MühazirƏ 14
Sənədlərin məzmununun formal təsviri
Məlum olduğu kimi, təbii dil (TD) insanlar arasında informasiya mübadiləsi üçün universal işarə sistemidir. İnformasiya -axtarış sisteminə daxil edilən sənədlər təbii dildə ifadə olunduğundan, İAS-ın bütün fəaliyyət dövrü ərzində informasiyanın təsviri üçün TD-dən istifadə edilməsi daha əlverişli olardı. Əgər sorğu ilə sənəd arasındakı uyğunluğu insan təyin etsəydi, informasiyanın təsviri üçün TD-dən istifadə edilməsində heç bir problem olmazdı. Lakin müasir İAS-da bu əməliyyatı kompüter yerinə yetirdiyindən, informasiyanın əsas təsvir vasitəsi kimi TD-dən istifadə edilməsi ciddi problemlər yaradır.Bu problemlər kompüter texnologiyalarının tətbiqi ilə informasiya emalı baxımından təbii dilə xas olan aşağıdakı çatışmazlıqlardan irəli gəlir[ 32] :
Mənanın ifadə vasitələrnin çoxluğu. Məlumatın mənasının ifadə olunmasının əsas vasitəsi təbii dilin leksikası hesab olunur. Lakin müxtəlif hallarda bu funksiyanı aşağıdakı elementlər də yerinə yetirə bilər:
-kontekst;
-sözlər arasındakı paradiqmatik əlaqələr;
-sözlər arasındakı mətnə uyğun əlaqələr;
-məlumatın mətnində əvvəl işlədilən sözlərə, sözbirləşmələrinə , cümlələrə və s. istinadlar.
Müxtəlif mənalılıq.Təbii dildə yazılmış məlumat semantika baxımından müxtəlif mənaya malik ola bilər. Müxtəlif mənalılıq təbii dildəki sözlərin sinonimiyası və çoxmənalılığı səbəbindən yaranır.
Sinonimiya eyni anlayışı ifadə edən eyni və ya oxşar mənalı sözlərin varlığından yaranır. Həmin sözlər bir-birindən ya mənalarındakı, ya üslublarındakı çalarlarla və ya hər iki amillə fərqlənir. Təbii dildə həm sözlər, həm də sözbirləşmələri sinonimlər ola bilərlər. Sinonimiyaya aid misal: «kompüter», « hesablama maşını», «elektron hesablama maşını», «EHM».
Çoxmənalılq-təbii dildə ayrı-ayrı sözlərin birmənalı olmamasını göstərir. Çoxmənalılıq iki cür özünü göstərə bilər: polisemiya və omonimiya.
Polisemiya-ümumi xassələrə və ya əlamətlərə malik olan müxtəlif əşyaların adlarının uyğunluğu deməkdir. Tipik ümumi xassələrə əşyaların oxşarlığı, bir-birinə çox yaxınlığı (fəza, vaxt və s. baxımından) və həmçinin eyni funksional vəzifələri aid edilə bilər. Məsələn, «avtomat» -avtomatik silah, «avtomat» -öz-özünə işləyən aparat (maşın).
Omonimiya-öz aralarında ümumi xassələri olmayan müxtəlif əşyaların adlarının eyni olmasıdır. Məsələn, «qaz» - kimyada maddənin bir halı, « qaz» - quş növü, « qaz» - qazmaq felinin əmr forması.
Omonimiyaya omoqraf adlanan sözləri də daxil edirlər.
Omoqraf müxtəlif əşyaları ifadə edən, yazılışca eyni olan, lakin müxtəlif cür tələffüz olunan sözlərə deyilir. Məsələn, «alma» -meyvə növü, «alma» -almaq felinin inkar əmr formasıdır. İAS təbii dildə yazılı formada ifadə edilən məlumatla əməliyyat apardığından, dilin fonetikası əsas rol oynamır. Odur ki, omoqraflara da omonim sözlər kimi baxılır.
Ellipstiklik. Təbii dildə ifadə olunmuş bir çox mətnlərdə ellipslərə, yəni nəzərdə tutulan sözlərin buraxılmasına rast gəlinir. Ellipstiklik məlumatla bilavasitə işləyən insan üçün mənfi rol oynayır. Məlumatın kompüterdə emalı halında işə ellipstiklik daha xoşağəlməz sayılır.
Dostları ilə paylaş: |