II fəsil İNZİBATİ MƏHKƏMƏ İCRAATININ PRİNSİPLƏRİ Maddə 10. Hakimlərin müstəqilliyi prinsipi 10.1. İnzibati məhkəmə icraatını həyata keçirərkən hakimlər müstəqildirlər və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər. 10.2. İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə əlaqədar hakimə hər hansı təsir göstərilməsi qadağandır. 10.3. İnzibati mübahisəyə baxılması və ona dair qərarın qəbul edilməsi ilə əlaqədar hakimin birbaşa və ya dolayı göstərişlər gözləməsi və ya belə göstərişləri qəbul etməsi yolverilməzdir.
Maddə 11. Qanun və məhkəmə qarşısında bərabərlik prinsipi 11.1. İnzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.
11.2. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur.
Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər.
Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
Maddə 14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür.
14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
Maddə 15. Çəkişmə (kontradiktor icraat) və dispozitivlik prinsipləri 15.1. İnzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir.
15.2. İnzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. [17] Maddə 16. Məhkəmə baxışının şifahiliyi prinsipi 16.1. Bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. [18] 16.2. Tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər.
16.3. Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. [19] Maddə 17. Məhkəmə baxışının aşkarlığı prinsipi 17.1. Məhkəmə iclasları, bu Məcəllənin 17.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ictimaiyyət üçün açıq keçirilir. Məhkəmə iclasının qapalı keçirildiyi hallar istisna olmaqla, hər hansı şəxsin məhkəmə iclasına buraxılmaması qadağandır.
17.2. Proses iştirakçıları və iclas zalında olan digər şəxslər iclasın gedişinə dair qeydlər apara bilərlər. Bu Məcəllənin 17.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflərdən hər hansı birinin vəsatətinə əsasən və ya məhkəmənin öz təşəbbüsünə əsasən məhkəmə iclasının audio yazılışına, video və foto çəkilişinə məhkəmə tərəfindən icazə verilə bilər.
17.3. İnformasiyanın, qanunla qorunan hər hansı sirrin açıqlanmasının yolverilməz olduğu hallarda, proses iştirakçılarının şəxsi və ya ailə həyatının toxunulmazlığının təmin edilməsinin tələb olunduğu hallarda, yetkinlik yaşına çatmayan şəxslərin maraqlarının qorunmasının zəruri olduğu hallarda, habelə proses iştirakçılarının və ya digər şəxslərin həyatı, sağlamlığı və ya azadlığı üçün təhlükə yarandığı hallarda proses iştirakçılarının vəsatəti və ya məhkəmənin öz təşəbbüsü ilə məhkəmə iclası qapalı keçirilə bilər. Məhkəmə iclasının qapalı keçirilməsi barədə məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Həmin qərardad açıq məhkəmə iclasında elan edilməlidir.
17.4. Qapalı məhkəmə iclasında tərəflər və digər proses iştirakçıları, onların nümayəndələri və vəkilləri, zərurət olduğu hallarda şahidlər, ekspertlər və tərcüməçilər iştirak edə bilərlər. Qapalı məhkəmə iclasında iştirak edən şəxslər iclasın gedişində onlara məlum olan informasiyanı yaymamaq barədə xəbərdar olunurlar.
17.5. Mübahisə ilə bağlı işə qapalı məhkəmə iclasında baxan məhkəmə açıq inzibati məhkəmə icraatı ilə bağlı bütün prosessual qaydalara əməl etməyə borcludur.
17.6. Mübahisə ilə bağlı işə qapalı məhkəmə iclasında baxıldığı hallarda da, məhkəmənin yekun qərarı (qərardadı) açıq məhkəmə iclasında elan olunur.