IV bölmə
Hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzaların icrası
XVI fəsil
Hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın icrası
Maddə 132. Hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın icrası ilə əlaqədar hərbi hissə komandirinin (rəisinin) vəzifələri
132.1. Hərbi hissə komandiri (rəisi) məhkəmədən hökmün surətini və cəzanın icrası barədə göstərişi aldıqdan sonra üç gündən gec olmayan müddətə yazılı əmr verir. Əmrdə hökmə əsasən məhkum olunmuş hərbi qulluqçunun hansı əsaslara görə və hansı müddətə vəzifədə və ya rütbədə yüksəlməməsi və cəza müddətinin növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə daxil edilməməsi göstərilməlidir. Əmrdə həmçinin cəzanın icrası müddəti ərzində məhkumun pul təminatından dövlət nəfinə tutulmanın məbləği göstərilməlidir. Məhkum olunmuş hərbi qulluqçu əmrlə tanış edilir.
132.2. Hərbi hissə komandiri (rəisi) hökmün surətini və cəzanın icrası barədə göstərişi alması və hökmün icraya yönəldilməsi barədə hökmü çıxaran məhkəməyə dərhal məlumat verir.
Maddə 133. Məhkumların qazancından tutulmalar
Hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzaya məhkum olunmuş hərbi qulluqçuların qazancından məhkəmənin hökmü ilə müəyyən edilmiş məbləğdə dövlət nəfinə tutulmalar aparılır.
Maddə 134. Məhkumlarla tərbiyə işi
Hərbi hissə komandiri (rəisi) hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzaya məhkum olunmuş hərbi qulluqçularla tərbiyə işini törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, məhkumun şəxsiyyətini, davranışını, həmçinin hərbi xidmətə münasibətini nəzərə alaraq təşkil edir və həyata keçirir.
Maddə 135. Məhkumun xidməti yerdəyişmələri
135.1. Məhkəmənin hökmünə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzaya məhkum olunmuş hərbi qulluqçular məhkəmə tərəfindən müəyyən edilmiş cəzanın icrası müddətində vəzifədə və ya rütbədə yüksələ bilməzlər.
135.2. Əgər məhkum törədilmiş cinayətin xüsusiyyəti və digər hallar nəzərə alınmaqla tabeliyində olan şəxslərə rəhbərlik etməklə əlaqədar vəzifədə saxlanıla bilməzsə, o, müvafiq komandirin (rəisin) əmrinə və ya təqdimatına əsasən həmin hərbi hissədə, yaxud digər hərbi hissədə başqa vəzifəyə keçirilir. Bu halda hökmü çıxarmış məhkəməyə dərhal məlumat verilir.
Maddə 136. Cəzanın icrasının dayandırılması
Hərbi xidmət üzrə məhdudlaşdırmanın məhkəmə tərəfindən müəyyən olunmuş müddətinin qurtarmasına azı üç gün qalmış hərbi hissə komandiri (rəisi) cəzanın icrasının hansı tarixdən dayandırılması barədə əmr verir. Əmr hərbi qulluqçunun nəzərinə çatdırılır.
Maddə 137. Hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzaya məhkum olunmuş şəxsin hərbi xidmətdən tərxis olunması ilə əlaqədar cəza çəkməkdən azad edilməsi və ya cəzanın digər cəza növü ilə əvəz edilməsi
137.1. Hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzaya məhkum olunmuş şəxs hökmlə müəyyən edilmiş cəza müddətinin qurtarmasına qədər qanunvericilikdə nəzərdə tutulan əsaslarla hərbi xidmətdən tərxis oluna bilər.
137.2. Hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzaya məhkum olunmuş şəxsin hərbi xidmətdən tərxis olunması ilə əlaqədar hərbi hissənin komandiri (rəisi) cəzanın çəkilməmiş hissəsinin digər cəza növü ilə əvəz olunması üçün məhkəməyə təqdimat verir. Məhkum öz növbəsində cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər.
