III bölmə
Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaların İcrası
IX fəsil
Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaların icrasının ümumi müddəaları
Maddə 65. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaların icrası yeri
65.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzalarını bir qayda olaraq yaşayış yerinə yaxın ərazidə yerləşən cəzaçəkmə müəssisələrində çəkirlər. Sağlamlıq vəziyyətinə görə, şəxsi təhlükəsizliyini təmin etmək məqsədi ilə və digər müstəsna hallara görə məhkum cəzasını çəkmək üçün başqa ərazidə yerləşən cəzaçəkmə müəssisələrinə göndərilə bilər.
65.2. Cinayətlərin xüsusi təhlükəli residivinə görə, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya və ya cəzalarının bir hissəsini həbsxanada çəkməyə məhkum olunanlar, həmçinin əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər cəzalarını çəkmək üçün yaşadıqları yerdən asılı olmayaraq, müvafiq cəzaçəkmə müəssisələrinə göndərilirlər.
Maddə 66. Cəzaçəkmə müəssisələrinin növləri
66.1. Cəzaçəkmə müəssisələri yetkinlik yaşına çatmayan şəxslər üçün tərbiyə müəssisələrindən, yetkinlik yaşına çatmış şəxslər üçün müxtəlif rejimli cəzaçəkmə müəssisələrindən, həbsxanalardan və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrindən ibarətdir. İstintaq təcridxanaları penitensiar müəssisə olmaqla təsərrüfat və məişət xidməti işlərinə görə bu müəssisədə saxlanılan məhkumlar üçün cəzaçəkmə müəssisələrinin vəzifələrini yerinə yetirirlər.
66.2. Cəzaçəkmə müəssisələri məntəqə tipli, ümumi, ciddi, xüsusi rejimli cəzaçəkmə müəssisələrinə, tərbiyə müəssisələri isə ümumi və möhkəm rejimli müəssisələrə bölünürlər.
66.3. Müalicə müəssisələrində stasionar şəraitdə müayinə və müalicəyə ehtiyacı olan məhkumlar cəza çəkirlər.
Maddə 67. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin cəzanın icrası yerinə göndərilməsi
67.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istintaq təcridxanasının müdiriyyəti tərəfindən hökmün surətini və onun icrası barədə məhkəmənin göstərişi alındığı vaxtdan on gündən gec olmayaraq cəzalarını çəkmək üçün cəzaçəkmə müəssisələrinə göndərilirlər. Məhkum bu müddət ərzində yaxın qohumları ilə bir qısamüddətli görüş hüququna malikdir.
67.2. Cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkumun qətimkan tədbiri kimi həbsdə saxlanma vaxtı, cəzaçəkmə müəssisələrindən gətirilmə vaxtı cəzanın icrası müddətinə hesablanır. Məhkumun bir gündən artıq icazəsiz məntəqə tipli cəzaçəkmə müəssisəsinin ərazisində olmaması cəzanın icrası müddətinə hesablanmır.
Maddə 68. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin cəzanın icrası yerinə göndərilməsi qaydaları
68.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası yerlərinə və bir cəzaçəkmə müəssisəsindən digərinə müşayiətlə göndərilirlər. Məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum məhkəmə icraçısının təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Məhkum üzrlü səbəb olmadan cəzanın icrası yerinə gəlmədikdə cəzanı icra edən müəssisənin və ya orqanın vəsatəti və müvafiq prokurorun təqdimatı əsasında məhkəmə onun tutulması barədə qərar qəbul edə bilər.
68.2. Məhkumların müşayiətlə göndərilməsi ayrılıqda saxlanma qaydalarına riayət olunmaqla həyata keçirilir. Kişilər qadınlardan, yetkinlik yaşına çatmayanlar yetkinlik yaşına çatanlardan, eyni cinayət işi üzrə məhkum olunmuşlar ayrılıqda, vərəm xəstəliyinə tutulmuş (vərəm çöpləri ifraz edənlər), zöhrəvi xəstəlikdən müalicə kursunu tam keçməmiş şəxslər və psixi xəstələr bir-birindən ayrı-ayrılıqda və sağlam məhkumlardan təcrid olunmaqla tibb işçilərinin müşayiəti ilə göndərilirlər.
Maddə 69. Məhkumların təsərrüfat və məişət xidməti işi üçün istintaq təcridxanasında, müalicə müəssisəsində və ya həbsxanada saxlanması
69.1. İlk dəfə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkən şəxslər //çıxarılıb// onların razılığı ilə təsərrüfat və məişət xidməti işi üçün istintaq təcridxanasında, müalicə müəssisəsində və ya həbsxanada saxlanıla bilərlər. Əvvəllər məhkum edilmiş və yenidən yeddi ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər müstəsna hallarda onların razılığı ilə təsərrüfat və məişət xidməti işi üçün müalicə müəssisələrində saxlanıla bilərlər.
69.2. Məhkumun təsərrüfat və məişət xidməti işi üçün saxlanması istintaq təcridxanası, müalicə müəssisəsi və ya həbsxana müdiriyyətinin qərarı ilə həyata keçirilir.
69.3. Təsərrüfat və məişət xidməti işi üçün istintaq təcridxanasında, müalicə müəssisəsində və ya həbsxanada saxlanılan məhkumlar, ümumi rejimli cəzaçəkmə müəssisələri üçün bu Məcəllədə nəzərdə tutulan şərtlərlə başqa şəxslərdən təcrid olunmaqla saxlanılırlar. Bu məhkumlar bağlı bina və ya otaqlarda işlədikləri hallarda gündə iki saat müddətinə gəzinti hüququna malikdirlər.
Maddə 69-1. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin istintaq təcridxanalarına keçirilməsi
69-1.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslər digər şəxslər tərəfindən törədilmiş cinayət işləri üzrə istintaq hərəkətlərinin həyata keçirilməsi və ya digər şəxslər tərəfindən törədilmiş cinayət işlərinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmənin qərarına əsasən iki aydan çox olmayan müddətə cəzaçəkmə müəssisəsindən istintaq təcridxanalarına keçirilə bilərlər. Zəruri hallarda bu müddət məhkəmənin qərarı ilə dörd ayadək uzadıla bilər. Məhkəməyədək icraat zamanı göstərilən məsələlərə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkumun cəza çəkdiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 520-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır.
69-1.2. Bu Məcəllənin 69-1.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrindən istintaq təcridxanalarına keçirilmiş şəxslərin saxlanılma şərtləri həmin yerlərin saxlanma rejimi və onlara məhkəmənin hökmü ilə təyin edilmiş cəzaçəkmə müəssisəsinin növü və rejimi nəzərə alınmaqla müəyyən edilir. Belə halda məhkumlara bu Məcəllədə nəzərdə tutulmuş uzun müddətli görüşlər onların razılığı ilə qısa müddətli görüş və ya telefon danışıqları ilə əvəz oluna bilər.
69-1.3. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslər digər cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunduqda, onların cəzaçəkmə müəssisələrindən istintaq təcridxanalarına keçirilməsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həyata keçirilir. Bu şəxslərin istintaq təcridxanalarında saxlanma müddəti Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş həbsdə saxlanma müddətləri daxilində müəyyən edilir.
Maddə 70. Cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi
70.1. Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər.
70.2. Müsbət xarakterizə edilən məhkumlar cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə aşağıdakı hallarda keçirilə bilərlər:
70.2.1. həbsxanadan cəzaçəkmə müəssisələrinə-məhkəmənin hökmü ilə müəyyən olunmuş həbs cəzasının ən azı yarısını çəkdikdə;
70.2.2. ciddi rejimli cəzaçəkmə müəssisələrindən - ümumi rejimli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə.
70.2.3. ilk dəfə ağır cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə.
70.2.4. az ağır və ya böyük ictimai təhlükə törətməyən cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdəbirini çəkdikdə.
70.3. Aşağıdakı məhkumlar məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmirlər:
70.3.1. cinayətlərin xüsusi təhlükəli residivinə görə məhkum olunmuş şəxslər;
70.3.2. ömürlük azadlıqdan məhrum etmə növündə cəzası müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz olunan şəxslər;
70.3.3. tibbi xarakterli məcburi tədbirlər keçməli olan şəxslər.
70.3.4. ciddi rejimli cəzaçəkmə müəssisələrindən ümumi rejimli cəzaçəkmə müəssisələrinə keçirilmiş şəxslər.
70.4. Cəzanın icrası qaydalarını qərəzli pozan məhkumlar:
70.4.1. məntəqə tipli cəzaçəkmə müəssisəsindən məhkəmənin hökmdə müəyyən etdiyi rejim növündəki cəzaçəkmə müəssisəsinə;
70.4.2. məhkəmənin hökmü ilə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən şəxslər ümumi rejimli cəzaçəkmə müəssisəsinə;
70.4.3. ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisələrindən üç ildən çox olmayan müddətə həbsxanaya keçirilə bilərlər.
70.5. Cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməsi məhkəmə tərəfindən həyata keçirilir.
Maddə 71. Məhkumların cəzaçəkmə müəssisələrinə qəbul edilməsi qaydası
71.1. Məhkumlar cəzaçəkmə müəssisələrinə cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarına uyğun müdiriyyət tərəfindən qəbul edilirlər.
71.2. Cəzaçəkmə müəssisələrinə yeni qəbul edilmiş məhkumlar iki həftəyədək müddətə başqa məhkumlardan ayrı saxlanılırlar.
71.3. Məhkumların ayrı saxlandığı müddətdə cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən onların ana dilində və ya bildikləri başqa dildə hüquq və vəzifələri, qanunla nəzərdə tutulmuş əmək və istirahət şəraiti izah olunmalı, cəzanın icrasını tənzimləyən qanunvericilik aktları və cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə tanış olmaları üçün şərait yaradılmalıdır.
Maddə 72. Məhkumların cəzaçəkmə müəssisələrində ayrılıqda saxlanması
72.1. Cəzaçəkmə müəssisələrində yetkinlik yaşına çatmayanlar yetkinlik yaşına çatanlardan, kişilər qadınlardan ayrılıqda saxlanılırlar.
72.2. Müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya ilk dəfə məhkum olunmuş şəxslər əvvəllər məhkum olunmuş şəxslərdən ayrılıqda saxlanılırlar. Cinayətlərin xüsusi təhlükəli residivinə görə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər başqa məhkumlardan təcrid olunmaqla ayrılıqda saxlanılırlar.
72.3. Məhkəmə və hüquq mühafizə orqanlarının sabiq işçiləri xüsusi cəzaçəkmə müəssisəsində saxlanılırlar. Həmin müəssisəyə bu Məcəllənin 12.3-cü maddəsinə uyğun olaraq başqa məhkumlar da göndərilə bilərlər.
72.4. Məhkumların ayrılıqda saxlanmasının bu Məcəllənin 72.2-ci maddəsində müəyyən edilmiş tələbləri azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisəsinə, həmçinin nəzdində uşaq evi olan cəzaçəkmə müəssisəsinə aid edilmir. Qeyd edilən müəssisələrə göndərilmiş şəxslər məhkəmənin təyin etdiyi və qanunla bu növ cəzaçəkmə müəssisəsi üçün müəyyən edilmiş şərtlərə uyğun saxlanılırlar.
72.5. Müxtəlif yoluxucu xəstəliklərə tutulmuş məhkumlar bir-birindən və sağlam məhkumlardan ayrılıqda saxlanılırlar.
72.6. Cəzasını müxtəlif rejimdə çəkən məhkumlar bir cəzaçəkmə müəssisəsində, lakin ayrılıqda və bir-birindən təcrid edilməklə saxlanıla bilərlər.
Maddə 73. Məhkumun cəzanı bir cəzaçəkmə müəssisəsində çəkməsi
73.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər bir qayda olaraq cəzalarının bütün müddətini bir cəzaçəkmə müəssisəsində, həbsxanada və ya tərbiyə müəssisəsində çəkirlər.
73.2. Məhkumun cəzanın çəkilməmiş hissəsini çəkmək üçün bir cəzaçəkmə müəssisəsindən eyni növlü başqa cəzaçəkmə müəssisəsinə və ya bir həbsxanadan digərinə keçirilməsinə məhkumun xəstəliyi ilə əlaqədar və ya onun təhlükəsizliyini təmin etmək üçün, cəzaçəkmə müəssisəsinin yenidən təşkili və ya ləğv edilməsi, həmçinin məhkumun bu cəzaçəkmə müəssisəsində qalmasına mane olan digər müstəsna hallarda yol verilir. Məhkumların eyni rejimli bir cəzaçəkmə müəssisəsindən digərinə keçirilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
X fəsil
Cəzaçəkmə müəssisələrində rejim
Maddə 74. Cəzaçəkmə müəssisələrində rejim və onun əsas tələbləri
74.1. Cəzaçəkmə müəssisələrində rejim qanunla və normativ hüquqi aktlarla müəyyən olunmuş müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaların icrası və çəkilməsi qaydasıdır. Rejim məhkumların mühafizəsini və təcrid olunmasını, onlara daim nəzarət edilməsini, onların üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsini, onların hüquq və azadlıqlarının həyata keçirilməsini, işçi heyətinin və məhkumların şəxsi təhlükəsizliyini, müxtəlif kateqoriyalı məhkumların bir-birindən ayrı saxlanılmasını, cəzaçəkmə müəssisəsinin məhkəmə tərəfindən təyin edilmiş növündən asılı olaraq, müxtəlif saxlanılma şəraitini, cəzanın icrası şərtlərinin dəyişdirilməsini təmin edir.
74.2. Cəzaçəkmə müəssisələrində müdiriyyət tərəfindən cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarında nəzərdə tutulmuş və məhkumlar üçün yerinə yetirilməsi məcburi olan gün bölgüsü müəyyən edilir.
74.3. Cəzaçəkmə müəssisələrində məhkumlar müəyyən olunmuş eyni formalı paltar geyinirlər. Geyim forması cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilir.
74.4. Cəzanın icrası qaydalarını təmin etmək məqsədilə məhkumlara cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilmiş əşyaların verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən belə əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunur. Məhkumlarda, cəzaçəkmə müəssisəsinə daxil olan və çıxan şəxslərdə, habelə məhkumların adına göndərilmiş bağlama və banderollarda belə əşyalar aşkar edildikdə həmin əşyalar götürülür və cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq araşdırma aparılır.
74.5. Cəzaçəkmə müəssisələrində məhkumlara özlərində saxlamağa, əldə etməyə, habelə onlara bağlama və banderollarda göndərilməsinə, sovqatlarda gətirilməsinə icazə verilən əşya, mallar və ərzaq məhsullarının siyahısı cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilir.
74.6. Bu məcəllənin 74.5-ci maddəsində nəzərdə tutulanlar istisna olmaqla, digər əşya, mallar və ərzaq məhsulları cəzaçəkmə müəssisəsində aşkar edildikdə onlar həmin müəssisənin müdiriyyəti tərəfindən götürülür, müvafiq araşdırma aparılır və məhkumun hərəkətləri cəzaların icrası qaydalarının pozuntusu kimi qiymətləndirilə bilər. Götürülmüş əşya, mallar və ya ərzaq məhsulları məhkum azad olunanadək saxlanılması üçün anbara təhvil verilir və ya cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış qərarına əsasən məhv edilir. Bu barədə məhkuma məlumat verilməklə müvafiq akt tərtib olunur. Cəzaçəkmə müəssisəsinə daxil olan və ya çıxan şəxslərdə bu məcəllənin 74.5-ci maddəsində nəzərdə tutulanlar istisna olmaqla, digər əşya, mallar və ərzaq məhsulları aşkar edildikdə, qanunla bu əmələ görə məsuliyyət nəzərdə tutulmamışdırsa, belə əşyalar onları gətirmiş şəxslərə qaytarılır.
Maddə 75. Cəzaçəkmə müəssisələrində texniki nəzarət vasitələri
75.1. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkumlar tərəfindən cəzanın icrası yerindən qaçmanın və başqa cinayətlər törədilməsinin, cəzanın icrası qaydalarının pozulmasının qarşısını almaq, məhkumların davranışı haqqında məlumatlar əldə etmək üçün video və səsyazmadan, elektron və digər texniki vasitələrdən istifadə etmək hüququna malikdir.
75.2. Texniki nəzarət vasitələrinin tətbiq edilməsi, o cümlədən bu vasitələrin onların həyat və sağlamlıqları üçün təhlükə yaradacağı barədə, cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkumları yazılı şəkildə xəbərdar edir.
75.3. Texniki nəzarət vasitələrindən istifadə qaydası normativ hüquqi aktlarla müəyyənləşdirilir.
75.4. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkumlara, onların üst-başına, əşya və geyimlərinə, həmçinin cəzaçəkmə müəssisəsinin ərazisindəki binalara baxış və onlarda axtarış keçirə bilər. Şəxsi axtarış məhkumlarla eyni cinsdən olan şəxs tərəfindən aparılır. Təxirəsalınmaz hallarda məhkumların yaşadığı binalarda gecə baxışı aparıla bilər.
75.5. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti bu müəssisəyə daxil olan və çıxan şəxslərə, onların əşyalarına, nəqliyyat vasitələrinə baxış keçirmək //çıxarılıb// hüququna malikdir.
75.6. Baxış və axtarış tədbirlərinin keçirilməsi qaydası cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilir.
Maddə 76. Cəzaçəkmə müəssisələrində əməliyyat-axtarış fəaliyyəti
76.1. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cəzaçəkmə müəssisələrində əməliyyat-axtarış fəaliyyəti həyata keçirilir. Cəzaçəkmə müəssisələrində əməliyyat-axtarış fəaliyyətinin vəzifələri aşağıdakılardır:
76.1.1. işçi heyətinin, məhkumların və başqa şəxslərin təhlükəsizliyini təmin etmək;
76.1.2. cəzanın icrası qaydalarının pozulması hallarını aşkar etmək, cəzaçəkmə müəssisələrində hazırlanan və törədilən cinayətlərin qarşısını almaq və onları açmaq;
76.1.3. cəzaçəkmə müəssisələrindən qaçmış, həmçinin müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzanı çəkməkdən boyun qaçıran şəxsləri müəyyən edilmiş qaydada axtarmaq;
75.1.4. məhkumların törətdikləri digər cinayətlərin aşkar edilməsi və açılmasında hüquq-mühafizə orqanlarına köməklik göstərmək.
76.2. Cəzaçəkmə müəssisələrində əməliyyat-axtarış fəaliyyətini cəzaçəkmə müəssisəsinin müdiriyyəti həyata keçirir. Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətlərinə aid edilmiş cinayət işlərinin təhqiqatı üzrə əməliyyat-axtarış fəaliyyətini cəzaçəkmə müəssisəsinin müdiriyyəti ilə birgə həyata keçirirlər.
76.3. Cəzaçəkmə müəssisəsində əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Baş prokuroru və onun tərəfindən müvəkkil edilmiş prokurorlar həyata keçirirlər.
Maddə 77. Cəzaçəkmə müəssisələrində fövqəladə hallarda saxlanma şəraitinin xüsusiyyətləri
77.1. Cəzaçəkmə müəssisələrində müdiriyyətin, işçi heyətinin və ya məhkumların həyatı və sağlamlığı üçün təhlükə yaradan kütləvi iğtişaşlar, həmçinin təbii fəlakət və ya digər fövqəladə hadisə baş verdikdə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən xüsusi saxlanma şəraiti tətbiq edilə bilər və ya məhkumlar eyni rejimli cəzaçəkmə müəssisəsinə keçirilə bilər.
