Təhsil müəssisəsi – müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurumdur.
Təhsil françayzinqi – təhsil məhsullarının müvafiq şərtlərlə (təhsil müəssisəsinin rəsmi adının və fərqləndirici nişanlarının saxlanılması, müəlliflik hüququnun qorunması və s.) daxili və beynəlxalq təhsil bazarında reallaşdırılması üzrə kompleks xidmətlər sistemidir.
Təfəkkür – yeni, mühüm əlamət, xassə və qanunauyğunluqların axtarılmasına və kəşf edilməsinə yönəldilmiş, sosial cəhətdən şərtlənmiş, nitq ilə ayrılmaz surətdə bağlı psixi prosesdir, gerçəkliyin təhlil və tərkibi gedişində onun vasitəli və ümumiləşmiş inikası prosesidir. Təfəkkür insanın əməli fəaliyyəti əsasında hissi idrak vasitəsi ilə yaranır və onun sərhədlərindən çox-çox kənara çıxır. İnsan təfəkkürü dillə, nitqlə ayrılmaz surətdə bağlıdır. Təfəkkür zəruri olaraq maddi formada, söz formasında mövcuddur. Formal məntiq təfəkkürün məntiqi formalarını – məfhumları, hökm və əqli nəticələri öyrənir. Məfhum gerçəkliyin cisim və hadisələrinin ümumi, mühüm və fərqləndirici əlamətlərini əks etdirən fikrə deyilir. Hökm-gerçəkliyin cisim və hadisələrinin, onların xassə və əlamətlərinin arasında olan əlaqələrin inikasıdır. Əqli nəticə (istidlal) fikirlər (məfhum və mülahizələr) arasında elə bir əlaqədir ki, onun nəticəsində bir və ya bir neçə hökmdən başqa hökm alınır və bu hökm ilk, əsas hökmlərin məzmunundan çıxarılır. Məntiqin predmeti təfəkkür prosesində əmələ gələn dərketmə nəticələri, məhsulları arasında olan qarşılıqlı münasibətlərdir.