XVII fəsil
İntizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın icrası
Maddə 138. İntizam xarakterli hərbi hissələr
138.1. İntizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın icrası bu məqsədlər üçün yaradılmış hərbi hissənin komandiri tərəfindən həyata keçirilir. İntizam xarakterli hərbi hissənin təşkilat strukturu və onun say tərkibi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
138.2. İntizam xarakterli hərbi hissəyə məhkumların göndərilməsi və qəbulu qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
138.3. İntizam xarakterli hərbi hissədə saxlanılan məhkumlara ümumi təhsil və peşə hazırlığı kimi islah edilmə vasitəsi istisna olmaqla, bu Məcəllənin müddəalarına uyğun digər islah edilmə vasitələri tətbiq edilir və əlavə olaraq onlarla döyüş hazırlığı təlimi keçirilir.
Maddə 139. İntizam xarakterli hərbi hissədə rejim
139.1. İntizam xarakterli hərbi hissənin hüdudlarında məhkumların mühafizəsi, onlar üzərində nəzarəti təmin etmək vəzifələrini, onların hüquqlarının həyata keçirilməsini, intizam xarakterli hərbi hissədə xidmət keçən hərbi qulluqçuların və məhkumların təhlükəsizliyini təmin edən cəzanın icrası və çəkilməsi qaydaları (rejimi) müəyyən edilir.
139.2. Məhkum olunmuş hərbi qulluqçular intizam xarakterli hərbi hissədə müəyyən edilmiş rejimin tələblərinə riayət etməlidirlər.
139.3. İntizam xarakterli hərbi hissədə cəzanın icrası müddətində bütün məhkumlar hərbi rütbədən, əvvəlki xidmətin xüsusiyyətindən asılı olmayaraq hərbi qulluqçular üçün müəyyən edilmiş geyim forması daşıyırlar.
Maddə 140. İntizam xarakterli hərbi hissədə məhkumlara görüş verilməsi
140.1. İntizam xarakterli hərbi hissədə saxlama növündə cəzaya məhkum olunmuş hərbi qulluqçular qısa müddətli və uzun müddətli görüş, telefonla danışmaq hüququna malikdirlər.
140.2. Məhkumlara qohumları və başqa şəxslərlə qısa müddətli görüşlər intizam xarakterli hərbi hissənin komandiri tərəfindən müəyyən edilmiş günlərdə və saatlarda işdən və təlimdən sonrakı asudə vaxtda ayda iki dəfə dörd saatadək müddətə verilir. Görüşlər xüsusi təchiz olunmuş otaqda hərbi hissənin nümayəndəsinin iştirakı ilə verilir.
140.3. Məhkumlara yaxın qohumları ilə uzun müddətli görüşlər ildə dörd dəfə üç günədək müddətə birgə yaşamaq hüququ ilə intizam xarakterli hərbi hissənin xüsusi təchiz olunmuş otaqlarında və ya hərbi hissə komandirinin razılığına əsasən, hərbi hissədən kənarda verilə bilər.
140.4. Uzun müddətli görüş zamanı məhkumlar işdən və təlimdən azad edilirlər.
140.5. İntizam xarakterli hərbi hissədə saxlanılan məhkumlar bu Məcəllənin 84.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ayda iki dəfə telefonla danışmaq hüququna malikdirlər. Məhkumun xahişi ilə uzun müddətli və ya qısa müddətli görüş telefon danışığı ilə əvəz edilə bilər.
140.6. Hüquqi yardım almaq üçün məhkumların özlərinin, yaxın qohumlarının və ya onların qanuni nümayəndələrinin ərizəsinə əsasən məhkumlara vəkillərlə, həmçinin belə yardımı göstərmək hüququna malik olan digər şəxslərlə görüş verilir. Vəkillə görüşlər bu Məcəllənin 140.2 və 140.3-cü maddələrində nəzərdə tutulmuş görüşlərin sayına daxil edilmir. Belə görüşlər tərəflərin arzusu ilə təklikdə keçirilir.
Maddə 141. İntizam xarakterli hərbi hissədə məhkumların bağlama, sovqat, banderol və pul baratları alması
141.1. Məhkumlar ayda bir bağlama, sovqat və ya banderol və görüşlər zamanı əlavə olaraq sovqat almaq hüququna malikdirlər.
141.2. Məhkum bağlama, sovqat və ya banderolu intizam xarakterli hərbi hissənin nümayəndəsinin iştirakı ilə açır və içərisində olan malları götürür.
141.3. Bağlama, sovqat və ya banderollarda məhkuma qadağan olunan mallar aşkar edildikdə onlar götürülür, məhkumun şəxsi əşyalarının siyahısına qeyd edilir və cəzanın icrası müddətinin sonuna qədər başqa şəxsi əşyalarla birgə saxlanılır və ya intizam xarakterli hərbi hissənin komandirinin əsaslandırılmış qərarına əsasən məhv edilir və bu barədə müvafiq akt tərtib olunur.
141.4. Məhkumun adına göndərilmiş pullar onun şəxsi hesabına köçürülür və o həmin hesabdan ayda doqquz manatadək miqdarda vəsaitlə ərzaq məhsulları və zəruri mallar əldə edə bilər.
Maddə 142. İntizam xarakterli hərbi hissədə məhkumların yazışması
142.1. Məhkumlar məhdudiyyətsiz sayda məktub, teleqram almaq və göndərmək hüququna malikdirlər.
142.2. Daxil olmuş məktubu intizam xarakterli hərbi hissənin nümayəndəsi təqdim edir. Məhkum məktubu nümayəndənin iştirakı ilə açır. Məktubda qadağan olunmuş əşyalar aşkar edildikdə götürülür.
142.3. Məhkumların məktub və teleqramları senzuradan keçirilmir.
Maddə 143. Məhkumların intizam xarakterli hərbi hissədən kənara qısa müddətli səfəri
143.1. İntizam xarakterli hərbi hissədə saxlanılan məhkumlara bu Məcəllənin 89.1-ci maddəsində nəzərdə tutulmuş qaydada hərbi hissənin hüdudlarından kənara qısa müddətli səfərə getməyə icazə verilə bilər. Məhkumun qısa müddətli səfər ilə əlaqədar intizam xarakterli hərbi hissədən kənarda olması vaxtı cəzanın icrası müddətinə hesablanır.
143.2. Hərbi qulluqçular üçün nəzərdə tutulan məzuniyyətlər intizam xarakterli hərbi hissədə saxlanılan məhkumlara şamil edilmir.
Maddə 144. İntizam xarakterli hərbi hissədə məhkumların əməyi
144.1. Məhkumlar intizam xarakterli hərbi hissənin obyektlərində və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş digər obyektlərdə əməyə cəlb oluna bilərlər.
144.2. Məhkumların əməyi qanunvericilik ilə müəyyən olunmuş qaydalara riayət edilməklə təşkil olunur.
144.3. Məhkumlar tərəfindən yerinə yetirilən işlərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş norma və qiymətlər şamil edilir. Məhkumlara əmək haqqı verilmir.
144.4. Məhkumların əməyinə görə işəgötürən tərəfindən köçürülmüş məbləğin yarısı intizam xarakterli hərbi hissənin abadlaşdırılması, onun müstəqil istehsalat bazasının yaradılması və ya inkişaf etdirilməsi, məhkumların maddi-məişət ehtiyaclarının ödənilməsi və maddi mükafatlandırma fondunun təşkili üçün həmin hərbi hissənin hesabına, digər hissəsi isə dövlət nəfinə keçirilir.
144.5. Məhkumlar intizam xarakterli hərbi hissənin ərazisinin abadlaşdırılması, məhkumların mədəni-məişət şəraitinin yaxşılaşdırılması və onların ərzaqla təmin olunması üçün əlavə işlərə növbə ilə cəlb oluna bilərlər.
Maddə 145. İntizam xarakterli hərbi hissədə məhkumların döyüş hazırlığı təlimi
Məhkumların döyüş hazırlığı təlimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanmış xüsusi proqram əsasında təşkil edilir və intizam xarakterli hərbi hissənin komandiri tərəfindən həyata keçirilir. Məhkumların döyüş hazırlığı təliminin təşkili üçün zəruri maddi-texniki baza yaradılır.
Maddə 146. İntizam xarakterli hərbi hissədə məhkumlarla tərbiyə işi
146.1. Məhkumlarla tərbiyə işini intizam xarakterli hərbi hissənin komandiri təşkil edir və həyata keçirir.
146.2. Məhkumların əvvəllər hərbi xidmət keçdikləri hərbi hissələrin komandirləri intizam xarakterli hərbi hissənin komandiri ilə daim əlaqə saxlamağa, tabeçiliklərində olmuş hərbi qulluqçuların davranışı ilə maraqlanmağa və onların islah edilməsinə köməklik göstərməlidirlər.
