İnformasiya sistemi (IS) müəyyən sahədə məsələlərin həllini təmin edən qərarların qəbul edilməsi üçün informasiyanın toplanması, saxlanması, axtarışı, emalı və istifadəçilərə çatdırılmasını təmin etmək məqsədilə texniki, proqram, linqvistik, metodoloji və təşkilatı vasitələrdən ibarət kompleksdir.
Müasir informasiya sistemlərində informasiyanın emalı üçün əsas texniki vasitə kimi fərdi kompüterdən istifadə edilir. Böyük təşkilatlarda və firmalarda texniki vasitələrə fərdi kompüterlə yanaşı, meynfreym və super kompüter də daxil edilə bilər. Paylanmış informasiya sistemlərində texniki təminat funksiyalarını kompüter şəbəkələri yerinə yetirirlər.
İnformasiya sistemlərinin yarandığı ilk vaxtlar (1970-1980ci illər) onlar «Avtomatlaşdırılmış informasiya sistemləri» adlandırılırdı [2]. İnformasiya sisteminin əsasını kompüter təşkil etdiyi üçün xaricdə çox vaxt «Kompüter informasiya sistemi» (Computer Information System-CIS) terminindən istifadə edilir. Bir çox Avropa və MDB ölkələrində isə, o cümlədən, Rusiyada «İnformasiya sistemi» terminindən istifadə edilir. Biz də kitabda bu termini işlədirik.
İnformasiyanın saxlanmasını, axtarışını və emalını reallaşdırmaq üçün uyğun proqramlar olmalıdır ki, onlar da informasiya sisteminin proqram təminatını təşkil edirlər. İnformasiyanın və sorğuların kompüterin başa düşəcəyi formada təsviri, istifadəçilərlə sistem arasında ünsiyyətin qurulması üçün müəyyən linqvistik vasitələr (dillər) olmalıdır.
İnformasiya sistemi «insan-maşın (kompüter)» tipli sistemlər sinfinə daxildir. Bu tip sistemlərdə insanın sistemin fəaliyyətində iştirakı vacib sayılır. İnsan bir tərəfdən sistemin istifadəçisi rolunda çıxış edir, digər tərəfdən isə sistemin fəaliyyətinə cavabdehlik edir (sistemin iş qabiliyyətli vəziyyətdə olması, istifadəçi sorğularının ödənilməsi, sistemdə saxlanan informasiyanın aktuallığının təminatı və s.). Kompüterlə informasiya sisteminin fərqi də insan amili ilə bağlıdır. Xüsusi proqram vasitələri ilə təmin olunmuş kompüter informasiya sisteminin texniki bazasını və instrumentini təşkil edir. İnformasiya sistemini kompüterlə və telekomminikasıya vasitələri ilə qarşılıqlı əlaqə yaradan insansız təsəvvür etmək mümkün deyil.
Dostları ilə paylaş: |