Dadbilmə duyğuları.Müxtəlif maddələrin suda, yaxud tüpürcəkdə həll olunması nəticəsində ağız boşluğunda dad duyğusu əmələ gəlir. İnsanın ağzı quruduqda ora qoyulan qənd heç bir dad duyğusu əmələ gətirmir. Dad reseptorları ağız boşluğunda yerləşir və onların dörd növü var: şirinlik, duzluluq, acılıq, turşuluq. İnsanın dilinin ucu şirinə, yanları turşuya, kökü acıya daha həssasdır.
İybilmə duyğuları. İy duyğularının reseptoru burun boşluğunun yuxarı hissəsində yerləşir. Adətən insanlar iyləri onların xoş və ya xoşagəlməz olması ilə fərqləndirirlər. Müasir insanlarda digər duyğu üzvləri ilə müqayisədə iy duyğuları az əhəmiyyət kəsb edir. Lakin görmə və eşitmə duyğularından məhrum olan insanlarda iy duyğularının həssaslığı artır və vacib duyğuya çevrilir. Kor adamlar insanları, əşyaları iyinə görə fərqləndirir və tanıyır.
Dəri duyğuları. Dərinin səthində müxtəlif növ sinir ucları olur. Onların bəziləri yalnız toxunmanı, digərləri yalnız isti və soyuğu duymağa imkan verir. Dərinin müxtəlif sahələrində bu duyğular fərqli şəkildə qıcıq yaradır. Dəri duyğularının özünəməxsus növlərindən biri də ehtizaz duyğusudur. Rəqslərin (titrəyişlərin) dəri vasitəsilə əks etdirilməsi ehtizaz duyğusu adlanır. Məsələn, küçədən maşın keçəndə pəncərənin şüşəsi laxlayırsa, əlimizlə şüşənin titrədiyini duyarıq. Normal inkişaf etmiş insanlarda ehtizaz duyğusu çox zəif formada özünü göstərir. Lakin lal-kar, kor insanlarda duyğunun bu növü yüksək səviyyədə inkişaf edir.
Üzvü duyğular (daxili duyğular). Üzvü duyğulara aclıq, susuzluq, toxluq, ürəkbulanma və s. aiddir. Üzvü duyğuların reseptorları daxili üzvlərin səthində yerləşən sinir uclarından ibarətdir. Daxili üzvlər normal vəziyyətdə olduqda ayrı-ayrı duyğular vahid duyğuya çevrilərək insanın ümumi sağlamlıq vəziyyətini əks etdirir.
Ağrı duyğuları. Ağrı duyğularının müxtəlif və özünəməxsus təbiəti var. Birincisi, o, dərinin səthində, əzələlərdə və daxili üzvlərdə yerləşən xüsusi reseptorlara malikdir. Dəridə, əzələdə baş verən mexaniki zədələr və daxili üzvlərin xəstəliyi nəticəsində ağrı duyğuları baş verir. İkincisi, yüksək qıcıqlandırıcı müvafiq analizatorda ağrı duyğusu yaradır. Hədsiz güclü işıq, səs-küy, soyuq, isti, kəskin iy ağrı duyğusuna səbəb olur. Ağrı duyğusu xoşagəlməz olsa da insanı təhlükədən qoruyur, sağlamlığında baş verən pozuntulardan xəbərdar edir. Əgər ağrı duyğusu olmasaydı insan sağlamlıq vəziyyətindən xəbər tuta bilməz, nəticədə təhlükə ilə üzləşərdi.