Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Xanegah, Təkyə (Təkkə), Zaviyə və Dərgahlarda təhsil



Yüklə 3,59 Mb.
səhifə29/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   443
4.1.5. Xanegah, Təkyə (Təkkə), Zaviyə və Dərgahlarda təhsil
IX əsrin sonları, X əsrin əvvəllərində Yaxın və Orta Asiyada, daha sonralar Azərbaycanda sufizm hərəkatı başlandı. Xanegahlar, Təkyələr (buna təkkə də deyilir), Zaviyələr, Dərgahlar sufizmin həm ibadət yerləri, həm də təlim, tədris yerləri, təhsil ocaqları hesab olunurdu. Bura insanlar toplaşır, söhbət edir, Şeyxin ibrətamiz, nəsihətverici, təhsilləndirici söhbət və moizələrini dinləyirdilər.

XII əsrin sonlarında, xüsusilə XIII -XIV əsrlərdə Azərbay­ca­nın bir çox qədim şəhərlərində Xanegahlar geniş yayılmışdı “Xane­gah” kəlməsinin mənası “İbadət yeri”, “İbadət evi” deməkdir.

Naxçıvan ərazisində Xanegahlar, Təkyə və Zaviyələr daha çox idi. Bu Xanegahlarda müəyyən din, əqidə və ya təriqət təbliğ olunurdusa da, həm də burada insanlar təhsil alır, müəyyən bilik və dünyagörüşə yiyələnirdilər. Naxçıvan MR-run Culfa rayonunda, Əlin­cə çayının sahilindəki Xanağa kəndi orta əsrlərin Xanega­hın­dan qalmışdır. Bu Xanegah iki mərtəbədən ibarətdir. Alt mərtəbə sər­dabə adlanır ki, Nəiminin qəbri buradadır. İkinci mərtəbədə ki­tab­­xana, təlim-məşğələ otağı, yığıncaq otağı və başqa otaqlar vardır. Abidə 8 guşədən ibarət olub qırmızı və ağ bişmiş kərpiclə tikilmiş və yaşıl kaşilərlə bəzədilmişdir. Abidənin üzərində çox əzə­mətli bir künbəz vardır. Məqbərənin qarşısında müxtəlif fiqurlarla nəqş edilmiş 10 metr yüksəkliyində 4 sütun ucalır. Bu Xanegahın qapı yerinin üstündən düşmüş yazılı bir daş kitabə bu gün Xanegah məqbərəsində saxlanılmaqdadır. Vaxtilə buradakı Xanegaha dövrün bilikli adamları, şair və ziyalıları toplaşır, burada şeir məclisləri, dini, elmi söhbət və müzakirələr keçirirdilər. Hürufilik təriqətinin banisi Nəiminin məzarı da Xanegahdadır.

Naxçıvan şəhərindəki Zaviyə məhəlləsində Bektaşilərə məx­sus Zaviyə (“Künc”, “Guşə” mənasını verir) məscidi erkən orta əsr­lərin qiymətli memarlıq abidəsidir. Zaviyə Bektaşilərin həm ibadət yeri, həm də təlim-tədris mərkəzi olmuşdur. Bura toplaşanlar müx­tə­lif elm, bilik sahələrinə dair təriqət başçılarından, dövrün böyük alim­lərindən dərs almışlar. Zaviyədə təlim, təhsil məsələlə­rinə geniş yer verildiyindən buraya mədrəsə də deyilmişdir.

“Xəlvətilik” təriqətinin banisi, XV əsrdə Bakıda yaşayıb-yaratmış, xeyli məktəb və mədrəsələr açmış Şeyx Seyid Yəhya Bakuvi Təkyələr kompleksi olan Şirvanşahlar sarayı məkanında da böyük Xanegah yaratmışdır. Onun burada yaşadığı dövrdə 20 minə yaxın müridi olmuşdur. Özü, farsca, ərəbcə, türkcə əsərlər yaratmış, dini-didaktik şeirlər yazmışdır.

1000-ci ildə Nişabur şəhərinə gəlmiş məşhur azərbaycanlı ədib və şair, məşhur mühəddis Baba Kuhi (vəf.təxm.1019) burada sufizmin fəal iştirakçısı olmuşdur. Xorasanın ən görkəmli sufi şeyxlərindən olan Sulaminin xanegahına rəhbərlik etmişdir. Xane­ga­ha rəhbərlik edən şəxs dərin elmə, biliyə və ən əsası isə mü­dərrislik bacarığına malik olurdular. Təsəvvüf ədəbiyyatı adlanan ilk sufi ədəbiyyatının nümunələrinə də Baba Kuhinin əsərlərində rast gəlmək olur.

Bu gün Azərbaycanın bir çox yerlərində o cümlədən Lerikdə, Cəlilabadda, Biləsuvarda və başqa yerlərdə Xanegah adı ilə kəndlər vardır ki, həmin kəndlərdə də mövcud olmuş Xanegahların izi bu gün də görünməkdədir.

Bir çox Xanegahların nəzdində və ya ayrılıqda Təkyələr fəa­liy­yət göstərirdi. Təkyə farsca “söykənmə”, “istinad etmə”, “sığı­na­caq” deməkdir.

Təkyələrdəki nəzəri təlim alanlar praktik olaraq Təkyənin zikr ayinlərinə qoşulur, təsəvvüf adətlərini icra edirdi. Zikr ayinlərində bəstəli ilahilər oxunur, səma rəqsləri ifa olunur, şeir və musiqi dinlənilirdi. Başqa sözlə təkyə həm də bir ədəbiyyat, incəsənət, mə­dəniyyət ocağı kimi fəaliyyət göstərirdi. Praktik fəaliyyəti uğursuz olan tələbələrin nəzəri biliklərinə etibar edilmir və onlar yenidən çiləyə çəkilirdilər. Təlimdə uğur qazanan tələbələr öncə zahidlik mərtəbəsinə yüksəlir, sonra təhsilini davam etdirərək Şeyx rütbəsinə qədər yüksələ bilir və mürşidliklə, yəni müəllimliklə məşğul ola bilirdilər. Şeyx yol göstərən, öyrədən, istiqamət verəndir. Mürid Şeyxə bağlı, ondan öyrənən tələbədir. Məktəbdə müəllim kimdirsə təriqət ocağında da Şeyx odur. Məktəbdə müəllim insanın ağlına təsir göstərirsə, ocaqda Şeyx insanın ruhuna, mənəvi aləminə təsir göstərir. Bəzən mədrəsəni bitirmiş şəxslər də təkyələrə gəlirdilər.

Təkyələrin bütün xərclərini vəqflər və Xanegah təriqət üzvləri ödəyirdilər. Təkyələrdə təsəvvüf həyatına məcazi mənada “Mey­xana”, “Xərabat” da deyilirdi. Bir çox klassik ədəbiyyat nümunə­lə­rimizdə də təsəvvüf ideyalarından irəli gələn bu ifadələr işlənmişdir. Dahi Füzulinin – “Meyxanələri fəth edək fatihələrlə” misrası, yaxud, “Gah məmur qılar badə məni, gah xarab; Görünüz gah qu­ran, gah yıxan memarı” beyti buna misal oal bilər.

Beləliklə deyə bilərik ki, pedaqoji, psixoloji, didaktik, mənəvi və tibbi məsələlərə varıncaya qədər geniş bir xidmət sahəsi olan təkyələr o dövrün özünəməxsus, səciyyəvi məktəbidir, klubudur, istirahət yeridir, gözəl sənətlər akademiyasıdır, ədəbiyyat və fikir ocağıdır, mənəviyyat qaynağıdır. Təkyə Quranın tövsiyə etdiyi bir metod ilə hikmət və gözəl öyüdlə insanları dinə, həqiqətə, mərifətə, elmə və biliyə çağırırdı. Təkyələrdə insanlar özlərinə sığınacaq tap­mış, yolçular, yoxsullar, evsizlər təkyələrdə öz rahatlığını və əm­niyyətini təmin edə bilmişlər. Təkyələr həm də insanların bir-birilə ünsiyyət, xəbərləşmə mərkəzi idi. Təkyələr bəzi zamanlar xəstələr üçün də bir şəfa mərkəzi olmuşdur. Burada daha çox təlqin yolu ilə, Şeyxin məsləhət və tövsiyələri ilə insanlar şəfa tapmışlar.

İbadət və idrak ocaqlarından biri də müəyyən bir Şeyxin adı ilə adlandırılan Dərgahlardır. Dərgah “Qapı önü” mənasını verir ki, burada insanlar öz tərəfdarlarını tapmış, ünsiyyət qurmuş, öyrənmiş, bilik qazanmışlar. Deyə bilərik ki, erkən orta əsrlərin ibadət və təlim -tərbiyə mərkəzləri olan Xanegah, Təkyə, Zaviyə və Dərgahlar orta əsrlərin bilik , elm, maarif və mədəniyyət mərkəzləri kimi fəaliyyət göstərmişlər.





Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin