İranda adətdir keçmişdən bəri
Atəşkədə idi alimlər yeri,
Orda saxlanardı, sərvət, xəzinə
Düşməsin başqa bir şəxsin əlinə.
Hər sonsuz varlı da, “Savabdır” - deyə
Malını qoyardı atəşkədəyə,
Ölkələr düşmüşkən dərmansız dərdə,
Bir xəzinə idilər Atəşkədələr.
Buradan aydın olur ki, Atəşkədələr təkcə ibadət yeri, dini mərasimləri icra etmək yeri olmamış, həm də alimlər yeri, ədəb-ərkan yeri, bir mədəniyyət, təhsil mərkəzi olmuşdur. Müəllim və alimlər burada təlim və tərbiyə ilə, pedaqoji işlə məşğul olmuşlar. Atəşkədə və atəşgahlarda təlim-tərbiyə işləri ilə mağlar (muğlar), atərvanlar (Od qoruyanlar) məşğul olurdular. Həmin məktəbin təlim-tərbiyə proqramı üç mühüm hissəyə bölünürdü: 1) Dini-əxlaqi; 2) Fiziki; 3) Yazıb oxumaq. Dini-əxlaqi təlim cəmiyyətin hər bir üzvü üçün zəruri idi. Zərdüşt məktəblərində təlim “Avesta” duaları, ayinləri və nəğmələri ilə başlayırdı. Daha sonra əlifba və oxu təliminə keçilirdi. Məktəblərdə fiziki tərbiyəyə, uşaqların sağlam həyat tərzinə xüsüsi diqqət yetirilir, “Avesta”nın “Xəstələnmə”, “Zəifləmə”- kimi çağırışları əzbərlədilir və ona əməl edilirdi. Xəstəlik, zəiflik, pislik Əhrimanın əməlləri hesab olunurdu. Ox atmaq, nizə tullamaq, üzmək, ov etmək, qurşaq tutmaq fiziki tərbiyənin əsas məzmununu təşkil edirdi. Ona görə də şərə qalib gəlmək üçün sağlam, təmizkar və qüvvətli olmaqla bərabər, məktəbdə dərin bilik almaq tələb edilirdi. Yazıb-oxumaq, bilik qazanmağın mühüm şərti hesab edildiyindən Zərdüştlükdə buna ciddi fikir verilir, uşaqların əqli qabiliyyətləri inkişaf etdirilirdi.
Zərdüşt məktəblərində öyrədilirdi ki, insan həmişə mülayim, xoşxasiyyət, adil və xeyirxah, fitnə-fəsaddan, qəddarlıqdan, paxıllıqdan, yalançılıqdan uzaq olmalıdır. O, cəmiyyətin fəal üzvü kimi əkinçiliklə, maldarlıqla məşğul olmalı, bataqlıqları qurudub onu məhsuldar torpağa çevrilməsinə səy göstərməlidir.
Zərdüşt məktəblərində yetişən gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinə xüsusi diqqət və əhəmiyyət verilirdi. Belə ki, Zərdüştlüyün əxlaqi idealı xeyirxahlıq, ədalət, yaxşılıq olduğundan Zərdüşt təlimində yaxşılıq və pislik anlayışı kəskin şəkildə qoyulur və bunların mahiyyəti açılır: “Anlayan adam gərək pisi deyil, yaxşını seçə bilsin”- fikri irəli sürülür.
Zərdüşt məktəblərində ibtidai təhsil 7 yaşdan 15 yaşa qədər davam edirdi. İbtidai təlim ilə məşğul olan müəllimə “Hirbod”, şagirdlərinə isə “Həvişt” deyilirdi. İbtidai təhsil səhər tezdən xüsusi mərasimlə və dua ilə başlayırdı. “Avesta” duaları dini ayin və mərasimlərin, nəğmələrin öyrənilməsi, əzbərlədilməsi ibtidai təhsilin əsas məzmununu təşkil edirdi. Ona görə də ruhanilər “Avesta” dualarında “Elm ilahəsi”ndən qüvvətli hafizə diləmişlər. Oğlan uşaqlarının yeddi yaşı tamam olandan sonra onlara müqəddəs köynək geydirilir, onları münəccimlərlə bir sıraya üzü günəşə doğru düzüb dini “Avesta” ayinlərini əzbərlədirdilər: “Mən vəd edirəm ki, Zərdüştlüyə sadiq olacağam. Mən xeyirxah fikrə, xeyirxah sözə, xeyirxah əmələ inanıram”. Bundan sonra uşaqlara hədiyyələr verilirdi. Bu məşğələ gündə beş dəfə təkrar edilirdi. Azərbaycan Zərdüşt məktəblərində tədris prosesi müəyyən mərasim ilə müşaiyət edilirdi. Bu da dərs materiallarının şagirdlər tərəfindən əzbərlənməsini asanlaşdırmaq məqsədi güdürdü. “Avesta” hələ kitab şəklinə düşmədiyinə qədər ruhanilər “Avesta” dualarını əzbərdən söyləməli idilər. “Avesta” duaları tam əzbərləndikdən sonra yazı öyrədilirdi. Beləliklə ibtidai təhsil başa çataraq, yeni bir təhsil pilləsinə başlamaq olardı.
VI əsrdən qalmış “Ənuşirəvan və Qolam -bəççe-yi u” adlı bir sənəddə “Qolam bəççe” öz təhsili haqqında şaha məlumat verərkən deyir ki, onu müvafiq yaşda məktəbə göndərmişlər və o, “Avesta”nın əsas hissəsini əzbərlədikdən sonra orta təhsil almağa başlamışdır. Həmin sənəddən, eləcə də “Avesta”dakı bir sıra dualardan bu qənaətə gəlmək olur ki, Sasanilər dövründə İranda, eləcə də Azərbaycanda “Avesta”dan ayrı- ayrı duaların və dini nəğmələrin əzbərlənməsi ibtidai təhsilin məzmununu təşkil edirdi və ibtidai təhsil dövründə “Avesta” bir dərslik kimi yeganə tədris vəsaiti hesab olunurdu .
“Avesta”da insanların yüksək məqsədə, xoşbəxtliyə çatmasında müəllimin roluna yüksək qiymət verilməklə bərabər, həm də bunun əksi olaraq göstərilir ki, pis müəllim isə uşağın şüurunu, əqlini pozur onu bədbəxt edir: “Pis müəllim şüuru korlar, sözün mənasını çatdırmaz, ağlın inkişafını dayandırar, təlim-tərbiyə işini fəsada çevirər. Nəticədə həyatın təbii axınına və gözəlliyinə zərər yetirər”.
“Avesta”da ataların vasitəsilə övlada verilən tərbiyəyə dair xüsusi fəsil ayrılmışdır. Həmin fəslin xülasəsində deyilir ki, təlim-tərbiyə varlığın bünövrəsi kimi mühüm əhəmiyyətə malikdir. Hər bir şəxs müəllim və tərbiyəçilərin vasitəsilə yazıb oxumağı öyrənməli, həm də özünün sağlamlığına ciddi fikir verməlidir. Yalnız bu yolla insanlar yüksək nailiyyətlər əldə edə bilərlər.
Zərdüşt müəllimlərlə yanaşı, alimlərin də roluna yüksək qiymət verir: “Çalışın ki, alim ilə cahil arasında fərq qoyasınız. Alimlər həyatın yol göstəriciləridir”.
“Avesta”da müəllim və şagird münasibətləri haqqında məlumatların verilməsi bu dövrdə Azərbaycanda digər məktəblərin, təhsil ocaqlarının, tədris müəssisələrinin olmasından da xəbər verir.
Zərdüşt yüksək pedaqoji dəyərə malik müdrik fikirlər söyləmişdir ki, onlar “Avesta” kitabında öz əksini tapmışdır. Ona görə də “Avesta” da elmə yiyələnmək əsas dini vəzifələrdən biri hesab edilmişdir. “Avesta”da təlim-tərbiyə məsələləri ilə bağlı göstərilir ki, təhsil almaq məqsədilə yanınıza kimsə gəlib sizə müraciət edərsə o şəxsin kim olmasından asılı olmayaraq onu qəbul et və istədiyini ona öyrət.
“Avesta”nın “Yəştha” adlı bölməsində “Çista” elm və bilik ilahəsi kimi göstərilmişdir. Zərdüşt “Çista” ilahəsinə xitabən belə demişdir: “Sən əgər irəlidə olsan, məni gözlə, əgər geridə qalsan özünü mənə çatdır”. Bununla Zərdüşt hər cür durğunluğun əleyhinə olaraq hamını fəaliyyətdə olub elm və, bilik qazanmağa çağırmışdır. Buna görə də “Avesta” da elmə yiyələnmək əsas dini vəzifələrdən biri hesab edilmişdir. “Avesta”da təlim-tərbiyə məsələləri ilə bağlı göstərilir ki, təhsil almaq məqsədilə yanınıza kimsə gəlib sizə müraciət edərsə o şəxsin kim olmasından asılı olmayaraq onu qəbul et və istədiyini ona öyrət.
“Avesta” dualarının birində valideyn Hürmüzdən “yaxşı rəftarlı və şüurlu övlad” diləyir. Demək Hürmüzün oğlu hesab edilən Azərdən şüur və zəka istənmişdir. Bu ifadələrdən məlum olur ki, Zərdüştlükdə əxlaqi, əqli tərbiyə əsas diqqət mərkəzində olmuşdur. Əqli tərbiyə isə təlim vasitəsilə həyata keçirilir. Təlim isə müəllimin rəhbərliyi və müşaiyəti ilə keçirilən pedaqoji prosesdir.
“Avesta”da mənəvi dəyərlər – xeyirxah fikir, xeyirxah söz və xeyirxah əməl üçlüyündə öz ifadəsini tapır. Burada əxlaqi-mənəvi proses üç mərhələyə bölünür: Əvvəlcə xeyirxah fikir yaranmalı, sonra bu fikir sözdə ifadə edilməli və nəticədə xeyirxah əməldə özünü göstərməlidir. Bu üç mənəvi keyfiyyət ailə münasibətlərində, icmada və vilayətdə hər zaman öz əksini tapmalıdır. “Avesta”da deyilir ki, “Tərbiyə həyatın ən zəruri sütunu hesab edilməlidir. Hər kəsi elə tərbiyə etmək lazımdır ki, o oxumağı, yazmağı bacarmaqla yüksək pilləyə qalxa bilsin”.
“Avesta”da tərbiyə məsələləri maddi və mənəvi təmizliyə əsaslanır. Yəni 1) fiziki təmizlik (bədən, geyim, ev-eşik təmizliyi); 2) mənəvi təmizlik (əqidə və əməllərin saflığı). Burada insanın həm bədəninin təmizliyi, ev-eşik, geyim təmizliyi həm də mənəvi təmizlik – yəni insanın daxili təmizliyi nəzərdə tutulur. “Avesta” da insana qiymət, insan şəxsiyyəti yüksək dəyərləndirilir, onun ağlına, yaxşı əməllərinə inam, xeyirxahlığa çağırış, günahsız, pak yaşamaq anlayışı təlqin edlir. “Yəsnə”nin 19-cu bəndində deyilir: “Uğurlu düşüncə nədir? Müqəddəs kəlam. Uğurlu əməl nədir? Müqəddəs yaranmışları üstün tutaraq onlara sitayiş etmək”. 33-cü bənddə bu fikir daha da inkişaf etdirilir: “Yalan din əleyhinə öz sözü, düşüncəsi və əməli ilə mübarizə edənlər, eləcə də öz adamlarına yaxşılıq öyrədənlər Ahura Məzdanm istədiyini yerinə yetirmiş olurlar”. Burada “Xeyirxahlıq”, “Yaxşılıq” bir əxaqi kateqoriya kimi xeyirxah idrak və xeyirxah fikirdən irəli gəlmişdir. Ona görə də Zərdüşt insanları fikrində, sözündə, əməlində xeyirxahlığa, yaxşılığa çağırır. Burada göstərilir ki, dünyanın sonunda hər kəs öz əməllərinə, əqidəsinə görə cavab verəcəkdir. Ona görə də insanın düşüncəsindən irəli gələn söz və əməl xeyirli və faydalı olmalıdır.
Zərdüşt “əkini və bol məhsullu tarlanm da gözəl ailənin” də əsasını düzlük və gözütoxluqda görürdü. Bunların hər ikisi insanı nəfsə qalib gəlməyə, intizamlı və mütəşəkkil olmağa sövq edir. “Avesta”da insanları zəhmətə, əməyə, müqəddəs yola dəvət, düzlüyə, doğruçuluğa qüvvətli təlqin vardır: “Kim taxıl səpir, məhsul becərirsə, o möminlik, düzlük, doğruçuluq, təmizlik əkib becərir, həyata, insanlara xoşbəxtlik və səadət gətirir”. Zərdüşt kəlamlarında pəhrizkarlıq düzlük və doğruçuluğun əsası kimi təlqin edilir: “Düzlüklə pəhrizkarlıq birləşəndə əsl insanlıq cilvələnir. Gəlin hamımız üz tutub bu səmtə yollanaq”.
Beləliklə, deyə bilərik ki, Zərdüşt məktəbləri Azərbaycanda məktəb təhsilinin təşəkkülündə, inkişafında mühüm mərhələni təşkil etmiş və Zərdüştün müqəddəs kitabı “Avesta” insanların mənəvi, əxlaqi keyfiyyətlərinin formalaşmasında, inkişafında və təkmilləşməsində böyük əhəmiyyət kəsb etmişdir ki, bu da Azərbaycan məktəb və pedaqoji fikir tarixinin mühüm qolunu təşkil etməkdədir.
Dostları ilə paylaş: |