24
Dino Buttsati
"Paxıl musiqiçi"
hekayə
İtalyancadan tərcümə edən: Cəmşid Cəmşidov
Şan-şöhrətinin zirvəsində həyatının çiçəkləndiyi bir dövrü yaşayan və son dərəcə paxıl
insan olan bəstəkar Auqusto Qorca bir axşam öz məhəllələrində tək-tənha gəzişərkən
hansısa böyük evdən gələn fortepiano səslərini eşitdi.
Auqusto Qorca ayaq saxladı. Bu müasir, ancaq nə onun, nə də həmkarlarının
bəstələdiklərinə bənzəməyən fərqli bir musiqi idi; buna oxşar bir şeyi o heç vaxt
eşitməmişdi. Dərhal heç ayırd da etmək olmurdu ki, bu ciddimi, yoxsa yüngülmü
musiqidir; o, özünün bir qədər sadəliyi ilə bəzi xalq təranələrini xatırlatsa da, onda acı bir
istehza duyulur, sanki zarafatla səslənsə də, daxilindəki sarsılmaz inamdan xəbər verirdi.
Ancaq Qorca, hər şeydən öncə, - bu musiqinin dəst-xəttindən heyrətə gəldi. O,
harmoniyanın bütün köhnə qayda-qanunlarından azad idi, bəzən sərt və inadlı olsa da,
eyni zamanda, ən kamil ifadə səviyyəsinə yüksəlirdi. Bundan əlavə, ona hər hansı bir ağır
zəhmətdən əsər-əlamət olmayan füsunkar yüngüllük və gənclik təravəti də xas idi. Ancaq
çox keçmədi ki, royal susdu və Qorca müsuqinin yenidən səslənəcəyini gözləyərək,
küçədə əbəs yerə var-gəl etməyə başladı.
- Kim bilir, yenə hansı amerikan hoqqasıdır. Onlarda musiqi yerinə ən qəliz cəhənnəm
sayıqlamasını sırıyırdılar, - deyə o düşündü və evinə tərəf üz tutdu. Bununla belə, həmin
axşam da, bütün ertəsi gün də o, qəlbində dərin bir narahatlıq hissi duydu; necə ki, birisi
meşədə ov edərkən sərt bir daşa və ya ağaca ilişir və ehtiras içərisində olduğundan bunun
fikrinə varmır, yalnız sonra, gecə zədənin yeri ağrı verəndə o, heç bir vəchlə xatırlaya
bilmir ki, bu harada və necə baş verib. Və hələ bir həftədən də artıq gözləmək lazım gəlir
ki, yaranın yeri tamamilə itib yox olsun.
Bir müddət keçmiş, saat altıya yaxın evinə dönərkən Qorca qapını açar-açmaz, qonaq
otağındakı radiodan gələn səsləri eşitdi: o, dərhal, öz peşəkar duyumu ilə həmin səsləri
tanıdı; bu dəfə tək fortepiano yox, bütöv bir orkestr çalırdı və bu onun həmin axşam
eşitdiyi musiqi parçası idi, eyni möhtəşəm və məğrur vurğular, az qala təhdidedici bir
amiranəliklə, sanki mənzilə yetişməkçün dördnala çapan küləkayaqlı bir kəhər ideyasını
təlqin edən həmin bənzərsiz harmonik ifadələr.
Qorca qapını örtməyə macal tapmamışdı ki, musiqi birdən-birə kəsildi və qonaq
otağından qeyri-adı tələsiklə çıxan xanımı Mariyanın yaxınlaşmaqda olan ayaq səsləri
eşidildi.
- Salam əzizim, bilmirdim ki, belə tezliklə qayıdacaqsan, - deyə xanımı söylədi.
Bəs nədən onun siması belə çaşqın idi? Bəlkə o, ərindən nəyisə gizlədirdi?
- Nə olub? - deyə Qorca təəccüblə soruşdu.
- Necə yəni, nə olub? Nə olmalıydı ki?-deyə Mariya özünü dərhal ələ aldı.
