Funksional (taktiki) səviyyədə operativ səviyyədə hazırlanan informa-siyanın analizini tələb edən məsələlər həll olunur. Həll olunan məsələlərin həcmi azalır, lakin mürəkkəbliyi artır. Analizə, dərk etməyə, çatmayan məlumatın toplanmasına əlavə vaxt tələb olunduğundan, bəzən lazımi nəticəni operativ almaq mümkün olmur. İdarəetmə, informasiyanın daxilolma anından qərarların qəbuluna və onların reallaşdırılmasına qədər və həmçinin reallaşdırma anından onlara reaksiya verilənə qədər sərf olunan vaxtla əlaqəli olur.
Strateji idarəetmə təşkilatın üzünmüddətli strateji məqsədlərinə nail olmasına yönələn idarəetmə qərarlarının hazırlanmasını təmin edir. Qəbul edilən qərarların nəticələri uzun müddət keçdikdən sonra özlərini biruzə verdiklərindən, bu səviyyədə strateji planlaşdırma böyük əhəmiyyət kəsb edir. Odur ki, idarəetmənin bu səviyyəsini çox vaxt strateji və ya uzunmüddətli planlaşdırma adlandırırlar. Bu səviyyədə qəbul edilən qərarların düzgünlüyü aylar və bəzən illər keçəndən sonra təsdiq oluna bilər. İdarəetmə qərarlarının qəbulunda məsuliyyət təkcə riyazi və xüsusi aparatın köməyilə aparılan analizin nəticələri ilə deyil, menecerlərin professional intuisiyaları ilə də təyin olunur.
Göstərilən səviyyələrdə idarəetmə funksiyarını müxtəlif peşə dərəcələrinə malik olan mütəxəssislər və menecerlər yerinə yetirirlər. Onlar öz sahələri üzrə həll olunası problemləri, məsələləri və funksiyaları təyin etmək üçün informasiya sisteminin layihələndirilməsi və tətbiqi mərhələlərində fəal iştirak etməlidirlər.
Qeyd etmək lazımdır ki, İS özü-özlüyündə gəlir gətirmir, lakin gəlirin alınmasına imkan yaradır. O baha başa gələ bilər və əgər, onun strukturu və istifadə olunma strategiyası ətraflı ölçülüb-biçilməyibsə, xeyirsiz ola bilər. İS-in tətbiqi istifadəçiləri, idarəetmə heyyətini vaxtında və lazımi informasiya ilə təmin edə bilirsə, idarəetmənin keyfiyyəti artır, firmanın işi yaxşılaşır və bu da son nəticədə iqtisadi səmərəyə gətirir. İşçilərin funksiyaları avtomatlaşdırıldığından, onların sayını azaltmaq olar. Odur ki, İS tətbiq edilən firma və təşkilatlarda rəhbərlik bu amili nəzərə almalı, sosial və psixoloji siyasəti düzgün seçməlidir.
Dostları ilə paylaş: |