Maddə 362. Rabitə xidməti qaydalarının pozulması
Rabitə fəaliyyətinin həyata keçirilməsi zamanı rabitə xidməti qaydalarının pozulmasına, yəni mövcud standartlar, norma və qaydalara əməl edilməməsinə görə-
səksən manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.
Maddə 363. Sertifikatlaşdırılmamış telekommunikasiya vasitələri və qurğularından qanunsuz istifadə edilməsi
Sertifikatlaşdırılmamış telekommunikasiya vasitələri və qurğularından ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadə edilməsinə görə -
telekommunikasiya vasitələri və qurğuları müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər səksən manatdan yüz manatadək, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
Maddə 364. Telekommunikasiya şəbəkələrinin və qurğularının layihələşdirilməsi, tikintisi, təmiri, yenidən qurulması, quraşdırılması və ya yerdəyişməsi qaydalarının və normalarının pozulması
Telekommunikasiya şəbəkələrinin və qurğularının layihələşdirilməsinin, tikintisinin, təmirinin, yenidən qurulmasının, quraşdırılmasının və ya yerdəyişməsinin müvafiq dövlət və sahə standartlarına, müəyyən edilmiş norma və qaydalara uyğun olaraq aparılmamasına görə-
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.
Dostları ilə paylaş: |