Ядябиййат сийащысы
Книга деяний Ардашира, сына Папака. М., 1987.
Касумова С. Азербайджан в III-VII вв. Баку, 1993.
Erməni mənbələri
Erkən orta əsrlər dövrü tarixini hərtərəfli və mükəmməl əks etdirən digər mənbələr toplusu erməni tarixi abidələridir. Erməni tarixi məktəbinin formalaşması üç faktor bağlıdır. Bunlardan birincisi Ermənistan ərazisində xristainlığın yayılması, ikincisi, İranda Arşakilər sülaləsinin hakimiyyətdən getməsi, üçüncüsü isə Ermənistan dövlətçiliyinə son qoyulmasıdır. Arşakilər sülaləsinin idarəçiliyi dövründə İran tabeliyində olan ərazilərdə zərdüştlüyün köklərinin möhkəmləndirilməsində maraqlı idi. İşğal edilən ərazilərin həm siyasi, həm də mənəvi təzyiq altında saxlanılması Arşaki sülaləsinə xas olan taktika idi. Arşakilərin hakimiyyətdə olduğu bir dövrdə Ermənistanda bu siyasətin ardıcıl olaraq, həyata keçirilməsi çətin deyildi. Çünki Ermənistan ərazisində siyasi hakimiyyət İran Arşakiləri ilə sıx qohümlüq əlaqələrinə malik yerli Arşaki sülaləsinin əlində idi. Belə əlverişli siyasi vəziyyət İran Arşakilərinə Ermənistan və Azərbaycan ərazisində xristianlığın ilk rüşeymlərinin cücərməsi faktına göz yummağa imkan verirdi. Lakin İranda Arşakilər sülaləsinin devrilməsi və hakimiyyətə yeni Sasani sülaləsinin gəlməsi vəziyyəti kökündən dəyişmiş oldu. Sasanilərlə heç bir qohumluq əlaqəsinə malik olmayan, əksinə siyasi rəqib olan Ermənistan Arşakiləri dini faktordan siyasi mübarizə aləti kimi istifadə etməyə başladılar. Dini faktor Bizans imperiyası tərəfindən də Sasani İranına qarşı mübarizədə əlverişli vasitə hesab edilir və Ermənistanı potensial müttəfiqə çevirmək üçün tətbiq olunurdu. IV əsrin sonunda İran-Bizans qarşıdurması nəticəsində Ermənistanın iki imperiya arasında bölüşdürülməsi və beləliklə də Ermənistan dövlətçiliyinə son qoyulması vəziyyəti daha də gərginləşdirdi.
IV əsrdə Ermənistanın problemləri təkcə xarici faktorlarla bitmirdi. Daxili vəziyyətdə yaranmış gərginlik, ziddiyyət və qarşıdurmalar da ciddi problemlərə səbəb olmuşdu. Belə ki, Sasanilərin Ermənistan Arşakilərinə qarşı mübarizəsi yerli iri naxararlar arasında müstəqillik və mərkəzdənqaçma tendensiyasının güclənməsinə gətirib çıxardı. Siyasi mübarizəyə qoşulmuş xristian kilsəsinin daxilində gedən çəkişmələr son nəticədə Ermənistanda mərkəzi dövlətçilik ideyasının tamamilə zəifləməsi və nəhayət, onun süqutuna gətirib çıxardı.
Bütün bu hadisələr V əsr erməni tarixi ədəbiyyatının formalaşmasında həlledici rol oynadı. Erməni tarixi məktəbinin formalaşması məhz bu baxımdan üç faktorla-xristianlığın yaranması, erməni əlifbasının tərtib edilməsi və erməni dövlətçiliyinin süqutu ilə şərtlənir. Buna görə də demək olar ki, bu məktəbin qarşısında qoyduğu əsas məqsəd xalqa onun tarixinin yazılı şəkildə çatdırılması, onun tarixinin qorunması, xalqın birləşdirilməsi və assimilyasiyasının qarşısının alınması, xalqın dövlətçiliyin bərpası uğrunda mübarizəyə qaldırılması və onda mübariz ruhun tərbiyə edilməsindən ibarət idi.
Erməni tarixi mənbələrinin ilkin nümunələri V əsrə təsadüf edir. Bu mənbələrin müəllifləri əksərən dini xadimlər olub, siyasi və mülki tarixi dini konteksdə təqdim etməyə çalışmışlar. Bu mənbələrdə qonşu xalqların, yəni alban və gürcülərin, tarixinə müraciət, müstəqil xarakter daşımayaraq, Ermənistan tarixi kontekstində şərh edilir. Cənubi Qafqaz ərazisində ilk xristian icmalarının yaranması, xristianlığın bu ərazidə yayılması xüsusiyyətləri, zərdüştlük və xristianlığın münasibətləri V əsr müəllifləri Aqatanqelos («f» və «o»hərfləri erməni əlifbasına Mesropdan sonra əlavə olunmuşdur), Yegişe, Sebeos və s. əsərlərində hərtərəfli işıqlandırılmışdır. Qeyd etmək lazımdır ki, erməni dilində yazıb-yaratmış bu müəlliflərin heç də hamısı milliyyətcə erməni olmamışlar. Məs., Aqatanqelosun yunan mənşəli, Sebeos Baqratuninin yəhudi mənşəli olması haqqında fikirlər erməni tarixşünaslığında da səslənir. Favstos Buzand (Bizanslı) əsərində ermənilərə müraciətdə «biz ermənilər» deyil, «onlar, ermənilər» ifadəsini işlədir, və bununla da özünün erməni olmadığına işarə vurur. Erkən orta əsr Azərbaycan tarixinin bərpası üçün olduqca mühüm əhəmiyyət kəsb edən erməni mənbələri Qafqazın, o cümlədən də Azərbaycanın siyasi və mülkü tarixinə dair olduqca geniş məlumat verirlər. Koryun «Mesrop Maştosun həyatı» adlı əsərində Cənubi Qafqaz ərazisində xristianlığın yayılması və bununla əlaqədar əlifbaların tərtib edilməsi və məktəblərin açılması, bu ərazidə məskunlaşmış xalqların mənəvi dünyası, etik dəyərləri haqqında məlumat verir. Favstos Buzand, Yeqişe, Movses Xorenasi öz əsərlərində siyasi tarixə daha çox üstünlük verirlər. Yeqişenin «Vardan və erməni müharibəsi haqqında» adlı əsərində Erməni–Sasani qarşıdurması xristianlığın zərdüştlüyə qarşı mübarizəsi kimi təqdim olunur, xristianlığın qanunları zərdüştlüyün doqmalarına qarşı qoyulur. 428-ci ildən 464/465-ci ilə qədər olmuş siyasi hadisələri təsvir edən müəllif əsas diqqəti 451-ci il Avarayr döyüşünə yönəldir.
V əsr erməni yazıçısı Lazar Parpesi yaratdığı əsərlərilə erməni tarixi məktəbində salnamə ənənəsinin əsasını qoymuşdur. Onun əsərlərində («Ermənistan tarixi», «Erməni hökumdarı Vaan Mamikonyana məktub») Cənubi Qafqaz xalqlarının IV-V əsrlərdə Sasani İranına qarşı apardığı mübarizə, Şimali Qafqazın dağlı tayfalarının Albaniyaya yürüşü və s. məsələlər işıqlandırılmışdır.
Ermənistan tarixinin atası sayılan Movses Xorenasinin əsərləri kamilliyi və bütövlüyü ilə seçilir. Onun «Ermənistan tarixi» əsəri erməni naxararı Saak Baqratuninin sifarişi ilə yazılmışdır. Əsərdə Albaniyanın, Gürcüstanın siyasi və mülkü tarixinə kifayət qədər yer ayrılmış, onların ən böyük şəhərləri geniş təsvir edilmişdir.
VII-VIII əsr erməni müəllifləri sələflərindən fərqli olaraq, siyasi tarixə daha çox üstünlük vermişlər. Yepiskop Sebeos Baqratuninin əsərində erməni xalqının tarixi ən qədim dövrdən (Hayk, Arşakuni sülaləsi, Sasani-Ermənistan qarşıdurması və s.) VII əsrin I yarısına qədər şərh edilmişdir. 646-cı il Dvin kilsə məclisinin iştirakçısı olmuş Sebeos zəngin mənbə bazasına malik əsərinə Cənubi Qafqazın, o cümlədən, Albaniyanın qədim və erkən orta əsrlər dövrünə dair maraqlı məlumatlar daxil etmişdi.
Erməni tarixi məktəbinin görkəmli nümayəndələrindən olan Gevond Vardapet «Xəlifələrin tarixi» adlı əsərin müəllifidir. Əsər Şapur Baqratuninin sifarişi ilə yazılmış və 157 illik tarixi (631-ci ildən 788-ci ilədək) əhatə edir. Gevond əsərində Albaniyanın tarixinə xüsusi əhəmiyyət vermiş, bu ərazilərə türkdilli tayfaların yürüşləri, Albaniyanın və İberiyanın dini, etnik strukturu, əhalisinin dili, məşğuliyyəti, təbii-coğrafi şəraiti, inzibati-ərazi bölgüsü haqqında məlumatlar daxil etmişdir.
Erməni tarixi mənbələrindən danışarkən bir epistolyar abidənin adını da çəkmək lazımdır. «Qirk tltos» (Məktublar kitabı) adlanın bu mənbə əsasən Cənubi Qafqaz xalqlarının mənəvi həyatının bəzi məqamlarına, xristianlığın bu ərazidə oynadığı rol və xristian kilsələri arasında liderlik uğrunda gedən mübarizəyə həsr olunmuşdur. Alban və Gürcü din xadimlərinin Yunan və Suriya xristian kilsələri ilə yazışmalarından ibarət olan bu mənbə V-VII əsrlər tarixini əhatə edir.
Beləliklə, erməni tarixi mənbələri Albaniya və Cənubi Qafqaz xalqlarının erkən orta əsr tarixinin bərpası üçün müvafiq və qiymətli mənbələr olaraq, Qafqazın siyasi və mülkü tarixinin bərpasında mühüm əhəmiyyət kəsb edir. Lakin bu mənbələrin verdiyi informasiyadan istifadə tənqidi xarakter daşımalı, onların yarandığı şərait, onların yaranma məqsədi və əsas ideyası, informasiya mənbəsi, müəllifin siyasi oriyentasiyası, məqsəd və vəzifələri təhlil olunmalıdır.
Dostları ilə paylaş: |