146.3. Məhkumlarla tərbiyə işinin aparılmasında müvafiq icra hakimiyyəti orqanı intizam xarakterli hərbi hissənin komandirinə kömək edir.
Maddə 147. İntizam xarakterli hərbi hissədə məhkumların ictimai şuraları
147.1. Məhkumların islah edilməsi işində intizam xarakterli hərbi hissənin komandirinə kömək etmək məqsədi ilə nümunəvi davranışı, əməyə və hərbi xidmətə vicdanlı münasibəti ilə fərqlənən şəxslərdən məhkumların ictimai şurası yaradılır.
147.2. İctimai şuranın üzvləri məhkumların ümumi yığıncaqlarında seçilir və ictimai şuranın tərkibi intizam xarakterli hərbi hissənin komandiri tərəfindən təsdiq olunur. Həmin şuranın fəaliyyətinə nəzarət hərbi hissənin komandiri tərəfindən həyata keçirilir.
147.3. İctimai şura hərbi hissə komandirinə tərbiyə tədbirlərinin və məhkumların asudə vaxtının səmərəli keçməsinə köməklik edir, məhkumlarla fərdi izahat işi aparır.
Maddə 148. İntizam xarakterli hərbi hissədə məhkumlara tətbiq edilən həvəsləndirmə tədbirləri
148.0. Məhkumlara nümunəvi davranışa, əməyə və hərbi xidmətə vicdanla yaşamağa, ictimai şuranın işində fəal iştiraka görə aşağıdakı həvəsləndirmə tədbirləri tətbiq edilir:
148.0.1. təşəkkür elan etmək;
148.0.2. hədiyyə və ya dörd manatadək miqdarda pulla mükafatlandırmaq;
148.0.3. qısa müddətli və ya uzun müddətli əlavə görüş vermək;
148.0.4. verilmiş tənbehi vaxtından əvvəl götürmək;
Maddə 149. İntizam xarakterli hərbi hissədə məhkumlara tətbiq edilən tənbeh tədbirləri
149.1. Cəzanın icrası qaydalarını pozan məhkumlara aşağıdakı tənbeh tədbirləri tətbiq edilir:
149.1.1. məzəmmət;
149.1.2. töhmət;
149.1.3. şiddətli töhmət;
149.1.4. on günədək müddətə hauptvaxtda saxlamaq.
149.2. Məhkumlar intizam xarakterli hərbi hissənin hauptvaxtında birnəfərlik kameralarda saxlanılırlar.
Maddə 150. İntizam xarakterli hərbi hissədə məhkumlara həvəsləndirmə və tənbeh tədbirlərinin tətbiqi qaydası
Həvəsləndirmə və tənbeh tədbirlərinin verilməsi, onların tətbiqi qaydası, həmçinin qeydiyyatı üzrə komandirlərin (rəislərin) hüquqları Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin tələblərinə uyğun müəyyən edilir.
Maddə 151. İntizam xarakterli hərbi hissədə məhkumların maddi-məişət və tibbi təminatı
151.1. Məhkumlar üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin tələblərinə uyğun olaraq zəruri maddi-məişət şəraiti yaradılır.
151.2. Məhkumlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş normalar üzrə ərzaq, paltar və digər ləvazimatla təmin olunurlar.
151.3. Məhkumların tibbi təminatı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin tələblərinə uyğun həyata keçirilir.
151.4. Stasionar şəraitdə müalicəyə ehtiyacı olan məhkumlar mühafizə altında hospitala göndərilir və orada xüsusi təchiz olunmuş otaqlarda saxlanılırlar.
151.5. Məhkumlara verilən pul təminatı hər ay onların şəxsi hesablarına keçirilir.
151.6. Məhkumlara saxlamağa, nağdsız hesabla əldə etməyə və ya bağlamada, sovqatda, banderolda almağa icazə verilən ərzaq məhsullarının və ən zəruri malların siyahısı, habelə məhkumlara saxlanılması qadağan edilən əşyaların siyahısı intizam xarakterli hərbi hissənin daxili intizam qaydaları ilə müəyyən edilir.
Maddə 152. İntizam xarakterli hərbi hissədən hərbi qulluğa yararsız hesab edilmiş məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi
İntizam xarakterli hərbi hissədə saxlama növündə cəza çəkən məhkumlar hərbi xidmətə yararsız hesab edilməsinə səbəb olan xəstəliklərə düçar olduqda, məhkumlar və onların qanuni nümayəndəsi intizam xarakterli hərbi hissədən şərti olaraq vaxtından əvvəl azad edilməsi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilərlər.
Maddə 153. Hərbi qulluqçuların intizam xarakterli hərbi hissədə cəza çəkdikləri vaxtın müddətli həqiqi hərbi xidmət müddətinə hesablanması
153.1. Məhkumun intizam xarakterli hərbi hissədə cəza çəkdiyi vaxt müddətli həqiqi hərbi xidmət müddətinə hesablanmır.
153.2. İntizam xarakterli hərbi hissədə saxlama növündə cəzadan azad edilən vaxt həqiqi hərbi xidmətdə olmanın qanunla müəyyən olunmuş son yaş həddinə çatmış şəxslər həqiqi hərbi xidmətdən tərxis edilirlər.
V bölmə
Əlavə cəzaların icrası
XVIII fəsil
Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə, əmlak müsadirəsi və Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəzaların icrası
Maddə 154. Nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə növündə cəzanın icrası qaydası
154.1. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə barədə hökm qanuni qüvvəyə mindikdən sonra və ya bu Məcəllənin 154.3-cü maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru onun surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi məhkuma bu hüququ verən orqana göndərir.
154.2. Müvafiq orqan qanunvericiliklə müəyyən edilmiş qaydada məhkumun nəqliyyat vasitəsini idarəetmə hüququndan hökmlə müəyyən olunmuş müddətə məhrum edilməsi ilə əlaqədar nəqliyyat vasitəsini idarəetmə hüququnu verən sənədin saxlanılması üçün tədbirlər görür.
154.3. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza //çıxarılıb// intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərir.
154.4. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəzanı icra edən müəssisə və ya orqan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq bu cəzaya məhkum olunmuş əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi məhkumun mənsub olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycan Respublikasındakı diplomatik və konsulluq nümayəndəliklərinə və ya həmin dövlətə göndərməklə dərhal məlumat verir.
Maddə 155. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəzanın icrası zamanı işəgötürənin vəzifələri
155.1. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxsin işlədiyi yerin işəgötürəni məhkəmənin hökmündə göstərilən tələblərə riayət etməlidir.
155.2. Cəzanı icra edən müəssisə və ya orqan //çıxarılıb// intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalardan əlavə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etməyə məhkum olunmuş şəxsləri nəqliyyat vasitəsini idarəetmə ilə əlaqədar işlərdə istifadə edə bilməz.
Maddə 156. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəzanın icrası zamanı icra məmurunun vəzifələri
156.0. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxsin yaşadığı yerin icra məmuru;
156.0.1. məhkumun qeydiyyatını aparır;
156.0.2. məhkumun məhkəmənin hökmündə göstərilən tələblərə riayət etməsinə nəzarət edir;
156.0.3. hökmdə göstərilən tələblərin məhkumun işlədiyi yerin işəgötürəni tərəfindən yerinə yetirilməsini yoxlayır.
Maddə 157. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəzanın icrası müddətinin hesablanması
Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəzanın icrası müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada hesablanır.
Maddə 158. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə barədə hökmün icra edilməməsinin nəticələri
158.1. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs məhkəmənin hökmü ilə qadağan edilmiş nəqliyyat vasitəsini idarəetmə ilə əlaqədar işə girdikdə işəgötürən məhkumla əmək qanunvericiliyinə uyğun olaraq əmək müqaviləsinə xitam verir.
158.2. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs məhkəmənin hökmü ilə qadağan edilmiş nəqliyyat vasitəsini idarəetmə ilə əlaqədar əmək fəaliyyətilə məşğul olduqda, icra məmuru işəgötürənə məlumat verərək məhkumun hökmlə qadağan edilmiş müvafiq əmək fəaliyyətinə üç gün müddətinə xitam verilməsini təklif edir və onu hökmün icra edilməməsinin məsuliyyətə səbəb olması barədə xəbərdar edir.
158.3. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə barədə məhkəmə hökmünü qərəzli olaraq icra etməyən məhkum və ya vəzifəli şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyəti daşıyır.
Maddə 159. Xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə növündə cəzanın icrası qaydası
159.1. Xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə barədə hökm qanuni qüvvəyə mindikdən sonra hökmün surəti və müvafiq təqdimat məhkəmə tərəfindən xüsusi və ya hərbi rütbəni, fəxri adı və dövlət təltifini vermiş orqana göndərilir.
159.2. Müvafiq orqan müəyyən edilmiş qaydada məhkumun xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edilməsi haqqında müvafiq sənədlərə yazılı qeyd edir, habelə şəxsin xüsusi və ya hərbi rütbə, fəxri addan və dövlət təltifi ilə əlaqədar hüquq və güzəştlərdən məhrum edilməsinə dair tədbirlər görür.
159.3. Ehtiyatda olan hərbi qulluqçuya dair hökmün surəti onun qeydiyyatda olduğu hərbi komissarlığa göndərilir.
159.4. Hökmün surətini və təqdimatı alan müvafiq orqan bir ay ərzində hökmü çıxaran məhkəməyə onun icra edilməsi haqqında məlumat verir.
Maddə 160. Əmlak müsadirəsi növündə cəzanın icrası qaydası
160.1. Əmlak müsadirəsi barədə hökmü çıxarmış məhkəmə hökm qanuni qüvvəyə mindikdən sonra hökmün surətini, hökmün icrası barədə göstərişi və əmlakın siyahısının surətini icra məmuruna göndərir və bu barədə müvafiq maliyyə orqanına məlumat verir.
160.2. Əmlak müsadirəsi növündə cəzanın icrasını əmlakın olduğu yer üzrə icra məmuru həyata keçirir.
Maddə 161. Müsadirə edilən əmlak
161.1. Məhkəmənin hökmündə və əmlak siyahısında göstərilən aşağıdakı əmlak müsadirə edilir:
161.1.1. cinayət törədilərkən istifadə edilmiş alət və vasitələr;
161.1.2. cinayətin predmetləri;
161.1.3. cinayət yolu ilə əldə edilmiş əmlak;
161.1.4. cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində məhkuma məxsus olan pul və ya digər əmlak.
161.2. Məhkəmənin hökmü ilə müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir.
Maddə 162. Əmlak müsadirəsi növündə cəzanın icrası zamanı icra məmurunun vəzifələri
162.1. icra məmuru məhkəmə hökmünün surətini, hökmün icrası barədə göstərişi aldıqdan sonra dərhal əmlak siyahısında göstərilən əmlakın mövcudluğunu yoxlayır.
162.2. Müsadirə edilən əmlak plomblanır, yaxud möhürlənir, zəruri hallarda isə bu barədə siyahıda qeydlər edilir.
162.3. Müsadirə edilməli əmlakın saxlanılması üçün icra məmuru zəruri tədbirlər görür.
Maddə 163. Müsadirə edilməli əmlakla əlaqədar digər şəxslərin vəzifələri
163.1. Müsadirə edilməli əmlak müəssisə, idarə, təşkilat və ya vətəndaşlarda olarsa, onlar bu barədə məhkəməyə və ya müvafiq maliyyə orqanına xəbər verməlidirlər.
163.2. Müəssisə, idarə, təşkilat və ya vətəndaşlar onlara saxlanmaq üçün verilən müsadirə edilən əmlakın qorunub saxlanmasını təmin etməlidirlər.
163.3. Müsadirə edilən əmlakın gizlədilməsinə, israf edilməsinə, özgəninkiləşdirilməsinə və ya dəyişdirilməsinə görə təqsirli şəxslər qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunurlar.
Maddə 164. Müsadirə edilmiş əmlakın maliyyə orqanlarına verilməsi
164.1. Məhkumun müsadirə edilmiş əmlakı bu əmlak barəsində irəli sürülən bütün tələblər qanunvericilikdə müəyyən edilmiş qaydada təmin edildikdən sonra maliyyə orqanlarına verilir.
164.2. Müsadirə edilmiş əmlakın dövlət nəfinə verilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 165. Hökmün icrasından sonra aşkar edilmiş əmlakın müsadirəsi
Hökmün əmlakın müsadirə edilməsinə dair hissəsi icra edildikdən sonra, məhkumun törətdiyi cinayət ilə əlaqədar əldə edilmiş əmlak aşkar edildiyi hallarda, icra məmuruhökmü çıxaran məhkəməyə və ya hökmün icra edildiyi yerin məhkəməsinə təqdimat verir.
Maddə 166. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəzanın icrası qaydası
166.1. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda tətbiq edilir.
166.2. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzaya məhkum edilmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində təyin edilmiş əsas cəzanı icra edən orqan və ya müəssisə müəyyən edilmiş əsas cəza müddətinin bitməsinə iki ay qalmış, əsas cəza növü kimi cərimə cəzası təyin edildikdə isə cəzanın icraya yönəldilməsinə dair göstəriş daxil olduqdan dərhal sonra əlavə cəzanı icra edən orqana müvafiq hökmün surətini, məhkum, onun mənsub olduğu dövlət, cəzanın icrası (cəzanın çəkilmə yeri, məhkumun yerdəyişmələri, vaxtından əvvəl azad edilməsi və digər), cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi vəziyyəti barədə məlumatları təqdim edir.
166.3. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs əsas cəzasını çəkib qurtardığı və ya müəyyən olunmuş qaydada cəzadan azad olunduğu gün əsas cəzanı icra edən orqan və ya müəssisənin nümayəndəsinin müşayiəti ilə əlavə cəzanı icra edən orqana təhvil verilir.
166.4. Şəxsiyyətini təsdiq edən sənədi olmayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs əlavə cəzanı icra edən orqana əsas cəzanı icra edən orqan və ya müəssisə tərəfindən təqdim olunan azadetmə haqqında fotoşəkilli arayış əsasında təhvil verilir.
166.5. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzaya məhkum edilmiş şəxsin şəxsiyyətinin dəqiqləşdirilməsinə ehtiyac yarandıqda, əsas cəzanı icra edən müəssisə və ya orqan tərəfindən verilən məlumat əsasında əlavə cəzanı icra edən orqan Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq tədbirlər görür.
166.6. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzaya məhkum olunmuş şəxslər 48 saat ərzində Azərbaycan Respublikasının ərazisindən çıxarılmalıdır. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzasının tətbiqi ilə bağlı sənədləşmə yubandıqda və ya çıxarılma haqqında qərarın vaxtında icrasına mane olan digər üzrlü səbəb olduqda şəxsin saxlandığı yer üzrə birinci instansiya məhkəməsi həmin cəzanı icra edən orqanın əsaslandırılmış təqdimatı əsasında çıxarılma müddətinin uzadılması məsələsinə baxır.
166.7. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzasının icrasından yayınmaqla hökmün icrasından boyun qaçırdıqda və ya belə boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsas olduqda, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulan qaydada tutulur və hökmün icrası təmin edilir.
166.8. Bu Məcəllənin 166.7-ci maddəsində göstərilən şəxslər məhkəmənin qərarı ilə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən olunmuş qaydada və müddətdə müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların saxlanılması mərkəzlərinə yerləşdirilirlər.
166.9. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılan şəxs barədə cəzanı icra edən orqan tərəfindən müvafiq icra hakimiyyəti orqanına əvvəlcədən yazılı məlumatlar göndərilir. Məhkum Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılarkən, Azərbaycan Respublikasının sərhəd nəzarət məntəqələrinədək cəzanı icra edən orqanın əməkdaşları tərəfindən müşayiət olunur və dövlət sərhədinin buraxılış məntəqələrində müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarına təhvil verilir.
166.10. Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma xərclərini məhkumun özü və ya onun mənsub olduğu dövlətin diplomatik və konsulluq nümayəndəlikləri ödəyirlər. Göstərilən qaydada ödəmənin mümkün olmadığı hallarda məhkumun Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma xərclərini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ödəyir.
166.11. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzasının tətbiqindən irəli gələn digər məsələlər bu Məcəllədə nəzərdə tutulan müddəalara zidd olmamaq şərti ilə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq həll edilir.
Dostları ilə paylaş: |