Ümumi hissə I bölmə Cəzaların İcrası qanunvericiliyinin əsas müddəaları


XIV fəsil   Müxtəlif növlü cəzaçəkmə müəssisələrində cəzanın icrası



Yüklə 0,66 Mb.
səhifə5/7
tarix07.04.2017
ölçüsü0,66 Mb.
#13564
1   2   3   4   5   6   7

XIV fəsil

 

Müxtəlif növlü cəzaçəkmə müəssisələrində cəzanın icrası

 

Maddə 112. Ümumi rejimli cəzaçəkmə müəssisələri



 

112.1. Ümumi rejimli cəzaçəkmə müəssisələrində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə müəyyən müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, həmçinin cəzaları müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilmiş şəxslər cəza çəkirlər.

112.2. Ehtiyatsızlıqdan törədilmiş, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum olunmuş kişilər ilk dəfə ağır cinayətlərə görə məhkum olunmuş və bu Məcəllənin 70.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydada ciddi rejimli cəzaçəkmə müəssisələrindən keçirilmiş kişilərdən ayrı saxlanılırlar.

 

Maddə 113. Ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın icrası şərtləri



 

113.1. Ümumi rejimli cəzaçəkmə müəssisələrində məhkumlar cəzaçəkmə müəssisələrinin daxili intizam qaydalarına uyğun olaraq cəzaçəkmə müəssisəsi ərazisinin daxilində hərəkət edə bilərlər.

113.2. Ehtiyatsızlıqdan törədilmiş, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum olunmuş şəxslərin saxlandığı ümumi rejimli cəzaçəkmə müəssisələrində məhkumlar:

113.2.1. adi yaşayış binalarında saxlanılırlar;

113.2.2. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda əlli manatadək miqdarda pul xərcləyə bilərlər;

113.2.3. il ərzində qısa müddətli qırx səkkiz görüş və uzun müddətli dörd görüş almaq hüququna malikdirlər;

113.2.4. il ərzində qırx səkkiz bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər.

113.3. Məhkumlar cəzanın icrası qaydalarını pozmadıqda və əməyə vicdanla yanaşdıqda, cəza müddətinin ən azı üçdə birini çəkdikdən sonra onların saxlanılması şəraiti yaxşılaşdırıla bilər. Bu halda məhkumlar əlavə olaraq:

113.3.1. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda on beş manatadək miqdarda pul xərcləyə bilərlər;

113.3.2. il ərzində uzun müddətli dörd görüş almaq hüququna malikdirlər;

113.3.3. hər il məzuniyyət vaxtı cəzaçəkmə müəssisəsinin müdiriyyətinin qərarı ilə cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara qısa müddətli səfər edə bilərlər.

113.4. Ağır cinayətlərə görə ilk dəfə məhkum olunmuş və bu Məcəllənin 70.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydada ciddi rejimli cəzaçəkmə müəssisələrindən keçirilmiş şəxslərin saxlandığı ümumi rejimli cəzaçəkmə müəssisələrində məhkumlar:

113.4.1. adi yaşayış binalarında saxlanılırlar;

113.4.2. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda qırx beş manatadək miqdarda pul xərcləyə bilərlər;

113.4.3. il ərzində qısa müddətli iyirmi dörd görüş və uzun müddətli üç görüş almaq hüququna malikdirlər;

113.4.4. il ərzində iyirmi dörd bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər.

113.5. Məhkumlar cəzanın icrası qaydalarını pozmadıqda və əməyə vicdanla yanaşdıqda, cəza müddətinin ən azı üçdə birini çəkdikdən sonra onların saxlanılması şəraiti yaxşılaşdırıla bilər. Bu halda məhkumlar əlavə olaraq:

113.5.1. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda on beş manatadək miqdarda pul xərcləyə bilərlər;

113.5.2. il ərzində qısa müddətli on iki görüş və uzun müddətli üç görüş almaq hüququna malikdirlər;

113.5.3. il ərzində on iki bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər.

 

Maddə 114. Ciddi rejimli cəzaçəkmə müəssisələri



 

Ciddi rejimli cəzaçəkmə müəssisələrində xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş, habelə cinayətlərin residivi zamanı, yəni əvvəllər müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər və cinayətlərin xüsusi təhlükəli residivinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş qadınlar cəza çəkirlər.

 

Maddə 115. Ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın icrası şərtləri



 

115.1. Ciddi rejimli cəzaçəkmə müəssisələrində məhkumlar cəzaçəkmə müəssisələrinin daxili intizam qaydalarına uyğun olaraq cəzaçəkmə müəssisəsi ərizəsinin daxilində hərəkət edə bilərlər.

115.2. Ciddi rejimli cəzaçəkmə müəssisələrində məhkumlar:

115.2.1. adi yaşayış binalarında saxlanılırlar:

115.2.2. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda qırx manatadək miqdarda pul xərcləyə bilərlər;

115.2.3. il ərzində qısa müddətli on iki görüş və uzun müddətli iki görüş almaq hüququna malikdirlər;

115.2.4. il ərzində on iki bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər.

115.3. Məhkumlar cəzanın icrası qaydalarını pozmadıqda və əməyə vicdanla yanaşdıqda, cəza müddətinin ən azı yarısını çəkdikdən sonra onların saxlanılması şəraiti yaxşılaşdırıla bilər. Bu halda məhkumlar əlavə olaraq:

115.3.1. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda on beş manatadək miqdarda pul xərcləyə bilərlər;

115.3.2. il ərzində qısa müddətli altı görüş və uzun müddətli iki görüş almaq hüququna malikdirlər;

115.3.3. il ərzində on iki bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər.

 

Maddə 116. Xüsusi rejimli cəzaçəkmə müəssisələri



 

116.1. Xüsusi rejimli cəzaçəkmə müəssisələrində cinayətlərin xüsusi təhlükəli residivinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş və ömürlük azadlıqdan məhrum etmə növündə cəzası müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz olunmuş kişilər cəza çəkirlər.

116.2. Xüsusi rejimli cəzaçəkmə müəssisələrinə cəza çəkməyə göndərilmiş məhkumlar kamera tipli otaqlarda saxlanılırlar. Məhkumlar bu Məcəllənin 105.10-cu maddəsində nəzərdə tutulmuş qaydada kamera tipli otaqlardan adi yaşayış binalarına keçirilə bilərlər.

 

Maddə 117. Xüsusi rejimli cəzaçəkmə müəssisələrində cəzanın icrası şərtləri



 

117.1. Xüsusi rejimli cəzaçəkmə müəssisələrində məhkumlar:

117.1.1. kamera tipli otaqlarda və ya adi yaşayış binalarında saxlanılırlar;

117.1.2. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda otuz beş manatadək miqdarda pul xərcləyə bilərlər;

117.1.3. il ərzində qısa müddətli altı görüş və uzun müddətli iki görüş almaq hüququna malikdirlər;

117.1.4. il ərzində səkkiz bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər.

117.2. Məhkumlar cəzanın icrası qaydalarını pozmadıqda və əməyə vicdanla yanaşdıqda cəza müddətinin ən azı yarısını çəkdikdən sonra onların saxlanılması şəraiti yaxşılaşdırıla bilər. Bu halda məhkumlar əlavə olaraq:

117.2.1. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda on beş manatadək miqdarda pul xərcləyə bilərlər;

117.2.2. il ərzində qısa müddətli iki görüş və uzun müddətli bir görüş almaq hüququna malikdirlər;

117.2.3. il ərzində üç bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər.

 

Maddə 118. Məntəqə tipli cəzaçəkmə müəssisələri



 

118.1. Məntəqə tipli cəzaçəkmə müəssisələrində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər və bu Məcəllənin 70.2.3 və 70.2.4-cü maddələrində nəzərdə tutulmuş qaydada ümumi rejimli cəzaçəkmə müəssisələrindən keçirilmiş şəxslər cəza çəkirlər. Ümumi rejimli cəzaçəkmə müəssisələrindən keçirilmiş ağır və ya az ağır cinayətlərə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər məntəqə tipli cəzaçəkmə müəssisələrində digər məhkumlardan ayrı saxlanılırlar.

118.2. Məntəqə tipli cəzaçəkmə müəssisələrində məhkumlar eyni şəraitdə saxlanılırlar.

118.3. Kişi və qadın məhkumlar eyni məntəqə tipli cəzaçəkmə müəssisələrində saxlanıla bilərlər. İştirakçılıqla cinayət törədən şəxslər bir qayda olaraq ayrılıqda cəza çəkirlər.

 

Maddə 119. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın icrası şərtləri



 

119.1. Məntəqə tipli cəzaçəkmə müəssisələrində məhkumlar:

119.1.1. mühafizəsiz, lakin nəzarət altında saxlanılırlar;

119.1.2. müəyyən edilmiş nümunəli şəxsiyyəti təsdiq edən sənəd daşıyırlar;

119.1.3. yuxudan durmaq vaxtından yatmaq vaxtınadək müəssisədə sərbəst hərəkət edə bilərlər;

119.1.4. məhdudiyyət qoyulmadan qohumları ilə və başqa şəxslərlə yazışa və görüşə bilər, bağlama, sovqat və ya banderol ala bilərlər;

119.1.5. cəzaçəkmə müəssisəsində gündə bir dəfə müddəti on beş dəqiqə olmaqla telefonla danışa bilərlər;

119.1.6. məişətdə istifadə edilən ümumi paltar geyinə, pul və qiymətli şeylər gəzdirə, puldan qeyri-məhdud istifadə edə bilərlər.

119.2. Məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumların kommunal, yemək, maddi-məişət, tibbi-sanitariya və digər təminatları dövlət hesabına həyata keçirilir.

119.3. Cəzaçəkmə müəssisəsindən kənarda müəssisəyə yaxın ərazidə işə düzələn və ya ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan məhkumlar cəzaçəkmə müəssisəsinin müdiriyyətinin icazəsi ilə sutkada on iki saatdan artıq olmayan müddətdə müəssisədən kənarda, lakin Azərbaycan Respublikasının ərazisi hüdudlarında nəzarətsiz hərəkət edə bilərlər. Bu halda müəssisənin müdiriyyəti tərəfindən qəbul edilən qərarda hər bir məhkum üçün fərdi şəkildə tərtib olunan cəzaçəkmə müəssisəsindən çıxma və cəzaçəkmə müəssisəsinə qayıtma qrafiki müəyyən edilir.

119.4. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən zəruri hesab edildikdə, cəzaçəkmə müəssisəsindən kənarda işə düzələn və ya təhsil alan məhkumun müvafiq olaraq işdən və ya təhsildən yayınıb-yayınmaması yoxlanılır. Yoxlama nəticəsində məhkumun üzrsüz səbəbdən işdən və ya təhsildən yayınması müəyyən olunarsa, bu Məcəllənin 119.3-cü maddəsində nəzərdə tutulmuş qərar ləğv edilir.

 

Maddə 120. Həbsxanalar



 

120.1. Həbsxanalarda xüsusilə ağır cinayətlər törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, cəza müddətini tam və ya onun bir hissəsini çəkməklə cinayətlərin xüsusi təhlükəli residivinə görə məhkum olunmuş şəxslər, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər, həmçinin ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisələrindən bu Məcəllənin 70.4.3-cü maddəsinə uyğun olaraq həbsxanaya keçirilmiş məhkumlar saxlanılırlar.

120.2. Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş və təsərrüfat və məişət xidməti işi üçün həbsxanada saxlanılmış şəxslər istisna olmaqla, həbsxanalarda saxlanılan digər məhkumlar üçün ümumi və ciddi saxlanma şəraiti müəyyən edilir.

120.3. Ümumi saxlanma şəraitində ilk dəfə həbsxanaya cəza çəkməyə göndərilmiş şəxslər və ciddi saxlanma şəraitindən keçirilmiş şəxslər saxlanılırlar.

120.4. Ciddi saxlanma şəraitində əvvəllər həbsxanada cəza çəkmiş şəxslər, cəzaçəkmə müəssisələrində törədilmiş cinayətlərə görə məhkum olunmuş və ya müəyyən edilmiş qaydada tənbeh tədbiri olaraq ümumi saxlanma şəraitindən ciddi saxlanma şəraitinə keçirilmiş şəxslər saxlanılırlar. Ciddi saxlanma şəraitində olma müddəti iki aydan altı ayadək müəyyən olunur.

120.5. Məhkum qadınlar, həmçinin birinci və ikinci qrup əlilliyi olan məhkumlar ciddi saxlanma şəraitinə keçirilə bilməzlər.

120.6. Cəzanın icrası qaydalarını pozmağa görə ümumi saxlanma şəraitindən ciddi saxlanma şəraitinə keçirilmiş məhkumlar təkrarən ümumi saxlanma şəraitinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada keçirilirlər.

 

Maddə 121. Həbsxanalarda cəzanın icrası şərtləri



 

121.1. Təsərrüfat və məişət xidməti işi üçün cəlb olunmuş şəxslər istisna olmaqla məhkumlar həbsxanada ümumi kameralarda saxlanılırlar. Zəruri hallarda məhkumlar həbsxana müdiriyyətinin əsaslandırılmış qərarı ilə birnəfərlik kameralarda saxlanıla bilərlər.

121.2. Həbsxanada məhkumlar kameralar üzrə bu Məcəllənin 72.1—72.3 və 72.5-ci maddələrinin tələblərinə əməl olunmaqla yerləşdirilirlər. Ümumi və ciddi saxlanma şəraitində saxlanılan şəxslər, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər və təsərrüfat və məişət xidməti işi üçün həbsxanada saxlanılan məhkumlar bir-birindən təcrid olunmuş halda və ayrılıqda saxlanılırlar.

121.3. Həbsxanalarda ümumi saxlanma şəraitində məhkumlar:

121.3.1. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda iyirmi beş manatadək miqdarda pul xərcləyə bilərlər;

121.3.2. il ərzində qısa müddətli dörd görüş və uzun müddətli iki görüş almaq hüququna malikdirlər;

121.3.3. il ərzində altı bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər;

121.3.4. hər gün bir saat gəzinti hüququna malikdirlər.

121.4. Məhkumlar cəzanın icrası qaydalarını pozmadıqda və əməyə vicdanla yanaşdıqda, həbsxanada çəkilməsi müəyyən olunmuş cəza müddətinin ən azı yarısını çəkdikdən sonra onların saxlanılması şəraiti yaxşılaşdırıla bilər. Bu halda məhkumlar əlavə olaraq:

121.4.1. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda on beş manatadək miqdarda pul xərcləyə bilərlər;

121.4.2. il ərzində uzun müddətli bir görüş almaq hüququna malikdirlər;

121.4.3. il ərzində altı bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər.

121.5. Həbsxanalarda ciddi saxlanma şəraitində məhkumlar:

121.5.1. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda on beş manatadək miqdarda pul xərcləyə bilərlər;

121.5.2. altı ayda bir bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər;

121.5.3. altı ayda bir qısa müddətli görüş almaq hüququna malikdirlər;

121.5.4. hər gün bir saat gəzinti hüququna malikdirlər.

 

Maddə 122. Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin saxlanılması şərtləri



 

122.1. Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər həbsxanalarda //çıxarılıb// kameralarda saxlanılırlar. Bu məhkumlar:

122.1.1. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda iyirmi beş manatadək miqdarda pul xərcləyə bilərlər;

122.1.2. il ərzində qısa müddətli altı görüş və uzun müddətli iki görüş almaq hüququna malikdirlər;

122.1.3. il ərzində səkkiz bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər;

122.1.4. hər gün bir saat gəzinti hüququna malikdirlər.

122.2. Məhkumlar cəzanın icrası qaydalarını pozmadıqda və əməyə vicdanla yanaşdıqda, təyin olunmuş cəzadan ən azı on il keçdikdən sonra onların saxlanılması şəraiti yaxşılaşdırıla bilər. Bu halda məhkumlar əlavə olaraq:

122.2.1. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda iyirmi beş manatadək miqdarda pul xərcləyə bilərlər;

122.2.2. il ərzində qısa müddətli iki görüş və uzun müddətli bir görüş almaq hüququna malikdirlər;

122.2.3. il ərzində iki bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər;

122.2.4. il ərzində dörd dəfə telefonla danışmaq hüququna malikdirlər.

122.3. Yaxşılaşdırılmış saxlanılma şəraiti ləğv edildikdə, bu həvəsləndirmə tədbiri müvafiq qərarın qəbul olunduğu vaxtdan üç il keçdikdən sonra yenidən tətbiq edilə bilər.

 

XV fəsil

 

Yetkinlik yaşına çatmayan məhkumların azadlıqdan məhrum etmə növündə cəza çəkməsinin xüsusiyyətləri

 

Maddə 123. Yetkinlik yaşına çatmayan məhkumlar üçün cəzaçəkmə müəssisələri



 

123.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş yetkinlik yaşına çatmayan məhkumlar ümumi və möhkəm rejimli tərbiyə müəssisələrində cəza çəkirlər.

123.2. Ümumi rejimli tərbiyə müəssisələrində yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəza çəkirlər.

123.3. Möhkəm rejimli tərbiyə müəssisələrində əvvəllər müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkmiş yetkinlik yaşına çatmayan oğlanlar cəza çəkirlər.

 

Maddə 124. Tərbiyə müəssisələrində cəzanın icrası şərtləri



 

124.1. Yetkinlik yaşına çatmayan məhkumlar cəzaçəkmə müəssisələrinin daxili intizam qaydalarına uyğun olaraq tərbiyə müəssisəsinin ərazisi daxilində hərəkət edə bilərlər.

124.2. Ümumi rejimli tərbiyə müəssisələrində məhkumlar:

124.2.1. adi yaşayış binalarında saxlanılırlar;

124.2.2. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda əlli manatadək miqdarda pul xərcləyə bilərlər;

124.2.3. il ərzində qısa müddətli qırx səkkiz və uzun müddətli səkkiz görüş almaq hüququna malikdirlər;

124.2.4. il ərzində qırx səkkiz bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər.

124.3. Ümumi rejimli tərbiyə müəssisələrində məhkumlar cəzanın icrası qaydalarını pozmadıqda, əməyə və təhsilə vicdanla yanaşdıqda cəza müddətinin ən azı dörddə birini çəkdikdən sonra onların saxlanılması şəraiti yaxşılaşdırıla bilər. Bu halda məhkumlar əlavə olaraq:

124.3.1. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda on beş manatadək miqdarda pul xərcləyə bilərlər;

124.3.2. il ərzində uzun müddətli dörd görüş almaq hüququna malikdirlər;

124.3.3. hər il məzuniyyət vaxtı cəzaçəkmə müəssisəsinin müdiriyyətinin qərarı ilə cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara valideynlərinin və ya himayəçilərinin müşayiəti ilə qısa müddətli səfər etməyə icazə verilə bilər.

124.4. Möhkəm rejimli tərbiyə müəssisələrində məhkumlar:

124.4.1. adi yaşayış binalarında saxlanılırlar;

124.4.2. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda qırx manatadək miqdarda pul xərcləyə bilərlər;

124.4.3. il ərzində qısa müddətli iyirmi dörd görüş və uzun müddətli üç görüş almaq hüququna malikdirlər;

124.4.4. il ərzində iyirmi dörd bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər.

124.5. Möhkəm rejimli tərbiyə müəssisələrində məhkumlar cəzanın icrası qaydalarını pozmadıqda, əməyə və təhsilə vicdanla yanaşdıqda, cəza müddətinin azı üçdə birini çəkdikdən sonra onların saxlanılması şəraiti yaxşılaşdırıla bilər. Bu halda məhkumlar əlavə olaraq:

124.5.1. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda on beş manatadək miqdarda pul xərcləyə bilərlər;

124.5.2. il ərzində qısa müddətli on iki görüş və uzun müddətli üç görüş almaq hüququna malikdirlər.

 

Maddə 124-1. Tərbiyə müəssisələrində məhkumlara tətbiq edilən həvəsləndirmə tədbirləri

 

124-1.1. Tərbiyə müəssisələrində nümunəvi davranışa, əməyə və təhsilə vicdanlı münasibətə, özfəaliyyət təşkilatlarında və tərbiyə tədbirlərində fəal iştirakına görə yetkinlik yaşına çatmayan məhkumlara bu məcəllənin 105.1-ci maddəsində nəzərdə tutulmuş həvəsləndirmə tədbirlərindən əlavə tərbiyə müəssisəsi nümayəndəsinin müşayiəti ilə müəssisənin hüdudlarından kənarda idman, mədəni-kütləvi və digər tədbirlərə bir dəfə tamaşa etməyə icazə vermək növündə həvəsləndirmə tədbiri tətbiq edilə bilər.

124-1.2. Həvəsləndirmə tədbiri qaydasında tərbiyə müəssisəsinin nümayəndəsinin müşayiəti ilə müəssisəsinin hüdudlarından kənarda idman, mədəni-kütləvi və digər tədbirlərə tamaşa etməyə icazə verilmiş məhkumlara tədbir zamanı onlara məxsus mülki paltarlar verilir.

124-1.3. Tərbiyə müəssisəsindən kənara çıxma müddəti səkkiz saatdan çox olmamaq şərti ilə müəssisənin müdiriyyəti tərəfindən müəyyən edilir.

124-1.4. Məhkumların gecə vaxtı keçirilən idman, mədəni-kütləvi və digər tədbirlərdə iştirakına yol verilmir.

 

Maddə 125. Tərbiyə müəssisələrində məhkumlara tətbiq edilən tənbeh tədbirləri



 

Cəzanın icrası qaydalarını pozan yetkinlik yaşına çatmayan məhkumlara bu Məcəllənin 107.1.1 və 107.1.2-ci maddələrində nəzərdə tutulmuş tənbeh tədbirlərindən əlavə təhsili davam etdirmək şərtilə yeddi günədək müddətə intizam təcridxanasına keçirmək növündə tənbeh tədbiri də tətbiq edilə bilər.

 

Maddə 126. Məhkumların intizam təcridxanasında saxlanılması şərtləri



 

126.1. İntizam təcridxanalarına keçirilmiş məhkumlara uzun müddətli görüş, telefon danışıqları, ərzaq məhsulları və ən zəruri mallar əldə etmək, bağlama, sovqat və ya banderol almaq, kinofilmlərə və televiziya verilişlərinə baxmaq, stolüstü oyunlardan istifadə etmək qadağan edilir. Onlar hər gün iki saat gəzinti hüququna malikdirlər.

126.2. İntizam təcridxanasında saxlanılan məhkumlara intizam təcridxanasına keçirilməkdən başqa digər tənbeh tədbirləri tətbiq edilə bilər.

126.3. Bir təqvim ili ərzində intizam təcridxanasında saxlanma müddəti otuz gündən çox ola bilməz.

 

Maddə 127. Tərbiyə müəssisələrində məhkumlara həvəsləndirmə və tənbeh tədbirlərini tətbiq edən vəzifəli şəxslər



 

Yetkinlik yaşına çatmayan məhkumlara həvəsləndirmə və tənbeh tədbirlərini tərbiyə müəssisəsinin müdiriyyəti tətbiq edir.

 

Maddə 128. Yetkinlik yaşına çatmış məhkumların tərbiyə müəssisələrində saxlanılması



 

128.1. On səkkiz yaşına çatmış məhkumlar bir qayda olaraq tərbiyə müəssisələrindən cəzaçəkmə müəssisələrinə keçirilirlər. Tərbiyə müəssisələrində məhkəmənin qərarına əsasən məhkumlar iyirmi yaşınadək saxlanıla bilərlər.

128.2. On səkkiz yaşı tamam olandan sonra tərbiyə müəssisələrində saxlanılan məhkumlara yetkinlik yaşına çatmayan məhkumlar üçün müəyyən edilmiş cəzanın icrası şərtləri, yemək normaları və maddi-məişət təminatı aid edilir. Bu məhkumların əmək şəraiti əmək qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.

 

Maddə 129. Məhkumların tərbiyə müəssisəsindən cəzaçəkmə müəssisəsinə keçirilməsi



 

On səkkiz yaşına çatmış və tərbiyə müəssisələrində saxlanılmış məhkumlar cəzanın icrası qaydalarını pozduqda tərbiyə müəssisəsinin müdiriyyətinin təqdimatı və məhkəmənin qərarı ilə ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilirlər.

 

Maddə 130. Tərbiyə müəssisələrində tədris-tərbiyə prosesinin təşkili



 

130.1. Tərbiyə müəssisələrində məhkumların islah edilməsi və müstəqil həyata hazırlanması məqsədilə onlarda qanuna itaətin həvəsləndirilməsinə, əməyə və təhsilə vicdanlı münasibətin formalaşmasına, onların mədəni səviyyəsinin artırılmasına yönəldilmiş vahid tədris-tərbiyə prosesi həyata keçirilir.

130.2. Məhkumların ümumi //çıxarılıb// təhsili tərbiyə müəssisələrinin ümumtəhsil məktəblərində, ilk peşə-ixtisas təhsili ilə tərbiyə müəssisələrinin peşə məktəblərində və ya tərbiyə müəssisələrinin istehsalat sahələrində həyata keçirilir.

130.3. Tərbiyə müəssisələrində psixoloji-tibbi-pedaqoji komissiyanın rəyində müəyyən edilmiş şərtlərə əməl etməklə sağlamlıq imkanları məhdud məhkumların xüsusi təhsili qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil edilir.

 

Maddə 131. Tərbiyə müəssisələrinin işində ictimaiyyətin iştirakı



 

131.1. Tərbiyə müəssisəsinin müdiriyyətinə tədris-tərbiyə prosesinin təşkilində, onun maddi-texniki bazasının möhkəmləndirilməsində, məhkumların sosial müdafiəsinə dair məsələlərin həllində, cəza çəkməkdən azad olunanlara əmək və məişət şəraitinin yaradılmasında kömək göstərilməsi məqsədi ilə tərbiyə müəssisəsinin nəzdində dövlət müəssisə, idarə və ya təşkilatlarının, ictimai birliklərin, digər müəssisələrin nümayəndələrinin və fiziki şəxslərin iştirakı ilə himayəçilik şurası yaradılır. Himayəçilik şurasının işinin təşkili və fəaliyyət qaydası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi normativ hüquqi aktla tənzimlənir.

131.2. Məhkumlara göstərilən tərbiyəvi təsirin səmərəliliyini artırmaq və tərbiyə müəssisəsinin müdiriyyətinə islah işində kömək etmək məqsədi ilə bu müəssisələrdə məhkumların valideynlərindən və ya digər yaxın qohumlarından ibarət valideynlər komitəsi yaradıla bilər. Valideynlər komitəsinin fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi normativ-hüquqi aktla tənzimlənir.

 


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin