Ümumi MÜDDƏalar maddə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi



Yüklə 109,56 Kb.
səhifə2/36
tarix06.07.2022
ölçüsü109,56 Kb.
#62670
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   36
01.AZ RES - İNZİBATİ PROSESSUAL MƏCƏLLƏSİ

İnzibati məhkəmələr və ya məhkəmə kollegiyaları öz ərazi yurisdiksiyaları daxilində, zərurət olduğu hallarda, başqa şəhərlərdə və ya yaşayış məntəqələrində səyyar məhkəmə iclasları keçirə bilərlər.
Maddə 6. İnzibati məhkəmələrdə və kollegiyalarda iş bölgüsü [12]
İnzibati məhkəmələrdə və kollegiyalarda işlərin bölüşdürülməsi kargüzarlıq qaydalarına uyğun aparılır.
Maddə 7. Mübahisə ilə bağlı iş üzrə icraatın dayandırılması
7.1. Mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır.
7.2. İnzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır.
7.3. Məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü ilə, yaxud tərəflərdən birinin müraciəti əsasında onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Tərəflər arasında “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanarsa, məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılır. [13]
Maddə 8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi
8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur:
8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır;
8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; [14]
8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır;
8.1.3-1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. [15]
8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır.
8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.
8.3. Mübahisəyə baxılmasının birdən artıq məhkəmənin səlahiyyətinə aid olduğu hallarda, məhkəmə mübahisə ilə bağlı işi iddiaçı və ya ərizəçi tərəfindən seçilən məhkəməyə göndərir. İddiaçı və ya ərizəçi tərəfindən belə seçim edilmədiyi hallarda, məhkəmə mübahisə ilə bağlı işi aidiyyət qaydalarına uyğun olaraq müvafiq səlahiyyətli məhkəməyə göndərir.
8.4. Tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir.
8.5. Bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər.
8.6. İnzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. [16]
Maddə 9. Ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi
9.1. Aşağıdakı hallarda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir:
9.1.1. səlahiyyətli məhkəmə konkret halda hüquqi və ya faktiki baxımdan məhkəmə icraatını həyata keçirə bilmədikdə;
9.1.2. birdən çox məhkəmə özünü səlahiyyətli saydıqda;
9.1.3. mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda.
9.2. Bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ərazi aidiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, səlahiyyətli məhkəmə Ali Məhkəmə tərəfindən müəyyən edilir.
9.3. Məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır.

Yüklə 109,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin