2.Eksperiment metodu olduqca əlverişli, dəqiq və fəal tədqiqat metodudur. Pedaqoji psixologiyada istifadə olunan eksperiment metodu təbii və laborator olmaqla iki yerə ayrılır.
a.Təbii eksperiment ilk dəfə rus psixoloqu A.F.Lazurski tərəfindən tətbiq olunmuşdur. Təbii eksperimentdə bir növ müşahidə ilə eksperimentin xüsusiyyətləri birləşir. Bu zaman psixi hadisələr təbii şəraitdə öyrənilir, lakin müşahidədən fərqli olaraq burada psixi hadisələrin gedişinə müdaxilə olunur. Bu zaman müdaxilənin özü təbii vəziyyət dairəsində həyata keçirilir.
b.Laborator eksperiment isə xüsusi laboratoriyada aparılır və burada müxtəlif cihazlardan istifadə etməklə şagirdlərin psixoloji xüsusiyyətləri, eləcə də təlim və tərbiyənin psixoloji qanunauyğunluqları aşkara çıxarılır.
3.Müsahibə metodu müşahidə və eksperimentin nəticələrini tamamlamağa xidmət edir. Tədqiqatçı qarşıya qoyduğu məqsəddən asılı olaraq suallar müəyyənləşdirir və həmin sualların köməyi ilə məsələnin mahiyyətini açmağa çalışır. Müsahibənin köməyi ilə şagirdin yaşayışı, dünyagörüşü və əqidəsi, maraq və meylləri, keçdiyi həyat yolu və gələcək həyata baxışı aşkara çıxarılır. Müsahibə zamanı aparılan sorğu-sual səmimi və təbii olmalıdır.