Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü il tarixli 305 saylı əmri ilə qrif verilmişdir


Mövzu 9.   Xarici-iqtisadi fəaliyyətin gömrük-tarif tənzimlənməsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/32
tarix23.02.2017
ölçüsü5,01 Kb.
#9542
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   32

Mövzu 9. 
 Xarici-iqtisadi fəaliyyətin gömrük-tarif tənzimlənməsi  
 
Gömrük tarifi - Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallara tətbiq edilən 
və Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasına (XİF MN) uyğun olaraq sistemləşdirilmiş gömrük 
rüsum dərəcələrinin məcmusudur.  
“Tarif” – ərəb sözü olub “siyahı” deməkdir. Deməli, gömrük tarifi idxal və ixrac rüsumlarının 
siyahısıdır. Tarif dəyəri idxal və ixrac olunan malların qiymətinə görə tarif şəklində müəyyənləşdirilir. Gömrük 
tarifi daşıdığı funksiyaların xarakterindən asılı olaraq 2 yerə ayrılır:  
1) Proteksionist funksiya;  
2) Fiskal funksiya. 
Proeksionizm(himayədarlıq) - daxili bazarın xarici rəqabətdən qorunması üçün dövlətin yürütdüyü 
iqtisadi siyasətdir. Daxili bazarı qorumaq üçün idxal rüsumlarının artırılmasının  əsas səbəbi yerli malların 
rəqabət qabiliyyətinin aşağı olmasından irəli gəlir. Belə ki, yenicə müstəqilik əldə etmiş respublikamız köhnə 
texnologiya ilə dünya bazarı standartlarına cavab verən əmtəə istehsal edə bilmir. Eyni zamanda ölkəni xarici 
mallardan asılı  vəziyyətə salmaq, nəinki iqtisadi təhlükəsizliyə, həm də milli təhlükəsizliyə ciddi problemlər 
yarada bilər. Bu isə müstəqilliyini tam möhkəmləndirməmiş bir ölkə üçün açınacaqlı nəticələrə gətirib çıxarar. 
Odur ki, hər bir dövlət kimi Azərbaycan Respublikası da öz təhlükəsizliyini təmin etmək üçün proteksionist 
siyasətdən yararlanmağa çalışır.  
Fiskal funksiya  - “fisk” latın sözü olub, “zənbil” deməkdir. Bu funksiyanın mahiyyəti dövlət 
xərclərinin maliyyələşdirilməsini təmin etmək üçün ayrı-ayrı fiziki və hüquqi şəxslərin gəlirlərinin müəyyən 
hissəsinin dövlət xəzinəsinə  cəlb edilməsidir. Ümumdövlət proqramlarının həyata keçirilməsi üçün vəsaitlərin 
dövlət büdcəsinə toplanması, məhz bu funksiya vasitəsi ilə həyata keçirilir.  
Dünyanın bütün ölkələrində gömrük tarifindən istifadə olunur. Milli tarif sistemilə yanaşı, məhəlli 
(regional) tarifləri özündə birləşdirən vahid tarif sistemi vardır. Tariflərin lazımsız artırılmasının qarşısını almaq 
və onları danışıqlar yolu ilə aşağı salmaq, ticarət məneələrini aradan qaldırmaq və s. bu tipli məsələləri 1995-ci 
ilə qədər Tarif və Ticarət üzrə Baş Saziş (GATT - General Agreementon Tariffs and Trade). Həmin ildən 
