Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Kuttablar əsasən iki növdə ola bilirdi



Yüklə 3,59 Mb.
səhifə28/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   443
Kuttablar əsasən iki növdə ola bilirdi. Uşaqlara yalnız oxuma və yazma öyrədən kuttablar və Quranı, dini hökmləri öyrədən kuttablar. Oxuma-yazma kuttabları müstəqil fəaliyyət göstərirdi. Yazı müəllimi Quran müəllimindən fərqli idi. Yazı müəl­limi Qurana hörmətindən irəli gələrək yazı materiallarını Quran ayə­lərindən deyil, müxtəlif şeirlərdən istifadə edirdi. Uşaqlar Qu­ranı şifahi şəkildə öyrəndiyi kuttabdan ayrılaraq, yazı müəl­li­mindən də yazı bacarıq və vərdişlərini öyrənirdi. Yazı öyrədilən kuttablarda sonrakı dövrlərdə yazı vərdişlərindən başqa, ərəb dili, qrammatika, poeziya, stilistika, kolleqrafiya, ərəb və fars tarixi, riyaziyyat öyrədilirdi. Belə kuttabların bəziləri pullu olduğundan hamını əhatə edə bilmirdi. Oxuma-yazma üçün istifadə edilən kuttablar çox vaxt müəllimlərin evlərində təşkil edilirdi.

Kuttablarda müəllim kürsü əvəzinə həsirin və ya kilimin üstündə bardaş quraraq otururdu. Uşaqlar da üzü müəllimə tərəf bu qayda ilə otururdular. Müəllim hər bir şagirdə lövhə əvəzi kiçik taxta parçası və ağ rəng verirdi. Uşaqlar əvvəlcə bu lövhəni rənglə malalayır, sonra qamış qələmlə lövhənin üzərində əlifbanın hərflə­rini yazır və əzbərləyirid. Bu üsul yorucu və çox vaxt aldığından uşaqların oxu və yazı vərdişləri uzun müddət çəkirdi.

İlk vaxtlarda təşkil edilmitş kuttablar üçün proqram Həz. Ömər tərəfindən tərtib edilmişdir. Proqramın mətnində belə deyi­lirdi: “Uşaqlara üzməyi və ata minməyi öyrədin. Onlara geniş ya­yıl­mış zərbül-məsəlləri və gözəl şeirləri də öyrədin. Uşaqlara öy­rədiləsi gərəkən şeylər: Oxu, yazı, hesab və üzməkdən ibarətdir”. Oxuma və yazma yolu ilə bilik əldə edərək kamilliyə çatmağı müsəlmanlara tövsiyə edən ilk kitab Quran idi. O dövrdə yazının işlədilməsi bir yenilik idi. Məktəbin proqramında uşaqlara ədəb, əxlaq öyrədilməsi də başlıca yer tuturdu. Bu səbəblə kuttablarda əxlaq dərsləri keçilirdi.

4.1.4. Məktəblərdə təhsil


“Məktəb” ərəbcə “Ketb” kökündən əmələ gəlmişdir. Mənası “yazmaq” deməkdir. “Məktəb” - “Yazı yazılan yer” deməkdir.

O dövrdə Azərbaycanda savadlı, bilikli şəxslərə “Molla” və ya “Mirzə” deyilməsi məlum bir faktdır. “Hər oxuyan Molla Pənah olmaz”- ifadəsi də elə buradan meydana gəlmişdir. Buna görə də məktəblərdə dərs deyənlərə “Molla” istilahından da istifadə edilmiş və məktəblərimizə də orta əsrlərdə “Mollaxana” deyilmişdir. Pe­da­qo­ji dərs kitablarımızda, tədris vəsaitlərimizdə də o dövrün mək­təb­ləri “Mollaxana” adı ilə işlənmiş və həmişə də haqq-nahaq tənqid ob­yektinə çevrilmiş, bu məktəblər ətalət, gerilik, savadsızlıq mər­kəz­ləri kimi qələmə verilmişdir ki, bu da bir çox hallarda həqiqəti olduğu kimi əks etdirməmişdir.

Qeyd edək ki, o dövrün məktəblərini bu günlərimizdə də “Mol­laxana” ifadəsi ilə işlətmək heç də doğru sayılmaz. “Məktəb” uşaqların həm oxuma-yazma; həm də Quran və digər bilikləri al­dıq­ları yer idi. Məktəblər geniş şəkildə islamın yayıldığı yerlərdə ən ucqar kəndlərdə belə təşkil olunmağa başladı.

Ərəblər ölkələri fəth etdikcə islamı da, elmi də yayırdılar. Bu­nun üçün ərəblər məscidlərin yanında məktəblər, mədrəsələr açır­dı­lar. Azərbaycanda hələ X əsrdən öncə də “Məktəb” və ya “Kut­tab” ad­­ları ilə ibtidai təhsil verən təlim ocaqları mövcud ol­muş­dur. Ərəb ha­­kimiyyətindən sonra, mənbələrdən məlum olur ki, VIII əsrin bi­rin­ci yarısında Azərbaycanda ibtidai məktəblər fəaliyyətə başlamış­dır.

VIII-IX əsrlərdə Azərbaycanın müxtəlif şəhərlərində məktəb­lər tədricən yayılır, Zərdüşt və Alban məktəblərinin yerinə ərəbdilli, islam təmayüllü məktəblər açılır, mövcud Alban, Arami (Aramey) əlifbalarının yerinə ərəb əlifbası, Pəhləvi və Alban yazısının yerinə ərəb yazısı daxil olurdu.

Məktəblər əsasən ilkin ibtidai təhsil verirdi. Məktəblərdə oxu müəllimi ayrı, yazı müəllimi isə ayrı idi. Quranı oxu müəllimi şifahi yolla öyrədirdi.

Bir çox məktəblərdə fərqli proqramlarla da dərslər keçilirdi. Belə ki, bəzi saraylarda, xüsusilə xəlifələrin saraylarında ibtidai təh­sil verən məktəblər açılırdı ki, bu məktəblərin proqramları daha ge­niş, məzmunlu və hərtərəfli idi. Burada dərs deyənlərə “Müəllim” deyil, “Müəddib” deyirdilər. “Müəddib” ərəbcə “ədəb” kökündən əmə­lə gəlib “ədəb”, “əxlaq” öyrədən mənasını verirdi. Hökmdarlar öz uşaqlarını müəddibin tam ixtiyarına verir və müəddiblərə də uşaqların təlim-tərbiyəsi üçün hər cür imkan və şərait yaradırdılar.

Ərəb xilafətinin hökmran olduğu dövrdə Əməvilərin (661-750) və Abbasilərin (750-1258) dövründə Azərbaycanda ərəb dili həm din dili, həm dövlət, həm də elm və tədris dili idi. Bu dil yerli dili sıxışdırırdı. Artıq VIII-XI əsrlərdə ərəb dili geniş yayılaraq bütün elm sahələrini əhatə etdi. Bu dövrdə Azərbaycan ziyalıları, şair­ləri də ərəbcə yazmağa başladılar. Azərbaycanın Təbriz, Ərdə­bil, Həmədan, Marağa, Şiz, Gəncə, Bərdə, Beyləqan, Dərbənd, Şə­ki, Şamaxı, Naxçıvan, Bakı kimi şəhərlərində islam qaydalarına uy­ğun məktəblər açılmağa başladı. Şihabəddin Sührəvedi (1155-1191) on yaşında 1165-ci ildə Marağa şəhərində məktəbə getməsi haqqın­da fakt onu göstərir ki, artıq XII əsrdə Azərbaycanda məktəb şəbə­kəsi xeyli genişlənmişdi.

Azərbaycanın kənd və şəhərlərində məktəblərin proqramları müxtəlif idi. Amma ümumiləşmiş şəkildə proqramlar təxminən belə idi:


    1. Qurandan müəyyən hissənin oxunub, əzbərlədilməsi (“Çərəkə”);

    2. ərəb əlifbasının şifahi yolla öyrədilməsi (hərflərin adları, hərəkə işarələri, hərəkəli və hecalı əlifba);

    3. əbcəd (ərəb hərflərinin rəqəmlərlə ifadə olunması) və ərəbcə sözlərdən ibarət ilk qiraət;

    4. mətbu, ya da əl yazısı ilə yazılmış mənzum və mənsur kitabların, şeirlərin oxunşu;

    5. ərəbcə dini kitab, hədislər, dini hekayələr, rəvayətlər, hədislər, zərbül məsəllər, əxlaqi söhbətlər.

Bu məktəblərdə ana dili ərəb dilinin tədrisi üsulu ilə, ərəbcəni öyrətmək xatirinə oxunur və dini məqsəd daşıyırdı. Uşaqlar az-çox ərəbcə kəlmələri yazmağa başladıqdan sonra, onlara ərəb üsulu ilə yazmaq öyrədilirdi. Daha sonra məktəbdə şagirdlərə məktub yaz­mağı, kəbin kəsməyi, müxtəlif məzmunlu dualar yazmağı da öyrə­dir­dilər.

IX-X əsrlərdə Azərbaycanda dini elmlər sahəsində tanınmış alimlər meydana gəldi. Həmin əsrlərdə ərəb dili Azərbaycanın dini və mədəni həyatına möhkəm daxil olmuşdu. Artıq IX-X əsrlərdən başlayaraq Azərbaycan alimləri və din xadimləri, şair və yazıçılar ərəb dilini ana dili kimi mükəmməl öyrənib, ərəb dilində əsərlər yazırdılar. X əsrdə Əbülhəsən Yaqub İbn Musa əl-Ərdəbili, Səid İbn əl-Bərdəi və Əhməd İbn Süleyman Təbrizi kimi məşhur alim və ideoloqlar meydana gəldi ki, onlar təlim və tərbiyə işlərində, elm sahələrində yenilik tərəfdarları idilər. Onlara “Mücəddedun” (“Ye­ni­ləş­dirənlər”) deyirdilər. Onların və onlar kimi bir çoxlarının fəa­liy­yəti nəticəsində tədris metodlarında, öyrətmə-öyrənmə prose­sin­də yeniliklər meydana gəldi. Belə ki, məktəb və mədrəsələrdə da­rıx­dırıcı imlalar yerinə, izah şərh etmə, münazirə (mübahisə, mü­za­ki­rə) üsulu əvəz etdi.Təlim prosesində yaradılan dəyişikliklər həm mək­təb, həm də mədrəsə təhsilinin inkişafına, təkmilləşməsinə sə­bəb oldu.

Azərbaycandakı məktəblərdə Quran və şəriət dərsləri ərəb dilində tədris olunsa da, tədris edənlər hələ bu dili bilməyən şagird­lərə ayrı-ayrı mətləbləri anladarkən öz şərh və izahlarını istər-istə­məz ana dilində söyləməli olurdular.

Məktəblərdə “Elme əsma” adı altında fars dili dərsi tədris olunur­du. Qətran Təbrizi fars dilini öyrənənlər üçün “Ət-təfasir” ad­lı fars dili lüğətini tərtib etmişdir. Bu fənnin tədrisi üçün luğət bir dərs­lik rolunu oynadığından QətranTəbrizinin tərtib etdiyi lüğət ilk Azərbaycan dərs kitablarından biri hesab oluna bilər.

Məktəblərdə şagirdlərin qəbulunda yaş həddi qeyri məhdud idi. 7-10 və bəzən də daha çox yaşlı uşaqlar məktəbə qəbul edilir­di­lər.

Məktəbə qəbulun da dəqiq vaxtı yox idi. İlin istənilən vax­tın­da uşaq məktəbə qəbul edilə bilərdi. Məktəbi bitirmə vaxtı da qeyri-müəyyən idi. Əsasən 7-8 il oxunurdu. Molla uşağın biliyini fərdi qay­dada “Kafi” hesab etdikdə uşaq məktəbi bitirə bilərdi. Hər molla 10-15 şagirdlə məşğul olurdu. Mollalar tədris üçün uşaqların vali­deynlərindən hər həftə müəyyən miqdarda məvacib alırdı. Bu­rada molladan başqa bir də onun köməkçisi var idı ki, ona Xəlfə de­yilirdi. Qrup nümayəndəsinə də Xəlfə deyilirdi. Mollanın köməkçisi hesab edilən Xəlfə yaşlı şagirdlərdən də seçilirdi. Məktəbdə şagird­lər yerdə həsirin üstündə dizi üstə oturub dərs oxuyurdular. Bu məktəblərdə dərslər ərəbcə və ya farsca keçilirdi. Məktəbə daxil olan uşaqlara əvvəlcə Quranın müəyyən bir hissəsini təşkil edən “Çərəkə” öyrədilirdi. “Çərəkə” İrandan gətirilən və daş çapında hazırlanmış dərs kitabı idi. Onu bəzən mollalar öz xətləri ilə yazıb hazırlayırdılar. “Çərəkə” farsların “Çahar-yek” tərkibindən yaran­mış dörddə bir deməkdir. Quranın müəyyən bir hissəsi öyrədil­di­yin­dən ona “Çərəkə” adı verilmişdir. Dərs hər bir şagirdin fərdi qabi­liy­yətinə, fərdi bilik səviyyəsinə uyğun olaraq fərdi üsulla keçilirdi. Tədris “Höccələmə” üsulu ilə aparılırdı. “Çərəkə”nin ilk səhifəsində uzun bir xətlə “Bismillahir-rəhmanir-rəhim” sözləri yazılırdı. Heç bir hərflə hələ tanış olmamış uşağa, birinci növbədə bu kəlmələr əzbərlədilirdi. Bundan sonra çərəkədə yazılmış Quran ayələrinin sözləri heca üsulu ilə öyrədilirdi. Buna 6-7 ay, bəzən də Quranı bütövlükdə oxumağa bir il vaxt sərf edilirdi. Quranı bitirdikdə şagir­din ailəsində şadlıq olurdu. Quranı bitirən şagirdlərə ərəb əlifbasının adları, müxtəlif xətlər, xəttatlıq öyrədilirdi. Quranı bitirmədən ya­zıya keçənləri molla cəzalandırırdı.

