"e-Dalğa" Şəbəkə Kulturoloji-Ədəbi Dərgi



Yüklə 2,23 Mb.
Pdf görüntüsü
səhifə6/47
tarix30.12.2021
ölçüsü2,23 Mb.
#24872
1   2   3   4   5   6   7   8   9   ...   47
 
Tərcüməçidən 
 
 
 
"Mafiyalar vesterni" 
 


 
16
 
Palermo və Trapani əyalətlərinin sərhədində şəhər boyda böyük kənd. Birinci Dünya 
müharibəsi gedir. Və sanki bu bəs deyilmiş kimi, kəndin öz daxilində də müharibə var: 
cəbhədə şəhid olan vətəndaşlarının sayına bərabər ardıcıllıqla qurbanlar aparan qanlı bir 
müharibə. İki mafiya klanı çoxdandır ki, qan düşmənidir. Orta hesabla ayda iki qətl. Hər 
dəfə də bütün kənd bilir ki, luparadan açılan növbəti atəş hansı tərəfin işidir və cavab 
luparanın qurbanı kim olacaq. Bunu karabinyerlər də bilir, sanki oyun gedir, bütün 
qaydalarına riayət olunan bir oyun; cavanlar hakimiyyətə can atır, "qocalar" öz 
mövqelərini müdafiə edirlər, birini onlardan vururlar, birini bunlardan. Ancaq başçılar 
tələsmirlər: barışıq olacağını gözləyirlər. Belə olduqda isə, onlardan biri, - ya "qocaların", 
ya da cavanların başçısı, - razılığa gəldikdən, barışığa qatıldıqdan sonra dərhal 
"vurulacaq"; "dostluq qədəhi"ndən içəcəyi, içər-içməz, boğazında qalacaq. 
Müəyyən bir məqamda rəqabət get-gedə qızışaraq, yerli başçıların səviyyəsinə çatır. 
Adətən belə olduqda, onu qızışdıran tərəf münasib vaxt seçir və sülh tələb edir: onda hər 
iki tərəfi danışdırmaqdan, bir araya gətirməkdən ötrü yaxın yerlərdən ağsaqqallar axışıb 
gəlirlər, - cavanları başa salırlar ki, onlar hər şeyə malik ola bilməzlər, "qocaları" isə 
inandırmağa çalışırlar ki, hər şeyi əldə saxlamaq da qeyri-mümkündür. Barışıqlar, 
danışıqlar başlayır. Nəhayət, tərəflər birləşdikdən sonra hər iki klanın ümumi və 
dinməzcə razılığı ilə başçılardan biri aradan götürülür: ya sürgün, ya istefa, ya da ölüm. 
Ancaq bu dəfə belə deyil. Ağsaqqallar gəlir, klanların nümayəndələrini görüşdürürlər: 
bununla belə, bütün mövcud adətlərə və bəslənilən ümidlərə baxmayaraq, qətllərin arası 
kəsilmək bilmir; daha da qəddar, hətta amansız bir şəkildə. Hər iki tərəf ağsaqqalların 
qarşısında bir-birini xəyanətdə ittiham edir. Camaat nə baş verdiyini anlamır. 
Karabinyerlər həmçinin. Xoşbəxtlikdən, ağsaqqallar soyuqqanlı və ayıq adamlardır. 
Onlar hər iki nümayəndə heyətini yenidən bir araya gətirirlər, son altı aydakı qurbanların 
siyahısı tutulur və "bunu biz vurmuşuq", "bunu isə biz", "bunu biz öldürməmişik", ''bu isə 
qətiyyən bizlik deyil" və s.-dən sonra belə bir sarsıdıcı nəticəyə gəlirlər ki, qətllərin üçdə 
ikisində nə bu, nə də o biri mafiyanın əli var. Deməli, az qala rəsmi şəkildə mövcud olan 
bu klanların aradan götürülməsinə xidmət edən hansısa üçüncü, gözəgörünməz , gizli bir 
klan da mövcuddur? Bəlkə tənha bir qisasçı, bir yalquzaq, bir sərsəm manyak var ki, hər 
iki tərəfin mafiozolarını qırıb-çatmağı özü üçün bir əyləncəyə çevirmişdir? Hamı başını 
itirib. Karabinyerlər də həmçinin: onlar meyitləri məlum məmnuniyyət hissi ilə yığışdırıb 
aparırdılarsa da, (lupara ilə qətlə yetirilən həmin o cinayətkarların meyitlərini ki, 
sağlıqlarında sübutlar vasitəsilə güllə qabağına gətirmək qeyri-mümkün olardı), o vaxt 
həm də fərarilərin ucbatından çəkdikləri başağrısına görə istədikləri və arzuladıqları 
yalnız o idi ki, bu qardaş qırğını tezliklə qurtarıb sona yetirəydi. 
Ağsaqqallar işi yoluna qoyduqdan sonra hər iki klana məsələni bitirməyi tapşırıb, 
yavaşca aradan çıxırlar. Çünki nə tərəflərdən biri, nə də hər ikisi birlikdə onların 
toxunulmazlığına zəmanət verə bilmir. Yerli mafiozolar öz təhqiqatlarina başlayırlar: 
ancaq mənasız bir qisasın və ya sərsəm bir özbaşınalığın qurbanına çevrilmək qorxusu, 
onların ucbatından namuslu insanların daima düşdüyü vəziyyətlərə indi, bir anın 
içərisində özlərinin düşə bilməsi xofu onları çaşdırır və vahimələndirir. Nəhayət, onlar 
başqa bir çıxış yolu tapmayaraq, öz siyasət adamlarını qısnamağa başlayırlar ki, onlar da, 
öz növbələrində karabinyerləri ciddi, dəqiq və mükəmməl bir təhqiqat aparmağa 
tələsdirsinlər: ancaq həm də şübhələnirlər ki, əgər karabinyerlər mafiyanın kökünü 
qanuni yolla kəsə bilmirlərsə, deməli bu qəddar və mütəşəkkil insan o v u n u n 
təşkilatçısı elə onlar özləridir. Əgər hökumət əhali artımının qarşısını almaqdan ötrü hər 


 
17
dəfə ortaya bir vəba mərəzi atırsa, onda niyə də düşünməyəsən ki, mafiozoların gizli 
qırğınına karabinyerlər özləri fitva verməyib? 
Naməlum şəxsin və ya şəxslərin hədəfi nişan alması isə davam etməkdədir. Köhnə 
mafiyanın başçısı da qətlə yetirilir. Kənddə arxayınçılıq hissi ilə yanaşı, xof da var. 
Karabinyerlər bilmirlər daha hara baş vursunlar, mafiozolar - təşviş içində. Ancaq mafiya 
başçısının, bütün kəndin yalançı göz yaşları ilə iştirak etdiyi dəbdəbəli dəfn 
mərasimindən dərhal sonra, mafiozoların simalarindakı çaşqınlıq və qorxu hissi bir anın 
içərisində yoxa çıxır. Sən demə, onlar güllələrin kim tərəfindən açıldığını biliblər və artıq 
bu adamın hökmü oxunub. Başçı öləndə də başçı kimi ölür: necə olubsa, qoca canını 
tapşıranda nəyəsə işarə edib, nəyisə nişan verib və mafiozolar qatilin əlamətlərini 
dəqiqləşdirə biliblər. Söhbət əsla şübhə doğurmayan bir şəxsdən gedirdi: bu, ciddi, 
hamının hörmət etdiyi savadlı mütəxəssis, xasiyyətcə bir qədər qaraqabaq, tənha bir insan 
idi. Ancaq kənddə, - sözsüz ki, indi bunu bilən mafiozolardan başqa, - heç kim təsəvvür 
də edə bilməzdi ki, o, belə uzunsürən, amansız və sərrast müharibə aparmağa qadirdir və 
bu vaxta qədər elələrini o dünyaya göndərib ki, karabinyerlər onlardan hətta birini belə 
iki-üç saatdan artıq içəridə saxlaya bilməzdi. Mafiozolar bu qədər illər keçdikdən sonra 
onun bu adamlara olan nifrətinin belə soyuqqanlılıqla, aydın düşüncə və sərrast ölüm 
hökmləri ilə bu cür alovlanmasının səbəbini də xatırlayıblar. Sözsüz, deyilməsi artıqdır 
ki, bunun səbəbkarı qadın idi. 
Hələ tələbə ikən, bu adam və qədimliyi bir o qədər dəqiq olmasa da, çox varlı bir ailənin 
qızı bir-birlərini sevirlərmiş. Universiteti bitirdikdən sonra oğlan, sevgisinə sadiq qalaraq, 
evlənməkdən ötrü qızın valideynlərinə yaxınlıq cəhdləri edir. Onu rədd edirlər: çünki 
kasıb idi və kasıbçılıqla başladığından bir mütəxəssis kimi gələcəyinə inamları yox idi. 
Ancaq onun qızla məktublaşması davam edir, qarşılarina çıxan çətinliklərlə birlikdə hər 
ikisinin bu maneələri dəf etmək istəyi də güclənirdi. Onda qızın varlı və adlı-sanlı 
qohumları m a f i y a y a müraciət edirlər. Mafiyanın başçısı, hamının qorxub-çəkindiyi 
qoca mafiozo gənc mütəxəssisi yanına çağırtdırır: müxtəlif məsəllərlə, öyüd-nəsihətlə 
onu istəyindən döndərməyə çalışır; bundan bir şey çıxmadığını gördükdə, keçir birbaşa 
hədələrə. Oğlana yenə heç nə təsir etmir; qız isə əməlli-başlı vahiməyə düşür. Bu 
qaçılmaz təhlükənin əvvəl-axır baş verəcəyi qorxusundan o, nəhayət, belə qərara gəlir ki, 
sevgiləri heç bir vəchlə baş tutan deyil və öz mühitindən olan birisinə ərə gedir. Oğlan 
özünə qapanır, ancaq üzüntüsünü və qəzəbini büruzə vermir. Görünür, elə həmin o 
vaxtdan da düşündüyü qisası hazırlamağa başlayır. 
İndi mafiya onu açıqlamışdı. O, məhkum idi. Hökmün icrasını qoca başçının oğlu öz 
üzərinə götürür: bu haqqı ona atasının bitməmiş yas mərasimi və mərhumun son 
vəsiyyəti verirdi. Məhkum olunmuşun bütün vərdişləri, yaşadığı yerin ətrafı, hətta evinin 
içi belə təfsilatı ilə öyrənilir. Ancaq bir şey nəzərə alınmır: artıq bütün kənd başa 
düşmüşdü ki, mafiozolar hər şeyi bilirlər, - onlar yenə əvvəlki həyasız davranışlarına 
qayıtmışdılar və artıq o naməlum təhlükədən açıqdan-açığa qorxub-çəkinmirdilər. Bunu 
hamıdan əvvəl məhkum olunmuşun özü başa düşmüşdü. 
Gecələrin birində gənc qisasçı anasından son xeyir-duasını alıb evlərindən çıxır. Məhkum 
olunmuşun evi uzaqda deyildi. Gənc mafiozo pusquda durub, onun evə qayıtmasını 
gözləyir. Bəlkə də evdə olduğunu düşünərək, yuxuda haqlamaq məqsədi ilə içəri girməyə 
cəhd edir; və ya pəncərədən boylanacağını, balkona çıxacağını güman edərək, qapısını 
döyüb, çağırır, - məlum deyil. Təkcə o məlumdur ki, vurmalı olacağı şəxs onu qabaqlayır 
və aldadır. Başçının arvadı, gənc qisasçının anası atəş səsi eşidir: elə düşünür ki, vendetta 
baş tutub, hər dəqiqə artan üzüntülü həyəcanla oğlunun yolunu gözləyir. Nəhayət, o, baş 
vermiş müdhiş həqiqəti anlayır. Evdən çıxır: bütün tədbirlərə və ehtimallara görə həmin 


 
18
gecə vurulmalı olacaq adamın evi qarşısında öz oğlunun meyitini tapır. Onu çiyninə alıb 
evə gətirir; yatağına uzadır və ertəsi gün elan edir ki, oğlu öz yatağında güllə yarasından 
keçinib, - onu kim vurub, nə vaxt vurub - məlum deyil. Onu kimin vura biləcəyi barədə 
isə, karabinyerlərə - bircə kəlmə də! Ancaq oğlanın dostları hər şeyi başa düşür və qisası 
daha da əsaslı surətdə hazırlamağa başlayırlar. 
Yay günlərindən biri sona yetərkən, hamı axşam sərinində hava almaqdan ötrü 
meydandakı klub və qəhvəxanaların, mağazaların qarşısındakı stullarda özünə yer 
etmişdi (İlk dəfə olaraq mafiyanın hökmündən yaxa qurtarmağı bacarmış həmin o şəxs də 
əczaxananın qarşısında əyləşmişdi). Birdən kimsə avtomobilin mühərrikini işə salmağa 
başladı. Dəstək fırlanır, mühərrik ona pulemyot qatarına bənzər dəmir cingiltisi və qıcırtı 
ilə cavab verirdi. Səs-küy kəsiləndə isə əczaxananın qarşısındakı oturacaqların birində, 
ürəyi karabin atəşi ilə parça-parça edilmiş bir nəfərin, Siciliyanin ən qəddar 
mafiyalarından birinin sıralarına ölüm və dəhşət toxumu səpməyi bacarmış bir insanın 
meyiti qalmışdı. 
 
Lupara - canavar ovunda istifadə olunan lüləsi kəsik tüfəng, bu tüfəngdən açılan atəş. 
Karabinyerlər - İtalyan jandarmları  
Mafiozo - mafiyaçı, mafiyanın üzvü  
Vendetta - qisas, qan qisası  
 
İtalyan dilindən çevirəni: Cəmşid Cəmşidov  
 
 
 
 

Yüklə 2,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin