Ufacıq işləri hünər sanma,
Böylə işlər keçər sühulət ilə,
Hünər oldur ki, bir böyük əməli
Edəsən həll min süubət ilə.
..İş apar, baş gedərsə qoy getsin...
Ad qalır, bəs deyilmi, millət ilə?!
“Hörümçək və ipəkqurdu” təmsili də ideya-məzmun baxımından ibrətamizdir. Təmsildə şair vətənə, xalqa faydalı olmağı təbliğ edir. İpəkqurdu öz sürətli işi ilə öyünən hörümçəyin zərərli təbiətini üzünə söyləyir. Məharət tez və çox iş görməkdə deyil, cəmiyyətə nə dərəcədə xeyir verməkdədir.
Sabir tərbiyə və təhsilin demək olar ki, bütün sahələri haqqında dəyərli pedaqoji fikirlər söyləmişdir. M.Ə. Sabirin irəli sürdüyü, şeirlərində təbliğ etdiyi maarifçi-pedaqoji ideyalar müasirlik baxımından da, yeni təhsil quruculuğu üçün də xeyli əhəmiyyətlidir. Onun bu sahədəki fikrilərini aşağıdakı kimi qruplaşdırmaq olar:
-
Tərbiyənin məqsədi kamil insan formalaşdırmaq, onun mənəvi, fiziki və əqli qabiliyyətlərini ahəngdar surətdə inkişaf etdirmək və yüksək əxlaqi keyfiyyətlər tərbiyə etmək;
-
Tərbiyə prosesində insanda geniş dünyagörüş yaratmaq, onu müasir biliklərlə silahlandırmaq, onda sadəlik, təvazökarlıq, vətənpərvərlik, əməksevərlik, insanpərvərlik, düzlük və doğruçuluq, xalq mənafeyi uğrunda mübarizlik kimi keyfiyyətlər formalaşdırmaq;
-
Təlim prosesində tərbiyəvi vəzifələri həyata keçirmək, təlim, tərbiyə, və ictimai faydalı işləri kompleks şəkildə hər bir fərdin yaşına və psixoloji xüsusiyyətlərinə uyğunlaşdırmaq;
-
Tərbiyə və təlim işlərində müəllim əməyinə yüksək qiymət vermək, müəllim – şagird münasibətlərini humanist, demokratik və pedaqoji əsaslar üzərində qurmaq, müəllimin ixtisas biliyinə, elmi, pedaqoji, psixoloji və metodik biliklərə yiyələnməsini, düzgün və səlis nitqə malik olmasını, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə sahib olmasını vacib hesab etmək;
-
Cahillik və nadanlıqdan uzaqlaşmaqda, insanların mütərəqqi biliklərə yiyələnməsində, məktəbin böyük rola malik olmasını dəyərləndirmək və xalq arasında məktəbin rolunu yüksəltmək, təbliğ etmək.
M.Ə. Sabirin şeirləri, yaratdığı nəğmələr, mənzum hekayə və təmsillər öz ictimai - əxlaqi, ədəbi-bədii təravətini bu gün də saxlayır, gənclərin yüksək ideya və əxlaqi, mənəvi və estetik tərbiyəsində mühüm rol oynayır. M.Ə. Sabirin tərbiyə, təhsil, maarif və mədəniyyət haqqında fikirləri Azərbaycan məktəbinin fəaliyyətinə, maarif və mədəniyyətinin inkişafına, pedaqoji fikir tarixinə yeni məzmun gətirmiş və onu daha da inkişaf etdirmişdir.
Dostları ilə paylaş: |