VI bölmə
Cəza çəkməkdən azad etmə. Cəza çəkməkdən azad edilən şəxslərə yardım göstərilməsi və onlara nəzarət edilməsi
XIX fəsil
Cəza çəkməkdən azad etmə
Maddə 167. Cəza çəkməkdən azad etmənin əsasları
167.0. Məhkumlar cəza çəkməkdən aşağıdakı əsaslarla azad edilirlər:
167.0.1. cəza müddəti qurtardıqda;
167.0.2. hökmün ləğv edilməsi ilə əlaqədar işin icraatına xitam verildikdə;
167.0.3. cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə;
167.0.4. cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə;
167.0.5. amnistiya və ya əfvetmə aktına əsasən;
167.0.6. xəstəliyə və qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslara görə.
Maddə 168. Cəza müddətinin qurtarması ilə əlaqədar cəza çəkməkdən azad etmə qaydaları
168.1. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, //çıxarılıb// müəyyən müddətə azadlıqdan məhrum etmə, həmçinin hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama növündə cəzaların müddəti cəza çəkmənin axırıncı günü bitir.
168.2. Müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası yerindən-cəza müddətinin axırıncı gününün birinci yarısında azad edilirlər. Əgər cəza müddəti istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qurtarırsa, məhkum həmin günlərdən əvvəlki gün azad edilir. Cəza müddəti aylarla hesablanarsa, bu müddət axırıncı ayın müvafiq günündə, əgər bu ayda müvafiq gün yoxdursa, həmin ayın axırıncı günü qurtarır.
168.3. Cəza çəkməkdən azad edilərkən məhkuma ona məxsus olan mallar və qiymətli əşyalar, şəxsi hesabında saxlanılan pul və şəxsi sənədlər, şəxsiyyət vəsiqəsi, əmək kitabçası, pensiya vəsiqəsi, həmçinin cəzadan azad olunması və əmək fəaliyyəti barəsində sənədlər verilir.
168.4. Müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkməkdən azad olunan məhkumun şəxsiyyət vəsiqəsi, əmək kitabçası və pensiya vəsiqəsi məhkumun şəxsi işində olmadıqda, cəzanı icra edən müəssisənin müdiriyyəti əvvəlcədən onların alınması üçün tədbirlər görür.
168.5. Məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi müvafiq sənəd məhkəmədən daxil olduğu gün, sənəd iş günü qurtardıqdan sonra alındıqda isə, növbəti gün səhər həyata keçirilir.
168.6. icra məmuru islah işləri növündə cəza müddətinin qurtardığı gün, məhkum həmin cəzadan başqa əsasla azad edildikdə isə müvafiq sənədi aldıqdan sonra, növbəti gündən gec olmayaraq, məhkumun işlədiyi yerin işəgötürəninə onun əmək haqqından tutulmaların dayandırılması barəsində məlumat verməlidir.
168.7. Hökmün ləğv olunması ilə əlaqədar azad edilən şəxsə, cəzanı icra edən müəssisə və ya orqan tərəfindən əmlak, əmək, yaşayış və digər itirilmiş hüquqların bərpası qaydası izah edilir. Bu halda azad etmə barədə sənəddə məhkumdan dövlət adından rəsmi üzr istənilir.
Maddə 169. Hərbi qulluqçuların cəza çəkməkdən azad edilməsi
Hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzaya məhkum olunmuş hərbi qulluqçular xəstəliyə görə hərbi xidmətə yararsız sayıldıqları hallarda cəzanın çəkilməmiş hissəsini çəkməkdən azad edilirlər. Cəzanın çəkilməmiş hissəsi məhkəmə tərəfindən daha yüngül cəza növü ilə əvəz edilə bilər.
Maddə 170. Məhkumun cəzadan vaxtından əvvəl azad edilməsi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, habelə cəzanın çəkilməsinin təxirə salınması qaydaları
170.1. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, habelə cəzanın çəkilməsinin təxirə salınması tətbiq oluna bilən məhkum Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə ərizə ilə müraciət edə bilər.
170.2. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Mülahizə ilə birlikdə məhkəməyə məhkumun şəxsi işi də göndərilir.
170.3. Amnistiyanın tətbiqi qaydaları amnistiya aktını qəbul etmiş orqan tərəfindən müəyyən edilir.
170.4. Əfv etməyə təqdim olunan məhkum barəsində cəzanı icra edən müəssisə və ya orqan müvafiq vəsatət verir.
170.5. Psixi və sair ağır xəstəliklə əlaqədar cəza çəkməkdən azad etmə barədə məhkəməyə məhkumun özü və ya onun qanuni nümayəndəsi ərizə, cəzanı icra edən müəssisə və ya orqan isə təqdimat verir. Təqdimatla birlikdə məhkəməyə tibbi-sosial komissiyasının rəyi və məhkumun şəxsi işi göndərilir. Təqdimatda məhkumun bütün cəzaçəkmə müddətində davranışı barədə məlumat olmalıdır.
170.6. İctimai işlər və ya islah işləri növündə cəza çəkən məhkum qadın onun hamiləlik və ya doğuşa görə işdən azad olunduğu andan cəzanın çəkilməsinin təxirə salınması barədə ərizə ilə məhkəməyə müraciət edə bilər.
170.7. Məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, habelə cəzanın çəkilməsinin təxirə salınması məhkəmə tərəfindən rədd edildiyi hallarda, təkrar ərizəyə məhkəmənin rədd haqqında qərar qəbul etdiyi gündən ən azı altı ay sonra baxıla bilər.
Maddə 171. Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi
171.1. Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən olunmuş müddət keçdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə haqqında məhkəməyə ərizə ilə müraciət edə bilər.
171.2. Ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun ərizəsinə əsasən onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məhkəmə tərəfindən rədd edildikdə, təkrar ərizəyə məhkəmənin rədd haqqında qərarının qəbul edildiyi gündən ən azı altı ay sonra baxıla bilər.
Maddə 172. Hamilə və azyaşlı uşaqları olan məhkum qadınlar , habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər barəsində cəzanın çəkilməsinin təxirə salınması
172.1. Cəzaçəkmə müəssisələrində cəza çəkən hamilə və azyaşlı uşaqları olan məhkum qadınların, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərin cəzalarının çəkilməsi məhkəmə tərəfindən uşaq səkkiz yaşına çatanadək təxirə salına bilər.
172.2. Şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş hamilə və ya səkkiz yaşına qədər uşağı olan məhkum qadınlara, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə cəzanın çəkilməsinin təxirə salınması tətbiq edilmir.
172.3. Hamilə və ya səkkiz yaşına qədər uşağı olan məhkum qadın, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişi cəzasının çəkilməsinin təxirə salınması haqqında məhkəməyə ərizə ilə müraciət edə bilər. Ərizəyə məhkumun xasiyyətnaməsi, məhkuma və onun uşağına yaşayış yeri verməklə zəruri yaşayış şəraiti yaradılması barədə qohumlarının yazılı razılığı, qadının hamiləliyi haqqında həkimin rəyi və ya uşağın doğum haqqında şəhadətnaməsinin surəti əlavə olunur. Məhkəmə məhkumunərizəsinə baxarkən cəzaçəkmə müəssisəsinin müdiriyyətinin mülahizəsini nəzərə alır.
172.4. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkəmədən hamilə və ya səkkiz yaşına qədər uşağı olan məhkum qadın, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişi barəsində cəzanın çəkilməsinin təxirə salınması haqqında qərarı aldıqdan sonra onu azad edir. Məhkum azad edildiyi vaxtdan sonra on beş gün müddətində yaşayış yeri üzrə icra qurumuna qeydiyyata götürülməsi ilə əlaqədar müraciət etməsi haqqında ondan iltizam alınır.
172.5. Hamilə və ya səkkiz yaşına qədər uşağı olan məhkum qadın , habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişi cəzanın çəkilməsindən azad edildikdən sonra yaşayış yerinə dövlət hesabına gedir.
172.6. Hamilə və ya səkkiz yaşına qədər uşağı olan məhkum qadının , habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişinin azad olunduğu vaxtdan üç gündən gec olmayaraq, yaşayış yeri üzrə məhkəməyə və icra qurumuna azad etmə tarixi göstərilməklə, cəzanın icrasının təxirə salınması haqqında qərarın surəti göndərilir.
172.7. icra məmuru hamilə və ya səkkiz yaşına qədər uşağı olan məhkum qadını , habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişini qeydiyyata götürür və onun üzərində nəzarəti həyata keçirir.
172.8. icra məmuru hamilə və ya səkkiz yaşına qədər uşağı olan məhkum qadını, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişini qeydiyyata aldıqdan sonra üç gün ərzində onun azad edildiyi cəzaçəkmə müəssisəsinə məlumat göndərir.
Maddə 173. Hamilə və ya azyaşlı uşaqları olan məhkum qadınların, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərin cəzanın çəkilməsinin təxirə salınması şərtlərinə riayət etməmələrinin nəticələri
173.1. Hamilə və ya səkkiz yaşına qədər uşağı olan məhkum qadın, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişi azad edildiyi gündən on beş gün ərzində qeydiyyata götürülməsi ilə əlaqədar üzrsüz səbəbdən icra məmuruna müraciət etmədikdə, onun yerinin müəyyən edilməsi üçün tədbirlər həyata keçirilir, məhkumun yeri müəyyən olunmadıqda isə icra məmurunun qərarı ilə axtarış elan edilir və qərarın surəti müvafiq icra hakimiyyəti orqanına göndərilir.
173.2. Hamilə və ya səkkiz yaşına qədər uşağı olan məhkum qadın , habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişi cəzanın çəkilməsinin təxirə salınması dövründə uşağı tərbiyə etməkdən boyun qaçırdıqda və ya uşaqdan imtina etdikdə icra məmuru tərəfindən ona rəsmi xəbərdarlıq edilir.
173.3. Məhkum //çıxarılıb// xəbərdarlıqdan sonra uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi halda icra məmuru məhkumun yaşayış yeri üzrə məhkəməyə cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi və məhkumun hökmlə müəyyən olunmuş cəzanın icrası yerinə göndərilməsi haqqında təqdimat verir. Təqdimata cəzanın çəkilməsinin təxirə salınması haqqında qərarın surəti əlavə olunur.
173.4. Uşaq səkkiz yaşına çatdıqda və ya uşaq vəfat etdikdə məhkəmə məhkumun davranışını, uşağın tərbiyəsinə münasibətini nəzərə alaraq, onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, yaxud cəzaçəkmə müəssisələrinə göndərilməsi məsələsini həll edir. Məsələyə baxarkən məhkəmə icra məmurunun mülahizəsini nəzərə alır.
Maddə 174. Cəza çəkməkdən azad edilmiş şəxslərin hüquqi vəziyyəti
174.1. Cəza çəkməkdən azad edilmiş şəxslər məhkumluğu olan şəxslər üçün qanunvericiliklə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla, Azərbaycan Respublikasının vətəndaşları üçün müəyyən edilmiş hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.
174.2. Məhkum edilmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər cəza çəkməkdən azad edildikdə cəzanı icra edən orqan həmin şəxslərin Azərbaycan Respublikası ərazisində olmalarının hüquqi əsaslarını müəyyən etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına məlumat verir. Bu məlumat əsasında müvafiq icra hakimiyyəti orqanı həmin şəxslərin Azərbaycan Respublikasında qalması və ya Azərbaycan Respublikasının ərazisindən kənara çıxarılması məsələsini həll edir.
XX fəsil
Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası, onlara yardım göstərilməsi və nəzarət edilməsi
Maddə 175. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən şəxslərin sosial adaptasiyası ilə əlaqədar cəzanı icra edən müəssisə və ya orqanın vəzifələri
175.1. Cəza çəkməkdən azad edilməyə hazırlıq məqsədilə //çıxarılıb// cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkumlarla hazırlıq işi aparır, onlara hüquq və vəzifələrini izah edir, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası barədə qanunvericilik haqqında məlumat verir.
175.2. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara məhkum edilmiş şəxslərin cəza müddətinin qurtarmasına üç ay qalmış onların siyahısını müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı //çıxarılıb//cəzaçəkmə müəssisəsinin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq, sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür. Qeydiyyata götürülmüş şəxslərə onların hüquq və vəzifələri, sosial adaptasiya tədbirlərinin məzmunu və həyata keçirilməsi qaydası izah olunur. Sosial adaptasiyadan imtina etmiş şəxslərə cəza çəkməkdən azad olunduqdan sonra üç ay müddətində sosial adaptasiya məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququ barədə məlumat verilir. Digər əsaslarla cəza çəkməkdən azad olunmuş və sosial adaptasiyaya ehtiyacı olan şəxslər barədə //çıxarılıb// cəzaçəkmə müəssisəsinin müdiriyyəti dərhal müvafiq icra hakimiyyəti orqanını məlumatlandırır və bu şəxslərin sosial adaptasiya mərkəzlərinə göndərilməsi üçün birgə tədbirlər görülür.
175.3. Birinci və ikinci qrup əlilliyi olan məhkumlar, altmış iki yaşına çatmış məhkum kişilər və əlli yeddi yaşına çatmış məhkum qadınlar öz ərizələri və cəzaçəkmə müəssisəsi müdiriyyətinin təqdimatı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlillər və ya qocalar evinə göndərilirlər.
175.4. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş cəza çəkməkdən azad edilmiş yetkinlik yaşına çatmayanların yaşayış sahəsi olmadıqda, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən internat məktəblərinə göndərilir və tam dövlət təminatına götürülürlər.
Maddə 176. Cəza çəkməkdən azad edilmiş şəxslərə yardım göstərilməsi
176.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzanı çəkməkdən azad edilmiş şəxslər yaşayış yerinə getmək üçün ərzaq məhsulları və gediş haqqı ilə təmin olunurlar.
176.2. Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin zəruri mövsümi geyimi, ayaqqabısı və bunları əldə etməyə imkanı olmadıqda, onlar dövlət hesabına geyim və ayaqqabı ilə təmin olunurlar. Onlara birdəfəlik pul müavinəti də verilə bilər.
176.3. Cəza çəkməkdən azad edilmiş şəxslərin ərzaq, geyim, ayaqqabı ilə təmin olunması, onlara gediş haqqının ödənilməsi, həmçinin birdəfəlik pul müavinətinin verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən həyata keçirilir.
176.4. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkməkdən azad edilən və səhhətləri ilə əlaqədar digər şəxslərin qulluğuna ehtiyacı olan şəxslər, hamilə və ya səkkiz yaşına qədər uşağı olan məhkum qadınlar, həmçinin yetkinlik yaşına çatmayanlar azad edildikdə, cəzaçəkmə müəssisəsinin müdiriyyəti onların qohumlarını və ya digər şəxsləri xəbərdar edir.
176.5. Cəzaçəkmə müəssisələrindən azad edilmiş və bu Məcəllənin 176.4-cü maddəsində göstərilən şəxslər yaşayış yerinə qohumlarının, himayəçilərinin və ya digər şəxslərin, yaxud cəzaçəkmə müəssisəsinin işçilərinin müşayiəti ilə göndərilirlər.
Maddə 177. Cəza çəkməkdən azad edilmiş şəxslərin əmək və məişət şəraiti ilə təmin olunmaq və başqa növ sosial yardım almaq hüququ
Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzadan azad edilmiş şəxslər qanunvericiliyə uyğun olaraq əmək və məişət şəraiti ilə təmin olunmaq və başqa növ sosial yardım almaq hüququna malikdirlər.
Maddə 178. Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə nəzarət
178.1. Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər üzərində nəzarəti məhkumun yaşayış yeri üzrə icra məmuru, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir.
178.2. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə haqqında qərarın surəti şəxsin azad olunduğu vaxtdan üç gündən gec olmayaraq onun yaşayış yeri üzrə məhkəməyə və icra qurumuna göndərilir. Eyni zamanda cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən şəxsdən azad edildiyi vaxtdan on beş gün müddətində yaşayış yeri üzrə icra qurumuna qeydiyyata götürülməsi ilə əlaqədar müraciət etməsi haqqında iltizam alınır.
