Müddətli valyuta bazarı (Forward Currency Market).
Milli pul müqabilində valyutanın müəyyən müddətdən sonra təhvil verilməsi şərtilə alqı-satqısı üçün bu gündən bağlanan müqavilələrə müddətli valyuta əməliyyatları (forward currencu transactions) deyilir. Bu əməliyyatları formalaşdıran bazarlar isə müddətli valyuta bazarı (forward currencu market) adlanır.
Göründüyü kimi, müddətli valyuta əməliyyatlarının xarakterik xüsusiyyəti valyuta alqı-satqısı haqqında müqavilənin bu gündən bağlanması, valyutanın təhvili və digər ödəmənin isə müqavilədə razılaşdırılan məzənnə ilə və müddətdə həyata keçirilməsidir. Bir qayda olaraq müqavilə bağlanarkən heç bir ödəniş aparılmır. Təhvil və ödəmə müddəti isə adətən bir ildən az olur.
Belə əməliyyatlar valyuta bazarında fəaliyyət göstərən banklarla müştəriləri arasında həyata keçirilir. Onları doğuran əsas səbəb valyuta məzənnəsinin gələcəyinin qeyri-müəyyən olmasıdır. Əgər valyuta məzənnəsindəki gələcək dəyişikliklər məlum olsaydı, bu əməliyyatlara ehtiyac qalmazdı. Bu əməliyyatlardan ən çox gələcəkdə valyuta ilə ödəmə etməli olan və ya gəlir əldə edəcək idxalatçı, ixracatçı və ya xarici kapital qoyan iş adamları istifadə edirlər. Qiymətlər əvvəlcədən razılaşdırıldığı üçün müddətli müqavilələr belə iş adamlarının gələcəkdə özünü göstərə bilən məzənnə dəyişməsi riskindən qoruyur.
Müddətli müqavilələrdə ödənilmə müddəti, tətbiq ediləcək valyuta məzənnəsi, valyuta məbləği, təhvil olunacaq yer, bank, hesab nömrəsi və s. məlumatlar öz əksini tapır. Belə əməliyyatlarda tətbiq edilən məzənnələr müddətli ödəmə məzənnəsi (forward exchange rates) adlanır.
Bu məzənnələr, bir qayda olaraq, spot məzənnələrdən fərqli olurlar. Müddətli məzənnələr daha çox 30, 60, 90 və 180 günlük müddətə görə kotirovka olunur.
Müddətli məzənnələr adətən spot məzənnələrlə müqayisəli şəkildə verilir. Əgər müddətli ödəmə məzənnəsi spot məzənnədən yüksəkdirsə, aradakı fərqə müddətli ödəmə mükafatı (forward premium) deyilir.
Əksinə müddətli məzənnə spot məzənnədən az olduqda aradakı mənfi fərq müddətli məzənnə diskontu (forward discount) adlanır. Nəhayət, hər iki məzənnə bir-birinə bərabər olduqda məzənnələrin düz (flat) olması qeyd edilir.
Spot ödəmə bazarları ilə aralarında mövcud olan fərqə baxmayaraq, müddətli ödəmə bazarları da valyuta bazarlarının ümumi xüsusiyyətlərinə malikdirlər. Belə ki, bu bazarların da əsas vasitəçiləri banklar və brokerlərdir. Dünyanın harasında yerləşməsindən asılı olmayaraq, bu şəxs və təşkilatlar ən mükəmməl rabitə vasitələri ilə daima əlaqədədirlər. Prinsip olaraq ödəmələr sərhəddən kənara natural valyuta göndərilməklə həyata keçirilmir. Bu əməliyyatlar müvafiq ölkələrdəki bank hesablarındakı alacaq və borc qeydlərinin azaldılması və ya artırılması yolu ilə həyata keçirilir.
Bu bazarlardakı əməliyyatların da bir hissəsi banklarla müştəriləri arasındakı (pərakəndə bazar), digər hissəsi müddətli valyuta pozisiyalarını tarazlaşdırmaq məqsədilə bankların öz aralarında aparılır. Bu ikincisi, müddətli valyuta interbankı adlanır. Banklar müddətli valyuta pozisiyalarındakı çatışmazlıq və ya artıqlığı tarazlaşdırmaq üçün interbank əməliyyatlarından istifadə edirlər. Bankların öz aralarındakı müddətli ödəmə əməliyyatları üçün müəyyən etdikləri məzənnələr, müştərilərinə tətbiq etdikləri məzənnələrdən fərqlidir. Prinsip olaraq ikinci birincidən yüksək olur.
Dünyanın əsas bazarlarında məlum saatlarda kotirovka edilən spot ödəmə və fərqli müddətlərə görə müddətli ödəmə məzənnənələri Wall Street Cournal adlı gündəlik maliyyə nəşrində və digər mətbuat vasitələrinin kanalları ilə mütəmadi olaraq yayılır. Onlar əsasən inkişaf etmiş ölkələrin valyutalarını əhatə edir.
Qeyd etmək lazımdır ki, valyuta bazarı dedikdə, hər şeydən əvvəl spot ödəmə bazarları nəzərə alınır. Çünki valyuta əməliyyatlarının əksəriyyəti bu bazarlarda həyata keçirilir. Müddətli ödəmə bazarlarının əməliyyatları da getdikcə genişlənir. İnkişaf etmiş sənaye ölkələrində bu bazarın həcmi astronomik rəqəmlərlə xarakterizə edilməyə başlamışdır.
Onu da göstərmək lazımdır ki, müddətli ödəmə bazarları yalnız ödəmə əməliyyatları ilə məhdudlaşmır. Belə bazarlar keçmişdə qızıl, buğda, şəkər və s. kimi kommersiya malları üçün yaradılıb, inkişaf etdirilmişdir. Lakin valyuta bazarlarından fərqli olaraq, göstərilən mal bazarları müəyyən bir məkanda aparılırdı.
1. 4. Əmək amilinin və əmək bazarının transformasiyası
Hər bir cəmiyyətdə sosial strukturun əsasını əmək prosesi təşkil edir. Elmi-texniki tərəqqi və texnologiyanın inkişafı nəticəsində əmək prosesi və istehsal münasibətlərində baş verən dəyişikliklər bütövlükdə cəmiyyətin təkamülünə təsir edir. Cəmiyyətdə baş verən təkamül prosesləri isə özünün birbaşa ifadəsini məşğulluq və peşə strukturunun dəyişməsində tapır. Məlum olduğu kimi, məşğulluğun strukturu hər bir cəmiyyətin siyasi, iqtisadi və mədəni mühitinə uyğun olaraq müxtəlifdir. Bu müxtəliflik qloballaşma dövründə spesifik xarakter alır.
Postsənaye cəmiyyəti haqqında klassik nəzəriyyəyə uyğun olaraq məşğulluğun strukturu aşağıdakı kimi dəyişir:
1. Məhsuldarlıq və iqtisadi artımın mənbəyi informasiyanın işlənməsi və tətbiqi vasitəsilə iqtisadi fəaliyyətin bütün sahələrinə yayılan bilikdir.
2. Iqtisadi fəaliyyət məhsul istehsalından xidmət göstərilməsinə tərəf dəyişilir.
Kənd təsərrüfatı sahəsində məşğulluğun azalması sənaye istehsalında da məşğulluğun azalması ilə müşayiət edilir. Xidmət sahəsində isə iş yerləri sürətlə artır və məşğulluğun əsas hissəsini təşkil edir. İqtisadiyyat nə qədər çox inkişaf edirsə, məşğulluq da bir o qədər çox xidmət sahəsində cəmlənmiş olar.
Yeni qlobal iqtisadiyyatda xidmət sahəsinin təmsilçilərinin informasiya və bilik sahəsində yüksək səviyyədə təmərküzləşməsi ilə əlaqədar peşələrin əhəmiyyəti diqqət mərkəzində olacaqdır. Xüsusi vurğulamaq lazımdır ki, bütün digər növ məşğulluğa nisbətən menecerlərə, mütəxəssis və texniklərə tələbat daha sürətlə artacaqdır.
Onu da göstərmək lazımdır ki, qlobal iqtisadiyyatda məşğulluğun əsasını təşkil edən «xidmət sahəsi» anlayışının dəqiqləşdirilməyə ehtiyacı vardır. Həmin anlayış çox vaxt birmənalı başa düşülmür. Məşğulluq haqqında statistikada o çox vaxt «qalıq» anlayışı əsasında müəyyən edilirdi. Yəni kənd təsərrüfatı, dağ-mədən sənayesi, inşaat, kommunal müəssisələr və yaxud emaledici sənayeyə daxil olmayan hər şey «xidmət» anlayışına aid edilirdi. Beləliklə, xidmət kateqoriyası tarixən müxtəlif sosial struktur və istehsal sistemində meydana gəlmiş hər növ fəaliyyəti əks etdirir. Bu kateqoriyanın elə bir vahid ümumi cəhəti yoxdur. Onun «maddiliyə» əks anlayış kimi başa düşülməsi də düzgün deyildi. Kompüter proqramı təminatı, videoistehsal, mikroelektronikanın layihələşdirilməsi, biotexnikaya əsaslanan kənd təsərrüfatı və s., habelə inkişaf etmiş iqtisadiyyat üçün xarakterik olan bir çox digər mühüm proseslər özünün informasiya məzmununu məhsulun maddi tərəfi ilə birləşdirir, mal və xidmətlər arasında dəqiq sərhəd qoyulmasına imkan vermir. Bununla yanaşı informasiya iqtisadiyyatında da xidmətin hər bir spesifik növü əvvəlki industrial iqtisadiyyatda mövcud olan sənaye və xidmətin mühüm və müstəqil maddəsi kimi vacibdir. Bunları nəzərə alaraq M. Kastels xidmət sahəsində fəaliyyəti bir-biri ilə sıx əlaqədar olan bir neçə növə bölür. [188, s. 205]
Onun fikrinə görə, bölgü sahəsində olan xidmət kommunikasiya, nəqliyyat və ticarət xidməti (topdan və pərakəndə satış) şəbəkələri sahəsində fəaliyyəti özündə birləşdirir. İstehsalçılara xidmət iqtisadiyyata həlledici kapital qoyuluşları sahəsində göstərilən xidmətlərdir. Onlar da biznesə yardımçı xidmətləri özündə birləşdirir. Bu sahədə yüksək ixtisas tələb olunmur. Sosial xidmətlər hökumət fəaliyyətinin bütün sahələrini, habelə kollektiv istehlakla əlaqədar işləri əhatə edir. Məişət xidməti fərdi istehlak ilə əlaqədardır.
Yuxarıda qeyd edildiyi kimi, qlobal iqtisadiyyatda yeni peşə strukturunun özəyini informasiya sahəsində iş yerləri, menecerlər təşkil edir. Lakin bununla yanaşı sosial pilləkənlərin aşağı hissələrində xidmət sahəsində məşğul olan ixtisassız işçilərin sayının artması da müşahidə olunur. Bu artımın sürəti zəif olsa da, ixtisassız işçi tələb edən iş yerləri mütləq sayına görə postindustrial sosial strukturun mühüm hissəsini təşkil edə bilər. Bu, o deməkdir ki, informasiya cəmiyyətinin sosial strukturunda getdikcə daha çox qütbləşmə özünü göstərir. Yəni orta təbəqələr hesabına yuxarı və aşağı təbəqələrinin xüsusi çəkisi artır.
Əmək bazarının transformasiyası.
Qlobal iqtisadiyyatın mövcudluğu qəbul edilirsə, ilk baxışda qlobal əmək bazarının mövcudluğu da qəbul edilməlidir. Lakin bu aldadıcı bir təsəvvürdür. Çünki liberallaşma nəticəsində əmtəə, xidmət və pul kapitalı bütün dünyada nisbətən sərbəst hərəkət etsə də, işçi qüvvəsinin hərəkəti qarşısında ciddi məhdudiyyətlər qalmaqda davam edir. Belə ki, 90-cı illərin ortalarında qlobal işçi qüvvəsinin cəmi 1, 5% öz ölkələrindən kənarda işləyirdilər, onun da yarısına yaxını Afrikada toplanmışdır. Hətta Avropa Birliyi kimi ən liberal iqtisadi coğrafiyada da ümumi işçi qüvvəsinin cəmi 2%-i öz ölkəsindən kənarda işləyirdi. Buna baxmayaraq, inkişaf etmiş sənaye ölkələrində belə bir ictimai fikir yaranmışdır ki, bu ölkələrə Cənub və Şərqdən güclü immiqrant axını mövcuddur. Qloballaşma əleyhinə hərəkətin əsasında da çox vaxt bu amil dayanır. Beynəlxalq işçi qüvvəsi axını ölkələr üzrə təhlil edildikdə ciddi fərq özünü göstərir. ABŞ-da bu axın tarixən həmişə güclü olduğu halda, Avropa ölkələri haqqında bu fikri söyləmək mümkün deyildir. Avropada işçi qüvvəsi axını Birlik ölkələri arasında nisbətən yüksəkdir. İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Moris Alle «Qloballaşma: məşğulluq və iqtisadi artım şərtlərinin dağılması» adlı əsərində belə bir nəticəyə gəlir: [130, s. 17]Avropa Birliyinin yeritdiyi ümumdünya ticarət azadlığı siyasəti kütləvi işsizliyin çoxalmasının və iqtisadi artımın zəiflənməsinin əsas və ən mühüm səbəbidir. Himayəçiliyin əsaslandırılması, bəraət qazandırılması və zəruriliyi dünya iqtisadiyyatının yaratdığı xaos və hər cür çətinlikdən müdafiə olunmaq üçün həyati əhəmiyyət kəsb edir. Amerikan iqtisadçısı M. Kastels isə göstərir ki, [188, s. 228] Avropa Birliyi ölkələrində 1990-ci ildə əcnəbilər ümumi əhalinin cəmisi 4, 5%-ni təşkil edirdi və yüksək ixtisaslı işçilərin cüzi bir hissəsini əhatə edirdi. Bunlar qabaqcıl mühəndislər, maliyyə menecerləri və digər mütəxəssislərdən ibarətdirlər. Lakin qlobal əmək bazarının yaranması üçün bu mühüm, amma az miqdar işçilər çox əhəmiyyətlidir.
Araşdırmalar göstərir ki, qlobal miqyasdə işçi qüvvəsi bazarının qarşılıqlı asılılığı üç mexanizm vasitəsi ilə artma təmayülü göstərir:
1. transmilli şirkətlərdə və onlarla əlaqədar olan şəbəkələrdə qlobal məşğulluq;
2. beynəlxalq ticarətin istər Cənubda, istərsə də Şimalda məşğulluğa və əmək şəraitinə təsiri;
3. qlobal rəqabətin və hər bir ölkədə işçi qüvvəsinə təsir edən yeni çevik menecmentin inkişafı.
İnkişaf etmiş sənaye ölkələrində Transmilli şirkətlər üçün əmək bazarı sahəsində geniş imkanlar açılır. Onlar bu sahədə aşağıdakı mühüm tədbirləri həyata keçirə bilərlər:
1. şimalda yüksək ixtisaslı işçi qüvvəsini əldə saxlamaqla və az məsrəf tələb edən məhsul idxal etməklə firmanın miqyasını kiçildə bilər;
2. işin bir hissəsini öz transmilli filialına və yardımçı şəbəkələrinə subpodrad şəklində verə bilər;
3. müvəqqəti işçi qüvvəsindən və daimi fəhlələrdən gün ərzində qismən istifadə edər və yaxud ölkə daxilində qeyri formal firmaları işə cəlb edə bilər;
4. əmək bazarında standart qiymətləri çox yüksək olan iş növlərini avtomatlaşdırmaq və ya başqa yerə köçürmək;
5. iş yerlərini saxlamaq şərti müqabilində öz işçilərinə daha sərt əmək və ödəmə şərtlərini qəbul etdirmək.
Beləliklə, qlobal əmək bazarı və işçi qüvvəsi mövcud olmasa da, informasiya iqtisadiyyatında işçi qüvvəsi bazarları qlobal miqyasda bir-birindən asılıdır.
İnformasiya iqtisadiyyatında əmək prosesinin xüsusiyyətləri.
XX əsrin son onilliyində baş verən informasiya-texnologiya inqilabi sosial və texniki əmək bölgüsünün yeni formalarının yaranmasına səbəb olmuşdur. İnformasiya iqtisadiyyatının 80-90-cı illərdə həyatın bütün sahələrinə dərin nüfuz etməsi müasir dünya iqtisadi ədəbiyyatında geniş şərh edilir. İnformasiya texnologiyasının əmək prosesinə təsiri özünü aşağıdakı kimi göstərir. Əvvəlcə mexanikləşdirmə, sonra isə avtomatlaşdırma on illər ərzində insan əməyini transformasiya etmişdir. Bu proses iş yerlərini itirmək təhlükəsi altında insanları yenidən ixtisaslaşmağa, ixtisasını artırmaqa, əmək məhsuldarlığını yüksəltməyə, idarəçilik mexanizmini təkmilləşdirməyə məcbur etmişdir. İnformasiya texnologiyasının vüsət alması ilə öz zirvəsinə çatmış avtomatlaşdırma əmək prosesində insan beyninin rolunu görünməmiş dərəcədə artırmışdır. Burada belə bir qanunauyğunluq göz qabağındadır: qabaqcıl informasiya texnologiyası fabrik və ofislərdə nə qədər geniş və dərin yayılırsa, müstəqil düşünə bilən, işləri proqramlaşdıran, operativ qərar qəbul edən bilikli mütəxəssislərə tələbat da bir o qədər artır.
XX əsrin 90-ci illərində iş prosesinin transformasiyasını aşağıdakı amillər daha da sürətləndirdi: kompyuter texnologiyasının geniş tətbiqi və idarəçilikdə ondan geniş miqyasda istifadə olunması; qlobal rəqabət bütün dünyada şirkətlər arasında texnologiya və idarəçilik sahəsində əsl yürüş yaratdı; informasiya cəmiyyətində əmək prosesi həmin cəmiyyətə xas olan spesifik istehsal prosesi ilə müəyyən edilir. Bu spesifikliyi dünyanın aparıcı alimləri aşağıdakı kimi xarakterizə edirlər.
1. Əlavə (yeni) dəyər istər istehsal prosesində, istərsə də, məhsullarda, əsas etibarilə, innovasiya ilə yaranır.
2. Innovasiyanın özü isə iki amildən: tədqiqat potensialından və spesifikasiya qabiliyyətindən asılıdır. Yəni bilik açıq olmalı və sonra konkret məqsədlə tətbiq edilməlidir.
3. Istehsal fəaliyyətinin böyük hissəsi təşkilatlarda həyata keçirilir.
4. Informasiya texnologiyası yeni əmək prosesində başlıca amildir, çünki o:
-
innovasiya qabiliyyətini əsas etibarı ilə müəyyən edir;
-
səhvlərin düzəldilməsi və icraçılar səviyyəsində əks əlaqələrin yaranmasını mümkün edir;
-
infrastrukturu və istehsal prosesinin idarə olunmasında çeviklik uyğunlaşmanı təmin edir.
Belə spesifik istehsal prosesi informasiya paradiqmasını xarakterizə edən yeni əmək bölgüsünü yaradır. İnformasiya cəmiyyətində yeni əmək bölgüsünü düzgün başa düşmək üçün 3 əsas meyarı nəzərə almaq lazımdır. Birinci meyara hər hansı bir iş yerində yerinə yetirilən faktiki vəzifələr aiddir. İkinci meyara həmin təşkilatla, onun digər təşkilatlar da daxil olmaqla mövcud mühit arasındakı münasibətlər aiddir. Burada birinci meyar dəyər yaradılması, ikinci münasibətlər yaradılması və qərar qəbul edilməsi prosesidir.
İnformasiya texnologiyası şəraitində istehsal prosesində dəyər yaradılması üzrə aşağıdakı təməl vəzifələr qarşıda durur:
-
rəhbərlik tərəfindən strateji qərarların qəbul edilməsi;
-
tədqiqatçıların yaratdıqları məhsullarda innovasiya;
-
dizaynerlər tərəfindən innovasiyanın istehsal prosesinə uyğunlaşdırması, qablaşdırma və s. ;
-
qarşıya qoyulan məqsədə çatmaq üçün qərarlar ilə innovasiya, dizayn və icra arasında münasibətlərin idarə olunması;
-
operator tərəfindən şəxsi təşəbbüslərin icra olunması;
-
avtomatlaşdırılması mümküm olmayan və əvvəlcədən proqramlaşdırılmış ikinci dərəcəli vəzifələrin işçilər tərəfindən icra olunması.
Qərarlar qəbul edən subyektlər:
-
son qərar qəbul edən subyektlər:
-
qərarın qəbul edilməsi prosesinin iştirakçıları;
-
qərarın yerinə yetirilməsinin icraçıları.
Yeni texnoloji alətlər əsasında yüksək nəticəni adətən iki amil təmin edir. Birincisi - industrial işçi qüvvəsinin təcrübəsi və yüksək ixtisası. Bu mürrəkəb modifikasiya əmək prosesində olduqca vacibdir. Belə yüksək ixtisasa malik olmaq üçün iş sistemində xüsusi kurslarda müntəzəm ixtisasın artırılması tələb olunur. Bəzən iş vaxtının müəyyən bir hissəsi öyrənməyə həsr edilir. Yüksək nəticə əldə edilməsinin ikinci amili isə işçilərin nisbi müstəqilliyidir.
Bütün bu göstərilən amillər informasiya cəmiyyətində əmək prosesinin transformasiyasının əsas istiqamətlərini əks etdirir.
İnformasiya cəmiyyətində insan amili və biliyin rolunun artması.
Sürətlə inkişaf edən postindustrial cəmiyyətdə insan amili istər, ayrıca götürülmüş şirkət, istərsə də, ölkə və bəşəriyyət miqyasında iqtisadi inkişafın sürətləndirilməsində aparıcı rol oynayır. İnkişaf etmiş sənaye cəmiyyətində tərəqqinin əsas hərəkətverici qüvvəsi, əmək və kapitalın təmərküzləşməsi idi. Hazırki postsənaye cəmiyyətində isə əsas diqqət yüksək texnologiyanın inkişafına, istehsal və xidmət sahəsində modernləşmənin sürətləndirilməsinə verilir. Kapital və əməyin özü haqqında anlayışlar dəyişir. Əvvəllər kapital yığımı sahibkarların bir neçə nəsli ərzində təmin edilirdi. İndi isə çox irimiqyaslı kapital işə az miqdar ilkin kapital qoymaqla dərhal yaradıla bilər. Lakin həmin sahibkar öz nəhəng müəssisəsində yalnız öz biliyi və məhdud saylı menecerlərin birliyi ilə kifayətlənə bilməz. Texnologiyanın daim yenilənməsi praktikada hər bir iş yerində tələb olunur. Ona görə də texnologiyanın inkişafına müasir istehsalın hər bir işçisinin cəlb olunması zəruridir. Bu isə onu göstərir ki, əvvəllər əmək ehtiyatı hesab edilən muzdlu işçilər əslində kapital ehtiyatlarının qorunması və artırılmasını təmin edir. Ona görə də istehsal olunan məhsulun tərkibində əməyin xüsusi çəkisi, əmək məhsuldarlığı yüksək həddə doğru getdikcə daha da artacaqdır. Çünki əmək haqqına geniş mükafatlar sistemi əlavə olunur. Məlum olduğu kimi, müasir dövrdə cəmiyyətin görünməmiş dərəcədə yenidən qurulmasının əsasında elm və biliyin sürətli inkişafı və bunun əsasında əmək məhsuldarlığında inqilabi sıçrayışlar dayanır. Biliyin əhəmiyyəti hələ 250 il bundan əvvəl həmin bilik əmək alətləri, texnologiya və yeni növ məhsul hazırlanması məqsədi ilə tətbiq edilməyə başlandıqda dəyişdi. Lakin əmək məhsuldarlığında inqilab Marksın ölümündən iki il əvvəl başlandı. Bu zaman(1881-ci ildə) F. U. Teylor ilk dəfə olaraq biliyi insanın məhsuldar fəaliyyətinin təhlili və əmək proseslərinin layihələşdirilməsi üçün tətbiq etməyə başladı. Əməyin təşkilinə biliyin tətbiqi əmək məhsuldarlığında sıçrayışlı artım yaratdı. Teylor bu sistemi yaratdıqdan sonra əmək məhsuldarlığı ildə orta hesabla 3, 5 -4% artdı. Bu, o deməkdir ki, həmin göstərici hər 18 ildə iki dəfə artdı. Həmin dövrdən indiyə qədər inkişaf etmiş ölkələrdə əmək məhsuldarlığı ən azı 50 dəfədən çox artmışdır. Bu isə təbii olaraq əhalinin maddi rifah halının yüksəlməsi və həyatın keyfiyyətinin yaxşılaşmasının əsasını təşkil edir. Beləliklə, biliyin əhəmiyyəti və rolunun dəyişməsi cəmiyyət və iqtisadiyyatı daha da dəyişdi. Bilik hal-hazırda istehsalın əsas amilidir. Ənənəvi istehsal amilləri - torpaq, işçi güvvəsi və kapital ikinci dərəcəli əhəmiyyət kəsb etməyə başlamışdır. Əgər müvafiq bilik varsa, bu ehtiyatları asanlıqla əldə etmək olar. Yeni anlayışlara görə, bilik real faydalı qüvvədir, sosial və iqtisadi nəticələr əldə edilməsi vasitəsidir. Lazım olan nəticə əldə etmək məqsədilə mövcud informasiyanın tətbiqinin səmərəli üsullarının axtarılması üçün biliyin istifadə edilməsi əslində idarə etmək deməkdir.
Hazırkı dövrdə aşağıdakılar mühüm əhəmiyyət kəsb edir: sistematik və məqsədyönlü şəkildə hansı yeni biliklərin alınması daha vacibdir, onun əldə edilməsi nə dərəcədə məqsədəuyğundur və ondan səmərəli istifadə etmək üçün nə etmək lazımdır. Başqa sözlə, bilik indi yenilik və innovasiyaların əldə edilməsi üçün tətbiq edilir. Qloballaşma dövründə bilik iqtisadi inkişafın başlıca resurs mənbəyinə çevrilibdir. Sual oluna bilər ki, onun resurs (ehtiyat) mahiyyəti nədir? Bu baradə elmi ədəbiyyatda vahid mövqe yoxdur. Bəzi müəlliflərə görə, bu mənada bilik müəssisənin dəyərləri ilə birləşən informasiyadır. Bəzən isə hesab edilir ki, müəssisədə bilik yeni informasiyanı dəyərləndirmək üçün mövcud məlumatları istifadə etmək və predmeti dərindən dərk etmək qabiliyyətidir. Qloballaşma dövründə bu sahədə yenilik bilik və informasiya arasındakı münasibətdə özünü göstərir. Hal-hazırda informasiya texnologiyasının sürətli inkişaf etdiyi bir şəraitdə TMŞ-ın rəhbərləri idarəçilik üçün lazım olan informasiyanın bolluğundan və mürəkkəbliyindən şikayət edirlər. Müəssisənin səmərəli işləməsi üçün zəruri olan biliklərin böyük əksəriyyəti işçilərlə əlaqədardır. Bilikli işçi obyektiv və ya subyektiv səbəblərlə əlaqədar olaraq işdən getdikdə müəssisə müəyyən bilik mənbəyindən məhrum olur. Bu bəzən müəssisəni çox əlverişli sifarişlərdən imtina etməyə də məcbur edir. Beləliklə, mikrosəviyyədə bilik resursların digər növləri ilə əvəz edilə bilməyən müstəqil növüdür. Bunu bilmək həm müəssisələr, həm də mütəxəssislər üçün vacibdir.
XXI yüzillikdə iqtisadi və sosial həyat üçün biliyin yaradılması və istifadə edilməsi üsulları, habelə insanın əmək fəaliyyətinin xarakteri üçün telekommunikasiyalarda əks olunan yeni sosial uklad həlledici əhəmiyyət kəsb edir. Biliyin rolu və əhəmiyyətinin artması özünü sənaye inqilabında, əmək məhsuldarlığının artması sahəsindəki inqilabda və idarəçilikdə baş verən inqilabda göstərdi. Cəmiyyət bilikdən - biliklərə doğru yol ilə irəliləyir. Əvvəllər biliklər ümumi xarakter daşıyırdı. İndi isə biliklərdə dərin ixtisaslaşma özünü göstərir. Keçmişdə «biliyə malik olan insan» ifadəsi işlənmirdi. Deyirdilər: «Savadlı, elmli adam». Savadlı adam - geniş eridusiyalı adamlardır. Onlar istənilən mövzuda yaxşı danışmaq, məharətinə malik insanlar idilər. Lakin onlar hər hansı konkret və praktik fəaliyyətlə məşğul ola bilmirdilər.
Müasir dövrdə bilik konkret nəticə əldə etmək üçün praktiki əhəmiyyəti olan informasiya hesab edilir. Hər hansı bir əhəmiyyətli nəticə əldə edə bilmək üçün isə yüksək dərəcədə ixtisaslaşmış bilik tələb olunur.
Ümumi bilikdən ixtisaslaşmış biliklər kompleksinə keçid biliyi yeni cəmiyyət yaradan qüvvəyə çevirmişdir. Professor S. Xəlilovun göstərdiyi kimi, «İnsanların fəaliyyət dairəsi genişləndikcə biliklərin əhatə dairəsi də genişlənmiş olur. Müxtəlif fəaliyyət sahələrinə uyğun olaraq müxtəlif bilik sahələri yaranır. İnsanların hamısı üçün ümumi və zəruri olan maddi fəaliyyətin nəticəsi kimi əmələ gələn biliklər və ya məişət bilikləri, heç şübhəsiz, bilik sahələri içərisində tarixən ən qədimdir. Sonrakı bilik sahələri insanlar arasında əmək bölgüsü sayəsində əmələ gəlir və heç də bütün adamlara deyil, ixtisasından asılı olaraq yalnız müəyyən qrup adamlara mənsub olur. »
Beləliklə, qloballaşma həyatın bütün sahələrində modernləşmə tələb edir. Məlum olduğu kimi, modernləşmə konsepsiyası (upgrading) iqtisadi aktivliyin bir növündən digər növünə hərəkəti əks etdirir. Bunun əsasında müxtəlif meyarlar - mənfəətlilik, ədalət, ekoloji sabitlik meyarları dayanır. Modernləşmə, adətən, əməliyyatların daha da mürəkkəbləşməsinə doğru aparır. Bu, bir sıra amillərlə əlaqədardır. Yeni texnologiya və yaxud əlavə «nou-hau»-dan istifadə olunması, istehsal proseslərinin təkmilləşdirilməsi, ixtisaslaşma və yaxud inteqrasiya dərəcəsinin artırılması və s. ilə əlaqədardır. Rəqabət mübarizəsinin kəskinləşdiyi bir şəraitdə modernləşmə, istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələr üçün eyni dərəcədə əhəmiyyətlidir. Ona görə də innovasiyalara əhəmiyyət verməyən hər hansı bir ölkə qlobal istehsal və mübadilə sistemində səmərəli mövqe tutmağa qadir deyildir.
Modernləşmənin bütün istiqamətləri yeni biliklərin əldə edilməsini tələb edir. Bu biliklər layihələşdirmə, texnoloji proseslərin təkmilləşdirilməsi və konstruktor işlərində çox mühümdür. Ona görə də təhsil və bilikləri almaq qabiliyyəti modernləşmənin əsasını təşkil edir. Modernləşməni yalnız istehsal prosesi, texnologiya və yaxud marketinq problemi hesab etmək olmaz. Bu istiqamətlər, şübhəsiz, çox mühümdür. Lakin modernləşməni daha geniş mənada, yeni biliklərin alınmasına və bu sahədə real addımlar atılmasına yönəlmiş bir axın kimi başa düşmək lazımdır. Məsələn, İtaliyanın inkişaf etmiş sənaye rayonlarında kiçik firmalar, innovasiya fəallığını kapital tutumlu və yüksək texnologiyalar tələb edən fəaliyyət əsasında deyil, yüksək ixtisaslı işçi və menecerlərdən informasiya və digər ehtiyatların toplanması hesabına genişləndirilir. Tayvanda ailə firmalarında anoloji dinamizm müəssisələri bir-biri ilə birləşdirən sosial şəbəkələrin genişləndirilməsi, xarici aləmlə innovasiya əlaqələrinin artırılması əsasında həyata keçirilir.
Akademik Ramiz Mehdiyev qloballaşma proseslərinin dərin təhlilini apararaq onun aşağıdakı mühüm xüsusiyyətlərini qeyd edir:
-
transmilli korporasiyaların (TMK) kütləvi sürətdə yaranması və fəaliyyət göstərməsi;
-
öz siyasi və iqtisadi maraqları olan və onları müdafiə edən qeyri-hökümət təşkilatlarının, fondların, assosiasiyaların kütləvi sürətdə meydana gəlməsi;
-
gömrük sənədlərinin zəifləməsi, transmilli kapital, xidmətlər, əmtəə, işçi qüvvəsi axınının kəskin sürətdə artması;
-
yükdaşımaların, qazın, neftin nəqlinin, elektrik enerjisi ötürülməsinin transmilli dünya şəbəkəsinin yaranması;
-
təkcə siyasi (BMT və onunla bağlı qurumlar) deyil, həm də iqtisadi (Beynəlxalq Valyuta Fondu və Dünya Bankı) münasibətlərin tənzimləyicisi kimi dövlətlərarası təsisatların yaranması və onların rolunun artması;
-
dünya İnternet informasiya şəbəkəsinin yaranması və ondan siyasi, kommersiya, mədəniyyət, informasiya məqsədləri üçün istifadə olunması, Qərb televiziya kanallarına hamılıqla qoşulma və bunun nəticəsi kimi “CNN effekti”ndən (dünya ictimai fikri bir çox hallarda Qərb təfəkkür tərzinin məqbul saydığı informasiyanı təqdim edən CNN informasiyalarının təsiri ilə formalaşır) istifadə edən vahid informasiya məkanının təşəkkülü;
-
Amerika həyat tərzinin və kütləvi mədəniyyətinin dünya standartı kimi təbliği;
-
“açıq cəmiyyət” ideologiyasının ixracı;
-
liberal dövlət siyasi modelinin təbliği və yayılması;
-
“məhdud suverenlik” və “seçki legitimliyi” (yəni hakim elitanın demokratik seçki yolu ilə legitimləşdirilməsi) konsepsiyasının tətbiqi.
Dostları ilə paylaş: |