77.2. Cəzaçəkmə müəssisələrində xüsusi saxlanma şəraitinin tətbiqi dövründə məhkumların bu Məcəllədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsi, istehsal, kommunal-məişət, mədəni-maarif, tibbi-sanitar və başqa xidmətlərin fəaliyyəti bu Məcəllənin 77.1-ci maddəsində göstərilən hallar aradan qaldırılanadək məhdudlaşdırıla bilər. Bu müddət ərzində məhkumlara görüş verilməsi dayandırılır və cəzaçəkmə müəssisəsinə buraxılış xüsusi qaydada həyata keçirilir.
77.3. Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən cəzaçəkmə müəssisələrində xüsusi saxlanma şəraitinin tətbiqi Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə də həyata keçirilə bilər. Bu halda qəbul edilmiş qərarın təsdiqi üçün dərhal Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.
77.4. Təxirəsalınmaz hallarda cəzaçəkmə müəssisələrinin müdiriyyəti bu Məcəllənin 77.2-ci maddəsində nəzərdə tutulan tədbirləri müstəqil həyata keçirir və bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.
Maddə 78. Cəzaçəkmə müəssisələrində təhlükəsizlik tədbirləri və onların tətbiqinin əsasları
78.1. Cəzaçəkmə müəssisələrinin işçi heyətinin qanuni tələblərinə tabe olmayan, onlara müqavimət göstərən, kütləvi iğtişaşlarda, insanların girov götürülməsində iştirak edən, vətəndaşlara hücum edən və ya digər ictimai təhlükəli hərəkətlər törədən məhkumlara, həmçinin məhkumların cəzaçəkmə müəssisəsindən qaçması və ya qaçanların tutulması zamanı göstərilən hüquqazidd hərəkətlərin, habelə bu məhkumların ətrafdakı insanlara və ya özlərinə ziyan vurmasının qarşısının alınması, hazırlanan və ya törədilən cinayətlərin qarşısının alınması məqsədilə təhlükəsizlik tədbirləri (fiziki qüvvə, xüsusi vasitələr, xidməti itlər və odlu silah) tətbiq edilə bilər.
78.2. Cəzaçəkmə müəssisələrində qalmaqal salan məhkumlara qarşı əl qandalı, işçi heyətinə fiziki müqavimət göstərən və ya digər zorakılıq hərəkətləri edən, habelə mühafizə altından qaçan məhkumlara qarşı isə fiziki qüvvə, xüsusi vasitələr və xidməti itlər tətbiq edilə bilər.
78.3. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzaçəkmə müəssisələrinin işçi heyətinin və ya başqa şəxslərin həyatı üçün bilavasitə təhlükə törədən basqınlar, yaxud da qəsdən başqa hərəkətlər etdikdə, habelə mühafizə altından qaçdıqda, göstərilən hərəkətlərin qarşısını başqa tədbirlərlə almaq mümkün olmadıqda, müstəsna tədbir kimi odlu silah tətbiq edilməsinə yol verilir. Qadınlar və yetkinlik yaşına çatmayan şəxslər cəzaçəkmə müəssisəsindən qaçdıqda, onlara qarşı odlu silah tətbiq edilməsinə yol verilmir.
78.4. Odlu silah tətbiq edilməsi ilə əlaqədar cəzaçəkmə müəssisəsinin müdiriyyəti dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər.
78.5. Cəzaçəkmə müəssisəsində təhlükəsizlik tədbirlərinin tətbiqi qaydası qanunvericiliklə müəyyən edilir.
XI fəsil
Cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi şərtləri
Maddə 79. Məhkumların cəza çəkmə şəraiti
79.1. Məhkumlar bir cəzaçəkmə müəssisəsinin daxilində rejim növündən asılı olaraq adi və ya yaxşılaşdırılmış şəraitdə saxlanıla bilərlər.
79.2. Məhkumlar bir saxlanılma şəraitindən digərinə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla keçirilirlər.
Maddə 80. Məhkumların ərzaq məhsulları və ən zəruri mallar əldə etməsi
80.1. Cəzaçəkmə müəssisələrində məhkumlar nağdsız haqq-hesabla şəxsi hesablarında olan vəsaitlə ərzaq məhsulları və ən zəruri mallar əldə edirlər.
80.2. Cəzaçəkmə müəssisələrində məhkumlara xərcləmək üçün icazə verilən vəsaitin məbləği bu Məcəllə ilə müəyyən edilir.
80.3. İş normalarını artıqlaması ilə yerinə yetirən və ya müəyyən edilmiş tapşırıqları nümunəvi yerinə yetirən məhkumlara xərcləmək üçün icazə verilən vəsaitdən əlavə olaraq, ayda on beş manat miqdarında, ağır işlərdə, əmək şəraiti zərərli olan işlərdə, yaxud yüksək dağlıq rayonlarda yerləşmiş cəzaçəkmə müəssisələrində isə, əlavə olaraq aydaotuz beş manat miqdarında pul xərcləməyə icazə verilir.
80.4. Birinci və ikinci qrup əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara, hamilə qadınlara, cəzaçəkmə müəssisələrinin nəzdindəki uşaq evlərində uşaqları olan qadınlara, müalicə müəssisələrində və yoluxucu xəstəliyə tutulmuş şəxslərin saxlanılması və müalicəsi üçün nəzərdə tutulan cəzaçəkmə müəssisələrindəki məhkumlara əlavə olaraq aydaon beş manat miqdarında ərzaq məhsulları və ən zəruri mallar əldə etməyə icazə verilir.
80.5. Cəzaçəkmə müəssisələrində məhkumlara ticarət şəbəkəsi vasitəsilə satışına icazə verilən ərzaq məhsullarının və digər malların siyahısı cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilir.
Maddə 81. Məhkumların qohumları, vəkilləri və digər şəxslərlə görüşü
81.1. Məhkumlara cəzaçəkmə müəssisəsinin ərazisində dörd saatadək qısamüddətli və bir gündən üç günədək uzunmüddətli görüşlər verilir.
81.2. Qısamüddətli görüşlər qohumlarla və başqa şəxslərlə cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı ilə verilir.
81.3. Məhkumlara uzunmüddətli görüşlər birlikdə yaşamaq hüququ ilə yaxın qohumlarla (arvadı, əri, valideynləri, babası, nənəsi, övladları, övladlığa götürənləri və götürdükləri, nəvələri, qardaşları və bacıları) verilir. Məhkumların xahişi ilə uzun müddətli görüşlər qısa müddətli görüşlərlə əvəz edilə bilər.
81.4. Məhkumlara müsbət təsir göstərə biləcək digər şəxslərlə görüş üçün cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən şərait yaradılır.
81.5. Görüşlərin sayı və növləri bu Məcəllə ilə müəyyən edilir.
81.6. Ağır xəstəliyi ilə əlaqədar həyatı üçün təhlükə yaranan məhkumun yaxın qohumlarına ona baş çəkmək üçün cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən imkan yaradılır.
81.7. Hüquqi yardım almaq üçün məhkumların özlərinin, yaxın qohumlarının və ya onların qanuni nümayəndələrinin ərizəsinə əsasən məhkumlara vəkillərlə, habelə belə yardımı göstərmək hüququna malik olan digər şəxslərlə görüş verilir.
81.8. Məhkumlarla bu Məcəllənin 81.7-ci maddəsi ilə müəyyən edilmiş görüşlərin sayı və müddəti məhdudlaşdırılmır və cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarına riayət edilməklə həyata keçirilir. Belə görüşlər bu Məcəllə ilə müəyyən edilmiş görüşlərin sayına daxil edilmir.
81.9. Vəkil və ya hüquqi yardım göstərmək hüququna malik olan digər şəxs cəzaçəkmə müəssisəsinə onun şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədi təqdim etdikdə buraxılır. Belə görüşlər tərəflərin arzusu ilə təklikdə keçirilir.
Maddə 82. Məhkumların bağlama, sovqat və banderol alması
82.1. Cəzaçəkmə müəssisələrində məhkumlar bu Məcəllə ilə müəyyən edilmiş sayda bağlama, sovqat və ya banderol alırlar. Bir bağlama və ya banderolun yuxarı çəkisi mövcud poçt göndərişləri qaydaları ilə müəyyən edilir. Bir sovqatın çəkisi bir bağlama üçün müəyyən olunmuş çəkidən artıq olmamalıdır.
82.2. Ağır xəstə, hamilə və uşaq evlərində uşaqları olan qadın məhkumların, birinci və ikinci qrup əlilliyi, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu olan məhkumların bağlama, sovqat və ya banderol almalarına məhdudiyyət qoyulmur.
82.3. Tibbi rəyə əsasən məhkumların aldığı dərman preparatları və tibbi məmulatlar bu Məcəllənin 82.1-ci maddəsi ilə müəyyən olunmuş bağlama, sovqat və ya banderolların sayına daxil edilmir. Belə dərman preparatları və tibbi məmulatlar cəzaçəkmə müəssisələrinin tibb-sanitar hissəsinə məhkumların müalicəsi üçün verilir.
82.4. Bağlama, sovqat və banderollara müdiriyyət tərəfindən baxış keçirilir.
82.5. Məhkumların bağlama, sovqat və ya banderol alması və onlara baxış keçirilməsi qaydası//çıxarılıb// cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilir. Məhkumların adına göndərilmiş bağlama və banderollarda bu məcəllənin 74.5-ci maddəsində nəzərdə tutulanlar istisna olmaqla, digər əşya, mallar və ərzaq məhsulları aşkar edildikdə onlar götürülür. Bu əşya, mallar və ya ərzaq məhsulları məhkum azad olunanadək saxlanılması üçün anbara təhvil verilir və ya bağlama və banderolu göndərmiş şəxsin hesabına geri qaytarılır, yaxud cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış qərarına əsasən məhv edilir.
82.6. Cəzaçəkmə müəssisəsinin müdiriyyətinin razılığı ilə məhkumlar yaxın qohumlarına bağlama və ya banderol göndərə bilərlər.
Maddə 83. Məhkumların yazışması, pul baratlarının alınması və göndərilməsi
83.1. Bu Məcəllənin 83.3-cü maddəsində nəzərdə tutulan hallardan başqa məhkumlara məhdudiyyətsiz sayda məktub, teleqram almağa və göndərməyə icazə verilir. Məhkumlar məktub və teleqramları öz hesablarına göndərirlər.
83.2. Məhkumların müdafiəçi və ya qanuni əsaslarla hüquqi yardım göstərən digər şəxslərlə yazışmaları istisna olmaqla, onlar tərəfindən alman və göndərilən yazışmalar hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini, cəzanın çəkilməsi qaydasını və şəxslərin həyat və təhlükəsizliyini təmin etmək məqsədilə cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən senzuradan keçirilə bilər. Yazışmadakı məlumatların cinayətlərin törədilməsinə yönəlməsi barədə cəzaçəkmə müəssisəsi müdiriyyətinin əsaslı məlumata malik olduğu hallarda məhkumların yazışmaları üzərində nəzarət cəzaçəkmə müəssisəsi müdiriyyətinin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Qanunvericiliklə qadağan olunmuş əşyaların ötürülməsinin qarşısını almaq məqsədilə məhkumların adına gələn və onlar tərəfindən göndərilən məktublar cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən açıla bilər. Bu halda həmin məktubların oxunmasına yol verilmir.
83.3. Cəzaçəkmə müəssisələrində saxlanılan və qohum olmayan məhkumlar arasında yazışmalara cəzaçəkmə müəssisəsi müdiriyyətinin razılığı ilə icazə verilir.
83.4. Məhkumların adına gəlmiş məktubların verilməsi, habelə ünvan sahiblərinə məhkumların məktublarının göndərilməsi məktubun gəldiyi və ya məhkum tərəfindən verildiyi gündən ən geci üç gün müddətində cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən həyata keçirilir. Teleqramlar məhkuma cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən təxirə salınmadan verilir.
83.5. Cəzaçəkmə müəssisələrinin fəaliyyətinə nəzarəti həyata keçirən orqanlara , Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinə (ombudsmana) , Milli preventiv qrupa və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ünvanlanmış təklif, ərizə və şikayətlər senzuradan keçirilmir və bir gündən gec olmayaraq (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) aidiyyəti üzrə göndərilir.
83.6. Məhkumlar məhdudiyyətsiz pul baratları almaq, həmçinin şəxsi hesablarından yaxın qohumlarına pul baratları göndərmək hüququna malikdirlər. Başqa şəxslərə məhkumlar cəzaçəkmə müəssisəsinin müdiriyyətinin icazəsi ilə pul baratları göndərə bilərlər.
Maddə 84. Məhkumların telefon danışıqları
84.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər həftədə iki dəfə, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər isə həftədə bir dəfə müddəti on beş dəqiqə olmaqla telefonla danışmaq hüququna malikdirlər. Şəhərlərarası telefon danışıqlarının haqqı məhkumun şəxsi vəsaiti hesabına və ya yaxın qohumları tərəfindən ödənilir. Texniki imkanlar olmadıqda bir telefon danışığı bir qısa müddətli görüşlə əvəz edilə bilər.
84.2. Məhkumun xahişi ilə onun yeni cəzaçəkmə müəssisəsinə gəlməsi ilə əlaqədar, həmçinin müstəsna hallarda ona cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən əlavə telefon danışığına icazə verilə bilər.
84.3. Tənbeh tədbiri kimi intizam və ya cərimə təcridxanalarında, kamera tipli otaqlarda və birnəfərlik kameralarda saxlanılan məhkumların telefon danışıqlarına yalnız müstəsna hallarda icazə verilə bilər.
84.4. Cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar arasında yaxın qohumlar istisna olmaqla telefon danışıqlarına icazə verilmir.
84.5. Cinayət təqibinin, cəzanın icrası prosesində ictimai qaydanın, təhlükəsizliyin və rejim tələblərinin təmin edilməsi, yeni cinayətlərin və digər hüquqpozmaların törədilməsinin qarşısının alınması, onlardan zərər çəkmiş şəxslərin müdafiəsi zərurəti yarandıqda cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış qərarı ilə məhkumların telefon danışıqlarına nəzarət edilir.
Maddə 85. Məhkumların gəzintisi
85.1. Açıq havada işləməyən, bağlı otaq və ya kamerada saxlanılan məhkumlar bir saatdan az olmayan müddətə hər gün gəzinti hüququna malikdirlər.
85.2. Məhkumların gəzintisi gündüz vaxtı, cəzaçəkmə müəssisəsi ərazisinin xüsusi təchiz olunmuş hissəsində hər bağlı otaq və ya kamera üçün ayrılıqda keçirilir. Gəzinti zamanı müvafiq qaydalar məhkum tərəfindən pozulduqda gəzinti vaxtından əvvəl dayandırıla bilər.
Maddə 86. Məhkumların ədəbiyyat və yazı ləvazimatı əldə etməsi və saxlaması
86.1. Məhkumlara bağlama, sovqat və ya banderol ilə, habelə şəxsi hesablarında olan vəsait hesabına məhdudiyyət qoyulmadan yazı ləvazimatı, ədəbiyyat almağa, qəzet və jurnallara abunə yazılmağa icazə verilir.
86.2. Əldə olunmuş ədəbiyyat bu Məcəllə ilə müəyyən edilmiş bağlama və banderolların sayına daxil edilmir. Məhkumlara on cildədək kitab (jurnal) saxlamağa icazə verilir.
86.3. Məhkumların müharibəni, zorakılığı, ekstremizmi, terroru və qəddarlığı təbliğ edən, milli, dini və irqi ədavəti qızışdıran, habelə pornoqrafiya xarakterli nəşrləri əldə etməsi, saxlaması, onlara abunə yazılması və onları yayması qadağandır.
Maddə 87. Məhkumların müşayiətsiz gediş-gəlişi
87.1. Təsərrüfat və ya məişət xidməti üçün cəzaçəkmə müəssisələrində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən və müsbət xarakterizə olunan məhkumlara cəza müddətinin ən azı üçdə bir hissəsini çəkdikdən sonra onların gördüyü işin xüsusiyyətinə görə zəruri hallarda mühafizə olunan ərazidən kənarda müşayiətsiz hərəkət etməyə icazə verilə bilər.
87.2. Cinayətlərin xüsusi təhlükəli residivinə görə məhkum olunmuş şəxslərə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə, ömürlük azadlıqdan məhrum etmə növündə cəzası müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz olunmuş şəxslərə, tibbi xarakterli məcburi tədbirlər keçməli olan şəxslərə, bir cəzaçəkmə müəssisəsində altı aydan az müddətə cəza çəkən məhkumlara, tənbehi olan məhkumlara, cəzanın icrası dövründə qəsdən törədilmiş cinayətlərə görə yenidən məhkum olunmuşlara, vərəm xəstəliyinə tutulmuş (vərəm çöpləri ifraz edənlər) və zöhrəvi xəstəliklərdən tam müalicə kursu keçməyən məhkumlara mühafizə olunan ərazidən kənarda müşayiətsiz hərəkət etməyə icazə verilmir.
87.3. Məhkuma mühafizə olunan ərazidən kənarda müşayiətsiz hərəkət etmək üçün icazə cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış qərarına əsasən verilir.
87.4. Müşayiətsiz hərəkət etməyə icazə verilmiş məhkumlar ayrı yaşayış binalarında yerləşdirilə bilərlər.
87.5. Mühafizə olunan ərazidən kənarda müşayiətsiz hərəkət etməyə icazə verilmiş məhkumların davranışı cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə tənzimlənir.
87.6. Məhkum tərəfindən davranış qaydaları pozulduqda və ya işin xüsusiyyəti dəyişdikdə müşayiətsiz hərəkət etməyə icazə cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış qərarı ilə ləğv olunur.
Maddə 88. Məhkum qadınların cəzaçəkmə müəssisəsindən kənarda yaşaması
88.1. Əməyə vicdanlı münasibət bəsləyən və cəzaçəkmə rejiminin tələblərinə riayət edən, habelə cəza müddətinin ən azı üçdə birini çəkmiş məhkum qadınlara cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış qərarı ilə hamiləliyə və ya doğuşa görə qanunla müəyyən edilmiş qaydada, işdən azad edildikləri vaxt ərzində, habelə uşaq üç yaşına çatanadək cəzaçəkmə müəssisəsindən kənarda yaşamağa icazə verilə bilər.
88.2. Cəzaçəkmə müəssisəsindən kənarda yaşamağa icazə verilmiş məhkum qadınlar:
88.2.1. cəzaçəkmə müəssisəsinin ərazisi yaxınlığında yaşamağa yerləşdirilir və müdiriyyətin daimi müşahidəsi altında olurlar;
88.2.2. adi həyatda işlədilən paltar geyinə bilərlər;
88.2.3. məhdudiyyətsiz halda yazışa bilər, pul baratları ala bilər və nağd puldan istifadə edə bilər, qohumları, həkimi ilə və başqa şəxslərlə görüşə bilər, bağlama, sovqat və ya banderol ala bilərlər;
88.2.4. hüdudları cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən müəyyən edilən ərazi daxilində sərbəst gediş-gəliş hüququndan istifadə edə bilərlər.
88.3. Cəzaçəkmə rejimi və ya davranış qaydaları məhkum qadın tərəfindən müntəzəm və ya qəsdən pozulduqda, cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış qərarına əsasən cəzaçəkmə müəssisəsindən kənarda yaşamaq üçün verilən icazə ləğv edilir, məhkum qadın isə cəzasını çəkmək üçün cəzaçəkmə müəssisəsinə qaytarılır.
Maddə 89. Cəzaçəkmə müəssisəsinin hüdudlarından kənarda qısa müddətli səfərlər
89.1. Məntəqə tipli cəzaçəkmə müəssisələrində, ilk dəfə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə görə, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş ümumi rejimli cəzaçəkmə müəssisələrində və tərbiyə müəssisələrində saxlanılan məhkumlara onların yaxın qohumlarının ölümü və ya həyatı üçün təhlükə yaradan ağır xəstəliyi ilə əlaqədar, məhkumlara və ya onların ailəsinə təbii fəlakətlə və digər fövqəladə hadisə nəticəsində əhəmiyyətli maddi zərər vurulduqda cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara (yalnız ölkə daxilində) yeddi gün müddətinə qısa müddətli səfərə getməsinə icazə verilə bilər. Bu zaman gedib-gəlmək üçün sərf olunan vaxt, iki gündən çox olmamaq şərti ilə, nəzərə alınmır.
89.2. Bu Məcəllənin 89.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkumun qısa müddətli səfər haqqındakı ərizəsinə təxirə salınmadan baxılmalıdır. Qısa müddətli səfərə cəzaçəkmə müəssisəsinin müdiriyyəti, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırıldıqdan sonra məhkumun şəxsiyyətini və davranışını nəzərə almaqla icazə verir. Qısa müddətli səfərə icazə verilməməsi əsaslandırılmalıdır. Məhkumun cəzaçəkmə müəssisəsinin hüdudlarından kənarda olduğu vaxt cəzanın icrası müddətinə hesablanır. Məhkumun yol xərcini özü və ya qohumları ödəyir. Məhkumun cəzaçəkmə müəssisəsinin hüdudlarından kənarda olduğu vaxt ərzində ona əmək haqqı verilmir.
89.3. Cəzaçəkmə müəssisələrindəki uşaq evlərində uşaqları olan qadınlara öz məzuniyyətləri vaxtı övladlarını qohumlarının, himayəçilərinin yanına və ya uşaq evlərinə düzəltmək üçün cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara (yalnız ölkə daxilində) on beş günədək qısa müddətli səfərə getməsinə icazə verilə bilər.
89.4. İlk dəfə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə görə, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş və ümumi rejimli cəzaçəkmə müəssisələrində və ya ümumi rejimli tərbiyə müəssisələrində bu Məcəllənin 113.3 və 124.3-cü maddələrinə əsasən saxlanılma şəraiti yaxşılaşdırılan məhkumlara ildə bir dəfə məzuniyyətləri vaxtı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada cəzaçəkmə müəssisəsinin müdiriyyətinin qərarı ilə cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara (yalnız ölkə daxilində) yeddi günədək müddətə, yola sərf olunan iki günədək müddət nəzərə alınmamaqla, qısa müddətli səfər etməyə icazə verilə bilər.
89.4-1. Məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən və cəzaçəkmə müəssisəsindən kənarda, yaxud cəzaçəkmə müəssisəsinin istehsalat sahəsində əmək fəaliyyəti ilə məşğul olan məhkuma nümunəvi davranışına, əməyə və təhsilə vicdanlı münasibətinə, təlim-tərbiyə tədbirlərində fəal iştirakına görə cəzaçəkmə müəssisəsi müdiriyyətinin qərarı ilə əmək məzuniyyətini cəzaçəkmə müəssisəsinin hüdudlarından kənarda (yalnız Azərbaycan Respublikasının ərazisi hüdudlarında) keçirməyə icazə verilməlidir.
89.5. Məhkumların cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara qısa müddətli səfərə buraxılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 90. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin məcburi dövlət sosial sığortası və pensiya təminatı
90.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş və işləyən şəxslər, dövlət məcburi sığortalanmasına cəlb edilir, qadın məhkumlar isə bundan əlavə ümumi əsaslarla hamiləliyə və ya doğuşa görə müavinətlə təmin olunurlar.
90.2. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər ümumi əsaslarla qanunvericilikdə nəzərdə tutulmuş hallarda pensiya təminatı hüququna malikdirlər.
90.3. Məhkumların pensiyalarından qanunvericiliklə müəyyən edilmiş əsaslarla və miqdarda tutulmalar aparılır. Pensiyadan tutulmaların əsasları, növləri, həmçinin bütün tutulmalardan asılı olmayaraq məhkumun şəxsi hesabına keçirilən pensiyanın minimum məbləği bu Məcəllənin 99.3-cü maddəsi ilə müəyyən edilir.
Maddə 91. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin maddi məişət təminatı
91.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzaçəkmə müəssisələrində sanitariya və gigiyena qaydalarına uyğun zəruri maddi-məişət şəraiti ilə təmin olunurlar.
91.2. Cəzaçəkmə müəssisələrində, tərbiyə müəssisələrində və həbsxanalarda hər məhkum üçün yaşayış sahəsinin norması dörd kvadratmetrdən, müalicə müəssisələrində isə beş kvadratmetrdən az ola bilməz.
91.3. Məhkumlara fərdi yataq yeri və yataq ləvazimatı verilir. Onlar cinsləri, mövsüm və iqlim şəraiti nəzərə alınmaqla dövlət hesabına geyim, alt paltarı və ayaqqabı ilə təmin edilirlər.
91.4. Məhkumlar gün ərzində orqanizmin normal fəaliyyətini təmin edən üç dəfə yeməklə dövlət hesabına təmin olunurlar. Məhkumları əməyə cəlb edən müəssisələrin hesabına onların müəyyən olunmuş normadan əlavə qidalanması təşkil edilə bilər//çıxarılıb//
91.5. Məhkumların yemək və maddi-məişət normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
91.6. ləğv edilmişdir.
91.7. ləğv edilmişdir.
91.8. Hamilə və ya üç yaşına çatmamış uşağı olan məhkum qadınlara, yetkinlik yaşına çatmayan, həmçinin xəstə, birinci və ikinci qrup əlilliyi olan məhkumlara yaxşılaşdırılmış maddi-məişət şəraiti yaradılır və onlar üçün yeməyin xüsusi normaları müəyyən edilir.
91.9. Ərzaq məhsullarının və ən zəruri malların əldə edilməsi üçün xərcləməyə icazə verilən məbləğdən başqa, məhkumlar öz şəxsi hesablarında olan vəsaitlə cəzaçəkmə müəssisələrində istifadəsinə icazə verilən ayaqqabı və paltar //çıxarılıb// əldə edə bilərlər. Məhkumlar normativ hüquqi aktlarla müəyyən olunmuş qaydada haqqı ödənilən müalicə-profilaktika xidmətlərindən və başqa əlavə xidmətlərdən istifadə edə bilərlər.
Maddə 91-1. Cəzaçəkmə müəssisələrində bədən tərbiyəsi və idman
91-1.1. Cəzaçəkmə müəssisələrinin rəhbərliyi azadlıqdan məhrum edilmiş şəxslərin bədən tərbiyəsi və idmanla məşğul olması üçün şəraiti təmin edir və idman tədbirlərinin keçirilməsini təşkil edir.
91-1.2. Cəzaçəkmə müəssisələrinin gün bölgüsündə fiziki məşqlər, o cümlədən səhər gimnastikası və gündə bir saatdan az olmayaraq idmanla məşğul olma nəzərdə tutulur.
91-1.3. Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər müəyyən edilmiş normativlərdən əlavə bədən tərbiyəsi və idmanla məşğul olmaq üçün öz vəsaitləri hesabına idman geyimi və alətləri əldə etmək hüququna malikdirlər.
Maddə 92. Hamilə və ya üç yaşına çatmayan uşağı olan məhkum qadınların maddi-məişət təminatının xüsusiyyətləri
92.1. Cəzaçəkmə müəssisələrində məhkum qadınların üç yaşına çatmayan uşaqlarının yerləşdirilməsi üçün uşaq evləri təşkil edilir. Uşaq evləri uşaqların normal inkişafı və yaşayışı üçün zəruri şəraitlə təmin edilir. Məhkum qadınlar asudə vaxtlarında uşaqlarla məhdudiyyətsiz görüşə bilərlər. Onların uşaqla birgə yaşayışına icazə verilə bilər.
92.2. Məhkum qadınların uşaqları ananın razılığı ilə onun qohumlarına və ya ananın razılığı, qəyyumluq və himayəçilik orqanlarının qərarı ilə digər şəxslərə verilə, habelə üç yaşı tamam olduqdan sonra müvafiq uşaq müəssisələrinə göndərilə bilərlər.
92.3. Üç yaşı tamam olmuş uşaqların anasının cəzaçəkmə müddətinin qurtarmasına bir ildən çox qalmazsa və o, analıq borcunu vicdanla yerinə yetirərsə, cəzaçəkmə müəssisəsinin müdiriyyəti uşağın uşaq evində saxlanma müddətini cəzaçəkmə müddətinin sonuna qədər artıra bilər.
92.4. Hamilə qadınlar doğuş və doğuşdan sonrakı müddətdə xüsusi tibbi yardım almaq hüququna malikdirlər.
Maddə 93. Məhkumların tibbi-sanitariya təminatı
93.1. Cəzaçəkmə müəssisələrində müalicə-profilaktika, sanitariya-profilaktika və sanitariya-epidemiologiya işi qanunvericiliyə, habelə cəzanın icrası qaydasına və şərtlərinə uyğun təşkil edilir və həyata keçirilir.
93.2. Cəzaçəkmə müəssisələrində məhkumlara tibbi xidmət göstərmək üçün tibb-sanitariya hissələri, həmçinin yoluxucu xəstələrin, alkoqolizm və narkomaniyaya düçar olanların, habelə vərəmli xəstələrin stasionar müalicəsi və saxlanılması üçün müalicə müəssisələri təşkil edilir.
Azadlıqdan məhrum etmə növündə cəza çəkən narkoloji xəstələrin narkoloji yardım almaq hüququnun hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Azadlıqdan məhrum etmə növündə cəza çəkən və abstinent sindromu vəziyyətində olan narkoloji xəstələr digər xəstələrdən ayrı saxlanılır.
Cəzaçəkmə müəssisələrində insanın immunçatışmazlığı virusu infeksiyasının profilaktikası məqsədi ilə insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş tədbirlər həyata keçirilir.
93.3. Cəzaçəkmə müəssisələrinin müdiriyyəti məhkumların ümumi və şəxsi sanitariya-gigiyena tələblərinə əməl edilməsini təmin edir;
93.4. Yemək qəbul etməkdən imtina edən və bununla əlaqədar həyatı üçün təhlükə yaranan məhkumların tibbi rəyə əsasən məcburi qaydada qidalandırılmasına yol verilir.
93.5. Cəzaçəkmə müəssisələrində məhkumlara tibbi xidmət göstərilməsi, sanitar nəzarətinin təşkili və həyata keçirilməsi, müəssisədən kənar tibb müəssisələrindən istifadə və bu məqsədlə onların tibb işçilərinin cəlb edilməsi qaydası normativ hüquqi aktlarla müəyyən edilir.
93.6. Məhkumlar tibbi məsləhət və müalicə almaq üçün pullu xidmət göstərən tibb müəssisələrinə müraciət etmək hüququna malikdirlər. Bu növ xidmətlərin, dərmanların ödəniş haqqı məhkum və ya onun qohumları tərəfindən həyata keçirilir. Belə hallarda tibbi məsləhətin verilməsi və müalicənin aparılması cəzaçəkmə müəssisəsinin tibb-sanitariya hissəsində, habelə müalicə müəssisəsində həmin müəssisənin tibb işçilərinin müşahidəsi altında həyata keçirilir.
Maddə 94. Məhkumların maddi məsuliyyəti
94.1. Cəzaçəkmə müəssisələrində məhkumlar vurduqları maddi ziyana görə məsuliyyət daşıyırlar:
94.1.1. əmək vəzifələrinin icrası zamanı vurduqları ziyana görə Azərbaycan Respublikası əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada;
94.1.2. vurulan digər ziyana görə Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada.
94.2. Özlərinə qəsdən bədən xəsarəti yetirmiş məhkumların müalicəsi və ya cəzaçəkmə müəssisəsindən qaçmış məhkumun tutulması ilə əlaqədar çəkilən xərclər qanunvericiliklə müəyyən edilmiş qaydada məhkumlar tərəfindən ödənilməlidir.
Dostları ilə paylaş: |