyatların qorunub saxlanılması, habelə zərərli tullantıların azalması ilə nəticələnən turizm formaları regional və yerli hakimiyyət orqanları tərəfindən dəstəklənməlidir.
3) Məzuniyyətlər və məktəbli tətilləri zamanı turizm fəallığının ətraf mühitə olan təsirinin minimumlaşdırmaq və turizm sənayesinə və yerli iqtisadiyyata müsbət təsirini gücləndirmək məqsədilə turizm səyahətləri zaman və məkana görə bərabər paylanmalıdır.
4) Turizm infrastrukturu yaradılmalı, turizm fəaliyyəti bioloji müxtəliflik və təbii ekosistemin qorunması üçün proqramlaşdırılmalıdır. Peşəkar turizm biznesmenləri ekoloji məhdudiyyət çərçivəsindən, xüsusilə, daha çox həssas ərazilərin-bataqlıqların, qütb və yüksək dağlıq ərazilərin, sahil zolaqlarının, tropik meşələrin, səhraların təbii ehtiyatlarının formalaşması və tamamlanmasından kənara çıxmamalıdır.
5) Yerli əhaliyə və təbii irsə diqqəti cəlb edən təbii turizm növləri və ekoturizm növləri müasir turizmin xoş obrazını formalaşdırmaqda böyük məsuliyyət daşıyır.
MADDƏ 4.
TURİZM MƏDƏNİ İRSİN İSTİFADƏÇİSİ VƏ YARADICISIDIR
1) Turizm ehtiyatları bəşəriyyətin ümumi sərvətidir. Ərazidə məskunlaşmış insanlar turizm ehtiyatlarına qarşı münasibətdə xüsusi hüquqlara malik olub, müvafiq məsuliyyətlər də daşıyırlar.
2) Yeridilən turizm siyasəti və turizm fəaliyyətləri mədəni, arxeoloji və ədəbi mirasa hörmət bəslənilməsi və gələcək nəsillərə mühafizə olunaraq verilməsi istiqamətində aparılmalıdır. Turizm məqsədilə istifadə olunmaq üçün açıq olan abidələr, arxeoloji qazıntılar və tarixi yerlərə xüsusi diqqət yetirilməlidir. Özəl mülkiyyətə aid olan mədəni irs obyektlərinin, kolleksiyaların, muzeylərin və abidələrin turistlərin istifadəsinə verilməsi dəstəklənməlidir.
3) Mədəni obyektlərə turistlər tərəfindən həyata keçirilən səyahətlərdən əldə olunan gəlirlərin ən azından bir hissəsi bu obyektlərin mühafizə edilməsi, bərpa olunması və genişləndirilməsi üçün sərf olunmalıdır.
4) Turizm fəaliyyətləri mədəni adət-ənənələrin qorunması və yayılmasına yönəldilməli, heç bir vəchlə mədəniyyətin standartlaşdırılmıasna yol verilməməlidir.
MADDƏ 5.
TURİZM TURİST QƏBUL EDƏN ÖLKƏLƏRİN VƏ ONLARIN VƏTƏNDAŞLARININ RİFAHINI ARTIRAN BİR FƏALİYYƏT NÖVÜ KİMİ
1) Yerli əhali turizm fəaliyyətində iştirak etmək və turizmin iqtisadi, sosial və mədəni faydalarından yararlanmaq, turizm biznesində yaradılmış iş yerlərini tutmaq haqqına malikdir.
2) Turizm siyasəti, səyahətlər təşkil olunan rayonların əhalisinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edə biləcək istiqamətdə aparılmalıdır. Turizm infrastrukturu yerli iqtisadiyyata və sosial sferaya maksimum inteqrasiya olunmalı, yerli və xarici işçi qüvvəsindən əmək qabiliyyətləri eyni olduqda birincilər tərcih edilməlidir.
3) Əlverişsiz sahil zonaları, adalar, iqtisadi baxımdan yararsız olan ucqar kənd və dağlıq ərazilərdə turizmə rifah yaradan vasitə kimi diqqət yetirilməlidr.
4) Yerli tənzimləmə qanunları əsasında peşəkar turizm sahibkarları və sərmayədarlar həyata keçirmək istədikləri layihələrin ətraf mühitə təsirini öyrənən tədqiqatlar aparmalı, planları barədə yerli əhali ilə məsləhətləşməli, ola biləcək nəticələr barədə məlumatlar verməlidirlər.
MADDƏ 6.
TURİZM BİZNESİ SAHİBKARLARININ VƏZİFƏLƏRİ
1) Turizm biznesi sahibkarları turistlərə gələcəkləri yer, səyahətlərin şərtləri, dayanacaq yerləri, qonaqpərvərlik haqqında obyektiv və vicdanlı məlumatlar verməli, öz müştərilərinə razılaşdırılmış xidmətlər, onların qiymətləri və keyfiyyəti barədə zəmanət verməli, habelə turistin günahı olmadan müqavilənin pozulmasına görə maddi təzminat verməyə borcludur.
2) Turizm biznesi iştirakçıları müstəqil olaraq və yerli hakimiyyət orqanları ilə birlikdə turistlərin təhlükəsizliyi, arzuedilməyən hadisələrin baş verməməsi və onların sağlamlığının qorunmasına borcludurlar. Bu barədə yarana biləcək problemlərə görə maddi təzminat verilməlidir.
3) Turizm biznesi sahibkarları səyahətlər zamanı onlardan asılı olduğu dərəcədə turistlərin mədəni və dini ehtiyaclarının ödənilməsinə şərait yaratmalıdırlar.
4) Turist göndərən və qəbul edən ölkənin rəsmi hakimiyyət orqanları turizm təşkilatçıları ilə birlikdə turu təşkil edən firmanın iflas etməsi zamanı turistlərin öz ölkələrinə geri dönmələrinə zəmanət verməlidirlər.
5) Dövlətlər, onların xaricdəki təmsilçiləri öz vətəndaşlarına gedəcəkləri xarici ölkələrdə onları gözləyən çəinliklər və təhlükələr barəsində informasiya vermək hüququna və vəzifəsinə malikdirlər. Ancaq bu cür məlumatlandırma obyektivlikdən uzaq olmayıb, şişirdilməməli, destinasiya sahibi olan ölkələrin turizm sənayesinə və öz turizm operatorlarına zərər vurmamalıdır. Bunlara görə rəsmi şəxslər dünya ictimaiyyəti qarşısında məsuliyyətlərini dərk etməlidirlər. Turistlərə verilən tövsiyyələrin məzmunu rəsmi olaraq elan olunana qədər turist qəbul edən ölkənin yerli hakimiyyət orqanları və turizm biznesi təşkilatçıları ilə birgə müzakirə olunmalıdır. Bu qəbildən olan xəbərdarlıqlar və tövsiyyələr kəskin vəziyyət yarandığı rayonlara aid olunmalı, bu vəziyyətin yaxşılaşması ilə ləğv olunmalıdır.
6) Mətbuat, xüsusilə turizm üzrə ixtisaslaşmış mətbuat, habelə müasir elektron informasiya vasitələri turizm axınına təsir edəcək istənilən hadisə və situasiyalar haqda balanslı və inandırıcı informasiya verməlidir. Yeni informasiya vasitələri və kommersiya məqsədli elektron texnologiya cinsi əlaqə turizminə şərait yaratmamalıdır.
MADDƏ 7.
TURİZMDƏN İSTİFADƏ HÜQUQLARI
1)Turizmdən hər bir şəxsin istifadə etmək hüququ vardır. Yer kürəsinin ehtiyatları bütün əhaliyə bərabər səviyyədə məxsus olub, daha çox insanın milli və beynəlxalq turizmə cəlb olunması, vətəndaşların getdikcə artan asudə vaxt imkanlarından istifadə etməsinin ən yaxşı rolu kimi qiymətləndirilməlidir.
2) Turizmdə iştirak etmək hüququ istirahət və əyləncə hüququ, iş vaxtının mənalı olaraq məhdudlaşdırılması, haqqı ödənilən məzuniyyət əldə olunması haqda İnsan Hüquqları Bəyənnaməsində göstərilən hüquqların məntiqi davamıdır.
3) Adi səyahətləri, istirahət və əyləncələri tamamlayan sosial və qrup turizmi dövlət dəstyilə inkişaf etdirilməlidir.
4) Ailəvi, gənclik, tələbə, ahıl yaş hədli və fiziki qüsurlu insanların kütləvi turizmdə iştirakına şərait yaradılmalıdır.
MADDƏ 8
TURİZM SƏFƏRLƏRİNDƏ SƏRBƏSTLİK
1) İnsan Hüquqları Bəyənnaməsinin müddəalarına, beynəlxalq hüquqlara və milli qanunvericiliyə görə bu və ya digər ölkənin turistləri və qonaqları ölkə daxilində və bir ölkədən digər ölkəyə hərəkət etməkdə sərbəstdirlər. Nəqliyyat qovşaqlarına, mədəniyyət, əyləncə və digər yerlərə hərəkət etməyə lüzumsuz rəsmiyyətçilik və diskriminasiya (fərqli münasibət) ilə maneəçilik törədilməməlidir.
2) Turistlər və qonaqlar daxili və beynəlxalq rabitə vasitələrindən istifadə edə bilmək imkanına malik olmalı, yerli hakimiyyət orqanları nümayəndləri tərəfindən onlara kömək göstərilməlidir. Mövcud diplomatik konvensiyalara görə heç kimin turistləri gəldiyi ölkənin xarici təmsilçiləri ilə əlaqə yaratmasına maneəçilik törətməyə haqqı yoxdur.
3) Turistlərə səyahət etdikləri ölkələrdə özlərinə dair fərdi informasiyaların, xüsusilə elektron daşıyıcılarda mühafizə olunan məlumatların gizliliyinə zəmanət verilməlidir.
4) Sərhəd keçid məntəqələrində tətbiq olunan inzibati rəsmiyyətçiliklər, viza, tibbi və gömrük yoxlamaları beynəlxalq razılaşmalara əsaslanaraq maksimum dərəcədə sadələşdirilməlidir. Buna nail ola bilmək üçün isə ölkələr arasında tətbiq olunan razılaşmalar dəstəklənməlidir. Turizm biznesinin rəqabət qabiliyyətini aşağı salan vergi və rüsumlar tədricən ləğv olunmalı və ya onlara düzəlişlər edilməlidir.
MADDƏ 9
TURİZM SƏNAYESİ SAHİBKARLARI VƏ İŞLƏYƏNLƏRİNİN HÜQUQLARI
1) Turizm sektorunda muzdlu işçi və sahibkar kimi fəaliyyət göstərənlərin əsas hüquqları sektorun mövsümiliyi, dinamikası və beynəlxalq miqyaslı xarakteri də nəzərə alınmaqla yerli və milli inzibati hakimiyyət orqanları tərəfindən xüsusi diqqətlə zəmanət altına alınmalıdır.
2) Turizm sənayesinin ştatlı və ştatdankənar işçiləri özlərinin ilkin və sonrakı peşə hazırlıqları haqlarına və vəzifələrinə malikdirlər. Onlar adekvat şəkildə sosial cəhətdən müdafiə olunmalı, əmək şəraitləri maksimum dərəcədə təhlükəsiz olmalıdır. Mövsümi işçilərin ictimai vəziyyətlərinə və rifah halına xüsusi diqqətlər yetirilməlidir.
3) Lazımi keyfiyyətə və hazırlığa malik olan istənilən hüquqi və fiziki şəxsə milli qanunveiriciliyə uyğun olaraq turizm sahəsində peşəkar fəaliyyət göstərmək imkanları verilməlidir. Sahibkarlara və investorlara–xüsusən kiçik və orta səviyyəli biznesə minimum qanunvericilik və inzibati məhdudiyyətlər çərçivəsində turizm biznesi sahəsinə daxil olmaq imkanı yaradılmalıdır.
4) Turizm biznesi rəhbərliyi və istənilən səviyyəli işçilərin ümumdünya turizmin inkişafına yönəldilmiş hər cür təcrübə mübadiləsi alqışlanmalıdır. Milli qanunvericiliyə və beynəlxalq razılaşmalara əsasən belə təcrübə mübadilələrinin həyata keçirilməsinə şərait yaradılmalıdır.
5) Turizm sənayesində fəaliyyət göstərən transmilli şirkətlər turizm bazarını ələ keçirməməlidir. Bu şirkətlərin xüsusilə regional turizmin inkişafında iştirak etməsinə şərait yaradılmalıdır. Onlar süni olaraq yerli ictimaiyyətə yad olan müxtəlif sosial-mədəni modellərin implantasiya edilməsindən çəkinməlidirlər. Onlara verilən investisiya və işgüzar fəallıq imkanları müqabilində yerli inkişafda iştirak etməli, istər ölkədən valyuta çıxarılması, istərsə də həddən artıq idxalla məşğul olmaqla fəaliyyət göstərdikləri yerli iqtisadiyyata zərər vurmaqdan qaçınmalıdırlar.
6) Turist göndərən və qəbul edən ölkələrin sahibkarları arasında bərabər münasibətlər və əməkdaşlıq dayanıqlı turizmin inkişafına və gəlirlərin bərabər bölüşdürülməsinə kömək kimi qiymətləndirilməlidir.
Mənbə: А.П. Дурович, Н.И. Кабушкин, Т.М. Сергеева и др.
Организация туризма. Минск, Новое Знание, 2003. стр 495
Dostları ilə paylaş: |