11. Hafizə
Plan:
1. Hafizənin ümumi səciyyəsi
2. Hafizənin fizioloji əsasları
3. Obyektinə görə hafizənin növləri
4. Məqsədinə görə hafizənin növləri
5. Materialın möhkəmlənməsinə görə hafizənin növləri
6. Hafizə prosesləri
Keçmiş təcrübənin insan beynində nəqşlənməsi, hifz edilməsi, yadda saxlanması və yada salınmasından ibarət olan psixi prosesə hafizə deyilir. Hafizə insan təcrübəsinin bünövrəsini təşkil edir. Təsadüfi deyildir ki, rus fizioloqu İ.M.Seçenov insanın psixi həyatında hafizəni “psixi inkişafın guşə daşı” hesab edirdi. O qeyd edirdi ki, hafizə bütün psixi inkişafın təməlini təşkil edən qüvvədir. Əgər bu qüvvə olmasaydı, hər bir real duyğu milyonuncu dəfə təkrar edildikdə belə, birinci dəfə duyulduğu kimi təsir bağışlayardı.
Rus pedaqoqu və psixoloqu K.D.Uşinski qeyd edirdi ki, hafizə təfəkkürə əsaslanmalı və eyni zamanda onu inkişaf etdirməlidir. O yazırdı: “Pərakəndə, əlaqəsiz biliklərlə dolu olan baş, hər şeyi qaydasız şəkildə tökülmüş anbara oxşayır ki, burada anbar sahibi özü heç bir şeyi tapa bilmir”. K.D.Uşinskinin sözləri elə desək, biliklərin möhkəmləndirilməsin qayğısına qalmayan müəllimin işini yükü pis sarınmış sərxoş arabaçıya bənzətmək olar.
Hafizənin mexanizmini izah etməkdə İ.P.Pavlovun şərti reflekslər nəzəriyyəsi mühüm rol oynayır. Hafizənin fizioloji əsasını mütəşəkkil rabitələr sistemi (assosiasiya) təşkil edir. Biz cisimləri, sözləri, fikirləri, hissləri, hərəkətləri daim müəyyən rabitədə yadda saxlayırıq. Deməli, hafizənin əsasını həmişə müəyyən rabitələr təşkil edir. Həmin rabitələr Aristotel tərəfindən irəli sürülən 3 prinsipə əsaslanır.
Dostları ilə paylaş: |