Maddə 208. Satış məqsədi olmadan tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak miqdarında kultivasiyası
Satış məqsədi olmadan tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak miqdarında əkilməsinə, yetişdirilməsinə və ya toplanılmasına görə-
yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 209. Tərkibində narkotik maddələr olan yabanı bitkilərin məhv edilməsi üzrə tədbirlər görülməməsi
Yerli özünüidarəetmə orqanlarının mülkiyyətində, bitkiçilik üzrə kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fiziki və ya hüquqi şəxslərin icarəsində, istifadəsində və ya mülkiyyətində olan torpaq sahələrində aşkar edilmiş, tərkibində narkotik maddələr olan yabanı bitkilərin məhv edilməsi üzrə tədbirlər görülməməsinə görə-
fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.
FƏSİL 23
Əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xətalar
Maddə 210. Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma
210.1. Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə-
fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.
210.2. Qanunvericiliklə müəyyən edilmiş qaydada verilən müvafiq diplom və ya xüsusi icazə olmadan xalq təbabəti ilə məşğul olmağa görə-
dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.
Dostları ilə paylaş: |