sonra Ümumdünya Ticarət Təşkilatı  (WTO - World Trade  Orhanization) adlanan qurum tərəfindən 
tənzimlənir.  
İkitərəfli və çoxtərəfli razılaşmalar  əsasında güzəştlər müəyyənləşdirilir və  tətbiq olunur. Bu 
preferensial rejim sayılır (preferensiya - bir dövlətin digərinə idxal gömrük rüsumları  dərəcələrinin azalması 
üzrə verdiyi xüsusi güzəştlərdir). Belə güzəştlərin tətbiqi milli istehsal mallarının xarici bazarlara çıxarılmasını 
əhəmiyyətli dərəcədə artıra bilər.  
Bir sıra hallarda gömrük tarifi birtərəfli qaydada ixrac məhsullarının istehsalına tələb olunan mallara 
aşağı və ya sıfır dərəcəli idxal rüsum tətbiq etməklə, milli istehsalın və ixracın stimullaşdırılması üçün istifadə 
olunur.  
Bildiyimiz kimi, rüsumlar yerli və dünya qiymətlərinin fərqi və ya fərqə uyğun müəyyənləşdirilir. Ölkə 
iqtisadiyyatının inkişaf səviyyəsi ilə gömrük rüsumlarının dərəcələri arasında müəyyən asılılıq mövcuddur. Belə 
ki, inkişaf etmiş ölkələrdə gömrük rüsumlarının dərəcələri aşağı olur. Çünki inkişaf etmiş ölkənin istehsal etdiyi 
məhsulun rəqabət qabiliyyəti yüksək olduğu üçün, daxili bazarın yüksək rüsumlar hesabına qorunmasına, 
ixracın  əlavə  tədbirlərlə stimullaşdırılmasına və büdcənin gəlir hissəsinin gömrük ödənişləri hesabına 
doldurulmasına ehtiyac qalmır.  
Gömrük-tarif tənzimlənməsinin hüquqi əsasını,  20 iyun 1995-ci ildə  qəbul olunmuş Azərbaycan 
Respublikasının  “Gömrük tarifi haqqında” qanun müəyyənləşdirilmişdir. Bu qanuna görə gömrük tarifinin 
əsas məqsədləri aşağıdakılardır:  
1) Azərbaycan Respublikası üzrə idxalın əmtəə strukturunu səmərəlilişdirmək;  
2) Azərbaycan Respublikasının  ərazisində malların gətirilməsi və  çıxarılmasının, valyuta 
gəlirlərinin və xərclərinin əlverişli nisbətini təmin etmək;  
3) valyuta sərvətlərinin Azərbaycanın gömrük ərazisinə  gətirilməsi və  çıxarılması üzərində 
səmərəli nəzarət təşkil etmək;  
4) Azərbaycan Respublikasında malların istehsal və istehlak strukturunda mütərəqqi 
dəyişikliklər üçün şərait yaratmaq;  
5) Azərbaycan Respublikasının iqtisadiyyatını xarici rəqabətin mənfi təsirindən qorumaq;  
6) Azərbaycan Respublikası iqtisadiyyatını dünya təsərrüfatı ilə  səmərəli inteqrasiyasına  şərait 
yaratmaq.  
“Gömrük tarifi” haqqında qanunun 3-cü maddəsinə görə, Azərbaycan Respublikasının  ərazisinə 
gətirilən, gömrük rüsumuna cəlb olunan və ya olunmayan malların siyahısı  və  tətbiq edilən rüsum dərəcələri 
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.Eyni zamanda, xarici iqtisadi 

92 
 
tənzimlənən qeyri-tarif tədbirləri, ixrac gömrük rüsumlarının dərəcələri və onların tətbiq olunduğu malların 
siyahısı da Nazirlər Kabineti tərəfindən müəyyən olunur.  
Azərbaycan Respublikasının  əlverişli ticarət rejimi tətbiq etdiyi ölkələrin malları üçün ixrac gömrük 
rüsumları dərəcələrinin son həddi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müəyyən olunur.  
Milli maraqların qorunması və ölkənin təhlükəsizliyinin təmin olunmsı üçün Xarici İqtisadi Fəaliyyətin 
(XİF) tənzimlənməsi həyata keçirilir. XİF-in dövlət tənzimlənməsinin metodları  təsnifat  əlamətlərinə görə 4 
qrupa bölünür:  
1) iqtisadi tənzimləmə metodları;  
2) inzibati metodlar;  
3) tarif metodları;  
4) qeryi-tarif metodları.  
İqtisadi tənzimləmə, inzibati və qeyri-tarif metodları haqqında 11-ci mövzuda ətraflı məlumat verildiyi 
üçün şərhə ehtiyac yoxdur. İndi isə tarif metodu ilə tanış olaq.  
Tarif metodu  
Azərbaycan Respublikasında1 aprel 2004-cü ildən başlayaraq Azərbaycan Respublikasında spesifik 
gömrük rüsum dərəcələri advolar dərəcələrlə  əvəz edilmişdir (Advalor latınca  “ad valorem” sözündən 
götürülüb, mənası “dəyərdən” deməkdir). Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 aprel 
2004-cü il tarixli 58 saylı  qərarı ilə  “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük 
rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında” AR NK-
nın 2001-ci il 12 aprel tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən 
mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə bəzi mallar üzrə spesifik gömrük idxal rüsum dərəcələri 
advolar gömrük idxal rüsum dərəcələri ilə əvəz edilmişdir. Tarif dərəcəsi gömrük dəyərinin 15%-i miqdarında 
qəbul olunmuşdur. 
AR NK-nın bu qərarı Azərbaycan Respublikasında idxal əməliyyatlarının gömrük-tarif mexanizmi 
vasitəsi ilə tənzimlənməsi, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun 
olaraq gömrük tariflərinin tətbiqi mexanizminin daha da təkmilləşdirilməsi yolu ilə xarici iqtisadi əlaqələrin 
səmərəliliyinin artırılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədi ilə qəbul olunmuşdur. 
Malın dəyərini kombinə üsulu ilə hesabladıqda, əvvəlcə advalor, sonra isə spesifik qaydada hesablanır, 
hər ikisi müqayisə edilərək ən böyüyü götürülür.  
Gömrük rüsumları mövsümi və xüsusi olurlar. 
Mövsümi rüsumlar malların ixracını və idxalını operaiv tənzimləmək üçün bəzi mallara tətbiq olunan 
rüsumlardır. Mövsümi rüsumlarda gömrük tarifində nəzərdə tutulmuş gömrük rüsumları dərəcələri tətbiq olunur 
və bu rüsumların qüvvədə olduğu müddət il ərzində 6 aydan çox ola bilməz (“Gömrük tarifi haqqında” Qanun, 
5-ci maddə):  
Xüsusi növ rüsumlar. Azərbaycan Respublikasının iqtsadi mənafeyini qorumaq üçün idxal edilən 
mallara müvəqqəti olaraq tətbiq edilir və aşağıdakı növlərə ayrılır (“Gömrük tarifi haqqında qanun 6-cı maddə):  
- xüsusi rüsumlar;  
- antidempinq rüsumları;  
- kompensasiya rüsumları.  
Bu rüsumların formalaşması və tətbiqi qaydaları “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının 
Qanununda nəzərdə tutulmuş hüquqi normalarla tənzimlənir.  
Xüsusi rüsumlar aşağıdakı hallarda tətbiq olunur (“Gömrük tarifi haqqında” Qanun, 7-ci maddə):  
- əgər ölkənin gömrük ərazisinə gətirilən mallar, bu qəbildən olan malların yerli istehsalçılarına ziyan 
vuran və ya ziyan vura biləcək miqdarda və  şərtlərdə  gətirilmişdirsə, onda idxal mallarından müdafiə  tədbiri 
kimi;  
- digər dövlətlərin və onların ittifaqlarının (siyasi, iqtisadi, hərbi və s.) Azərbaycan dövlətinin 
mənafeyinə toxunan ayrı-seçkilik və digər hərəkətlərinə cavab tədbiri kimi.  
Antidempinq rüsumları 
Dempinq (ingiliscə “dumping” hərfi mənada “dağıtma” deməkdir) - xarici bazarlarda əmtəələrin dəyər 
- dəyməzinə, yəni istehsal xərclərindən aşağı qiymətlə satılması deməkdir. Dempinqin fərqləndirici 
xüsusiyyətləri, ölkədaxili aşağı və yuxarı qiymətlər arasındakı kəskin fərq və satış bazarında rəqibləri sıradan 
çıxartmaq ekspansionist latınca  “expansio” sözündən olub “yayılma”, “genişlənmə” deməkdir.  İqtisadi 
metodlarla hökmranlıq dairəsinin genişlən-dirilməsinə xidmət edir. 
Antidempinq (dempinqin əksinə olan) rüsumları, idxal olunan malların qiyməti ölkənin gömrük 
ərazisinə gətirildiyi vaxtda ixrac olunduğu ölkədəki real dəyərindən aşağı olduqda və belə bir idxal bu qəbildən 
olan malların yerli istehsalçılarına ziyan vurduqda və ya bu hal istisna olunmadıqda, eyni zamanda həmin mallar 
ölkə daxilində istehsalının təşkilinə  və ya genişləndirilməsinə maneəçilik törətdikdə  tətbiq olunur (“GT 
haqqında” Qanun , 8-ci maddə).  

93 
 
Kompensasiya rüsumları (“Gömrük tarifi haqqında” Qanun, 9-cu maddə):  
Kompensasiya latınca “compensatio” sözündən olub, hərfi mənası “ödəmə” deməkdir.  
Ölkənin gömrük ərazisinə  gətirilən malların istehsalı  və ya ixracı zamanı birbaşa və ya dolayı yolla 
subsidiyalardan (subsidiya latınca  “subsidium” sözündən olub, hərfi mənası  “yardım”, “kömək”  deməkdir. 
Subsidiya, dövlətin büdcə  vəsaiti hesabına yerli hakimiyyət orqanlarına, hüquqi və fiziki şəxslərə  əsasən pul 
formasında göstərdiyi yardımdır) istifadə olunduqda və belə bir idxal bu qəbildən olan malların yerli 
istehsalçılarına ziyan vurduqda və yaxud bu hal istisna edilmədikdə, habelə ölkədə bu malların istehsalının 
təşkilinə və genişləndirilməsinə maneçilik törədildikdə kompensasiya rüsumları tətbiq edilir.  
Xüsusi, antidempinq və kompensasiya rüsumları tətbiq edilməzdən əvvəl Azərbaycan Respublikasının 
müvafiq idarəetmə orqanlarının təşəbbüsü ilə qanunvericilik normalarına uyğun olaraq 10 gün müddətində 
təhqiqat aparılır. Bu zaman çıxarılacaq qərarlar kəmiyyətcə müəyyən edilmiş qərarlara əsaslanmalıdır.  
Hər bir xüsusi hal üçün tətbiq olunacaq rüsum dərəcələri Azərbaycan Respublikasının Nazirlər Kabineti 
tərəfindən müəyyən edilir və bu dərəcələr təhqiqatın müəyyən etdiyi qiymətlərin dempinq azaldılmasının, 
subsidiyanın və aşkar olunan dəymiş ziyanın məbləğinə mütənasib olmalıdır.  
Gömrük güzəştləri. Bütün gömrük güzəştləri mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan 
Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur.  
Ölkənin ticarət siyasəti həyata keçirilərkən qarşılıqlı və birtərəfli qaydada, gömrük sərhədindən keçirilən 
mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması, rüsum ödənişlərindən azadetmə, rüsum dərəcələrinin aşağı 
salınması, malın güzəştli gətirilməsi və ya aparılması üçün tarif kvotaları  şəklində verilən güzəştlər tarif 
güzəştləri adlanır.  
“Gömrük tarifi haqqında” Qanunun 36-cı maddəsinə görə aşağıdakı hallarda güzəştlər verilə bilər.  
1) Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən olunmuş gömrük rejimlərinə uyğun 
olaraq gömrük nəzarəti altında ölkə ərazisinə müvəqqəti gətirilən və aparılan mallar;  
2) Azərbaycan Respublikasının iştirakçısı olduğu hökumətlərarası sazişlərə müvafiq olaraq xaricdə 
investisiya əməkdaşlığı üzrə obyektlərin inşası üçün dəstlə göndərilən mallar;  
3) Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilən dövlət ehtiyacları 
üçün ölkənin gömrük ərazisindən çıxarılan mallar;  
4) xarici sərmayənin iştirakı ilə yaradılan müəssisələrin və xarici müəssisələrin nizamnamə fonduna pay 
şəklində ölkənin gömrük ərazisinə gətirilən, həmçinin qanunvericiliyə uyğun olaraq Azərbaycan hökumətinin və 
ya onun səlahiyyətli dövlət orqanlarının məhsulların bölgüsü barədə bağladıqları sazişlərdə  nəzərdə tutulmuş 
hallarda və Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müəyyən edilmiş qaydada xarici sərmayələrin 
öz xərcini ödəməsi dövründə  həmin müəssisələrin özü tərəfindənistehsal edilərək ölkə  ərazisindən çıxarılan 
müxtəlif növ mallar. 
Əslində tarif tənzimlənməsi özündə bir neçə qarşılıqlı əməliyyatları əks etdirən mürəkkəb bir prosesdir. 
Bunlardan bizim üçün daha maraqlı olanı malın mənşə ölkəsinin müəyyənləşdirilməsi və gömrük dəyərinin 
müəyyən edilməsidir. Malın gömrük dəyəri və onun müəyyən edilməsi üsulları barədə 9-cu mövzuda geniş 
məlumat verildiyi üçün, ətraflı şərhə ehtiyac görmürük. 
Malın mənşə ölkəsinin müəyyənləşdirilməsi gömrük əməliyyatlarının sadələşdirilməsi və unifikasiyası 
(“Unifikasiya” latınca “uni” (“vahid”) və “facio” - “edirəm” sözlərindən götürülüb, mənası “vahid edirəm” 
yəni vahid şəklə, formaya, və ya sistemə salmaq deməkdir) barədə Kioto Konvensiyasında öz əksini tapmış 
beynəlxalq təcrübəyə  əsaslanır. Malın mənşə ölkəsinin təyin edilməsinin hüquqi əsaslarını “Gömrük tarifi 
haqqında” qanun ilə (24-32-ci maddələr) təsbit edilmişdir.  
Malın “mənşə ölkəsi” məfhumunu malın istehsal edildiyi ölkələr qrupu, gömrük ittifaqları, dövlətin bir 
hissəsi və yaxud konkret regionu başa düşülür.  
Malın mənşəyinin bəyan edilən ölkə olduğunu müəyyənləşdirmək üçün, gömrük orqanı malın mənşəyi 
haqqında sertifikat (“Sertifikat” fransızca  “certifikat”, latınca  “sertifiko” sözündən olub, mənası  “təsdiq 
edirəm” deməkdir.  Xarici ticarətdə  səlahiyyətli orqanların verdiyi və  əmtənin keyfiyyətini təsdiq edən 
sənədə sertifikat deyilir) tələb edir.  
“Gömrük tarifi haqqında” qanunun 29-cu maddəsinə görə, ölkəmizin gömrük ərazisinə mal gətirilərkən 
aşağıdakı hallarda malın mənşəyi haqqında sertifikat təqdim olunmalıdır:  
1) mənşəyi gömrük tarifinə görə Azərbaycan Respublikasının imtiyaz verdiyi ölkələrdən olan 
mallara;  
2) müəyyən ölkədən gətirilməsi kəmiyyət məhdudiyyətləri ilə və ya xarici iqtisadi fəaliyyətin digər 
üsulları ilə tənzimlənən mallar;  
3) Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq sazişlərdə, həmçinin, Azərbaycan 
Respublikasının  ətraf mühitin mühafizəsi və  əhalinin sağlamlığı, yerli istehlakçılıqların hüquqlarının 
müdafiəsi, ictimai asayişin qorunması, dövlət təhlükəsizliyinin təmin edilməsi və Azərbaycan 
Respublikasının həyati mənafeləri sahəsindəki qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda;  

94 
 
4) gömrük rəsmiləşdirilməsi üçün təqdim olunan sənədlərdə malın mənşəyi haqqında məlumat 
olmadıqda və ya Azərbaycan Respublikasının gömrük orqanında malın mənşəyi haqqında bəyan edilən 
məlumatların qeyri-dəqiqliyini təsdiq etmək üçün əsas olduğu hallarda.  
Malın mənşə sertifikatları gömrük rəsmiləşdirilməsinə gömrük yük bəyannaməsi və tələb olunan digər 
sənədlərlə birlikdə təqdim olunur.  
Hazırki, dövrdə dünya ticarətində malın mənşə ölkəsi ilə əlaqədar müxtəlif növ imtiyazların verilməsi 
təcrübəsi daha geniş yayılmışdır. Belə ki, malın mənşəyindən asılı olaraq güzəştli gömrük rüsumu alına bilər və 
yaxud tamamilə ödəmədən azad edilə bilər.  
 

95 
 
Mövzu 10.  
Gömrük ödənişləri 
 
10.1. Gömrük ödənişlərinin növləri 
 
Gömrük Məcəlləsinin 17-ci maddəsinin 19-cu bəndində oxuyuruq: “Gömrük ödənişləri müəyyən 
olunmuş qaydada Azərbaycan Respublikası gömrük orqanları  tərəfindən alınan gömrük rüsumları, 
vergilər, gömrük yığımları, hüquqi və fiziki şəxslərə gömrük fəaliyyəti üçün lisenziyaların verilməsinə 
görə alınan yığımlar, haqlar və digər ödənişlərdir.  
Mövcud qanunvericilik aktları ilə aşağıdakı gömrük ödənişləri alınır:  
1) gömrük rüsumu;  
2) əlavə dəyər vergisi;  
3) aksizlər;  
4) Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən icazələrin 
verilməsi və icazələrin bərpa edilməsinə görə yığımlar;  
5) gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatlarının verilməsi və attestatların 
fəaliyyətinin bərpa edilməsinə görə yığımlar;  
6) gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları;  
7) malların saxlancına görə gömrük yığımları;  
8) malların gömrük müşayiətinə görə gömrük yığımları;  
9) məlumatlandırma və məsləhətverməyə görə haqq;  
10) ilkin qərarların qəbuluna görə haqq;  
11) gömrük hərraclarında (auksion) iştirak etməyə görə haqq;  
12) digər gömrük ödənişləri.  
 
10.1.1.Gömrük rüsumları 
 
Bu maddəyə görə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar üçün “Gömrük 
tarifi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq gömrük rüsumu ödənilməlidir. Həm Gömrük 
Məcəlləsində, həm də “Gömrük tarifi haqqında” Qanunda gömrük rüsumu anlayışı ümumi şəkildə izah olunur. 
Belə ki, Gömrük Məcəlləsinin 17-ci maddəsinə görə, “gömrük rüsumları Azərbayca Respublikasının gömrük 
orqanları  tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə malların idxalı  və ixracı zamanı alınan 
ödənişlərdir”. 
Gömrük rüsumları bütün sərhədboyu dövriyyəyə şamil edilir. Bəzi mallar növündən, mənşə ölkəsindən, 
bəyan edilmiş gömrük rejimindən asılı olaraq gömrük rüsumlarından azad edilirlər. Əgər konkret mal gömrük 
tarif qanunvericiliyinin normalarına uyğun gömrük rüsumuna cəlb olunmursa, onda həmin mal nəzərdə tutulan 
gömrük ödənişlərini ödədikdən sonra gömrük sərhədini keçə bilər.  
Gömrük rüsumları gömrük sərhədini keçməsi faktı ilə qüvvəyə minən və xarici ticarət dövriyyəsi 
mallarına tətbiq edilən dolayı vergi növ müxtəlifliklərindən biridir.  
Gömrük rüsumları bütün əsas vergi xüsusiyyətlərini özündə cəmləşdirmişdir:  
a) gömrük rüsumlarının ödənişi də məcburi xarakter daşıyır və dövlət hakimiyyət məcburiyyəti 
ilə təmin edilir;  
b) gömrük rüsumları göstərilən xidmətin əvəzi deyil və qarşılıqsız (əvəzində heç bir şey etmədən) 
tutulur;  
c) gömrük ödənişlərindən daxilolmalar konkret dövlət xərclərini ödəmək üçün nəzərdə 
tutulmamışdır.  
Gömrük - tarif münasibətlərinin hüquqi tənzimlənməsi birtərəfli xarakter daşıyır və gömrük-tarif hüquqi 
münasibətlərinin subyektlərinə vergiqoymanın miqdarı,  əsasları, müddəti və s. kimi məsələlərdə razılaşmağı 
mümkünsüz edir. Ancaq gömrük rüsumlarının müəyyənləşdirilməsinin birtərəfliliyi prinsipi dövlətlər və 
sahibkarlar arasında vergi müqavilələrinin bağlanması əlehinə deyildir. Bu cür razılaşmaların predmeti dövlətin 
sosial-iqtisadi plan və proqramlarının icrasını stimullaşdırmaq məqsədi ilə özəl sahibkarlığa etdiyi vergi 
güzəştləridir.  
Gömrük rüsumlarının vergi təbiətli olması onları daha çox gömrük yığımları ilə müqayisə etdikdə gözə 
çarpır. Gömrük rüsumlarından fərqli olaraq, gömrük yığımları - mal qismində ölkənin gömrük sərhədindən 
keçirilən mal və nəqliyyat vasitələrinin, habelə müşayiət olunmayan baqajda, beynəlxalq poçt göndərişlərində 
keçirilən, kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların və yüklərin, həmçinin nəqliyyat 
vasitələrinin gömrük rəsmiləşdirilməsinə görə qanunvericiliklə müəyyən olunmuş ödəmələrdir. Deməli, gömrük 

96 
 
yığımları idxal və ixraca məşğul olanlara gömrük orqanlarının göstərdiyi xidmətin qarşılığında aldığı 
ödəmələrdir.  
Verginin bütün əsas elementləri gömrük rüsumlarına da xasdır. Gömrük rüsumları qoyulan subyekt 
deklarantdır. Deklarant gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələrini öz adından gömrüyə bəyan 
edən şəxsdir. Deklarant həm mal və nəqliyyat vasitələrini keçirən şəxs, həm də gömrük brokeri (vasitəçi) ola 
bilər. Gömrük rüsumu qoyulan obyekt isə gömrük dəyəri, gömrük sərhədindən keçirilən malların kəmiyyət 
göstəriciləri və ya hər ikisi birlikdə ola bilər.  
Gömrük rüsumunun növbəti elementi onun dərəcəsidir (stavka). “Gömrük tarifi haqqında” Azərbaycan 
Respublikası Qanununun 3-cü maddəsinə görə,  gömrük rüsumlarının dərəcələri Azərbaycan Respublikası 
Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Bu qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, gömrük 
rüsum dərəcələri Azərbaycan Respublikasının gömrük sərhədindən mal keçirən hüquqi və fiziki şəxslərdən, 
sövdələşmə növlərindən və digər amillərdən asılı olaraq dəyişdirilə bilməz.  
İdxal gömrük rüsumlarının dərəcələri malın mənşə ölkəsindən asılı olaraq diferensasiya olunur. Əgər 
idxal olunan malın mənşə ölkəsi ilə Azərbaycan Respublikası arasında  əlverişli ticrət rejimi (ƏTR) 
mövcuddursa, onda idxal gömrük rüsumlarının dərəcələri və gömrük rüsumuna cəlb olunmayan malların 
siyahısı  Azərbaycan Respublikası Nazirlər Kabineti  tərəfindən müəyyən edilir. (“Gömrük tarifi haqqında”, 
Qanun, maddə. 3, bənd 3). 
İxrac gömrük rüsumlarının dərəcələri və onların tətbiq olunduğu malların siyahısı, həmçinin xarici 
iqtisadi tənzimləmənin qeyri-tarif tədbirləri Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən 
olunur. Azərbaycan Respublikasının  ƏTR tətbiq etdiyi ölkələrin malları üçün ixrac gömrük rüsumları 
dərəcələrinin son həddi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən müəyyən olunur.  
İdxal-ixrac  əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri sonuncu dəfə Azərbaycan Respublikası 
Nazirlər Kabinetinin 12 aprel 2001-ci il 80 saylı qərarı ilə müəyyən edilmişdir. Lakin 22 dekabr 2003-cü ildə 
Azərbaycan Respublikası Nazirlər Kabineti 161 saylı  Qərarı ilə  həmin qərara  əlavələr və  dəyişikliklər 
edilmişdir. Həmin qərara  əsasən ilk dəfə olaraq 72, 76, 78, 79 və 80-ci mal qruplarına ixrac rüsumları  tətbiq 
olunmuşdur.  
Azərbaycan Respublikasının bağladığı  sərbəst ticarət haqqında ikitərəfli sazişlərə görə  də rüsumlar 
tətbiq olunmur. Məsələn, Rusiya Federasiyası, Ukrayna, Gürcüstan, Moldova və s.  
Vergi sistemində olduğu kimi, gömrük rüsumlarına da güzəştlər tətbiq olunur. Bu tarif güzəştləri və ya 
tarif preferensiyaları adlanır. Tarif güzəştləri (tarif preferensiyaları) dedikdə, Azərbaycan Respublikasının ticarət 
siyasəti həyata keçirilərkən qarşılıqlı və ya birtərəfli qaydada ölkənin gömrük sərhədindən keçirilən mallar üzrə 
əvvəl ödənilmiş rüsumun qaytarılması, rüsum ödənişindən azadetmə, rüsum dərəcələrinin aşağı salınması, malın 
preferensial gətirilməsi (çıxarılması) üçün tarif kvotaları şəklində verilən güzəştlər başa düşülür (“Gömrük tarifi 
haqqında” Qanun, 33-cü maddə 1-ci bənd). Gömrük güzəştlərinin verilməsi qaydası Azərbaycan Respublikası 
Nazirlər Kabineti tərəfindən müəyyən edilir və “Gömrük tarifi haqqında” Qanunun 35-ci, 36-cı  və 37-ci 
maddələri istisna olmaqla fərdi xarakter daşıya bilməz.  
Cəlb olunma obyektlərinə görə gömrük rüsumları - idxal (import) və ixrac (eksport) kimi iki yerə ayrılır.  
İdxal rüsumları ölkənin daxili bazarını xarici rəqabətdən qoruduğu halda proteksionist (daxili bazarı 
qorumaq üçün yerli və dünya qiymətləri arasındakı  fərqdən yüksək müəyyənləşdirilən rüsumlar) funksiyanı 
yerinə yetirir. Bu halda təkcə idxal olunan malların deyil, həm də yerli malların qiyməti dünya qiymətləri 
səviyyəsinə qalxır.  
İxrac rüsumları gömrük-tarif tənzimlənməsinin fiskal funksiyasının həyata keçirilməsində birinci 
dərəcəli rol oynayır. Gömrük orqanlarının yığdığı vergilərin 50 %-dən çoxu məhz ixrac rüsumlarının payına 
düşür.  
İnkişaf etməkdə olan ölkələrdə idxal rüsumlarının yüksək olmasının əsas səbəbi ölkə sənayesini xarici 
rəqabətdən qorumaqdır. Azərbaycan Respublikası da öz sənayesini xarici rəqabətdən qorumaq üçün hələlik bu 
üsuldan istifadə edir. Ölkələrin iqtisadi inkişafı ilə idxal rüsumlarının miqdarı tərs mütənasibdir.  
Azərbaycan Respublikası Nazirlər Kabineti idxal və ixrac gömrük rüsumlarının dərəcələrini təyin edir. 
Azərbaycan Respublikasının  əlverişli ticarət rejimi tətbiq etdiyi ölkənin malları üçün idxal və ixrac gömrük 
rüsumlarının dərəcələrinin son həddi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müəyyən olunur. 
Lakin  əlverişli ticarət rejimi tətbiq olunmayan ölkələrin mallarına və  mənşə ölkəsi müəyyənləşdirilməyən 
mallara idxal gömrük rüsumlarının dərəcələri iki dəfə artırılır. 
  
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin