7.Diqqətin yayınması onun hazırda qarşıda duran məqsədlə əlaqəsi olmayan cisim və hadisə üzərinə yönəlməsində ifadə olunur. Məsələn, müəllim dərsi izah edərkən şagirdin küçəyə baxması, dərsliyini vərəqləməsi, yoldaşı ilə söhbət etməsi və s. onun diqqətinin yayınmasını göstərir. Diqqətin yayınmasını şərtləndirən amillər çoxdur. Buraya kənar qıcıqlayıcıların qüvvəsi, oxşarlığı və s. daxildir.
Diqqətin xüsusiyyətlərinin qısa xarakteristikasından aydın olur ki, diqqətin səmərəli fəaliyyəti müxtəlif amillərdən asılıdır. Buraya xarici qıcıqların müxtəlif xarakteri ilə yanaşı insanın daxili vəziyyəti də ciddi təsir göstərir. Bu iki amilin təsiri ilə insanda diqqətlilik və ya diqqətsizlik, hətta diqqətin pozulması belə baş verə bilər. Diqqətin pozulması dalğınlıqla bağlıdır. Dalğınlıq halında insan bu və ya digər obyekt üzərində cəmləşə bilmir. Gərgin iş günündən sonra yorğunluq, dərin kədər və ya qayğı ilə əlaqədar insanın öz daxili aləminə çəkilməsi, maraqsız iş yerinə yetirməsi və s. dalğınlıq vəziyyəti törədə bilər. Dalğınlığı törədən səbəblərdən biri diqqətin düzgün tərbiyə olunmamasıdır. Belə dalğınlıq fəaliyyət üçün xüsusilə zərərlidir. Şagirdlərdə dalğınlığın bu forması müşahidə edildikdə onlar tapşırıqları yerinə yetirərkən diqqətlərini cəmləşdirə bilmirlər. Bu da onların təlim fəaliyyətinə mənfi təsir göstərir. Dalğınlığın digər səbəbi, sinir sisteminin zəifliyidir. Belə uşaqlar tez yorulur və ona görə də dalğın olurlar. Müəllim bu şagirdlərə qayğı ilə yanaşmalı, onlara daim nəzarət etməlidir.
Dostları ilə paylaş: |