Məktəblərdə “Əbcəd” hesabı deyilən bir qaydanın uşaqlara öyrə­dilməsinə də xüsusi fikir verilirdi. Bu qaydaya əsasən hər bir hərf həm də bir rəqəmi ifadə edir.

Məktəbdə yazı işləri qamışdan hazırlanmış qələmlə yazılırdı. Molla uşaqlara hüsnxətt nümunəsi verir və bu əsasda da çalışmalar keçilirdi. Belə məşğələlərə “Məşq” deyirdilər. Adətən valideynlər öz uşaqlarını yaxşı xətti olan mollanın yanında oxudurdular. Dərsini bilməyən uşaqlara cəza üsulu olan falaqqadan istifadə edilirdi. Böyük şair və pedaqoqumuz Abdulla Şaiq bu barədə “Xatirələr”­ində yazırdı: “Fələqqə ilə tənbeh etmək mollaxanalarda ən çox yayılmış üsullardan biridir. Kiçik yaşlı uşaqlarda məktəbə, təhsilə nifrət oyadan, uşaqların məktəbdən qaçmasına səbəb olan fələqqə qol yoğunluğunda, bir metr yarım uzunluğunda bir ağacdan ibarət idi. Ortaya yaxın iki yandan qalın kəndir keçirilmiş bu ağacın hər tərəfindən bir uşaq tuturdu. “Müqəssir” uşağın ayaqlarını fələqqənin ortasında olan kəndir içində buranda ayaqları göydə, bədəni yerdə qalırdı. Molla isə çubuğu işə salırdı.....”

Zəngin ailələrin evlərində də məktəblər açılırdı. Müəllimlər yüksək təbəqənin balalarına dərs verdiklərindən onlar yüksək məvaciblə təmin edilirdilər. Məktəblərdə uşaqların tərbiyəsi də müəllimə tapşırıldığından onlar məşğələlərdən sonra da uşaqlarla məşğul olur, onların ev tapşırıqlarının yerinə yetirilməsinə nəzarət və köməklik edir, asudə vaxtlarını səmərəli və mənalı təşkil edir­dilər. Uşaqlar yaxşı əməllərinə görə rəğbətləndirilirdi. “Quran”ın müəyyən hissəsini öyrəndikdən sonra bir günlük tətil verilməsi, tərifləmək, “Afərin” demək, təbəssümlə qarşılamaq, müəllimin əvə­zinə “Quran” oxumağa icazə vermək, müəllimin köməkçisi təyin etmək-kimi rəğbətləndirmə üsulları var idi. Uşaqlar səhərdən axşama kimi məktəbdə olurdular.

Beləliklə, deyə bilərik ki, məktəblər ilk vaxtlarda insanlarda yazıb oxumaq missiyasını, yerinə yetirirdisə və ya dini yaymaq, təbliğat vasitəsi kimi fəaliyyət göstərirdisə, daha sonralar cəmiy­yə­tin inkişafı, insanların dünyagörüşünün genişlənməsi artıq məktəbin belə bir vəzifə və funksiyasını qane etmirdi. Ona görə də daha yük­sək təlim və tərbiyə müəssisələrinə ehtiyac duyulur, islam aləminin hər yerində müsəlmanların təhsillənməsi, elmə yiyələnib, tərəqqi etməsi islamın başlıca şərti hesab olunur və elmə, biliyə yiyələnmə müsəlmanın başlıca vəzifəsi hesab olunurdu.



Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin