Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Yeniyetmənin yoldaşları ilə ünsiyyəti



Yüklə 277,04 Kb.
səhifə165/257
tarix02.01.2022
ölçüsü277,04 Kb.
#36084
1   ...   161   162   163   164   165   166   167   168   ...   257
Ümumi,yaş və ped.psixologiya TƏZƏ

32. Yeniyetmənin yoldaşları ilə ünsiyyəti

Plan:

1. Yeniyetməlik dövründə ünsiyyətin psixoloji mahiyyəti

2. Yeniyetməlik dövründə ünsiyyətin pozulması halları

3. Yeniyetməlik dövründə təzahür edən iradi keyfiyyətlər

4. Yeniyetməlik dövründə oğlan-qız münasibətləri

Yeniyetməlik dövründə nəzərə çarpan mühüm xüsusiyyətlərdən biri də uşağın ünsiyyət fəaliyyətinin genişlənməsi, yoldaşları, həmyaşıdları ilə daha çox qarşılıqlı münasibətə səy göstərməsidir. Ünsiyyət fəaliyyəti prosesində yeniyetmə ictimai əxlaqi münasibət formalarını mənimsəyir. Yeniyetmənin həmkarları ilə ünsiyyəti o dərəcədə genişlənir ki, bəzən təlim işi ikinci plana keçir, hətta valideynlərlə ünsiyyət azalır, müstəqillik onların həyatının mühüm sahəsinə çevrilir. Bunu hiss edən ata-ana və müəllim yeniyetmənin belə münasibətinə müdaxilə etdikdə ciddi etirazlara məruz qalırlar. Bu dövrdə yeniyetmənin yoldaşlıq münasibətlərinin tərbiyə olunması valideyn və müəllimlərdən pedaqoji məharət tələb edir.

Yeniyetmənin yoldaşları ilə ünsiyyəti getdikcə genişlənir və möhkəmlənir. Lakin ünsiyyətin pozulması halları baş verdikdə bu, yeniyetməyə böyük sarsıntı gətirir, eyni zamanda yoldaşlarının ona soyuq münasibəti onun üçün ən ağır və dözülməz cəzaya çevrilir. Bu vəziyyət uzun müddət davam etdikdə yeniyetmə məktəbdən kənarda özünə yoldaş axtarır, müxtəlif küçə qruplarına qoşulur və bəzən onda qeyri - əxlaqi xüsusiyyətlər əmələ gəlir. Bu da yeniyetmənin bütöv bir şəxsiyyət kimi formalaşmasına maneçilik törədir.

Yeniyetməlik yaşında yoldaşa sadiq olmaq, düzlük və doğruçuluq, bərabərlik, qarşılıqlı münasibət kimi keyfiyyətlər ön plana keçir. Yoldaş üçün zəruri hesab edilən keyfiyyətlər yeniyetməlik dövründə qarşılıqlı münasibət normasına çevrilir. Eyni zamanda yeniyetmə yoldaşlarının iradlarını, tənqidi göstərişlərini qəbul edir və tədricən özünü dərk edir. Əks təqdirdə isə özünə həddindən artıq qiymət verən yeniyetmə nüfuzdan düşür və nəticədə qarşılıqlı münasibətlər pozulur. Buradan aydın olur ki, yeniyetmələr nəinki özlərinin, həm də yaxın yoldaş və dostlarının nöqsanlarına dözmür, onları islah etməyə çalışırlar. Psixoloji ədəbiyyatda bu cəhətə yüksək qiymət verilərək göstərilir ki, yeniyetmədə başqa adamlara təsir göstərmək cəhdi əmələ gəlir. Bu isə yeniyetmənin həmyaşıdları ilə qarşılıqlı münasibətlərin yeni xarakter kəsb etdiyini göstərir.

Yeniyetmələrin yoldaşlığı tədricən seçici xarakterdə inkişaf edir. Yeniyetmələr yaxınlıq dərəcəsinə görə yoldaşın üç tipini fərqləndirirlər: sadəcə olaraq yoldaş, yaxın yoldaş və şəxsi dost. Yeniyetmə əvvəlcə özünə yaxın yoldaş və dost seçir, sirdaşını müəyyənləşdirir. Seçdiyi dostunu özü ilə müqayisə edir, onu müxtəlif nöqteyi-nəzərdən qiymətləndirir. Qeyd etmək lazımdır ki, yeniyetmənin yaşıdları onun həyatında olduqca vacib rol oynayır. Yeniyetmədə baş verən yeni psixi törəmələr onu yaxşı yoldaş, yaxşı dost olmaq, kollektivdə və yaşıdları içərisində mövqe qazanmaq, sayılıb-seçilmək, onların hörmət və etibarını qazanmaq tələbatlarını doğurur. Bir çox yeniyetmələr diqqət mərkəzində olmaq, öz davranışını reallaşdırmaq üçün cəhdlər edir və çox vaxt buna nail olurlar. Belə təzahürlər yeniyetmə üçün özünütanıtma və özünütəsdiq formasına çevrilir.

Yeniyetmələrdə oğlan-qız münasibətləri də formalaşmağa başlayır. Onlar bir-birilə maraqlanır, bir-birinin xoşuna gəlməyə cəhd edirlər. Oğlan və qızların qarşılıqlı münasibəti onların bir-birinə tələbkarlığında, qayğı və hörmətində, inam və etibarında ifadə olunaraq kollektivçilik hissinə çevrilir.

Lakin yeniyetməlik yaşının ayrı-ayrı dövrlərində oğlan və qız münasibətlərində fərqli cəhətlər özünü göstərir. Psixoloji tədqiqatlar göstərir ki, kiçik yeniyetməlik dövründə oğlan və qızlar bir tərəfdən, bir-birilə maraqlanır, digər tərəfdən isə xüsusiləşməyə meyl edirlər. Ona görə də bu dövrdə oğlanlar əksər hallarda oğlanlarla, qızlar isə qızlarla oynamağa, yoldaşlıq etməyə meylli olurlar. Hətta qızlar ad gününü keçirəndə oğlanları həmin təntənəli mərasimə, şənliyə dəvət etmirlər. Psixoloqlar bu cəhəti, birinci növbədə, oğlanlarla qızların aralarında cinsi fərqlərin olması ilə əlaqələndirirlər. Oğlanlarla qızların bu cür xüsusiləşmə halları tədricən aradan qalxır, onların arasında qarşılıqlı münasibətlər yenidən əsl yoldaşlıq münasibətinə çevrilir. Hər iki cinsdən olan yeniyetmələr təlim prosesində müxtəlif əxlaqi anlayışlara yiyələndikcə özlərinin yoldaşları qarşısında borcunu və məsuliyyətini daha aydın dərk edirlər.

Deyilənlərdən göründüyü kimi, yeniyetməlik dövründə yoldaşlarla ünsiyyət yeniyetmənin bir şəxsiyyət kimi formalaşmasında həlledici rol oynayır. Onlar bir-birləri üçün nümunəyə çevrilir, bir-birlərinə fəal təsir göstərirlər.





Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin