Aşağıdakı əşyaları ümumi təhsil müəssisəsinə gətirmək qadağandır: kəsici və deşici alətlər, təhlükəli, zəhərli və ya tez alışan maddələr, kibrit və alışqanlar, siqaret (elektron siqaret), saqqız, spirtli içkilər, təsbeh və zinət əşyaları kimi aksesuarlar, qanunla istifadəsi və dövriyyəsi qadağan olunmuş maddələr.
Məsuliyyətsiz davranış nəticəsində məktəb əmlakına və başqalarının şəxsi əşyalarına vurulan zərərə görə valideyn/qanuni nümayəndə maddi məsuliyyət daşıyır. Maddi ziyanın ödənilməsi qanuna əsasən müəyyənləşdirilir.
Etik davranış
Şagirdlər:
Azərbaycan Respublikası dövlətçiliyinə, milli dəyərlərə və dövlət rəmzlərinə hörmət etməli;
məktəb nüfuzuna xələl gətirəcək hərəkətlərə yol verməməli;
şagird yoldaşları və böyüklər haqqında olan şəxsi məlumatların məxfiliyini pozmamalıdırlar.
Aşağıdakı davranışlar yolverilməzdir:
böhtan atmaq və həqiqəti gizlətmək;
məktəb sənədləri və ya məlumatlarını dəyişdirmək, saxtalaşdırmaq və zərər vermək;
akademik nəticələrini saxtalaşdırmaq, bu məqsədlə məktəb heyətinin üzvünə pul, hədiyyə və ya digər maddi nemətlər təklif etmək;
qeyri-qanuni dərman vasitələrini məktəbə gətirmək, başqalarına təklif etmək və ya satmaq;
summativ qiymətləndirmə qaydalarını pozmaq;
sinif və ev tapşırıqlarını yerinə yetirərkən, həmçinin summativ qiymətləndirmə zamanı plagiatlıq və ya köçürmək;
alqı-satqı, əşyaların dəyişdirilməsi və ya qumar oynamaq;
qeyri-etik, təhqiramiz məzmunlu materialı kağız və ya elektron formatda əldə etmək və ya yaymaq;
dini və ya siyasi baxışları təbliğ etmək.
şagird yoldaşlarına qarşı qısnamaya (bullinq) yol vermək.
B – Qayda pozuntularının səviyyələri
Bu hissə qayda pozuntularının ağırlıq dərəcəsini təsnif edir.