178.3. İcra məmuru cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərin qeydiyyatını aparır, onların ictimai qaydalara riayət etməsinə və məhkəmə tərəfindən onlara həvalə olunan vəzifələrin yerinə yetirilməsinə nəzarət edir.
178.4. Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər məhkəmə tərəfindən onlara həvalə edilən vəzifələri yerinə yetirməli və icra məmurunun çağırışı ilə gəlməlidirlər. Üzrsüz səbəblərdən gəlməyən şəxslər icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş icra məmurunun qərarı ilə məcburi gətirilə bilərlər.
178.5. Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsindən mütəmadi, yaxud qərəzli olaraq boyun qaçırdıqda və ya ictimai qaydaları pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edildikdə, icra məmuru və ya hərbi hissənin komandiri (rəisi) şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və cəzanın çəkilməmiş hissəsinin icra olunması haqqında məhkəməyə təqdimat verir.
178.6. Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs tərəfindən onun üzərinə qoyulmuş vəzifələrin il ərzində dəfələrlə yerinə yetirilməməsi vəzifələri mütəmadi yerinə yetirməmə hesab edilir.
178.7. Otuz gündən artıq müddətdə olduğu yer müəyyən edilməyən şəxs ona həvalə edilmiş vəzifələri yerinə yetirməkdən qərəzli boyun qaçırmış hesab edilir.
VII bölmə
Şərti məhkum edilmiş şəxslər üzərində nəzarət
XXI fəsil
Şərti məhkum edilmiş şəxslər üzərində nəzarətin həyata keçirilməsi
Maddə 179. Şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti həyata keçirən orqanlar
Şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru, hərbi qulluqçular üzərində isə hərbi hissələrin və ya müəssisələrin komandanlığı həyata keçirir.
Maddə 180. Şərti məhkum edilmiş şəxslər üzərində nəzarətin həyata keçirilməsi qaydası
180.1. icra məmuru sınaq müddəti ərzində məhkumların qeydiyyatını aparır, onların işlədikləri yer üzrə işəgötürənin iştirakı ilə məhkumların ictimai qaydalara riayət etməsinə və məhkəmə tərəfindən onlara həvalə olunan vəzifələrin yerinə yetirilməsinə nəzarət edir.
180.2. Məhkuma müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəza əlavə cəza kimi təyin edildikdə, bu Məcəllənin 31-ci maddəsində nəzərdə tutulan tədbirləri icra məmuru həyata keçirir.
180.3. ləğv edilmişdir.
180.4. Şərti məhkum edilmiş şəxslər məhkəmə tərəfindən onlara həvalə edilən vəzifələri yerinə yetirməli və icra məmurunun çağırışı ilə gəlməlidirlər. Üzrsüz səbəblərdən gəlməyən məhkumlar icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş icra məmurunun qərarı ilə məcburi gətirilə bilərlər.
Maddə 181. Sınaq müddətinin hesablanması
181.1. Sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır.
181.2. Sınaq müddətinin qurtarması ilə məhkum üzərində nəzarət dayandırılır və o, qeydiyyatdan çıxarılır.
Maddə 182. Şərti məhkum edilmiş şəxslərin məsuliyyəti
182.1. Şərti məhkum edilmiş şəxs məhkəmə tərəfindən ona üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsindən boyun qaçırdıqda və ya ictimai qaydaları pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edildikdə, icra məmuru və ya hərbi hissənin komandiri (rəisi) sınaq müddətinin uzadılması barədə məhkəməyə təqdimat verir.
182.2. Şərti məhkum edilmiş şəxs sınaq müddətində məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsindən mütəmadi və ya qərəzli olaraq boyun qaçırdıqda icra məmuru və ya hərbi hissənin komandiri (rəisi) şərti məhkum etmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunması barədə məhkəməyə təqdimat verir.
182.3. icra məmuru məhkumun üzərinə onun islah olunmasına kömək edən yeni vəzifələrin qoyulması və ya əvvəllər məhkumun üzərinə qoyulmuş vəzifələrin tamamilə və ya qismən ləğv edilməsi barədə məhkəməyə təqdimat verə bilər.
182.4. Məhkum tərəfindən onun üzərinə qoyulmuş vəzifələrin il ərzində dəfələrlə yerinə yetirilməməsi sınaq müddəti ərzində vəzifələri mütəmadi yerinə yetirməmə hesab edilir.
182.5. Otuz gündən artıq müddətdə olduğu yer müəyyən edilməyən məhkum ona həvalə edilmiş vəzifələri yerinə yetirməkdən qərəzli boyun qaçırmış hesab edilir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
14 iyul 2000-ci il tarixli 908-IQ nömrəli “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağli hüquqi tənzimləmə məsələləri haqqinda” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasinin qanunvericilik toplusu, 2000-ci il, № 8, Maddə 586) ilə təsdiq edilmişdir.
-
2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 7, maddə 455)
-
27 dekabr 2001-ci il tarixli 240-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 1, maddə 9)
-
19 aprel 2002-ci il tarixli 306-IIQD nömrəli "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar "Azərbaycan SSR-in inzibati ərazi quruluşu məsələlərinin həlli qaydası haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti Fərmanının qüvvədən düşmüş hesab edilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 237)
-
19 aprel 2002-ci il tarixli 310-IIQD nömrəli "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununa və "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 240)
-
30 aprel 2002-ci il tarixli 314-IIQD nömrəli "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 244 )
-
2 iyul 2002-ci il tarixli 356-IIQD nömrəli "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 8, maddə 463)
-
14 may 2004-cü il tarixli 649-IIQD nömrəli “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-ci il, № 6, maddə 399)
-
4 mart 2005-ci il tarixli 856-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-cı il, № 4, maddə 278)
-
10 oktyabr 2006-cı il tarixli 162-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 929)
-
16 iyun 2007-ci il tarixli 389-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 756)
-
1 oktyabr 2007-ci il tarixli 424-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1049)
-
6 noyabr 2007-ci il tarixli 480-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1197)
-
7 dekabr 2007-ci il tarixli 509-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1218)
-
2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462)
-
13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602)
-
24 iyun 2008-ci il tarixli 657-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 607)
-
1 fevral 2010-cu il tarixli 951-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2010-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 171)
-
5 mart 2010-cu il tarixli 971-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 275)
-
18 iyun 2010-cu il tarixli 1034-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2010-cu il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 591)
-
21 dekabr 2010-cu il tarixli 37-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 fevral 2011-ci il, № 39, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 70)
-
21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71)
-
31 may 2011-ci il tarixli 138-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 iyul 2011-ci il №141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 473)
-
10 iyun 2011-ci il tarixli 157-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 31 iyul 2011-ci il № 166, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 600)
-
15 noyabr 2011-ci il tarixli 252-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 25 dekabr 2011-ci il, № 280, “Azərbaycan” qəzeti 29 dekabr 2011-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1107)
-
20 aprel 2012-ci il tarixli 324-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 406)
-
16 oktyabr 2012-ci il tarixli 448-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 noyabr 2012-ci il, № 266, “Azərbaycan” qəzeti, 30 noyabr 2012-ci il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1056)
-
2 noyabr 2012-ci il tarixli 456-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 noyabr 2012-ci il, № 266, “Azərbaycan” qəzeti, 30 noyabr 2012-ci il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1063)
-
13 iyun 2013-cü il tarixli 685-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 7 avqust 2013-cü il, № 171, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 889)
-
6 oktyabr 2015-ci il tarixli 1348-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 oktyabr 2015-ci il, № 231)
-
6 oktyabr 2015-ci il tarixli 1364-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 14 noyabr 2015-ci il, № 250)
-
17 may 2016-cı il tarixli 237-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2016-cı il, № 139)
-
32. 31 may 2016-cı il tarixli 263-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2016-cı il, № 139)
Dostları ilə paylaş: |