- Bilmirəm. Sən nəsə belə, birtəhər salamlaşdın.... Bəlkə deyəsən, indicə
radio ilə nə verirdilər?
- Eh, elə bir o qalmışdı ki, hər şeyə qulaq asım!
- Elə isə, mən içəri girən kimi sən niyə radionu belə tələsik söndürdün?
25
- Nədir, məni sorğu-suala tutmusan? - deyə, xanımı gülərək ucadan soruşdu.
Düzünü bilmək istəyirsənsə, radionu elə səni qarşılamağa çıxanda söndürdüm. Keçmişəm
öz otağıma, yadımdan çıxıb, yanılı qalıb.
- Bir musiqi verirdilər... çox maraqlı musiqi idi, -deyə Qorca fikirli-fikirli qonaq otağına
yönəldi.
- Bəxtəvərin oğlu, sənə musiqi azlıq edir, nədir? Səhərdən axşama qədər musiqi,
musiqi.... heç cür sakitləşə bilmirsən... Sən bu radiodan əl çəkəcəksən, ya yox?! - deyə o,
ərinin radionu yenidən yandırmaq istədiyini görüb ucadan deyindi.
Qorca çevrilib arvadına diqqətlə nəzər saldı: xanımı həyəcanlı görünürdü, sanki nədənsə
ehtiyat edirdi. O, nümayişkaranə bir tərzdə radionun düyməsini burdu, lövhə işıqlandı,
cihaz həmişəki kimi çıqqıldadı, sonra diktorun səsi eşidildi: - ... mera musiqisindən ibarət
proqramı dinlədiniz. “Tremel” firması tərəfindən təqdim olunan növbəti konsertlə...
- Nədir, sakit oldun? - deyə bir qədər ürəklənmiş Mariya dilləndi.
Həmin axşam - şam yeməyindən sonra dostu Cakomelli ilə birlikdə gəzintiyə çıxan
Qorca radio verilişlərinin siyahısı olan qəzeti alıb günün proqramına nəzər saldı. “Saat
1645, maestro Serco Anfossinin rəhbərliyi ilə kamera musiqisi; Hindemitin, Kuntsun,
Mayssenin, Ribbentsin, Rossi və Stravinskinin əsərləri”. Yox, dinlədiyi musiqi qətiyyən
Stravinskininki deyildi. Bəstəkarların adları qəzetdə əlifba sırası ilə verilmişdi və
görünür, əsərlərin ifa ardıcıllığı konsert zamanı dəyişdirilmişdi. Bu nə Hindemitin, nə də
Mayssenin musiqisi idi, Qorca onları çox gözəl tanıyırdı. Deməli Ribbents? Yox, onun
köhnə konservatoriya dostu Maks Ribbents on il öncə elə də pis olmayan, ancaq
sxolastik, böyük polifonik kantata ilə gücünü sınamış, sonra bəstəkarlıqdan tamamilə əl
çəkmişdi. Yalnız bu yaxınlarda, bu qədər sükutdan sonra o, Teatro di Statoda yeni bir
opera düzüb-qoşmaqla özünü yenidən göstərmişdi. Elə bu günlərdə də əsər səhnəyə
qoyulmalı idi. Ancaq həmin o birinci əsərini nəzərə almaqla , bu dəfəkinin də nə
olacağını təsəvvür etmək çətin deyildi. Deməli, bu Ribbents də deyil. Qalırdı Kunts və
Rossı. Ancaq onlar kim idilər ki? Qorca onların adlarını belə, eşitməmişdi.
- Sən orada nə axtarırsan?-deyə Cakomelli onun qəzeti diqqətlə nəzərdən keçirdiyini
görüb soruşdu.
- Heç. Bu gün radioda bir musiqi eşitmişəm. Bilmək istəyirdim kiminkidir. Maraqlı
musiqi idi. Ancaq buradan baş çıxarmaq olmur.
- Yəni, necə musiqi idi ki?
- Deməyə çətinlik çəkirəm, çox həyasız bir musiqi idi, mən deyərdim....
