Internet/Intranet texnologiyası əsasında qurulan informasiya sistemləri
Internet/Intranet texnologiyasının inkişafında hələ ki, əsas diqqət instrumental proqram vasitələrinin yaradılmasına verilir. Bununla yanaşı verilənlər bazaları ilə işləyən tətbiqlərin yaradılması üçün inkişaf etmiş vasitələr azlıq təşkil edir.
Əlverişli, istifadəsi və müşaiyət edilməsi sadə olan və həmçinin verilənlər bazaları ilə işləyən informasiya sistemlərinin yaradılması üçün mümkün həll Internet/Intranet texnologiyasının çoxsəviyyəli arxitektura ilə birləşdirilməsi oldu. Bu zaman informasiya sisteminin strukturu bu şəkildə qurulur: brauzer - tətbiq serveri - verilənlər bazasının serveri - dinamiki səhifələr serveri - Web-server. Internet/Intranet texnologiyası ilə çoxsəviyyəli arxitekturanın inteqrasiyası sayəsində informasiyanın birgə istifadə olunmasının sadəliyini və yüksək səmərəliyini saxlamaqla, korporativ informasiya sisteminin tətbiqi və müşayiət edilməsi prosesi xeyli sadələşir.
İntranet texnologiyası əslində korporativ informasiya sistemi mühitinə uyğunlaşdırılmış İnternet texnologiyasıdır. Internet/Intranet texnologiyası ilə qurulan İS-in arxitekturası çoxistifadəçili mərkəzləşdirilmiş hesablama sistemlərindən (meynfreymlərdən) kliyent-server kimi sistemlərə və sonra da paylanmış sistemlərə təkamül yolu ilə keçid nəticəsində yaranmışdır. Kliyent-server tipli sistemlərdən fərqli olaraq, bu sistemlər verilənlərlə deyil, qeyri-peşəkar istifadəçilər üçün əlverişli şəkildə təqdim edilən informasiya ilə işləyirlər.
Internet/Intranet texnologiyası ilə qurulan sistemlər mərkəzləşdirilmiş çoxistifadəçili sistemlərlə kliyent-server tipli sistemlərin üstün cəhətlərini özlərində birləşdirirlər. Onlar aşağıdakı xüsusiyyətlərə malikdirlər:
- istifadə olunması üçün serverdə verilənlər deyil, informasiya toplanır;
- kliyent və server hissələri arasında mübadilə zamanı konkret firmanın
protokolundan yox, açıq standart protokoldan istifadə olunur;
-tətbiqi sistem serverdə yerləşdiyindən, kliyent kompüterində istifadəçinin işləməsi üçün proqram-naviqator kifayət edir.
İnternetdə və İntranetdə informasiyanın mənbəyi VB olduqda WWW komponentləri ilə ənənəvi VBİS komponentləri arasında qarşılıqlı əlaqələr qurulur. Hər hansı VB-dən istifadə etməklə işləyən proqram komponentlərin fəaliyyətlərinin təşkilində verilənlərə müraciət 3 sxemlə aparıla bilər: Web-kliyent tərəfindən (şəkil 6a), Web-server tərfiindən (şəkil 6b) və tətbiq serveri tərəfindən (şəkil 6c).
Kliyent tərəfindən VB-yə müraciət halında Web-kliyent ilə Web-server arasında qarşılıqlı əlaqənin reallaşdırılması üçün əsas instrumental vasitə Java dilidir. Bundan əlavə Active X- in idarəetmə elementlərindən də istifadə oluna bilər. Kliyent tərəfdə informasiyanın emalı da aparıla bilər. Bu məqsədlə JavaScript, JScript və VBScript kimi ssenari dillərindən istifadə oluna bilər. Ssenari-proqramlar Web-brauzer tərəfindən interpretasiya rejimində yerinə yetirilir.
Java-proqramdan VB serverinə müraciət etmək üçün ODBC konsepsiyası əsasında JDBC standartı hazırlanmışdır.
Web-server tərəfindən VB serverinə müraciət adətən Web-server proqramları vasitəsilə xarici proqramların çağrılması ilə yerinə yetirilir. Çağırma prosesi aşağıdakı interfeyslərdən biri ilə razılaşmalara görə aparılır: CGI (Common GateWay Interface - ümumi şlyuz interfeysi), FastCGİ, API (Application Proqram Interface-tətbiqi proqram interfeysi).
Xarici proqramlar VB serveri ilə SQL dilində müəyyən üsulla qarşılıqlı əlaqələr yaradırlar. CGI interfeysinə uyğun hazırlanmış proqramlara CGI ssenariləri deyilir.
Bunlardan əlavə, server proqramlarının VB-yə müraciətini təşkil etmək üçün VB informasiyası əsasında Web səhifələrinin dinamik qurulması texnologiyalarından (ASP, PHP, IDC/HTX) istifadə oluna bilər.
Tətbiq serveri tərəfindən VB-yə müraciət tətbiq serverindən istifadə edildikdə mümkündür. Bu halda paylanmış tətbiqlərin qurulması üçün əsas dil Java və həmçinin CORBA və Enterprise Java Beans hesab olunur.
Baxılan sxemlərdən hər hansı birinə birmənalı olaraq üstünlük vermək çətindir. Hər şey kliyent-server proqramlarının yaradılma məqsədlərindən və şərtlərindən asılıdır, məsələn, aparat-proqram platformasından, Web-serverin növündən, Web-serverin yükündən, həll olunan məsələlərin xarakterindən və s. 1-ci modelin çatışmazlığı ondan ibarətdir ki, sistemin kliyent hissəsi 2-ci modeldəkinə nisbətən daha çox yüklənir. Bundan əlavə, bəzi hallarda (məsələn, ActiveX texnologiyasından istifadə edildikdə) kliyent hissədə informasiya mühafizəsinin pozulması ehtimalı artır. Lakin bu variantda Web-server nisbətən boşalır ki, bu da 1-ci modelin üstünlüyü hesab oluna bilər. 2-ci modelin üstünlüyü ondan ibarətdir ki, proqram təminatının əsas hissəsi Web- serverdə yerləşdiyindən, kliyent proqramları sadələşir və sistemin inzibatçılığı rahatlaşır. Çatışmazlıq isə ondan ibarətdir ki, Web-serverin yükü çox və gücü az olduqda, informasiyanın alınmasının operativliyi azala bilər. 3-cü modeldə Web-serverə böyük yük planlaşdırılan zaman 2-ci modeldə yaranan problemin aradan qaldırılmasına cəhd olunur.
Dostları ilə paylaş: |