Ümumi hissə I bölmə Cəzaların İcrası qanunvericiliyinin əsas müddəaları


XII fəsil   Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərİn əməyi



Yüklə 0,66 Mb.
səhifə4/7
tarix07.04.2017
ölçüsü0,66 Mb.
#13564
1   2   3   4   5   6   7

XII fəsil

 

Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərİn əməyi, ilk peşə-ixtisas təhsili və peşə hazırlığı

 

Maddə 95. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərin əməyə cəlb edilməsi



 

95.1. Hər bir məhkum cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən müəyyən edilmiş yerdə və işlərdə əmək fəaliyyəti ilə məşğul olmalıdır. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkumların cinsini, yaşını, əmək qabiliyyətini, sağlamlığını, imkan daxilində ixtisaslarını nəzərə alaraq, onları faydalı əməyə cəlb etməlidirlər. Məhkumlar bir qayda olaraq cəzaçəkmə müəssisələrinin istehsalat sahələrində, bu müəssisələrin normal fəaliyyətinin təmin olunması üçün nəzərdə tutulmuş təsərrüfat və məişət işlərində, habeləcəzaçəkmə müəssisələrindən kənar digər istehsalat obyektlərində müəyyən olunmuş qaydada mühafizə və təcrid olunmaqla əməyə cəlb olunurlar. Məhkumlar cəzaçəkmə müəssisəsində müdiriyyətin icazəsi ilə fərdi əməklə məşğul ola bilərlər. Cəzaçəkmə müəssisələrində təsərrüfat və məişət işlərinə cəlb edilmiş məhkumların sayı müəssisədə cəza çəkməsi nəzərdə tutulan məhkumların sayının on faizindən çox ola bilməz. Məhkumların əməyindən istifadə edilməsinə icazə verilməyən işlərin siyahısı cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilir.

95.2. Altmış yaşından yuxarı kişi, əlli beş yaşından yuxarı qadın məhkumlara, birinci və ikinci qrup əlilliyi, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu olan məhkumlara, hamiləliyi dörd aydan çox olan və ya cəzaçəkmə müəssisələri nəzdindəki uşaq evlərində uşaqları olan qadın məhkumlara könüllülük əsasında işləməyə icazə verilir. Yetkinlik yaşına çatmayan məhkumlar əmək qanunvericiliyinə uyğun işə cəlb edilirlər.

95.3. Həbsxanada cəza çəkən məhkumların əməyi ancaq həbsxana ərazisində təşkil olunur.

95.4. Məhkumların əməyindən istifadə edilməsi, qadağan olunan işlərin və vəzifələrin siyahısı cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilir.

95.5. Məhkumların istehsalat fəaliyyəti cəzaçəkmə müəssisələrinin əsas vəzifəsinə, yəni məhkumların islah edilməsinə mane olmamalıdır.

95.6. Məhkumlara əmək mübahisələrinin həlli üçün əmək fəaliyyətini dayandırmaq və tətil etmək qadağan edilir. Üzrsüz səbəbdən əməkdən imtina edilməsi və ya əmək fəaliyyətinin dayandırılması cəzanın icrası qaydalarının pozulması sayılır və məhkuma tənbeh tədbirlərinin tətbiq edilməsinə və ya onların maddi məsuliyyətə cəlb olunmasına səbəb olur.

 

Maddə 96. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərin əmək şəraiti



 

96.1. Məhkumların iş vaxtının müddəti, əməyin mühafizəsi və istehsalat sanitariyası qaydaları əmək qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.

96.2. Məhkumlara istirahət günləri verilir və onlar əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündə işdən azad edilirlər.

96.3. Məhkumların gördükləri işin xüsusiyyətini nəzərə alaraq, tərbiyə müəssisələri istisna olmaqla, iş vaxtının cəmləşdirilmiş uçotuna yol verilir. Uçot dövründə iş vaxtının müddəti qanunla müəyyən edilmiş gündəlik iş vaxtı müddətindən çox olmamalıdır.