- Yaxşı görək, başından elə, - deyə dostunun necə vasvası olduğunu bilən Cakomelli
zarafatla söylədi. Özün məndən də gözəl bilirsən ki, səni kölgədə qoya biləcək bir
bəstəkar hələ anasından olmayıb.
- Yox, yox, əksinə, - deyə istehzanı duyan Qorca cavab verdi. Mən buna yalnız şad
olardım, hətta düşündüm ki, nəhayət, kimsə (onun tutqun fikirləri seyrəldi)... Yeri
gəlmişkən, Ribbentsin yeni operasının baş məşqi sabah deyil?
Cakomelli dərhal cavab vermədi. Yox, -deyə o laqeydliklə dilləndi. Onu, deyəsən təxirə
salıblar.
- Bəs sən özün gedəcəksən?
- Eh, çətin... Sən ki, bilirsən, belə şeylər mənim əsəblərimçün həddən ziyadədir.
Bu sözlərdən sonra Qorcanın əhvalı özünə qayıtdı.
- Zavallı Ribbents, -deyə o, ucadan söylədi. Zavallı qoca Ribbents, mən ondan ötrü
həqiqətən də şadam. Nə qədər olmasa da təsəllidir....Hə, təki olsun...!
26
Ertəsi gün axşam Qorca evdə oturub barmaqları ilə pianonun dilləri üzərində gəzişərkən
birdən, bağlı qapı arxasından həyəcanlı danışıq səslərini eşitdi. O, şübhələnərək
yaxınlaşıb qulaq asdı.
Yandakı qonaq otağında xanımı və Cakomelli nəyinsə barəsində yavaşca
məsləhətləşirdilər. Cakomelli deyirdi:
- Axı, gec-tez o, hər şeyi biləcək.
- Nə qədər gec olsa, bir o qədər yaxşıdır, -deyə Mariya cavab verirdi, - o, hələ heç nədən
şübhələnməməlidir.
Yaxşı, tutaq ki,... Bəs, qəzetlər? Qəzetləri ki, oxumağı ona qadağan edə bilməyəcəksiniz.
Bu yerdə Qorca qapıları taybatay açdı. Arvadı və dostu, sanki iş başında yaxalanmış
oğrular kimi yerlərindən dik atıldılar. Hər ikisinin bənizi ağappaq ağarmışdı.
- Deməli, belə?-deyə Qorca acıqlı-acıqlı soruşdu. Qəzetləri oxumağı kimə qadağan
edirsiniz?
- Mən ... mən..., - deyə Cakomelli kəkələdi, -mən burada bir əmioğlu barəsində
danışırdım. O israfçılıq üstündə həbs olunub. Onun atası, yəni mənim əmim bu barədə
heç nə bilmir.
Qorca rahatlıqla nəfəsini dərdi. Buna da şükür! O, bir qədər yersiz müdaxiləsinə görə
hətta utancaqlıq hissi də keçirdi. Nəhayət, bu şübhələrdən lap cana doymaq olardı. Ancaq
sonra Cakomelli sözünə davam edərək danışdıqca o, yenidən səksəkəli həyəcan hiss
etməyə başladı? Görəsən bu əmioğlu əhvalatı yalan deyildi ki? Cakomelli bütün bunları
özündən uydura bilməzdimi? Əks təqdirdə, bu gizli pıçıltılar nə demək idi?
O, həkimləri və qohumları tərəfindən qaçılmaz son hökmü gizlədilən bir xəstə kimi
şübhələr içərisində dolaşırdı: insan ətrafındakı yalanları duyur, ancaq o birilər daha da
bicdirlər və onun fikrini yayındırmağa çalışırlar, onu sakitləşdirməyə nail olmayanda isə
heç olmasa, qorxunc həqiqəti gizlətməyə cəhd edirlər.
O, evdən kənarda da şübhəli əlamətlərlə üzləşirdi: məsələn, həmkarlarının çoxmənalı
baxışları, onun yaxınlaşdığını görərkən susaraq, danışmamaları, adətən söhbətçil
insanların onu görcək sıxıntı keçirməsi... Ancaq Qorca özünü ələ alır və özü-özünə
suallar verirdi ki, bəlkə ondakı bu şübhələr nevrasteniyanın əlamətləridir. Axı, bəzi
insanlar var ki, yaşa dolduqca hər tərəfdə yalnız düşmən görürlər. Bir də axı, o nədən
qorxmalı idi ki? O, ad-san, hörmət sahibi idi, maddi cəhətdən gözəl təmin olunmuşdu.
Teatrlar və simfonik cəmiyyətlər onun əsərlərini ifa etməkdə iddialı idilər. Sağlığına söz
ola bilməzdi, heç vaxt da xəstələnməmişdi. Yaxşı, bəs nə? Onu hansı təhlükə gözləyə
bilərdi? Ancaq bu cür düşünmək ona kifayət etmirdi.
Ertəsi gün şam yeməyindən sonra onun həyəcanı daha da kəskinləşdi. Saat təxminən ona
qalırdı. Növbəti qəzeti gözdən keçirərkən o, gördü ki, Ribbentsin yeni operası səhnəyə
məhz həmin axşam qoyulur. Yaxşı, onda necə olur axı? Məgər Cakomelli deməmişdimi
ki, baş məşq təxirə salınmışdır? Necə ola bilərdi ki, heç kim ona xəbər verməsin, onsuz
keçinsinlər? Və nə üçün teatrın rəhbərliyi həmişə olduğu kimi ona xüsusi dəvətnamələr
göndərməmişdi?
- Mariya! Mariya!-deyə o, həyəcanla çığırdı. Sən bilirdin ki Ribbentsin premyerası bu
axşamdır?
Mariya təsviş içərisində özünü yetirdi:
- Mən... mən? Hə, ancaq elə bilirdim...
- Nəyi elə bilirdin?.. Bəs dəvətnamələr? Necə ola bilər ki, mənə dəvətnamə
göndərməsinlər?
- Hə, hə... Bəs, sən zərfi görməmisən? Mən onu sənin masanın üstünə qoymuşam.
- Mənə də heç nə deməmisən, eləmi?
27
- Mən elə bildim bu səninçün maraqlı deyil.. Axı sən özün deyirdin ki, heç vaxt
getməzdin... Deyirdin onlar səni tovlaya bilməzlər... Bir də ki, tamam unutmuşdum, sənə
and içirəm.
Qorca özündə deyildi.
- Mən başa düşə bilmirəm... başa düşə bilmirəm, - deyə o təkrar-təkrar söyləyirdi, - saat
on birə beş dəqiqə işləyib... artıq gecdir...bu sarsaq Cakomelli də ki (onu nə vaxtdan bəri
sarsıdan şübhələr dumanı artıq seyrəlirdi: səbəbini heç cür anlaya bilmədiyi bu təhlükə
nəsə də məhz Ribbentsin operasında olmalı idi. O, məchul baxışlarla gözlərini yenidən
qəzetə zillədi)... Aha, operanı radio ilə verirlər... İndi görüm kim bu imkanı mənim
əlimdən ala biləcək!
Mariya kədərli bir səslə dedi:
- Augusto, təəssüflər olsun ki, radio işləmir....
- Necə yəni işləmir? Nə vaxtdan bəri işləmir?
- Elə günortadan. Saat beşdə mən onu yandırmaq istədim, içərisində nəsə “çıqq” elədi,
sonra da heç nə eşidilmədi, görünür qoruyucusu yanıb.
- Məhz bu axşam, eləmi? Deməli, siz sözü bir yerə qoymusunuz ki...
- Nədən ötrü sözü bir yerə qoymuşuq? - deyə Mariya az qaldı ki ağlasın.
Mənim günahım nədir?
- Yaxşı mən gedirəm. Haradasa bir radio tapılar...
- Yox, Auqusto... yağış yağır... özün də soyuqdəyməlisən... həm də gecdir... axırı bir vaxt
tapıb bu zəhrimara qalmış operaya qulaq asacaqsan, ya yox?!
Ancaq Qorca çətiri qapıb, evdən çıxmışdı.
O, tək-tənha küçələri dolaşarkən hansısa bir qəhvəxananın parlaq işıqları nəzərlərini cəlb
etdi. İçəridə adam az idi. Ancaq bir qədər irəlidə, kiçik çay zalında bir dəstə adam
toplaşmışdı. Və oradan musiqi sədaları süzülürdü. Qəribədir, - deyə Qorca düşündü.
Radioya belə marağı yalnız bazar günləri futbol oyunları gedəndə görmək mümkündü.
Birdən onun beynində qəfil fikir oyandı: olmaya onlar Ribbentsin operasını dinləyirlər?
Yox, bu ağlasığan deyildi. Yerlərində qımıldanmadan musiqiyə qulaq asanlar onun
şübhələrindən xeyli uzaq adamlardı: əyinlərində sviter olan iki cavan oğlan, bir yüngül
əxlaqlı qız və ağ gödəkcə geymiş ofisiant.
Qorca anlaşılmaz bir üzünt hiss etdi, sanki neçə-neçə günlər, günlər nədir, aylar və illər
öncə o bilirdi ki, təyin olunmuş bu saatda o özgə bir yerə yox, məhz buraya, bu
qəhvəxanaya gəlib çıxmalıydı. Və indi o, yaxınlaşdıqca, musiqinin ritmi və ahəngi daha
da aydın duyulduqca onun ürəyi daha da bərk sıxılmağa başlayırdı.
Bu musiqi onun üçün tamamilə yeni bir şey idi və eyni zamanda bu səslər onun beynində
bir qurd kimi çoxdan kök salmışdı. Bu həmin qəribə musiqi idi ki, Qorca onu əvvəl
küçədə, sonra isə o axşam evlərində eşitmişdi. Ancaq indi o, daha sərbəst və daha
məğrur, qeyri-adi coşqunluğuna və ramedilməz gücünə görə daha da möhtəşəm
səslənirdi. O, hətta bu savadsız insanları, - bu mexanikləri, küçə qadınlarını, ofisiantları
belə məftun etmişdi. Onlar fəth olunmuş, məğlub edilmiş kimi ağızları açıq qalmışdılar.
Dahi! Və bu dahinin adı Ribbents idi. Dostları da, xanımı da əllərindən gələni etmişdilər
ki, Qorca bu barədə heç nə bilməsin, - yanlız ona olan təəssüblərinə görə. Bu həmin o
dahi idi ki, bəşəriyyət onu, ən azı yarım əsr gözləmişdi və bu dahi Qorca yox, onun yaşıdı
olan bir başqası, indiyədək tanınmayan və saya alınmayan birisi idi.
Bu musiqi onun üçün necə də nifrətamizdi! Bu musiqini hörmətdən salmaq, onun saxta
olduğunu sübuta yetirmək, onu ələ salıb biabır etmək necə də gözəl olardı! O isə
müzəffər bir zirehli kimi sükut dalğalarını yara-yara irəliləyirdi və olsun ki, tezliklə bütün
yer üzünü fəth edəcəkdi!
28
Ofisiant onun qolundan yapışdı: - Sinyor, üzr istəyirəm, özünüzü pis hiss
etmirsiniz?Qorca həqiqətən də ayaq üstə güclə dayanırdı.
- Yox, yox, təşəkkür edirəm.
Beləcə, heç nə içmədən o, sonsuz üzüntü içərisində qəhvəxanadan yağışın altına çıxdı. -
Müqəddəs Məryəm!-deyə o, həyat sevincinin onunçün birdəfəlik bitdiyini gözəl
anlayaraq, öz-özünə pıçıldadı. O, hətta təskinlik üçün bu dərdini Tanrıya da aça bilmədi:
çünki Tanrı bu cür iztirabları qəbul etmir.
Dostları ilə paylaş: |