1.Uşaqda söz ehtiyatlarının artması.
2.Nirqin fonetik cəhətdən inkişafı, yəni uşağın səsləri düzgün eşitməyə və tələffüz etməyə yiyələnməsi.
3.Uşağın nitqinin qramatik cəhətdən inkişafı.
Məktəbəqədər dövrdə uşaqların nitqi ailədə, bağçada, yaxın adamlarla, onu əhatə edənlərlə ünsiyyət zamanı inkişaf edir. Nitqin bu cür ünsiyyət formasına situativ nitq deyilir. Məktəbəqədər dövrdə uşağın yiyələndiyi nitq formalarından biri də izahlı nitqdir. Məsələn, uşaq bu nitqlə oyunun məzmununu yoldaşlarına izah edir. İzahlı nitq uşağın həyat fəaliyyətində böyük əhəmiyyətə malikdir. Bu dövrdə dioloji nitqin inkişafı və təkmilləşməsi ilə yanaşı, nitqin daha mürəkkəb və müstəqil növü olan monoloji nitq də inkişaf etməyə başlayır. Beləliklə, məktəbə daxil olmaq ərəfəsində nitq inkişafı sahəsində uşaqların malik olduqları imkanlar onların məktəb təliminə intellektual hazırlıq səviyyəsinin göstəricilərindən birinə çevrilir.
Erkən uşaqlıq dövrünün sonunda, üç yaşın tamamında uşaqlar müəyyən səviyyədə lüğət ehtiyatına malik olurlar. Bu dövrdə uşağın lüğət fondundakı sözlərin sayı 1000-1500 həddinə çatmış olur. Dörd yaşın tamamında 1600-2000, beş yaşın tamamında 2500, altı yaşın tamamında 3000-3500 həddinə çatır. Əgər iki yaşlı uşaqlar iki-üç sözlü cümlələr vasitəsilə danışırsa, dörd yaşında onlarda kifayət qədər sərbəst danışmaq, öz hisslərini, fikirlərini və mövqelərini sözlə ifadə etməyə imkan verən nitq vərdişləri inkişaf etməyə başlayır. Həyatının beşinci ilində uşağın lüğət fondu sürətlə artaraq dilin qramatik quruluşunun formalaşmasını təmin etmiş olur. Hal-hazırda altı yaşlı uşaqların lüğət fondunun həcmi haqqında ənənəvi təsəvvürlər xeyli dəyişmişdir. Son illərin tədqiqatları sübut etmişdir ki, bu yaş dövründə uşaqların ümumi lüğət fondundakı sözlərin sayı heç də 3000-3500 deyil, daha çoxdur. Uşaqların lüğət fondunun artımında həyat tərzinin, ünsiyyət mühitinin və tərbiyə şəraitinin xüsusi rolu vardır. Lüğət artımı uşaqların cümlə qurmaq bacarıqlarının formalaşması ilə paralel surətdə inkişaf edir.
Məktəbəqədər yaş dövründə oyun aparıcı fəaliyyət formasıdır. Uşağın rollu-süjetli oyunlar zamanı üzərinə götürdüyü rolun icrası nitqin vacib amili kimi özünü göstərir. Ünsiyyət dairəsinin genişlənməsi, müxtəlif fəaliyyət növləri uşağın verbal ünsiyyət imkanlarını genişləndirir, onun sərbəst nitqinin formalaşmasına zəmin yaradır. Məktəbə daxil olmaq ərəfəsində altı yaşlı uşaqlar praktik olaraq ana dilinin bütün cəhətlərinə-lüğət fonduna, səs tərkibinə və qramatik quruluşa yiyələnmiş olur. Uşaqların malik olduqları imkanlar onların məktəb təliminə hazırlıq səviyyəsinin göstəricilərindən birinə çevrilir.
Uşağın nitqinin zənginləşməsində, onun lüğət fondunun genişlənməsində idrak maraqlarının, hər şeyi bilmək istəyi xüsusi rol oynayır. Bu məqsədlə uşaqlar hər gün yaşlılara çoxsaylı suallarla müraciət edir, sanki hər şeyi bilmək istəyirlər. Rus psixoloqu V.Krutetski qeyd edir ki, beş yaşlı uşaq gün ərzində yaşlılara 420 sual verir və bunların 75%-i “niyə?” sözü ilə başlayır. Uşaqlar öz sualları vasitəsilə gecənin hara yox olmasını, günəşin gecə hara getdiyini, ulduzların nədən düzəldiyini, itin nə üçün hürdüyünü və s. bilmək istəyirlər. Uşaqların yaşlılarla bu cür əməkdaşlığı idraki ünsiyyət adlanır. Məktəbəqədər yaşda şəxsi ünsiyyət adlanan ünsiyyətin başqa bir forması meydana çıxır. Bu ünsiyyət forması vasitəsilə uşaqlar başqa adamların hərəkətlərini, onların rəfdar və davranışını əxlaqi tələblər baxımından təhlil edib qiymətləndirirlər.
Yaşlılar və yaşıdları ilə ünsiyyətə olan tələbat uşağın şəxsiyyətini formalaşdıran amillərdən biridir. Uşağın müstəqil fəaliyyət qabiliyyətinə sahib olmasında, onun ətraf aləmlə tanışlığında yaşlılarla ünsiyyətin böyük rolu vardır. Bu yaşda uşaqlarda canlı ünsiyyət vasitəsilə təşəkkül tapan keyfiyyətlərdən biri də fonematik eşitmədir. Artıq üçüncü yaşın sonunda uşaqlar sözləri fərqləndirməyə, dilin səs tərkibini anlamağa nail olurlar, lakin sözləri təhlil etməyi hələ bacarmırlar. Beş-altı yaşlarda bağçada savad təlimi üzrə məşğələlərdə uşaqlar dilin səs tərkibini təhlil etməyə alışırlar.
Məktəbəqədər yaşda nitqə yiyələnmə prosesinin ayrılmaz şərtlərindən biri də onun funksiyalarının mənimsənilməsidir. Bu dövrdə nitqin inkişaf etməkdə olan funksiyalarından biri kommunikativ və ya ünsiyyət funksiyasıdır. Nitq vərdişləri uşağa tanış və yaxın adamlarla müəyyən səviyyədə ünsiyyət yaratmaq imkanı verir. Belə halda uşağın nitqi konkret bir situasiya ilə bağlı olduğundan, situativ xarakter daşıyır. Məktəbəqədər yaşda uşaqlarda nitqin planlaşdırma funksiyası da inkişaf etməyə başlayır. Uşağın nitqi bu dövrdə onun praktik fəaliyyətinin və davranışının planlaşdırıcı və tənzimedici vasitəsi kimi özünü göstərir. Bu dövrdə uşaqların nitqinin işarə funksiyası da meydana gəlir. Uşaqlar əşyaları onların əvəzediciləri ilə fəaliyyətə cəlb edir, bununla da, real əşyanın işarə funksiyasını “kəşf” etmiş olurlar.
Dostları ilə paylaş: |