96.4. Məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt ümumi əmək stajına daxil edilir. Əmək stajının hesablanması təqvim ilinin yekununa əsasən, cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən aparılır. Ardıcıl olaraq əmək vəzifələrini yerinə yetirməyən, yaxud digər hallarda işdən boyun qaçıran məhkumların müvafiq dövrdəki iş vaxtları cəzaçəkmə müəssisəsinin müdiriyyətinin təqdimatına əsasən məhkəmənin qərarı ilə onların ümumi əmək stajından çıxarıla bilər.

96.5. Əmək fəaliyyəti ilə məşğul olan məhkumlar hər il əmək qanunvericiliyi ilə müəyyən edilmiş ödənişli məzuniyyətdən istifadə hüququna malikdirlər. Məzuniyyətdən istifadə vaxtı cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara qısa müddətli səfər etmək qaydası bu Məcəllənin 89.4-cü maddəsi ilə müəyyən olunur.

96.6. Məhkum qadınlar hamiləliyə və doğuşa görə qanunvericilikdə müəyyən edilmiş müddətə işdən azad edilirlər.

96.7. İş normalarını artıqlaması ilə yerinə yetirən və ya müəyyən edilmiş tapşırıqları nümunəvi yerinə yetirən məhkumlara əmək qanunvericiliyində nəzərdə tutulmuş əlavə məzuniyyət verilə bilər.

 

Maddə 97. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərin əməyinin ödənilməsi



 

97.1. Məhkumlar əmək qanunvericiliyinə uyğun olaraq əməyin ödənilməsi hüququna malikdirlər.

97.2. İş vaxtının normasını tam işləmiş və öz əmək vəzifələrini yerinə yetirmiş məhkumların aylıq əmək haqqının məbləği əməyin ödənilməsinin müəyyən olunmuş minimum miqdarından az olmamalıdır.

97.3. Natamam iş vaxtına görə əməyin ödənilməsi işlənmiş vaxta mütənasib və ya istehsaldan asılı olaraq həyata keçirilir.

97.4. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin əmək haqqının ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 98. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərin haqqı ödənilməyən işlərə cəlb edilməsi



 

98.1. Məhkumlar mühafizə qurğuları istisna olmaqla, cəzaçəkmə müəssisələrinin və onların ərazisinin abadlaşdırılması, məhkumların mədəni-məişət şəraitinin yaxşılaşdırılması üçün köməkçi işlərə haqqı ödənilmədən cəlb edilə bilərlər.

98.2. Bu Məcəllənin 98.1-ci maddəsində göstərilən işlərə məhkumlar, bir qayda olaraq növbə ilə işdən azad vaxtlarda cəlb edilirlər. Belə işlərin müddəti ay ərzində səkkiz saatdan çox ola bilməz.

98.3. Məhkumlar mühafizə qurğularının bərpasına yalnız təbii fəlakət, yaxud digər fövqəladə hallar nəticəsində bu qurğulara zərər vurulduqda və ya onlar dağıldıqda haqqı ödənilmədən cəlb edilə bilərlər.

 

Maddə 99. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərin qazancından tutulmalar



 

99.1. Cəzaçəkmə müəssisələrində və həbsxanalarda məhkumların qazancından, pensiyalarından və digər gəlirlərindən tutulmalar aparılır.

99.2. Məhkumların əməkhaqqından gəlir vergisi, Dövlət Sosial Müdafiə Fonduna ayırmalar və digər məcburi ödənişlər tutulur. İcra vərəqəsinə və başqa icra sənədlərinə görə tutulmalar qalan məbləğdən qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır. Yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment məhkumun qazancının bütün məbləğindən hesablanır.

99.3. Cəzaçəkmə müəssisələrində və həbsxanalarda məhkumların şəxsi hesabına, bütün tutulmalı məbləğlərdən asılı olmayaraq onlara hesablanmış aylıq əmək haqqının, pensiyanın və digər gəlirlərin ən azı əlli faizi, altmış yaşından yuxarı kişi, əlli beş yaşından yuxarı qadın məhkumların, birinci və ikinci qrup əlilliyi olan məhkumların, yetkinlik yaşına çatmayanların və ya hamilə, cəzaçəkmə müəssisələri nəzdindəki uşaq evlərində uşaqları olan məhkum qadınların şəxsi hesabına isə aylıq əmək haqqının, pensiyanın və digər gəlirlərin ən azı altmış faizi keçirilir.

99.4. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərə, habelə bu Məcəlləyə uyğun olaraq cəzaçəkmə müəssisəsindən kənarda yaşamağa icazə verilmiş məhkum qadınlara tutulmalı bütün məbləğlərdən asılı olmayaraq ümumi gəlirin ən azı altmış beş faizi verilir.

 

Maddə 100. Müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin ilk peşə-ixtisas təhsili və peşə hazırlığı



 

100.1. Peşəsi və ya ixtisası olmayan məhkumlar üçün cəzaçəkmə müəssisələrində ilk peşə-ixtisas təhsili və ya peşə hazırlığı həyata keçirilir.

100.2. Hamilə və ya cəzaçəkmə müəssisələri nəzdindəki uşaq evlərində uşaqları olan məhkum qadınlar, altmış yaşından yuxarı kişi və əlli beş yaşından yuxarı qadın məhkumlar, birinci və ikinci qrup əlilliyi, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu olan məhkumlar ilk peşə-ixtisas təhsilinə və ya peşə hazırlığına öz arzularına görə cəlb edilirlər.

100.3. Tərbiyə müəssisələrində ilk peşə-ixtisas təhsili və ya peşə hazırlığı məhkumların iş günü müddəti ərzində həyata keçirilir.

100.4. Cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar ilk peşə-ixtisas təhsili üzrə imtahan vermək üçün əmək qanunvericiliyində nəzərdə tutulmuş müddətə işdən azad edilirlər. Bu müddət üçün onlara əmək haqqı hesablanmır, lakin yemək pulsuz verilir.

100.5. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların ilk peşə-ixtisas təhsili üzrə imtahan verməsi dövründə onların maddi təminatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qayda və şərtlərlə həyata keçirilir.

100.6. Məhkumların ilk peşə-ixtisas təhsili və ya peşə hazırlığı həvəsləndirilir və onların islah edilməsi müəyyən edilərkən nəzərə alınır.

100.7. ilk peşə-ixtisas təhsili və ya peşə hazırlığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

100.8. ləğv edilmişdir.

 

XIII fəsil

 

Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərlə tərbiyə işi

 

Maddə 101. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərlə tərbiyə işinin təşkili



 

101.1. Məhkumlarla tərbiyə işi onların ictimai faydalı əməklə məşğul olmasına, əməyə vicdanlı münasibətə və cəmiyyətdə qəbul edilmiş davranış normalarına riayət edilməsinin, təhsil və mədəniyyət səviyyəsinin artırılmasının formalaşdırılmasına və möhkəmləndirilməsinə yönəldilir.

101.2. Tərbiyə tədbirlərində məhkumların iştirakı onların islah edilməsi müəyyənləşdirilərkən, habelə həvəsləndirmə və tənbeh tədbirlərinin tətbiqi zamanı nəzərə alınır.

101.3. Məhkumların məcburi olan tərbiyə tədbirlərində iştirakı cəzaçəkmə müəssisəsinin gün bölgüsündə nəzərdə tutula bilər.

101.4. Məhkumlarla tərbiyə işi onların şəxsiyyətinin fərdi xüsusiyyətləri, xarakteri və törətdikləri cinayətin səbəbləri nəzərə alınmaqla həyata keçirilir.

101.5. Məhkumlarla tərbiyə işinin təşkili üçün cəzaçəkmə müəssisələrində zəruri maddi-texniki baza yaradılır.

 

Maddə 102. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərlə tərbiyə işinin əsas formaları



 

102.1. Məhkumların islah edilməsi məqsədi ilə cəzaçəkmə müəssisələrində əxlaqı, hüquqi, əmək, fiziki və başqa tərbiyə tədbirləri həyata keçirilir.

102.2. Məhkumlarla tərbiyə işi pedaqoji və psixoloji üsullara əsasən cəzaçəkmə müəssisəsinin növü, cəzanın müddəti, fərdi, qrup və kütləvi şəkildə saxlanma şərtləri nəzərə alınmaqla, fərqləndirilmiş qaydada aparılır.

102.3. Məhkumlarla tərbiyə işi aparılarkən kütləvi informasiya vasitələrindən, o cümlədən radio və televiziyadan, kinofilmlərə baxışdan istifadə edilir, kitabxanalar təşkil edilir.



102.4. Tənbeh tədbiri qismində intizam və cərimə təcridxanalarına, birnəfərlik kameralara, kamera tipli otaqlara, həbsxanalarda ciddi saxlanma şəraitinə, habelə bu məcəllənin 70.4.3-cü maddəsinə əsasən həbsxanaya keçirilmiş məhkumlara televiziya verilişlərinə baxmağa icazə verilmir.

 

Maddə 103. Cəzaçəkmə müəssisələrində məhkumların özfəaliyyət təşkilatları



 

103.1. Cəzaçəkmə müəssisələrində, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, digər məhkumların bu müəssisələrin müdiriyyətinin nəzarəti altında fəaliyyət göstərən özfəaliyyət təşkilatları yaradılır.

103.2. Özfəaliyyət təşkilatlarının fəaliyyətində məhkumların iştirakı həvəsləndirilir və onların islah edilməsi müəyyənləşdirilərkən nəzərə alınır.

103.3. Özfəaliyyət təşkilatlarının əsas məqsədi aşağıdakılardır:

103.3.1. məhkumların islah edilməsinə, tərbiyəsinə, onların mənəvi və fiziki inkişafına köməklik göstərmək;

103.3.2. məhkumlarda müsbət vərdişləri inkişaf etdirmək və onların faydalı təşəbbüskarlığını həvəsləndirmək;

103.3.3. cəzaçəkmə müəssisəsində əməyin, məişət şəraitinin və asudə vaxtın səmərəli keçməsinin təşkili məsələlərinin həllində iştirak etmək;

103.3.4. məhkumlar arasında intizamı möhkəmləndirmək və onların bir-birinə qarşılıqlı müsbət münasibətlərini formalaşdırmaq;

103.3.5. məhkumlara və onların ailələrinə yardım göstərmək.

103.4. Özfəaliyyət təşkilatlarının üzvlərinə əlavə güzəştlər verilmir və onlar istehsalatda əsas işdən azad edilmirlər.

103.5. Məhkumların özfəaliyyət təşkilatlarının yaradılması və onların fəaliyyət qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 104. Müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin ümumi təhsili



 

104.1. Cəzaçəkmə müəssisələrində məhkumların ümumi təhsili həyata keçirilir. Yaşı qırxdan çox olan məhkumlar, birinci və ikinci qrup əlilliyi, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu olan məhkumlar ümumi //çıxarılıb// təhsilə öz arzularına görə cəlb edilirlər.

104.2. Məhkumların ümumi təhsili həvəsləndirilir və onların islah edilməsi müəyyənləşdirilərkən nəzərə alınır.

104.3. Əmək qanunvericiliyinə uyğun olaraq ümumi təhsil alan məhkumlar imtahan vermək üçün işdən azad edilirlər.

104.4. Cəzaçəkmə müəssisələrinin nəzdindəki ümumi təhsil müəssisələrinin pedaqoji kollektivi tərbiyə işinin aparılmasında cəzaçəkmə müəssisələrinin müdiriyyətinə köməklik edir.

104.5. Müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin ümumi təhsili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

104.6. Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər ümumi təhsilə cəlb olunmurlar. Onların öz-özünə təhsil alması üçün cəzanın icrası və çəkilməsi qaydasına və şərtlərinə zidd olmayan şərait yaradılır.

 

Maddə 105. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərlə tətbiq edilən həvəsləndirmə tədbirləri



 

105.1. Nümunəvi davranışa, əməyə və təhsilə vicdanlı münasibətə, özfəaliyyət təşkilatlarında və tərbiyə tədbirlərində fəal iştirakına görə məhkumlara aşağıdakı həvəsləndirmə tədbirləri tətbiq edilə bilər:

105.1.1. təşəkkür elan etmək;

105.1.2. hədiyyə ilə mükafatlandırmaq;

105.1.3. dörd manatadək miqdarda pulla mükafatlandırmaq;

105.1.4. əlavə sovqat, bağlama və ya banderol almağa icazə vermək;

105.1.5. əlavə telefon danışığına icazə vermək;

105.1.6. əlavə qısa müddətli və ya uzun müddətli görüşə icazə vermək;

105.1.7. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün on beş manatadək miqdarda əlavə pul xərcləməyə icazə vermək;

105.1.8. verilmiş tənbehi vaxtından əvvəl götürmək;

105.1.9. saxlanılma şəraitini yaxşılaşdırmaq;

105.1.10. xüsusi rejimli cəzaçəkmə müəssisələrində saxlanılan və cəza müddətinin ən azı üçdə birini çəkmiş məhkumları kamera tipli otaqlardan adi yaşayış binalarına keçirmək;



105.1.11. xüsusi rejimli cəzaçəkmə müəssisəsində və həbsxanada kameralarda saxlanılan məhkumlara bir ay ərzində bir saatadək əlavə gəzintiyə icazə vermək.

105.2. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlara istirahət və bayram günlərinin məntəqə tipli cəzaçəkmə müəssisəsinin ərazisindən kənarda keçirilməsinə icazə vermək kimi həvəsləndirmə tədbiri də tətbiq edilə bilər.

105.3. Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla müsbət xarakterizə olunan məhkumlara onların ərizələrinə əsasən bu Məcəllənin 70-ci maddəsində nəzərdə tutulmuş qaydada digər həvəsləndirmə tədbirləri tətbiq edilə bilər.

105.4. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən məhkumların razılığı ilə onların əfv edilməsi haqqında vəsatət qaldırıla bilər.

 

Maddə 106. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərə həvəsləndirmə tədbirlərinin tətbiqi qaydası



 

106.1. Məhkumlara həvəsləndirmə tədbirləri yazılı şəkildə verilir.

106.2. Verilmiş tənbehin həvəsləndirmə qaydasında vaxtından əvvəl götürülməsinə:

106.2.1. bu Məcəllənin 107.1.1 və 107.1.2-ci maddələrində göstərilən tənbehlərin verilməsi günündən ən azı üç aydan sonra;

106.2.2. bu Məcəllənin 107.1.3 və 107.1.4-cü maddələrində göstərilən tənbehlərin verilməsi günündən ən azı altı ay sonra yol verilir.

106.3. Tənbeh tədbiri kimi xüsusi rejimli cəzaçəkmə müəssisələrində adi yaşayış binalarından kamera tipli otaqlara keçirilmiş məhkumlara adi yaşayış binalarına keçirilmə növündə həvəsləndirmə tədbiri tənbeh verilməsi günündən ən azı bir il keçdikdən sonra yenidən tətbiq edilə bilər.

 

Maddə 107. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərə tətbiq edilən tənbeh tədbirləri



 

107.1. Cəzanın icrası qaydalarını pozan məhkumlara aşağıdakı tənbeh tədbirləri tətbiq edilə bilər:

107.1.1. xəbərdarlıq;

107.1.2. töhmət;

107.1.3. cəzaçəkmə müəssisələrində və həbsxanalarda saxlanılan kişi məhkumları on beş günədək, qadın məhkumları isə on günədək müddətə cərimə təcridxanasına keçirmək;

107.1.4. xüsusi rejimli cəzaçəkmə müəssisələrində saxlanılan məhkumları adi yaşayış binalarından kamera tipli otaqlara keçirmək.

107.2. Cəzanın icrası qaydaları qərəzli pozulduqda ümumi və ciddi rejimli cəzaçəkmə müəssisələrində saxlanılan kişi məhkumları bir aydan altı ay müddətinədək kamera tipli otaqlara, xüsusi rejimli cəzaçəkmə müəssisələrində saxlanılan məhkumları bir aydan altı ay müddətinədək birnəfərlik kameralara, həbsxanalarda saxlanılan məhkumları iki aydan altı ayadək müddətə ciddi saxlanma şəraitinə keçirmək növündə tənbeh tədbiri tətbiq edilə bilər. Bu tənbeh tədbirləri yalnız bu Məcəllənin 107.1.1-107.1.3-cü maddələrində nəzərdə tutulmuş tənbeh tədbirləri verilmiş məhkumlara tətbiq edilə bilər.

107.3. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın icrası qaydalarını qərəzli pozan məhkumlara bir ay müddətində müəssisədən kənara çıxmağın və ya üç ay ərzində istirahət və bayram günlərini cəzaçəkmə müəssisəsindən kənarda keçirməyin qadağan edilməsi kimi tənbeh tədbirləri, yaxud bu Məcəllənin 70-ci maddəsində nəzərdə tutulmuş qaydada digər tənbeh tədbirləri tətbiq edilir.

107.4. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlara bu Məcəllənin 107.2-ci maddəsində nəzərdə tutulmuş tənbeh tədbiri tətbiq edilmir.

107.5. Cəzanın icrası qaydalarını qərəzli pozan məhkumlara bu Məcəllənin 70-ci maddəsində nəzərdə tutulmuş qaydada digər tənbeh tədbirləri tətbiq edilə bilər.

107.6. Həvəsləndirmə tədbiri qaydasında saxlanılma şəraiti yaxşılaşdırılmış məhkum barədə bu Məcəllənin 107.1-107.3, 107.5 və 125-ci maddələrində nəzərdə tutulmuş tənbeh tədbiri tətbiq edildikdə yaxşılaşdırılmış saxlanılma şəraiti ləğv edilir.

 

Maddə 108. Cəzanın icrası qaydalarının qərəzli pozulması



 

108.1. Cəzanın icrası qaydalarının qərəzli pozulması aşağıdakı hallar hesab olunur:

108.1.1. alkoqol və ya digər güclü təsir göstərən maddələri qəbul etmək;

108.1.2. narkotik vasitələri və ya psixotrop maddələri qəbul etmək;

108.1.3. xırda xuliqanlıq;

108.1.4. cəzaçəkmə müəssisəsinin işçi heyətini hədələmək, təhqir etmək və ya onların qanuni tələblərinə tabe olmamaq;

108.1.5. xidməti borclarını yerinə yetirən digər dövlət nümayəndələrini hədələmək və ya təhqir etmək;

108.1.6. qrup halında tabe olmamaq və ya belə qruplarda fəal iştirak etmək;

108.1.7. il ərzində üç dəfədən çox tənbeh edilmək.

108.1-1. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın icrası qaydalarının qərəzli pozulması, həmçinin aşağıdakı hallar hesab edilir:

108.1-1.1. məhkumun cəzaçəkmə müəssisəsini icazəsiz tərk etməsi;

108.1-1.2. məhkumun üzrsüz səbəbdən ayda iki dəfədən çox cəzaçəkmə müəssisəsinə vaxtında qayıtmaması.

108.2. Rejimin qərəzli pozulması məhkuma tənbeh tədbirlərinin tətbiq edilməsi ilə eyni vaxtda cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış qərarı ilə müəyyən edilir.

 

Maddə 109. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərə tənbeh tədbirlərinin tətbiqi qaydası



 

109.1. Tənbeh tədbirlərinin tətbiqi zamanı məhkuma öz əməlini yazılı və ya şifahi qaydada izah etmək imkanı verilir, xətanın törədilmə şəraiti, məhkumun şəxsiyyəti və cəzanın çəkilməsi müddətindəki davranışı nəzərə alınır. Verilən tənbeh tədbirləri xətanın ağırlığına və xüsusiyyətinə uyğun olmalıdır. Tənbeh tədbirləri xətanın aşkar olunduğu vaxtdan on gün ərzində tətbiq edilir. Əgər həmin xəta ilə əlaqədar yoxlama aparılarsa onun başa çatdığı gündən, lakin xətanın törədildiyi vaxtdan bir aydan gec olmayaraq tənbeh tədbiri tətbiq edilir. Eyni zamanda törədilən bir neçə xəta üçün bir tənbeh tədbiri tətbiq edilir.



109.2. Tənbeh tədbirləri yazılı şəkildə cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış qərarı ilə verilir. Məhkumun bu Məcəllənin 107.1-107.3, 107.5 və 125-ci maddələrində nəzərdə tutulmuş tənbeh tədbirlərinin tətbiqindən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət vermək hüququ vardır. Əsas olduqda tənbeh tədbiri ləğv edilə bilər.Bu Məcəllənin 109.2-1-ci maddəsinə əsasən tənbeh tədbirinin icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, şikayətin verilməsi tənbeh tədbirinin icrasını dayandırmır.

109.2-1. Şikayət verildiyi hallarda, barəsində şikayət olunan tənbeh tədbirinin icrasının dayandırılması ilə bağlı məsələyə, maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə, şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir.

109.3. Məhkumlar kamera tipli otaqlara və birnəfərlik kameralara bu tənbeh tədbirlərinin müddəti göstərilməklə keçirilirlər.

109.4. Kamera tipli otağa keçirilmiş məhkuma—kamera tipli otağa keçirilməkdən başqa, digər tənbeh tədbirləri tətbiq edilə bilər.

109.5. Tənbeh tədbiri verildiyi gündən bir il ərzində məhkuma yeni tənbeh tədbiri tətbiq edilməzsə o, tənbehi olmayan sayılır.

 

Maddə 110. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərin cərimə təcridxanalarında, kamera tipli otaqlarda və birnəfərlik kameralarda saxlanılması şərtləri



 

110.1. Cərimə təcridxanalarına keçirilmiş məhkumlara görüşlər, telefon danışıqları verilmir, ərzaq məhsulları və ən zəruri mallar əldə etmək, bağlama, sovqat və ya banderol almaq qadağan edilir. Onların hər gün bir saatlıq gəzinti hüquqları vardır.

110.2. Tənbeh tədbiri qaydasında kamera tipli otaqlarda və ya birdəfəlik kameralarda saxlanılan məhkumlar aşağıdakı hüquqlara malikdirlər:

110.2.1. ərzaq məhsulları və ən zəruri malların əldə edilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş məbləğində pul xərcləmək;

110.2.2. bir bağlama, sovqat və ya banderol almaq;

110.2.3. hər gün bir saat gəzintidən istifadə etmək;

110.2.4. cəzaçəkmə müəssisəsinin müdiriyyətinin icazəsi ilə bir qısa müddətli görüş almaq.

110.3. Kamera tipli otaqlarda və ya birnəfərlik kameralarda saxlanılan məhkumlar digər məhkumlardan ayrı işləyirlər.

110.4. Cərimə təcridxanalarında, kamera tipli otaqlarda və birnəfərlik kameralarda özünə xəsarət yetirmə və özünü xəstəliyə vurma halları istisna olmaqla, müalicə müəssisələrinə və cəzaçəkmə müəssisələrinin tibb-sanitariya hissələrinə keçirilmiş məhkumların burada saxlanılma vaxtı verilən tənbehin çəkilmə müddətinə hesablanır.

110.5. Cərimə təcridxanalarında, kamera tipli otaqlarda və birnəfərlik kameralarda saxlanılan məhkumların maddi-məişət təminatı həbsxanalarda ümumi saxlanma şəraitində olan məhkumlar üçün müəyyən edilmiş normalara uyğun müəyyən edilir.

110.6. Bir təqvim ili ərzində cərimə təcridxanasında saxlanma müddəti altmış gündən, kamera tipli otaqlarda və birnəfərlik kameralarda isə altı aydan çox ola bilməz.

 

Maddə 111. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərə həvəsləndirmə və tənbeh tədbirlərini tətbiq edən vəzifəli şəxslər



 

Bu Məcəllənin 105 və 107-ci maddələrində göstərilən həvəsləndirmə və tənbeh tədbirlərini məhkumlara cəzaçəkmə müəssisəsinin müdiriyyəti tətbiq edir.

 


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin