MühazirƏ 6
İnformasiya sistemlərinin xidmətləri və tətbiq sahələri
İnformasiya resursları, məhsulları və xidmətləri
İnformasiya sisteminin əsas vəzifəsi istifadəçilərə informasiya xidməti göstərməkdir. İnformasiya xidməti informasiya məhsulu və resursu anlayışları ilə bilavasitə bağlı olduğundan, onlara ətraflə baxaq.
Resurs (ressourees) fransız sözü olub, nəyinsə ehtiyatı, mənbəyi deməkdir. Klassik iqtisadi kateqoriyalar kimi məlum olan material resursları, təbii resurslar, əmək resursları, maliyyə resursları, enerji resursları ilə yanaşı müasir informasiya cəmiyyətində «informasiya resursları» anlayışı da özünə yer tapmışdır.
İnformasiya resursları dedikdə ayrı-ayrı sənədlər və sənədlər massivləri, həmçinin informasiya sistemlərində (kitabxanalarda, arxivlərdə, fondlarda, verilənlər banklarında və digər informasiya sistemlərində) toplanan sənədlər və sənədlər massivləri başa düşülür. İnformasiya resurslarını təşkil edən sənədlərdə və sənədlər massivində onları yaradan insanların bilikləri müxtəlif formalarda əks olunur. Odur ki, informasiya resursları - insanlar tərəfindən hazırlanan, cəmiyyətdə sosial məqsədlərlə istifadə olunan və material daşıyıcılarda (kağız, maqnit lenti, maqnit diski və s.) qeyd olunan biliklərdir.
Biliklər kimi başa düşülən informasiya resursları onları toplayan, ümumiləşdirən, təhlil edən, hazırlayan insanlardan alınaraq, sənədlər, verilənlər bazaları, biliklər bazaları, alqoritmlər, kompüter proqramları, həmçinin incəsənət əsərləri, ədəbiyyat, elm şəklində materiallaşdırılır.
Hazırda informasiya resurslarının kəmiyyət və kefiyyət baxımından qiymətləndirilməsi və həmçinin cəmiyyətin ona olan tələbatının proqnozlaşdırılması üçün metodologiya yoxdur. Bu isə informasiya resursları şəklində toplanan informasiyanın səmərəliyini azaldır və sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçid müddətini artırır. Bundan əlavə, informasiya cəmiyyətində informasiya resurslarının istehsalı və yayılması sahəsində nə həcmdə əmək resurslarının cəlb edilməsi bəlli deyil. şübhəsiz ki, gələcəkdə bu problemlər öz həllərini tapacaqlar.
Əhəmiyyətinə görə ölkənin, bölgənin, təşkilatın informasiya resurslarına xammal, enerji, qazıntı ehtiyatları və s. kimi resurslara analoji olaraq strateji resurslar kimi baxılmalıdır.
İnformasiya resursları informasiya məhsullarının hazırlanması üçün baza rolunu oynayırlar. İnformasiya məhsulu insanın intellektual fəaliyyətinin nəticəsi olmaqla, istənilən fiziki xassəyə malik material daşıyıcısında sənədlər, məqalələr, kitablar, xülasələr, proqramlar və s. şəklində yazılıb təsbit olunmalıdır.
İnformasiya məhsulu - maddi və ya qeyri-maddi formada yayılması üçün istehsalçı tərəfindən hazırlanmış informasiya (verilənlər) toplusudur. İnformasiya məhsulunun yayılması digər material məhsulunda olduğu kimi, müəyyən üsullarla həyata keçirilən xidmət vasitəsilə yerinə yetirilir.
Xidmət – insanın və ya təşkilatın müxtəlif məhsullara təlabatını ödəmək üçün müəssisənin və ya şəxsin qeyri-istehsal fəaliyyətinin nəticəsidir.
İnformasiya xidməti - informasiya məhsullarının alınması və istifadəçiyə təqdim edilməsi deməkdir.
Dar çərçivədə informasiya xidməti çox vaxt kompüterin köməyilə edilən xidmət kimi başa düşülür. Əslində isə, bu anlayış daha geniş məna kəsb edir.
Xidmət təqdim edildikdə iki tərəf-xidmət göstərən və xidmət alan-arasında razılaşma (müqavilə) bağlanır. Müqavilədə onun yerinə yetirilmə vaxtı və xidmətin dəyəri göstərilir. Xidmətin siyahısı informasiya resurslarının və onların əsasında hazırlanmış informasiya məhsullarının həcmi, kefiyyəti və istifadə sahəsi əsasında tərtib edilir.
İnformasiya resurslarının və məhsullarının növlərinə görə informasiya xidmətlərinin aşağıdakı tiplərini ayırmaq olar:
1- informasiya nəşrlərinin buraxılması;
2- retrospektiv informasiya axtarışı;
3- elmi-texniki informasiya xidmətləri;
4- uzaqməsafəli informasiya bazalarına müraciət;
5- informasiya xidmətlərinin hazırlanması və təqdim edilməsi;
6- ilkin mənbələrin təqdim edilməsi.
İnformasiya nəşrləri referativ məcmuələri, biblioqrafik göstəriciləri, icmal xarakterli nəşrləri, informasiya-arayış nəşrlərini və s. əhatə edir.
Retrospektiv informasiya axtarışında istifadəçilərin sorğularına görə informasiya bazalarından müəyyən mövzu üzrə müəyyən dövrə aid informasiyanın axtarışı aparılır və nəticələr ekran görüntüsü, çap materialı və ya elektron sənədlər şəklində istifadəçilərə çatdırılır.
Elmi-texniki informasiya xidmətləri elmi-texniki informasiyanın (biblioqrafik informasiyanın, xülasələrin, tərcümələrin və s.) hazırlanmasını və istifadəçilərə çatdırılmasını nəzərdə tutur.
Uzaqməsafəli informasiya bazalarına müraciət şəbəkə texnologiyasının, o cümlədən, İnternetin tətbiqi ilə həyata keçirilir və istifadəçilərə uzaq məsafədə yerləşən kənar təşkilatların hazırladıqları informasiya məhsullarından faydalanmağa imkan verir.
İnformasiya xidmətlərinin hazırlanması və təqdim edilməsi ilk növbədə müxtəlif miqyaslı informasiya sistemlərinin qurulmasını və tətbiqini nəzərdə tutur. Əslində informasiya sistemləri müxtəlif sahələrdə təşkilatların (korporasiyaların) informasiya tələblərini ödəməklə yanaşı, 2-4 xidmətlərini də yerinə yetirirlər.
İlkin mənbələrin təqdim edilməsi kitabxanaların ənənəvi xidmət sahəsinə aiddir. Bu xidmət ilkin mənbələrin özlərinin təqdim edilməsi ilə yanaşı, onların surətlərinin də verilməsini təmin etməlidir.
Dostları ilə paylaş: |