Ara plan (perebivka) – hadisənin qısaldılması üçün istifadə edilən klassik üsuldur. Bu planların çəkilməsində məqsəd adi həyatda uzun müddət davam edən hər hansı hadisəni maksimal dərəcədə lakonik formada tamaşaçıya çatdırmaqdır. Məsələn, avtomobil bir məkandan çıxıb, digər məkana doğru hərəkət edir. Normalda bu proses 10, 15, 20 dəqiqə, hətta saatlarla davam edə bilər. Lakin biz bütün süjeti və ya bütün reportajı bu hadisəyə həsr edə bilmərik. Ən çox halda 5- 6 dəqiqə davam edəcək reportajda avtomobildən 15-20 saniyə görüntü vermək tələb
olunur. Bu zaman reportyor, montajçı və ya rejissor ara planlara əl atır. Öncə avtomobilin bir məkandan çıxdığını tamaşaçıya göstərməklə ümumi mənzərə yaradırıq. Daha sonra isə ara planlardan (sürücü, onun əlləri, gözləri, yaxud maşının iri planda təkəri, avtomobilin içərisində olan hər hansı detal və s.) istifadə edir, son olaraq isə avtomobilin lazımi nöqtəyə necə yaxınlaşdığını göstəririk.
Beləliklə, hər biri 3 saniyədən ibarət olan 5 və ya 6 plan göstərməklə biz, saatlarla davam edən hadisəni qısaldaraq 15-20 saniyəyə sığışdırmağı bacardıq. Eyni üsulla istənilən prosesi qısaldıb, efir variantına salmaq olar. Ara planlardan istifadə etməsək, başqa sözlə, avtomobilin bir nöqtədən çıxdığını və həmin anda digər nöqtəyə çatdığını tamaşaçıya göstərsək, bu, həm təsvirdə sıçrayışa səbəb olacaq, həm də hadisələrin işıq sürəti ilə bir – birini əvəz etməsi süjetə baxanlarda haqlı narazılıqlar yaradacaq. Odur ki, televiziyalarda ara planlarsız keçinmək
sadəcə mümkün deyil.
Məhz bu üzdən də, hadisə yerinə yollanan reportyor komandası çoxlu sayda ara planı çəkməyə çalışır. Ara plan nə qədər çox olarsa, bir o qədər maraqlı və zəngin reportaj ortaya qoymaq mümkündür. Ümumi normalara əsasən 1 dəqiqə 30 saniyəlik və ya 2 dəqiqəlik süjet üçün teleoperator əlbəttə ki, çəkiliş şəraiti, yaxud vaxt amili imkan verirsə, təxminən 60 ara planı çəkməlidir. Bura, alınan sinxron və ya stəndaplar daxil deyil. Yalnız ara planlar qeyd olunan sayda olmalıdır. Təbii ki, həmin planların heç də hamısı efir üçün yararlı olmayacaq. Hətta belə olan halda, reportyor çəkilən 60 plandan 40 ən yaxşısını seçməklə montaj prosesini uğurla başa vura bilər. Əks halda, teleoperator tənbəllik edərsə, seçim imkanı da az olacaq ki, bu da istər – istəməz reportajın keyfiyyətinə təsir göstərəcək.