Maddə 156. İnzibati həbs haqqında qərarın icrası
156.1. Hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir.
156.2. Barəsində inzibati həbs tətbiq edilmiş şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılır. İnzibati həbs haqqında qərar icra olunarkən, həbs edilənlər şəxsi axtarışdan keçirilir.
156.3. İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir.
Xüsusi hissə
VI BÖLMƏ
İnzibati xətalar
FƏSİL 20
Sağlamlıq əleyhinə olan inzibati xətalar
Maddə 157. Döymə
Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur.[15]
Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.
Maddə 158. Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulması
158.1. Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə-
yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
158.2. Məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə-
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
158.3. Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyadan keçmədən fəaliyyət göstərməsinə görə-
otuz beş manatdan əlli manatadək məbləğdə cərimə edilir.
Qeyd:
1. Bu Məcəllənin 158.1 və 158.2-ci maddələrində “şəxs” dedikdə, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində nəzərdə tutulmuş şəxslər başa düşülür.
2. Bu Məcəllənin 158.1 və 158.2-ci maddələri həmin maddələrdə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.
Dostları ilə paylaş: |